İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, heç vaxt istər teatr, istərsə də kino yaradıcılığında rol seçimi etməzdi. İstədiyi yalnız canlandıracağı prototipləri yaddaqalan personaj səviyyəsində təqdim etmək idi. Buna nail olduğundan o, yaddaşlarda yaşayır. Elə “Dəli kür” filmindəki Allahyar obrazı kimi. Hamımızın nəzərində Allahyar filmin qəhrəmanına zidd gedən bir tipajdır. Əslində isə o, arvadı zorla qaçırılmış bir azərbaycanlı kişisidir. Obrazın özlüyündəki, haqlılığını personaj sözsüz kadrlarda belə, at çapıb, tüfəng oynatmaqla da çox gözəl əks etdirir...
Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədilə Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
1932–1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qaleriyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb. Həmçinin Məhəmməd Bürcəliyev 1991-ci ildən 1994-cü ilədək Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar şöbəsinin sədri olaraq fəaliyyət göstərib.
1967–1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirib. 1948-ci ildə M. Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub.
Məmməd Bürcəliyevin "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilən "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin Məmməd Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir. Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaradıb.
"Od gəlini"ndə Altunbay, "Aydın"da Səlim, "Nəsrəddin şah"da Cavad xan, "1905-ci ildə"də Qubernator, "Almaz"da Şərif, "Səyavuş"da Kərşivaz, "Fərhad və Şirin"də Azər baba, "Otello"da Radriqo, "Vaqif"də İbrahim xan, "Üç qəpilik opera"da Bıcaq Mex, "III-Riçard"da Lord Xestinqs, "Odu atma, Prometey"də Kefest, "Dəli Kür"də Qoca, "Qacaq Nəbi"də Koxa Məmməd, "Qəribə dilənci"də Qeyza Qaliba və s. obrazları onun yaradicılığının əsasını təşkil edib.
Cəlil Məmmədquluzadənin "Ölülər", Teymur Məmmədovun "Ürək yanarsa", Altay Məmmədovun "Həmyerlilər" və "Bəraət", Tofiq Mahmudun "Onunçular", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", Şəfaət Mehdiyevin "Mirzə Fətəli", Rəsul Həmzətovun "Dağlı qizi", Yusif Əzimzadənin "Anacan", Abdulla Şaiqin "Tülkü həccə gedir" pyeslərinə quruluş verib.
M. Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir.
1944–1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradıblar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olub. O, 24 iyul 1955-ci ildə "respublikanın əməkdar artisti", 20 may 1958-ci ildə isə "xalq artisti" fəxri adlarına layiq görülüb.
Filmoqrafiya
1. Mən ki gözəl deyildim
2. Dəli Kür- Allahyar
3. Firəngiz
4. Gözlə məni
5. Köhnə bərə
6. Qəm pəncərəsi
7. O dünyadan salam
KinoşünasŞəhla Bürcəliyeva yazır: “Bürcəliyevin obrazlar qalereyasında mənfi-müsbət obrazlar paralellik təşkil edir. O, heç bir vaxt rollarına adi tipaj və yaxud personaj kimi yanaşmayıb. Cəlil Məmədquluzadənin “Ölülər” pyesi əsasında ekranlaşdırılmış “O dünyadan salam” (rejissor və ssenari müəllifi: T. Tağızadə) filmindəki Hacı Baxşəli obrazını götürək.
Aktyor öz monoloqlarında bu obraz vasitəsilə mövhumatçılığın çirkin nüanslarını elə məharətlə xarakterizə edir ki, biz tamaşaçılar həmin dövrün çox asanlıqla müasirinə çevrilir, avamlığın törədə biləcəyi təhlükəli məqamları dərindən dərk edirik. Obraz öz-özlüyündə sanki, “baxın, mənə yaxşı baxın, bizə heç cürə oxşamayın!” - deyərək hayqırırdı.
Yazıçı Anarın ssenarisi əsasında ekranlaşdırılan “Qəm pəncərəsi” filmində Məhəmməd Bürcəliyevə həvalə olunan Rəşid bəy obrazı isə aktyorun xarici görünüşü, xarakterik siması, qürurlu davranışı mənasında əsl tapıntı idi. Aktyor bu rolun personaja xas olan xarakterik keyfiyyətlərini qabarıq şəkildə, çox böyük istedadla ifa etməklə əsl Azərbaycan ziyalısının heykəlini yaradıb desəm yanılmaram.
Məhəmməd Bürcəliyev kino fəaliyyəti ilə bərabər, ömrünün sonuna qədər sadiq qaldığı teatr sənətində də çöyük bir obrazlar qalereyası yaratdı. Aktyorun ifasında dramatizm daha güclü alınsa da o daim komik janra üstünlük verərdi. Ən başlıcası isə həyatda baş verən hər hansı kiçik, adi bir hadisəni aliləşdirir, vaqe olduğu mühitində həyatı gözəlləşdirməyə çalışardı.
Belə sənətkarların sayəsində səhnə və kino sənətinin dərin sirləri orijinal vasitələrlə, fərdi yaradıcılıq yolları ilə cəmiyyətin mənəvi dünyasında mühüm rol oynayır. Teatr və kinoya bağlılıq da elə burdan başlayır.
Ədəbi materialları canlandıran hər bir obrazın özünü təsdiqləməsi insanların keçmişə qayıdışı, bu gününü düşünməsi, gələcəyini şüurlu şəkildə qurması deməkdir. Bu mənada biz onların yaradıcılığına biganə qala bilmirik. Bu gün də belə ifaları izlədikcə aktyorluq sənətinin ölməzliyini sübut edən meyarlar onların ifasında özünü təsdiqləyir.”
Aktyor 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.04.2026)


