Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Hadi Qaraçayın “Yalnızlığın ayrısı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.
Hadi Qaraçay
Norveç
YALNIZLIĞIN AYRISI
Hər şeyi qalan yerindən başladıq
Yoldaşlığı da!
Dəniz,
Qoyub getdiyimiz sahildə uzanmışdı.
Ağ papaqlı dağ, yekə bir yumaqdır
Düşdüyü yerdə qalıb.
Hər şeyi qaldığı yerdən başlamaq
Yoldaşlığı da.
Orman yorğun ağaclarıyla
Yaşıl gözləriylə
Balıqlı çaylara laylay oxuyar.
Mən,
Sizin qapınıza gəlləm
Döyəcini tapanmaram,
Sən bizim qapıya gələrsən, Qaraçay yoxdur!
Vikinqlərin də gözəl qızları olurmuş deyə içindən keçməsin
Mən Kamtalın qayalıqlarında qurumuş palıdam qızım.
Hər şeyi olduğu yerdən başlamaq
Qurumuş palıdları deyil ancaq,
Qurumaq,
Ağac dilində qarşı qoymaqdır
Yalnızlığa
Sahildə uzanmış dəniz olsa belə.
Ayrılığa
Dağ boyda yumaq olsa belə.
Sənsizliyə
Yaşıl gözlü bir ormanın qucağında
ağac olsa belə...
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Bu gün Milli Dirçəliş Günüdür!
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır. Xalqa sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı oldu.
Erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Məhz həmin ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı.
Bakının mərkəzində Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, xalqımız azad olmağa layiqdir. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası idi. Bunları görən rəsmi Moskva Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan edərək, SSRİ-in müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələrini Meydanda yerləşdirməklə dekabrın 3-dən 4-ə keçən gecə mitinqi dağıtdı. Lakin o zaman Xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı. Noyabrın 17-dən başlayan Meydan hərəkatı Azad Azərbaycanın təməlini qoydu.
Lakin 1988-ci ildə Xalq hərəkatı alovlananda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox, imperiyanın və özlərinin maraqlarını düşünən bu siyasətbazların siyasi savadsızlığı üzündən xalqımıza qarşı 1990-cı ilim 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən o zamankı hakimiyyətin xalqın dirçəliş və oyanışını mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığından xalq yenə də Ulu Öndər Heydər Əliyevə üz tutdu.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu.
1991-ci ilin mart ayında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq haqqına malik olan bu yolda bütün çətinliklərə sinə gərən xalqı daha müstəmləkə əsarətində saxlamaq qeyri-mümkündür.
Fərəhli haldır ki, bu gün xalqımız Milli Dirçəliş Gününü 30 ilə yaxın ərazilərimizin 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələrinə qarşı 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun yağı düşmən üzərində Möhtəşəm Zəfəri ilə qeyd edir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev iki il öncə Dirçəliş günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu, ən böyük milli məsələsini həll etdi. Yaratdığı Rəşadətli Azərbaycan Ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Bu gün müdrik lideri, və yenilməz sərkərdəsi cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımızın birliyi və həmrəyliyi bir daha dünyaya göstərdi ki, xalqımızın iradəsini heç bir qüvvə sındıra bilməz. Bu gücün bəxş edəcəyi daha böyük zəfərlər isə hələ qarşıdadır.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Aktotı Raimkulova TRT WORLD FORUM 2025-də iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbul şəhərində keçirilən “Qlobal Yenidənqurulma: Keçmişdən Yeni Reallıqlara” mövzusunda təşkil olunmuş TRT World Forum 2025-də iştirak edib.
Xanım Raimkulovanın forumda iştirakı mədəniyyətin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsində mühüm vasitə olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan bildirilib ki, tədbirin məqsədi qlobal miqyasda sülh, təhlükəsizlik, iqtisadi inkişaf, mədəniyyətlərarası dialoq və yeni geosiyasi reallıqlar fonunda beynəlxalq münasibətlərin gələcəyinə dair fikir mübadiləsi aparmaq, həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir.
2017-ci ildən bəri təşkil olunan TRT World Forum, dünyanın müxtəlif regionlarından dövlət və hökumət nümayəndələrini, alimləri, media və fikir liderlərini bir araya toplayan geo-siyasi cəhətdən önəmli platformaya çevrilib.
Açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Mərasimdə həmçinin TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı və SETA-nın baş direktoru Burhanəddin Duran çıxış ediblər. Rəsmi məlumata görə, builki forumda 35 ölkədən 1 500-dən çox iştirakçı və 132 spiker yer alıb.
Aktotı Raimkulova “Mərkəzi Asiyada Mədəni Diplomatiya və Kollektiv Kimlik: Regional Əlaqə və Birliyə Aparan Yollar” adlı Ekspertlər Dəyirmi Masasında spiker qismində çıxış edib.
Panel zamanı Aktotı Raimkulova Fondun fəaliyyəti, həyata keçirilən layihələr və Türk dünyasında mədəni inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.
Xanım A. Raimkulova, həmçinin Fondun YUNESKO, İSESKO, Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, Türk Akademiyası, TÜRKPA və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edərək, bu tərəfdaşlıqların Türk dünyasının səsinin qlobal səviyyədə eşidilməsinə imkan yaratdığını diqqətə çatdırıb.
Paneldə akademik mübadilələrin, ortaq dil və təhsil proqramlarının insanların bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını qeyd edən Fond prezidenti bu istiqamətdə həyata keçirilən layihələr - “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri”, “Türk dünyasının görkəmli şəxsiyyətləri” və “Türk Dünyasının Tarixi İnciləri” seriyaları, eləcə də TurkDiscovery adlı rəqəmsal platformanın beynəlxalq səviyyədə maarifləndirici rolunu xüsusi vurğulayıb.
Aktotı Raimkulova həmçinin Fondun mədəni irsin qorunması və təqdimatı sahəsində həyata keçirdiyi nümunəvi layihələr –“Türk dünyasının mədəni kodu” Türk dünyasının mədəni irsi kataloqu və “Türk Folklor İrsi” adlı Antologiyası, “Divanü Lügat-it-Türk”ün 950 illiyinə həsr olunan beynəlxalq konfrans, Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə yubiley tədbirləri, “Qurama” sənəti festivalı, “MIRAS” etnodizaynerlər forumu və digər təşəbbüsləri barədə də məlumat verib.
Onun sözlərinə görə, Fondun əsas məqsədi keçmişin irsini gələcəyin dəyərlərinə çevirmək, mədəniyyət vasitəsilə xalqlar arasında dayanıqlı əməkdaşlıq, dialoq və birliyi möhkəmləndirməkdir.
TRT World kanalının aparıcısı və müxbiri Cəffər Hasnainin moderatorluğu ilə baş tutan sessiya müzakirəsində, Qırğız Respublikasının sabiq Baş naziri Joomart Otorbaev, Qırğız Respublikasının keçmiş mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais və çıxış ediblər.
Müzakirə sessiyası Mərkəzi Asiyada mədəni diplomatiyanın, ortaq kimlik və mədəni irsin regional əməkdaşlıqda oynadığı rola həsr olunub. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri, ekspertlər və media təmsilçiləri iştirak ediblər.
Əlbəttə ki, məqsədi qlobal miqyasda sülh, təhlükəsizlik, iqtisadi inkişaf, mədəniyyətlərarası dialoq və yeni geosiyasi reallıqlar fonunda beynəlxalq münasibətlərin gələcəyinə dair fikir mübadiləsi aparmaq, həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək lan bir forumun faydası böyük olubdur.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
.
“Qutsal yolçu” İmişlidə təqdim olunub
İmişlidə şəhid mayor Emin Süleymanovun anım günü və ona həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
Noyabrın 13-də İmişli rayonunda Vətən Müharibəsi şəhidi, mayor Emin Süleymanovun İmişli Rayon Heydər Əliyev Mərkəzində anım günü qeyd olunub. Anım mərasimi çərçivəsində Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin şəhidin xatirəsinə həsr etdiyi “Qutsal Yolçu” kitabı da təqdim olunub.
“Ədəbiyyat və ibcəsənət” portal xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. Burada şəhidin portretləri, hərbi geyimi, şəxsi əşyaları və döyüş yolunu əks etdirən materiallar nümayiş etdirilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra çıxışlar dinlənilib, çıxış edənlər şəhidin Vətən qarşısında göstərdiyi igidlik, fədakarlıq və şücaətdən bəhs edərək, onun xatirəsinin daim ehtiramla anıldığını vurğulayıblar.
Emin Süleymanovun anası Tamara Süleymanova, böyük qardaşı 1-ci Qarabağ müharibəsi veteranı Mehman Süleymanov, oğlu Bəhmən Süleymanov, kursan yoldaşı Fuad Cəfərov, Vətən müharibəsi şəhidi 2 Qarabağ müharibəsinin Şəhidi Cavid Səfərlinin anası Xatirə xanım və başqaları çıxış edərək, şəhid haqqında xatirələrini bölüşüblər, onun qəhrəmanlıq salnaməsinin gənc nəsil üçün dəyərli örnək olduğunu və keçdiyi şərəfli yolun hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu deyiblər. Həmçinin, onlar şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yazıçı-publisist Şahanə Müşfiqin şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Qutsal Yolçu” kitabı təqdim olunub. Qeyd edilib ki, kitab şəhidimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və Vətənə sədaqətini özündə əks etdirir.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
Ağdamda Bəxtiyar Vahabzadə rüzgarı
13 noyabr 2025-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə “Konstitusiya və Suverenlik ili”çərçivəsində XX əsr və çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ictimai-siyasi xadim, Xalq Şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş "Ədəbiyyatımızın Bəxtiyarı" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına kollecdən verilən məlumata görə, çıxış edən natiqlər milli şüurun, milli təfəkkürün və milli özünüdərk fəlsəfəsinin inkişafında göstərmiş olduğu qətiyyətli və son dərəcə cəsarətli addımlarından bəhs olunub və böyük mütəfəkkirin ədəbiyyat tariximizdə oynadığı misilsiz xidmətlərindən söz açılıb.
Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb...
Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalır...
Sonda tələbələrin ifasında böyük ədibin müxtəlif şeirləri ifa olunmuş və əsərlərinə bəstələnmiş bədii kompazisiya səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
“Səmimi söhbət”imin yeni qonağı – Hümbət Həsənoğlu
Təranə Məmmədli,
yazıçı, dramaturq, tərcüməçi. “Ədəbiyyat və incəsənət” üçün
Əziz dostlar, hörmətli oxucular! Uzun fasilədən sonra sizi yenidən “Səmimi söhbət”imə qatılmağa dəvət edirəm. Bugünkü qonağım Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, həkim, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Sumqayıt Dostlar Klubunun sədri Hümbət Quliyevdir (Həsənoğludur). Həmsöhbətim çox maraqlı insandır. Düşünürəm ki, söhbətimizə qatılsanız peşiman olmazsınız.
Sual: Sizcə Hümbət Quliyev kimdir?
Cavab: İnsan. Azərbaycanlı. Özünü və həyatı dərk etməyə çalışan adam.
Sual: Sizcə insan özünü dərk etmək üçün nə etməlidir?
Cavab: Dərk sözü ilk olaraq anlamaq mənasındadır. İnsan da meyvə kimi yetişir. Meyvəni günəş yetişdirirsə, insan ilk olaraq özü özünü yetişdirir. Təbii ki, ailənin, məktəbin, cəmiyyətin də rolu bu işdə önəmlidir. İnsan ömrü boyu oxuya- oxuya, düşünə- düşünə də özünü, yaşadığı dünyanı anlamağa çalışır. Bu dünyaya niyə gəldiyini, nə üçün gəldiyini araşdırmağa cəhd edir. Dərk üçün insan ömrü boyu öz qarşısında suallar qoyub, onlara cavab axtarmağa çalışmalıdır. Bu səbəbdən təhsilin əsas prinsipi davamlılıqdır. Qərb təzəlikcə qəbul edib ki, təhsillənmə ömür boyu davam etməlidir. Müsəlmanlar bunu çoxdan bilirlər, çünki müqəddəs Quran deyir ki, “beşikdən qəbr evinə qədər öyrənmək lazımdır.” Beləliklə, dərk ömrü boyu insanı müşayət edən ağıl, təfəkkür prosesidir.
Sual: Siz göz həkimisiniz. Uzun illər minlərcə insanın gözünə nur vermisiniz . "Gözlər qəlbin aynasıdır" ifadəsini elm də təsdiq edirmi?
Cavab: Maraqlı sualdır. Gözlər haqda mühazirələr oxumuş insan olduğum üçün qısa cavaba sığışmaq çətin olacaq. Mən hətta gözlərlə bağlı bir Quran ayəsi açmışam, Azərbaycan Dövlət Televiziyasında ayrıca veriliş olub bu barədə. Sualınızla bağlı. Gözlər həqiqətən də insanın daxili hisslərini, emosiyalarını əks etdirir. Hesab edirəm ki, insan baxışı ali ünsiyyət formasıdır. İnsana da heyvanlar kimi danışmaq qabiliyyəti verilməsəydi, insanlar daha yaxşı cəmiyyətdə yaşayardılar. Ən azı gözlərin yalan danışa bilməmək qabiliyyətinə görə. Yalan danışanlar gözlərini bu səbəbdən gizlətməyə çalışırlar. Qara eynəklər də günəşdən çox qarşıdakı insanı aldatmaq vasitəsidir. Bir baxış yüz sözün çatdıra bilmədiyini bir anda çatdırar. İnsan özünü sevincli göstərə bilər, amma kədərlidirsə, gözləri kədərli qalacaq, yalandan qəhqəhə cəkib gülsə belə. Mən deyirəm ki, göz həqiqət carçısıdır. Sevgini də ən dəqiq ifadə edən gözlərdir. Sevən gözləri heç bir gözlə səhv salmazsan. Ruhlar haqda insan heç nə bilmir. Quranda da bu təsbit olunub. Amma mülahizə olaraq gözlərlə ruhun bağlılığını təsdiqləyərdim.
Sual: Yazıçılıq, həkimlik üstəgəl həyat təcrübəniz sizi müdrikləşdirib. Bunu çəkinmədən deyirəm, çünki hekayələriniz, esseləriniz və xüsusilə, aforizmləriniz buna bariz nümunədir. Özünüzü bu nəticə qane edirmi?
Cavab: Heç kəs sterotiplərdən xali deyil. Mənim də bir neçə ali təhsilim var, çoxlu kitablar oxumuşam, 40- a yaxın ölkədə olmuşam, Rusiyada, Almaniyada həkim işləmişəm, həkim kollektivlərinə başçılıq etmişəm. Beş dilə tərcümə olunmuş əsərlərimi 14 kitabda cəmləşdirmişəm. 6 mindən çox aforizmim var və ən azı say baxımından türk dünyasında öndəyəm. Bəlkə də daha böyük coğrafiyada.
Bu sualınızdan istifadə edib bir məsələni vurğulamaq istəyirəm. Ermənilər bütün(!) atalar sözlərimizi erməni dilinə tərcümə edib dünyaya yayıblar. Bizim Elmlər Akademiyasının müvafiq qurumu bu faktı rəsmən təsdiqləyib. Və o atalar sözlərimizi, təəssüf ki, Qarabağımızı qaytardığımız kimi qaytara bilməyəcəyik.
Nəzərə alsaq ki, aforizm elə müəllifi bəlli atalar sözüdür, mən ədəbi irsimizə, daha ermənilərin sahib çıxa bilməyəcəkləri 6 mindən çox atalar sözü əlavə edirəm.
Amma bir fenomen haqda deməliyəm, mən onu “Allahın insanla zarafatı” adlandırmışam. Allah insanın içinə öyrənmək istəyi adlı bir fitrət qoyub. İnsan həmişə məlumatlanmağa, öyrənməyə həvəslidir. Amma nə qədər çox oxuyursa, xüsusən də çox öyrənirsə, daha çox səy göstərirsə, mütləq bir nəticəyə gəlir ki, onun bildikləri heç zərrə belə deyil. Mən də özüm üçün bu nətcəyə gəlmişəm.
Müdrikliyim varsa, o yalnız Allahın zarafatını təbəssümlə qarşılamağa çatır.
Sual: Vətənpərvərsiz. Bu yazılarınızdan hiss edilir. Qarabağ dərdi çəkənlərdən olmusunuz uzun illər. Hekayələrinizin birində adi orta məktəb müəllimi Fransa prezidentinə tarix dərsi keçir və “Qarabağ Azərbaycandır!” deməyə məcbur edir. Sizin üçün vətən nədən başlayır?
Cavab: Uşaqlığım Qarabağda- Cəbrayılda nənəmin yanında keçib. Döşəməsi torpaq, damı qarğı, ortasında odun peçi, adı çavıstan olan evdə elə ikimiz qarşılıqlı və sonsuz bir sevgi içərisində yaşayırdıq. Məndə yaxşı nə varsa, nənəmdəndir. Onun danışdıqları nağıllar mənim təfəkkürümü formalaşdırıb. Uşaq təfəkkürünün inkişafı üçün nağıldan təsirli heç nə yoxdur. Vətənimi də, onun qəhrəmanlarını da mənə elə nənəmin nağılları sevdirib. Məmnuniyyətlə deyirəm ki, mənim üçün vətən nənəmdən başlayir.
Sual: Yazılarınız həmişə oxucuya nəsə öyrədir. Bu bir missiyadır bəlkə?
Cavab: Tarix boyu Azərbaycan ziyalılarının, hansı peşə sahibləri olmalarından asılı olmayaraq bir maarifçilik missiyaları olub. Ümumiyyətlə, bildiyini bölüşmək savab işlərdən biridir. Elə gətirib ki, mən çox yaxşı təhsil almışam, yaxşı kitablar oxumuşam, dünyanı gəzmişəm. Bildiklərimlə, təəssüratlarımla da həvəslə bölüşürəm.
Sual: Sizin ən çox sevdiyim “Fotoqraf” adlı bir hekayəniz var. Bu kiçik hekayə dünya miqyasına çıxarılmağa layiq bir hekayədir, məncə. Nə xoş ki, hekayənin əsas görünməz qəhrəmanı qadındır. Həyatda qadınlara münasibətiniz hekayədəkindən çox fərqlidir?
Cavab: Çətin sualdır. Etiraf edirəm ki, mənim qadınlara münasibətim, yumşaq desəm, birmənalı deyil. Kişi və qadın arasındakı fizioloji, psixoloji və digər fərqliliklər çox vaxt ziddiyyətlərə səbəb olur. Bir yazımda bu haqda geniş yazmışam. Qadın kişinin qabırğasından yaradıldığından təhtəlşüur səviyyəsində kişi özünü qadından üstün sayır. Elə həmin səviyyədə qadın kişini doğduğundan onu özünə borclu sayır. Əslində qadın və kişini ayrı- ayrılıqda götürüb analiz etmək qüsurlu yoldur. Hər iki cinsi Allah yarımçıq yaradıb və yalnız onlar birlikdə olanda tam varlığa çevrilirlər. Eyni zamanda bir prinsipial məqam var.
Hər insan iki hissədən, sağ və sol hissədə ibarətdir. Sağaxaylarda, sağ qulaq, sağ göz, sağ ağ ciyər, sağ böyrək solda olanlardan azacıq qüvvətlidir. Solaxaylarda əksinə. Məsələn hər iki göz eyni gücdə olsa, insan görməz. Cüt orqanların hamısında bu prinsip mütləq gözlənilir, yəni biri bir az öndədir. Qırıcı təyyarələrdə iki pilot olur. Mütləq biri aparıcı olmalıdır, ikisi də eyni zamanda idarə edə biməzlər, əks halda təyyarə qəzaya uğrayar. Qadın kişi münasibətlərində də az da olsa, kişi qabaqda olmalıdır. Quran da buyurur: onlar( kişilər) bir addım sizdən öndədirlər. O qadınlar ki, kişilərlə münasibətdə o addıma riayət edirlər, xoşbəxt olurlar. Harda ki, qadın bu mütənasibliyi pozur, problemlərlə üzləşir.
Müasir ailələrdə, təəssüf ki, bu prinsip pozulduğundan fəsadlar yaşanır. O qadın ki, öz kişisini başının tacı sayır, kişi onu öz şahzadəsi edir və belə şahzadə üçün dağları yerindən oynatmağa hazırdır. Etiraf edək ki, mənəvi dəyərlərimizə, həmçinin ailə dəyərlərimizə Qərb institutları tərəfindən güclü basqı var. Öz dəyərlərimizi qorusaq, xalqımızı da qoruyacayıq. Prezidentimizin bu sahədəki mövqeyi birmənalıdır. Bizə yad dəyərlər lazım deyil, öz dəyərlərimizi qoruyub yaşatmalıyıq. Bir alman dostum mənə dedi ki, biz dəyərlərimizi qoruya bilmədiyimizdən, emiqrantların uşaqlarına güvənmək məcburiyyətindəyik. Heç olmasa, siz öz dəyərlərinizə sahib çıxın. Qadının da azərbaycan ailəsində çox yüksək və şərəfli yeri həmişə olub. Amma nənələrimiz babalarımızın yanında öz yerlərini heç vaxt səhv salmayıblar.
Sual: Doktor, həkimlərə həmişə yaxşı mənada qibtə etmişəm. Sizə həm də bu qədər dərin bilikli , bu qədər geniş dünya görüşlü olduğunuz üçün qibtə edirəm. İncimirsiz ki?
Cavab: Necə inciyə bilərəm ki? Bilirəm ki, həkim olmaq arzunuz olub. Allah kimin arzusunu yerinə yetirmirsə, deməli onun üçün o arzudan da yaxşı nəsə hazırlayıb. Siz öz sahənizdə çox uğurlu olmusunuz, Maşallah. Ədəbiyyat sahəsindəki uğurlarınız çoxşaxəlidir. Hesab edurəm ki, siz ədəbiyyatımızın həkimisiniz və yazarlarımızın əsərlərinə dolğun ədəbi diaqnoz qoyursunuz.
Sual: Siz Azərbaycanda və bir çox digər ölkədə analoqu olmayan Sumqayıt Dostluq Klubu yaratmısınız. Bir qədər bundan danışsaydınız maraqlı olardı.
Cavab: Həqiqətən Sumqayıt Dotlar Klubunun anoloqu yoxdur. Süni intellektlərə də sual vermişik, cavab belə olub ki, dünyada bu kimi Klub yoxdur. Uzağı demirəm, heç Bakıda da yoxdur. Şəhər və Respublika səviyyəsində tanınmış yazarların, həkimlərin, alimlərin 9 il birlikdə olmaları həqiqətən qürurvericidir.
21 nəfərdən ibarət İdarə Heyəti, ilk növbədə, gənc nəslin düzgün tərbiyəsi, onlara mənəvi dəyərlərimizin aşılanması istiqamətində məqsədli işlər görür. Fəaliyyət meydanımız məktəblər, kitabxanalar, muzeylərdir. Gənclərlə çoxlu görüşlər, diskusiyalar keçiririk. Bilirsiniz, uşaqlar böyüklərə qulaq asmırlar, onlar böyüklərə baxırlar. Bu baxımdan Klubumuzun hər bir üzvü öz həyatı, dünyagörüşü, yaradıcılığı ilə gənclərə örnəkdir. Biz həm də Beynəlxalq Klubuq və 30- a yaxın xarcilərdən ibarət fəxri üzvümüz var. Onların əksəriyyəti yazarlardır.
Müasir dövrdə texniki imkanlar xarici əməkdaşlıq üçün rahat şərait yaradır.
Klubumuzun gələcəklə bağlı hələ çox layihələri var. Məsələn, biz artıq qalib xalqıq. Uşaqlarımıza, gənclərimizə qalib hissini aşılamalıyıq. Onlar bu hissdən qürurlana bilməlidirlər. Onlar azərbaycanlı olduqlarından fəxarət hissi keçirtməyi bacarmalıdırlar. Biz özümüz başımızı dik tutmalıyıq ki, onlar da bizə baxıb başlarını uca tutub bu xalqa sahiblənsinlər.
Sual:Doktor, bayaqdan mən sizə suallar verib cavablarınızı dinləyirəm. Əgər siz sual verməli olsaydınız mənə hansı sualı verərdiniz?
Cavab: Düzü, sizə verə biləcəyim heç bir sual ağlıma gəlmir. Ağlıma dilək gəlir.
İlk növbədə sizə can sağlığı diləyirəm. Yazar kimi də, tərcüməçi kimi də sizi uğurlu sayıram. Çox xoşbəxtəm ki, mənim seçilmiş əsərlərimi məhz siz rus dilinə tərcümə eləmisiniz. Mənə qadın yazarlar öz qadın baxışları ilə maraqlıdırlar. Bu baxımdan əsərlərinizdəki qadın personajların necə düşünmələri, hadisələrə onların münasibətləri mənə maraqlıdır. Sizdə qadınla bağlı süjetlər yaxşı alınır. Sizə çoxlu həyat və yaradıcılıq uğuları diləyirəm. Öz məşhur layihəniz üçün məni növbəti həmsöhbət seçdiyinizə görə də sizə ayrıca minnətdarlığımı bildirirəm.
Həmişə var olun!
Sual: Çox sağ olun, doktor. Seçilmiş əsərlərinizi rus dilinə xüsusi bir maraqla tərcümə edirdim və hər hekayədə, hər essedə, hər novellada sizin geniş dünya görüşünüzü, yüksək intellektinizi hiss edirdim. Oxuculara bu kitabınızı hər iki dildə oxumağı tövsiyə edərdim. Mənimlə həmsöhbət olmağa razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Düşünürəm ki, söhbətimiz alındı və bu söhbətə qatılanlar bizi çox maraqla dinlədilər. Sizə fəaliyyət göstərdiyiniz hər sahədə uğurlar arzu edirəm.
Cavab. Qarşılıqlıdır. Mən də sizə can sağlığı və yaradıcılığınızda daha böyük uğurlar arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
Tələbə yaradıcılığında Sevgi Zülfüqarovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Sevgi Zülfüqarovanın “Dost zərbəsi” hekayəsi təqdim edilir.
SEVGİ ZÜLFÜQAROVA
DOST ZƏRBƏSİ
Bu gün bazar ertəsi idi. Namazovlar ailəsi göz qabağında hörmətli bir ailə kimi tanınırdı. Tanınmış müstəqntiq Fərid Namazov dostu Kamil ilə birgə Naxçıvana ezam olunmuşdu, ailəsi isə Bakıda yaşayırdı.
Fərid diqqətli, inadkar və əzmli bir peşəkardı. Kamil isə ondan daha rahat, öz rahatlığını sevən biriydi. Uşaqlıqdan bəri qardaş qədər yaxın olan bu iki adam bir çox cinayətin izini açmışdılar — və bu uğurların arxasında daha çox Fəridin zəhməti dayanırdı. Fərid bu işləri üçün mükafat da almışdı; Kamilsə onu yalnız quruca təbrik etmişdi.
Bu gün Fərid işdən erkən çıxıb kiayə qaldığı mənzilə getmişdi. Yeməyini yeyib televizora baxdı, sonra yatmağa hazırlaşdı. Hər dəfə uzaq səfərdə olanda axşam ailəsini zəngləyənə qədər yatmazdı. Amma bu gecə Fəridin ailəsi ondan zəng ala bilmədi. Anası Gözəl çox həyəcanlıydı.
— Kamall, bu gecə Fəriddən zəng gəlmədi. Sən onunla danışa bildin? — dedi Gözəl, sanki ürəyində qəribə bir hissə ilə.
— Bəli, bu gün işdən çıxıb evə getmişdi. Çox yorğun idi, yəqin ona görə zəng etməyib, — deyə, cavab verdi Kamal.
— Bilmirəm... O heç vaxt zəng etmədən yatmazdı, — Gözəl narahat idi.
— Ürəyinə qurd salma, yorğundur, yəqin yatır, — təsəlli verdi Kamal. — Səhər oyanar, mütləq əlaqə saxlayar.
Səhər saat altıda Fərid oyanmalı və işə getməliydi. Lakin bu gün işə gəlmədi. Müdirü bir neçə dəfə zəng etdi, amma cavab ala bilmədi. Nəhayət müdür Kamildən soruşdu və Kamil dedi ki, dünəndən bəri onunla əlaqə saxlamayıb. Müdür:— Sənlə gedək Fəridin evinə. Bəlkə xəstədir, yaxşı deyil, - söylədi.
Kamillə müdür Fəridin evinə getdilər. Qapını döysələr də heç kim açmadı. Kamil əlacsız qaldı — qapını qırmalı oldular. İçəri daxil olanda qarşılaşdıqları mənzərə qan donduran idi: Fəridin cansız bədəni qana bələnmiş halda yerə sərilmişdi. Dərhal polis çağırıldı.
Polis ilkin olaraq intihar ehtimalını irəli sürdü. Amma belə həyat dolu, işində uğurlu biri necə canına qıya bilərdi? Fəridin ailəsinə hadisədən xəbər verildi. Gözəl fəryadla ağladı:
— Mənim oğlum canına qıya bilməz, onu öldürüblər!
Bıçağın üzərində Fəridin barmaq izləri olsa da, anası buna inanmırdı. Kamal şokun təsiri ilə susub yerində donmuşdu. Günlər keçdi, sirr açılmadı. Hər kəsin ağlında sual bir idi: Fərid niyə özünə qəsd etmişdi?
Kamil getdikcə məhv olurdu. Qardaş dediyi insan həyatda yoxdu. Bir gün məzara gedib baş daşını qucaqlayanda qışqıraraq danışmağa başladı — elə bil Fərid onu eşidirdi.
— Bilirsən, Fərid, sənsiz hər şey qəribədir. İnamın, əzmin, inadın yoxdu... Bağışla, — pıçıldadı Kamil. — Bəlkə bağışlamazsan. Çünki... mən sənin həyatına son verdim.
Gecənin yaddaşı onunla yaşayırdı. O gecə Fərid işdən yorğun gəlmiş, üstünü dəyişib yemək yemişdi, televizora baxıırdı. Qapı gözlənilmədən döyülmüşdü. Gələn Kamil imiş — içkili halda. Fərid qardaşını görüb sevinmişdi:
— Oy, qardaşım, xoş gəlmisən. Nə olub sənə?
Kamil sakitcə içəri girib su istəmişdi. Fərid su gətirmək üçün mətbəxə yönəlib qayıtdığı zaman qarşısındakı mənzərədə donub qaldı. Kamil əlində bıçaqla dayanmışdı. Gözlərində əsəbi bir gülüş, əlləri isə titrəmirdi — sanki hər şeyi uzun müddət planlamışdı.
— Qardaşım, sən yaxşı deyilsən. O bıçağı qoy yerə, sakitcə danışaq, — demişdi Fərid səssizcə, səsində qorxu ilə ümid qarışığı vardı.
— Artıq gecdir, Fərid, — Kamil cavab vermişdi. Və bir göz qırpımında hücum etmişdi.
Bıçaq zərbələri qəfil və amansız idi. İlk zərbə ciyərinə ismarıc kimi batmışdı. İkinci zərbə isə ən şiddətli olanı olmuşdu — Fəridin ürəəyinə saplanmışdı. Son nəfəsinə yaxın, Fəridin səsi titrəyirdi.
— Axı biz qardaş idik... Niyə etdin, Kamil?
Kamil bir anlıq duruxmuşdu, qaşları arasında qəribə bir soyuqluq peyda olmuşdu.
— Hamı səni qabaqda görürdü, — demişdi o, sanki özünü də haqqlandırmağa çalışırmış kimi. — Bağışla, qardaşım... səni aradan qaldırmalı idim.
Fəridin gözləri artıq zəifləmişdi; O, dünyaya son dəfə baxıb susmuşdu. Həyat onun gözünə yumulmuşdu.
— Bəli, Fərid, sən haqlıydın. Biz qardaş idik... — demişdi o öz-özünə. Ardınca əli ilə bıçağı götürmüdü, sapını Fəridin barmaq izləri və qanı ilə bulamışdı — yeri gəlmişkən, hər şeyin şahidi olan soyuq metal,yəni bıçaq indi onun əlindəydi...
Kamil o gecədən ayrılıb, baş daşını qucaqladı.
Son dəfə baş əydi, sonra sakitcə dedi:
— Gedirəm polisə. Etiraf edəcəm. Bağışla məni...
O, yolun başına addımladı — arxasında bir qardaşın sönmüş nəfəsi, içində isə silinməyəcək bir günah və peşmanlıq qaldı.
Hekayə bitdi — amma Kamilin içində qopub duran vicdanın səsi daha uzun müddət susmayacaqdı.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Azərbaycanın Zəfər Günü münasibətilə Böyük Britaniyanın paytaxtı Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına komiytədən məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diaspor fəalı və “Bülbül Azərbaycan dili” kitabının müəllifi Emiliya Cəbrayılova açılış nitqində bu tədbirin yalnız tarixi bir anı xatırlamaq deyil, həmçinin, xalqımızın qürur, qəhrəmanlıq və birliyini təntənə ilə qeyd etmək məqsədi daşıdığını bildirib.
Tədbirdə Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyənin Böyük Britaniyadakı səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva çıxış edib.
Çıxışlarda xalqımızın əzmkarlığı, həmrəyliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Vətən müharibəsində tarixi Qələbənin qazanıldığı vurğulanıb.
Bədii hissədə tanınmış ifaçılar – Rasim Fərziyev və ansamblı, Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycanın xalq mahnılarını və bəstəkar musiqilərini ifa ediblər.
Bununla yanaşı, Eldar Əzizovun müəllifliyi ilə hazırlanan “The History of the Patriotic War: Personality Factor” ( “Vətən müharibəsinin tarixi: şəxsiyyət faktoru”) adlı kitabın təqdimatı keçirilib. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.
Bu tədbir Azərbaycan diasporunun birlik, qürur və milli həmrəylik ruhunu bir daha nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
Budapeştdə Zəfər Gününün 5-ci ildönümü qeyd edilib
Macarıstanın paytaxtı Budapeştdə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına komitədən məlumat verilib.
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyaraq dövlətimizin ərazi bütövlüyünü, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyini bildirib. 9 Noyabrın hər il Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edildiyini də xatırladan səfir bu gün üçrəngli bayrağımızın ölkəmizin hər bölgəsində qürurla dalğalandığını vurğulayıb.
Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb, qazanılan qələbənin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin, xalqımızın qəhrəmanlığının və birliyinin rəmzi olduğunu qeyd edib. Bu parlaq qələbədən sonra Azərbaycan xalqının Dövlət Bayrağı Gününü daha böyük qürur və sevinclə qeyd etdiyini dilə gətirib.
Tədbirdə Zəfər Gününə həsr olunan videoçarxların nümayişi maraqla izlənib.
Mərasim “Harmoniyada Zəfər” adlı konsert proqramı ilə davam edib. Gənc pianoçular Ayan Məmmədli və Sona Ağarzayeva xalq mahnılarımızı, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)
“Zəfər Dastanı” – “7 Gözəl” Ankarada səhnə aldı
Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün
Ankaranın noyabr axşamı bir səssizliklə başladı.
Sonra səhnəyə bir maestro çıxdı — İslam Manafov.
Onun açılış nitqi ilə “Zəfər Dastanı” adlı konsert gecəsi başladı. Şəhidlərimiz sükütla anıldı. Nitq başladı. Bu nitqdə sükut, minnətdarlıq və mədəniyyətin birləşdirici gücü vardı. Hər kəlməsi salona yayıldı — sanki tarix özü danışırdı.
Birliyin musiqi səsi
8 noyabr 2025-ci il tarixində CSO Ada Ankara Tarixi Salonunda keçirilən bu konsert, yalnız bir sənət hadisəsi deyil, türk dünyasının mədəni birliyinin səhnə təcəssümü idi. “7 Gözəl” ansamblı — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan gəlmiş yeddi qadın musiqiçidən ibarət kollektivi ilə səhnəyə çıxmışdı.
Ansamblın musiqi rəhbəri, Azərbaycanın Əməkdar Artisti Turan Manafzadə idi. Onun idarəçiliyi ilə səslənən hər bir melodiya həm emosional dərinlik, həm də texniki mükəmməlliklə səhnədə canlanırdı.
Cəngi ilə başlayan Zəfər
Gecənin açılışı “Cəngi” ilə oldu — Azərbaycan musiqi ruhunun döyüş çağırışı kimi. Zalda ilk notdan etibarən gərgin bir enerji hiss olundu. Bu musiqi sanki yalnız səslənmirdi — o, salondakı hər kəsin ürəyində əks-səda tapırdı.
Ardınca səslənən parçalar türk dünyasının ruhunu bir səhnədə birləşdirdi:
“Fikrimin İnce Gülü” – nostalji və sevgi arasında incə bir körpü;“Nazəndə Sevgilim” – klassik lirik duyğunun yeni tərtibatda səslənişi;“Sarı Gəlin” – sərhədsiz bir xalq melodiyası kimi;
“Ey Vətən” – mərdlik və qürur notları kimi yaddaşlara həkk oldu.
Bu əsərlərin arasında hər bir ölkədən gələn musiqiçi öz xalqının melodiyasını səsləndirdi. Hər bir qadının alətindən çıxan səs, bir xalqa, bir tarixə məxsus idi.
Səhnə və duyğu
Səhnənin vizual tərtibatı sadə, lakin simvolik idi:
arka planda yüngül duman işıqları, qadınların musiqi ilə birləşən siluetləri görünürdü. Bu məkan sanki bir səhnə yox, musiqi məbədinə çevrilmişdi.
Turan Manafzadənin rəhbərliyi və ifalar
Turan Manafzadənin musiqi rəhbərliyi təkcə texniki baxımdan deyil, həm də ideoloji baxımdan dərin idi. O, musiqini tarixlə, duyğunu isə vətənlə bağlamağı bacarırdı.
Piano arxasında onun ifası, “Zəfər Destanı”nın sakit, lakin təsirli hissələrində səhnəyə sükut gətirir, sonra ritmlə birlikdə yüksəlirdi.
İslam Manafovun çıxışı – səhnəyə mənəvi giriş
Konsertin açılışını edən İslam Manafov, musiqi proqramının mənəvi tonunu müəyyənləşdirdi. O, çıxışında mədəniyyətin diplomatiyadan daha güclü bir körpü olduğunu vurğuladı. Bu cümlə, konsert boyunca səslənən hər bir melodiyada yaşadı.
Musiqinin dili – qadın səsi ilə
“7 Gözəl”in konsepti yalnız Nizami Gəncəvinin eyniadlı əsərinə ədəbi bir istinad deyildi; bu, həm də qadınların səhnədə öz dillərini musiqi vasitəsilə danışması idi.
Bu layihə qadının səsini təkcə vokal kimi deyil, xalq yaddaşının musiqili daşıyıcısı kimi təqdim etdi.
Zəfərin notları
Finalda yenidən bütün musiqiçilər səhnədə birləşdi. Ritmlər bir-birinə qarışdı, alətlər danışdı, sanki türk dünyası bir orkestra çevrildi. Alqışlar uzun sürsə də, kimsə zalı tərk etmirdi — çünki bu konsertdə səslənən “Zəfər” sadəcə bir müharibənin yox, bir mədəniyyətin qələbəsi idi
Ankarada səslənən “Zəfər Destanı” musiqi proqramı, tarixlə bu günü birləşdirən səhnə əsərinə çevrildi.
İslam Manafovun açılışı, Turan Manafzadənin rəhbərliyi və “7 Gözəl” ansamblının qadın enerjisi bu gecəni unudulmaz etdi.
Bu, musiqi ilə deyilən bir dua idi — səssiz, lakin güclü.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)


