Super User
Yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilirdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ağır təbiətli olub, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevib. Zabitəli insan olub. Onunla təmas yaratmaq o qədər də asan olmayıb, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilib.
"Köhnə kişilər"in təbiəti var olub onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alıb. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilib və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradıb. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurub. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verib. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan olub. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrilib. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaradıb. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başlayıb. Hər şeydə yenilik var olub. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaradıb.
Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirib. Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənib. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirib. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olub. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti olub. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilib.
1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi işləyib. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu verib. Əslində bu çox kiçik, epizodik bir roldur və filmdə biz onu bircə dəfə görürük. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Onun aktyor ifaçılığında bir bütövlük var.
1958-ci ildə "Uzaq sahillərdə" (rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyib. "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmayıb. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun "26 Bakı komissarı" filmndə çəkilib. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yavratdığı Kərbalayı İsmayıl olub.
Filmoqrafiya
1. O olmasın, bu olsun
2. Qara daşlar
3. Bir məhəllədən iki nəfər
4. Uzaq sahillərdə
5. Leyli və Məcnun
6. Əmək və qızılgül
7. Əhməd haradadır?
8. Romeo mənim qonşumdur
9. Zəncirlənmiş adam
10. İyirmialtılar
11. Qanun naminə
12. Axırıncı aşırım
Təltif və mükafatları
- "SSRİ xalq artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Stalin" mükafatı (2-ci dərəcə)
- "Lenin" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
- Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- Dram teatrları arasında keçirilən festivalın diplomu
Az qala unutmuşdum, Adil İskəndərov 1910-cu il mayın 5-də Gəncədə doğulub, 18 sentyabr 1978-ci ildə Bakıda ürək çatışmazlığından vəfat edib. Bu gün onun anım günüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
Şuşa – qəhrəmanlığın, vətənsevərliyin ən uca zirvəsi
Taliyə Abdullayeva,
“Şərq qapısı” qəzetinin əməkdaşı. “Ədəbiyyat və incəsənət” üçün
Qarabağ Zəfərindən sonra hər bir vətənsevər kimi mənim də qəlbimdə doğulmuş günəş öz şüaları ilə ürəyimi isidirdi. Gecə qaranlığa qərq olub, ay- ulduzlarla ətrafa hakim olarkən belə qəlbimdəki o günəş heç batmırdı. Mənim üçün günəşin hər bir şəfəqi şəhidlərin son nəfəsinin izidir. Elə buna görə də o heç kəsi yandırmadan hər qəlbə süzülür, sanki məlhəm kimi ruhu ovundurur.
Vətən müharibəsinin zəfər simvolu olan Şuşa şəhərinə getmək istəyim, oranı görmək həyəcanım bir an belə olsun bitmirdi qəlbimdə. Lakin hər dəfə bu istək baş qaldırdıqca özümə təskinlik verir və deyirdim: “İndi yox, indi yox”. Getmək üçün ürəyim uçunurdu. Mənim üçün şəhid demək torpaq deməkdir. Ona görə də düşünürdüm ki, onların qoxusu torpağın hər qarışında gizlidir.
Nəhayət, qərar verdim ki, qürurla Şuşaya yol alım. Gecə çıxacağım tura gecikməyim deyə bir neçə saat əvvəldən avtovağzala yetişib gözləməyi qərara almışdım. İçimdə elə böyük bir həyəcan və təlaş vardı ki, bu yaşıma qədər heç zaman bu cür hiss etməmişdim. Yolboyu ya gözlərim dolur, ya da hıçqırıqla ağlayırdım. Düşünürəm ki, hər ölkənin bir qibləsi olsa idi, bizim qibləmiz mütləq Şuşa olardı. Mən də bu yola öz qibləm üçün, Şuşa üçün çıxmışdım.
Yolumuz vaxtilə dağıdılmış, viran qalmış Ağdamdan, qırmızı hərflərlə yazılmış Xocalıdan, həsrətində olduğumuz Xankəndidən, gün üzünə həsrət Əsgərandan, uca dağları, gözəl mənzərəsi ilə Laçından keçdi və nəhayət, qibləmiz, qürurumuz, qəlbimizin tacı olan Şuşaya çatdı.
Əziz Şuşa, mən səni elə bu cür təsəvvür edirdim. Yaxından sən daha möhtəşəm, daha cəlallı, daha ecazkarsan. Hər daşının altında bir tarix yatır, hər qayanda bir igidin səsi, hər divarında bir nəfəs gizlənib. Qədim qala divarların, min illərin şahidi olan küçələrin, sıldırım qayaların gözoxşayan bir ehtişamla ucalır. İnsan gözünü çəkə bilmir bu mənzərədən. Amma mənim gördüyüm ən dərin mənzərə nə qalanın ucalığı, nə də küçələrin səssizliyi idi. Mənim üçün sən günü-gündən böyüyən, gözəlləşən bir pıçıltı idin.
Qarşında dayandığım an hiss etdim ki, sən nəfəs alırsan. Daşlarına, divarlarına toxunduqca sanki canlı olan bir varlığın qəlbinə əl uzadırdım. O divarların dərin çatları vardı, insan yarası kimi. Hər toxunuşumda həmin ağrını duyurdum. İçimdə hıçqırıq boğazıma düyünlənib yanaqlarımdan süzülürdü. Sən isə sakit, amma hər daşında qanlı xatirələri gizlədirdin. Küçələrində güllə izləri, divarlarında nifrətin qara ləkələri qalmışdı. Sənin susqunluğun illərin zülmündən, barbarlığından idi. Amma sən yıxılmadın. Çünki yaralarını şəhidlərin qanı sağaltdı.
O an qəlbim göynədi. Mənə elə gəldi ki, sənin hər dağıdılmış daşında bir ananın fəryadı, hər qırıq izində bir igidin “Vətən sağ olsun!” nidası yaşayır. Sən məni ağrılarınla sınağa çəkirdin, amma eyni zamanda güc verirdin. Çünki sən nəinki dağıdılmış bir qala idin, sən həm mərhəmətin, həm də səbrin timsalı idin. Qucağında qoruyanı da, canını verəni də eyni səxavətlə qarşılamısan.
İllərlə həsrət çəkmisən. Oğullarının qayıdışını, minarələrindən azan səsini, Vaqifə pənah olan misralarının səsləndiriləcəyini həsrətlə gözləmisən. Həsrətlə dayanıb susmusan, amma sınmamısan. Və nəhayət, gün gəlib. İgidlər qartal kimi qayaları aşaraq qoynuna daxil olanda sənin damarlarına şəhidlərin qanı axmağa başladı. Sən dirildin.
İndi divarlarına sarıldıqca gözlərim dolur. Bu gün sənin qoynunda poeziya günləri keçirilir. Vaqifin misraları yenə səslənir, tarın səsi dağlarına yayılır. Sən artıq yalnız kədərin deyil, həm də qürurun məkanısan. Sən şəhidlərin qanı ilə dirilmiş, igidlərin ayaq səsləri ilə oyadılmış müqəddəs yurdsan. Mən başımı aşağı salıb pıçıldayıram: biz səni xilas etməyə gələn oğullarımızın, şəhidlərimizin sayəsində qovuşduq. Biz onlara borcluyuq. Onların qəhrəmanlığı sayəsində ayaqdayıq.
Və sənin hər daşından cavab gəlir: “Qoy bu qələbə heç vaxt unudulmasın. Qoy şəhidlərin ruhu hər qayamda, hər daşımda əbədi yaşasın”.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
Heydərbaba, Şəhriyarsız necəsən?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Güney Azərbaycan poeziyamızın zirvəsi!
Məhəmmədhüseyn Şəhriyar.
Bu gün onun anım günüdür.
Unutmadıq. Daim qəlbimizdə yaşayır və yaşayacaq.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınan hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan alıb. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınan ziyalısı Hacı Mirağa öyrədib. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirib, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olub.
O, Sürəyya adlı bir qıza aşiq olub və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkib, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olublar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olub. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışıb, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlib. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənib.
Şairin ədəbiyyata olan marağı uşaqlıqdan olub. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazıb. Artıq 1920-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınmağa başlayıb. Hamı onu Seyid Məhəmmədhüseyin Behcət Təbrizi kimi tanıyıb. Bir gün o özünə təxəllüs götürmək fikrinə düşür, bunun üçün Hafizin "Bəxtnamə" kitabını açıb və bəxtinə "Şəhriyar" adı çıxıb. Bu ad onun xoşuna gəlib və onu özünə təxəllüs kimi götürüb, o vaxtdan poeziya aləmində onu "Seyid Məhəmmədhuseyin Şəhriyar" kimi tanıyıb və seviblər. Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığı çoxşaxəlidir.
Azərbaycan, Vətən sevgisi onun əsərlərində möhtəşəmliyi ilə ifadə olunub. Azadlıq ruhu onun Vətən mövzulu əsərlərinin poetik vüsətini təşkil edib. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının nüvəsində dayanıb, vulkanik bir vüsətlə meydana çıxıb. O, öz yaradıcılığında müxtəlif mövzulara müraciət edib və yazdığı əsərlərdə duyğularını, fikirlərini səmimiyyətlə ifadə edib. Məhəmmədhüseyn Şəhriyarın ilk mətbu şeiri 1913-cü ildə, 8 yaşında ikən, Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuduğu zaman "Ədəb" jurnalında dərc edilib. Əsərlərini qəzəl, qəsidə, məsnəvi, qitə, rübai janrında yazan ustad sənətkar ədəbiyyatı zənginləşdirib, hələ sağlığında klassik şair səviyyəsinə yüksəlib.
Xəlqilik, vətənpərvərlik, humanizm, azadlığa, bərabərliyə, sülhə çağırış Şəhriyar poeziyasının başlıca mövzularıdır. Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biridir. Onun sənəti həm türk, həm də farsdilli ənənələr zəminində inkişaf edib, dövrünün ictimai-siyasi hadisələrinin bədii əksi Şəhriyar şeirinin əsas mövzusu olub, Şəhriyar poeziyasının üfüqlərinin genişliyi bilavasitə onun xalq həyatına yaxınlıq və bağlılığı ilə əlaqədardır. Şairin şeirlərində forma və məzmun vəhdətini yüksək qiymətləndirib. Güney Azərbaycanın tanınan tədqiqatçısı Əli Sərhənginin araşdırmasına görə Şəhriyarın ilk şeir kitabı 1926-cı ildə "Sədaye-xuda" (Tanrının səsi) adı ilə çap olunub.
Bu kitab Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub. Öz ana dilinin təəssübkeşliyi Şəhriyar sənətində xüsusi bir mərhələdir. "Türkün dili", "Dərya elədim", "İman ilə getdi", "Azadlıq quşu", "Varlıq", "Türk övladı, qeyrət vaxtıdır" və onlarla başqa şeirlərində о, bu və ya digər formada doğma dilinin üzləşdiyi çətinliklər, bu dilin intəhasızlığı, danışıq və şeir dili kimi əvəzolunmazlığı və s. haqqında fikirlər söyləyir:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şeirini farsa, ərəbə qatmasa şair,
Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz
Ana dilində yazmış olduğu şeirlərə misal olaraq "Behcətabad xatirəsi", "Qaranlıq gecələr", "El bülbülü", "O taydan gələnə", "Pərvanə və şəm", "Dan ulduzu da batdı", "Alnımın yazısı" və s. kimi bədii nümunələri göstərmək olar. Şəhriyarın ana dilində yazdığı şeirləri arasında Bakıdakı qələm dostlarına həsr etdiyi şeirlər, yazdığı mənzum məktubları böyük maraq kəsb edib. Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Balaş Azəroğlu, Hökumə Billuri, Söhrab Tahir, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanan şeirləri buna parlaq misaldır:
"Məmməd Rahim həzrətlərinə cavab", "Qardaşım Süleyman Rüstəmə ithaf", " Can Rüstəm", "El bülbülü", " Döyünmə, söyünmə", "Gözün aydın" əsərlərində Bakı həsrəti çox güclü ifadəsini tapıb.
Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olub. Şəhriyarın Azərbaycan dili qarşısında ən böyük xidməti "Heydərbabaya salam" poeması və Cənubi Azərbaycanda bu dilin sadə ədəbi dil formasını yaratması, eyni zamanda ana dildə yazıb-yaratmaq ənənəsini bərpa etməsidir. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazıb. Birinci hissədə 77, ikinci hissədə isə 48 bənd vardır. Poemanın birinci hissəsində təbiət təsvirləri, ilin fəsilləri, camaatın əkin-biçinlə məşğul olması, sadə insanların sevinci, kədəri, toyu, matəmi, adət-ənənələri öz əksini tapır.
"Heydərbabaya salam" poeması haqqında ilk elmi məqalə hesab edilən, 1955-ci ildə "Azərbaycan" dərgisində çap olunmuş "Ədəbi bir hadisə" adlı məqalənin müəllifi Məmməd Əmin Rəsulzadədir. Şair əsərdə "Heydərbaba səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" — deməklə Heydərbaba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf edib. Bütövlükdə "Heydərbabaya salam" poeması Vətən haqqında qüvvətli poetik manifestir. "Heydərbabaya salam" poemasında şair özünün də bədii obrazı canlandırıb. Akademik Bəkir Nəbiyev bu haqda qeyd edibki, lirik qəhrəmanla müəllif arasında tam eyniyyət olmasa da yaxınlıqlar, səsləşmələr müşahidə edilib.
Ustad Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında dünyasını dəyişib, 20 sentyabr Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlərin məqbərəsi"ndə) dəfn olunub. Həmin gün Cənubi Azərbaycanda milli matəm günü elan edilib.
13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərar qəbul edilib. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün — sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub. 2021-ci il mayın 21-də Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan vebsaytın təqdimatı keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
Şəhidlər barədə şeirlər - Zeynalı Dursunov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Zeynalı Dursunov
Zeynalı Əlləz oğlu Dursunov – 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axıska türklərindəndir. Zeynalı 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinifinə qəbul olunub, 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014-2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub.
Zeynalı 04 iyul 2017-ci ildən 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra fərdi təsərrüfatda çalışıb.
Azərbaycan Ordusunun əsgəri olan Zeynalı Dursunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Azərbaycanın işğalda olan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zeynalı Dursunov oktyabrın 14-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynalı Dursunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynalı Dursunov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynalı Dursunov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
İgid varsa, vətən var.
Vətən sizdən güc alır.
Bayraq şəhid qanıyla,
Zirvələrə ucalır.
Ucalır o müqəddəs,
Bayrağımız Şuşada.
O bayraq şəhidləri,
Vətən boyu yaşadar.
Yaşadar şəhidlərin,
Hər vətəndaş qəlbində,
Vətənin gül qəlbində,
Vətənin daş qəlbində.
Daş üstə yazı kimi,
Şəhidlər iz qoydular.
Vətənə can verdilər,
Torpağa üz qoydular.
Qoydular otuz illik,
Həsrəti darmadağın,
Kəsdilər yurdumuzdan,
Namərd düşmən ayağın.
İgid varsa, vətən var.
Vətən varsa, biz varıq.
Nə qədər ki biz varıq,
Sizləri unutmarıq.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
“Yaranışdan o mənim könlümə ilham verib...” - MÜSAHİBƏ
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün
75 yaşını qeyd etmiş Sumqayıtda 75 il ərzində diqqət çəkən bir ədəbi mühit də formalaşıb. Və bu mühitdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tanınmış şair Əşrəf Veysəlli xüsusi yer tutur.
Müsahibimiz odur.
-Necəsiniz Əşrəf müəllim, səhhətiniz necədir?
- Çox sağolun, çox minnətdaram. Gözlərimdən başqa heçnədən şikayətim yoxdur. Siz kefimi soruşdunuz deyə, biraz da yaxşılaşdım.
-Sumqayıtın sizin taleyinizdə yeri və rolu? Sizə ömrü geri çevirmək imkanı verilsəydi və ya zaman yolçuluğuna səyahət etmək fürsətiniz olsaydı yenə də tale şəhəri olaraq Sumqayıtı seçərdinizmi?
- Sumqayıt hamımızın tale şəhəridir. Yaxşı yadımdadır, mən ali təhsil ala-ala gecələr Sumqayıtda işə düzəldim. Gündüz fakultəsində oxuduğumdan dərslərimi elektrik qatarlarında hazırlamalı olurdum. Bununla belə ali məktəbi əla qiymətlərlə başa vurdum. Əbədi olaraq taleyimi Sumqayıta bağladım. Sumqayıt mənə xoşbəxt ailə həyatı bağışladı. Mən harda olsam da ürəyim bu şəhərlə döyünür. Çünki, bu şəhər həm də övladlaramın, nəvələrimin, nəticələrimin şəhəridir. Əlbəttə, dünyaya yenidən gəlmək fürsəti verilsəydi mən yenə də doğma şəhərimi seçərdim.
-Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əməyi olan qələm adamlarından biri və birincilərdənsiniz. O illər necə qalıb yaddaşınızda, çətin olmadı ki?
- Fikirləşəndə o illər gözümün qarşısından kino lenti kimi keçir. Əli Kərimi, Vaqif İbrahimi, Feyzi Mustafayevi, Ağəddin Mansurzadəni, Xasay Cahangirovu və digərlərini heç cür unuda bilmirəm. Ancaq burada ədəbi mühitin formalaşmasında böyük əməkləri olan Qulam Feyzullayevi, Söhrab Abdullayevi, Vaqif İbrahimi, Xasay Cahangirovu, İbrahim İlyaslını xüsusi qeyd etmək istəyirəm. O zamanlar mən Sumqayıt qəzeti nəzdində bədii şuranın sədri və poeziya klubunun direktoru idim. Sumqayıtda gənclik qaynayırdı. Elə indiki kimi...
-Sumqayıtın bugünki ədəbi mühiti sizi qane edirmi?
-Mən bugünki ədəbi mühitimizdən çox razıyam. Əgər adlarını çəksəm çox böyük bir siyahı alınar. Həm də kiminsə adı yadımdan çıxsa məndən inciyə bilər. Onların arasında geniş miqyasda tanınan şairlər, yazıçılar və ədəbi mühitə təzəcə qədəm qoyan, hələ öz dəsti - xəttini tam tapa bilməyən gənclərimiz də var. Mən onlara yeni - yeni uğurlar arzu edirəm.
-Sumqayıt cameəsində güvəndiyiniz və bəyəndiyiniz imzalar?
- Güvəndiyim və bəyəndiyim imzalardan Rafiq Yusifoğlu, Məmməd İlqar,
Zirəddin Qafarlı, Varis, Eyruz Məmmədov, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Almaz Ərgünəş Bəyazid, Gülnarə Cəmaləddin, Məryəm Aslanqızı, Hümbət Quliyev, Əli Ələmi, Rəfiqə Şəms, Nadir Azayoğlu, Hafiz Ataxanlı, Əli Nəcəfxanlı, Xatirə Fərəcli, Rafiq Oday, Nazilə Gültac, Süleyman Hüseynov, Lilpar Cəmşidqızı, Xəqani Abbasəli, Aygün Yaşar, Əyyub Qiyas, Ehtiram İlham, Mənsurə Xələfbəylinin adlarını xüsusi qeyd edə bilərəm.
-Sİz həm də AYB Sumqayıt bölməsində Məsləhət Məclisinin sədrisiniz. Bölmənin işindən razısınızmı?
- AYB Sumqayıt bölməsinin işindən saatlarla danışmaq olar. Bölmə öz işini planlı şəkildə qurur. Respublika yazıçılarının qurultayında irəli sürülən və gənclərin yaradıcılıqlarını istiqamətləndirmək baxımından tələb olunan göstəriş və vəzifələri layiqincə yerinə yetirir. Qardaş ölkə Türkiyə ilə ədəbi əlaqələrin qurulmasında, Aərbaycanın qələm adamlarımnın,eləcə də Sumqayıtlı qələm adamlarının əsərlərinin və eyni zamanda Türkiyənin istedadlı qələm adamlarının Azərbaycanda tanıdılması baxımından da xeyli işlər görür. AYB- nin Sumqayıtda yaşayan üzvləri xalqımızın yüz illərlə davam edən mübarizəsinin parlaq nəticəsi olan Qarabağ döyüşlərinin haqqında geniş, müfəssəl yazılar yazıb və yazmağa davam edirlər. “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında şəhidlərimiz və qazilərimiz haqqında, onların şəhadətləri və xarakterləri haqqında sanballı əsərlər meydana gəlir. Qarabağ mövzusunda Aidə Eyvazlı və Aygün Hacıyevanın zəhmətlərini xüsusi qeyd etmək lazımdır. AYB Sumqayıt bölməsinin Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə Şəhidlərimizə həsr etdiyi maraqlı layihələr təqdirəlayiqdir. Bundan başqamütəmadi olaraq Sumqayıtda yaşayan AYB üzvlərinin yubileyləri, kitab təqdimatları, görüşləri keçirilir və bütün bu görülən işlər şəhət ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Bundan başqa bölmənin həyata keçirdiyi bir- birindən maraqlı tədbirləri və layihələri saysaq məncə bunun üçün bir müsahibə bəs eləməz.
-Sumqayıt ədəbi mühiti ilə Bakı ədəbi mühitinin fərqi?
-Mənə elə gəlir ki, Sumqayıt ədəbi mühiti Bakı ədəbimühitindən daha qaynar və coşqundur. Tez-tez keçirilən kitab müzakirələri, yeni kitabların təqdimatı, şair və yazıçılarla görüşləri misal gətirmək olar.
-Şəhər rəhbərliyinin ədəbiyyata göstərdiyi diqqətdən razısınızmı?
- Açıq deyək ki, Sumqayıt ədəbi mühiti şəhər rəhbərliyinin diqqətindən kənarda deyil. Ayrı-ayrı yazarlara mütəmadi olaraq köməklik ediliir, onların güzəranına diqqət yetirilir. Son vaxtlara qədər möhtəşəm tədbirləri ilə çoxlarını heyrətdə qoyan poeziya klubu boynu bükük bənövşə kimi kol dibindən boylanır, zirzəmilərdə fəaliyyət göstərirdi. İndi isə Əli Kərim adına Poeziya evi keçmiş Heydər Əliyev mərkəzində əbədi məskunlaşmışdır. Elə təkcə buna görə şəhər rəhbərliyinə dəfələrlə minnətdar olmağa dəyər.
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
- Mənim nəyim varsa mənə Sumqayıt verib. Mən isə xəsislik etmişəm, Sumqayıta heç nə verməmişəm.
-75 yaşlı gənc şəhərimizə nəyi tövsiyə edərdiniz?
- Gələcəyə doğru inamla addımlayan əziz və doğma şəhərimiz, sükanı həmişə belə saxla.
Yaranışdan o mənim könlümə ilham verib,
Qoyunu coşub daşmalı, çağlamalı şəhərdir.
Otuna sığal çəkib, gülünə salam verib,
Hər gün halını sorub, yoxlamalı şəhərdir.
Bütün dünya bir ola, bütün aləm yığıla,
Bu möcüzə, bu heyrət gəlməzdi hər ağıla.
Büküb sözə, nəğməyə, bayatıya, nağıla
Namus kimi qoruyub saxlamalı şəhərdir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
15 Sentyabr – Bilik Günü adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən 15 Sentyabr – Bilik Günü münasibətilə virtual oxucular üçün biblioqrafik yaddaş kitabçası (biblioqrafik siyahı) hazırlanaraq təqdim edilib.
Materialda Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində söylədiyi dəyərli fikirlər, elm və təhsil haqqında ümumiləşdirilmiş məlumatlar, görkəmli şəxslərin bilik haqqında müdrik kəlamları və aforizmlər toplanıb.
Yaradılan daycestdə “Bilik Günü” mövzusunda dövrü mətbuatda dərc olunmuş 13 kitab və 45 adda məqalənin biblioqrafik siyahısı yer alıb.
Aşağıdakı link vasitəsilə daycestlə tanış ola bilərsiniz:.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
Nəsimi festivalı ilk dəfə Şamaxıdakı Nəsimi Bağlarında
Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın təqdimatı və “Nəsimi dastanı” baletinin yeni quruluşda premyerası olacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Nəsimi festivalının ikinci günü keçiriləcək tədbirdə Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları səslənəcək, qiraətçilər – Xalq artistləri Rasim Balayev, Mehriban Zəki, Xalidə Quliyeva, Əməkdar artist Qasım Nağı, eləcə də Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlının təqdimatında şeirlər dinləniləcək.
Həmin gün Şamaxıda növbəti təqdimat – açıq səma altında “Multidisplinar İncəsənət Festivalı” olacaq. Müxtəlif ustad dərsləri keçiriləcək, qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları, həmçinin poeziya fləş-mobu, eyni zamanda, türkiyəli yazar və musiqiçi Hakan Mengüçün sufizm fəlsəfəsi haqqında çıxışı, Türkiyənin “Tarz-ı Vefa Kervanı” qrupunun təqdimatları olacaq.
Axşam isə Nəsimi Bağlarında izləyicilər fərqli konsert proqramını seyr edəcəklər. Səhnədə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edəcək, Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, Əməkdar artistlər Sevda Ələkbərzadə, Elnur Mikayılov (kamança), həmçinin Çingiz Mustafayev, AİSEL, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının çıxışları olacaq.
Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişidir. Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış rejissor və prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Əsərin xoreoqrafı isə müxtəlif ölkələrdə fərqli truppalarla işləmiş Patrick De Banadır. “Nəsimi dastanı” baleti Şamaxıdakı Nəsimi Bağlarında açıq səma altında, Nəsimi abidəsinin önündə nümayiş olunacaq.
Ümumiyyətlə, sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək Nəsimi festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalacaq.
Üç gün ərzində Bakı və Şamaxıda baş tutacaq festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq hadisə kimi dəyərləndirilir və orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsini təbliğ edir.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı bu il ölkənin 10-dan çox şəhərində keçiriləcək
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ənənəvi musiqi bayramı bu il dahi bəstəkarın 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə böyük musiqi xadiminin yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Builki festival unudulmaz bəstəkarın yubileyinə qiymətli töhfə olacaq.
Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verəcəyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirəcək.
Sentyabrın 18-də saat 10:00-da Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və musiqi mədəniyyətimizin inkişafına töhfələr vermiş görkəmli incəsənət xadimlərinin məzarları ziyarət olunacaq. Saat 11:00-da Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Saat 12:00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında, açıq havada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında konsert keçiriləcək.
Həmin gün saat 14:00-da Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illiyinə həsr olunmuş ədəbi-bədii proqram təqdim ediləcək. Axşam saat 19:00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.
Festivalın tarixində ilk dəfə olaraq musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edəcək. Sentyabrın 18-də Sumqayıt, Mingəçevir, Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz, Göygöldə Üzeyir Hacıbəylinin musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.
Sentyabrın 18-də saat 16:00-da Ağcabədi Muğam Mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xor qrupunun (xormeyster: Naala Barateliya) konserti keçiriləcək.
Saat 19:00-da isə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında bu mədəniyyət ocağı ilə Naxçıvan Dövlət Filarmoniyasının birgə layihəsi əsasında Ü.Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının tamaşası nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində və Milli Musiqi Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində, Avstriyanın Vyana, Almaniyanın Berlin və Türkiyənin Ankara şəhərlərində konsert və təqdimatlar təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycanda klassik musiqinin, milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin dünyaya göz açdığı 18 sentyabr tarixi ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-da konsert proqramı ilə qeyd olunacaq
Bu gün Azərbaycan milli musiqisinin banisi, ilk Şərq operasının müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunacaq.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və "Fransa-Azərbaycan Dialoqu" assosiasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək tədbirin musiqi proqramı fransalı violonçelçi və "Arts Au Diapason" assosiasiyasının prezidenti Lora Volpatonun rəhbərliyi ilə hazırlanıb.
Konsertdə Lora Volpato “Trio Avey” ansamblı ilə birlikdə çıxış edəcək. Ansamblın tərkibinə violonçel, fleyta və piano daxildir. Onlar Üzeyir Hacıbəylinin seçilmiş əsərlərini səsləndirəcək, tamaşaçılara onun bənzərsiz musiqi dünyasını yaşadacaqlar.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mədəni tarixində silinməz iz qoymuş şəxsiyyətdir. O, ilk müsəlman operasının – "Leyli və Məcnun"un müəllifidir. Dərin bilikli musiqişünas və maarifçi kimi o, Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyaraq musiqi təhsilinin inkişafında mühüm rol oynayıb.
O, Qərb klassik musiqisi ilə Şərq muğam sənətini birləşdirərək unikal musiqi dili yaradıb. Onun yaradıcılığı təkcə melodik zənginliklə deyil, həm də mənəvi dərinliklə seçilir.
UNESCO-da keçirilən bu yubiley konserti Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanıdılması və yaşadılması üçün mühüm addımdır. Üzeyir Hacıbəylinin irsi, bu gün də yeni nəsillərə ilham verir və dünya musiqi xəzinəsində parlaq şəkildə yaşayır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)
TƏNHA SAVAŞÇI, yaxud, sonuncu amazon
İmran Verdiyev, Azərbyacan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
O, şəxsi həyatında çox əzab-əziyyətlərə qatlanmış, çox haqsızlıqlar görmüş, lakin bir amazon kimi mübarizə aparmış, öz cəsarəti, hünəri, dəyanəti, qətiyyəti və qabiliyyəti sayəsində bu günkü Nuridə (Qədirova) Atəşi olmuşdur. İndi tanınmış şair, yazıcı, tərcüməçi, jurnalist və elm adamıdır. Nəinki Azərbaycanda və Almaniyada, eləcə də Avropada öz adından söz etdirən şəxslərdəndir.
Adı Almaniyanın siyasətində, iqdisadiyyatında və mədəniyyətində aparıcı rol oynayan görkəmli insanlar haqqında hazırlanmış xüsusi ensiklopediyaya da daxil edilmişdir.
Müsahibələrinin birində deyir: “Mən ya çox xoşbəxt, ya da çox kədərli olduğum, yaxud da aşiq olduğum zamanlar daha çox yazıram. O durumlarda yaradıcılığım içimdən bir fontan kimi coşub daşır. O zaman elm çəkilir bir kənara. Həmin vaxt sırf yazıram. Bir-iki il durmadan yazıram, yaradıram. Elmlə məşğul olanda da yazıçılığım kənara çəkilir və mənə “get elmlə məşğul ol”,-deyir. Həyatın içində bir neçə həyat yaşayıram: şair, yazıcı, jurnalist, tərcüməçi, tarixçi və sənətkar həyatı…Mən bilirəm ki, Azərbaycan ədəbiyyatında qalacam. Hətta mühacir yazar olaraq alman ədəbiyyatında da qalacam... Şairin, yazarın, alimin qüdrəti də məhz onun qələmində, zəkasında, əsərlərindədir. Ona görə həmişə deyirəm ki, məni yüz il sonra da anlayacaqlar, yüz il sonra da dərk edəcəklər və yüz il sonra da dəyər verəcəklər”.
Onun haqqında hələ məktəbdə oxuduğu illərdə müəllimlərindən eşitmişdim. 22 avqust 1965-ci ildə Azərbaycanın Oğuz (keçmiş Vartaşen) rayonunun Xaçmaz kəndində anadan olub. 8-9 yaşlarından şeir yazmağa başlayıb. Şeirləri ilk dəfə rayon qəzetində dərc olunub. Mərkəzi mətbuatda isə ilk şeiri 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində nəşr edilib.
Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş, az bir vaxt kəndlərindəki mədəniyyət evində işləmişdir. Daha sonra 1984-1989-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq fakültəsində təhsil almışdır. Bir müddət Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır.
1995-ci ildə xəstə övladını müalicə üçün Almaniyaya aparan şairə bir daha geri qayıtmamaq qərarı verir və gələcək həyatını bu ölkə ilə bağlayır. Həmin ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bir aralar buradakı TDİ alman-türk televiziya kanalında “Körpü” və “Sevgi dünyası” proqramlarının yaradıcısı və aparıcısı olmuş, “Tühabilim” Mədəniyyət Mərkəzinə və rəqs kollektivinə rəhbərlik etmiş, “Hitit” nəşriyyatında redaktor, alman və türk dillərinin tərcüməçisi kimi çalışmışdır. 1997-ci ildə Berlində türk dilində “Avından qaçan avçı” adlı kitabı çapdan çıxmışdır. 1999-cu ildə yenə həmin şəhərdə çap olunan “Qadın xalq ozanları” antologiyasında və digər alman antologiyalarında şairənin şeirlərinə yer verilmişdir.
2003-cü ildə Berlində N.Gəncəvi adına Mədəniyyət İnstitutunu yaratmışdır. N.Atəşi Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini vermişdir. Alman şairlərinin şeirlərini tərcümə edərək onları "Orjinaldan tərcümələr" kitabında cəmləyən Nuridə Atəşi Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə etmişdir.
2008-ci ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti və digər bir çox klassik şairlərimizin əsərlərini alman dilinə tərcümə edərək şair Jan Veinard ilə birlikdə hazırladıqları "Pərvanə və şam. Azərbaycanın minillik məhəbbət poeziyası“ adlı antologiyaya daxil etmişdir. Antologiya Almaniyanın məşhur „Mattes & Setz“ nəşriyyatında nəşr edilib, Frankfurt kitab sərgisində uğurla sərgilənmişdir. Həmin kitabla Almaniya kitab bazarına daxil olan şairənin adı bu ölkənin ədəbi aləmində alman şair-yazarlarının sırasına düşüb. Az keçmədən daha bir görkəmli alman nəşriyyatında - “Karin Fişer”də Nuridə Atəşinin “Od qızı” adlı 15-ci kitabı nəşr edilib.
Nuridə Atəşinin ədəbi yaradıcılığı poeziya, tərcüməçilik və publisistika sahələrini əhatə edir. Şeirləri çoxdan Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilmişdir.
2000-ci ildə Berlində “İnsel galeriyada” dünya qadın şairlərinin müsabiqəsində də Azərbaycanı təmsil edən Nuridə Atəşi böyük uğur qazanmışdır.
Onun şeirlərinə alman, türk və Azərbaycan bəstəkarlarının bəstələdikləri onlarla mahnı bir neçə ölkədə tanınır və sevilir. Bu mahnılar Azərbaycanda populyar müğənnilər İlhamə Quliyeva, Brilliant Dadaşova, Zaur Rzayev, Zöhrə Abdullayeva, Səməd Səmədov, Almaz Ələsgərova və digərləri tərəfindən ifa edilib və edilir. Azərbaycanın tanınmış bəstəkarı F.Sücəddinovun şairənin “Neylərsən mənə görən neylərsən?” şeirinə bəstələdiyi və müğənni İlhamə Quliyevanın ifa etdiyi "Neylərsən" mahnısı isə Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir.
N.Atəşi deyir: “Mən alman ədəbiyyatına olduğum kimi gəldim və orada da qazandım. Yəni, mən buyam. Yazdıqlarımda, düşüncələrimdə duyğularımın, hisslərimin, arzularımın, yaşantılarımın üzərini örtə bilmirəm. Beynimdə bir şeyi düşünməkdən utanmıramsa, onu yazmaqdan heç utanmıram. Mən yazdığım zaman təmizlənirəm, saflaşıram, oxucumun önündə soyunuram, özüm oluram. Təbii ki, mələk deyiləm. Bəlkə də başqa qadınlardan fərqliliyim ondadır ki, heç vaxt mələk rolu oynamadım. Heç vaxt “hamı məni sevsin”,- deyə bir dərdim, ehtiyacım olmadı. Mənim mən olmağa ehtiyacım var. Ona görə də hər zaman düşündüyüm kimi yazdım. İstədiklərimi, arzuladıqlarımı, bütün yaşantılarımı olduğu kimi qələmə aldım və alıram. Yazarlıq budur, məncə”. (Mənbə: https://modern.az/musahibe /319394/mene-hemise-deyirler-ki-sen-sovet-tanki-kimisen-saire-nuride-atesi-ile-msahibe/)
Alman yazıcısı Y.Veissileder onun “Hitit” nəşriyyatında Azərbaycan dilində buraxılmış “İndi mən varam” adlı kitabına ön söz kimi verilmiş “O, alman poeziyasında duyğuların renessansını yaratdı” başlıqlı məqaləsində yazır: “…Nuridə Alman ədəbiyyatına müxtəlif dillərdən qaynaqlanan zəngin mədəniyyət nişanələri, sənət yanğısı gətirdi. Nuridə heç bir alman şairinin cəsarət etmədiyi üsyankar bir ruhla gəldi alman ədəbiyyatına. O, sözünü cəsarətlə, vüqarla deyir və həm də elə deyir ki, hamı ona heyran qalır, hətta məftun olur. Bəli, Nuridə bir üsyankar yaradıcıdır. O, şeir-sənət dünyasının bütün sərhədlərini qırır, aşır, yıxır. O, qəfil gəlişi ilə alman poeziyasında duyğuların, hisslərin ondan gözlənilən renessansını yaratdı”. Rotsdan Dövlət Universitetinin professoru, doktor V.Furhmann isə Nuridə xanımın 2006-cı ildə Bakıda “Nurlan” nəşriyyatında çap olunmuş “Gəl günaha bataq” kitabındakı “Sonuncu Amazon” məqaləsində belə yazır: “…Bəli, biz onun Almaniyada varlığı ilə fəxr edirik. O, bizim üçün, bizim ölkəmiz üçün əsil tapıntıdır…O, həyatın içində ərimir, həyatı öz içində əridir. Selin əksinə üzür, savaş meydanına atılır, Almaniyanı fəth edir. Almaniya da onu kəşf edir, təhna savaşçı olaraq Avropada parlayan bir şərq ulduzu kimi yenidən onu ölkəsinə təqdim edir”.
N.Atəşinin 2003-cü ildə Berlinin Radisson otelində “Yaşanmamış qadınlıq” kitabının təqdimat mərasimi zamanı Azərbaycanın Xalq şairi M.Araz da ona təbrik məktubu göndərmiş və Azərbaycan oxucusunu N.Atəşinin qeyri-adi poeziyasını qəbul etməyə və sevməyə çağırmışdır.
2006-cı ildə Bakıda “Gəl, günaha bataq” kitabının Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat mərasimində AYB-nin sədri Xalq yazıcısı Anar N.Atəşini istedadlı şair, cəsur insan kimi dəyərləndirməklə yanaşı, onun Almaniyada azərbaycançılıq baxımından çox əhəmiyyətli işlər gördüyünü bildirmişdir.
Şairlik, jurnalistlik və tərcüməçilik fəaliyyəti ilə yanaşı, Nuridə Atəşi elmi tədqiqatla da məşğuldur, alimdir – tarix elmləri doktorudur.
O, məşhur Azərbaycan-alman yazarı Əsəd Bəyin – Qurban Səidin (1905-1942) yaradıcılığını uzun illər araşdırmış, müəllifin arxiv sənədlərini Almaniyadan, İtaliyadan, İsveçrədən, Azərbaycan və Gürcüstandan toplamışdır. Eyni zamanda onun sonuncu əlyazması olan „Sevgidən bixəbər kişi“ adlı romanından bir parçanı dünya mətbuatında ilk dəfə olaraq „Yüz ilin sirrləri“ adlı kitabında nəşr etdirmişdir. Berlin “UM WELT FILM”in istehsal etdiyi „Əsəd Bəyin əzabları“ adlı sənədli filmdə Nuridə Atəşi əsas protoqonistlərdən biri olaraq çəkilmişdir. O, həmçinin Berlində Əsəd bəyin yaşadığı evin qarşısında onun barelyefini qoydurmuş, ədibin İtaliyanın Pozinato şəhərindəki məzar daşını onun vəsiyyətinə uyğun olaraq üzü qibləyə çevirtdirmişdir.
Nuridə Atəşi 1997-ci ildən Qafqazın qədim tarixi və eyni zamanda „Qafqaz amazonları“nın tədqiqatı ilə məşğul olub. 2011-ci ildə AMEA Nuridə Atəşinin tədqiqatlarının nəticələrini „Qafqaz amazonları“ adı altında alman, ingilis, rus və Azərbaycan dillərində Almaniyada nəşr etdirmişdir.
O, 2010-2016-cı illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı kimi „Azərbaycanın hərb sənətində qadının rolu“ mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır.
Özü söyləyir ki, “...ilk təhsilim mədəniyyətşünaslıq olduğu üçün sonradan fərq imtahanı verib, ixtisasımı tarix elminə dəyişdim. Son 15 ildə 6 dildə (Azərbaycan, rus, türk, alman, ingilis və fransız), 6 ölkədə (Azərbaycan, Gürcüstan, Rusiya, Avstriya, Almaniya və Fransa) tarixi-arxeoloji tətqiqatlar, araşdırmalar apardım. Bütün bu dillərdə yazılan ədəbiyyatları müqayisə elədim. Nə qədər elmi yenilikər ortaya çıxartdım. Azərbaycanlı alimlərin, arxeoloqların gedib işləmək, tətqiq eləmək imkanı olmayan Avropa muzeylərinin, arxivlərinin materiallarını gətirdim. Xocalı-Gədəbəy mədəniyyətinin beynəlxalq tədqiqatlarını başlatdım. Son on ildə 50-dən artıq elmi məqalələr çap elədim. Bunların əksəriyyəti Tomson Roytersin indeksli Avropa nəşrlərində - Almaniya, Avstriya, Fransa, Brüsseldə dəfələrlə dərc olundu. Onlarla beynəlxalq konfranslara, konqreslərə dəvət edildim, Cənubi Qafqazın, Azərbaycanın, Qarabağın tarixini, Xocalı-Gədəbəy mədəniyyətinin tarixini elmi diskussiyalara çıxartdım… Avropanın ən mötəbər 4-5 universitetindən mənə dəvətlər gəldi ki, gəlin bizim universitetimizdə dissertasiyanızı müdafiə edin. Onların arasından Fransanın Lyon 2 Universitetini seçdim. Bu universitet Avropada Qafqazşünaslıq üçün çox işlər görüb. Yeganə şərtləri o idi ki, fransız dilində müdafiə edim. 6 dil öyrənməyimə rəğmən, 55 yaşımda fransız dilini öyrənməyə başladım. İnsanın iradəsi, qətiyyəti olunca hər şey əldə edə bilir. Özümə qarşı olan ədalətsizliklərin cavabını verməli və mənə olunan etimadı doğrultmalı idim. Avropa elmində ən yüksək diplom sayılan “Habilitation de Direction Recherches” adlı elmi dərəcəni qazandım. Avropada Qarabağın, Xocalı-Gədəbəy mədəniyyətinin tarixini tanıtdım. Mənim bu səssiz cavabım Azərbaycan elmini, mədəniyyətini dünyaya rəzil edən qaragüruhçu danosçuların üzünə vurulan sərt bir şillə idi əslində”. (Mənbə: https://modern.az/musahibe/319394/mene-hemise-deyirler-ki-sen-sovet-tanki-kimisen-saire-nuride-atesi-ile-msahibe/)
Onu da qeyd edək ki, Nuridə xanım Fransanın Lion 2 Universitetində fransız dilində arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən ilk qafqazlıdır (2018-ci ildə) .
Nuridə Qədirova-Atəşinin indiyə qədər ədəbi və Qafqazın tarixinə, mədəniyyətinə, arxeologiyasına aid Almaniya və Azərbaycanda (Azərbaycan, türk, rus, ingilis və alman dillərində) 19-dan çox ədəbi, publisistik və elmi kitabı, 300-dən artıq məqaləsi nəşr edilmiş, əsərləri Almaniyanın Drezden və Leypsiq dövlət kitabxanalarında kataloqlaşdırılmışdır.
2007-ci ildə Nuridə Atəşi işıq üzü görən 6 kitabının əlyazmasını, fotoşəkilləri və 200-ə yaxın müxtəlif sənədləri Bakıda muzeyə təhvil verib. Bu sənədlərin arasında dünyanın 27 dilinə tərcümə olunan “Əli və Nino” romanı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC-ADR) süqutundan sonra xaricdə yaşayan Azərbaycan mühacirləri haqqında bir sıra məlumatlar yer alıb.
“Hər zaman mənə qucaq açan yeganə isti bir yuvamdır Azərbaycan”,- deyən Nuridə xanımın ürəyi daim Azərbaycanla döyünür. Fəaliyyətə başladığı ilk gündən Avropa elmində, mətbuatında, dərsliklərində, tarix və ədəbiyyatında Azərbaycan, Qarabağ həqiqətlərinin birtərəfli işıqlandırılmasına qarşı ölkənin bütün dairələrinə etirazlarını bildirmiş, bu həqiqətlərin ört-basdır və təhrif edilməsinə qarşı mübarizəyə qalxmışdır. 1997-ci ildə Berlində Nuridə Atəşinin “Qarabağımız qara bağrımız”, 2007-ci ildə isə „Qarabağ uğrunda savaş (Kampf um Berg- Karabach)” kitabları çap olunmuşdur. ”Almaniya elmi Qarabağ tarixinin erməniləşdirilməsində böyük rol oynayıb”,- deyə bəyanat verən N.Atəşi həmin yalanları tarixi faktlarla ifşa etmiş, alman elmində Qarabağla bağlı bu günə qədər obyektiv tədqiqat aparılmamasını pisləmişdir. Oz bəyanatında bildirmişdir ki, “İndiyə qədər susan alman tərəfi tarixi faktlar qarşısında cavab verməli və bu səhvlər düzəldilməlidir”.
O, həm də Almaniyada coğrafiya dərsliklərində Azərbaycanın xəritəsinin təhrif olunmasını, vətənimizin ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının Ermənistana aid edilməsini aşkara çıxarmış, onların aradan qaldırılmasına nail olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi N.Atəşi Cənubi Qafqazın, Qarabağın və Xocalı-Gədəbəy mədəniyyətinin tarixini elmi diskussiyalara çıxarmış və əsl həqiqəti bütün Avropaya çatdırmışdır. İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatı aparılan dövrlərdə bütün imkanları ilə çalışmışdır. Zəfər Qələbəsindən sonra o sevinclə, qürurla söyləyirdi: “…Həmişə deyirdim ki, Təbrizi, Göyçəni, Dərbəndi itirmişik. Onların davasını kim çəkdi ki? 50 ildən sonra unudulub getdi. Qarabağa qayıtmaq ümidini də itirmişdim. Bu qayıdışdan sonra isə dövlətə, Prezidentə olan sevgim, inamım daha da artıb. O, bunların hamısına layiqdir. Bu çox böyük bir hadisədir. Əzilmiş, məğlub millət olmaqdan qurtulduq”.
O, Azərbaycanla Almaniya arasında mədəniyyət körpüsü quranlardandır. Azərbaycanın Almaniyada və Avropada təmsilçisi olan Nuridə Atəşi 2012-ci ildən Əsəd Bəydən sonra ikinci azərbaycanlı yazar olaraq Almaniya Yazarlar Birliyinin üzvüdür. 2011-ci ildən isə PEN beynəlxalq yazarlar Mərkəzinin üzvü və Almaniya Jurnalistlər Birliyinin Berlin bərabər imkanlar komitəsinin sədr müavinidir. Berlin Qafqaz İnstitutunun direktoru, Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədridir.
Təsadüfi deyildir ki, „Who is who“ Hübner nəşriyyatının AFR-nın birləşməsinin 20 illiyi münasibətilə çap etdirdiyi Almaniyanın aparıcı kişi və qadınlarından ibarət xüsusi yubiley ensklopediyasında ölkənin siyasətində, iqdisadiyyatında, mədəniyyətində görkəmli yer tutan 22.200 nəfər aparıcı şəxslərin sırasında həmyerlimiz N.Atəşinin bioqrafiyasına da yer verilmişdir. Onu mədəniyyət xadimi, yazıçı, şairə, alim və Almaniyada fəaliyyət göstərən N.Gəncəvi İnstitutunun direktoru kimi ensklopediyaya daxil etmişlər.
Nuridə (Qədirova) Atəşi həmçinin “Qran Pri”, “Qızıl qələm”, Golden Award, S.Əsgərova adına və digər mükafatların sahibidir.
Həhayət, tənha savaşçı və sonuncu amazon barədə yazıya nöqtə qoyuruq. Sonda onun bir neçə şeirini sizlərə təqdim edirik:
Neylərsən, mənə görən, neylərsən?
Ürəyimi sənə açsam,
Dərdlərimi sənə danışsam,
Neylərsən mənə görən, neylərsən?
Yarama məlhəm istəsəm,
Səndən imdad diləsəm,
Neylərsən mənə görən, neylərsən?
Qarşını kəsib ağlasam,
Qapını döyüb yalvarsam,
Neylərsən mənə görən, neylərsən?
Sənsiz ölərəm desəm,
Sənə səninəm desəm,
Səni sevirəm desəm,
Neylərsən mənə görən, neylərsən?
Hələ ki, yaşaya bilirəm sənsiz…
Elə bilmə, dünyam sənsiz daralıb,
Hələ ki, yaşaya bilirəm sənsiz.
Elə bilmə, günüm sənsiz qaralıb,
Hələ ki, yaşaya bilirəm sənsiz.
Çatmasa da sənə ünüm,
Görməsə də, səni gözüm,
Qəmdən saralsa da, üzüm,
Hələ ki, yaşaya bilirəm sənsiz.
Dayana bilməsəm, sənsiz,
Dünyam onda dağılacaq.
Yaşaya bilməsəm, sənsiz,
Evim onda yıxılacaq…
Hələ ki, yaşaya bilirəm sənsiz
Mənimlə bir dil tap
Qürrələnirsən ki,
"Neçə dil bilirsən!"
Amma mənimlə danışmağa bir dil tapmırsan.
Heç bir dildə bircə misra,
Bircə kəlmə belə olsa yazmırsan mənə!
Nə dillər tapardım,
Hansı dili desən öyrənərdim sənə görə!
Gəl mənimlə bir dil tap,
Şeir dili, səssiz haykıran bir ruhun dili,
Lap həsrətin dili olsun bu dil.
Ya da sevən qəlbin sözsüz nəğmələrini oxusun.
Bu qədər incitmə məni,
Gəl mənimlə bir dil tap!
Heç bir qadın
Heç bir qadın belə gözəl "Yox" eşitməyib,
Heç bir qadın belə asan tərki-silah edilməyib.
Heç bir sevgini belə mehriban rədd etməyiblər,
Heç bir qadını belə səmimi ağlatmayıblar.
Heç demədi məni sevə bilməyəcək,
Heç demədi mənə ümid verməyəcək,
Heç demədi bir daha gəlməyəcək,
Heç bir qadın belə gözəl tərk edilməyib.
Hər gün məktublarımı oxuyub, susdu,
Ah- naləmi duyub da, çarəsiz durdu,
Bir gün sözarası yazdı sevgilisi olduğunu,
Heç bir qadın qəlbinə belə xəncər saplanmayıb.
Hansı qadın belə qəlbən rədd edilib?.
Hansı qadın belə içdən etiraz görüb?
Hansı qadın ürəyinə belə məğlub edilib?
Heç bir qadın!
Heç bir qadın belə gözəl "Yox"eşitməyib!
Bir gün
Bir gün mənimlə görüşsən,
Bütün dünya mənim olacaq.
Görəsən heç bağışlayarsanmı ki,
Bu boyda dünyanı birdən-birə mənə sən?!
“Ədəbiyyat və incəsənət”
(18.09.2025)


