İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, «Həməşəra» mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
Cəlilabad şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Sözün işığı» mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair, publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Rəşad Abdullayevə həsr olunmuş «Murovun Aslanı» adlı kitabının təqdimatı keçirilmişdir.
Tədbir Vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinin əziz tutulması hədəfi ilə bir dəqiqəlik sükutla başladı. Aparıcısı Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əfrahim Abbas olan təbdirdə şəhid valideynləri və yaxınları, xüsusilə də şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev, ADPU Cəlilabad filialının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: el şairi və mahir bədii qiraətçi Mikayıl İnçəçaylı, AYB-nin üzvü, qəzəlxan, şair-dramaturq İman Abdulla, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, yazıçı-şair Qurban Əhməd, fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü və "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi, yazıçı-publisist İlqar İsmayılzadə, AYB-nin üzvü yazıçı-şair Ruhiyyə Abaszadə, şair Seylan Abbas, bədii qiraətçi və şair Müşahidə Nərimanova və başqaları, Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət xanım İsrafilova, tanınmış ziyalı pedaqoq Dadaş Bayramov, "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon bölməsinin sədri Maşalla Əliyev, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ADPU Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə, həmçinin filialın müəllim və tələbə heyəti və digər ictimai fəallar yaxından iştirak etdilər.
Yüksək səviyyədə və milli-mənəvi aurada keçən təqdimat mərasimində çıxış edənlər Azərbaycan dövlətçiliyi, vətənpərvərlik mövzularından və şəhid kapitan Rəşad Abdullayevdən söz açaraq onun barəsində yazılıb işıq üzü görmüş kitabı yüksək dəyərləndirdilər və müəllifə yeni-yeni uğurlar dilədilər. Çıxışlar zamanı həm də şair-publisist Ədalət Salmanın Cəlilabad ədəbi mühitinə göstərdiyi böyük və inkaredilməz xidmətlərindən söz açıldı və onun rəhbərlik etdiyi "Sözün işığı" mətbu orqanının 23 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirildi.
Tədbirdə bəzi iştirakçılar tərəfindən əziz şəhidlərimizlə bağlı qiraət edilən şeirlər də iştirakçıların kövrəlməsi və böyük alqışı ilə qarşılaşdı.
Şair-publisist Ədalət Salman çıxışında şəhid Rəşad Abdullayev barədə ərsəyə gəlmiş poema və kitabın yazılma tarixçəsindən söz açaraq belə bir gözəl tədbirin təşkilinə görə filialın direktoru, rayonun nüfuzlu ziyalısı Xudayar müəllimə və bütün iştirakçılara öz təşəkkürünü bildirdi...
Şəhid Rəşad Abdullayevin atası Arif Abdullayev isə öz qısa çıxışında özünün şəhid Rəşadın bioloji atası, şair-publisist Ədalət Salmanın "Murovun Aslanı" kitabını yazıb ərsəyə gətirdiyinə görə onun mənəvi atası sayıldığını açıqladı... Tədbir xatirə şəkillərinin çəkilməsi ilə tamamlandı...
Məlumat üçün qeyd etmək lazımdır ki, tanınmış şair-publisist Ədalət Salmanın "Murovun Aslanı" kitabı Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevə həsr olunmuş böyük poema və onun cəbhə yoldaşlarının xatirələrini ehtiva edir.
Kitabın redaktoru Əməkdar jurnalist Əli Nəcəfxanlıdır. Kitaba ön söz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov tərəfindən qələmə alınmışdır. 2025-ci ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən 108 səhifədə nəfis şəkildə işıq üzü görmüş bu kitab müəllifin indiyədək əziz şəhidlərimizlə bağlı qələmə aldığı və eləcə baş redaktoru və naşiri olduğu kitablar silsiləsindən sayılır. Müəllif həm də bədii ədəbiyyat, şeir, poeziya, şəhidlər və s. mövzularda 20-ə yaxın kitabın müəllifidir.
Əziz şəhidimiz kapitan Rəşad Abdullayev barədə ərsəyə gəlmiş bu kitabın ilk təqdimatı isə cari ilin sentyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilib.
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


