Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlər davam edir, bu dəfə ABŞ-SSRİ soyuq müharibəsi fonunda dəyişkən bir siyasət barədə danışacağıq.
1992-ci ilin fevralı. Amerikanın nəqliyyat təyyarələri Moskva aeroportuna enərək, 500 ton ərzaq və dərmanlar olmaqla humanitar yardım gətirir. Bir az bundan əvvəl SSRİ ilə müharibəyə hazırlaşan həmin təyyarələr, indi isə keçmiş fövqəldövlətin aclıqdan əziyyət çəkən vətəndaşlarına yardım çatdırırdılar.
Bəli, SSRİ-nin dağılması ilk illərdə ittifaq respublikalarına aclıq, səfalət, tənəzzül gətirdi. Bizə bu fərq etmədi, çünki müstəqillik əldə etmişdik. Çətinliyə sinə gərərik deyə düşünürdük. Amma ruslar həm bu səfalətə sürüklənmişdilər, həm də hakim olduqları böyük imperiya əllərindən çıxmışdı.
Beləliklə 1992. ABŞ aclıq çəkən Rusiyaya yardım gətirir.
Yardım əməliyyatları bir ay davam edir. Həmin günlərdə amerikalılar 65 uçuş həyata keçirərək, 2000 tondan çox humanitar yardım gətirirlər. Humanitar yardıma onlarla ton çörək, konservlər, uşaq qidası və həyati vacib dərmanlar daxil idi. Amerikalı pilotlar adi peşəkarlıqları ilə “keçmiş düşmənə” kömək etmək kimi yeni missiyanın qəribə hissini keçirirdilər. Ruslar üçün isə bu, həm dəstək, həm də bir sərt xatırlatma idi ki, böyük bir dövlət müvəqqəti olaraq öz vətəndaşlarını ərzaqla təmin edə bilməyir.
Bunlar sadəcə yemək və dərman qutuları deyildi. Bunlar həm də bir simvol olaraq göstərdi ki, insanlıq siyasətdən güclüdür və kömək heç bir ideologiyadan asılı deyil. Bu ləvazimatları neçə nəfərin aldığını və neçə nəfərin həyatını xilas etdiyini hesablamaq çətindir. Amma bəlkə də daha önəmlisi bu təyyarələrin dəyişikliyin simvoluna çevrilməsi idi. Bu, sülhə doğru bir addım idi. Bu, həm də bir dərs olaraq göstərdi ki, ən möhkəm divarları belə sadə insan hərəkətləri ilə sökmək olar.
Soyuq Müharibə rəsmi olaraq sona çatsa da, lakin sülh və əməkdaşlıq hər iki tərəfin - həm qaliblərin, həm də vaxtilə məğlub hesab edilənlərin səylərini tələb edirdi.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)