İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Hüseyn Əliyevin Naxçıvan və Zəngəzurla bağlı analoqu olmayan əsərləri var. Xalq rəssamının böyük məharətlə yaratdığı “İlanlı dağ” tablosu, “Urud qalası” peyzajı rəssamın yaradıcılığında ən yaxşı və şah əsərlərindəndir. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.” – belə yazır ƏməkdarjournalistFloraXəlilzadə.
Əliyev Hüseyn Əlirza oğlu – Azərbaycanın Üemummilli lideri Heydər Əliyevin özündən böyük qardaşı 1911-ci il aprelin 22-də Qərbi Azərbaycanda - Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açıb. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxuyub. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunub.
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən). Böyük Vətən Müharibəsinin iştirakçısı olub.
"Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunub. Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.
Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi "Yəhər Təpə" və "Mahmud bulağı" tabloları özünəməxsus yer tutur. Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilib.
Mükafatları
- Ermənistan SSR əməkdar incəsənət xadimi
- Azərbaycan SSR əməkdar rəssamı
- Azərbaycan SSR xalq rəssamı
Əsasən qrafika ilə məşğul olmuş Hüseyn Əliyev həm də mənzərə ustası kimi məşhur idi. O, doğma vətənin füsunkar təbiətini seyr etməkdən xüsusi zövq alardı. Rəssamın duyğuları isə rənglərdən ibarət nəhəng bir çələngə çevrilərdi. 1960-1970-ci illərdə yaratdığı peyzajlar sənətin məhz bu janrına yeni nəfəs və ruh gətirmişdi.
Doğma yerlərin bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçası ilə kətan üzərində canlandıqca sanki yeni bir möcüzə ilə qarşılaşırdın. Rəssamın Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi diqqət cəlb edir. Gah dağların qoynunda məskən salmış Göygölün mavi sularını kətanda əks etdirir, gah da hər hansı təkrarolunmaz gözəlliyindən yeni mövzu tapırdı. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi.
FloraXəlilzadə yazərki, iki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb. Təəssüf ki, bu əsərlərin yalnız 13-ü əlimizdədir, 3 əsərinin slaydı, 1 əsəri isə fotoşəkil formasında qorunub saxlanılıb. Hüseyn Əliyevin «Göygöl mənzərələri» adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilib.
Hüseyn Əliyev portret çəkən rəssam kimi də çox böyük uğur və şöhrət qazanıb. O, əslində bu janrın ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Böyük şairin duruşu, baxışı, uzaqdan görünən Araz çayı, İlanlı dağ tamaşaçıya nələr söyləmir?! Eləcə də Nizami Gəncəvinin portreti düşündürücü təsir bağışlayır.
Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır. Unudulmaz rəssamın Azərbaycan təsviri sənətindəki xidmətlərindən çox danışmaq olar. Hüseyn Əliyevin yaradıcılıq sahəsi olduqca geniş idi. İstifadə etdiyi rənglərin çalarları al-əlvandır. 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil edilib.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir yüksək dəyərləndirilib. Xarici ölkə vətəndaşları azərbaycanlı rəssamın rənglərin musiqisini təbiətin rəngində tablolara əks etdirmək məharəti qarşısında məmnun qalıblar. Bu unudulmaz rəssamın yaradıcılığında mənzərələr, tablolar, portretlər, natürmortlarla bərabər, başqa janrlarda işlədiyi əsərlər də çoxdur.
O, uzun müddət nəqqaşlıqla da məşğul olub, su boyaları ilə işləyib. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkib, kitablara illüstrasiyalar işləyib. Bütövlükdə Hüseyn Əliyev yaradıcılığının ətraflı öyrənilməsi, onun təsviri sənətimizdəki yeri haqqında mükəmməl tədqiqatların aparılması vacibdir. Əsl sənətkar və vətəndaş ömrü yaşayan Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir.
Görkəmli rəssam 21 may 1991-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.04.2026)


