Bakıda qazax şairinin “Qarabağ” kitabının təqdimatı keçirilib
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bakı ilə Astana arasında məsafə avtomobil yolu ilə 4211 kilometrdir, 60 saatlıq bir yoldur. Amma azərbaycanlı ilə qazax arasındakı məsafə indi, sadəcə, bir qarışdır...
Aprelin 11-də Bakı şəhərində, Milli QHT Forumunun mənzil-qərargahında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) birgə təşkilatçılığı ilə Qazaxıstan Yazıçılar Birliyinin və DGTYB Məsləhət Şurasının üzvü, şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri Azərbaycan–Qazaxıstan dostluq-qardaşlıq münasibətlərinin, eləcə də Türk dünyasında ortaq ədəbi-mədəni platformların inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirmək olar.
Tədbirdə giriş nitqi söyləyən DGTYB-nin qurucusu, Milli Məclisin eksperti, portalımızın da redaktoru Əkbər Qoşalı “Qarabağ” kitabının ideya-estetik özəllikləri, müəllifin yaradıcılıq yönü və Qarabağ mövzusunun çağdaş türk ədəbiyyatında qazandığı yeni məzmun qatları barədə ətraflı bilgi verdi.
O, “Qarabağ” kitabını Türk dünyasının ortaq yaddaşının bədii ifadəsi kimi qiymətləndirdi. Əkbər Qoşalı qeyd etdi ki, Qarabağ artıq türk ruhunun, ortaq tarix və taleyin simvoluna çevrilmişdir:
“Bu əsər Türküstandan Qafqaza – böyük qazax çöllərindən Qarabağın zirvələrinə uzanan mənəvi körpü səciyyəsi daşıyır. “Qarabağ” – bütün Türk dünyasının vicdan yaddaşıdır.”
Sonra çıxış edən müəllif Sayat Kamşıger vurğuladı ki, “Qarabağ” əsəri bir ədəbi layihə olmaqla birgə, həm də mənəvi borcun, qardaşlıq duyğusunun və ortaq tarixi yaddaşın poetik ifadəsidir. O, Qarabağ mövzusunun qazax oxucusu üçün də uzaq olmadığını və bu kitab vasitəsilə Azərbaycan həqiqətlərini, Qarabağın ağrılarını və Zəfər tarixini Türküstana bir daha çatdırmaq niyyətində olub.
Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Qazaxıstan –Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini vurğuladı; o, mədəni və ədəbi layihələrin dostluq-qardaşlıq münasibətlərin ruhunu daha da möhkəmləndirdiyini bildirdi. Səfir vurğuladı ki, bu cür əsərlər xalqlar arasında mənəvi yaxınlaşmanın ən təsirli vasitələrindəndir.
Səfirin qardaş ölkənin, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən quruculuq prosesinə verdiyi dəstək barədə dedikləri alqışlarla qarşılandı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu (Hacıyev) çıxışında Qarabağ mövzusunun artıq ümumtürk dəyərinə çevrildiyini bildirərək, bu kimi nəşrlərin ortaq mədəni irsin qorunması, təbliği baxımından önəm daşıdığını bildirdi.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov isə çıxışında vətəndaş cəmiyyəti institutlarının belə təşəbbüslərlə milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq mədəni inteqrasiyaya mühüm töhfələr verdiyini diqqətə çatdırdı.
Tədbirdə iştirak edən digər çıxışçılar da kitabın önəmini müxtəlif aspektlərdən dəyərləndirdilər. RHİMİB koordinatoru Nilufər Lətif, DGTYB başqanı İntiqam Yaşar, Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB-nin (QMİDİB) sədr müavini Aydan Yaşar çıxışlarında təşkilatçılıq baxımından bu tədbirin əhəmiyyətini qeyd edərək, belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğuladılar.
Türkoloq professor Nizami Tağısoy əsəri türk poetik düşüncəsinin çağdaş ifadəsi kimi dəyərləndirdi və Qarabağ mövzusunun qazax ədəbiyyatında işlənməsini mühüm ədəbi hadisə kimi səciyyələndirdi.
Aydınlar – ictimai xadimlər, alim və yazarlar – Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı-publisist Varis, professor, şair Rəsmiyyə Sabir, Bakıdakı Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu, diaspor lideri Tərlan Qasımov, “Bayraqdar Media”nın baş redaktor müavini, Əməkdar jurnalist Nadir İsmayılov, AMEA Folklor İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil, Qayıdış və Dirçəliş naminə İB sədri Vüqar Qədirov, "Dirçəliş" Gənclərin Psixoloji-Reabilitasiya Mərkəzinin rəhbəri İslam Baxşəliyev, tanınmış jurnalist Etibar Cəbrayıloğlu, yazıçı Etibar Muradxanlı, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fil.ü.f.d. Mərziyyə Nəcəf, Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Aytən Qurban, “Çağrı.az”ın baş redaktoru Mübariz Yunus, “Xəzər” Universitetinin əməkdaşı Aynur Qəzənfərqızı, yazıçı Lətifə Oruc öz çıxışlarında kitabın ədəbi-estetik dəyərini, ideya yükünü və Türk dünyasında ortaq mənəvi platformunun formalaşmasına verdiyi töhfəni xüsusi vurğuladılar. Qeyd olundu ki, “Qarabağ” əsəri həm tarixi həqiqətlərin, həm də duyğuların, yaddaşın və milli kimliyin bədii təcəssümüdür.
Tədbirin sonunda Sayat Kamşıgerə Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafanın adından təşəkkür məktubu təqdim olundu. Eyni zamanda o, RHİMİB, DGTYB, QMİDİB və digər təşkilatlar tərəfindən müəllif fəxri fərmanlarla təltif edildi.
Həmçinin Ümumdünya Ədəbiyyat və İncəsənət Akademiyasının prezidenti Atantay Əkbərovun Azərbaycan yazarları Əkbər Qoşalı, Elşən Əzim, Rəsmiyyə Sabir, Etibar Muradxanlı, İntiqam Yaşar, habelə “Qarabağ”ın önsöz yazarı - RHİMİB sədri Arzu Bağırovaya, kordinatoru Nilufər Lətif və rəyçisi Tariyel Əhmədova ünvanladığı “Təşəkkürnamə”ləri Səfir Alim Bayel, BTMİF aparat rəhbəri Fəxri Valehoğlu, Prof.Dr. Fuad Məmmədov və Sayat Kamşıger sahiblərinə təqdim etdi.
Təqdimat mərasimi göstərdi ki,
“Qarabağ” kitabı Azərbaycan həqiqətlərinin Qazaxıstanda, Türküstanda bədii ifadəsi kimi özünəxas ədəbi-siyasi, mənəvi önəm daşıyır və bu kimi təqdimatlar ortaq mədəni yaddaşın möhkəmləndirilməsi yönündə əhəmiyyətli iş kimi qiymətləndirilir.
Tədbir iştirakçılar arasında fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.
Sayat bəy tədbir iştirakçılarının bir neçəsinə qazax araqçını hədiyyə etmişdi deyə bir anlıq sərhədlər itmiş, məkanlar dəyişmişdi sanki. Sanki bu toplantı elə qazax ellərində baş tuturdu.
“Ədəbiyyat və incəsənət”
(13.04.2026)


