Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

NƏRİMAN HƏSƏNZADƏ,

Xalq şairi

 

                   AZƏRBAYCAN

 

Sən əbədi bir ocaqsan, Azərbaycan!

Yaşadıqca yanacaqsan, Azərbaycan!

Beşiyin bir ana qoynu,

Doğma, isti bir qucaqsan, Azərbaycan!

Ruhum mənim, laylam mənim, Azərbaycan!

Bu dünyada dünyam mənim, Azərbaycan!

 

Bu dağ mənim, o dağ mənim vətənimdi,

Tüstülənən ocaq mənim vətənimdi.

Sərhəd-sərhəd bölübdülər,

Bölünməyən torpaq mənim vətənimdi.

Sən mənimsən, mən də sənin, Azərbaycan!

Övladıyıq bir vətənin, Azərbaycan!

 

Zaman! Səs ver, bu günlərin harayına,

Xan Arazın, Ana Kürün harayına.

Biz çatmasaq, kim çatacaq

Qaçqınların, köçkünlərin harayına?!

Sən arxasan, sən dayaqsan, Azərbaycan!

"Qalx"! – deyəndə, qalxacaqsan, Azərbaycan!

 

Gəmilərin göy Xəzərdə üzər keçər,

Şahinlərin səmalarda süzər keçər.

Körpülərin, binaların

paytaxtımı yollar boyu bəzər keçər.

Keçmək olmaz amma səndən, Azərbaycan!

İşıq alır dünya səndən, Azərbaycan!

 

Bir nəğməsən, oxuyuram bu torpaqda,

"Can!" – dedikcə can duyuram bu torpaqda –

Ey ilhamlı səhərlərim,

Sən ki varsan, mən də varam bu torpaqda.

Yellənəcək bayrağımız, Azərbaycan!..

qəddəsdi torpağımız, Azərbaycan!..

 

 

 

 

 BU DÜNYA NƏRDİVANDI

 

Bu dünya nərdivandı,
qalxanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında biz.
n qalxırdın bu dəmdə,
mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan.
Məni xatirələrə
endirirdi bu zaman.
Birimiz – günçıxana,
birimiz – günbatana.
Qalxa bilməzdim daha,
nə o güc, nə o taqət.
Sən də enə bilməzdin,
haqlı, haqsız vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
ya mən sonra, dünyaya.

 

 

ŞƏHİDLƏR XİYABANI

 

Dayanın, Şəhidlər Xiyabanıdı,

yas toya qarışıb, toy yasa burda.

Qızıl qumaşlarda qara xonçalar,

nişan gətiriblər bir qıza burda.

 

Nigaran gedənlər yatır xəbərsiz,

yatağı boş qalıb, atı yəhərsiz.

Analar oğulsuz, gəlinlər ərsiz,

nəydi bu müsibət, bu cəza burda?

 

Qızıl qan ləkəsi qalır gül üstə,

bir qurğu qurdular fıtnə-fel üstə.

İl təhvil olubdu qərənfil üstə,

verib öz yerini qış yaza burda.

 

Kim bilir, nə qədər ölən-qalan var,

Vətəndə bir vətən şəhid olan var.

Hələ bir-birini xəbər alan var,–

dil yox, sual verir, göz-gözə burda.

 

Çağırın Babəki bu yasa gəlsin,

Şəhriyar əlində bir əsa gəlsin,

qisas istəyəni qisasa gəlsin,

Yer özü çağırır qisasa burda.

 

Kim belə qarğadı bu bağça-bağa,

qaralar bağlandı min bir budağa.

Sürtüb ağ saçını qara torpağa,

dəyməyin, Nəriman ağlasa burda.

                                   Fevral, 1990

 

 

NƏ QƏRİBƏDİR

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol. Nə qəribədir ?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim, bu, yadındadır,
Gedərdik, yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

 

 

"GƏZƏYƏN QIZ”

 

R.Həmzətova

 

Səni görübdülər dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Kinodan çıxanda görüblər səni,

ötürüb harasa bir nəfər səni.

Sonra bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə mindiyin yerdə,

sonra da evə gec döndüyün yerdə,

haraya gedibsən göz qoyubdular,

adını “gəzəyən qız” qoyubdular.

Məni gözləyibsən dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Səni o kinoya mən aparmışam,

özüm ötürmüşəm sonra, qadası.

Od tutub yanağın, üzün yanmasın,

yenə görüşmüşük gedib bir axşam:

əvvəl bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə oturmusan sən,

mənim görüşümə gecikdiyindən.

Özüm saxlamışdım bir dəfə səni,

bir az gec ötürdüm mən evə səni.

Gör, necə yerbəyer, necə adbaad,

məni görməyiblər,

                    ay dadi-bidad!

Kinoda iki yer boş qaldı bu gün,

iki tamaşaçı azaldı bu gün.

Getdik... ikimizi itirdi bağlar.

Kinoya getmişdik,

soruşacaqlar:

desələr necəydi?.. De ki, qiyamət!

Desələr nə idi?.. De ki, məhəbbət!

z desən qorxuram... axı, söz olar.

Bu dəfə yalan de, qoy inansınlar.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 13:34

O David Kopperfilddir, dünyanı sehrin ağuşuna atan kəs

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

David Copperfield (David Kopperfild) – Sehrbaz və İllüziya Ustası. Tam adı David Seth Kotki'dir. 16 sentyabr 1956-cı ildə Metachendə, Nyu-Cersi ştatında, ABŞ-da doğulub. Bu gün onun doğum günüdür.

 

David uşaq yaşlarından sehr və illüziya sənətinə maraq göstərib. Hələ 12 yaşında Amerika Sehrbazlar Cəmiyyətinin (Society of American Magicians) ən gənc üzvü olub. 16 yaşında isə Nyu-York Universitetində “Sehr sənəti” dərsi keçməyə başlayıb.

1970-ci illərin sonlarında televiziyada çıxış etməyə başlayıb və qısa zamanda bütün dünyada məşhurlaşıb. Onun illüziyaları sadəcə fokus yox, teatr, musiqi, rəqs və texnologiyanın birləşməsi ilə möhtəşəm şouya çevrilib

 

Ən məşhur illüziyaları:

1. Azadlıq Heykəlini “yox etmək”

2. Böyük Çin Səddindən keçmək

3. “Yox olmuş qatar” illüziyası

4. Niaqara şəlaləsi üstündə zəncirlənmiş vəziyyətdə qaçış

 

Səhnə üslubu:

Tamaşaçı ilə emosional əlaqə, ssenariyə uyğun qurulan hekayə, musiqi və dramatik effektlər.

 

Mükafatları

 

- 20-dən çox “Emmy” mükafatı

- Hollywood Walk of Fame ulduzu

- “Yaşayan Əfsanə (Living Legend)” titulu (ABŞ Konqres Kitabxanası tərəfindən).

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 13:03

Qumun qiyməti, sizcə, nə qədərdir?

 

Oqtay Oruc, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu şəkildəki 300 qram qumdur. Onun bazar qiyməti cəmi 1 qəpikdir.

 

Əgər bu qum tikinti qarışığında istifadə olunsa, dəyəri təxminən 30 qəpik olar.

Əridilib adi şüşə hazırlansa, qiyməti 7–8 manata yüksələr.

Əgər ondan silisium alıb günəş paneli plitələrinə çevirsəniz, 300 qramın dəyəri 150 manata yaxınlaşar.

Bu silisiumdan mikroçiplər istehsal olunanda isə, onun dəyəri 15000 manata qədər artar.

Unutmayın, bir ovuc qum, doğru istifadə olunanda dünyanın ən bahalı texnologiyasına çevrilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 12:34

Mən əlahəzrət oxucuyam

 

Təranə Dəmir, şair, publicist. “Ədəbiyyat və incəsənət” üçün

  

Maraqlı fikirləri var, eyni zamanda orijinal.

Gözəl şeiri ədəbiyyat hadisəsi adlandırır. Ümumiyyətlə gözəllik vurğunudu. İçində kin, küdurət saxlamaz, paxıllıqdan min il uzaqdı. Açıqsözlüdü. Həqiqətləri deməkdən çəkinmir. Sözü sevir, poeziya qanına hopub. Düşüncələri fərqlidi. Elinə, obasına çox bağlıdı. Özünü gürzəli şoran torpaqların şairi adlandırır. Bununla da fəxr edir.

Üzünü doğma elinə, obasına tutub:

 

Nə qarlı dağların, buz bulaqların ,

Nə yaşıl nəğməli  meşələrin  var.

Nə mavi suların, qağayıların ,

Nə dilbər qucaqlı guşələrin  var,

Bəs niyə  bu qədər  şirinsən mənə?

 

 -deyir şair Zabil Pərviz. 

 

 Vicdanlıdı. Pisə  yaxşı, yaxşıya pis deməz. Dünyaya  işıq  tərəfdən baxar. Ədalət  həyat  amalıdı.  Xaqaniylə , Saib Təbriziylə  yola  çıxar  hərdən. Əlbəttə  xəyalən. Bəzən  onu  anlamazlar.

Sözünün dərinliklərində  yatan  fikirləri  çox vaxt  qaranlıq  qalar  bəzilərinə.

Amma  özü  sözünün  min il  sonra da  eyni  dəyərdə qalacağına  inanar. Haqlıdı  da. Sözünə arxayındı  axı. Təkliyiylə  danışar  çox vaxt..Özünü  kiməsə etibar  etməz.

 "Adamlar  da  maşın kimidi. Gərək  məsafə saxlayasan. Yoxsa  qəza  olar"- deyir.   Bu fikirləriylə də şərikiəm. 

Yaşıyla  hərəkətləri  bir -birini  tamamlayır . Hər  sözü  zamana  görə  seçir.

 

Haçan ki ,"ev bizim , sirr  bizim olar"

Baharın  yolunu  qışla  bağlarıq.

Dostlarla  qırılan  əlaqəmizi 

Bəhanə  gətirib  işlə  bağlarıq ,

Onda  gəncliyimiz  tərk  edər  bizi 

 

-- deyən  şair ömrün bütün fəsillərini  ürəyi dolu   qarşılayır.  

Axı  ömrün  qışı  bəhanələrin  dolu  olduğu  fəsildi. İnsanın  yorulan , dizinin   gücdən ,  təpərdən  düşən  vaxtıdı. Zabil  Pərviz  bütün  fəsillərdə  sözünə  söykənən  şairdi. Demək  qışdan  da  qorxusu  yoxdu. 

Eyni  zamanda çox maraqlı  və zəngin  daxili  aləmi  var.  

Arada  telefon  söhbətlərimiz  olur. O özü  də  bilmədən  oxumağa  çalışıram onu. Hər  söhbətimizdə   bir az da  yaxından tanıyıram Zabil Pərvizi.  Bu söhbətlərin  hərəsi  bir  ədəbi  hadisədi deyirəm  özünə. Ara -sıra  qələmə alın,  yazın,  itib batmasın, heyfdi,  deyirəm. Oxunmalı, nəticə  çıxarılmalı,  ibrətamiz  söhbətlərdi hamısı.  

Kitab oxumağı, mütaliəni  sevir.  

Oxuduğu  kitab  qəhrəmanlarına  bənzədir  özünü. Elə  ləqəbi  də  özünə  Xosrov Pərvizin  eşqinə  götürüb. Gözəl  ədəbiyyatçı,  səviyyəli  oxucudu  həm də. Sözə  çox  bağlıdı. Susayanda  şeir  yazır,  darıxanda  şeir  yazır, Elə  küsəndə,  inciyəndə  də.

Antik  ədəbiyyatı, xarici  ədəbiyyatı, klassikləri  heç  vaxt  yaddan çıxarmır. Müasirliyin  də  qətiyyən əleyhinə deyil,  yetər ki, əndazəni  aşmayasan. Əsl Sözə sufi  sevgisi  var. Saatlarla  ədəbiyyat  söhbətləri  edir,  yorulmur. Bir sözlə xəmiri  sözlə  yoğrulub. Titul, medal dalınca qaçmaz. Əsl  titulu  şairlikdi. Onu  da  Tanrı  verib (özü demiş).  Bundan böyük  mükafat  ola  bilərmi? . Dopdolu  şükranlığı  var Yaradana. Ovucları  duadan, ürəyi sevgidən asılıb. İddiası da  böyük  deyil. Sözdə  çəkisini  və yerini  gözəl  bilir.  Məsləhət  verir, məsləhət  alır. Özünü  qaldırıb dağ  başına  qoyanları   sevmir.  Adamı  gendən-genə tanıyır. Sözündən. 

Vətəni  ürəkdən  sevir. Sözünün  bu başı da  Vətəndi, o başı da:

 

Mənim damarımda  axan qan  deyil ,

Vətən  cövlan edir  damarlarımda  

 

-deyir .

 

Şairdən  gözəl  şeir  gözləyir.

"Mən əlahəzrət  oxucuyam - deyir,  zəhmət  çək  mənim  zövqümü  oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu  məni  yorasan  və incidəsən".

Zabil  Pərviz  kədəri  də, qəmi  də olduğu kimi  qəbul  edənlərdəndi.  Ağrıların  gözünə dik baxan şairdi :

 

Yüz  sevincə qatılsa da ,

Yüz  gülüşə qarışsa da 

Yeyilməyən  yavan  kədər..

Sən babamdan  qalan  sərvət  , 

sən  atamdan qalan dövlət .

Mən bələdəm  dəyərinə,

 dəyməzinə yüngülünə, ağırına ,

Çeynədiyin oğulların  varisiyəm  ,

Çıxacağam axırına.

 

Bu misralarda  böyük  əzm , dəyanət  və  inam var - sabaha  , gələcəyə  , sevgiyə ..

Şoran torpaqların  şairi  susuzluğunu  sözlə yatırır . Ciyəri  yananda  sözlə  ovunur. İlan  mələyən torpaqların  şairi  olmağıyla  həmişə  fəxr edir. Bilir  ki,  onsuz  da   harda  olsa   səsi  bütün  Azərbaycana  çatır. Bu sarıdan  da  xoşbəxtdi. 

 

Bülbüllər  oxuyar  Kür  sahilində ,

Bülbüllər  oxuyar  gecə sübhəcən.

Xuraman  ləpələr , xumar  ləpələr 

Nəğmə yarışından  keçər  sübhəcən. 

 

Başdan  ayağa duyğu  yüklü  şeirdi . Oxuduqca   gözümüzün  önünə  Kür  sahili , gecənin  qoynunda  bir  -birilə  sevişən ləpələr gəlir,  qulağımızda  bəxtəvər  bülbüllərin  səsi cingildəyir. 

 

Nə vaxtsa  bu  yoldan  keçmişəm  atlı,

Tanışdır  qarsımış  çiçəklər mənə.

Bir muğam  oxuyur  doğmalıq  adlı

Qarğılar, qamışlar, küləklər  mənə.

 

Dizimi  göynədən  tikanlar  tanış,

Burda qarışmışam yovşan  ətrinə.

Doğma  halalına  haram qatmamış

Biçənək  ətrinə,  kövşən  ətrinə ...

 

Bu misralarda  nə  gizlənməyib ?

Həsrətin, ayrılığın, saflığın,  doğmalığın  havası  uzaqdan  vurur  adamı. Dipdiri, dupduru  hislərin təcəssümüdü  bu  lirik  şeir. Qızmar kənd, yollar, çəpərlər, küləklər, tikanlar, kollar, yovşanlar, otlar  dil açıb danışır  adamla  Zabil  Pərvizin diliylə. 

Ümumiyyətlə  Zabil Pərviz  lirikası qaynardı , od  kimidi.  Hamının  ürəyindən  keçənləri  şeirə  çevirmək  məharəti  var  bu şairdə. Özünü  əsrlər  sonra  Nizami, Nəsimi,  Xaqaniylə  eyni  məkanda  görəcəyinə  çox  inanır.  

İlham pərisi  həmişə oyaq  olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün  münaqişələrdən  və  intriqalardan uzaq  dünyasında həmişə özüylədi. Söhbəti sevir. Ədəbiyyat  söhbətlərində saatlarla  adama  yoldaşlıq  edə bilir. Hər mövzuda  dialoqa  girməyi  bacarır . Bir sözlə sözünə  sadiq  şairdi. Sözünə toxunan olmasa min il  yoldaşlıq  etmək olar  Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi  danışmaz. Yalançı tərifləri  və alqışları sevməz. Sözü  urvatdan salanlara  qarşı  qalxanı elə özü demiş  əlahəzrət  Sözüdü. Orta  həddi sevmir. Onunçun ya var olmalısan  , ya da yox. Dostluqda da elədi. Tələbkardı  və  eyni zamanda  ona  bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır.

Obrazlı,  poetik  ifadələrlə  zəngin  şeirləri  oxucuyla  tez  dil  tapır . 

Ən çox  heca  vəzninə vurğundu. Deyir,  o  vəznin  özünün  xüsusi   ahəngi  , ritmi   var.  Amma  bütün vəznlərdə  yazılan əsl  şeirlərə də  hörmət və ehtiramla  yanaşır. Ütülü  danışmağı  xoşlamır , amma  pərakəndəliyində  də bir  nizam var.

 Onunçun Azadlıq anlayışı bəşəridi,  amma  onun  da  sərhəddi olmalıdı. Keçdinsə  azadlıq  deyil. 

Məmməd Araz, Xəlil  Rza  sevdalısıdı. Tez -tez  onlardan söz açır  , kövrəlir , qürurlanır . Deyir  vaxtilə  ədəbiyyata   məni  nəhəng  söz  adamları  uğurlayıb. Ustadlarını   daim  məhəbbət  və ehtiramla   xatırlayır.  Sinədəftərdi. Zaman -zaman  sevdiyi  şeirləri   hafizəsinə köçürüb. Hansı  mövzuda  desən  şeir  tapmaq  olar  Zabil  Pərvizdə.  

Gözəl  şeir  görəndə sevinir. Uşaq  kimi  safdı. Ürəyində  həsrət  yaşayan şair bəzən    sükutun  diliylə  də  danışır adamla. Səssizliyində   gizlədər  bəzən  ürəyindən  keçənləri.  Bilirəm ki, deməsə  də  bu yazını  da  çoxdan gözləyirdi  məndən.  O da gözləyirdi, mən də. O da darıxırdı  , mən də. Axı  bu yazı  da  doğulmalıydı. Şeir kimi. Nəhayət   ki, doğuldu--

Gecənin  aydınlığında, ay işığında, başında  külək, gözlərində  işıqla  doğuldu. Əsl Zabil havasında. 

Bütün şeirlərimi muğam  üstündə yazıram deyir şair. İstədim bu yazı da muğam üstə doğulsun. 

Xəmiri  ədalətdən və həqiqətdən  yoğrulan  bu yazının da  öz oxucuları  olacağına  inanıram. Ömrünün payızında  könlündə bahar çiçəkləri açan  şairin oxucuları  da  özü  ruhda  olmalıdı axı. Ruhu yorulmasın nə şairin, nə əlahəzrət oxucunun.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 12:16

Şəhidlər barədə şeirlər - İntiqam Abbasov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid İntiqam Abbasov 

İntiqam Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun baş giziri olan İntiqam Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Abbasov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Abbasov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Bu kimin kölgəsi, bu kimdir gələn?

Qəfil pəncərədə göründün, ata.

Bu dəfə tabutda geri qayıtdın,

Bu dəfə bayrağa büründün, ata.

 

Hələ inanmıram yoxluğuna mən,

Gəlib göz yaşımı qurudacaqsan.

Elə bilirəm ki, yuxu görürəm,

Elə bilirəm ki, qayıdacaqsan.

 

Sarılıb boynuna uşaq olardım,

Qaytara bilsəydim o illərini.

Mənə demişdin ki, ağlama, qızım.

Necə ağlamayım şəkillərini.

 

Oturub baxıram şəkillərinə,

Canımdan can kimi ayrılan atam.

Bizimçün, millətçün, vətəni üçün,

Canın qurban edən qəhrəman atam.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 12:00

Rasim Balayev, bunu etmək olmazdı!

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Xalq artisti Rasim Balayev ölkə kinosunun siması hesab edilir, minlərlə pərəstişkarı var. “Nəsimi” obrazını yaratmaqla kino tariximizə düşüb.

 

Bu yaxınlarda onun “Rosko” kolbasa məmulatlarını reklam etməsini gördüm. Nəvə babaya yaxınlaşır, soruşur, zirvələrə necə ucalmaq olar. Normalda baba deyər ki, kitab oxuyub biliklərə yiyələnməklə, valideyinlərə qulaq asıb ağıllı olmaqla. Rasim Balayevin canlandırdığı obraz isə nəvəsinə deyir:

-Zirvələrə ucalmaq üçün halal “Rosko” kolbasaları yeməlisən.

Əvvəla, Rosko sözünün açması “rossiyskiy kolbasa” deməkdir. Rossiyskiy kolbasanın canı isə donuz ətidir. Rosko təzəlikcə donuz ətindən imtina edib halala keçibsədə belə, bu mətnlə reklam etmək olmaz, ayıbdır. Necə yəni, zirvələrə ucalmaq üçün halal kolbasa yemək lazımdır? Hanı burda məntiq?

Və üstəlik, kim bilmir ki, kolbasa ən ziyanlı qidadır, tərkibində qlütein vardır?

Uşaqlara nəyi təbliğ edirik?

Və bunu niyə Rasim Balayev öz üzərinə götürür?

Belə deyim var, kim pulı verirsə, musiqini də o sifariş edir.

Kolbasa istehsalçısının hansısa qonorarına görə, o boyda sənət zirvəsinə ucalan sevimli aktyorumuz hörmətini itirdiyinin fərqində deyil yəni?

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ərəfəsində İtaliyanın Roma şəhərində konsert proqramı təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 16-da Romanın məşhur musiqi təhsili ocaqlarından olan Santa Çeçiliya Konservatoriyasında keçiriləcək konsert proqramında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli ilə yanaşı, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.

Opera müğənnisi Çinarə Şirin və pianoçu Svetlana Kosyatovanın da çıxış edəcəyi gecədə “Ritm” rəqs qrupunun ifasında milli rəqslərimiz, xalq musiqisi və nağara şou təqdim olunacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

15 Sentyabr - Bilik Günü münasibətilə "ASAN Könüllüləri" Təşkilatının və  "BRAVO " marketlər şəbəkəsinin tərəfdaşlığı ilə "Bilik Karvanı" layihəsi həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına ASANdan verilən məlumata görə, layihənin əsas məqsədi sosial qayğıya ehtiyacı olan uşaqları sevindirmək və onları yeni dərs ilinə həvəsləndirməkdir.

 

İki ay davam edən aksiya çərçivəsində 3-14 yaş aralığında 334 uşağın məktəbə dair arzusu gerçəkləşdirilib.

Layihə müddətində vətəndaşlar “BRAVO” marketlər şəbəkəsinin  "20 Yanvar" və  "Koroğlu" filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşaraq məktublarla tanış olub və uşaqların arzularını öhdəliyə götürərək onları sevindiriblər.

 

Aksiya çərçivəsində Azərbaycanın 9 müxtəlif regionunda uşaqlara məktəb çantaları, dərs ləvazimatları, kitablar və digər hədiyyələr təqdim olunub.

 

"ASAN Məktub" sosial proqramı çərçivəsində indiyədək 10.000-dən çox uşağın arzusu reallaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

 

Ötən gün - sentyabrın 15-də Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında təşkilatın əməkdaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm məqamlarına həsr olunmuş “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Aqibətnamə” əsəri Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm mövzularına dair ədəbi şərhlərdən ibarət esselər toplusudur.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

“Fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər və müxtəlif beynəlxalq tədbirlər türk xalqlarının zəngin ədəbi və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu istiqamətdə Fərid Hüseynin əməyi böyükdür. O, fondun bir çox tədbirlərində iştirak edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə fondu uğurla təmsil edib. Onun redaktorluğu ilə hazırlanan nəşrlər müxtəlif kitab sərgilərində nümayiş etdirilib", - deyə A.Raimkulova vurğulayıb. 

Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu çıxışında fondun nəşrləri və tədbirin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər yalnız klassik və müasir ədəbiyyatın təqdimatı deyil, həm də türkdilli ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Fərid Hüseynin yaradıcılığından danışaraq bildirib ki, şairin əsərlərində milli dəyərlərin qorunması və türk dünyasının ortaq mədəni irsinin təbliği açıq şəkildə görünür. 

“‘Aqibətnamə" oxuculara insan taleyi, mənəviyyat və mədəniyyət mövzularını dərindən təqdim edir. Əsərdəki hekayələr və təhlillər milli dəyərlərin qorunması, insan xarakterinin incəlikləri və cəmiyyətlə fərd arasındakı münasibətləri geniş şəkildə əks etdirir”, - deyə akademik bildirib.

Tədbirdə kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, nizamişünas Zəhra Allahverdiyeva, filologiya elmləri doktorları, professorlar Cavanşir Yusifli, Rüstəm Kamal və digər çıxış edənlər fondun təşəbbüsü ilə işıq üzü görən nəşrlərin oxucular arasında böyük maraq yaratdığını, həmçinin türkdilli xalqlar arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Onlar Fərid Hüseynin əsərlərində milli dəyərlərin qorunması və insan taleyi mövzularını ustalıqla işləməklə yanaşı, türk dünyasının ortaq mədəni irsinin təbliğini də yüksək qiymətləndiriblər.

Tədbir zamanı Fərid Hüseynin müxtəlif mövzularda yazdığı şeirlər səsləndirilib. Qiraətçilər və teatr aktyorları şairin şeirlərindəki mənəvi dərinliyi və emosional çalarları iştirakçılara çatdırıblar.

Kitabın müəllifi Fərid Hüseyn çıxışında kitabda əsas məqsədin Nizami Gəncəvinin çoxqatlı ideyalarını müasir oxucuya çatdırmaq, hər kəsi öz aqibəti haqqında düşünməyə sövq etmək olduğunu deyib. 

Müəllifin fikrincə, “Nizami Gəncəvi çoxqatlı ideyaları ilə hər insanı öz aqibəti haqqında düşünməyə vadar edir, bəşər övladının xarakteri həm də onun son gününün süjetini müəyyənləşdirir” və bu cür ideyalar baxımdan bu kitab həm ədəbi, həm də fəlsəfi mahiyyət daşıyır.

Daha sonra tədbir bədii proqramla davam edib.

Fərid Hüseynin şeirlərinə bəstəlınmiş musiqi nömrələri ifa olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Çərşənbə axşamı, 16 Sentyabr 2025 11:30

Gənc yazarlara dəstək və yeni nəslin ədəbiyyata baxışı

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Gənclər hər bir xalqın mədəniyyətinin və ədəbiyyatının gələcəyidir. Onların enerjisi, yeni baxışları və yaradıcılığı ədəbiyyatın inkişafı üçün vacib resursdur. Müasir dövrdə Azərbaycan ədəbiyyatında gənc yazarlara dəstək məsələsi təkcə fərdi təşəbbüs deyil, həm də milli mədəniyyətin qorunması və gələcəyə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.

 

Yeni nəsil yazıçılar yalnız sözləri deyil, həm də dünyagörüşünü, ictimai problemləri və fərdi duyğuları əks etdirir. Onların əsərlərində klassik ədəbiyyatın təsiri hiss olunur, lakin mövzu, dil və forma baxımından müasir dövrün tələblərinə cavab verir.

 

Gənc yazarlara dəstəyin formaları

 

Gənc yazarlara dəstək bir neçə istiqamətdə həyata keçirilir:

1. Təhsil və kurslar: Universitetlərin filologiya fakültələri, ədəbiyyat seminarları və yaradıcılıq kursları gənclərə əsas bilik və bacarıqları öyrədir. Bu, yalnız texniki hazırlıq deyil, həm də yaradıcılıq instinktini inkişaf etdirir.

2. Yaradıcılıq müsabiqələri: Dövlət və özəl təşkilatlar tərəfindən keçirilən yazı müsabiqələri gənclərə öz əsərlərini geniş auditoriyaya təqdim etmək imkanı yaradır. Bu həm motivasiya, həm də tanınma şansıdır.

3. Nəşr və media dəstəyi: Gənc yazıçıların əsərlərinin qəzet, jurnal və onlayn platformalarda çap olunması onların əsərlərinin oxucuya çatmasını təmin edir. Sosial media və bloq platformaları isə müasir gənclərin yaradıcılığını qlobal auditoriyaya çıxarmağa imkan verir.

4. Mentorluq və təcrübə paylaşımı: Təcrübəli yazıçılar və ədəbiyyatçılar gənclərə yaradıcılıq yolunda rəhbərlik edir, onları tənqidi düşüncə və stil baxımından yönləndirir.

 

Yeni nəslin ədəbiyyata baxışı

 

Müasir gənc yazıçılar ədəbiyyata fərqli yanaşır. Onlar yalnız milli motivləri işləməkdən deyil, həm də qlobal mövzulara toxunmaqdan çəkinmirlər. Sosial problemlər, ekoloji böhran, qadın hüquqları, gənclərin tənhalığı və texnologiyanın təsiri – bu mövzular müasir ədəbiyyatda geniş yer alır.

Yeni nəsil həm də oxucu ilə dialoqa daha açıqdır. Onlar əsərlərində interaktiv üslub, müxtəlif perspektivlər və qeyri-xətti süjetlərdən istifadə edir, klassik ənənəni müasir formatla birləşdirirlər. Bu, Azərbaycan ədəbiyyatının daha canlı, maraqlı və oxunaqlı olmasını təmin edir.

 

Gənclik və milli kimlik

 

Gənc yazıçılar milli kimliyi qorumaqda xüsusi rol oynayır. Onlar dilin təmizliyini qoruyur, folklor və milli motivləri müasir janr və süjetlərlə təqdim edirlər. Qarabağ mövzusu, xalq yaddaşı və milli qəhrəmanlıq yeni nəsil yazıçılar üçün həm ilham, həm də məsuliyyət qaynağıdır.

Bu yanaşma gənc nəslin ədəbiyyata baxışını həm milli, həm də bəşəri dəyərlər prizmasında formalaşdırır. Onlar ədəbiyyatı yalnız hekayə anlatmaq vasitəsi kimi deyil, həm də cəmiyyətlə dialoq, tarixi və mədəni irsin qorunması vasitəsi kimi qəbul edirlər.

 

Beynəlxalq perspektiv

 

Gənc yazıçıların yaradıcılığı beynəlxalq səviyyədə də diqqət çəkir. Tərcümə olunan əsərlər, beynəlxalq ədəbiyyat festivalları və yazıçılar mübadiləsi proqramları Azərbaycan ədəbiyyatını dünyaya tanıdır. Bu, həm milli kimliyin təqdimatı, həm də yeni ideyaların qlobal auditoriyaya çatdırılmasıdır.

Gənc yazıçılar üçün beynəlxalq platformalar həm motivasiya, həm də yaradıcılığın inkişafı üçün geniş imkan yaradır. Xarici oxucular onların əsərlərində həm Azərbaycan cəmiyyətini, həm də ümumbəşəri problemləri görə bilir.

Gənc yazarlara dəstək Azərbaycan ədəbiyyatının gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Bu dəstək həm təhsil, həm nəşr, həm mentorluq, həm də beynəlxalq platformalar vasitəsilə həyata keçirilir.

Yeni nəsil yazıçılar ədəbiyyata müasir yanaşma gətirir, milli kimliyi qoruyur və oxucu ilə dialoqu genişləndirir. Onların yaradıcılığı Azərbaycan ədəbiyyatını yalnız milli mədəniyyətin qoruyucusu deyil, həm də dünya səviyyəsində tanınan və qiymətləndirilən bir gücə çevirir.

 

Beləliklə, gənc yazarlara dəstək milli ədəbiyyatın inkişafının, mədəni irsin qorunmasının və gələcək nəsillərin ədəbiyyata bağlılığının təminatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.