İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Aprelin 9-da “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbir çərçivəsində şəhidlərimiz dərin ehtiram və qürur hissi ilə yad edilib.
Tədbirdə rəsmi qonaqlar, şəhid ailələri, qazilər, media nümayəndələri, eləcə də Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti iştirak edib. Bu geniş iştirak tədbirin əhəmiyyətini və ictimai dəyərini bir daha nümayiş etdirib.
“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova, millət vəkili Rizvan Nəbiyev, yazıçı və universitetin Humanitar elmlər şöbəsinin müdiri Həbib Mirzəyev, Aprel şəhidlərinə həsr olunmuş “Qalibiyyət” kitabının müəllifi Aida Eyvazlı, 34 saylı tam orta məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə xanım Axundova, eləcə də Xüsusi təyinatlı qüvvələrin mənsubu, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu Elvin Orucov çıxış ediblər.
Natiqlər Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən bəhs edərək onların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar.
Çıxış edənlər Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş universitetin dörd məzunu – Əbdülməcid Axundov, Müşfiq Orucov, Elvin Mirzəyev və Mahir Quliyevin, eləcə də onlarla birlikdə şəhidlik zirvəsinə ucalmış digər igidlərimizin həyat yolunun gənclər üçün örnək olduğunu qeyd ediblər.
Tədbir universitetin yaradıcı tələbələri və məzunlarının hazırladıqları bədii kompozisiyalar və musiqi ifaları ilə yekunlaşıb. Bu çıxışlar tədbirə xüsusi emosional çalar qataraq iştirakçılarda dərin təsir bağışlayıb.
Azərbaycan Texniki Universitetində keçirilən “Zəfərə gedən yol” adlı tədbir bir daha sübut edib ki, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, onların xatirəsini daim uca tutur və gələcək nəsillərə ötürür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.04.2026)


