İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Simuzər Hətəmovanın "Ərəbzəngi" rolunu ifa etdiyi "Şah İsmayıl" operasının 1957-ci ilin yazısı günümüzə çatıb. 1958-ci ildə bu operanın radio-montajı hazırlanıb, orada Simuzər Hətəmovaya "Ərəbzəngi" rolu verilib.
Sonradan heç bir qadın ifaçı bu rolu o cür oynaya bilməyib. Həqiqətən də möhtəşəm ifadır.
Simuzər Hətəmova 23 fevral 1923-cü il tarixində Ağdamda anadan olub. Uşaqlıqda Ağdam pionerlər və məktəblilər evində vokal qrupunun üzvü olub. 1938-ci ildə, təqribən 15 yaşı olanda, Moskvada Azərbaycan incəsənəti dekadasında çıxış edib.
Gənc yaşından Ağdam dram teatrında işləməyə başlayıb. Orada "Arşın mal alan" musiqi kamediyasında "Telli", "Əsli və Kərəm" operasında "Əsli", "Arşın mal alan"da "Gülçöhrə", "Fərhad və Şirin"də "Şirin", "Solğun çiçəklər"də "Sara", "Leyli və Məcnun" operasında "Leyli", "Aşıq Qərib" operasında "Şahsənəm" kimi rolları ifa edib.
Böyük Vətən müharibəsi dövründə Simuzər Hətəmova tez-tez sənət dostları ilə birgə qastrollarda əsgərlər qarşısında konsertlər verib. 1955-ci ildən M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Orda ilk rolu "Leyli" ("Leyli və Məcnun") olub. Bu rolun bir çox ifaçıları kimi, Simuzar Hətəmova zamanla "Leylinin anası" rolunun ifaçısı olub.
Azərbaycan incəsənəti və ədəbiyyatının inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə və Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü ilə əlaqədar olaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 iyun 1959-cu il tarixli Fəramanı ilə Simuzər Hətəmova "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
1962-ci ildə Simuzər Hətəmova Naxçıvan Muxtar SSR əməkdar artisti fəxri adına layiq görülüb. 1974-cü ildə "Gəlin qayası" operasında "Ana" rolunu ifa edib.
1977-ci ildə "Aşıq Qərib" operası lentə köçürülüb, orada Simuzər Hətəmova "Qəribin anası" rolunu ifa edib. Simuzər Hətəmova 11 noyabr 2005-ci ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)


