Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında birgə layihəsində bügünkü təqdimat “töre” anlayışının mənşəyi və mahiyyəti barədədir.
“Töre” termini ilk dəfə Orxon-Yenisey abidələrində (VIII əsr) sistemli şəkildə işlədilmişdir. Bilgə Kağan abidəsində deyilir:
“Türk bodun üçün gecə yatmadım, gündüz oturmadım. Tanrı bağışladığı üçün töre quruldu.”
Bu ifadə göstərir ki, töre Tanrı mənşəli bir qayda kimi qəbul edilirdi və xaqan onun qoruyucusu sayılırdı. Töre yalnız hüquqi qaydalar toplusu deyil, həm də ilahi ədalət, cəmiyyətin harmoniyası və nizamıanlamına gəlirdi.
Töre Tanrının kainata bəxş etdiyi nizamın yerdəki təzahürü sayılırdı. Türk mifoloji təfəkküründə Tanrı kainatı “törə” (qanun) ilə yaratmış, insanlar isə bu nizamı pozmadan yaşamalı idi. Buna görə də “töre” həm kosmik nizam, həm ictimai ədalət, həm də əxlaqi davranış modeli kimi qəbul olunurdu.
Qədim türklərdə dövlət ideyası “El” anlayışı ilə birgə “Töre” üzərində qurulurdu. El— xalqın və dövlətin birliyini, Töreisə bu birliyin qanunlarını ifadə edirdi. Beləcə, “El tutmaq” (dövlət idarə etmək) “Töre saxlamaq”la bərabər mənada işlədilirdi.
Hökmdar (kağan, xan) Tanrı tərəfindən seçilmiş sayılırdı, lakin onun hakimiyyəti yalnız “törəyə uyğun” olduqda qanuni hesab edilirdi. Töre pozularsa, Tanrı səltənəti əlindən alar, bu ideya Orxon yazıtlarında açıq şəkildə ifadə olunur.
Bu sistemdəədalət, doğruluq, ağıl, igidlik kimi dəyərlər törenin əsas dayaqları idi. Töre həm də tayfalararası münasibətləri, mülkiyyət anlayışını, ailə və nikah qaydalarını, cəza və mükafat prinsiplərini müəyyənləşdirirdi.
İslamın qəbulundan sonra da töre anlayışı türklərin düşüncəsində yaşayaraq şəriətlə sintezləşmişdir. Məsələn, Səlcuqilər və Osmanlılar dövründə dövlət idarəçiliyində “şəriət” (ilahi qanunlar) və “örf” (töre mənşəli adət və qaydalar) paralel şəkildə mövcud idi.
Osmanlı hüquq sistemində “örfi hüquq” anlayışı qədim türk töresinin davamı idi. Sultan Qanuni Sultan Süleyman dövründə (XVI əsr) tərtib olunan “Qanunnamələr” bu töre ənənəsinin yazılı formaya düşmüş nümunələridir.
Töre yalnız hüquqi deyil, həm də əxlaqi və mədəni dəyər sistemi idi. Türk dastanlarında, xüsusilə “Oğuz Kağan”, “Koroğlu”, “Manas” kimi epik abidələrdə töre “doğruluq, mərdlik, vəfa, qonaqpərvərlik və nizam-intizam” anlayışları ilə birgə işlədilir.
Oğuz Kağan dastanında Oğuzun oğullarına nəsihətləri törenin mənəvi əsaslarını əks etdirir: xalqı qorumaq, ədalətli olmaq, Tanrıya və ailəyə sədaqətli qalmaq.
Türklərdə “töre” anlayışı sadəcə bir qanunlar toplusu deyil, dünya nizamının və cəmiyyətin mənəvi əsasıdır. O, Tanrı iradəsi ilə xalqın iradəsini birləşdirən ideya sistemidir. Töre türk dövlətçilik fəlsəfəsində ədalətin, məsuliyyətin və kollektiv nizamın rəmzi kimi çıxış etmiş, islam dövründə də öz ruhunu qoruyaraq, müasir türk hüquq və mədəni sisteminə qədər gəlib çatmışdır.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)


