Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Xosrov Barışanın “Pəncərəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xosrov Barışandır.
Xosrov Barışan
Təbriz
PƏNCƏRƏM
Göm-göy gözlərini asdım pəncərəmə!
Bir quş çəkdim
Göy üzünə,
Bir qanadı sən..,
Bir qanadı mən;
Uçduqca həyat gerçəkləşir.
Qovuşuruq, ayrılıq.
İndi bütün yollar baxışından keçir.
Umudumuz ölməyəcək.
Uşaqlığım yenə
Kamiyon sürür önümdə;
Sözcüklər daşıyır içimdən dışıma;
Qocalıb şeir yazıram sənə.
“Gəcil”də qurdlu meyvədir ürək;
Satılır alanın gözündən gizli!
Buna görə quşğularım quşların qanadında gəzər.
Qızıl qanınızdır “Əmir”də vitrinlərdən axır!
Hər tükan bir həbs selluludur satana!
Buna görə saat qabağında
Tükan olar yazdıqlarım aldıqlarınıza!
Buna görə insan seçdiyinin toruna düşər!
Buna görə yaxşılıq edincə borclu düşürəm!
Bu şəhərin acları
Zibil qabılardan axtarırlar diləklərini!
Yox karıxdırıldım
Bu şəhərin toxları
Zibil qabılardan axtarırlar diləklərini!
Kitablarda itib-itib özümü tapanmayıram!
Ah bu şəhər əynimə dar gəlir!
Buna görə səni geyirəm sözlərimə.
Xoşbəxtlik doğulmaz ətənədir,
İçimdə çabalar...
Çabalar...
Çabalar...
Bunca çaba
Sifirə çarpılar!
Gizlin bir yalan kimiyəm!
Buna görə təkamül qatarı gedə-gedə şairliyim qatardan düşür!
Sevgi bir qar topu idi, nəmkim atmışdı!
Uşaqlığım
Dığırladıb-dığırladıb böyütdü onu,
Yaşamağın boranında.
Hə sonunda,
Son anda
Anladım
Baxışmamız
Aydınlığın partlaması...
Dünyayı uşaqlara verək, yönətsinlər.
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Qərbi Azərbaycan ziyalıları: Yunis Rzayev
Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Yunis Qəhrəman oğlu Rzayev 1924-cü il mayın 2-də Göyçə mahalının Basarkeçər rayonuna bağlı Şişqaya kəndində dünyaya gəlmişdir. 1943–1946-cı illərdə hərbi xidmət keçmiş, bu dövrdə Cənubi Qafqaz Hərbi Dairəsinin nəzdində fəaliyyət göstərən siyasi məktəbdə təhsil almışdır.
1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, daha sonra Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir. 1960–1962-ci illərdə isə Moskvada Sov.İKP MK nəzdində fəaliyyət göstərən Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə Ermənistan KP-nin Basarkeçər Rayon Komitəsində təlimatçı kimi başlayan Yunis Rzayev 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1953-cü ildən Basarkeçər Rayon İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə isə Çəmbərək Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
1962–1965-ci illərdə Qaranlıq və Basarkeçər rayonlarının partiya komitələrində məsul postlarda çalışmış, 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir. 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsində sədr müavini kimi fəaliyyət göstərmişdir.
1970-ci ildən etibarən Azərbaycanda çalışmış, 1973-cü ilədək Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1973-cü ildən həyatının sonunadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə rəhbərlik etmişdir.
Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə həmin qurumun tamhüquqlu üzvü olmuşdur. O, VII çağırış SSRİ Ali Sovetinin, həmçinin IV, V və VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş, eyni zamanda Ali Sovet Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
Yunis Rzayev 1985-ci il yanvarın 24-də vəfat etmiş və II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Görmədiyin bir şeyi sevmək mümkündürmü?
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Heç düşünmüsən, görmədiyin bir şeyi sevmək mümkündürmü?
Adını eşitmədiyin bir hissi tanımaq, toxunmadığın bir şeyi məsələn, qırmızı rəngi itirməkdən qorxmaq..
Bəzən insan elə şeylər yaşayır ki, onları izah üçün dil kifayət etmir. Sözlər aciz qalır, cümlələr yarımçıq ölür. Çünki hər şey izah olunmaq üçün yaranmayıb.
Bəziləri sadəcə hiss edilmək üçündür. Bu yazı da elə bir cəhddir. Görməyən birinə rəngi başa salmaq qədər çətin, tanımayana bir insanı, mənim Bircəmi, izah etmək qədər imkansız bir cəhd. Əgər oxumağa davam etsən, bəlkə bir insanı tanımayacaqsan. Amma çox güman ki, öz içində çoxdan tanıdığın bir hisslə qarşılaşacaqsan. Və əgər bir anlıq belə ürəyində nəsə tərpənsə.. deməli, bu mətn artıq səni görmədən görüb...
Kor birinə heç görmədiyi bir rəngi başa salmaq kimidir, ona və onu tanımayan birinə mənim bircəmi izah etmək. Çünki bəzi şeylər izah üçün yaranmayıb. Onlar sadəcə yaşanmaq üçündür. Mənim bircəm də onlardandır. Onu cümlələrə sığışdırmaq, sözlərlə çərçivəyə salmaq istədikcə, əlimdən sürüşüb gedir. Elə bil suyu ovuclayırsan, hiss edirsən, amma saxlaya bilmirsən.
İnsanlar soruşur: "Necədir?"
Nəyi necə deyim? Hansı ölçü vahidi ilə? Xasiyyət desəm, yarımçıq qalar. Gözəllik desəm, ədalətsiz olar. Sevgi desəm, çoxlarının ağlında köhnəlmiş, ucuzlaşmış bir söz canlanar. Amma o, bunların heç biri deyil, ya da hamısıdır, amma fərqli şəkildə. Kor birinə rəngi izah etmək üçün gözə yox, bədənə müraciət edirsən. İstiliyə, sərinliyə, titrəyişə. Mənim bircəmi anlatmaq üçün də eyni yolu gedirəm. O, ürəyimin ritmini dəyişən bir varlıqdır. Yanındaykən zaman başqa cür axır, nə sürətlidir, nə yavaş. Sadəcə yerindədir. O, səs-küylü dünyada qulağına toxunmayan bir sükut kimidir. Elə sükut ki, adam qorxmur. Əksinə, içində gizlənmək istəyir. Hamı nəsə sübut etməyə çalışarkən, onun varlığı sübuta ehtiyac duymur. O, "bax" demir. O, "qal" deyir.
Onu tanımayan birinə izah etmək daha çətindir. Çünki tanımayan insan şəkil istəyir, fakt istəyir, səbəb axtarır. Halbuki mənim Bircəmin təsiri səbəblə izah olunmur. O, həyatımda nəyisə düzəldən bir fəlakət kimidir. Dağıtmadan dəyişdirir. Sındırmadan yenidən qurur. Onun yanında insan öz qüsurlarını gizlətmir. Çünki gizlətməyə ehtiyac qalmır. Mənim gecikmələrimi anlayan, susmağımı söz kimi oxuyan, yorğunluğumu izah etməyimi gözləməyən biridir o. Mən özümə çatmamış, o artıq məni tanıyır.
Kor birinə sarını başa salmaq olar, ümidlə.
Qırmızını anlatmaq olar, ürək döyüntüsü ilə.
Amma mənim Bircəmi izah etmək.. bu, artıq rəngdən çıxıb varlıq məsələsinə çevrilir. O, mənim üçün məhəbbət, eşq və ya başqa birşey deyil . Saydıqlarım çox vaxt nəticədir. O isə prosesdir. Məni mən edən, məni mənə qaytaran bir haldır. Onun yanında "olmalıyam" yox olur, "oluram" qalır. Buna görə də deyirəm… Mənim bircəmi izah etmək, görmədiyin bir rəngi tərifləmək deyil. O rəngin sənsiz də mövcud olduğunu qəbul etdirməkdir.
Əgər hiss etdinsə, artıq gördün.
Əgər hiss etmədinsə, min cümlə də yetməz..
Və bura qədər oxumusansa, artıq bir şeyi etiraf etməliyəm. Bu yazı sənə bir insanı tanıtmaq üçün yazılmadı. Heç vaxt da yazıla bilməzdi. Çünki mənim Bircəm tanıdılacaq biri deyil. O, izah edilmir, təqdim olunmur, sübut edilmir. O, sadəcə olur.
Kor birinə rəngi göstərmək mümkün olar, əgər zaman versən, səbr etsən, hisslərə yol açsan. Amma bir insanı, xüsusən də Bircəmi izah edib, başq salmaq.. Bu, artıq sözlərin yox, ürəyin işidir. Mən burda sadəcə qapını açdım. İçəri girib-girməmək sənin hisslərinin işidir.
Əgər bu sətirlərdə özündən bir parça tapdınsa, deməli sən də kiminsə izah olunmayanısan. Kiminsə cümlələrə sığışmayanı, rəngə çevrilməyəni. Və bəlkə də ilk dəfədir bunu bu qədər aydın hiss edirsən.
Mənim bircəm isə.. o, bu mətn bitəndən sonra da davam edəndir. Sözlər susanda belə içimdə danışan, oxucu getdikdən sonra belə məndə qalandır. Ona görə də bu yazının sonu yoxdur. Sadəcə burada dayanır.
Çünki bəzi şeylər oxunub bitmir.
Onlar sevilib davam edir...
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Harun Soltanov.
Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O ən əsası, gözəl ziyalı idi. Yazıçı, ədəbiyyatşünas, ictimai xadim, pedaqoq, xeyirxah əməllər sahibi Əzizə Cəfərzadə!Bu gün onun anadan olmasının 104-cü ildönümünü qeyd edirik.
Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, teatr texniki məktəbinin müdiri, pedaqoji institutda dosent, kafedra müdiri, Kamçatka Pedaqoji İnstitutunda dosent, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb.
Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınıb və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. Onun "Sahibsiz ev" (1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim" (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülüb. "Qızımın hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili" (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları" (1972), "Azərbaycanın aşıq və şair qadınları" (1974, 1991), "Azərbaycanın şair və aşıq qadınları" (II nəşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməyib.
Kitabları:
1. "Natəvan haqqında hekayələr" (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə alıb
2. "Aləmdə səsim var mənim" (1973–1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır
3. "Vətənə qayıt" (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr
4. "Yad et məni" (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman
5. "Sabir" (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilən əsər;
6. "Eldən elə" (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman
7. "Rübabə-sultanım" (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı
8. "Xəzərin göz yaşları" (2003) – 1938-ci ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3–4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest
9. "Eşq sultanı" (Ölümündən bir az əvvəl bitirmişdir)- XV–XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşub və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Və bir gün bir məktub tapdım...
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bir gün qapı döyüldü və qapının ağzında bir məktub tapdım.
Məktubda yazılmışdı:
Əziz böyük Kübra,
Mən səni tanıyıram.
Sən güclü görünməyə çalışanda da, yorulanda da, susanda da mən buradayam.
Sadəcə çoxdan danışmırdım.
Mən o vaxtlar balaca idim.
Sözlərin mənasını tam bilmirdim, amma haqsızlığın dadını bilirdim.
Birinin səsi çıxmayanda içimdə nəsə qırılırdı.
Ona görə “vəkil olacam” deyirdim — çünki elə bilirdim, vəkil olmaq
insanları ağlatmamağın yoludur.
Sonra sən böyüdün.
Sənə dedilər ki, bu yol olmaz.
Sənə dedilər ki, sakit ol, uyğun ol, döz.
Sən də dözdün. Mən də susdum.
Amma mən itmədim.
Sən gecələr yazı yazanda, bir cümləni silib yenidən yazanda, ədalətsizliyə ürəyin sıxılanda — mən yenə sənin içində idim.
Bilirəm, sən bəzən düşünürsən ki, məni yarımçıq qoydun.
Amma mən sənə küsmədim.
Çünki sən məni başqa cür yaşatdın: – sözlə,– baxışla,– susaraq belə haqqı göstərməklə.
Mən hələ də istəyirəm ki, biri qorunsun.
Amma artıq bilirəm ki, bunun tək adı “vəkil” deyil.
Bəzən bu, doğru cümlə olur.
Bəzən vaxtında susmaq.
Bəzən isə sadəcə getməmək.
Əgər bir gün yenə məni çağırmaq istəsən, mən inciyən uşaq kimi yox, hazır bir qadın kimi gələcəm.
Sadəcə unutma:
Sən o vaxt xəyal quran qızdan daha zəif deyilsən.
Sən onun davamısan.
Səni gözləyirəm.
Həmişə.
– içindəki balaca vəkil qız
Məktubu bitirəndə qəhər məni boğmuşdu. Qələmə sarılıb gecikmədən cavab məktubu yazdım.
Əzizim körpə Kubra!
Mən səni içimdə daşıyıram.
Adını deməsəm də, səsini tanıyıram.
Sən haqsızlıq görəndə yumruğunu sıxan o balaca qızsan, mən isə susmağı öyrənmiş, amma susaraq da danışan qadın.
Sən deyirdin: “vəkil olacam”.
Mən deyə bilmədim: “icazə vermədilər”.
Amma ikimiz də bilirdik — məsələ peşə deyildi, məsələ birinin yerinə danışmaq ehtiyacı idi.
Sən ağlayanda mən güclü oldum.
Mən yorulanda sən içimdə ayağa qalxdın.
Zaman bizi ayırmadı, sadəcə rollarımızı dəyişdi.
Mən sənə borclu olduğumu düşünürdüm.
Sən isə mənə baxıb deyirdin:
“Sən məni yarımçıq qoymadın, sadəcə böyütdün.”
Sən ədaləti məhkəmə salonlarında axtarırdın, mən isə cümlələrin arasında.
Sən haqqı qışqırmaq istəyirdin, mən onu sakitcə sübut etməyi öyrəndim.
İkimiz də eyni şeyi istədik:
kiminsə gözündə qorxu yox, rahatlıq görmək.
Bəzən sən mənə küsürdün.
Bəzən mən sənə acıyırdım.
Amma indi anlayıram — biz bir-birimizi qorumaq üçün bu cür yaşadıq.
Əgər bir gün yenə “vəkil” desən, mən qorxmayacam.
Əgər heç vaxt deməsən də, səni satmış sayılmayacam.
Çünki biz artıq bilirik:
ədalət bəzən qanunla, bəzən sözlə, bəzən də getməməklə olur.
Sən mənim uşaqlığım deyilsən.
Mən sənin xəyalını itirməmişəm.
Biz eyni insanıq — sadəcə biri inanırdı, biri davam etdi.
Və bu, uduzmaq deyil.
Bu, böyüməkdir.
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Fərdi sərgiləri özünəməxsus və maraqlı olardı...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kinorejissor Şamil Nəcəfzadəni yəqin ki çoxlarınız tanıyır. Onun atası tanınmış rəssam olub – Kamil Nəcəfzadə. Bu gün rəssamın anadan olmasının 96-cı ildönümüdür.
Kamil Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub. 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.
1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdıb və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü deyib.
1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.
Kamil Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat edib. Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilən "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilib və 6 yanvar 2009-cu ildə AzTV-də efirə gedib. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə "Ağ kətanın sehri… Kamil Nəcəfzadə" sənədli filmi ekranlarda çıxıb.
Filmoqrafiya
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii film) — quruluşçu rəssam
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) — quruluşçu rəssam
- Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
- Azərbaycan incəsənəti (film, 1970)
- Bağ mövsümü (film, 1985)
- Bayquş gələndə... (film, 1978)
- Bir cənub şəhərində (film, 1969)
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 17 may 1989
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 23 dekabr 1976
- "Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964
- 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı: 22 aprel 1980 ("Ad günü" bədii filminin rəssamlığına görə, 26 aprel 1986 ("Birisigün, gecəyarısı…" bədii filminin rəssamlığına görə)
- "Şöhrət" ordeni — 28 dekabr 1999
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
8 yaşlı uşaq niyə gələcəkdən qorxur? – Psixoloqdan diqqətçəkən açıqlama
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Uşaqlarda yaranan qorxular çox vaxt “yaşa uyğun” sayılır. Ancaq bəzən elə qorxular olur ki, bu, nə uşağın yaşına, nə də yaşadıqlarına uyğun gəlir. 8 yaşlı bir uşağın gələcəkdən, ailə qurmaqdan və ya həyatın özündən qorxması sadəcə təsadüf deyil.
"Bəzən travmaların genetik kodlarla keçdiyini deyirlər. Amma nəinki genetik kodlarla, eləcə də emosional vəziyyətlə, eyni zamanda da münasibət davranış formaları da nəsildən-nəslə ötürülə bilir".
Bu sözləri “Ədəbiyyat və İncəsənət” portalına açıqlamasında Psixoloq Gülnar Orucova (şəkildə)deyib:
"Bəzən bəzi ailələrə nəzər yetirəndə görürük ki, həqiqətən bu bu yaşın travması ola bilməz. Bu daha böyük yaşın travmasıdır. Amma uşaa bunu daşıyır. Məsələn, 8 yaşında bir qızın ailə qurmaqdan, gələcəkdən, kişilərdən qorxması. Burada biz görürük ki, valideyn həyat yoldaşı tərəfindən döyüldüyü, təhqir olunduğu üçün balaca bir qız uşağında da belə bir travma formalaşır " mən böyüyündə ailə qurmayacam və bütün kişilər pisdir". Yaxud da uşaq stomatoloqa müəyyən müddət getmədiyi müddətdə, o stomatoloq görəndə ağlayır. Bu qorxularını isə göz yaşları vasitəsilə bildirir. Çünki, valideyn stomatoloqdan evə gəlir, ağrılar çəkir. Bu ağrıları uşaq görür. Artıq uşağın da şüuraltında bu yatır. Məlumdur ki, bizi 90% şüuraltı idarə edir. Bəzən bəzi xəstəliklər olur, insanlar düşünür ki, mənim nənəm, anam bu xəstəlikdən dünyasını dəyişibsə mən də məhz bu xəstəlikdən dünyamı dəyişəcəm. Aylar- illər keçir, görürük ki, doğrudan da həmin insan həmin xəstəlikdən dünyasını dəyişir. Bu sanki çağırışdır. Beyin o qədər o vəziyyəti canlandırır ki, o artıq bunu yaşıyır".
Psixoloq bir pasiyentə nə qədər xoş anı yaşadığını hiss etdirmək istəsələrdə onları çətinliklə alındırdıqlarını qeyd edib:
"Amma desək ki, bir qəzanı beynində canlandırsın, o dərhal canlandırır. Çünki, genetik olaraq neqativ köklənmiş bir insan formalaşmışdır. Bəzən insanın xarakterində belə bu travmalar özünü göstərə bilir. Bu gün biz hər hansı bir travmanı özümüzdə görürüksə dönüb bir neçə nəsil öncəyə baxdıqda , bunu elə həmin nəsildən aldığımızı görərik. Məsələn balaca bir uşaqdır. Heyvana nifrət edir. Əgər bu gün bir uşaq heyvana nifrət edirsə bunun kökündə hər hansı bir travması dayanır. Travmalar bizim xoş yaşamağımıza mane olan bir vəziyyətdir. Ona görə biz hər zaman bu qorxulardan azad olmalıyıq".
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Yolundan gözümü yığa bilmirəm. Gözdağın mənimdir, gözün özgənin....
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
Öz sevdan özünü qarğışa salıb,
Ömrün qara qalıb, yağışa qalıb,
Taleyin tüstünlə baş-başa qalıb,
Tüstün mənimkidir, közün özgənin.
Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Ötən gün tanınmış şair, publisist, pedaqoq, jurnalist Şahmar Əkbərzadənin doğum günü idi.
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub.Şuşa Pedaqoji texnikumunu və M.F.Axundov adına Dillər İnstitutunu bitirib.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib. Daha sonra Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olub.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edib və ömrünün sonunadək həmin qəzetin baş redaktoru olub.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişib.
2001-ci ildə Vektor Beynəlxalq Elmlər Akademiyası Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis edib.
2014-cü ildə isə onun adını daşıyan "Şahmar Ədəbi Məclisi" təsis olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(29.11.2025)
Quraşdırıcı rəssamlardan kimisə tanıyırsınızmı?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“O olmasın, bu olsun" filmini kim yazıb, kim çəkib, baş rollarda kim çəkilib, hamı onları tanıyır. Amma bu filmin ərsəyə gəlməsində əmək sərf edib kölgədə qalanlar da var. Montajçı, operator, qrimyor və əlbəttə ki, quraşdırıcı rəssam...
Mirzə Rəfiyev 29 dekabr 1923-cü ildə Bakı şəhərində anadan olub. Böyük Vətən Müharibəsi iştirakçısı olaraq "Almaniya üzərində qələbə" medalı ilə təltif edilib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quraşdırılma çəkilişlərinin rəssamı kimi çalışıb.
"Bakının işıqları", "O olmasın, bu olsun", "Qara daşlar", "Ögey ana", "Şah Sənəm və Qərib" (Türkmənfilm), "Böyük dayaq", "İstintaq davam edir", "İnsan məskən salır" və s. bədii filmlərin quraşdırılma çəkilişləri rəssamı, "Çaqqal oğlu, çaqqal" cizgi filminin rejissoru və rəssamıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı ilə təltif olunub.
Filmoqrafiya
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - quraşdırılmış səhnələrin rəssamı
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) - quraşdırma səhnələrin rəssamı
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - quraşdırılmış səhnələrin rəssamı
- Bakının işıqları (film, 1950)
- Bayquş gələndə... (film, 1978)
- Bəxtiyar (film, 1955)
- Bir ailə (film, 1943)
- Bir ailəlik bağ evi (film, 1978)
- Bizi bağışlayın (film, 1979)
- Bizim küçə (film, 1961)
26 avqust 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)
Ədəbiyyatımızda detektivin banisi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, KQB arxivlərinə əsaslanaraq yazılmış ilk detektiv roman - "Qara Volqa" əsərinin müəllifi, cinayət aləmi üzvlərinin müstəntiq olaraq bildiyi Cəmşid Əmirovun bu gün anım günüdür.
Cəmşid Əmirov 1918-ci ilin fevral ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya göz açıb. Bakıda yeddinci sinfi bitirən Cəmşid sənədlərini N. Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olub. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, onları çap etməyə tələsməyib.
Orta məktəbi bitirdikdən sonra 1934-cü ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və eyni zamanda respublikanın müxtəlif qəzetləri ilə əməkdaşlıq edib. Təhsilinin sonuncu ilində institutu yarımçıq tərk edib və mühəndis-geoloq ixtisası üzrə fəaliyyət göstərməkdən imtina edib.
Peşə karyerasına “Azərbaycan gəncləri” qəzetində məsul katib (1937–1940) vəzifəsində başlayıb, daha sonra “Gənc işçi” qəzetində şöbə müdiri (1940–1941), “Bolşevik” qəzetində məsul katib (1941) olaraq çalışıb. 1941-ci ildə “Əzizbəyovneft” şirkətində mühəndis-geoloq kimi fəaliyyət göstərib. İkinci Dünya müharibəsi zamanı Sovet Ordusunun zabiti olaraq ön cəbhədə iştirak etmiş, Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çin kimi ölkələrdə döyüşüb. Orduda göstərdiyi nailiyyətlərinə görə bir çox medal və nişanlarala təltif olunub.
Onun ilk çap əsəri “Dəqiqələr, saniyələr...” adlı oçerki “Azərbaycan gəncləri” qəzetinin 28 avqust 1946-cı il tarixli sayında işıq üzü görüb. O, milli mətbuatda cinayət hadisələri və məhkəmə yazıları haqqında yazan ilk jurnalistlərdən biridir. Əsasən “Bəbirov qardaşları” imzasından istifadə edib. Həyatının son dövrlərində “Çətin iş” romanı və “İki mənalı teleqraf” hekayəsi üzərində çalışsa da, bu əsərlərini tamamlamadan 29 dekabr 1982-ci ildə vəfat edib.
Onu ədəbiyyat dünyasında tanıdan əsəri “Sahil əməliyyatı” adlı povestidir. Mirbağırovanın fikrincə, Əmirov bu əsərlə Azərbaycan ədəbiyyatında "casus detektiv" janrının əsasını qoyub, daha sonra isə “polis detektiv” mövzusunda yazdığı “Qara Volqa” və “Brilyant Məsələsi” romanları ilə ən böyük uğurunu əldə edib.
1958-ci ildə çapdan çıxan “Sahil əməliyyatı” povesti Azərbaycanda yazılan ilk casus mövzusunda olan detektiv əsərdir. Romanda Almaniya və ABŞ agentlərinin Azərbaycan Sovetabad şəhərində təşkil etməyə çalışdıqları əməliyyat, yerli milisin peşəkar fəaliyyəti nəticəsində uğursuzluğa düçar olub.
Müəllifin ikinci əsəri olan “Brilyant məsələsi” povesti 1963-cü ildə çap olunub. Bu povest 24 brilyant üzüyün oğurlanması və bu müddətdə baş verən cinayətlərin araşdırılmasını əks etdirib Əmirov, KQB ilə yaxın əlaqələrinə görə əsərlərində real cinayətkarların kimliyini və polis əməliyyatlarını dəqiq təsvir edə bilib. Bu səbəbdən onun əsərləri yüksək dərəcədə realist olub.
Povestin məzmununa görə əsərin baş qəhrəmanı Yədulla polis tərəfindən ifşa olunur, amma o, polisdən yaxasını qurtarıb qaça bilir və bir müddət Ukraynada gizlənir.
Yədulla bir də əsərin sonlarında peyda olur. Bu müddət ərzində isə mənzil oğurluğu baş verir. İttiham olunan şəxs günahsızlığını etiraf edə bilmir. Ev sahibəsi isə polis şöbəsinin əməliyyatçısı kapitan İsayev tərəfindən nəzarətdə saxlanılır. Ev sahibəsinin telefon danışıqları dinlənəndən sonra o həbs olunur.
Yazıçı əsərdə drujinaçı obrazları yaradıb. Bu drujinaçılar təhlükəli cinayətlərin üstünün açılmasında polisə əvəzsiz xidmət göstərirdilər, əksər hallarda isə polisi əvəz edirdilər. Epiloqda Yədullanın həbsini də drujinaçı meşəbəyi təşkil edir. Əsər konsentrik süjet tipinə aiddir. “Konsentrik süjet tipi bütün hadisələrin bir münaqişə ətrafında cərəyan etdiyi, hər şeyin səbəb-nəticə əlaqələrinə tabe olduğu süjet növüdür”.
Əsərin bütün hissələri aydın şəkildə ifadə olunan konfliktlərə əsaslanır. Hər bir hadisə növbətinin səbəbi və əvvəlkinin nəticəsidir.
Əmirovun 1944-cü ildən yazmağa başlayıb, 1966-cı ildə nəşr etdirdiyi “Qara Volqa” romanı isə Azərbaycanda cinayətkar dəstənin məhv edilməsindən bəhs edir. Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı “Brilyant məsələsi” romanının davamıdır.
Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Əgər birinci romanda söhbət Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa, ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Bu əsər KQB arxivlərinə əsaslanaraq yazılmış ilk detektiv roman hesab edilir. Romanda “Qara Volqa” oğurluq hadisələrinin rəmzi kimi təqdim olunur.
1982-ci ildə çapdan çıxan “Şəhər yatarkən” adlı roman yazıçının casusluq mövzusunda ikinci əsəridir. Əsər, cinayətlərin araşdırılması proseslərini əks etdirib. Eyni ildə nəşr olunan “Mənim əsl məhəbbətim” əsərinin əsas mövzusu çox kiçik yaşlarında bir-birindən ayrılan, fərqli ölkələrdə və fərqli siyasi mühitlərdə yetişən iki qardaşın illər sonra düşmən cəbhələri təmsil edən iki yad insan olaraq qarşılaşmasıdır.
Almaniyada böyüyən Ervin xarakteri mahiyyətcə nə qədər yaxşı olsa da, nasist Almaniyasında tərbiyə aldığı və onların siyasi maraqları uğrunda fəaliyyət göstərdiyi üçün romanın sonunda SSRİ tərəfindən cəzalandırılıb. Əgər Ervin xarakterinin yerinə onun əkiz qardaşı Elçin Almaniyaya getsəydi, eyni hadisələr onun da başına gələcəkdi.
Elçin xarakteri isə kor-koranə kommunizmə bağlı bir şəxsdir. Buna görə də iki qardaş arasında ideoloji münaqişə qaçılmaz olub. Romanda baş verən hadisələrin əksəriyyəti keçmişdə Xanlar rayonu olaraq tanınan, hazırda isə Göygöl rayonu adlanan yaşayış məntəqəsində cərəyan edib
Cəmşid Əmirov əsərlərindəki hadisə və personajların əksəriyyətini real həyatdan götürüb. “Qara Volqa” əsərindəki Əli Rəsulov və “Brilyant məsələsi”ndəki Əli Rüstəmov, Yədulla, Dilarə Bayramova kimi personajlar real insanlara əsaslanıb. Xüsusilə, Əli Rüstəmov və Əli Rəsulov personajlarının prototipi eyni şəxsdən — daxili işlər orqanlarında çalışan təqaüdçü polkovnik Səfər Əli Rüstəmovdan ilham alıb. Bu iki romanda Əli personajı tez-tez özünəməxsus “eşq olsun” ifadəsini istifadə edir.
Əmirov öz əsərlərində xüsusi üslub yarada bilib və Azərbaycan roman janrına yeni bir nəfəs gətirib. Onun əsərlərinin xarakteristik xüsusiyyətlərini belə ümumiləşdirmək olar:
Dil müxtəlifliyi:
Əsərlərində ədəbi dil, jarqon, arqo, dialekt və bölgə ləhcələrindən istifadə etmişdir. Bütün bu ünsürləri tək bir əsərdə görmək mümkündür.
Yumor elementləri:
Ciddi mövzulara həsr olunan əsərlərdə belə, mizaha və yumora yer verib. Məsələn, “Qara Volqa”da Rebeka Lifşist, “Brilyant məsələsi”ndə isə Həlimə personajlarının davranışlarında komik elementlər mövcuddur.
Aktuallıq və realizm:
Dünya ədəbiyyatı ilə müqayisədə Əmirov öz əsərlərində daha müasir və aktual problemləri realist şəkildə əks etdirib.
Əmirovun əsərlərində cinayətkarlar incə və ustalıqla təşkil edilib, kompleks personajlardır. Onlar hər nə qədər güclü və məğlubedilməz görünsələr də, əsərlərin əsas məqsədi həmişə xeyirin şər üzərində qələbəsini göstərməkdir. Bu, onun əsərlərinə optimist bir məna qatır və oxucunu yaxşılığın həmişə üstün gələcəyinə inandırıb.
Mükafatları
Döyüş xidmətlərinə görə “Vətən müharibəsi” (I dərəcəli), “Qırmızı ulduz” ordenləri, həmçinin “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına görə”, “Berlinin alınmasına görə”, “Almaniya üzərində qələbəyə görə” və “Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunub
"Brilyant məsələsi"nin diqqət çəkən üzvlərindən Klara ömrünün son günlərində verdiyi müsahibələrin birində deyir: Cəmşid Əmirov yaxşı adam idi. Allah ona rəhmət eləsin. Allah haqqı, mənimlə qızı kimi rəftar edirdi. Ya bir dəfə səsini qaldıra üstümə, ya söyə, vura. Yox! Qətiyyən onda belə şeyləri görmədim. Əksinə o vaxt "Qorotdel"də nə şərait olasıydı ki, hamam yox, saçımı daramağa imkanım yox. Bit-birə də day nə qədər desən. Uzun, qalın hörüklərim vardı. Saçımı bit basıb, əyin-başım pis gündə. Verilən yeməkləri yeyə bilmirdim. Bir sözlə vəziyyətim ağırıydı. Cəmşid Əmirovun iri qara portfeli vardı, gəlib otağa daxil olan kimi qoyurdu stolun üstünə. Evdən gətirdiyi buterbrodları çıxardıb zorla yedirdirdi mənə. Düzü, nə qədər ac olsam da, çəkinirdim, utanırdım. O kişi isə əl çəkmirdi, onların hamısını yedirdib, üstündən də su içəndən sonra başlayırdı söhbətə. Mənim belə gənc yaşımda ölüm hadisəsiylə bağlı ora düşməyim çox ağır gəlirdi ona. Nəslimi, kökümü tanıyırdı, başımıza gələn müsibətlərdən xəbərdar idi. Və bu yola düşməyimin səbəbləri ona aydın idi. Bütün bunlara görə də heyfslənirdi, əzab çəkirdi. Əlindən gələn yaxşılığı edirdi mənimçün..."
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)


