Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Bu gün sizə qardaş Türkiyənin dəyərli yazıçılarından biri olan Aylin Altın xanımla olan müsahibəmizi təqdim edirik. Bu söhbət oxucularımıza Aylin Altının düşüncə dünyasını və yaradıcılıq prosesini daha yaxından tanımaq imkanı verir. Müsahibəni diqqətlə oxumağınızı tövsiyə edirik.
1. Salam Aylin xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
Salam, Habil bəy,
Mən Aylin Altın, 1978-ci il təvəllüdlü, Türkiyənin İstanbul şəhərində yaşayan bir yazıçıyam. Elektron jurnal olan “Varyasyon Kalemler” dərgisində idarə heyətinin sədri və qurucu sədr kimi fəaliyyət göstərirəm. Evliyəm, 24 yaşında əkiz oğullarım var.
Yazıçılıq mənim üçün həyatın içindən gələn duyğuları – xüsusilə qadınların yaşadıqlarını, ağrılarını, güclərini və yenidən ayağa qalxma hekayələrini qələmə almaq deməkdir. Yazmaq mənim üçün sadəcə bir hobbi deyil, eyni zamanda daxili səsimi ifadə etməyin ən güclü yollarından biridir.
2. İlk əsərinizi nə zaman yazdınız və mövzusu nə idi?
İlk yazılarım illər əvvəl, duyğularımı içimdə saxlaya bilmədiyim bir dövrdə ortaya çıxdı. Amma bunu kitab şəklində 23 oktyabr 2025-ci ildə ilk kitabım kimi nəşr etdirdim. Mövzularım daha çox real həyatdan, yaşanmış hekayələrdən ilham alır. Xüsusilə qadınların yaşadığı sevgi, xəyanət və mübarizələrə diqqət yetirdim.
3. Sizi yazmağa ən çox ruhlandıran mövzular hansılardır?
Məni ən çox insan ruhu ilhamlandırır. Xüsusilə qadınların daxili dünyası, susduqları, amma içlərində fırtınalar qopan duyğular… Sevgi, itki, tənhalıq və yenidən doğuluş yazılarımın əsasını təşkil edir.
4. Kitablarınız haqqında məlumat verə bilərsinizmi?
İlk kitabım “Yaralı Yürekler Güncesi” adını daşıyır. Bu kitab real həyatdan ilhamlanmış qısa hekayələrdən ibarətdir. İçərisində sevgi, xəyanət, ailə bağları, uşaqlıq travmaları və qadınların daxili dünyası yer alır. Hər bir hekayə bir yaraya toxunarkən, eyni zamanda ümid də daşıyır, deyə bilərəm.
5. Əsərlərinizdə oxucuya vermək istədiyiniz əsas mesaj nədir?
Ən önəmli mesajım budur: Nə qədər qırılmış olsaq da, yenidən ayağa qalxa bilərik. Heç bir qadın tək deyil və hər qaranlıq gecənin bir sabahı var. Oxucularımın hekayələrdə özlərini tapmalarını və tək olmadıqlarını hiss etmələrini istəyirəm. İnanıram ki, mütləq hansısa bir hekayədə özlərindən bir duyğu tapacaqlar.
6. Hansı yazıçılar yaradıcılığınıza daha çox təsir göstərib?
Mən daha çox həyatın özündən qidalanan biriyəm. Duyğusu güclü, insan ruhuna toxunan yazarlar hər zaman diqqətimi cəlb edib. Lakin ən böyük ilham mənbəyim yaşadıqlarım və müşahidələrim olub. Sevdiyim yazıçılardan da ilham almışam, təbii ki — xüsusilə Ayşe Kulin heyranı olan biriyəm.
7. Türkiyədə oxucuların kitaba olan marağını necə qiymətləndirirsiniz? Bu sizi qane edirmi?
Türkiyədə kitaba maraq var, lakin daha çox olmasının gərəkdiyini düşünürəm. Oxuyan cəmiyyət həm fərdi, həm də ictimai olaraq inkişaf edir. Bu səbəbdən oxu vərdişinin daha çox təşviq olunmasına inanıram.
İnsanlar ekranlardan bir qədər uzaqlaşıb kitablar vasitəsilə öz daxili dünyalarını kəşf edə bilərlər.
8. Azərbaycan ədəbiyyatını izləyirsinizmi? Ümumilikdə necə dəyərləndirirsiniz?
Bəli, Azərbaycan ədəbiyyatını izləyirəm. Duyğusu dərin, ifadə tərzi güclü və köklü bir ədəbiyyat olduğunu düşünürəm. Həm klassik, həm də müasir əsərlərdə insan ruhuna toxunan çox dəyərli nümunələr var. Bu, təkcə kitablarla deyil, musiqi ilə də insan ruhuna toxunur.
9. Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?
Hazırda ikinci kitabım üzərində çalışıram. Bu kitabda da yenə insan ruhuna toxunan, lakin daha dərin və fərqli hekayələr yer alacaq. Yazmağa davam etmək və daha geniş oxucu kütləsinə çatmaq ən böyük hədəfimdir.
Ürəyimdə olanları qələmə almaq mənə yaxşı təsir edir. Tamamilə başqa bir dünyada, hekayənin içində olmaq mənə xüsusi bir hiss verir, deyə bilərəm.
10. Bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə hansı tövsiyələriniz var?
Ən önəmli tövsiyəm budur: Özünüz olun və qorxmayın. Yazmaq ürək işidir. Başqalarına bənzəməyə çalışmadan, öz duyğularınızı səmimiyyətlə ifadə edin. Və ən önəmlisi, heç vaxt vaz keçməyin — heç bir şey üçün gec deyil. Nəfəs aldığımız müddətcə, arzularımız uğrunda mübarizə aparmaq insana verilən ən böyük ümiddir.
O xəyallara qovuşmaq onların öz əlindədir. Bu, təkcə kitab yazmaq üçün deyil — xəyal olmadan uğur da olmaz.
AZƏRBAYCANdakı bütün canlara TÜRKİYƏDƏN qucaq dolusu sevgilər.
Bu mənalı müsahibə üçün təşəkkür edirəm. Ədəbiyyatın insanları bir-birinə yaxınlaşdıran ən güclü körpülərdən biri olduğuna inanıram. Azərbaycanlı oxuculara sevgi və salamlarımı çatdırır, sözlərin qəlblərə toxunduğu daha çox gözəl görüşlərdə yenidən bir araya gəlməyi arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


