İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“O vaxtlar Türkiyəyə getmək çox çətin idi. Orda Ajda Pekan “Ay qəlbi kövrək”, Nəşə Qaraböcək “Bir könül sındırmışam” mahnılarımı oxuyurdular. Mənim mahnılarımı İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini gəzib dolaşmışam”.
AzərbaycanSSRxalqartisti, bəstəkarRamizMirişlininsözləridir.
“Hamı bilir ki, Ramizə populyarlığı qazandıran mahnı janrı olub. Bu da əbəs yerə deyil. Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var.Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb. Bu kamançanın yanğısı da, milliliyi də həmişə onun ürəyində yaşayıb.
Kamança onun bütün musiqilərində iştirak edir, Ramizi kənara qaçmağa qoymur. Bu yaşdan sonra da Ramizin ayrı yolu yoxdur. O, bu gün də bizim milli bəstəkarımızdır. Onu başqa yollar azdırmayacaq. Onun hansı səpkidə yazmasından asılı olmayaraq, ilk xallardan bilinir ki, bu, Ramizin musiqisidir” – bu kəlmələri isə Xalq şairi Fikrət Qoca Ramiz Mirişli barədə söyləyibdir.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləyib. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb.
Həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutub. Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.
Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr verib.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirib. O, ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.
Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapıb. Onu məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı olub. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanıb.
Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Əsərləri
- N. Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün "Peyğəmbərin tə'rifi" vokal Poeması
- "Qəzəlxan" bədii filminə musiqi /həmmüəllif — N. Mirişli/ (1990)
- M. Araz, F. Qoca, M. Aslan, D. Mustafayev, H. Razi, Y. Həsənbəy və b. şairlərin söz. mahnı və romanslar
Bəstələdiyi mahnılar
- Bir könül sındırmışam (sözləri İslam Səfərlinindir)
- Doğma diyarım
- İlk görüş
- Mavi dünyam
- Güləndam
- Əlvida
- Bir xumar baxışla (sözləri Fikrət Qocanındır)
- Sevdalandım yaz gəlincə
- Günay
- Dedi gələcəyəm
- Ya rəbbim
- Məzəli mahnı
- Yaraşıqsan
- Hardasan
- Yandım, elə yandım (sözləri Süleyman Rüstəmindir)
- Gəlmədi
- Yeddi qızdan biri gözəl
- Nənəm kəndi istəyir
- Süfrə mahnısı (sözləri Rüfət Əhmədzadənindir)
Filmoqrafiya
1. Akt və fakt
2. Alma almaya bənzər
3. Monoloq
4. Qəzəlxan
5. Nekroloq
6. Analar və laylalar
7. Azərbaycan xəritəsi
8. Payız melodiyaları
9. Bəylik dərsi
10. Bakı bağları. Şüvəlan
11. Ömür urası
12. Oxuyur Şövkət Ələkbərova
13. Perspektivsiz tikinti
14. Dəvətnamə
15. Köhnə bərə
Mükafatları
1. "Naxçıvan MSSR əməkdar incəsənət xadimi" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
5. "Şöhrət" ordeni
6. "Şərəf" ordeni
Ramiz Mirişli 17 aprel 2015-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


