Dos. Dr. Həyat Şəmi və Azərbaycan şeirlərinin şair və yazar Osman Öztürk pəncərəsindən əksi
Osman Öztürk - İstanbul Sənət və Kültür Dərnəyinin Fəxri Başqanı,
“Ədəbiyyat və incəsənət”
(Türk Ədəbiyyatı Vəqfindəki çıxışdan)
Bugün sizlərlə çağdaş Azərbaycan şeirinin diqqət çəkən isimlərindən biri olan şair-yazar və alim Həyat Şəminin şeir dünyasına qısa, amma dərin bir səyahət etmək istəyirəm. Həyat Şəminin şeirlərini ilk oxuduğunuzda sizi qarşılayan nəsnə, bağıran sözlər deyil, əksinə bir səssizlikdir.
Amma bu səssizlik, boşluq deyil, anlamın çoxaldığı bir dərinlikdir.
Ürəkdən varlığa: Osman Öztürk və Həyat Şəmi...
Sizə bir sual vermək istəyirəm: şeir nədir?
Bir mətn, bir sənət əsəri, yoxsa sadəcə gözəl sözlərin yan-yana düzülüşü?
Mən şeiri belə təsəvvür edirəm və görürəm: Şeir insanlığın ürək səsidir... içdən gələn, azad bir ruh biçimidir... Həm də, eyni zamanda ilmə-ilmə məhrəmiyyətlə hörülən qəribə, dərin, anlaşılması çətin bir yolçuluqdur.
Şeir kağıza yazılır sanırıq. Qələmlə, mürəkkəblə... Amma yox. Şeir vicdanla yazılır. Elə bir səhifəyə yazılır ki, buluddan ağ və o yazı əsla silinməz.
Şeir tənha deyildir. Musiqi ilə yüyürür, rəsmlə danışır, heykəllə şəkil alır. Bir misra oxuyanda, bir tablo görərsiniz. Bir misra duyanda içinizdə bir nəğmə başlayar.
Amma şeir, sadəcə gözəllik deyildir. Şeir bir hadisədir, hekayədir, üsyandır, bir başqaldırmadır. Zamana, zülmə, ədalətsizliyə qarşı. Elə tam da bu nöqtədə qarşımıza çağdaş Azərbaycan şeirinin güclü səsi çıxar: Həyat ŞƏMİ.
Həyat Şəminin şeiri yüksək səslə danışmaz, bağırmaz, çığırmaz. Amma dərin bir iz buraxar. Sizi susdurar. Və də düşündürər...
Onun şeirində bir cümlə var ki, bir ömürlük sorğudur:
Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs...
Bu nə deməkdir? Bu o deməkdir ki, biz sandığımız qədər də güclü deyilik, zənn etdiyimiz qədər qalıcı deyilik. Biz iki boşluq arasında yaşayan bir an, məqam kimiyik. Mən şeiri “ürək səsi” olaraq görərkən,
Həyat Şəmi şeiri bir addım irəli daşıyır. Şeir varlığın sorğusudur deyir. Mənim şeirimdə vicdan vardır, insan vardır, cəmiyyət vardır. Onun şeirində isə boşluq vardır, zaman vardır, yoxluq vardır. Amma əslində ikimiz də eyni şeyi deyirik: İnsan nədir?
Şeir bir ahəng və ritm tələb edir dedim. Amma Həyat Şəmi bizə bunu göstərir: Bəzən şeirin ən böyük ritmi səssizlikdir.
Həyat Şəminin misraları qısa, amma uçurum kimidir. Az kəlimə istifadə edir, amma çox dərin mənalar qurur. "BAĞ" şeirində belə deyir:
"Ucu açıq fikrinin
Bağ verim bağla..."
Bu sadəcə bir çağrı deyildir. Bu yaşam dünyasında dağılmış insanı yenidən bir mənada, anlamda toplama çabasıdır.
Mən şeiri bir başqaldırma, üsyan kimi qələmə verdim. Həyat Şəmi isə üsyanı içə daşıyır. Onun üsyanı küçədə deyil, insanın içində yaşanır.
Bir başqa şeirində belə deyir:
"Hər cümlənin sonuna
Torpaq dərin nöqtədir"
Həyat - bir cümlədir, bir film lentidir və ölüm o cümlənin sonundakı dərin nöqtədir... Bəs, o nöqtəyə qədər... biz necə bir şeir yazırıq? Bax, şeirin əsil sorğusu da budur. Şeir asan iş deyil. Nə yazılması asandır, nə də başa düşülməsi.
Şeiri yazan qələm də, oxuyan göz də cavabdehdir, məsuldur. Çünki şeir hər kəsə özünü açmaz.
Mən deyirəm ki: Şeir insanlığın ortaq səsidir.
Həyat Şəmi bizə bu cümləni əlavə edir:
Amma o səsi duymaq üçün öncə içimizdəki hay-küyü susdurmalıyıq. Şeir səyyahdır deyirəm.Heç bir sərhəd onu durdura bilməz. Və həqiqətən də belədir...
Bu gün Türkiyədə yazılan bir şeir Azərbaycanda əks-səda verir, üzə çıxır. Bir Azərbaycan şairi İstanbulda nə qədər ürəyə toxuna bilir, xitab edə bilir. Çünki şeirin dili dəyişər, amma özü dəyişməz. Və o öz, özək - insandır.
Şeir cəsurdur dedim. Başı əyilməz. Həyat Şəminin şeirləri də əyilməzdir. Amma bu şeirlərin cəsarəti, gücü bağırmaz. Onların cəsarəti dərinləşər, gücü artar...
Şeir zalıma, zülmə qarşıdır dedim. Bəli...tarix boyunca öncə şairləri susdurmağa çalışıblar. Amma bacarmayıblar. Çünki şeir insanlığın yaddaşıdır. Və mən inanıram ki, bir gün şeirin daha çox oxunduğu, daha çox anlaşıldığı, daha çox hiss edildiyi, sülh və qardaşlığın hakim olduğu bir dünyada insanlar və ölkələr bir-birinə daha az zərər verəcəklər. Çünki şeir insanı insana yaxınlaşdırır. Ölkədən ölkəyə yıxılmaz könül körpüləri qurur.
Şeir nədir? Şeir bir ürəyin səsi, hayqırtısı ola bilir. Bir ölkənin səsi ola bilir. Amma ən çox da insanın özünə verdiyi sualdır şeir. Və bəlkə də ən önəmli sual budur: Biz gerçəkdən də insan kimi yaşayırıqmı?
Yoxsa bir şeirin içində həsrət yüklü bir misra kimi keçib gedirik?
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


