Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 276 nömrəli tam orta məktəbdir.
DİREKTOR :
Xoşqədəm Ələddin qızı Məmmədova 13.03.1985-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 26 fevral 2013-cü ildə Binəqədi rayonu 179 nömrəli tam orta məktəbə kimya fənni üzrə laborant təyin edilib. Həmin ildəMüəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə müəllimlərin Diaqnostik qiymətləndirməsində ixtisası üzrə 100 faizlik nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən direktorların və dərs hissə müdirlərinin işə qəbulu ilə bağlı imtahandan müvəffəqiyyətlə keçərək 2 noyabr 2016-cı il tarixində Binəqədi rayon 179 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 10 sentyabr 2017-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan İdarəetmə kursu, "Potensial direktorlar" kursunu uğurla bitirərək 10 oktyabr 2018-ci il tarixindən Binəqədi rayonu 205 nömrəli tam orta məktəbətəlim tərbiyə işləri üzrə direktor müavini və direktor əvəzi vəzifəsinə təyin olunub. 6 dekabr 2021- ci il tarixində həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 2023-cü ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" nin qalibidir. İkinci təhsil olaraq hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında təhsil alır.
8.09.2025-ci il tarixindən Bakı şəhəri 276 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin olunub. 3 övladı var.
ŞAGİRD :
Həsənli Əsma Eyvaz qızı 2012-ci ildə Bakı şəhərində anadan olmuşdur. Məktəbəqədər təhsilini başa vurduqdan sonra, 2018-ci ildə Xırdalan şəhəri, Abşeron rayonunda 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşdur. Daha sonra 4-cü sinifdən Bakıdakı 276 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda 8-ci sinif şagirdidir. Dərslərə qarşı olan fəallığı, məsuliyyəti ilə seçilir. Eyni zamanda məktəbdə olan voleybol yarışlarında da fəal iştirak etmişdir. Azərbaycan dili, ədəbiyyat fənlərinə qarşı xüsusi marağı var. Və gələcəkdə hüquq sahəsində təhsil almağı hədəfləyir.
ESSE:
Fikrimcə xoşbəxtlik...
Xoşbəxtlik anlayışı hər kəs üçün fərqli ola bilər. Çünki hər insanın həyatdan gözləntiləri və arzuları müxtəlifdir. Çox insan sadəcə böyük hədəflərinə çatarkən bu hissi dada biləcəyini düşünür. Amma mənim fikirlərim buna əksdir. Çünki hər kəs kiçik şeylərlə, yəni hər zaman nail ola biləcəyi şeylərlə də bu hissi yaşaya bilər. Böyük hədəflərə gəldikdə isə hədəflərə, arzulara çatmağın, onları həyata keçirməyin ən böyük sirri xoşbəxtlikdir. Çünki insan, sadəcə, həqiqətən özünü xoşbəxt hiss etdikdə məqsədləri üçün irəli addım ata bilər, onlar üçün əziyyət çəkməyə razı ola bilər. Və ən əsası da xoşbəxtliyi hər şeydən öncə sevdiyimiz və bizə dəyər verən, hər zaman yanımızda olan insanlarda tapa bilərik. Burdan belə bir nəticə çıxartmaq mümkündür ki, sadəcə maddi uğurla xoşbəxt olmaq mümkünsüzdür. Əgər yanınızda həyatın nə qədər zövq alına bilinəcək yer olduğunu göstərəcək insanlar olmadığı surətdə, maddi uğurun belə çox önəmi qalmır.
Yazımı dahi Lev Tolstoyun fikri ilə tamamlayıram: "Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir".
“Ədəbiyyat və incəsənət”
(22.04.2026)


