Unudulmaz sevgi şeirləri - Vaqif Səmədoğlu, “Uzaq yaşıl ada” Featured

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Vaqif Səmədoğlunun“Uzaq yaşıl ada” şeiri o qədər duyğulu, təmiz və nostalji doludur ki, onu sevməmək mümkün deyil. İlk misradan elə bil ürək danışır:“Ürəyim yol çəkir, bir gözə dönüb...”

 

Burada sevən, dərdini qürurla yox, həsrətlə daşıyan biri var. Onun ürəyi artıq yol olub, gözə dönüb, yol gözləyir. Sevən ürək belə səssiz, amma içdən bir intizarla gözləyir. Bax, bu ümidlə həsrət arasında qalan hiss oxucunu dərhal öz içinə çəkir.

“Ayrılıq bir dəniz imiş... sən uzaq yaşıl ada...” Bu misra şeirin ürəyidir. Dəniz sonsuzluq, uzaqlıq, maneə, Ada ümid, sığınacaq, sevginin özüdür.

Bu obrazı sevirəm, çünki o həm kədər, həm də ümid daşıyır. Yəni, ayrılıq acıdır, amma o “yaşıl ada” hələ də var, hələ də möcüzə kimi oradadır.Sevginin uzaqda olsa belə yaşadığını hiss etdirir.

Şeirdə insan duyğuları təbiət vasitəsilə danışır: “Yuxumdan hər gecə durnalar keçir”. Bu, həsrətin köçüdür. “Xəzərin köksündən qalxan duman”. Bu, dərinlikdən qalxan düşüncədir. Bu bənzətmələr həm şimal küləyi kimi soyuq, həm də Xəzər dalğası kimi yumşaqdır.

Bu şeiri həm də ona görə sevirəm ki, o, sevginin sözlə deyil, təbii bir nəfəs kimi ifadəsidir. Şair bir yandan “Yubanma, əzizim, gəl qurtar məni” deyir. Bu, saf, uşaqcasına yalvarışdır. Amma o yalvarışda qürur da var. “Arxadan dərd çapır, qorxuram çata” deyəndə isə, sanki, hər kəsin yaşadığı o “sevgini itirmək qorxusu” dilə gəlir.  Elə bu səmimiyyətə görə də məhz bu şeiri sevirəm. Çünki burada sevgi nə ideal, nə də süni deyil. Canlı, qorxan, gözləyən sevgidir.

Bu şeir həsrət ilə ümidin tarazlığını saxlayır. Sadə dildə dərin duyğular danışır, Və ən əsası, sevən ürəyin təbiətə qarışdığı o sakit kədəri yaşadır.

Bəli, bir daha etiraf edim ki, bu şeiri sevirəm. Çünki o mənə öz iç səsimi xatırladır. O səsi ki, bəzən durnalarla keçir, bəzən dumanla dolur, amma heç vaxt tam sönmür...

 

Vaqif Səmədoğlu,

“Uzaq yaşıl ada”

 

Ürəyim yol çəkir bir gözə dönüb,

Yollar da tərs kimi uzanır, gülüm.

Yuxumdan hər gecə durnalar keçir,

Bilmirəm nə olub, haradan bilim?!

 

Belə getsə sınar quşların səsi,

Dənizin də səsi günbəgün batar.

Yubanma, əzizim, gəl qurtar məni,

Arxadan dərd çapır, qorxuram çata...

 

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

 

Tez ol xəbər ver, görüm necəsən,

Gözlərin necədi, yerişin necə?

Yaman darıxmışam, mən səndən ötrü,

Barı bir soraq ver özün gəlincə.

 

Yerini bilmirəm, bilsəm gələrəm,

Könlünü alaram, sevərəm yenə.

Xəzərin köksündən qalxan dumana,

Qara şanı büküb gətirrəm sənə...

 

Halıma yanan gərək səsin düşəndə yada,

Ötən günləri qoru, yaxşı bax, vermə bada...

Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.