Super User

Super User

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” portalı üçün

 

 

Azərbaycan səhnə sənətinin parlaq guşələrindən biri Beyləqanda, Mil düzünün mədəniyyət nəfəsli torpağında yaranıb. 1974-cü ildən bu yana fəaliyyət göstərən “Gənclik” Xalq Teatrı yalnız bir rayon kollektivinin adı deyil, həm də bölgənin mədəni yaddaşı, yaradıcılıq məktəbidir.

 

Yarım əsrlik yol – bir məktəbin təməli

 

“Gənclik” Xalq Teatrı Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində təsis olunarkən məqsəd gənclərin mədəniyyətə cəlb olunması idi. Lakin illər ötdükcə teatr öz regionunu aşaraq respublika miqyasında tanınmağa başladı. Onun uzun illər rejissoru olmuş Müseyb İsmayılov səhnəyə qoyduğu əsərlərlə kollektivə yaradıcı nəfəs qazandırdı.

Bu ənənə indi Rəqsanə Babayevanın rəhbərliyi ilə davam etdirilir. O, teatrın repertuarını yeniləyib, uşaqlar üçün kukla tamaşalarını gücləndirib, klassik və müasir dramaturgiyanı bir araya gətirib. R.Babayevadan sitat: “Mənim üçün teatr sadəcə peşə deyil, bir missiyadır. Bu kollektivdə hər bir aktyor, hər bir dekorasiya, hər bir işıq – tamaşaçıya milli kimliyimizi və insan duyğularını çatdırmaq üçün vasitədir.”

 

Uğurlar və mükafatlar

 

2017-ci il və 2019-cu illərdə  Akademik Milli Dram Teatrında keçirilən II və III Respublika Xalq Teatrları Festivalında “Apar məni yurduma”, “AğıllıFatma”, “O yurda bayrağı mən asacam” tamaşası ilə finala çıxaraq laureat oldu.

2022-ci il – Yevlaxda baş tutan III Zona Müşavirəsində “Nağıllar aləmi” tamaşası ilə çıxış edərək Təşəkkürnamə ilə təltif olundu.

Teatrın fəaliyyəti dəfələrlə Kürdəmir Regional Mədəniyyət İdarəsi və Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla qiymətləndirilib.

R.Babayevadan sitat: “Hər dəfə kollektivimlə birlikdə səhnədə mükafat aldığımız zaman, əslində biz Beyləqanın, bölgəmizin adını ucaldırıq. Mənim ən böyük fəxrim budur.”

 

Zəngin repertuar – klassikdən müasirə,“Gənclik” teatrının repertuarı tarixən zamanla çoxqatlıdır.

 

Klassiklər:

Üzeyir Hacıbəyov – “Ər və arvad”, “O olmasın, bu olsun”,Səməd Vurğun – “Vaqif”,Cəfər Cabbarlı – “Solğun çiçəklər”,Cəlil Məmmədquluzadə – “Ölülər”,Əbdürrəhim bəy Haqverdiyev – “Dağılan tifaq”

 

Müasir dramaturgiya: Mir Yusif Manafov – “Qəsəbə işıqları”,Malik Muxtarov – “Zəngulənin zəngləri” ,Asif Cəfərli – “Apar məni yurduma” ,Əli Səmədov – “Təzə qonşular”

 

Ədəbi-bədii kompozisiyalar: “Mən bu cahana sığmazam” (İmadəddin Nəsimi) ,“Şərqin Günəşi” (Nizami Gəncəvi),“Vətən, sənə canım fəda”, “Haray Xocalı” (20 Yanvar və Xocalı faciələri)

 

Uşaq tamaşaları: “Cırtdan”, “Nağıllar aləmi”, “Xallıca və Ballıca”

 

İctimai missiya – səhnədən cəbhəyə

 

Teatr yalnız tamaşa göstərməklə kifayətlənməyib. Onlar dəfələrlə ön cəbhədə əsgərlərin qarşısında çıxış edib, vətənpərvərlik repertuarı ilə hərbi hissələrdə qastrol ediblər. Xüsusən şəhid və qazi övladları üçün təşkil olunan kukla tamaşaları teatrın sosial məsuliyyətini ortaya qoyur.

R.Babayevadan sitat: “Bizim tamaşalarımız yalnız əyləncə deyil. Xocalıdan danışanda, 20 Yanvarı səhnəyə gətirəndə, uşaqlara Cırtdanı göstərərkən də bir amalımız var – tarixi, milli dəyərləri, insanlıq sevgisini unutdurmamaq.”

 

Yaradıcı sabah

 

Bugün “Gənclik” Xalq Teatrı yeni layihələr üzərində çalışır. Rəqsanə Babayevanın quruluşunda hazırlanacaq növbəti tamaşalar teatrsevərlərin marağını oyadır.

 R.Babayevadan sitat: “Gənclərin teatra marağını artırmaq üçün hər yeni əsərimizi daha dinamik, daha rəngarəng edirik. Çünki teatr yaşamalıdır, yaşamaq üçün isə daim yenilənməlidir.”

Beyləqan “Gənclik” Xalq Teatrı yarım əsrlik tarixində təkcə sənət yaratmayıb, həm də cəmiyyətin mənəvi güzgüsünə çevrilib. Bu teatrda səhnə milli ruhla yoğrulur, tamaşaçı isə yalnız baxmır, həm də hiss edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Cümə axşamı, 18 Sentyabr 2025 10:02

Bu günün adı – ÜZEYİR HACIBƏYOV

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Üzeyir Hacıbəyov 18 sentyabr 1885 tarixindəAğcabədidə anadan olub. Doğulduqdan qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçüb və Üzeyir məhz burada böyüyüb. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şəxsi katibi olub, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsiri olub. Üzeyirin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür, bəstəkarın babası və Natəvan isə süd bacı-qardaşı olublar.

 

Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açıb. Gənc yaşlarında muğam ifaçılığı dərsləri alıb və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənib. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid "Leylinin qəbri üzərində Məcnun" ("Leyli və Məcnun" sevgi dastanından bir epizod) adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyub.

Mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxuyub. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnib. Bundan başqa gələcək bəstəkar Müslüm Maqomayevlə (müğənni Müslüm Maqomayevin babası) tanış olub. Növbəti dörd il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olub.

Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kaspi qəzetində çap olunub. 1905-ci ildə Bakıda ilk öncə Bibi-Heybət məktəbində, daha sonra "Səadət" məktəbində dərs deyib və orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədib.

Elə o vaxtı Həyat qəzetində tərcüməçi olaraq işə başlayıb, sonra İrşad qəzeti ilə əməkdaşlıq edib. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədilə Moskvaya yola düşüb. Bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs alıb (solfecionu Nikolay Laduxin, harmoniyanı Nikolay Sokolovski keçirdi), ondan sonra Sankt-Peterburqa köçüb və orada konservatoriyada bir il oxuyub (müəllimi Vasili Kalafati olmuşdur). Dostu Müslüm Maqomayev Hacıbəyovun maddi dəstəyini tamamilə öz üzərinə götürüb. 1912-ci ildə Jeleznovodskda olarkən Hacıbəyov M. Maqomayevə yazırdı:

ƏZİZ MÜSLÜM

Biz artıq 21 iyundan Jeleznovodskdayıq. Malikə müalicə olunmağa başlayır, mən isə fortepiano öyrənməyə başladım. Mən burada həftədə 3 dərs deyən və hər gün pianodan istifadə etməyə icazə verən müəllim tapdım, ayda cəmi 15 rubla.

Hələ Bakıda olarkən Malikə və mən Şuşaya getmək və orada tamaşalar vermək qərarına gəldik; Notların bir hissəsinin Sizin mənzilinizdə olduğunu bildiyimizdən, Məlikə ilə Sizin mənzilinizə getdik və notları götürdük; lakin Şuşa işi baş tutmadı, notlar Camaldadır. Bizimkilər Maştağı bağlarına köçdülər. Bakıya gedəndə yaz. Mən də Moskvaya yola düşməmişdən əvvəl yazacam. Makkinin səhhəti barədə xəbər ver, orada yaşayışınız necədir? Burada çox da darıxmırıq, bəzən qrup halında gəzirik. Məlikə və məndən Badyuşa, anaya, Camul, Makka və bütün dostlarınıza salamlarımı göndər.

                             Sənin Üzeyirin.

                            3 iyul 1912-ci il., Jeleznovodsk.

 

İnjenernı döngəsi, daça № 9

 

1914–1918-ci illərdə "Yeni iqbal" qəzetinin redaktoru, sonra sahibi olub, daha sonra "Azərbaycan" qəzetinin redaktoru olub. 1918-ci ilin iyunundan sentyabr ayınadək Azərbaycan opera sənətçilərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərini idarə edib. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulub. Elə həmin il bəstəkar Azərbaycan SSR Xalq Maarifləndirmə Komissarlığına musiqi akademiyası və milli konservatoriya açmağın zəruriliyi, habelə keçmiş musiqi məktəblərinin binalarının onlara verilməsi barədə hesabat təqdim edib. Sonrakı illərdə onun təşəbbüsü ilə yaradılan Azərbaycan Türk Musiqi Məktəbinə (indiki Asəf Zeynallı adına Bakı Musiqi Kolleci) rəhbərlik edib. 1925-ci ildə Bakı İşçi Xalq Deputatları Sovetinin deputatı seçilib, növbəti ildə isə Azərbaycan Konservatoriyasının prorektoru olub.

Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılan "Koroğlu" operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə "Stalin" mükafatı verilib. Ümumilikdə, o, 7 opera və 3 operetta yazıb: "Ər və arvad" (1909), "O, olmasın bu olsun" (1910) və "Arşın mal alan" (1913). Hacıbəyov "Koroğlu" operası xaricində bütün əsərlərinin librettosunun müəllifi olub. Onun həmçinin yarımçıq qalan "Firuzə" operası olub. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamlayıb.

Üzeyir Hacıbəyli Nizami Gəncəvinin sözlərinə "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi əsərlər yaradaraq "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf edib.  Bundan əlavə, Hacıbəyov həm də Azərbaycan opera məktəbinin qurucusu hesab olunur.

Üzeyir Hacıbəyov ilk Azərbaycan operasını (muğam operası) 1907-ci ildə yazmağa başlayıb. O, 1908-ci ilə qədər tamamlanıb və daha sonra ilk dəfə Bakıda, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus teatrda tamaşaya qoyulub. Operanın tamaşaya ilk dəfə qoyulmasında həm Azərbaycan SSR-in, həm də sonradan müstəqil Azərbaycanın populyar musiqi və ictimai xadimləri olacaq Azərbaycan mədəniyyət xadimləri iştirak edib.

Tar çalan sonradan məşhurlaşan Qurban Pirimov olub, Hüseynqulu Sarabski Məcnun rolunu oynayıb. Sarabski, 1930-cu ildə nəşr olunan xatirələrində yazır:

"…Bu tamaşadan sonra bir çoxları məni Məcnun çağırmağa başladılar. Mən bu adın dəyərini bilirdim, mən onunla fəxr edirdim. Əvvələr küçədə məni istehza ilə qarşılayan insanlar indi məni hörmət və məhəbbətlə qəbul edirdi. "

— (H. Sarabski, Xatirələr)

 

Bəstəkarın "Leyli və Məcnun" əsəri muğam operası və ümumilikdə Azərbaycan operası janrının təməlini qoyub. Sonralar o, xatıralyırdı:

"O vaxtı mən, operanın müəllifi ancaq solfecionun əsaslarını bilirdim və harmoniya, kontrapunkt musiqi formaları haqqında heç bir fikrim yox idi.. Bununla belə "Leyli və Məcnunu" müvəffəqiyyəti böyük idi. Bu, mənim fikrimcə, onunla izah olunurdu ki, Azərbaycan xalqı artıq səhnədə öz Azərbaycan operasını görmək istəyirdi, "Leyli və Məcnun"da isə həqiqi xalq musiqisi populyar klassik mövzu ilə birləşdirilmişdir."

 

"Arşın mal alan" bəstəkarın sonuncu və ən populyar operettalarındandır. O, 1913-cü ildə Sankt-Peterburqda yazılıb. Operettada hadisələr Şuşa şəhərində baş verir. Rəşid Behbudovun qızı Rəşidə "Arşın Mal Alan"ın yaranma hekayəsini belə təsvir edir:

"… Mənim babam Məcid bəy Behbudalı, keçmişdə Behbudovlar nəsili belə adlanırmış, qeyri-adi səsə malik imiş, xalq mahnılarını mükəmməl ifa edirmiş və 30 yaşında artıq peşəkar bir müğənni olmuşdur. Bundan əvvəl isə atasına kömək edirmiş: bir qutu ipək yığaraq o vaxt yaşadıqları Şuşa küçələrini gəzir və yerli modapərəstləri mallara baxmağa dəvət edirdi: "Arşin mal alan, arşin mal alan…". Xırdavatçının ifadəli siması gələcək bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq xatirəsinə o qədər həkk olundu ki, sonradan o, bu süjeti "Arşın mal alan" operettasında istifadə etdi…"

— (Rəşidənin "Arqumentı i faktı" qəzetinə intervyusu)

 

Sonralarda "Arşın mal alan" 75-dən çox dilə tərcümə edildi və 76 ölkədə 187 teatrda səhnəyə qoyulub: Gürcüstanın 16 şəhərində, Bolqarıstanın 17 şəhərində, ABŞ-nin 13 ştatında, Polşanın 17 şəhərində (1500 dəfə), Rusiyanın 28 şəhərində, Çinin 8 şəhərində və s. 1919-cu ildə Hacıbəyov qardaşlarının truppası Türkiyənin İstanbul şəhərinə qastrola gəlib. Bu qastrollar o qədər uğurlu alındı ki, Azərbaycan artistləri İstanbulda yerləşən "Şərq" teatrını bir neçə ay icarəyə götürməli olublar. 4 iyul 1925-ci ildə Parisin "Femina" teatrında premyerası baş tutan "Arşın mal alan" operettasının tamaşa edilməsi xüsusilə vurğulamağa dəyər. Müəllifin qardaşı Ceyhun bəy əsəri fransız dilinə tərcümə etmişdir. Rolları Fransa artistləri Derval (Sultan bəy), Monte (Əsgər), Passani (Gülçöhrə), Maqali (Asya) və başqaları ifa etdilər.[64][65] Məşhur Polşa dramaturqu S. Povolotski xatırlayır:

…Mən Əsgrəin ariyasını ilk dəfə möhtəşəm müğənni Rəşid Behbudovun ifasında dinlədim. Sonra mən əsas rolda Rəşid Behbudovun olduğu "Arşin mal alan" filmini izlədim. Film mənə çox təsir etdi və mən onu sevdim. Bir müddət sonra sevilən müğənni bir daha Polşaya qastrol səfərinə gəlir. Hər konsertdə ifa etdiyi "Arşin mal alan"dan Əsgər ariyasını Polşa dilində mən bir daha dinlədim. Növbəti konsertdən sonra Rəşid Behbutova yaxınlaşdım və "Arşın mal alan"ı polyak dilinə tərcümə etmək arzumu onunla bölüşdüm. Müğənni təklifimi bəyəndi…

— (Povolotskinin xatirələrindən)

 

1910-cu ildə yazılan "O, olmasın, bu olsun" operettası bəstəkarın ikinci musiqili komediyasıdır ("Ər və arvad"dan sonra). Onun premyerası 25 aprel (8 may) 1911-ci ildə Bakıda Mayılov qardaşlarının teatrında (indiki M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) baş tutdu. Teatr tamaşasının aktyor heyəti bunlardan ibarət olub : Məşədi İbad – Mirzəağa Əli oğlu Əliyev, Sərvər – Hüseynqulu Məlik oğlu Sarabski, Rüstəm bəyin qızı Gülnaz – Əhməd Bəşir oğlu Ağdamski, Həsən bəy – Məmməd Hənəfi Həsən oğlu Terequlov. Teatr tamaşasının dirijoru komediyanın müəllifi özü olub. Bu komediyanın bir neçə səhnə redaksiyası olub, o, bir çox dillərə tərcümə edilib və Cənubi Qafqaz, Türkiyə, Bolqarıstan, Yəmən və s. ölkələrin şəhərlərində uğurla səhnəyə qoyulub.

 

Komediyanın librettosu ilk dəfə 1912-ci ildə Bakı şəhərində, Orucov Qardaşları Mətbəə Nəşriyyatında çap olunub. Əvvəlcə o, üç pərdəli olub, 1915-ci ildə hamam səhnəsi yazıldıqdan sonra isə dörd pərdəli musiqili komediyasına çevrilib. Musiqi üçün Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisindən və muğamdan, mətn üçün isə Füzulinin qəzəllərindən istifadə edib. Komediyanın baş qəhramanı əlli yaşlı Məşədi İbad adlı tacirdir, hansına ki kasıblamış Rüstəm bəy Gülnaz adlı öz on beş yaşlı qızını ərə verib. Ancaq komediyanın sonlarına yaxın Gülnazın aşiq olduğu Sərvər adlı tələbə Məşədi İbadı aldatmağı bacarır və nəticədə o, "o olmasın, bu olsun" deyərək Gülnazla deyil, qulluqçu Sənəmlə evlənir.

"O olmasın, bu olsun" komediyası inqilabdan əvvəlki Azərbaycan teatr sənətində ən cəsarətli və prinsipial əsərlərdən biri hesab olunur, hansındaki Hacıbəyov XIX sonu — XX əsrin əvvəli Azərbaycan həqiqətlərindəki ictimai və məişət ziddiyyətlərini göstərməyi bacarıb. Ancaq Metyu O'Braynın qeyd etdiyi kimi, Üzeyir Hacıbəyovun bu komediyasının mərkəzində qadın hüquqlarının dəstəyi dayanıb. Bu komediya 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən ekranlaşdırılıb. "O olmasın, bu olsun" filmi də tamaşaçıların rəğbətini qazanıb.

 

Filmoqrafiya

1. Üzeyir ömrü

2. Cavid ömrü

3. Bir arşın malçı əhvalatı

4. Bülbül və Asəf

 

Mükafatları

1. "SSRİ xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

4. "Stalin" mükafatı (2-ci dərəcə) — 1941 ("Koroğlu" operasına görə)

5. "Lenin" ordeni

6. "Qırmızı əmək bayrağı" ordeni

 

1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyovun vəziyyəti ağırlaşıb və səhv təyin olunan müalicə səbəbindən daha da mürəkkəbləşib. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başlayıb, daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürülüb. 1948-ci il noyabrın 23-də, gecə saat 2 radələrində bəstəkar Bakıda, "Monolit" binasının dördüncü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat edib. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

20.

UŞAQ KİTABXANALARINA DİQQƏT ARTIR

 

Təbii ki, qarşıya qoyulan məqsədlərin reallaşması üçün uşaq kitabxanalarının üzərinə böyük məsuliyyət düşür.

Uşaq kitabxanalarının işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən, internetdən istifadə oxucuların son informasiya ilə məlumatlandırılmasına xidmət edir. Azərbaycan Respublikasında müxtəlif tipli kitabxanaların daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə kütləvi, elmi-texniki, uşaq, gənclər, tədris və musiqi məktəblərinin kitabxanaları, eləcə də müxtəlif dövlət qurumlarının tabeliyində olan kitabxanalar daxildir. Çünki kitabxana vətəndaşların informasiya tələbatını ödəmək üçün dünya biliklərinə açılan pəncərə, fasiləsiz təhsilin inkişafında imkanlı zəmin yaradan, mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsillərdən-nəsillərə çatdıran bir elm müəssisəsidir. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir.

Ümumiyyətlə, kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır. İnformasiyalaşdırılmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin nəticəsidir. Cəmiyyətin bütün inkişaf istiqamətlərini insan təfəkkürü formalaşdırmaqla yanaşı təkmilləşdirir. Mütaliə isə insan təfəkkürünü zənginləşdirir, düşünmə qabiliyyətini artırır. Yəni kompüter texnologiyalarının tətbiqi, ənənəvi informasiya mənbələrin elektron daşıyıcılara köçürülməsi, CD-ROM texnologiyaların tətbiqi, informasiyanın təqdim etmək imkanları və bir sıra başqa işlərin həyata keçirilməsi üçün səy göstərərək uğurlar əldə edilir.

Günümüzdə əgər 6-7 yaşlı bir uşaq Uşaq kitabxanasına gedib kitabxanaçıya hansısa bir mövzuda kitab sifariş verirsə, bu artıq özlüyündə nikbinliyə tam əsas verən bir haldır.

Növbəti: 21. Qabaqcıl təcrübə

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

 

    

Aysel Kərim,

Gənclər mükafatçısı, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi tarix 1995-ci ildən ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.

 

Tariximizin səssiz səhifələrinə ahəng gətirən o dahi şəxsiyyətin - Üzeyir Hacıbəylinin bu gün 140 illik yubileyidir. 140 il – zamanla səsləşən ömür.  Hər gün təzə səslənən bir ad. Bəstəkarlar ittifaqı bu səsin qoruyucusudur, rəngi dəyişməyən bayraq kimi daima ucalarda dalğalanmasına çalışır.

Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində opera, operetta, balet janrının bünövrəsini yaratmağa nail oldu. Gənc milli kadrlar hazırlamaq üçün musiqi məktəblərini, musiqi texnikumunu, Azərbaycan Dövlət Konservatoriyasını ərsəyə gətirdi. Bütün musiqi kollektivlərinin - Xalq çalğı alətləri notlu orkestrini, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs ansamblını, sazçı qızlar dəstəsini təşkil etdi. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyaraq, çox sayda bəstəkar və musiqişünaslar nəsli yetirdi. Tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Cövdət Hacıyev, Niyazi, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Soltan Hacıbəyov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Xanlar Məlikov, Məmməd Cavadov, Məmməd Saleh İsmayılov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Fatma Səmədova, Fatma Zeynalova, Əminə Eldarova və digərləri görkəmli bəstəkar və musiqişünas oldular. 

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli müxtəlif tarixlərdə Azərbaycanın Əməkdar incəsənət xadimi (1935), SSRİ Xalq artisti (1938) adına və başqa mükafatlara, təltiflərə layiq görülüb. Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) kimi mühüm vəzifələri ləyaqətlə daşıyıb. Üzeyir Hacıbəyli 300-dən çox xalq mahnısını nota köçürüb. Yaradıcılığında marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərinə rast gəlirik. Adını daim qürurla andığımız o dahi insan sadəcə musiqi bəstələməklə kifayətlənməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəsillərə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin parlaq bir bəhrəsidir   və  bu gün də ali mənbə kimi istifadə edilməkdədir.

Əlamətdar bir məqam xüsusi vurğulanmalıdır ki, Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi keçirilməsinin təməli Ümummilli Liderimiz, mədəniyyətimizin böyük himayədarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Daha sonra - dahi bəstəkarın 110 illik yubileyində isə bunu rəsmiləşdirib. Əbədiyaşar liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyli barəsində deyib: "Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycan peşəkar musiqisinin əsasını böyük Üzeyir Hacıbəyli qoyub".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə dahi Üzeyir Hacıbəyli bəstəkar barəsində söz açarkən: "Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərindən biridir” deyə vurğulayıb.Dövlətimizin başçısı cənab İlham Əliyev Üzeyir bəy irsinə, onun milli və bəşəri miqyasına, böyük önəminə daima ali münasibət nümayiş etdirib. Dahi bəstəkarın adının, irsinin yaşadılması, layiqincə uca tutulması ilə bağlı məsələlər hər zaman onun yüksək diqqətində olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunub. Bugünədək keçirilən festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" Fəxri Medalı ilə təltif edilməsi də son dərəcə önəmli bir hadisə olaraq diqqət çəkir. Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir peşəkar musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim edib.

"Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirrlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir" deyə hörmətli Mehriban xanım Əliyeva bu barədə bildirib. Nəzərə çatdıraq ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi münasibətilə birinci Muğam Müsabiqəsi keçirildi. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan "Üzeyir dünyası" layihəsi işıq üzü gördü. Həmin nəşrə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

Bundan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva layiq görüldüyü "Üzeyir Hacıbəyli" Fəxri Medalı münasibətilə Bəstəkarlar İttifaqının sədri Firəngiz  Əlizadəyə ünvanladığı təşəkkür məktubunda bildirir:

"Fəaliyyətində milli musiqi irsimizin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması və yeniləşdirilməsi prinsiplərini əsas götürən Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması, elmi cəhətdən öyrənilməsi, gələcək nəsillərə çatdırılması və dünyada təbliğində xüsusi rol oynayır.

Bu baxımdan İttifaq tərəfindən "Üzeyir Hacıbəyli" Fəxri Medalının təsis edilməsini yüksək qiymətləndirir, medalın ilk nüsxəsinin mənə təqdim edilməsi qərarına görə Sizə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".

Məlumdur ki, 1995-ci ildən etibarən hər il 18 sentyabrda mədəniyyət ocaqlarımızda, o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqında yüksək səviyyədə tədbirlər keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinə diqqətlə nəzər yetirsək görərik ki, İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyilə Milli Musiqi Günü ərəfəsində hər zaman xüsusi hazırlıqlar görülüb. Firəngiz xanımın nitqində, haqlı olaraq: "Mən xoşbəxtəm, ona görə ki, sənət yolunda Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç nəvəsiyəm" kimi bir fikrə rast gəlirik.

İttifaqın bu yöndəki fəaliyyətindən söhbət açarkən onun rəhbərliyi ilə təşkil olunan bir çox önəmli layihələrin, elmi-praktik konfransların, festivalların şahidi olmuşuq. Həmin tədbirlərdə Üzeyir bəyin öz əsərləri ilə yanaşı ona həsr olunan əsərlər də yer alıb. Elmi konfranslarda hər dəfə dahi bəstəkarın barəsində yeni-yeni faktlar ortaya qoyulub.Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarından elmi məqalələr" kitabının adını da vurğulaya bilərik. Bu silsilə tədbirlərdə daim musiqi xadimləri ilə yanaşı gənc musiqiçilərə də yer verilib.

İttifaqın Üzeyir Hacıbəyli adına Konsert Salonunda bu illər ərzində dahi bəstəkarın yaradıcılığına həsr olunan konfranslarda Azərbaycan musiqi tarixi silsiləsindən romans-qəzəl janrına həsr olunan tədbirlər də keçirilib. Firəngiz Əlizadənin mövzuya dair çıxışında olduqca maraqlı və dəyərli fikirlər yer alıb: "Azərbaycan , musiqi tarixində muğam, simfonik muğam, caz-muğam və romans-qəzəl kimi janrların vətənidir. Ədəbi qəzəl Şərq ədəbiyyatının ən geniş yayılmış janrıdır. Lakin musiqili qəzəlin ilk nümunəsini dünyaya məhz Üzeyir Hacıbəyli bəxş edib. Ədəbi qəzəl kimi, musiqili qəzəl də mürəkkəb lad və ritm qanunlarına söykənir. Təəssüf ki, son vaxtlar romans-qəzəl janrına nadir hallarda müraciət edirlər. Romans-qəzəl janrı 1940-cı ildə Üzeyir Hacıbəyli yaradıcılığının bəhrəsi olub. Dahi bəstəkar XII əsr Azərbaycan klassik poeziyasının dühası, mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar onun "Sənsiz" (1941) və "Sevgili canan" qəzəlləri əsasında eyniadlı iki romans yazıb. Həmin əsərlər musiqi üslubu baxımından orijinallığı və milli koloriti ilə seçilir. Sonralar Azərbaycanın bir çox bəstəkarları həmin janra müraciət ediblər".

Firəngiz xanım Əlizadənin redaksiyası altında ilk dəfə "Əsli və Kərəm" operasının partiturası işıq üzü görüb. O, "Əsli və Kərəm" operasının partiturasının ilk nəşrini Üzeyir Hacıbəylinin 125 illik yubileyinə böyük töhfə kimi dəyərləndirib və kitabın redaktoru kimi qələmə aldığı yazıda bu fikirlərə yer verib:

"Təqdim etdiyimiz partitura Üzeyir Hacıbəylinin məşhur "Əsli və Kərəm" operasının ilk nəşridir. Əsərin xalq arasında böyük uğur və əsl tamaşaçı sevgisi qazanmasına baxmayaraq, onun nə klaviri, nə də partiturası bu günə qədər çap olunmamış, yalnız ayrı-ayrı parçaları müxtəlif vaxtlarda işıq üzü görmüşdür. Nəhayət, Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən "Üzeyir dünyası" layihəsi çərçivəsində musiqi tariximizin önəmli səhifəsinə çevrilmiş "Əsli və Kərəm" operasının da nəşri üçün gözəl bir imkan yarandı.

“Əsli və Kərəm" Üzeyir bəyi klassik opera zirvəsinə - "Koroğlu"ya aparan yolda çox vacib bir mərhələni təşkil etdi. Əgər "Leyli və Məcnun" əsasən zəngin şifahi milli musiqi irsinin dahiyanə səhnə inikası idisə, "Əsli və Kərəm" də artıq bəstəkar təxəyyülünün məhsulu olan yazılı musiqi səhifələri üstünlük təşkil edirdi. Beləliklə, məhz bu əsərlə Üzeyir Hacıbəylinin opera yaradıcılığında şifahi, yəni muğam improvizələri ilə yazılı bəstəkar musiqisi arasında yeni nisbət yarandı və "Əsli və Kərəm" bəstəkarın opera yolunun təkamülündə zəruri halqaya çevrildi.

Yarandığı 1912-ci ildən etibarən, müxtəlif redaktə (özü də bu redaktələr əsasən orkestr fraqmentlərinə aid olub) və quruluşlarda səhnəyə qoyulmuş bir operanın yeganə düzgün və müəllif qayəsinə uyğun variantını ərsəyə gətirməyin üzərimizə necə böyük bir məsuliyyət qoyması, zənnimcə, heç kimdə şübhə doğurmaz. Operanı nəşrə hazırlayarkən rastlaşdığımız ən başlıca çətinlik - qarşımızda əsərin musiqi materialının vahid küll halında olmaması idi. Müxtəlif mənbələrdən əldə edilən orkestr fraqmentlərini, xor partiyalarını, muğam parçalarını bir araya gətirib, libretto əsasında operanı həqiqətən yenidən yığmaq lazım gəldi. "Üzeyir dünyası" layihəsinin beynəlxalq miqyasını nəzərə alaraq, əsas məqsədimiz "Əsli və Kərəm"in partiturasını bütün dünyada qəbul olunmuş akademik nəşrlər səviyyəsində hazırlamaq idi. Bunun üçün isə operadakı musiqi materialının, o cümlədən, muğam şöbələrinin dəqiq göstərilməsi tələb olunurdu. Bu işdə operanın uzun tarixə malik ifaçılıq təcrübəsi köməyimizə gəldi.

Bəzi məqamlarda yaranmış mübahisə və çətinliklər işimizə mane ola bilmədi və indi "Əsli və Kərəm" operasının ilk tarixi nəşri qarşınızdadır. Şübhəsiz ki, Azərbaycanın musiqi ictimaiyyətini bu münasibətlə təbrik etmək olar.

Dahi Üzeyir bəyin ölməz irsi və ruhu qarşısında bir müqəddəs borcumuzu da beləcə yerinə yetirdik".

Bilirik ki, Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olub. Ondan sonra Səid Rüstəmov, ardınca Qara Qarayev, daha sonra Tofiq Quliyev quruma sədrlik edib. Hazırkı sədr isə Firəngiz xanım Əlizadədir. Firəngiz xanım özündən öncəki ənənələri qoruyaraq inkişaf etdirməkdədir. İttifaqda dahi bəstəkarın abidəsinin olması, portretinin asılması və qurumun Konsert Salonunun Üzeyir Hacıbəylinin adını daşıması xüsusilə əlamətdardır.

***

İnsanın ucalığı dərin zəkası, əməli, mənəvi dünyası ilə ölçülər. Yüksək amallarla yaşamaq, xalqa ürəkdən xidmət etmək, şəxsi mənafeyini önə çəkməmək hər insana nəsib ola biləcək cəhətlər deyil. Uca Tanrı və taleyi Üzeyir bəyə mənalı, ləyaqətli ömür qismət etmişdi. Fiziki mövcudluğu tamamlansa belə ruhən bizimlə olduğunu silinməz izlərindən duyuruq. İnanırıq ki, əsrlər keçsə də yaddaşlarda, qəlblərdə yaşayacaq. Belə şəxsiyyətlər dünyaya nadir hallarda  bəxş olunur. Onun kimi dahinin azərbaycanlı olması bizim üçün ilahi bir hədiyyədir. Azərbaycan mədəniyyətinə misilsiz xidmət edən Üzeyir Hacıbəyli, əlbəttə ki, təkcə doğulduğu və əbədiyyətə qovuşduğu gün yox, daima xatırlanmalı, ehtiramla anılmalıdır. Həmçinin məzarı yalnız xüsusi günlərdə deyil ilin müxtəlif zamanında ziyarət olunmalıdır.

Sözsüz ki, vəfa borcumuz sadəcə bununla tamamlana bilməz. Öhdəmizdə hələ saysız-hesabsız görüləcək işlər var. Onun həyat və yaradıcılığı barəsində bir neçə məqalə müəllifi olsam da, bilirəm ki, bunlar o böyüklüyün önündə cüzi işlərdir. Üzeyir Hacıbəyli ənənələrinin davamçısı kimi onun sənət irsinə  sadiq qalacağıma dair söz verib, and içirəm, parlaq ruhu qarşısında dərin ehtiramla baş əyirəm!

Musiqi insan qəlbini fəth edən, daxili aləmə təsir göstərən ecaskar gücdür. Dünyadakı millətlər fərqli dildə danışsa da musiqi insanları bir yerə toplamağı bacaran universal dildir. Duyğuları fərqli üsulla çatdıran hiss xəzinəsi, hiss dəryasıdır. Ən əsası böyük mədəniyyətdir. Biz azərbaycanlıları bu mədəniyyətə qovuşduran dahinin ruhu şad olsun! Üzeyir Hacıbəyli sayəsində doğulan peşəkar Musiqi-bəstəkarlıq sənətin əbədi yaşasın və bu gözəl bayramın mübarək olsun, Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

 

 

 

Cümə axşamı, 18 Sentyabr 2025 08:03

Eyni gündə doğulan iki dahidən biri

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün iki görkəmli şəxsiyyət - Azərbaycanı bəstəkarları Müslüm Maqomayev və Üzeyir Hacıbəyovun doğum günüdür. Onlar həmçinin dost olublar. İndi isə ayrı ayrılıqda onların həyat və yaradıcılığı ilə yaxından tanış olaq. Öncə nisbətən qısa Müslim Maqomayev, sonra isə daha geniş Üzeyir Hacıbəyov.

 

Müslüm Maqomayev əslən Qax rayonunun İlisu kəndindəndir. Atası Məhəmməd gənc yaşlarında İlisu kəndində dəmirçilik edib və sonralar Vladiqafqaz şəhərinə köçüb. Müslüm 18 sentyabr 1885-ci ildə  Qroznıda anadan olub.

1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olub. Elə buradan da onun Üzeyir Hacıbəyov ilə dostluğu başlayıb. Seminariyada təhsil aldığı müddətdə Müslüm Maqomayev skripka və qaboyda əla çalıb. Seminariyada çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilib. Simfonik orkestrin baş ifaçısı olan Müslüm Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edib

Maqomayev 1904-cü ildə seminariyanı uğurla bitirdiyinə görə skripka və pul mükafatı  alıb. Seminariyanı bitirdikdən sonra təyinatı üzrə Şimali Qafqaza işə göndərilib. 1904–1905-ci illərdə Bekoviçi aulunda məktəb müdiri və nəğmə müəllimi vəzifəsində çalışıb, şagird xoru təşkil edib. 1911-ci ildə Maqomayev Bakı şəhərinə köçüb və burada şəhər kollecində işə başlayıb. Burada müəllimlikdən əlavə, həmçinin yerli işçilərin savadlılığına öyrətdiyi axşam kurslarını təsis edib.

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, eləcə də, "O, olmasın, bu olsun", "Arşın mal alan", musiqili komediyalarına dirijorluq edib. Müslüm Maqomayevin Azərbaycan milli teatrının inkişafı, eləcə də, müəllimlik sahəsindəki pedagoji fəaliyyəti onu Üzeyir Hacıbəyovla daha da yaxınlaşdırıb.

1913-cü ildə Magomayev "Sevgi" və "Şah İsmayıl" operalarını yazmağa başlayıb. 1913–1914-cü illərdə "Məhəbbət" adlı (bitməyən) opera yazıb. O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan "Şah İsmayıl" operasını bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları olub, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb. 1916-cı ildə tamamlanan operanı bəstəkar bir neçə dəfə redaktə edib.

1920-ci ildə Maqomayev Azərbaycan SSR Təhsil İşçilər Birliyinin sədri seçilib. O, 1921-ci ildə Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Sonra Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb. 1929-cu ildə Maqomayev Azərbaycan Radio Komitəsində musiqi şöbəsinin rəhbəri vəzifəsində işləyib və bu vəzifədə 1931-ci ilə qədər qalıb.

O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazmışdır. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib. "Bahar", "Tarla", "Bizim kənd" mahnıları milli koloriti ilə diqqəti cəlb edib. 1932-ci ildə Koroğlu dastanı hekayəsinə əsasən opera yazmağa başlayıb, lakin Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrənib və dostunun daha yaxşı bir opera yazacağını düşünərək, layihələri məhv edib.

Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun "Nərgiz" operası təşkil edib. Bəstəkar opera üzərində 1932–1935-ci illərdə işləyib. "Nərgiz" operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Maqomayev hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq operanın melodik quruluşunda milli musiqi nümunələrinə müraciət etmək və operada çoxsəsli xora üstünlük vermək lazımdır. "Nərgiz" operasının tamamlanması ilə əlaqədar olaraq bəstəkar "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

15 yaxın simfonik əsərlərin, o cümlədən iki opera, marşlar və bir neçə rapsodyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir. Onun bitməmiş əsərlərindən üçü — "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediya. Bundan əlavə, Maqomayev teatr tərtibatına ("Ölülər", "1905-ci ildə") və filmlərə ("Azərbaycan incəsənəti", "Raport veririk") musiqi müşayiətinin müəllifidir.

 

Operalar

- "Şah İsmayıl"

- "Nərgiz"

 

Musiqili komediya

- "Xoruz bəy (operetta)"- 4 pərdəli satirik musiqili komediya

 

Balet

- "Dəli Muxtar (opera)" — 4 pərdəli balet. 1936-cı ildə başlanılıb, bitirilməyib

 

İnstrumental

1. Simfonik əsərləri — Azərbaycanda ilk dəfə

2. "Ceyran" rapsodiyası

3. "Azərbaycan çöllərində"

4. "Azad olunmuş Azərbaycan qadınının rəqsi"

5. "Dərviş"

6. "Marş RV-8"

7. "Şəlalə"

 

Mahnılar

- "Yaz"

- "Neft"

- "May"

- "Tarla"

- "Gözəlim"

- "Durna"

 

Filmoqrafiya

1. Azərbaycan incəsənəti

2. Bəstəkar Müslüm Maqomayev

3. Doğma xalqıma

4. İlisu

5. Lökbatan

6. Müslüm Maqomayev

7. Üzeyir ömrü

 

Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il, iyulun 28-də Nalçikdə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

Mükafatları və xatirəsi

Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə və "Nərgiz" operasını yaratdığına görə 13 yanvar 1936-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1937-ci il avqust ayının 11-də Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edilib ki, Müslüm Maqomayevin adını əbədiləşdirmək üçün Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin. Azərbaycan Dövlət Akademik Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır. 1976-cı ildə "Azərbaycanfilm" Kinostudiyasında Bəstəkar Müslüm Maqomayev adlı qısametrajlı sənədli film istehsal olunub. Bakıda İçərişəhərin küçələrindən biri onun adını daşıyır. Bakıda bəstəkarın yaşadığı Nizami küçəsində yerləşən 41 nömrəli evin divarında xatirə lövhəsi asılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Universal – yəni bir neçə müxtəlif sahə üzrə vəzifə daşıyan, hamısında da məhsuldar fəaliyyət göstərən şəxslər çox olmur. Belələrinin biri də Azərbaycan SSR əməkdar incəsənət xadimi Məbud İsmayılzadə olubdur.

 

Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. İlk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub.

 

1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz İsmayılzadə olub. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanıb.

1972–1973-cü illərdə o, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.

1973-cü ildən 1981-ci ilə qədər Lənkəranda Dövlət Dram Teatrının direktoru və baş rejissoru vəzifələrində çalışıb. İsmayılzadənin Lənkəran Dövlət Dram Teatrına rəhbərliyi dövründə kollektiv bir çox uğurlara imza atıb, respublikanın qabaqcıl teatrlarından birinə çevrilib. Lənkəran Dövlət Dram Teatrındakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edilib. Uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi bir-birindən uğurlu işlərə imza atıb.

Gördüyü bu uğurlu işlərə görə M. İsmayılzadə dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.

 

"Qurluş verdiyi tamaşalar"

Lənkəran Dövlət Dram Teatrı

- "Bayramın birinci günü" (Nazim Hikmət)

- "Komediyalar"

- "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev)

- "Abidə" (Hüseyn Nəcəfov)

- "Əliqulu evlənir"(Sabit Rəhman)

Şuşa Dövlət Musiqili Dram Teatrı

- "Bayramın birinci günü" (Nazim Hikmət)

 

Mükafatları

- Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub

 

Filmoqrafiya

- Xalq istedadları

 

Məbud İsmayılzadə 2004-cü il sentyabrın 17-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Çox adama əl tutub, necə deyərlər, dar günündə kömək edib. Xeyirxah, alicənab, nəcib insandır. Sağlam həyat tərzi keçirməyi xoşlayır, səliqə-səhmana, nizam-intizama ciddi yanaşır. İti zəkalı, dərin təfəkkürlü, çox səbirli birisidir. Müdriklərə xas olan keyfiyyətləri yetərincədir. Analitik düşüncə tərzi, hadisələri düzgün dəyərləndirmək bacarığı  və ən başlıcası dövlətə, dövlətçiliyə sədaqəti onu daha əzəmətli göstərir. Ünsiyyətdə mehriban, şən və yumor hissinə malik adamdır...

 

1950-ci ildə Astarada dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq, mühəndis, hüquqşünas ixtisaslarına yiyələnib.

Əmək fəaliyyətinə Kuybişev şəhərində tornaçı kimi başlayıb. Sonra üç il sovet ordusu sıralarında zabit kimi xidmət edib. 1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində işə düzələnədək Leytenant Şimidt adına Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə çalışıb.  1975-1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978-1992-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifələrində çalışıb. Hazırda təqaüddə olan general-polkovnikdir…

 

Heç bir nailiyyət əziyyətsiz başa gəlmir. Əzmkarlıq, iradə, zəhmət və Allahın uğuru qazanılan hər bir nailiyyətin məğzini təşkil edir. Min bir əziyyətə qatlaşaraq, addım-addım zirvəyə yetişib. Adi fəhləlikdən ali zabit rütbəsinədək yüksəlib. Daha doğrusu, leytenant, baş leytenent, kapitan, mayor, podpolkovnik, polkovnik və s. rütbələr onu zirvəyə qaldıran uğur pillələri olub. Bu gün o təqaüddə olsa da, Azərbaycan dövlətinin ən yüksək çinli zabitlərindən biri sayılır. Adı Azərbaycan tarixində öz əksini tapmış soydaşlarımızdandır...

 

Bəli, sizə Vaqif Əlibala oğlu Axundov haqqında danışırdım. Sentyabrın 16-sı onun doğum günüydü, 75 yaşı tamam oludu. Ona möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Sən, ey zərif qızıl telli, iffətli qadın. Sən, ey ustadının sənətkarlığı ilə qarşında aciz qaldığı məğrur qadın. Sən ey daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənəti. Mahiyyətin necə dərin və məzmunlu, əzəmətin necə də əsrarəngiz və ecazkardır.

 

Sən əsrlər əvvəl hamarlaşıb daşlara gömülmüş, bənzərsiz naxışlarla ehtiva olunmuş Atabəy yadigarı Möminə xatınsan artıq. Sən gözləri oxşadığın kimi könüllərə də sevinc və firavanlıq gətirirsən. Ziyarətinə gələnlərə məsudluq və məmnunluq bəxş edirsən. Əzəmətli görünüşünlə səni seyrə dalanların qəlbinə  sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə abidə deyil, həm də dövrün alimlərinin riyazi biliklərini əks etdirən qiymətli sənət əsərisən. Sən bizə öyrətdin sənətkarın alim, alimin isə eyni səviyyədə sənətkar olduğunu. Elmlə sənət arasında körpü sənsən, Möminə ana. Sənsən Nizaminin Fərhadına Evklid həndəsəsinin sirlərini açan alim, daşlarla çin nəqşi çəkən zərif duyğulu memar.

Nə zaman ki bu əsrarəngiz seyrəngaha üz tuturam, ovsununa düşürəm Möminə ananın. 11 ildən artıq müddətdə kərpic-kərpic ucalan bu şərəf simvolu 800 ildən artıqdır ki, qadın ucalığına xidmət edir. Əlimi uzatsam əlim çatacaq, səsimi ucaltsam ünümün yetəcəyini düşünürəm sanki bu daş heykəlli evin sahibinə. Duyuram ayaq səslərini, duyuram ucalardan uca bu əzəmətli qadının isti nəfəsini. Savaşlarda əzizlərini itirmiş bu qadının baxışlarında ucalıq baş tacı olub. Humanizm timsalına çevrilən bu məqbərə əsrlərdir, öz məğrur duruşuyla gələni-gedəni özünə valeh edib. Qədim Şərqin, əsasən də, Qahirənin və Bağdadın memarlıq nümunəsi bizə nə qədər vahiməli və qorxunc görünsə də, Möminə ananın məqbərəsi bizə bir o qədər zərif və incə görünür. Atabəy Eldənizin arxasındakı ən böyük güc övladlarının məsləhətçisi, sarayda və dövlət idarəçiliyində yüksək məqam sahibi, ən əsası isə qadın sultan hesab edilən Möminə xatın məqbərəsinin qarşısında dil susur, ürək danışır, ürək susur, göz danışır. Ayaq sözə baxmır, bir güc nədənsə bizi sürükləyir bu tarix qoxan məkana.

Möminə ana! Sən bilirsən, zaman-zaman üzünə qalxan yağı əllərin sanki xilqətindən yaranmış zinət qarşısında kəsilərək torpağa düşdüyünü. Sən bilirsən, səni qoruyanın əliaçıqlığın, mehribanlığın və xeyirxahlığının olduğunu. Möminə ana, alqış sənə ki qüdrətin və zərifliyin qarşısında düşməni ovsunlayaraq özünü qorumusan. Möminə ana, alqış sənə ki qadının qul kimi rəftar olunduğu dövrdə Atabəyin şəninə tayı-bərabəri olmayan məqbərə ucaltdı. Möminə ana, alqış sənə ki dünyaya Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan kimi igid sərkərdə bəxş etdin. Möminə Ana! Alqış memarın Əcəmi Əbubəkr oğluna ki səni əlçatmaz, ünyetməz göylərə dayaq edərək bu gözəl günlərə çatdırıb. Etdiyin bütün xeyirxahlıqların nəticəsidir ki, bu gün uğurlu taleyinlə fəxr edir, ucaldıqca ucalırsan. Sən artıq qədirbilən xalqın qayğılı əllərində isti ocaq, həzin musiqi, milli kimlik, milli qürur, and yeri, şərəf simvolusan.

    Şərəf simvolu

Bu əzəmətli abidənin, qadına verilən sultan və ər dəyərinin, bu ülvi sənətin önündə insan istər-istəməz baş əyir. İllərin bu əvəzsiz yadigarına insan qəlbən nəvaziş dolu səcdələr bəxş edir. Duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyası ilə vəhdət təşkil edir. Məğrurluğunla həmahəng olan bu harmoniya, bəlkə də, illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Daşa dönmüş, heykəlləşmiş, lallaşmış, firuzəyi kaşıya tutulmuş səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, sən musiqidən də ehtişamlısan, Möminə xatın. Duruşunla, baxışınla, təvazökarlığınla. Axı musiqi bir an da olsa, susur, uyuyur, itir, batır, paslanır. Sənsə əsrlərin əbədi sükutuna dalsan da, Günəş ziyasından qidalanıb gözəlləşdikcə, Ayı seyr etdikcə gecə və gündüzümüzə bərq vurursan. Aylı gecələrdə, günəşli günlərdə ətrafa səpələdiyin bu təvazökarlıq ənginliklərdə közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac  yollarına nur çiləyir. Seyrinə gələnlərə sirli-sehrli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sənə sirrini verənlərə sirdaş oldun. Bəlkə də, bu heyranedici duruşla bütün hüznlərə inam və vəfa ilə tab gətirib, vüqarını az da olsun əyməmisən.

İnsan bu qızıl tarixə dönüb baxdıqca yenidən və yenidən qürur duyur öz keçmişi ilə. Əcəmi Naxçıvaninin sənət sevgisindən yaranmış bu məqbərə artıq dünya memarlıq mədəniyyətinin zərif nümunəsi kimi tanınaraq Azərbaycanın, eləcə də Naxçıvanın ölməz memarlıq məktəbinin unudulmaz sənət əsərinə çevrilib. Naxışlarının ecazkar quruluşu Odlar yurdu mədəniyyətinin yüksək səviyyədə olduğundan xəbər verir. Taxçalarını örtən naxışlar divarlarını həmin yerdə necə də muma döndərib yüngülləşdirərək kütlə və həcmlərin ifadəli uyğunluğunu yaradıb. İlahi, memar sənətə üstünlük verərək ucaltdığı abidədə daşı, torpağı adilikdən, donuqluqdan çıxarıb ona yeni ruh, yeni nəfəs verərək necə də canlı varlığın bir parçasına çevirib.

Ötən hər əsr Möminə xatınla yaşıd olan karvansarayları, məscid və minarələri, darvaza və müxtəlif tikililəri səmum küləkləri ilə uçurub, qoparıb, silib aparsa da, incə, zərif və gözoxşayan naxışlarla bəzədilmiş Möminə xatın  məqbərəsi tarixin bütün üzünə qarşı çıxaraq günümüzədək ayaqda durmağı bacarıb. Dünən də, bu gün də, sabah da yolu Naxçıvandan düşən və düşəcək hər bir qonaq, onu dəfələrlə görən yerli sakin də məqbərə önündə ayaq saxlayıb dayanır, ölməz sənətkarın duyğu və hisslərinin timsalına çevrilmiş abidənin naxış və ehtişamına qürur və heyranlıqla baxır. Keçmişə sevgi və ehtiramla yanaşdığımızda görürük ki, memorial abidələrin daxili və xarici bəzəyində hüzn rəmzi olan mavi-firuzəyi rəng üstünlük təşkil edib. Bu rəng Möminə xatın abidəsində də özünü qabarıq şəkildə göstərib. O bizə əzəmətli sultanlardan qalan zərif əmanətdir. Gəlin qoymayaq heç bir naşı əl onun hüsnünü korlasın.  Heç bir yad göz ona kəm baxsın. Qoy o daim bizim səmtimiz, yönümüz olsun.

    Atabəy yadigarı

Çox güclü xarakterə və qərarlı kimliyə sahib olan Möminə xatın həyat yoldaşı Eldənizin həm siyasi, həm mənəvi dəstəkçisi, eyni zamanda ən yaxın məsləhətçisi idi. Atabəyin Azərbaycan hakimiyyəti illərində etdiyi bəzi siyasi yanlışlıqları Möminə xatının özünün diplomatik səyləri ilə yoluna qoyduğunu hər zaman qürurla xatırlayırıq. Bu səhvlər arasında ən mühümü Eldənizin Aran Atabəyi Xasbəyin öldürülməsi zamanı sultan Məhəmmədə qarşı üsyankar fəaliyyəti idi. Məhz Möminə xatının səyləri sayəsində Atabəyin sultan Məhəmmədlə barışığı tarixin saralmış səhifələrində arxivləşərək günümüzə qədər gəlib çatıb. Eldənizin sultana yazdığı məktubun üslubunda da həyat yoldaşının diplomatik dəst-xəti aydın hiss edilirdi. Atabəy bütün ömrü boyu məsləhətçisinə çevrilən Möminə xatının məsləhətlərini qulaqardı etmir, saray münaqişələrinə qarışmır, bir-birləri ilə ədavət aparan əmirlərin tərəfini saxlamırdı. Şərəf simvolu bu qadın həyatını sarayda keçirməyərək bir çox hərbi səfərlərdə iştirak edib.  At minməkdə, qılınc çalmaqda kifayət qədər mahir olan bu qadının ömür yoluna tarix özü şahidlik edib. Tarix onu yüksək dəyər sahibi olaraq təqdim edib. Oxuyub mütaliə etdiyimiz kitablar bizə bu qadının güclü diplomatik bacarığa sahib olduğunu, siyasi hadisələrə istiqamət verdiyini, siyasi ixtilafları, xüsusilə də əri ilə sultan olan oğlu arasında intriqalara vasitəçi kimi anında müdaxilə etdiyini deməyə imkan verir. Bununla belə o heç zaman hadisələrin mərkəzində olmağa can atmayıb. Möminə xatının ən böyük missiyası isə xeyriyyəçilik fəaliyyəti idi. O, çox sayda mədrəsə, ibadətgah, bina inşa etdirərək xalqın və alimlərin xidmətinə verib. Möminə xatının qadın sultan kimi başqa bir xüsusiyyəti isə hərbi səfərlər ərəfəsində bütün hazırlıqlara şəxsən nəzarət etməsi idi. Ordunun keçdiyi yolda qərargahların qurulmasına, döyüş sursatlarının çatdırılması, çadırların qurulması, ərzağın təşkil edilməsi ilə bilavasitə özü maraqlanırdı. O, vaxtının çoxunu Naxçıvanda, bəzən isə Həmədan və Təbrizdə keçirib. Naxçıvanda xatirəsinə ucaldılan Möminə xatın məqbərəsinin tikintisi Atabəy Eldənizin vəfatından sonra oğlu Cahan Pəhləvan tərəfindən davam etdirilib. Bu məqbərə Səlcuqlu dövrünün ən gözəl memarlıq abidəsi sayılır.

    Möminə xatın

Ey sərvboylu Möminə xatın, bu torpaqda ürək döyüntülərin hələ də eşidilir. Bu döyüntülər sevincindən, iffətindən, eşqindənmi söz açır? Amma əminəm ki, sənin əsrlərə sinə gərən köksün əsrlər ötdükcə sənətkarın Əcəminin, vəfalı yoldaşın Atabəyin, sevgili oğlun Cahan Pəhləvanın adına əbədi şöhrət çələngi hörür. Bu çələngin hər bir kərpici təkcə qədim Naxçıvanın deyil, qoca Şərqin gözəllik duyumundan söz açır, sevgisini, eşqini dünyaya tərənnüm edir. Möhtəşəm abidənə həkk olunan bu məhəbbət təəssüratı boşuna deyil. Azərbaycan qadınının, el anasının xatirəsini əbədiləşdirmək naminə, pak məhəbbət naminə ucaldılıb bu zərif abidə. Bu ucalıqdan baxdıqda Leylinin eşqinin, Şirinin sələfinin fövqündə duran Möminə ana görünür. Necə görünməyə bilərdi? O, eşq ilə yoğrulub eşq ilə yaşamışdı. Bəlkə də, türbənin üzərindəki küfi xətt qatarları, ümumi məhzunluq halının, nakam eşqin nisgilinin qəm karvanı məhz Əcəmi sənətinin qanadında pərvazlanaraq bütün Şərq aləminə sirayət edib. Zaman ötdükcə kədər deyil, sevinc, nəşə və iftixar mərkəzinə çevrilmiş bu əzəmətli türbə artıq neçə-neçə nəsillərin zövqünü əks etdirən canlı heykələ dönüb. Bu heykəl Əcəmi dühasından, Atabəy yadigarından gətirdiyi xoş müjdələri gələcək nəsillər üçün əbədi ərməğana çevirəcək, hələ bir çox nəsilləri özünə heyran qoyacaq.

Vaxtilə bu seyrəngaha üz tutub hüznlü baxışlarla türbəni ziyarət edənlərin, matəm saxlayan əcdadlarımızın nəvələri bu gün bu seyrəngahda toy-bayram quraraq Novruzu qarşılayır. Bahar artıq sənin ətəyində qurulan toy-büsatla gəlir Naxçıvana. Ağaclar şəninə çiçək açır, uşaqlar dizin-dizin qoynunda ayaq açır, sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır. Bayramda alınan güllər sənin xeyir-duanla sevənlərə hədiyyə edilir. Sən bəyənirsən deyə, o güllərin ətri bütün evləri bürüyür, iyi mavi səmanda qanad açıb zərif kəlağayı kimi başına qonur. Sən, ey məğrur qadın, sən, ey Atabəy yadigarı, qadın ucalığı, şərəf simvolu, Möminə xatın, günün mübarək!!!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

Çərşənbə, 17 Sentyabr 2025 17:10

NƏSR SAATI - Ülviyyə Heydərovanın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Nəsr saatı rubrikasında istedadlı dramaturq Ülviyyə Heydərovanın “Külək” adlı hekayəsini diqqətinizə çatdırır. Orijinal və maraqlı hekayədir. Küləyin dilindən nəql edilir.

 

Mən yenə gəldim. İndi camaat üzünü turşudacaq ki, buna bax, ilin- günün bu vaxtında utanmaz-utanmaz özünü əsdirir. Əlimdən beziblər.  Bəzən təkcə adamları yox, elə özümü də incidirəm. Həyatdı da, üzümə xoş baxmayanda, sifətimi bozardıram. Həmişə mülayim ola bilmərəm ki.

Özümçün sağa-sola sülənirəm, hara gəldi baş vururam. Hərdən elə tozanaq qoparıram, gəl görəsən. Qumu camaatın gözünə, başına səpəndə o ki var söyülürəm də. Hələ kişilərin başından papaqlarını qapmağımı, qadınların ətəklərini qaldırmağımı demirəm. Başa düşə bilmirəm də, niyə bəzi kişilərin papağını qaçıranda «vay, namusum əldən getdi» deyirlər? Bəyəm qeyrətlərini papaqlarına yapışdırıblar? Bəs abır-həyalı başıpapaqsızlar neyləsin? Belə məqamda, lap acığa düşürəm. Onların papaqlarını dənizə elə vızıldadıram ki... Heyf deyil qadınlar?! Ətəklərini bir balaca yuxarı qaldıran kimi üzləri gülür, könülləri açılır, hələ ürəklərində mənə “çox sağ ol” da deyirlər. Tellərini rahatca oxşayım deyə, nazlana-nazlana əllərini saçlarında gəzdirirlər. Bax, o zaman özüm də onlara qoşulub, “oxxay” deyirəm. Dünyanın hər dəlmə-deşiyinə girib-çıxan mən bircə qadınların incə barmaqlarında əsir-yesir qalmışam. Axı heç yerdə bu cür əzizlənmirəm. Deyim ki, məndən zəhləsi gedən qadınlar da az deyil. Ətəklərini elə bərk-bərk saxlayırlar ki, amandır, birdən ayaqlarını dünya görər, aləm bir- birinə dəyər. Həmişə üstdən əsirəm, imkan verməzlər ki, bir dəfə də altdan əsim. Amma o kiçik dünyaya yaxın düşə bilmirəm. Bəlkə də belə yaxşıdır. Qoy qadınlar görsün ki, mən də onların qarşısında əriyirəm.  

Eh, bu qadınlar, qadınlar… Çox qəribə məxluqdurlar. Yadımdadır, bir dəfə dəniz kənarında sakitcə dayanmışdım. Gəminin yavaş-yavaş dənizi qucaqladığını gördüm. Sərnişinlərdən iki qadın göyərtədə dama-dama yük çantalarının üstündə əyləşib, haqq-hesab edirdilər. Onlardan biri kağıza diqqətlə baxıb fikrə getdi. Dərhal sağ əlini yaxasına salıb pullarını çıxarmağa başlayanda, o biri qadın dedi:

- Ehtiyatlı ol! Birdən pulların dənizə tökülər.

- İnan ki, özümü onların arxasınca ataram…

Qadının sözü məni tutdu. Necə yəni?! Pulları dənizə düşsə, özünü təhlükəyə atacaq? Axı həyat kağız parçasından qiymətlidir. Dəliliyimə salıb, onu sınamaq istədim. Qadın gəlişimi heç gözləmirdi, barmağını isladıb saydığı pulları qəfil əlindən qapıb, dənizə tulladım. Bilmədim o, əllərini neçə dəfə dizlərinə çırpdı. Bircə onu gördüm ki, pullar dalğaların qoynunda nazlanır. Qağayılar onlara baxıb iştaha gəldilər, suya enib kağızları dimdiklədilər. Bəlkə də, o an qadının ən böyük arzusu qağayı olmaq, pulları dənizdən toplamaq idi. O möcüzə isə baş vermədi. Rəfiqələr çantalarını götürüb kor-peşman kayuta döndülər, mənsə sahilə qayıtdım. O an anladım ki, həyat, doğrudan da, hər şeydən şirindir...

Küçədə veyillənəndə o qədər hadisələrin şahidi oluram ki. Heç bilmirəm, hansını deyim. Dünən axşamüstü şəhərdə idim. Beşinci mərtəbədə başısarıqlı uşaq eyvanda həvəslə nar yeyirdi. Aşağı mərtəbədəki qadın da ağları zivəyə sərirdi. Mələfələri sağ tərəfə yelkən kimi yellətdim. Uşaq narı böləndə çürük çıxdı. Onu eyvandan tullayanda ağları cəld sola üfürdüm. Nar otluğa düşdü. Uşaq elə sevindi ki. O dəqiqə anasını çağırıb hadisəni danışdı. Qəhrəmanlığını təkrarlamaq istəyəndə anası narı onun əlindən aldı, əvəzində kağızdan əl topu düzəldi. Uşaq sevinə-sevinə kağız topasını var gücüylə yerə vızıldatdı. “Top” ağların üstünə düşəndə o, təəssüflə anasına baxıb, burnunu salladı. Elə bildi, onun üçün yenə hoqqa çıxaracağam. Ay hay?! Düzü, ürəyini qırmaq istəməzdim. Sadəcə, günəşin qarşısında özünü əsdirən ağlara heyifim gəldi. 

Uşaqla axşama kimi oynamağa vaxtım yox idi. Yaxınlıqdakı parkda adətim üzrə axşam gəzintisinə çıxmağımın vaxtı idi. Bu dəfə ora hay-küylə deyil, səssizcə gəldim, sükutun xətrinə dəymək istəmədim. Uzaqdan kiminsə hıçqırtısını eşidib o tərəfə cumdum. İki gənc skamyada əyləşmişdi. Oğlan oturacağın bu başında dodağının altında mızıldanırdı, qız isə o biri tərəfdə için-için ağlayırdı. Onun bu halı məni özümdən çıxardı. Qıza kömək etmək istədim. Tozanaq qoparsaydım, ikisi də başlarını götürüb, oradan küsülü ayrılacaqdılar. Onları barışdırmaq üçün ehmalca başlarına dolandım. Bilirdim ki, qız üşüsə, oğlan dözməyib, pencəyini onun çiyninə atacaq. O qədər pençəkləri zərif çiyinlərdə görmüşəm ki. Yanılmadım. Oğlan nəinki pencəyini çıxarıb qızın çiyninə saldı, üstəlik, onu qucaqlayıb öpdü də. Onların umu-küsülərini havaya sovurub özümlə uzaqlara apardım. Bir kəndə çatdım. Ağacları damların üstündə görəndə anladım ki, tufan buraları alt-üst edib, aradan əkilib. Xilasedicilərin işlərini yüngülləşdirmək üçün yeri yerindən oynatdım. Düşündüm ki, ağacları evlərin damından kənara çəkər, qırılmış elektrik məftillərini üzə çıxardaram. Aşmış gövdələri var gücümlə itələyəndə, camaat tufanın acığını üstümə tökdü. Eşitmədiyim “xoş söz” qalmadı! Fikrimdən dönmədim. Ağacları evlərin başından aşırıb, təhlükəli məftilləri kənara çəkəndən sonra özümə fasilə verdim. O an xilasedicilərdən biri: «Şükür, dəlidən canımız qurtardı»,- dedi. Sözlərindən nə əsdim, nə də coşdum. Eləcə yerimdə donub qaldım. Sonra heç kəsin məni duymayacağı yerə üz tutdum.

İndi həmin o ucsuz-bucaqsız düzənlikdəyəm. Düşünürəm ki, niyə insanlar çox vaxt məni istəmirlər? Üstəlik, dəli, mərdimazar adlandırırlar. Niyə qoymurlar ki, onlara heç olmasa bir addım yaxınlaşım? O dəqiqə qapını - pəncərəni üzümə bağlayırlar. Elə hamı məndən üz döndərir, bir xəbər-ətər də tuta bilmirlər. Düzdür, çox şıltaqlıq edirəm. Amma nə olsun? İnsanların ki arasından əsmirəm.

Yerimdə də qala bilmirəm axı. İndi mən neyləyim? Ən yaxşısı, üz tutum şəhərimə… Bakıma.   

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)                                                                                                   

 

 

(İbrahim Yusifoğlunun doğum gününə)

 

Zaur Ustac,

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

Salam olsun çox dəyərli oxucum! 

Bu dəfə söhbətimizin mövzusu yol olacaq. Sözün əsl mənasında “Yollar dünyada çoxdur”(X.Ə). Yol haqqında olan bütün digər mülahizələri bir kənara qoyub, müqəddəs bir məkandan qaynayaraq çağlaya-çağlaya Arpaçaya qovuşan göz yaşı kimi dumduru, saf bir çeşmənin keçdiyi təbii yoldan söhbət açacam sizə. Yuxarıda qeyd etdiyim kimi, yollar da çoxdur, yolların qət olunması qaydası da olduqca müxtəlifdir. Öz həyat yolunu qoltuqda, xurcunda, beldə, sürünə – sürünə gedənlər də var, bu müqəddəs yolu təbii öz axarında dağdan, dərədən, düzdən keçərək keşməkeşli ömür yoluna, dastana çevirənlər də var. Budəfəki söhbətimizin qəhrəmanı Arpaçaydan Xəzərə qədər məhz belə keşməkeşli bir yolu təbii şəkildə öz axarında qət etmiş tanınmış pedaqoq, sevilən şair İbrahim Yusifoğludur. Söhbətimizi şairin ən yeni kitablarından biri olan 2025-ci ildə işıq üzü görmüş “Arpaçaydan Xəzərə” şeirlər toplusundan seçilmiş əsas başlıqlara uyğun qurmağa çalışacağam.

İbrahim Yusifoğlu Azərbaycan ədəbi-bədii düşüncəsinin mühüm simalarından biridir. Onun adı təkcə şair, yazıçı və ya publisist kimi deyil, həm də mənəvi bir məktəbin daşıyıcısı, milli-mədəni yaddaşın qoruyucusu, sözün və qələmin ləyaqətli sahibi, gələcək nəsillərin təlim-tərbiyəsində əməyi olan zəhmətkeş pedaqoq kimi çəkilir. Şairin balacalar üçün şeirlərindən ibarət ölkəmizdə və xaricdə çap olunmuş çoxlu sayda kitabları var. Söhbətimizin mövzusu olmadığına görə bu məsələ üzərində çox dayanmırıq. İbrahim Yusifoğlu yaradıcılığı ilə oxucuya yalnız bədii-estetik həzz bəxş etmir, həm də milli mənsubiyyətin, tarixi köklərin, mənəvi dayaqların unudulmamasına xidmət edir:

 

Dədə Qorqud gəzən Oğuz elimdi,

Uludu torpağı, daşı Şərurun.

Dili Türkün dili-ana dilimdi,

Qədimdən qədimdi yaşı Şərurun.

 

İbrahim Yusifoğlu qələmi ilə xalqına yol göstərən, sözün gücünə inanan ziyalılardandır. Onun əsərlərində sadə insanın taleyi, həyatın keşməkeşləri, vətən torpağına sevgi, milli dəyərlərə bağlılıq əsas xətti təşkil edir. Söz onun üçün yalnız ifadə vasitəsi deyil, həm də mübarizə aləti, milli varlığın qorunması naminə seçilmiş silahdır.

Əsərlərində oxucu quru pafosla deyil, həqiqi hisslərin gücü ilə qarşılaşır. O, poeziyada lirizmi, publisistik yazılarında isə faktı, arqumenti önə çəkərək mövqeyini aydın və qətiyyətlə ifadə edir.

Yusifoğlunun şeirlərində ən çox diqqət çəkən cəhət onun vətənpərvərliyi, milli duyğulara sadiqliyidir. O, xalqın tarixi keçmişini və gələcək məsuliyyətini eyni anda nəzərə alır. Öz oxucusunu da milli yaddaşın qorunmasına, köklərin unudulmamasına çağırır. Onun yaradıcılığına diqqətlə baxanda görürük ki, milli mənsubiyyət məsələsi onun həyat mövqeyi ilə bədii sözünün qırılmaz bağında özünü göstərir.

İbrahim Yusifoğlu həm də ədəbi mühitin fəal iştirakçısı, fikir mübadiləsinə açıq, ictimai proseslərdən kənarda qalmayan ziyalıdır. Onun publisistik yazıları oxucunu düşündürür, ictimai rəyə təsir göstərir, cəmiyyətdə milli şüurun möhkəmlənməsinə xidmət edir. O, söz adamı olmaqla yanaşı, həm də vətəndaş mövqeyi ilə nümunədir.

Yusifoğlunun əsərləri yalnız bu günün deyil, həm də gələcəyin oxucusuna ünvanlanıb. Onun bədii və publisistik yaradıcılığı milli yaddaşın kitabxanasında öz möhtəşəm yerini tutacaq. Çünki bu əsərlər insan ruhunun, vətən sevgisinin, sözün və səmimiyyətin təcəssümüdür.

Ədəbiyyatın ən mühüm missiyalarından biri xalqın yaddaşını qorumaq, onun keçmişini, bu günü və gələcəyini bədii söz vasitəsilə nəsillərə ötürməkdir. Azərbaycan ədəbiyyatında bu missiyanı ləyaqətlə daşıyan qələm sahiblərindən biri də şair İbrahim Yusifoğludur. Onun yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Şair olduqca müxtəlif mövzulu şeirlərində şahidi olduğu tarixi hadisələri qədim diyarın ecazkar təbiət mənzərələri fonunda böyük ustalıqla təsvir edir.

Azərbaycanımızın dilbər guşələrindən biri olan Axuradan (Naxçıvan MR, Şərur r., Axura k.) yola çıxan dumduru çeşməmiz özünü dağa-daşa vura-vura yol açaraq, əvvəlcə adı dillərdə dastan olan coşqun Arpaçaya yetişir. Coşqun Arpaçay onu sakit Arazla tanış edir. Sakit Araz onu ana Kürə qovuşdurur. Ana Kürün qoynunda bütün Azərbaycanı başdan-başa keçdiyi yolun sonunda Xəzərə çatanda bu çeşməmizin həzin, ancaq arxayın zümzüməsini eşidirik:

 

Daha qorxusu yox, coşan sellərin,

Xançoban zirvədən eli qoruyur.

Gülləri sulayan Sara xanımsa,

Qəlbində əbədi məhəbbət duyur.

 

Sözün, ədəbiyyatın, bədii təsvirin, tərənnümün gücü bu misralar olsun gərək.

İbrahim Yusifoğlu şeirlərində Naxçıvanı yalnız bir coğrafi məkan kimi deyil, həm də tarixi-mədəni kodların qoruyucusu kimi təqdim edir. Onun yazılarında Naxçıvan sanki daş yaddaş, minillərin səsi, babaların bizə miras qoyduğu müqəddəs bir ocaqdır. Şair bədii-publisistik dil ilə bu torpağın qədimliyini, xalqımızın mədəniyyətindəki rolunu oxucuya çatdırır.

Yusifoğlu əsərlərində Naxçıvanı həm təbiəti, həm insanları, həm də siyasi-tarixi taleyi ilə işıqlandırır. O, Naxçıvanı Azərbaycanın əsas dayaq nöqtələrindən biri hesab edir və göstərir ki, bu diyar tarix boyu həm qalxan, həm də körpü rolunu oynayıb. Şairin şeirlərində Araz çayı, Əlincə qalası, Batabatın gözəllikləri, Ordubadın qədimliyi yalnız landşaft təsviri deyil, həm də xalqın möhkəmliyini, mübariz ruhunu təcəssüm etdirir.

İbrahim Yusifoğlu yaradıcılığında müstəqillik dövründə Naxçıvanın siyasi əhəmiyyətinə də geniş yer ayırır. Blokada şəraitində yaşayan, amma öz inkişaf yolunu tapan bu bölgə sairin seirlərində dirəniş və iradə məktəbi kimi təqdim olunur. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirir.

Yusifoğlu üçün Naxçıvan mövzusunun əsas siması insandır. Naxçıvan mühitinnin, təbiətinin yetişdirdiyi insan. Şairin şeirlərində zəhmətkeş, vətənpərvər, milli dəyərlərə bağlı Naxçıvan insanı ön plana çəkilir. Onlar həm tarixin sınaqlarını keçirən, həm də gələcəyə ümidlə baxan qəhrəmanlardır. Şair bu insan obrazı ilə bütöv Azərbaycan xalqının gücünü və davamlılığını göstərir.

İbrahim Yusifoğlu yaradıcılığında Naxçıvan təkcə bir bölgənin deyil, bütöv Azərbaycanın rəmzi kimi təqdim olunur. Onun əsərlərində bu diyar həm milli yaddaş, həm də gələcəyə aparan yolun işıqlı simvoludur. Şair oxucusuna çatdırır ki, Naxçıvanı sevmək, qorumaq və inkişaf etdirmək — Azərbaycanın varlığını möhkəmləndirmək deməkdir.

Yusifoğlunun yazılarında Azərbaycan obrazı həm torpaq, həm də ruh anlayışında öz əksini tapır. O, Vətən dedikdə yalnız coğrafi sərhədlərlə məhdudlaşmır, millətin tarixini, adət-ənənələrini, xalqın taleyini və gələcək arzusunu da nəzərdə tutur. Əsərlərində Azərbaycanı həm milli-mədəni irs, həm də mübarizə meydanı kimi təqdim edir.

İbrahim Yusifoğlu Azərbaycan tarixindəki ağır dönəmləri, xalqın faciələrini və qəhrəmanlıq anlarını şeirlərində ustalıqla canlandırır. O, Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşaraq Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasını şairin vətəndaşlıq borcu hesab edir. Əsərlərində şəhidlərin xatirəsi, müharibə dərdləri, eyni zamanda xalqın dönməz iradəsi böyük ustalıqla qələmə alınır.

İbrahim Yusifoğlu Azərbaycan mövzusunu yalnız siyasi və tarixi məna çərçivəsində deyil, həm də dil və mədəniyyət aspektində işləyir. O, Azərbaycan dilini milli varlığın əsas dayağı hesab edir, əsərlərində ana dilinin saflığının qorunmasının vacibliyini dəfələrlə vurğulayır. Mədəniyyət, incəsənət, folklor nümunələri onun şeirlərində Azərbaycan xalqının milli mənsubiyyət pasportu kimi təqdim edilir:

 

Daha qorxusu yox yad qüvvələrdən,

Bu yurda göz dikmək çətinləşibdi.

Bu günkü qayğıdan, saf məhəbbətdən,

Əlincə daha da mətinləşibdi!

 

İbrahim Yusifoğlu yaradıcılığı bütövlükdə Azərbaycan sevgisi ilə yoğrulmuş bir ədəbi salnamədir. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirdiyinə görə şübhəsiz ki, Əlincə dedikdə əsrlər boyu azadlıq mücadiləsi aparmış Azərbaycan nəzərdə tutulur. Bəzz qalasından söhbət açmasa da, hər kəlməsində ulu Babəkin harayı duyulur. Onun publisistik məqalələri, şeirləri və araşdırmaları Azərbaycan mövzusunu müxtəlif rakurslardan işıqlandıraraq milli kimliyi gücləndirir, gələcək nəsillərə vətənpərvərlik dərsi verir. Yusifoğlunun əsərlərində Azərbaycan həm keçmişin yaddaşı, həm bu günün həqiqəti, həm də sabahın ümididir. İbrahim Yusifoğlu çox böyük ustalıqla Xəzərin qoynunda lövbər salmış Azərbaycan adlı gəminin sükanının etibarlı əllərdə olduğunu inamla qeyd edir.

Ümidvaram ki, 30 sentyabr 1954-cü ildə Qoca Şərqin qapısı hesab Naxçıvanın Axura kəndindən yola çıxan qəhrəmanımız Xəzərin ötəsində olan yurd yerlərinə doğru üzü Gündoğana hələ çox yollar qət edəcək! Yolunuz daim açıq və gül-çiçək olsun, İbrahim Yusifoğlu!

Çox dəyərli oxucum, sona qədər həmsöhbətim olduğunuz üçün təşəkkür edirəm. Hər bir insanın həyat yolunda digərləri üçün də yol göstərən nişanlar olduğunua həmişə inanmışam. Siz də inanın!

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.