Özünü və həyat yoldaşını güllələdilər Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İlahi, bu repressiya adlı amansız cəza maşını nə qədər canlar alıbdır. Hətta bəzən bir ailədən hər iki ailə başçısını aparıbdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü Böyükağa Talıblı və həyat yoldaşı belələrindən olubdurlar.

 

Böyükağa Talıblı 1897-ci il martın 21-də Azərbaycanın Cavad qəzasənda - Salyan rayonunda anadan olub. Bakı real məktəbində təhsil alıb. Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilib. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq edib.

1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilib, sonra burada xalq təsərrüfatı şurasının sədri olub. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləyib. "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olub.

8 yanvar 1937-ci il tarixdə 1934–1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub. 10 yanvar 1937-ci il tarixdə təhlükəsizlik baş leytenantı Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Talıblı Azərbaycan SSR cinayət məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan DİK idarəsinin həbs evində saxlanması qərara alınıb.

Böyükağa Talıblı Azərbaycan SSR C/M-nin 64,69,70,73-cü maddələri ilə təqsirli bilinərək 12 oktyabr 1937-ci ildə güllələnməyə məhkum edilib, bir gün sonra hökm icra edilib. 14 oktyabr 1937-ci ildə isə həyat yoldaşı N. Talıblı həbs olunaraq Bakı şəhərində ümumi rejimli həbsxanada saxlanılıb.1938-ci ildə cəza tədbirləri dövründə öldürülüb.

 

Əsərləri

1. Yaxşı məsləhət hər şeydən yaxşıdır

2. Erkək Tükəzban

3. Qırx zopa

4. Keyf içində (pyes)

5. Tövbə

6. Dirək

7. Seçilmiş əsərləri

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.