Arzu Əyyarqızı,
“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisist. "Ədəbiyyat və incəsənət" üçün
Hər kəsin doğrusu var, amma doğrunun özü hardadır?
Doğru - bəzən kompas, bəzən maska ola bilir.
Cəmiyyətin "doğru" dediyi ilə vicdanın "doğru" dediyi üst-üstə düşürmü?
Bu esse, doğrunun özünün nə qədər doğru olduğunu sorğulayır.
Doğru - Konsensus, yoxsa Konvensiya?
"Doğru" çox zaman çoxluğun razılaşdığı yalandır. Tarix boyu dəyişən doğrular: bir dövrdə qəhrəman olan, o biri dövrdə xain olur.
Məsələn: "Ədalət" anlayışı - hüquqi sistemdə doğru olan, bəzən əxlaqi olaraq yanlışdır.
Doğru, bəzən sadəcə daha güclünün fikridir.
Doğru -Şəxsi təcrübə kimidir.
Hər kəsin öz "doğru" su var: birinin şəfa bildiyi dərman, o birinə zəhərdir.
"Doğruların doğruluğu" bəlkə də onların kimə, nə vaxt və hansı dozada tətbiq olunmasından asılıdır.
Doğru etiketi ilə satılanlar da bir ayrı mövzudur.
"Doğru" brendə çevrilib: "Doğru həyat tərzi", "Doğru düşüncə", "Doğru vətəndaş".
"Doğru məhsulu seçin, doğru qərar verin."
Burada " Doğru" artıq seçim deyil, məcburiyyətdir. Bizim şüuraltına yeridilən məcburi,amma guya öz seçimimizdir kimi.
"Doğru" deyəndə artıq düşünmürük - sadəcə alırıq. Əldə etməyə çalışırıq. Nəticədə "Doğrunun Doğruluğu " - sual olaraq qalır.
Bəlkə də doğrunun ən doğru forması - onun daim sorğulanmasıdır.Doğru, dəyişməz bir həqiqət deyil, daim yenidən qurulan bir ehtimaldır. Bu essedə məqsədim doğrunu tapmaq deyil, onunla dialoqa girməkdir.
Doğru nədir, kimə görədir, niyə bu qədər əminik?
Hər kəsin bir doğrusu var, yuxarıda dediyim kimi.
Bəziləri onu çərçivəyə salıb divardan asır,
bəziləri ciblərində gəzdirir - lazım olanda çıxarıb göstərmək üçün.
Bəziləri isə doğrularını başqalarının boğazına taxır - sanki qalstudur, səliqəli görünmək üçün.
Amma doğrunun özü hardadır?
Yoxsa o da bir yalanın yaxşı geyinmiş formasıdır? Konsensusun kuklasına çevrilən doğru,indiki zamanda hardadır?
Tarix boyu "doğru" dəyişdi.
Bir zamanlar dünya düzdü -bu, doğru idi.
Sonra yuvarlaq oldu - bu da doğru oldu.
İndi isə... dünya düz də ola bilər, yuvarlaq da - yetər ki, kifayət qədər insan buna inansın.
Doğru, çox zaman səs çoxluğunun seçdiyi yalandır.
Referendumla seçilən həqiqətlər dövründə yaşayırıq.
Əgər yetərincə insan "bu doğrudur" deyirsə - o artıq doğrudur.
Hətta əgər deyiləmsə də.
Doğru da bir tablet formada olan dərmandır- dozası, bədəni, keçmişi, travması olmayan yoxdur.
Sənin üçün doğru olan, mənim üçün zəhər ola bilər.
Amma sən bunu "doğru" adıyla təqdim edirsənsə- məni müalicə etmirsən, məni dəyişdirməyə çalışırsan.
Marketdə "doğru süd", "doğru sabun", "doğru həyat tərzi" var.
Sosial şəbəkədə " doğru düşüncə", "doğru ana", "doğru kişi".
Doğru artıq bir məhsuldur - ambalajı parlaq, içi boş. Əgər reklamı yaxşıdırsa, doğru sayılır.
Doğru olmaq - indi bir performansdır.
Səhnəyə çıxırsan,
doğru cümləni deyirsən,
doğru jesti edirsən,
doğru auditoriyadan alqış alırsan.
Səhv etsən?
Səni "doğru" olmayanlar siyahısına salırlar.
Orada yer çoxdur, amma işıq yoxdur.
Bəlkə də doğrunun ən doğru forması - onun daim sorğulanmasıdır.
Doğru, bir qaya deyil - bir dənizdir: sakit görünür, amma dərinliklərində fırtına yatır.
Doğru, bir yol deyil - bir labirintdir: hər küncündə yeni bir "doğru" gözləyir səni. Bəzən çıxış yoxdur,
bəzən çıxış - içindəki şübhədir.
Əgər bir gün sənə "bu doğrudur" deyilsə, soruş: Kimin üçün?
Əgər cavab "hamı üçün" dürsə, gülümsə və de: Demək, hələ heç kim düşünməyib, hələ də!
1. Doğru, onu deyənin niyyəti qədər doğrudur.
2. Əgər hamı eyni doğruya inanırsa, o artıq ideologiyadır, həqiqət deyil.
3. Doğru, sübut istəmədiyi anda təhlükəli olur.
4. Doğru, onu qorumaq üçün yalan tələb edirsə, artıq doğrudan çıxıb.
5. Doğru, zamanla köhnəlmirsə, ya ölüdür, ya da yalan.
6. Doğru, yalnız sükutla yaşaya bilirsə, onu danışmaq cinayətdir.
7. Doğru, gücün əlindədirsə, artıq silahdır.
8. Doğru, yalnız bir nəfərə xidmət edirsə, digərləri üçün zəncirdir.
9. Doğru, özünü təkzib edə bilmirsə, fanatizmdir.
10. Doğru, sorğuya dözmürsə, inancdır, bilgi deyil.
Bu sıraladağım on fikir mənim üçün həyat devizidir. Beləliklə hər kəsə doğrunu tanımağı, doğrunu doğru olana doğrulamaq arzusu ilə sizin Arzu sözünü burda da bitirir. Yeni və sizi maraqlandıran mövzularda görüşmək ümidi ilə... Doğruya doğru.
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


