İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Müxtəlif türk dillərində Təpəgöz, Yalqızgöz, Tübegöz, Töbököz, Eqegöz, Kəlləgöz kimi də adlanan bu təkgözlü yarıinsan (atası Sarı çobandır), yarımifoloji (anası pəridir) varlıq türk mifologiyasının mifik qəhrəmanıdır, qədim oğuzlarla bağlıdır. Amma Təpəgöz motivlərinə türklərlə yanaşı, qeyri-türk xalqlarının mifologiyasında da təsadüf olunur. Ümumiyyətlə, araşdırıcılar dünya xalqlarının folklorunda insan qatilləri olan təhlükəli nəhənglər, əjdahalar, qırxbaşlı divlər, suyun altında yaşayan qorxunc qüvvələr, təpəgözlər (sikloplar) və digər bu tipli 200-dən artıq mifik obrazın olduğunu söyləyirlər. Hətta bədii əsərlərdə də (nağıl, hekayə, rəvayət, əfsanə, epos, həmçinin yazılı ədəbiyyat nümunələrində) Təpəgöz mötivdən istifadə edilmişdir.
Biz isə bu yazımızda oğuz Təpəgözü ilə Homerin “Odisseya”sındakı Polifem haqqında söz açacıq.
Tədqiqatçılar Təpəgözlə "Odisseya"dakı Polifemi elmi cəhətdən müqayisə edərək belə bir qərara gəlmişlər ki, bu iki süjet arasında həm bənzərlik və həm də fərqlər mövcuddur. M.H.Təhmasib Təpəgözlə Polifem arasında azmanlıq, güc, bədxahlıq, təkgözlü olmaq və s. kimi oxşar cəhətlərin olduğunu söyləyirdi. Akademik Kamal Abdulla isə xarici qiyafə, amansızlıq, fövqəlbəşər və vəhşi ehtirasları da onların oxşar cəhətlərindən sayır. (https://www.anl.az/ down/ meqale/edebiyyat/2021/fevral/734333.htm). Bu oxşarlıqlar sayəsində belə bir sual meydana çıxır: bunlar, türklər demişkən, eyni yaratıqdırlarmı, hansı ilkindir və Təpəgöz necə, nə vaxt və nə cür şəraitdə Polifemə çevrilmişdir?
Bu barədə bir neçə versiya irəli sürülür. Bir versiyada göstərilir ki, ta qədim dövrlərdə - 3500-3000 il öncə türk soylu boylar (pelasklar, etrusklar, iskitlər və b.) “Goroğlu/Koroğlu” mifi kimi Təpəgöz mifini də Yunan və İtaliya bölgələrinə aparıb çıxarmış, orada yaymaqla Homer tərəfindən əbədiləşdirilməsini saxlamışlar.
Başqa bir versiyaya görə, Homer Təpəgöz nağılını Asiya səyahətində eşitmişdir. Akademik İ.Həbibbəyli “Dədəm Qorqud: Azərbaycan ədəbiyyatının Homeri” adlı məqaləsində yazır ki, “...antik yunan şairi Homer Şərq səyahəti zamanı oğuz tayfaları və Təkgözlü siklop haqqında əsatirləri əldə etmiş və özünün məşhur "Odisseya" əsərini yazarkən bu motivdən yaradıcı şəkildə istifadə edərək Polifem obrazını yaratmışdır”.
Digər ayrı versiyaya görə, Homer Türkiyənin İzmir şəhərində doğulmuşdu, türklərin əhatəsində böyümüş, bu süjeti də orada eşitmişdi.
Bu versiyaların hansının doğru olduğuna qəti hökm vermək mümkün deyil. Araşdırmaçı S.İslamın yazdığı kimi, bunun dəqiq cavabı “mətnlərin özündədir”.
Lakin ikinci versiya o qədər də inandırıcı deyildir ki, Homer kimi şəxs Asiya səyahətinədək “yunanların böyük millət halına gəldikləri üçün borclu” (Herodot) olduqları pelasklardan və etrusklardan, eləcə də iskitlərdən Təpəgöz mifini eşitməmiş olsun. Güman ki, bu barədə eşidən Homer Asiya səyahətində də əlavə məlumatlar toplamış, “Odisseya”nı yazan zaman onlardan “yaradıcı şəkildə” faydalanmışdır. Həm də “bəzək-düzək qoşaraq”, cürbəcür macəralar əlavə edərək, bəzi epizodları ixtisara salaraq.
“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya bəlli edən, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək yaymış şərqşünas, uzun illər Prussiyanın İstanbulda səlahiyyətli elçisi olmuş Fridrix fon Dits Azərbaycan oğuznaməsindəki təkgözlü siklop motivinin daha qədim olduğunu xüsusi olaraq belə qeyd etmişdi: "Oğuz siklopu yunanlardan deyil, əksinə, daha çox yunanlarınkı ondan əxz edilmişdir”. Yazıçı E.Əfəndiyev yazırdı ki, “F.Ditsə görə «Odisseya» özündən sonrakı dövrdə Şərq aləminə məlum deyildi, halbuki Şərq əfsanələri, ədəbiyyatı «Odisseya»ya qədərki dövrlərdə artıq qədim yunanlara yaxşı məlum idi. F.Dits Təpəgözü Siklop surətinin prototipi hesab edirdi, Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcı, başqa dildə, başqa mühitdə onun yeni ifadəsi idi”.
Bu mənada tədqiqatçılar haqlı olaraq göstərirlər ki, Təpəgöz yunan mifologiyasına yad bir obrazdır. Herodot da təkgözlü nəhəng haqqında rəvayətin Yunanıstana Şərqdən gəldiyini yazırdı (“Kitabi-Dədə Qorqud” ensiklopediyası, II cild, “Yeni nəşrlər evi”, Bakı-2000, səh:298-299). O, bu süjeti yunanların iskitlərdən eşitdiklərini çox açıq şəkildə söyləyib: «İssedonlar haqqında bizdə beləcə bilgi var. İssedonların özlərinin söylədiklərinə görə, onlardan yuxarılarda taygöz adamlar və qızıl güdən qriflər yaşayırlar. İskitlər bu haqda bilgini issedonların dilindən verirlər, biz də bunları və başqa bilgiləri iskitlərdən öyrənib, onları iskitcə arimasp adlandırırıq: iskitlərdə “arima” - tək, “spu”- göz mənasında işlənir”. Belə çıxır ki, təkgözün –Təpəgözün adı da iskit (onlar oğuzlarla qohumdurlar) dilindən götürülüb. A.Strabon da yazırdı ki, “Homer təkgöz siklop motivini skiflərin tarixindən götürüb”. (https://anl.az/down/meqale/ xalqcebhesi/2012/dekabr/285879.htm)
Filologiya elmləri doktoru, professor Əli Sultanlı “Təpəgözün yunan mifologiyasına yad bir obraz“ olmasını aşağıdakı şərtlərlə əsaslandırır: 1) Şərq, qədim türklər yunan şeiriyyətini tanımamışdır və Homerin əsərlərini tərcümə edə bilmələri də mümkün deyildi. Tərcümə edilsə də, anlaşılan olmayacaqdır. Çünki türk dilləri bunun üçün lazım olan ifadələrdən məhrum idi. 2) Oğuz Təpəgözünün doğumu, ölümü, bütün həyatı təfsilatı ilə verilir. Polifem obrazında isə bu cəhətdən çatışmamazlıqlar var. Yunanlarda obrazın yaradılışı haqqında heç bir bilgi verilmədiyi halda oğuz Təpəgözündə bu haqqında kifayət qədər məlumat var. Bu da Oğuz müəllifinin hadisə haqqında Homerdən çox məlumata malik olmasını göstərir. 3) Təpəgözün yaranışının eposda (Kitabi-Dədə Qorqud” nəzərdə tutulur) bütövlükdə verilməsinə əsasən, demək olar ki, o, ilkin olaraq Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazıdır. (https://www. anl.az/down/meqale/dede-qorqud/2018/02/16(meqale).pdf). Bəli, oğuzların Təpəgözünün avtobioqrafiyası daha genişdir, onun dünyaya gəlməsindən tutmuş, həyatının demək olar ki, bütün dövrləri barədə məlumat var.
Oğuzların Təpəgözü ilə “Odisseya”nın Polifemi arasında bir sıra fərqlər də vardır. Professor M.H.Təhmasib həmin fərqləri təxminən belə müəyyənləşdirir: "Odisseylə Polifem arasında heç bir qohumluq əlaqəsi yoxdur, hətta tanışlıq belə yoxdur. Basatla Təpəgöz isə bir yerdə böyümüş, ...bir atanın çörəyini, hətta bəlkə də bir ananın südünü əmmişlər. Onlar demək olar ki, qardaşdırlar; Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmiş, Qalın Oğuz ellərini yeddi dəfə yerindən oynatmış, ən görkəmli qəhrəmanlarını "zəbun etmiş", axırda yemək üçün beş yüz qoyun, iki adam tələb edərək kəsim kəsmişdir; Təpəgöz Oğuz Eli üçün dəhşətli bir fəlakət, ümumi bir bəladır. Odissey təsadüfən Polifemlə üzləşmiş, öz canını qurtarmaq üçün mübarizəyə məcbur olmuşdur. ...Basat isə öz elinin, xalqının intiqamını almaq, Qalın Oğuz Elini fəlakətdən qurtarmaq üçün düşüncəli olaraq Təpəgözlə vuruşa gedən bir qəhrəmandır; Odisseygil Polifemi öldürə bilmirlər, ancaq kor edir və bundan istifadə ilə qaçıb canlarını qurtarırlar" (https://www.anl.az/down/meqale/edebiyyat/2021/fevral/734333.htm) və s.
V.F.Millerin və V.Qrimmin qeyd etdikləri kimi, “bu süjet Odisseyin digər səfərlərinə süni şəkildə zorla pərçimlənib. Odisseyin Polifemlə görüşü “Odisseya” poemasının süjetində elə də mühüm yer tutmur. Bu görüş olmasaydı belə poemanın süjetində heç nə dəyişməzdi”. Çox güman ki, Homer sadəcə Odisseyin gücünü, qüvvəsini, qəhrəmanlığını (halbuki Polifemlə qarşılaşmada bunları görmək olmur) və ya insanın qeyri-adi varlıqlardan üstünlüyünü göstərmək üçün Təpəgöz motivindən epizod kimi istifadə edib.
Təpəgözlə Polifemin arasında meydana çıxan fərqlərin yaranması, bizcə, Homerin bizim Təpəgöz mifimizdən yuxarıda da qeyd etdiyimiz kimi “yaradıcılıqla” faydalanması səbəbindəndir. Və bu da təbii sayılmalıdır.
“Qəti şəkildə deyə bilərik ki, Təpəgöz ilkin olaraq, Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazdır”. (“Kitabi-Dədə Qorqud”. Əsil və sadələşdirilmiş mətnlər”. “Öndər nəşriyyatı”, Bakı-2004, səh:35). Bunu dünya və Azərbaycan tədqiqatçılarının qənaətləri və Ana kitabımız “Kitabi-Dədə Qorqud” eposu, Azərbaycan ərazisində Təpəgözlə bağlı hələ də söylənilməkdə olan əfsanə, rəvayət və nağıllar, ölkə ərazisində bu gün də mövcud olan toponimlər də (Təpəgöz, Qazma və Salaxana mağaraları, Salaxan qayası, və Salaxan yurdu, Uzun bulaq, Günorta daşı, Təpəgöz kəndi və s.) sübut edir.
Uzun sözün qısası, oğuzların Təpəgözü Homerin Polifeminin prototipidir.
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


