ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 24 Oktyabr 2025 11:01

Doğruların doğruluğu - Esse

 

Arzu Əyyarqızı,

“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist. "Ədəbiyyat və incəsənət" üçün

 

Hər kəsin doğrusu var, amma doğrunun özü hardadır?

Doğru - bəzən kompas, bəzən maska ola bilir.

Cəmiyyətin "doğru" dediyi ilə vicdanın "doğru" dediyi üst-üstə düşürmü?

Bu esse, doğrunun özünün nə qədər doğru olduğunu sorğulayır.

 

Doğru - Konsensus, yoxsa Konvensiya?

"Doğru" çox zaman çoxluğun razılaşdığı yalandır. Tarix boyu dəyişən doğrular: bir dövrdə qəhrəman olan, o biri dövrdə xain olur.

 Məsələn: "Ədalət" anlayışı - hüquqi sistemdə doğru olan, bəzən əxlaqi olaraq yanlışdır.

Doğru, bəzən sadəcə daha güclünün fikridir.

Doğru -Şəxsi təcrübə kimidir.

Hər kəsin öz "doğru" su var: birinin şəfa bildiyi dərman, o birinə zəhərdir.

"Doğruların doğruluğu" bəlkə də onların kimə, nə vaxt və hansı dozada tətbiq olunmasından asılıdır.

 Doğru etiketi ilə satılanlar da bir ayrı mövzudur.

"Doğru" brendə çevrilib: "Doğru həyat tərzi", "Doğru düşüncə", "Doğru vətəndaş".

 "Doğru məhsulu seçin, doğru qərar verin."

Burada " Doğru" artıq seçim deyil, məcburiyyətdir. Bizim şüuraltına yeridilən məcburi,amma guya öz seçimimizdir kimi.

"Doğru" deyəndə artıq düşünmürük - sadəcə alırıq. Əldə etməyə çalışırıq. Nəticədə "Doğrunun Doğruluğu " - sual olaraq qalır.

 Bəlkə də doğrunun ən doğru forması - onun daim sorğulanmasıdır.Doğru, dəyişməz bir həqiqət deyil, daim yenidən qurulan bir ehtimaldır. Bu essedə məqsədim doğrunu tapmaq deyil, onunla dialoqa girməkdir.

 Doğru nədir, kimə görədir, niyə bu qədər əminik?

Hər kəsin bir doğrusu var, yuxarıda dediyim kimi.

Bəziləri onu çərçivəyə salıb divardan asır, 

bəziləri ciblərində gəzdirir - lazım olanda çıxarıb göstərmək üçün. 

Bəziləri isə doğrularını başqalarının boğazına taxır - sanki qalstudur, səliqəli görünmək üçün.

Amma doğrunun özü hardadır? 

Yoxsa o da bir yalanın yaxşı geyinmiş formasıdır?  Konsensusun kuklasına çevrilən doğru,indiki zamanda hardadır?

Tarix boyu "doğru" dəyişdi. 

Bir zamanlar dünya düzdü -bu, doğru idi. 

Sonra yuvarlaq oldu - bu da doğru oldu. 

İndi isə... dünya düz də ola bilər, yuvarlaq da - yetər ki, kifayət qədər insan buna inansın.

Doğru, çox zaman səs çoxluğunun seçdiyi yalandır. 

Referendumla seçilən həqiqətlər dövründə yaşayırıq. 

Əgər yetərincə insan "bu doğrudur"  deyirsə - o artıq doğrudur. 

Hətta əgər deyiləmsə də.

Doğru da bir tablet formada olan dərmandır- dozası, bədəni, keçmişi, travması olmayan yoxdur. 

Sənin üçün doğru olan, mənim üçün zəhər ola bilər. 

Amma sən bunu "doğru"  adıyla təqdim edirsənsə- məni müalicə etmirsən, məni dəyişdirməyə çalışırsan.

Marketdə "doğru süd", "doğru sabun", "doğru həyat tərzi" var. 

Sosial şəbəkədə " doğru düşüncə", "doğru ana", "doğru kişi". 

Doğru artıq bir məhsuldur - ambalajı parlaq, içi boş.  Əgər reklamı yaxşıdırsa,  doğru sayılır.

Doğru olmaq - indi bir performansdır. 

Səhnəyə çıxırsan, 

doğru cümləni deyirsən, 

doğru jesti edirsən, 

doğru auditoriyadan alqış alırsan. 

Səhv etsən? 

Səni "doğru" olmayanlar siyahısına salırlar. 

Orada yer çoxdur, amma işıq yoxdur.

Bəlkə də doğrunun ən doğru forması - onun daim sorğulanmasıdır. 

Doğru, bir qaya deyil - bir dənizdir:  sakit görünür, amma dərinliklərində fırtına yatır. 

Doğru, bir yol deyil - bir labirintdir:  hər küncündə yeni bir "doğru"  gözləyir səni.  Bəzən çıxış yoxdur, 

bəzən çıxış - içindəki şübhədir.

Əgər bir gün sənə "bu doğrudur" deyilsə,  soruş: Kimin üçün?

Əgər cavab "hamı üçün" dürsə,  gülümsə və de: Demək, hələ heç kim düşünməyib, hələ də!

 

1. Doğru, onu deyənin niyyəti qədər doğrudur. 

2. Əgər hamı eyni doğruya inanırsa, o artıq ideologiyadır, həqiqət deyil. 

3. Doğru, sübut istəmədiyi anda təhlükəli olur. 

4. Doğru, onu qorumaq üçün yalan tələb edirsə, artıq doğrudan çıxıb. 

5. Doğru, zamanla köhnəlmirsə, ya ölüdür, ya da yalan. 

6. Doğru, yalnız sükutla yaşaya bilirsə, onu danışmaq cinayətdir. 

7. Doğru, gücün əlindədirsə, artıq silahdır. 

8. Doğru, yalnız bir nəfərə xidmət edirsə, digərləri üçün zəncirdir. 

9. Doğru, özünü təkzib edə bilmirsə, fanatizmdir. 

10. Doğru, sorğuya dözmürsə, inancdır, bilgi deyil.

Bu sıraladağım on fikir mənim üçün həyat devizidir. Beləliklə hər kəsə doğrunu tanımağı, doğrunu doğru olana doğrulamaq arzusu ilə sizin Arzu sözünü burda da bitirir. Yeni və sizi maraqlandıran mövzularda görüşmək ümidi ilə... Doğruya doğru.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Müxtəlif türk dillərində Təpəgöz, Yalqızgöz, Tübegöz, Töbököz, Eqegöz, Kəlləgöz  kimi də  adlanan bu təkgözlü yarıinsan (atası Sarı çobandır), yarımifoloji (anası pəridir) varlıq türk mifologiyasının mifik qəhrəmanıdır, qədim oğuzlarla bağlıdır. Amma Təpəgöz motivlərinə türklərlə yanaşı, qeyri-türk xalqlarının mifologiyasında da təsadüf olunur. Ümumiyyətlə, araşdırıcılar dünya xalqlarının folklorunda insan qatilləri olan təhlükəli nəhənglər, əjdahalar, qırxbaşlı divlər,  suyun altında yaşayan qorxunc qüvvələr, təpəgözlər (sikloplar)  və digər bu tipli 200-dən artıq mifik obrazın olduğunu söyləyirlər. Hətta bədii əsərlərdə də (nağıl, hekayə, rəvayət, əfsanə, epos, həmçinin yazılı ədəbiyyat nümunələrində) Təpəgöz mötivdən istifadə edilmişdir.  

 

Biz isə bu yazımızda oğuz Təpəgözü ilə Homerin “Odisseya”sındakı Polifem haqqında söz açacıq.

Tədqiqatçılar Təpəgözlə "Odisseya"dakı Polifemi elmi cəhətdən müqayisə edərək belə bir qərara gəlmişlər ki, bu iki süjet arasında həm bənzərlik və həm də fərqlər mövcuddur. M.H.Təhmasib Təpəgözlə Polifem arasında azmanlıq, güc, bədxahlıq, təkgözlü olmaq və s. kimi oxşar cəhətlərin olduğunu söyləyirdi. Akademik Kamal Abdulla isə xarici qiyafə, amansızlıq, fövqəlbəşər və vəhşi ehtirasları da onların oxşar cəhətlərindən sayır. (https://www.anl.az/ down/ meqale/edebiyyat/2021/fevral/734333.htm). Bu oxşarlıqlar sayəsində belə bir sual meydana çıxır: bunlar, türklər demişkən, eyni yaratıqdırlarmı,  hansı ilkindir və Təpəgöz necə, nə vaxt və nə cür şəraitdə Polifemə çevrilmişdir?  

         Bu barədə bir neçə versiya irəli sürülür. Bir versiyada göstərilir ki, ta qədim dövrlərdə - 3500-3000 il öncə türk soylu boylar (pelasklar, etrusklar, iskitlər və b.) “Goroğlu/Koroğlu”  mifi kimi Təpəgöz mifini də Yunan və İtaliya bölgələrinə aparıb çıxarmış, orada yaymaqla Homer tərəfindən əbədiləşdirilməsini saxlamışlar.

Başqa bir versiyaya görə, Homer Təpəgöz nağılını Asiya səyahətində eşitmişdir. Akademik İ.Həbibbəyli “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” adlı məqaləsində  yazır ki, “...antik yunan şairi Homer Şərq səyahəti zamanı oğuz tayfaları və Təkgözlü siklop haqqında əsatirləri əldə etmiş və özünün məşhur "Odisseya" əsərini yazarkən bu motivdən yaradıcı şəkildə istifadə edərək Polifem obrazını yaratmışdır”.

Digər ayrı versiyaya görə, Homer Türkiyənin İzmir şəhərində doğulmuşdu, türklərin əhatəsində böyümüşbu süjeti də orada eşitmişdi. 

Bu versiyaların hansının doğru olduğuna qəti hökm vermək mümkün deyil. Araşdırmaçı S.İslamın yazdığı kimi, bunun dəqiq cavabı “mətnlərin özündədir”.

Lakin ikinci versiya o qədər də inandırıcı deyildir ki, Homer kimi şəxs Asiya səyahətinədək “yunanların böyük millət halına gəldikləri üçün borclu” (Herodot) olduqları pelasklardan və etrusklardan, eləcə də iskitlərdən  Təpəgöz mifini eşitməmiş olsun. Güman ki, bu barədə eşidən Homer Asiya səyahətində də əlavə məlumatlar toplamış, “Odisseya”nı yazan zaman onlardan “yaradıcı şəkildə” faydalanmışdır. Həm də “bəzək-düzək qoşaraq”, cürbəcür macəralar əlavə edərək, bəzi epizodları ixtisara salaraq.

“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya bəlli edən, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək yaymış şərqşünas, uzun illər Prussiyanın İstanbulda səlahiyyətli elçisi olmuş  Fridrix fon Dits Azərbaycan oğuznaməsindəki təkgözlü siklop motivinin daha qədim olduğunu xüsusi olaraq belə qeyd etmişdi: "Oğuz siklopu yunanlardan deyil, əksinə, daha çox yunanlarınkı ondan əxz edilmişdir”. Yazıçı E.Əfəndiyev yazırdı ki, “F.Ditsə görə «Odisseya» özündən sonrakı dövrdə Şərq aləminə məlum deyildi, halbuki Şərq əfsanələri, ədəbiyyatı «Odisseya»ya qədərki dövrlərdə artıq qədim yunanlara yaxşı məlum idi. F.Dits Təpəgözü Siklop surətinin prototipi hesab edirdi, Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcı, başqa dildə, başqa mühitdə onun yeni ifadəsi idi”.

Bu mənada tədqiqatçılar haqlı olaraq göstərirlər ki, Təpəgöz yunan mifologiyasına yad bir obrazdır. Herodot da təkgözlü nəhəng haqqında rəvayətin Yunanıstana Şərqdən gəldiyini yazırdı (“Kitabi-Dədə Qorqud” ensiklopediyası, II cild, “Yeni nəşrlər evi”, Bakı-2000, səh:298-299). O, bu süjeti yunanların iskitlərdən eşitdiklərini çox açıq şəkildə söyləyib: «İssedonlar haqqında bizdə beləcə bilgi var. İssedonların özlərinin söylədiklərinə görə, onlardan yuxarılarda taygöz  adamlar və qızıl güdən qriflər yaşayırlar. İskitlər bu haqda bilgini issedonların dilindən verirlər, biz də bunları və başqa bilgiləri iskitlərdən öyrənib, onları iskitcə arimasp adlandırırıq: iskitlərdə “arima” - tək, “spu”- göz mənasında işlənir”. Belə çıxır ki, təkgözün –Təpəgözün adı da iskit (onlar oğuzlarla qohumdurlar) dilindən götürülüb. A.Strabon da yazırdı ki, “Homer təkgöz siklop motivini skiflərin tarixindən götürüb”. (https://anl.az/down/meqale/ xalqcebhesi/2012/dekabr/285879.htm)

Filologiya elmləri doktoru, professor Əli Sultanlı “Təpəgözün yunan mifologiyasına yad bir obraz“ olmasını aşağıdakı şərtlərlə əsaslandırır: 1) Şərq, qədim türklər yunan şeiriyyətini tanımamışdır və Homerin əsərlərini tərcümə edə bilmələri də mümkün deyildi. Tərcümə edilsə də, anlaşılan olmayacaqdır. Çünki türk dilləri bunun üçün lazım olan ifadələrdən məhrum idi. 2) Oğuz Təpəgözünün doğumu, ölümü, bütün həyatı təfsilatı ilə verilir. Polifem obrazında isə bu cəhətdən çatışmamazlıqlar var. Yunanlarda obrazın yaradılışı haqqında heç bir bilgi verilmədiyi halda oğuz Təpəgözündə bu haqqında kifayət qədər məlumat var. Bu da Oğuz müəllifinin hadisə haqqında Homerdən çox məlumata malik olmasını göstərir. 3) Təpəgözün yaranışının eposda (Kitabi-Dədə Qorqud” nəzərdə tutulur) bütövlükdə verilməsinə əsasən, demək olar ki, o, ilkin olaraq Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazıdır. (https://www. anl.az/down/meqale/dede-qorqud/2018/02/16(meqale).pdf). Bəli, oğuzların Təpəgözünün avtobioqrafiyası daha genişdir, onun dünyaya gəlməsindən tutmuş, həyatının demək olar ki, bütün dövrləri barədə məlumat var.

 

Oğuzların Təpəgözü ilə “Odisseya”nın Polifemi arasında bir sıra fərqlər də vardır. Professor M.H.Təhmasib həmin fərqləri təxminən belə müəyyənləşdirir: "Odisseylə Polifem arasında heç bir qohumluq əlaqəsi yoxdur, hətta tanışlıq belə yoxdur. Basatla Təpəgöz isə bir yerdə böyümüş, ...bir atanın çörəyini, hətta bəlkə də bir ananın südünü əmmişlər. Onlar demək olar ki, qardaşdırlar; Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmiş, Qalın Oğuz ellərini yeddi dəfə yerindən oynatmış, ən görkəmli qəhrəmanlarını "zəbun etmiş", axırda yemək üçün beş yüz qoyun, iki adam tələb edərək kəsim kəsmişdir; Təpəgöz Oğuz Eli üçün dəhşətli bir fəlakət, ümumi bir bəladır. Odissey təsadüfən Polifemlə üzləşmiş, öz canını qurtarmaq üçün mübarizəyə məcbur olmuşdur. ...Basat isə öz elinin, xalqının intiqamını almaq, Qalın Oğuz Elini fəlakətdən qurtarmaq üçün düşüncəli olaraq Təpəgözlə vuruşa gedən bir qəhrəmandır; Odisseygil Polifemi öldürə bilmirlər, ancaq kor edir və bundan istifadə ilə qaçıb canlarını qurtarırlar" (https://www.anl.az/down/meqale/edebiyyat/2021/fevral/734333.htm) və s.  

V.F.Millerin və V.Qrimmin qeyd etdikləri kimi, “bu süjet Odisseyin digər səfərlərinə süni şəkildə zorla pərçimlənib. Odisseyin Polifemlə görüşü “Odisseya” poemasının süjetində elə də mühüm yer tutmurBu görüş olmasaydı belə poemanın süjetində heç nə dəyişməzdi”. Çox güman ki, Homer sadəcə Odisseyin gücünü, qüvvəsini, qəhrəmanlığını (halbuki Polifemlə qarşılaşmada bunları görmək olmur) və ya  insanın qeyri-adi varlıqlardan üstünlüyünü göstərmək üçün Təpəgöz motivindən epizod kimi istifadə edib.  

Təpəgözlə Polifemin arasında meydana çıxan fərqlərin yaranması, bizcə, Homerin bizim Təpəgöz mifimizdən yuxarıda da qeyd etdiyimiz kimi “yaradıcılıqla” faydalanması səbəbindəndir. Və bu da təbii sayılmalıdır.

 “Qəti şəkildə deyə bilərik ki, Təpəgöz ilkin olaraq, Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazdır”. (“Kitabi-Dədə Qorqud”. Əsil və sadələşdirilmiş mətnlər”. “Öndər nəşriyyatı”, Bakı-2004, səh:35). Bunu dünya və Azərbaycan tədqiqatçılarının qənaətləri və Ana kitabımız “Kitabi-Dədə Qorqud” eposu, Azərbaycan ərazisində Təpəgözlə bağlı hələ də söylənilməkdə olan əfsanə, rəvayət və nağıllar, ölkə ərazisində bu gün də mövcud olan toponimlər də  (Təpəgöz, Qazma və Salaxana mağaraları,  Salaxan qayası, və Salaxan yurdu, Uzun bulaq, Günorta daşı, Təpəgöz kəndi və s.) sübut edir.

Uzun sözün qısası, oğuzların Təpəgözü Homerin Polifeminin prototipidir.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

                                                                                          

    

 

 

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, «Həməşəra» mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

Cəlilabad şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Sözün işığı» mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair, publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş «Murovun Aslanı» adlı kitabının təqdimatı keçirilmişdir.

 

Tədbir Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinin əziz tutulması hədəfi ilə bir dəqiqəlik sükutla başladı. Aparıcısı Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əfrahim Abbas olan təbdirdə şəhid valideynləri və yaxınları, xüsusilə də şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: el şairi və mahir bədii qiraətçi Mikayıl İnçəçaylı, AYB-nin üzvü, qəzəlxan, şair-dramaturq İman Abdulla, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, yazıçı-şair Qurban Əhməd, fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü və "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi, yazıçı-publisist İlqar İsmayılzadə, AYB-nin üzvü yazıçı-şair Ruhiyyə Abaszadə, şair Seylan Abbas, bədii qiraətçi və şair Müşahidə Nərimanova və başqaları, Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət xanım İsrafilova, tanınmış ziyalı pedaqoq Dadaş Bayramov, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti və digər ictimai fəallar yaxından iştirak etdilər.

Yüksək səviyyədə və milli-mənəvi aurada keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndirdilər və müəllifə yeni-yeni uğurlar dilədilər. Çıxışlar zamanı həm də şair-publisist Ədalət Salmanın Cəlilabad ədəbi mühitinə göstərdiyi böyük və inkaredilməz xidmətlərindən söz açıldı və onun rəhbərlik etdiyi "Sözün işığı" mətbu orqanının 23 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirildi.

Tədbirdə bəzi iştirakçılar tərəfindən əziz şəhidlərimizlə bağlı qiraət edilən şeirlər də iştirakçıların kövrəlməsi və böyük alqışı ilə qarşılaşdı.

Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş poema və kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru, rayonun nüfuzlu ziyalısı Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirdi...

Şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev isə öz qısa çıxışında özünün şəhid Rəşadın bioloji atası, şair-publisist Ədalət Salmanın "Murovun Aslanı" kitabını yazıb ərsəyə gətirdiyinə görə onun mənəvi atası sayıldığını açıqladı... Tədbir xatirə şəkillərinin çəkilməsi ilə tamamlandı...

Məlumat üçün qeyd etmək lazımdır ki, tanınmış şair-publisist Ədalət Salmanın "Murovun Aslanı" kitabı Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevə həsr olunmuş böyük poema və onun cəbhə yoldaşlarının xatirələrini ehtiva edir.

Kitabın redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlıdır. Kitaba ön söz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov tərəfindən qələmə alınmışdır. 2025-ci ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən 108 səhifədə nəfis şəkildə işıq üzü görmüş bu kitab müəllifin indiyədək əziz şəhidlərimizlə bağlı qələmə aldığı və eləcə baş redaktoru və naşiri olduğu kitablar silsiləsindən sayılır. Müəllif həm də bədii ədəbiyyat, şeir, poeziya, şəhidlər və s. mövzularda 20-ə yaxın kitabın müəllifidir.

Əziz şəhidimiz kapitan Rəşad Abdullayev barədə ərsəyə gəlmiş bu kitabın ilk təqdimatı isə cari ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Türkiyədə yeni işıq üzü görən “Hazardan Akdeniz’e” adlı antologiya Türk və Azərbaycan qadın yazarlarını bir araya gətirərək iki qardaş ölkənin ədəbi əlaqələrində yeni səhifə açıb. Nəşrdə hər iki ölkədən tanınmış qadın müəlliflərin qələmə aldıqları hekayələr və şeirlər toplanıb.

Antologiyanın redaktorları Aysel Nəsirzadə (Azərbaycan) və Ayşə Ay (Türkiyə) bildiriblər ki, layihənin əsas məqsədi qadın yazarların səsini daha geniş auditoriyaya çatdırmaq və ədəbiyyat vasitəsilə mədəni körpüləri möhkəmləndirməkdir.

“Hazardan Akdeniz’e” qadın sözünün gücünü, yaradıcı enerjisini və iki xalqın ortaq mədəni dəyərlərini birləşdirən mühüm nəşr kimi dəyərləndirilir. Antologiya həm ədəbi mühitdə, həm də oxucular arasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Hazardan Akdeniz’e” layihəsi Azərbaycanda fəaliyyət göstərən “Zərif Kölgələr” ədəbi saytı ilə Türkiyədə yayımlanan və Türk dünyasının səsinə çevrilməyi hədəfləyən “Güftə Edebiyat” dərgisinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Cümə axşamı, 23 Oktyabr 2025 10:14

“Təbiətin Fırçası” – “gəzən” rəsmlər

 

Bakıda “Təbiətin Fırçası” adlı rəsm sərgisinin açılışı olub.  Sərgidə Azərbaycan təbiətinin və mədəni irsinin zənginliyini bədii yolla nümayiş etdirilib, rəsm əsərləri vasitəsi ilə milli dəyərlərin tanıdılıb. İnnovativ formada təqdim edilən əsərlər onların qorunmasına töhfə verib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, qeyri-hökümət təşkilatlarının rəhbərləri, rəssamlar və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Tədbirin açılışında “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli layihə haqqında məlumat verib. O, təbiətin qorunmasının vacibliyini vurğulayaraq ictimai məlumatlılığın artırılmasının və təbiətə qarşı məsuliyyətli davranışların təbliğinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bakı, Lənkəran, Şəki, Naxçıvan və Gəncə şəhərlərində, Şuşa, Şamaxı, Quba, İsmayıllı və Qobustan rayonlarında olan tarixi abidələrin, bu bölgələrin özünəməxsus və zəngin təbiəti, flora və faunası təsviri layihənin maraqlı tərəfidir. Əsərlər 1,20x1,20 metr ölçülü parçalar üzərində işlənib.

Əsərlər Beynəlxalq müsabiqələr laureatı rəssam Nərmin Abdullayeva tərəfindən hazırlanıb. Sərgidə rəssamlar Nərmin Abdullayeva və Yeganə Vəliyevanın əsərləri də nümayiş olunub.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə informasiya dəstəyini Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizin mütaliəniz üçün istedadlı şair, şeirləri ilə kifayət qədər səs salmış Elxan Yurdoğlunun şeirlərini təqdim edir. “Bir gün mən də dönüb payız olacağam” deyən şairin payız ovqatlı şeirlərinin bu payız günündə oxumaq nə xoşdur.

  

 

SEVİB-SEVİLMƏDƏN YAŞAMAQ OLMUR

 

İndi bax tərtəmizdir telefonun yaddaşı,

Daha qalereyada səni axtarmıram da.

Şəkilsiz adamlar da yavaş-yavaş yadlaşır,

Yadlaşan adamlarla divar hördüm aramda.

 

Sən də qaldın divarın o üzündə, yaxşı yol,

Divarın ardındakı səslərdə itdi səsin.

Amma bir diləyim var, harda olsan, yaxşı ol,

Qayıtsan, bil ki, burda yoxdu o doğma kəsin.

 

Bilirsən, şair olan diqqətsizlikdən ölür,

Soyuqqanlı sevdiyim, dondum buz ürəyində.

Bizə vüsal ağlayır, bizə ayrılıq gülür,

Duyğularım can verdi duyğusuz ürəyində.

 

Nə yaxşı, səndən sonra qayğıma qalan oldu,

Bir içim sevgi səpdi sozalan ümidimə.

Tənhalığa qısılan könlümü alan oldu,

Nə çox məna yüklədi azalan ümidimə.

 

Çoxunun nəzərində ağılsızam, bilirəm,

Mən ki bir dəli şair, mən ki dopdolu adam.

Yenə dəlicəsinə sevirəm, sevilirəm,

Sevməsəm, sevilməsəm, necə yaşayacağam?!

 

 

BİR GÜN PAYIZ OLACAĞAM

 

Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?

Dodağıma yağış düşsə, islanarmı dodaqların?

Səhər-səhər rəssam günəş boyayanda üfüqləri

Mən də durub seyr eləsəm, qızararmı yanaqların?

 

Yarpaqları ovuclayıb misralara səpələsəm,

Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?

Sərçələrə pıçıldasam sənlə dolu duaları,

Yaradanın dərgahına çatarmı heç, hər diləyim?

                                                                                            

Əllərimi yana açıb qucaqlasam bu dünyanı,

Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?

Bu yağışı, bu payızı, bu havanı doya-doya

Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?

 

Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,

Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.

Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,

Unutma ki, bir gün mən də dönüb payız olacağam.

 

 

KƏND MƏNZƏRƏLƏRİ

 

Hər dəfə bu kəndə gələndə sanki

Dönüb on üç yaşlı uşaq oluram.

Şəhərin bozumtul qarğaşasından,

Səsindən-küyündən uzaq oluram.

 

Təkcənə dolaşdım həyət-bacanı,

Gah alma dişlədim, gah əncir yedim.

Mənə ürkək baxan toyuq-cücəyə

Dən səpib bir neçə qımqıma dedim.

 

Arxın kənarında gilənarları

Budaq-budaq gəzib birini tapdım.

Elə bil 20 il bundan əvvəlki

Sevdiyim o qızın yerini tapdım.

 

Kirpi yuvasını boş gördüm bu gün,

Üzüm tənəyində sərçələr kefdə.

İndi qarğaların qoz mövsümüdü,

Səsləri kəsilməz 5-6 həftə.

 

Hər dəfə bu kəndə gələndə sanki

Dönüb on üç yaşlı uşaq oluram.

Şəhərin bozumtul qarğaşasından,

Səsindən-küyündən uzaq oluram.

 

 

ŞAİR, YAĞIŞ, QUŞ BALALARI

 

Yağış pəncərəmdə quş balasıdır,

Hələ alışmayıb qanad çırpmağa.

Açıram ovcumda atılıb-düşür

Sevincdən ürəyim dönür bir dağa.

 

Yağış dimdikləyir ovuclarımı,

Uşaqtək sevinib çölə qaçıram.

Quş balalarına uçmaq öyrədir,

Qoşulub onlara mən də uçuram.

 

Elə bil çoxdandır bir küncdə küsən

İçimdən uşaqlıq inadım çıxır.

Hər tində, döngədə xatirələrim

Tutur əllərimdən – qanadım çıxır.

 

Sərçələr sevincək uçur yanımca,

Qopur qanadımdan bir lələk qələm.

Göylərə xoşbəxtlik şeiri yazıram,

Enirəm aprelin üzündən öpəm.

 

 

APREL GƏLDİ, SEVGİLİ...

 

Aprel gəldi, sevgili...

Sevgi kimi gəldi.

Yasəmənlər açacaq,

Gilənarlar çiçəkləyəcək...

Uçacaq kəpənəklər,

Qızlar daha da gözəlləşəcək...

Gözüm görməyəcək heç nəyi, heç kimi,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

 

Aprel gəldi, sevgili...

Sən gəldin elə bil...

Nə xoş qoxular doldu içimə,

Nə gözəl gülümsədi günəş,

Nə gözəl oxuyur sərçələr,

Yaşıl-yaşıl yarpaqlayır göycələr.

Amma nə vecimə, kim nə düşünür, nə bilir,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

 

Aprel gəldi, sevgili...

Bir bahar da gəncləşər ölüm,

Bir boy da böyüyər ömür.

Üstümdən

Üç yüz altmış beş gün keçər,

Yanımdan şeirə vurğun qadınlar

Alnımdakı qırışlar kimi düzgün keçər.

Torlanan gözlərimdən yayınarlar deyə,

Məyus keçər, üzgün keçər,

Baxışları süzgün keçər.

Tutular şeirimin ərköyün dili,

Sadəcə, sənə şeir yazacağam, sevgili...

 

Aprel gəldi,

Sən də gəl, sevgili.

Aprel gedəndə gedərsən,

Özünlə apararsan sevgimi.

 

 

MƏN ÖLƏNDƏ AĞLAMA

 

Sən bir dəfə ağlamısan mənimçün,

Ona görə mən öləndə ağlama.

Yaşayanda yanıma çox gəlmisən,

Qəbrim üstə, bax, gələndə ağlama.

 

Mən bilirəm, sən ağlaya bilmirsən,

Ona görə mən öləndə ağlama.

Bəlkə, uzaq bir yerlərdə olassan,

Tez biləndə, gec biləndə ağlama.

 

Ağlayarsan deyə, ölə bilmirəm,

Ona görə mən öləndə ağlama.

Yoxluğuma sevinən də olacaq,

Sevinənlər hər güləndə ağlama.

 

Şeirlərim məni qoymaz ölməyə,

Ona görə mən öləndə ağlama.

Ağlasan da, “dost” çağırıb ağı de,

“Canım” deyib yar dilində ağlama.

 

 

BİRİYÇÜN DARIXMAQ

 

O gedib, hər yerdə şəkili qalıb,

Şair daşa dönüb – heykəli qalıb.

Gözlərim uzağa dikili qalıb

       biriyçün,

Havada əlinin “sağ ol” yeriyçün.

 

Görəsən, nə edir, indi hardadır?

Onu düşünmək də gilənar dadır.

Xatirələr belə intizardadır

         biriyçün,

Yaşanan keçmişin nağıl yeriyçün.

 

Bir də baxacaqsan, yoxdu bu adam,

Bir də görəcəksən, özgəyəm, yadam.

Heç vaxt bugünkütək darıxmamışam

                                biriyçün,

Səsində adımın sığal yeriyçün.

 

 

ŞEİR ŞÖLƏSİ

 

Bu qız başdan-başa yasəməndi ki,

Baxışında naxış-naxış ləçək var.

Gözəlliyi ətir saçır ətrafa,

Zənn edirsən, dörd yanında çiçək var.

 

Görəndə sevincə qərq olur dünyam,

Nə oslun ki, dərddi şair şələsi.

Baş qoyub ruhuna bir az uyuyam,

Yuxuma nur səpə şeir şöləsi.

 

Bir az ürkəkliyi, utancaqlığı

Duz tökə şeirimin yara yerinə.

Sən də zövq alasan bu şirin ağrı

Göynəyərək işlədikcə dərinə.

 

Məsum gülüşləri kəpənək kimi

Qönçə dodağının üstündə gəzir.

Təzə azadlığa çıxan qəlbimi,

Tanrım, bir mələyin eləyib əsir.

 

Dərdindən ölərdim, amma sevərək

Yaşamaq var ikən, kimdi öləsi!?

İndi həm ürəyim, həm də gözlərim

Sevgidən qamaşır, şeir şöləsi.

 

 

SƏNƏ BİR MƏKTUB YAZDIM

 

Sənə bir məktub yazdım,

Tələsmirəm göndərəm,

Hələ zərfə qoymuram.

Məktubun hər sətrində

Sənin gülüşlərin var –

Oxumaqdan doymuram.

 

Sənə bir məktub yazdım,

Hər sirrim içindədi –

Oxumaqçün darıxma.

Bir sevda gizlətmişəm,

Hər gün zərfi sığalla,

Mən ölməyincə baxma.

 

Sənə bir məktub yazdım,

Min məktuba əvəzdi...

Min romana, min şeirə.

Soruşma bu dövrdə

Məktub da hardan çıxdı,

Nə oldu birdən-birə!?

 

Sənə bir məktub yazdım,

Nədən korluq çəkdimsə,

Səndən umub yazmışam.

Hər cümlədə dolmuşam,

Sıxmışam gözlərimi –

Bərk-bərk yumub yazmışam.

 

Sənə bir məktub yazdım,

Bir ildi hər gün bir az

Hərf-hərf yazmışam.

Xəttim pisdi, amma ki,

Sənə yazıram deyə,

Elə zərif yazmışam.

 

Sənə bir məktub yazdım,

Ünvanın yox... Boş qalsın

Zərfin üstündə: Hara...

Bəlkə, uzaqlardasan?

Bəlkə, elə üstünə

Yazım ki: "Uzaqlara".

 

Sənə bir məktub yazdım,

Bir qərar da vermişəm –

Göndərəcəm hər yana.

Yəqin ki, biri mütləq,

Bir şəkildə çatacaq

Sən yaşayan ünvana.

 

Sənə bir məktub yazdım,

Çatmasa da, sevənlər

Bir-birinə oxuyar.

Amma səhər yuxudan

Duran kimi bu şeiri

Birinci sən oxu, yar...

 

Sənə bir məktub yazdım,

Tələsmirəm göndərəm,

Hələ zərfə qoymuram.

Məktubun hər sətrində,

Sənin gülüşlərin var –

Oxumaqdan doymuram.

 

 

QAPI BİLİB BAŞDAŞINI DÖYÜRƏM

Qardaşım, dostum şair İlqar Qulusoyun ölümündən 5 il keçir... Başdaşıyla dərdləşirəm...

 

Qapı bilib başdaşını döyürəm,

Aç qapını, dərdləşməyə gəlmişəm!

Sinən daşdı, mənə cavab vermirsən?

Bilmirsən ki, bura nəyə gəlmişəm?!

 

Bu nə böyük düzdü, məkan seçmisən!?

Yalan olsun qara mərmər bu düzdə.

Başdaşına söykəmişəm başımı,

Yerlər ağlar, göylər inlər bu düzdə.

 

Beş günlük dünyada beş ildi yoxsan,

Hərdən təkliyimi güldürən adam...

Döydüyüm qapını aç, mən də gəlim,

Məni diri-diri öldürən adam.

 

Ölümü əyləncə seçən şairim,

Ölüm zarafatı qanmadı axı!

Bizə bir od qoyub çıxıb getmisən,

Biz yandıq, dərdimiz yanmadı axı!

 

Gah keçib bir küncə yazdıqlarını –

Şeir kitabını vərəqləyirəm.

Gah da xəyal uçur xatirələrə –

Ömür kitabını vərəqləyirəm.

 

Darıxıram, aç qapını, danışaq,

Bu nə qərib, nə qəribə daxmadı?!

Yadındadı, mənə şeir yazmışdın –

Qızıl sözün qulağımda sırğadı.

 

Qapı bilib başdaşını döyürəm,

İlqar, səsin gəlsin, səsimə səs ver.

Adı İlqar olan vəfasız olmaz,

Sənsiz yaşamağa  mənə həvəs ver.

 

Ürəyin daşdımı, cavab vermirsən?!

İndi bəs neyləyim, mən başı daşlı?!

Diksindim, çiynimə bir əl toxundu,

– Kimlə danışırsan, o ki başdaşı?!

 

– Dostumdu, gəlmişəm ziyarətinə,

Söhbət eləyirik olub keçəndən.

...Gedir, arxasınca baxıram mən də,

Görəsən, başını bulayır nədən?!

 

Eeeeeh, ay adam, hardan biləsən,

Dağ sözüm yıxılıb, sözüm dağlanıb.

Səhərdən bir mərmər qapı döyürəm,

Hər yanı açıqdı, amma bağlanıb...

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

 

 

Cümə axşamı, 23 Oktyabr 2025 17:40

Əsl xoşbəxtlik nədir?

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

-Sözün həqiqi mənasında xoşbəxt o kəs olur ki, onun qarşıda böyük məqsədi, hədəfi olur. O qədər böyük ki, bütün həyatına kifayət eləsin. Bu halda sən həmin hədəfin uğrunda mübarizə aparır, çətinlikləri dəf edir və görürsən ki, o, yaxınlaşdıqca yaxınlaşır. Bax xoşbəxtlik məhz budur.

 

Əgər hədəf kiçikdirsə, tez qət ediləndirsə, demək, xoşbəxtlik də kiçikdir, qısadır.

Bax, bu qarlı-şaxtalı fevral günündə cibimizdən əlimizi çıxardıq, ovcumuzu göyə açdıq. Ovcumuza qar dənəcikləri tökülməyə başlayacaq. Və düşən kimi də əriyəcəklər, yox olacaqlar.

-Necə, sən demək istəyirsən ki, sevgi kiçik məqsəddir?

-Baxır haçan və necə. Hətta sevgi böyük və gözəl olsa belə iki şəxs tək bir səbəbdən ki, bütün ömür boyu bir yerdədirlər, xoşbəxt ola bilməzlər. Sevginin önündə mütləq daha böyük hədəf, səni lokomotiv kimi ardınca çəkə biləcək bir hədəf qoyulmalıdır. Onda xoşbəxtliyə doğru məsafə qəteləmə işini ehtiyatla və sığortalı tutmuş olacaqsan.

-Məncə, sənin təlimin qədərindən çox ağıllı təlimdir. Sən kalliqrafik düşünür, müxtəlif iti bucaqlar altında dönüşlər edirsən. Amma bir şeyi unudursan, bəzən insanı böyük hədəflər, ali məqsədlər deyil, adi bir şeylər də xoşbəxt edə bilir. Məsələn, günəşli səma, ətirli çiçək, valehedici bir təbiət lövhəsi.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Yeni imzalar rubrikasında Pərvanə Hüseynovanın “Təəssürat” adlı hekayəsini təqdim edir.

 

Ananın bətnində böyüdükcə yavaş – yavaş ətrafı hiss etməyə başlayırdı . İki-üç ay bundan öncə özünü heç bəyənmirdi gah balığa, gah çömçəquyruğa, gah başı bədənindən böyük bədheybətə bənzəyirdi. Həmin vaxtlar anası ilk dəfə müayinə üçün getmişdi. Həkim yastı bir aləti qarnını üstündə gəzdirərək yandakı ekranda gördüklərini bir – bir anasına xırdalayırdı:

 – Hamiləliyiniz hələ bir - neçə həftəlikdir, rüşeymin inkişafına baxılarsa, normal inkişaf gedir.

Anası bu sözdən sevinmişdi. Amma onun özü, bu rüşeym sözündən çox da məmnun olmamışdı. “ Bu nə addır belə, yoxsa doğulandan sonra da məni bu adla çağıracaqlar?”

Bir az əhvalı pozulmuşdu. Sonrakı həftələrdə həkim onun adına döl demişdi. Bu ad da o qədər xoşuna gəlməmişdi. Onda özünə məxsus xarakteri olduğunu göstərmək üçün o tərəf-bu tərəfə çabalayıb, şəhadət barmağını yuxarı qaldırmışdı. Demək istəyirdi ki, “sizin dediyiniz adlarən heç biri mənim xoşuma gəlmir. Anam mənə qardaşıma verdiyi kimi gözəl ad verəcək.”

Hətta bu hərəkətləri həkimlərin gözündən yayınmamışdı. Bərkdən şaqqanaq çəkib gülən həkim anasına – “Oğlun bizə barmaq silkələyir “-dedi. Həkimin belə ləzzətlə gülməyi tibb bacısına da maraqlı gəldi. Əlindəki işini yerə qoyub, ana ilə həkimin baxıb güldüyü ekranın qabağına gəldi. İndi üçü də bir-birinə qoşulub gülürdü. İşini yekunlaşdıran həkim: ”Xeyli güldük, ürəyimiz açıldı, bu oğlana yaxşı bax, bu elə belə uşaq olmayacaq” – dedi.

Bu dəfə “uşaq“ sözü diqqətini çəkdi. Daha sonrakı gəlişlərində həkim hətta onun ürək döyüntüsünü də anasına dinlətdi, sonra da baxdığı ekranın yanından xırıltı ilə boz bir kağız çıxdı. Həkim o kağızı qoparıb anasına verdi:

 – Al! Bu da körpənin şəkli.

Şəkli görən ananın iri badamı gözləri elə güldü ki, sanki qaranlıq otaq  lampasız işıqlandı. Ananın sevincini, fərəhini görən həkim maraqla soruşdu:

 - Kimə oxşayır?

Sevincdən ürək döyüntüləri artan ana nəfəsini dərib, sakitcə danışmağa başladı:

-Böyük oğlum üz cizgilərindən mənə bənzəyir, xarakterdə atasına. Balaca olsa da, təmkinli olacağı bəllidir. Mənə verdiyiniz şəklə baxıram, körpəm atasına oxşayır. Amma, deyəsən, bir az mənim kimi çılğın olacaq.

Hər ikisi keçəndəfəki müayinəni xatırlayıb gülümsündülər. Bu dəfə o, həkimdən razı qalmışdı. Həkim ona təzə ad vermişdi – “Körpə”. Gözəl səslənirdi.

Evə gələn kimi anası bədənüma güzgünün qarşısında durub həvəslə özünü süzdü, hamiləliyin ona yaraşdığını son günlərdə hər kəs deyirdi. O, da ilk dəfə anasının necə gözəl olduğunu anladı. O, bəstəboy, uzunsaçlı, gözəl bədən quruluşlu, bir qədər də hamiləlik səbəbindən çəki almış, gözlərindən, ağappaq çöhrəsindən, gülümsəyən dodağından xoşbəxtlik yağan bir qadındır. Onun pozitiv görünüşünün bir hissəsi özünə aid olsa da, bir hissəsi də sevdiyi həyat yoldaşına aid idi. İlk tanışlıqları belə olmuşdu – oxuduğu universitetdə hərbçilərlə keçirilən görüşdə tanış olmuşdular. Hərbi geyimdə soyuqqanlı adam təsiri bağışlayan gənc zabitlə tanışlıqlarından sonra soyuq görkəmin altında necə həlim, mehriban ürəyin olduğunu duymuşdu və beləcə, həyatlarını qovuşdurmuşdular.  Xoşbəxt ailələri vardı.

Axşam atası işdən gələndə, səbirsizliklə yol gözləyən anası elə qapının ağzındaca şəkli ona göstərib, həkimin dediyi sözləri bircə-bircə təkrarlamağa başladı. Həkim deyir ki, körpəniz çox gümrahdı. 

Həkimin zarafatla dediyi sözlərini də unutmadı. Ədayla onu da ərinə danışdı. Həkim deyir ki, hələ bu günə qədər mənə şəhadət barmağını silkələyən olmamışdı, bu oğlana yaxşı baxın, deyəsən çox ağıllı olacaq.

Hər ikisi  fərəhlənmişdi. Sözünü bitirəndən sonra anası əlavə etdi:

-Bax, canım, şəkil eynən sənə bənzəyir.

Şəkli görən ata, anadan da çox sevindi deyəsən.

- Bəs necə, hər ikisi sənə bənzəyə bilməz ki , -deyib, həyat yoldaşının gülən gözlərindən öpdü.

İndi bütün ailə onun gəlişini səbirsizliklə gözləyirdi.

Yavaş-yavaş ətrafı anlamağa, tezliklə gələcəyi dünyanı öyrənməyə başlamışdı. Eşitdiyi səsləri, gülüşü, qışqırığı, acıqlı danışığı biri-birindən ayırmağa çalışırdı. Bu belə də asan olmurdu. Bəzən ona elə gəlirdi ki, insanlar gülümsəyərək danışanda yalnız yaxşı şeylərdən bəhs edirlər. Acıqlı görünürlərsə, deməli pis adamdırlar. Hündürdən danışmaq dava-dalaşdı. Bəzən bu fikirləri onu yanıldırdı, indi də insanları jestləri ilə tanımaq istəyirdi. Bəzən də elə olurdu ki, insanların ananın gözündən yayınan hərəkətlərini o görür, anasını xəbərdar etmək istəyirdi.  Ən çox istədiyi bir şey də vardı. Qardaşının başına sığal çəkən anasının əllərinin hərarətini öz saçlarında hiss etmək.

Axşam anası qardaşını öz yataq otağına gətirib, yatızdırmağa çalışırdı. Qardaşının otağı çox rahatdı. Qırmızı maşın formasında olan çarpayının üstünə göy rəngli yataq dəsti örtülmüşdü. Pəncərədəki qırmızı pərdənin üzərində hörümçək adam əks olunmuşdu. Otaqdakı gecə lampasının üstündə də eyni şəkil vardı. Orta və nisbətən kiçik ölçülü, dolabların hər ikisinin profili qırmızı, yanları göy rəngdəydi. Divarda müxtəlif ölçülü çərçivələrdə qardaşının, həm valideynləri ilə, həm də tək şəkilləri asılmışdı.  Eynən bu dolablar rəngdə olan üst tərəfi kitab rəfi, ortası yazı masası, aşağısı isə şkaf olan daha bir dolab vardı. Rəfdə şəkilli nağıl kitabları vardı. Qardaşını yatağa uzandırandan sonra anası kitablardan birini götürüb, oxumağa başladı. Qardaşı maraqla dinləyirdi. Anası dünyanın kürə formasında olmasından danışırdı. Kürənin nə olduğunu qardaşı başa düşməmişdi.

Ana kürə nədir deyə, soruşmuşdu. Anası dolabın üstündəki balaca suvenir qlobusu ona göstərib, bax bu, dünyanın kiçik formasıdır, dünyanın 70 % sudur, - demişdi.

Hə, demək, qardaşıyla, valideynlərinin yaşadığı dünya onun indi yaşadığı dünyaya bənzəyirdi. O da topa bənzər, içərisində maye olan dünyasında böyüyürdü. Neçə vaxtdan bəri göbəyindən başlayıb, onu əhatə edən dairəvi divarların lap yuxarısına yapışmış göbək ciyəsinin və burdakı dupduru mayenin onun rahat hərəkət etməsinə necə yardım etdiyinin fərqinə indi vardı. Anası ona, dünya içərisində dünya yaratmışdı.

Qardaşı yorulub, yatmaq istəyəndə anası laylay çalmağa başladı. Onun məlahətli səsi vardı, o da qardaşı ilə birlikdə yuxulamağa başlayırdı. Nədənsə indi özünü anasına qardaşından çox yaxın hiss edirdi. Qardaşı təkcə layla səsini eşidirdi, o isə laylayla birlikdə anasının ahəngdar həzin ürək döyüntüsünü də eşidirdi. İlk eşitdiyi musiqiydi anasının ürək döyüntüləri. Ən çox da o döyüntülərin sədaları altında əl qol atıb, tərpənirdi. Çünki hiss edirdi, indi ananın ürəyi hər kəsdən çox onunçün döyünür.

Bu gün səhər anası qardaşını parkda gəzdirdikdən sonra evə yenicə qayıtmışdı. Həkimin onun şəklinə baxdığı dördbucaqlı qutuya bənzər bir qutu vardı evlərində. Anası həmin qutunu açmışdı, orda anası kimi gözəl bir qadın danışırdı. Dünyadan xəbərlər verirdi.

-Görəsən bu da anamın danışdıqlarını danışacaq?

Diqqət kəsildi... Ekranda dağılmış evlər göründü, yaralı insanları daşıyan, anasının həkimi kimi ağ xalatlılar vardı ətrafda. Gördüklərinin adına zəlzələ deyirdilər. Sonrakı kadrda yaralı qan içində uşağı qucağına almış ata fəryad edirdi. Balaca ürəyi elə bil dayanmağa hazırlaşırdı, boğulurdu. Üzünü çevirmək istədi, bu dəfə diqqətini qardaşı yaşında bir uşaq çəkdi.

Uşaq kəsilmiş plastik butılkada yarıya qədər palçıq, yarıdan çoxu lil olan, suya gözünü zilləmişdi, durulmağını gözləyirdi. Ekrandakı qadın görünənləri izah edirdi, ”Afrikada, bir çox cənub dövlətlərində, su qıtlığı dözülməz həddədir”- deyirdi.

Axı anası demişdi ki, dünyanın yarısı sudur? Yox ola bilməzdi. Yəqin bu qadın nəyisə, düzgün izah etmir. Yoxsa anası yalan deməz. Yorulmuşdu amma anasının dediklərini yalan çıxardan, bu qadına axıra qədər qulaq asmalıydı. Nəyə görə onun sözü anasıyla düz gəlmirdi? Səbəbini bilməliydi.

Növbəti səhnə daha acınacaqlıydı. Qupquru, cadarlanmış torpağın üstündə sərələnib, oturmuş uşaqların aclıqdan və toz-torpağın üstündə qalmaqdan quruyub, arıq, cılız sümüklərinə yapışmış dəriləri, sanki hansısa bir skeletin üstünə geyindirilmiş yad geyimə bənzəyirdi üzərlərində.  Əyinləri çılpaq, ayaqları yalın idi. Onları qoruyan yeganə geyim elə dəriləri idi.

Bir az kənarda nisbətən böyük yaşlı uşaqlar, əllərində çirkli, əzik qazanlar yemək növbəsində durmuşdular. Lap körpələr isə nimdaş geyimlərdə, torpağın üstündə oturub, çəlimsiz qollarından başqa, övladına heç bir sığınacaq verə bilməyən analarının qucağına qısılmışdılar. Burdakı anaların gözləri, baxışları, görkəmləri bir-birinin eyniydi. Bütün gözlərdə ümidsizlik, biganəliklə, carəsizliklə qəribə vəhdət yaratmışdı.

Uzaqlara zillənmiş gözləri yaşamadıqları, sadəcə nəfəs aldıqları bu dünyanın, gözə görünməyən divarlarını dəlib, lap uzaqlarda özlərinə dünya axtarırdı. Qazanlarına bir çömçə isti yemək tökülən uşaqlar sevincək analarının yanına qaçır, köhnə əski parçasına bükülmüş, quruluqda yerdəki kəsəklərdən seçilməyən, çörək qırıntılarını, bu yeməkdə isladıb, yeməyə çalışırdılar. Aparıcı qadın Qəzza deyilən bu yerin  dünyanın ən qaynar, ən çox qan tökülən yeri olduğunu və yaxın zamanlarda da sülh gözlənilmədiyini deyirdi.

 Gördükləri onu qorxutmuşdu.Deyəsən aparıcı onunla inadlaşırdı. Qəzzadakı qan gölündə boğulan, həyatını itirən insanların sayı ilə yanaşı, ayrıca öldürülmüş uşaqların sayı vurğulanırdı. Yəqin son illərdə ən çox uşaqların öldüyü yer buraydı. Aman Allah nə qəribə yer idi, dünya dedikləri bir yanı quruyub cadarlanıb, bir yanı işıq saçır. Görəsən, anasının indi ona yaratdığı dünyadan azad olub, yeni dünyaya gələndə onun halı necə olacaqdı?

Qorxudan əl-qol atıb çabalayır, anasına etiraz etmək istəyirdi.

Bətnində qəfil başlayan çırpıntıdan ana narahat olmuşdu. Bir əlini qarnının altina, o birisini isə göbəyinin üstünə sıxıb, divana çökmüşdü. Qarnının altında başlayan ağrı belinə vurur, az qala nəfəsini kəsirdi. Ürək döyüntüləri getdikcə artır, başında, boynunda sıxıntılar əmələ gəlirdi. Vəziyyətin kəskinləşdiyini görüb, əlləri əsə-əsə hamiləliyinə nəzarət edən həkimə, sonra isə təcili yardıma zəng vurdu. Həkim təzyiqin yüksək olduğunu, həm ana üçün həm də döl üçün təhlükə ola biləcəyini, təcili xəstəxanaya çatdırılmalı olduğunu dedi.

Belə həyəcanlanıb, anası üçün təhlükə yaratdığı üçün peşman oldu. Sakitləşib üzünü anasının qarnının ön divarından, arxaya belinə tərəf çevirib, ayaqlarını qarnına yığıb, əlini çənəsinə söykəyib, beləcə hərəkətsiz qaldı.

Ultra səs müayinəsində həkim dölün ürək ritminin normallaşdığını desə də, hərəkətsiz olmasından narahat qalmışdı. Anaya bir neçə dəfə bərkdən öskürməyi xahiş etdi ki, bəlkə ananın bətnində baş verən titrəyişdən körpə hərəkətə gələ. Amma o israrlıydı, heç  halını pozmadan olduğu vəziyyətdə də qaldı- küşmüşdü....

***

Bir neçə gündən sonra anası yaxşılaşıb evə qayıtmışdı. Artıq hamiləliyin 8-ci ayındaydı. Həkimlər çox az vaxt qaldığını, indi səhhətinə həmişəkindən çox diqqət yetirmək lazım olduğunu demişdilər.

Yenə anası qardaşını parka aparmışdı. Sarı oturacaqlı, dəmir zəncirlə hundur dəmirlərə bağlanmış, yelləncəkdə  yelləndikcə, sevinc çığırtıları ətrafı bürüyürdü. Anası da qardaşıyla birlikdə gülürdü. O da bir az özünü rahat hiss edirdi. Axşam atasının gəldiyi saatın yaxınlaşdığını hiss edən qardaşı tez-tez qapıya yaxınlaşırdı. Qapının zəngi çalınan kimi çığırıb qapıya qaçdı. Atası qapının ağzında onu öpüb, anasının vəziyyətini soruşdu. Görkəmindən təlaşlı olduğu, həyəcanını gizlətmək istədiyi, açıq- aydın hiss olunurdu. Süfrəyə oturub, yemək yeyəndə, nəhayət tərəddüdlə sözə başladı. Həyat yoldaşının, çox həyəcanlanacağını bilirdi. Ona görə də üzünə baxmamağa, qayğılı gözlərini ondan qaçırmağa çalışırdı.

-Səni bu vəziyyətdə tək qoymaq istəməzdim- nəfəsini dərib bir qurtum su içdi və davam etdi, - Amma tapşırıq almışam... Sonuncu torpaqlarımızı da terrorçulardan azad etməliyik. Getməliyəm...

Anası doluxsunmuşdu. Etiraz etmək mənasızdı. Həyat yoldaşının borcuydu, getməliydi.

Nigahlarından əvvəl aralarında belə bir söhbət keçmişdi:

-Hərbçinin - hər an Vətəni uğrunda ölümə getməyə hazır olan insanın həyat yoldaşı olmaq asan iş deyil. Bəlkə də bütün ömrün boyu bu həyəcanı yaşamalı olacaqsan. Hər an əziz bir insanını itirmək qorxusu və buna mətanətlə dözmək, sınmamaq, əyilməmək səni müşayiət edəcək. Gələcəkdə dünyaya gələcək övladlarımızı lazım gələrsə, tək başına böyütmək məsuliyyəti var ortada – Sən buna hazırsanmı?

Təmkinlə,  alacağı cavab “Yox”  olsa belə, “anlayışla qarşılayacağam” deyən baxışlarla qızın üzünə baxmışdı.

Sevdiyi adamı itirmək qorxusuyla gözününün qabağında üçrəngli bayrağa bükülmüş şəhid tabutu canlanmışdı qızın. Özünü bir anlıq həmin anaların, gəlinlərin yerinə qoymuşdu. Gözlərini bərk-bərk yumub, kirpiklərini sıxmışdı. Həyəcandan bədəni titrəmişdi, tükləri biz-biz olmuşdu. Bir neçə saniyədən sonra simasında yenidən günəş doğmuşdu.

Qızın müstəqil qərar verməsi üçün gənc zabit sakitcə dayanıb, onun üz ifadələrini izləmişdi. Anidən üzündə doğan günəşin səbəbi artıq ona aydın idi. Axı hər ikisi eyni xalqın övladıdır. Hər ikisinin damarından eyni qürur axır.

Sevdiyi qız gözlərini açanda heç bir söz demədən onun əlini əlləri arasına alıb bərkdən sıxmışdı. Artıq sözə ehtiyac yox idi. O, istədiyi cavabı almışdı.

...İndi  həyat yoldaşının gedəcəyini eşidəndə yenidən həmin günləri xatırladı. Və bir də 44 günlük müharibəni.. . İlk övladlarının doğulacağı günü səbirsizliklə gözləyirdilər. Həyat yoldaşının döyüşdə olması onu hamiləliyin son günlərini təkbaşına keçirməyə məcbur etmişdi. İlk övladlarının doğulması xəbərini də cəbhədə almışdı həyat yoldaşı. İndi də ikinci övladlarının doğulmasına az qalmış yenə də düşmən terroru rahatlıqlarını pozmuşdu . 

...Anası əlini qardaşının başına qoyub, onu özünə tərəf sıxırdi. Anasının titrədiyini, həyəcandan belə etdiyini hiss edirdi. Deyəsən, atası da hər şeyin fərqindəydi, sadəcə vida dəqiqələrinin uzanmaması üçün soyuqqanlılığını qoruyurdu. Qapıdan çıxanda anasına “Övladlarımdan muğayat ol” deyib, qardaşını qucağına aldı. İndi o da atasını qucaqlamaq istəyərdi, ancaq atasının “Övladlarım” sözüylə təskinlik tapmaqdan başqa yolu yoxuydu.  Hiss etdiklərini, atasına göstərə bilmədiyinə görə qəzəblənmişdi. Çırpınıb, bir anda azad olmaq, atasına sevgisini göstərmək istəyirdi. Anası bətnində qopan təlatümdən narahat olsa da, ağrı, sancı hiss etdikcə dişini  dişinə sıxıb dözürdü. Necə olur  olsun,  həyat yoldaşı onun narahat olduğunu bilməməliydi. Onu ailəsi ilə vətəni arasında seçim qarşısında qoymamalıydı.

Qapıdan çıxanda “Bu dəfə terrorçulara 44 gün nədir, heç 44 saat da nəfəs çəkməyə imkan verməyəcəyik “ deyib getdi. Bayaqdan zorla müvazinətini saxlayan ana, durduğu yerdəcə diz üstə çöküb, valideynlərinə zəng etdi. Xəstəxanada həkimlər yarımçıq doğuşun ola biləcəyindən ehtiyat edib, anaya ciddi yataq rejimi tövsiyyə etmişdilər.

Beləcə anasının narahat günləri başlamışdı.  Bir yandan həyat yoldaşının nigarançılığı, bir yandan bətnindəki körpəni itirə biləcəyi qorxusu, bir yandan da böyük oğlunun atasından ayrı qala bilməməsi.. Qardaşı hər axşam atasının işdən gəldiyi saatda qapıya qaçır, atasının gəlmədiyini görüb boynunu büküb, küskün gözlərini anasının üzünə zilləyirdi. Ananın keçirdiyi həyəcanı hər kəsdən çox o, hiss edirdi. Ürək döyüntülərində ən kiçik dəyişikliyi hiss edir, gah tamam hərəkətsiz qalır, gah da narahat-narahat “öz kiçik dünyasının “divarlarını döyəcləyirdi.

Günləri səksəkəli keçirdi. Bəzən atasından günlərlə xəbər ala bilmirdilər. Bəzən də qısa müddətli telefon danışıqlarında “Erməni terrorçuları xəbərdarlıqlarımıza qulaq asıb geri çəkilsələr, bizim qan tökmək niyyətimiz yoxdu“,deyirdi. Yenə də anası həmən dördbucaqlı qutuya baxırdı. Aparıcnın sevinc dolu səsi eşidildi “ Antiterror döyüşləri 24 saatdan da qısa bir müddətdə  başa çatdırıldı. İşğal altında olan sonuncu torpaqlarımız da azad olundu!“

Ardınca aparıcı əlavə etdi: “Təəssüf ki, yaralanan, ağır vəziyyətdə olan döyüşçülərimiz və şəhidlərimiz də var....”

Qəfil eşitdiyi sözlərdən sonra neçə gündən bəri atasından xəbər ala bilməyən anası, huşunu itirib yerə yıxıldı. Qardaşı “ana qorxuram”, deyib ağlamağa başladı. 

Əməliyyat otağında cərrah assistentləri tələsdirirdi.” Cəld olun nəyin bahasına olursa, olsun ananı da, körpənidə xilas etməliyik” deyə haray şəkdi.

Anası huşunu itirib yıxılanda, atasını onlardan ayrı salan, anasına, qardaşına belə qorxuları yaşadan, bir dəri bir sümük olan, ac uşaqlara uşaqlığını unutduran, bu dünyaya gəlmək istəmədiyini qətiləşdirdi. Ən çox da anasının, həyatını əlindən almaq bahasına gələcəyi dünyanı heç istəmirdi. 8 ayda anası ilə arasında bağ olan, ona oksigen, qida verən göbək ciyəsindən kiçik əlləriylə bərk-bərk yapışıb elə çırpındı ki, göbək ciyəsi  bir neçə dəfə boynuna dolanıb, anasından aldığı oksigenin və qanın qarşısını kəsdi. Beyin damarları gərilir, boğulduqca daha çox cabalayırdı. Anası huşsuz vəziyyətdə olmasaydı onun gündəlik tərpənişlərinə bənzəməyən halını dərhal anlayardı. İndi isə ana-bala hərəsi bir-birindən xəbərsiz can çəkişirdilər.

Ginekoloq cərrahı tələsdirirdi:

- Qanaxmanı  bir neçə dəqiqəyə dayandıra bilməsək, ananı itirə bilərik.

Uşaq həkimi, körpənin ürək döyüntülərinin getdikcə zəiflədiyini deyirdi. Hər kəs əlindən gələni edirdi. Nəhayət, onu ananın bətnindən ayırdılar. Pediatr rəngi bozarıb, külə dönmüş körpəni yandakı əməliyyat stoluna uzandırıb, ovuc içindən də kiçik köksünə bir barmağını qoyub, ürəyini qapalı masaj etməyə başladı.

Həkim körpənin getdikcə, zəifləyib, yox olmaq həddinə çatmış ürək döyüntülərini hiss edib, sonuncu ümiddən bərk-bərk yapışmaq istəyirdi. Cəhdlər nəticə vermədi. Gəlməyə qorxduğu, bir neçə dəqiqəlik qonağı olduğu dünyada sonuncu eşitdiyi söz “Ananı xilas etdik!“ nidası oldu.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

 

 


 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Xoydan Əmin Hacılıdır.

 

Əmin Hacılı

Xoy

 

Yalnızlıq sevgini əmizdirdiyində

Mən xəyanəti süddən açırdım

Keçmiş, ölü ehtimalların qəbristanlığıdır

Göz altında morapan çizgi ehtimalların hələ də

Ehtimal olduğunun bəlgəsi

(Gözümü unutdum rəsmində)

İkinci əl bir zəmir tapıb yaramı sardım

Şorunu çıxartdım “O”-nun “Sən” olma sürəsində

Təkrar-təkrar bir mahnını dinləyərək

(Ay bayağı bir çibandır gecənin köksündə)

Mən hecalarımı toplayıram bir yanlışın içindən

Göz altlarındakı çizginin üstünə ulduz qoyub

Alt yazıda açıqlayıram.

(Sən ey izaha ehtiyacı olan nəsnə/gözümü unutdum rəsmində)

Və açıqlandım

Yarabasmalarımın üzərində həqiqətin göbək adını tapdım

Qara, mən kimi qara

Ağ, sən kimi ağappaq

Və həyat qan-qızarmasında nəbzini tutur ümidin

Yalnızlıq sevgini döşündə gəzdirir

Mən qulağına sızıram kəlmələrin eşliyində

Gözlərim eşiyimdə

Və eşiyim səndən sonra nə isə

Nə isə yarabasmalarımın üzərində

Həqiqətən göbək adına yenirəm

Başım köksündə...

 

Səndən qurtarıb röyana başlamışdım

Sən məndən qurtarıb başqasının yatağına

Alt paltarlarını,

Məni,

Alt paltarlarındakı izimi,

İniltimi

Daşıdığın kimi

Səni keçmişə daşımışdım deyə röyanın keçmişdəki kökünü qazmışdım

O isə ilk dəfə görürdüm səni

O isə çiçəklərin tutumunu qoruyurdu hələ

O isə sevdalar üzərinə romanlar yazılırdı

Gözlərindəki yazar qapını çalıb getmədən öncə

Tanışdırıram

- Tikan

- Şair

Şair

Tikan

Qorxunun ölümə olan ziyanını düşündüm

İntiharımdan əvvəl.

Hahaha

Tanışdırıram.

Həyat, ölüm və qorxunun naməşru uşağıdır

Sən isə bağlaclarla yazarın arasındakı məsafəni dolduran dinclik

(Mətnin ardı var)

Sən yoxsan amma

Sən heç bir zaman olmayacaq kimi yoxsan

Və röyan əbədidir

Heç bir zaman getməyəcək kimi

Amma bu əllərdə nə belə?

Yaxama sarılan

Yaxamdan boğazımı

Boğazımdan adını

Çıxaran

Adından başqa özəlliklərini papağından dovşan çıxarır kimi çıxaran əllər də nə belə?

 

Səndən qurtarıb röyana başlamışdım

Sən mənə başlamadan əvvəl.

Sinə sancağını boynuna asan bir qadın vardı

Keçib gedərdi hər gün röyamdan

Sərhəddən pasportsuz keçən quş kimi

Nə adı oxunardı telsizdən

Nə telsizdən oxunacaq məlum bir adı vardı

Röyaydı üstəlik

Və röyanın həqiqətə olan ziyanı

Həqiqətin sevdaya olma xəyanəti boyda idi.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Adamlar var ki, öləndə evini-eşiyini, yurdunu, ölkəsini tərk eləmir. Onlar öləndə dünyanı tərk eləyib gedirlər.

2.

“Bu görüş də bir qəribə nağıldı... Niyə getdin, niyə gəldin yenə sən?! Həyat yenə əvvəlinə yığıldı, Sən də indi mənim üçün yenisən.”

3.

Amerikan dramaturqu Yucin O’Nil: “Yalnız əldə edilənə can atan insanı onun arzusunu yerinə yetirməklə cəzalandırmaq lazımdır.” Bu deyimdəki ən ağır söz “cəzalandırmaq” sözüdür.

4.

“Dənizin ortasında nəhəng devlər çimirdi. Dəniz aşıb-daşırdı, çıxırdı sahilindən. ...Çimib-çimib bu devlər, nəhayət, yoruldular. Dənizdən çıxan kimi bir cüt göyərçin olub Qanad açıb uçdular, sonra da yox oldular...”

5.

Yaxşı dost həm də o dostdur ki, yorulmaz və sarsılmaz dinləmək qabiliyyəti var.

6.

Nöqtəni qoyana qədər, sən sənətkar, yaratdığının ağası, nöqtəni qoyandan sonra qulusan. Ağa sevər, qul nifrət edər.

7.

Nə yazırsan, yaz. Yazdığın zaman yazdı[1]ına hökmən inanmalısan. Oxuyanda inanmaya bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

96 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.