Super User
“Biri ikisində” – Dauletkerey Kapoğlunun şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeirləri təqdim edilir.
Dauletkerey KAPOĞLU
(Monqolustan)
9 avqust 1977-ci ildə Monqolustan Respublikasında anadan olub. Əl-Fərabi adına Qazax Milli Universitetini bitirib. “Çiyələk düşməyənədək”, “Ağ ala-qaranlıq” kitablarının müəllifidir.
***
Muştuluğumu ver!
Bu gün ağcaqayın çiçəklədi.
Nurundan göydəki ay da parıldadı.
Lakin cövlan edən şimal küləyi
yavaş-yavaş təzə ağacın
“əllərini” göyə qaldırdı.
Aprelin gözəlliyini
müşahidə etdiyim zaman
külək ruhumu titrədir...
Burada ağcaqayın çiçəklədi.
Lakin mən
Altayda qoyub gəldiyim
yalnız ardıc ağacı üçün darıxıram...
Uyğunlaşdırdı: Rəsmiyyə Sabir
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Çölçü Obasında ışıq... - HEKAYƏ
Eltən Törəçi,
dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
Meşə cığırı boyu çiyində yol çantası, əlində ağac, saqqallı, əynində çölə uyğun geyim olan bir adam yeriyirdi.
Ətrafına elə heyranlıqla baxırdı ki, elə bil gözündən hansısa yarpağın tərpənişini, meşədə rastına çıxan quşların budaqdan budağa qonmaq üçün qısa uçuşunu qaçırsaydı dünya dağılacaqdı...
Acgözlüklə ətrafına baxa-baxa yeriyərək, meşənin içərisindəki talada üç yurd çadırı olan Çölçü obasına çatdı. Obanın girişində təxmini üç metr hündürlüyündə gözətçi çardağı var idi. Gözətçi onu görən kimi böyük davula iki üç dəfə vurdu...
Obanın ortasındakı çadırdan uzun ağ saqqallı gümrah bir kişi çıxdı, qonağı görüb gülümsədi...
-Ooooo, Tufan bəy, Çölçü Obasına xoş gəldiniz, Sizi görmək nə xoş... Çölçülərim qonağımızın çantasına yardım edin.
Obadakı Çölçülər ona yaxınlaşıb çantanı aldılar və saxsı kuzədə su verdilər. Qonaq suyu içib yaxınlaşmaqda olan ağsaqqala sayğıyla yüngülcə baş əydi, sağ əlini sinəsinə qoyub:
-Xoş gördük, Çölçü Bilgəm... Məndə sizi özləmişdim, dedim gəlim Sizlə bir az çağlayaq…
-Buyur gəl, oğlum. Qəhvəni ocağa qoyum, danışaq...
Çölçü Bilgənin başında quzu dərisindən qəhvəyi rəngdə bir börk, əynində börkün rənginə uyğun əski türk biçimində bir qaftan, baş barmağında oxçu üzüyü, qollarında dəri və iplərdən hörülmüş biləkliklər, üzündə və qollarında qəribə döymələr vardı. O qəhvə qabını ocağa qoyub, göytürk tamğaları ilə bəzədilmiş üzərinə bəyaz qoyun dərisi atılmış taxtdan olan qoltuqlu oturacağına əyləşdi.
-Hə, oğlum, buyur otur görək, indi Çölçülərimiz yeməyi hazırlasın biz də ona qədər anlayaq görək sənin beynini bulandıran hansı sıxıntılardır ?
Yol Tufan bəyi yormuşdu, uzun saçları üzünə tökülmüş saqqalı dolaşmışdı... 25-28 yaşlarında olmasına rəğmən yaşlı görünürdü. Üzü tutqun, gözləri isə sönük idi. O, dərindən nəfəs alıb Çölçü Bilgənin göstərdiyi oturacağa əyləşdi. Üst köynəyinin cibindən bir kiçik kəndir çıxarıb saçlarını arxadan bağladı, saqqalını əli ilə tumarlayıb səliqəyə salmağa çalışdı. Bilgənin ona diqqətlə baxdığını görüb dərin nəfəs aldı, sözünə başladı.
-Mən son aylarda çox sıxılıram, Bilgəm, şəhərin hay-küyü, televizyalardakı verilişlərdə bilərək və bilməyərək yayılan dayaz fikirlər məni qorxudur, ətrafımda artıq heç kim heç kimin üzünə belə baxmır, dostlarımla görüşürəm guya danışmaq üçün, hamının əlində bir telefon internetdən bağımlı olur gündən günə... Dayaz danışıqlar, axmaq zarafatlar...Hələ saytları, qəzetləri demirəm... Məmləkətdə bir ovuc ziyalı, aydın saydığım adamlar var, bunlar da bir-biri söz savaşına giriblər, düşük-düşük mövzuların üstündə didişirlər... sosial şəbəkələrdə atmaca atan atana... Bezmişəm...
Çölçü Bilgə gülümsündü.
-Dur oğlum, ayağa qalxaq. Oxun-yayın yanındadır? Gedək bir az ox ataq, sənin hal-hazırda fikirlərin çox dağınıqdır, bir az durulmağın və beynini bu danışığa kökləməyin gərəkdir.
Çölçü Obasının üç tərəfində meşə, bir tərəfində isə iki sərt qayalıqlı dağla əhatələnmişdi. Bu iki dağın arasından tökülən şəlalədən sağ tərəfə axan çaya gedirdi. Çayın üstündə su dəyirmanı, sahilində isə bumbuz sulu bulağı var idi.
Obanın ərazisində at, mal-qara və qaz, toyuqlar üçün ayrıca tövlələr var idi. Çölçülərin ərazidə əkin sahəsi, yaradıcılıq işləri üçün emalatxana, təndirxana və digər gərəkli tikililəri var idi. Onlar kənardan heç nəyə ehtiyac duymamaq üçün gərəkli yaşam biçimi yaratmışdılar. Çölçülərin arasında demək olar ki, hər ixtisaslı adamlar var idi, elm adamları, həkimlər, sənətkarlar, müəllimlər.
Onlar Çölçü Obasının dağa yaxın tərəfində yerləşən ox təlimi meydançasına gəldilər. Burda buta formasında üç hədəf var idi. Əvvəlcə yayları əlləri ilə tumarlayıb qızışdırmağa başladılar, çünki girişi dərhal taxmaq yaya zərər vura bilərdi. Girişi yaya taxıb atış duruşunu aldıqdan sonra ox atmağa başladılar.
Tufanın atdığı oxlar çox az hallarda hədəfə saplanırdı. Çölçü Bilgə ona diqqətlə baxır, boşa gedən oxdan sonra onun necə hirsləndiyini, əllərinin əsdiyini izləyirdi. Birdən gülümsəyib ucadan dedi:
-Dur oğlum, dərin bir nəfəs al! Beynindəki sıxıntıları unut... İplər gəriləndə düyünləri açmaq olmaz, rahatlan, sakitləş, durul... Nəfəs al, ətrafa bir bax, ağaclara, göy üzünə bax, gör onlar necə sakitdirlər. Oxu və kamanı yerə qoy... Bilgə Kağan kimi bardaş qurmanı istəyirəm. Hər əlinin üç barmağını birləşdir, öz çağlama edək...
Tufan bəy bardaş qurub gözlərini yumdu, hər iki əlinin üç barmağı sinəsinin önündə birləşdirərək, özünü durultmağa, özünə axmağa, öz çağlamağa başladı. Bu ritualı ona Çölçü Bilgə öyrətmişdi. O, ürəyinin necə döyündüyünü barmaqlarının ucunda duymağa başladı, ürəyinin hər ritminə uyğun nəfəs almağa və ritmləri yavaşlatmağa başladı... Bir azdan o, uçmaq çağında idi... Ruhu durulurdu sanki. Çölün gözəlliyini özünə toplayırdı... Saniyələr içində qulaqları daha çox səs eşitməyə, burnu daha çox qoxu duymağa başladı... Özünü unudub sanki oturduğu torpağın bir hissəsinə, üzərinə kölgə salan ağacın bir budağına çevrilmişdi... Tufan bəy sakitləşmiş, durulmuş, üzünə qəribə bir işıq qonmuşdu... O, gözlərini açdı. Çölçü Bilgə gülümsədi...
-Hə, Bəyim, atışa hazırsan, Hu!!!
Tufan bəy kamanında olan oxları bir-bir hədəfə qondurdu...
Gülümsəyib “həə, danışmağa hazıram Bilgəm” dedi!
Onlar ocağın başına qayıdanda Çölçü Bilgənin yanında öyüd alan Çölçülərdən biri artıq qəhvəni hazırlamış və taxta fincanlara süzmüşdü...
Çölçü Bilgə Çölçünün üzünə gülümsəyib, var olasan paşam, - dedi və fincanını götürüb qəhvəsindən bir qurtum içdi, Tufan bəyə sağ tərəfində yer göstərdi...
-Buyur Tufan bəyim, - dedi...
Tufan bəy qəhvəsini götürdü, bir qurtum içib sözünə başladı...
-Bilgəm, mənim canımı sıxan odur ki, toplumumuzdakı aydın, ziyalı dediklərimizin içində hələ də başqa millətlərin mədəniyyətinin köləsi olanlar var. Onlar millətimizə aşağıdan yuxarı baxır, toplumu öz tənqidi fikirləri ilə əzməyə davam edirlər. Onsuz da biz torpaqlarımızı itirdiyimiz üçün millət olaraq bir məğlub kompleksi içindəyik, düzdü heç birimiz bunu etiraf etmək istəmirik, amma içimizdəki bu yarımçıqlıq hissi bizi didib parçalayır. Biz çıxış yolu kimi Çölçü yaşam biçimini ortaya qoyuruq, millətin ruh yüksəkliyini qaldırmaq üçün çıxış yolları göstəririk, onlar bizi dinləmək belə istəmirlər. Anladıqları halda anlamamazlıq göstərir bizə qarşı aqressivləşirlər, sadəcə bizə deyil, özlərinə də...
Çölçü Bilgə dedi:
-Oğlum, çağdaş toplumdakı aydınların demək olar ki, hamısı o olduqları yerlərə öz özlərini yetişdirərək, bir çox əngəlləri aşaraq gəliblər. Bizim dövlətimiz gəncdir, 70 ilə yaxın bizi ruslar idarə edib, bu adamlar bəlli işlər görə bilmək üçün nələrindən keçiblər heç ağlına da gələ bilməz. Bizim toplumun üzərində aparılan manipulyasiya əməliyyatları çox sərt olub, adımız türkdən, tatara sonra da azərbaycanlıya çevrilib, əlifba iki-üç dəfə dəyişdirilib, düşünən beyinlər sovetin vaxtında repressiyaya uğrayıb, bu ərəfədə folklorumuzda əfsanələr, nağıllar, atalar sözləri, dastanlar, musiqimiz dəyişdirilib, bizi özümüzdən çıxarmağa çox çalışılıb. İndi üzdə olan aydınlar isə bütün bu mədəni işğala rəğmən yaşamlarında vətən, millət düşüncəsində qalıblarsa bu günümüzə sevinməliyik. Onların bizə qatılacağı gün uzaqda deyil, hər insan bir qıfıllı qapıdır, doğru açarı tapana qədər çalışmaq gərəkdir.
Bu gün çağdaş toplumda qloballaşma adı manipulyasiya davam edir. Milli düşüncə, dövlət sevgisi, ailə sevgisi yerinə xarici peyk kanallarında, internetdə və xarici kinolarda bütün dünyada fərdiyyətçi insan modeli formalaşdırılmağa çalışılır, fərdi inkişaf təlimçiləri meydan sulayır, vəhşi kapitalist düşüncə yayılır, adamları alış-veriş manqurtuna çevirən neyromarketinq hiylələri çoxalır - bunlar hər biri ailə, toplum dəyərlərini darmadağın etməyə, törəni tam bitirməyə çalışır. Bu gün sivilizasiyası ilə öyünən böyük dövlətlərdə belə cinsi ayrıseçkilik, irçilik, millətçilik gizli-aşkar hökm sürür. Biz bunları görürük.
Amma unutma oğlum, biz küllərimizdən yenidən doğuluruq, hər gün keçdikcə özümüzü daha yetişdiririk, dövlətimiz güclənir, təcrübə qazanır. Biz Çölçülər heç kimə yeni heç nə öyrətmirik, təkcə unudulanları xatırladırıq.
Biz Çölçülərik, insanları, toplumu bu mədəni beyin işğalının, manipulyasıyanın Çölünə çıxartmağa çalışırıq, özümüzə qaytarmağa çalışırıq, öncə öz millətimizi dövlətimizi sevməyə çağırırıq. Biz heç kimdən yüksəkdə deyilik, heç kimdə bizdən yüksək deyil.
Tufan bəy diqqətlə Çölçü bilgəni dinləyir, bu arada içində düşünürdü, bunları mən də bilirəm, Bilgəm bunları mənə niyə təkrarlayır...
Çölçü Bilgə gülümsündü:
-Bəyim, düşünürsən ki bunları bilirsən, mən sənə təkrar-təkrar nəsə deyirəm, hə?
Tufan bəy özünü itirdi...
-Bilgəm, düzü həə, amma Siz bunu hardan bildiniz?
Çölçü Bilgə:
-Tufan bəy, bax, bizim ən birinci əngəlimiz içimizdəki məndir. Bizim bəzən bildiyimiz hesab etdiyimiz, amma əslində bilmədiyimiz bilgilər var. Bilgini yaşamında işlədə bilmirsənsə demək ki tam öyrənməmisən, yarımçıqsan...
Tufan bəy qızardı, başını aşağı saldı...
Çölçü Bilgə:
-Bəyim, başını aşağı salma, dik tut... Yolda hələ yenisən, yeni davam edirsən... Elə biz də öyrənirik, ancaq biz hələ də yarımçığıq... Dünya hər gün dönür, döndükcə yenilənir... Biz də çağlamalıyıq hər gün...
Tufan bəyin gözləri işıqlandı...
-Bilgəm, mən öyüdümü aldım, icazənizlə mən gedim...
Çölçü Bilgə başını buladı...
-Yox, bəyim, bu gecə Çölçü Obasında qalacaqsan... Gecə ulduzların altında uyuyub, yenilənib, yeni enerji ilə yüklənib, geri dönəcəksən. Çağdaş toplum öz köklərindən qopub, bizim işimiz onları yenidən Çölə qaytarmaq və onları yeniləyəcək enerjini onlarla paylaşmaqdır. Onlar çağlayınca yaşamımız çox daha gözəlləşəcək...
Tufan bəy səhər Obanı tərk etdiyində artıq daha əmin addımlarla gedirdi...
Gözlərindəki işıq sanki səhərin alatoranlığında yolunu işıqlandırırdı...
O bu işığı beton cəngəlliklərin içərisində yaşamağı unutmuş, süni qəliblərin içində boğulan, yaşamlarını monitorlardan izləyənlərin içində sönmüş Çölçü ruhunu alovlandırmağa aparırdı...
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Heykəltəraş Hüqonun büstünü yaratdı
Könül, “Ədəbiyyat və incəsənət”
Mən heykəltaraşlıq işlərini çox sevirəm. Amma nədənsə uca abidələrdən daha çox ruhuma yazın olan büstlərdir. Bəlkə ona görə ki, həcmcə kiçik olan büstlər görmə dairfəsində daha yaxşı əks edilir deyə daha yaxşı qavranır.
Bu yazını yazmağımın sabəbkarı isə bir büst oldu. O qədər canlı, o qədər əzəmətlidir, sadəcə heyran qaldım.
Viktor Hüqonu uşaqlığımdan sevirəm. “Səfillər”i yeniyetməliyimdə oxuyub vurulmuşam. Və əsərlərini oxuduqca mən Hüqonu öz xəyalımda canlı yarada, onunla söhbətləşə bilirəm. İndisə gördüm ki, Elxan Zeynalovun yaratdığı Hüqo eynən mənim xəyalımdakı Hüqodur, birəbir özüdür ki var.
Heykəltəraş Elxan Zeynalov Naxçıvan Dövlət Universitetinin müəllimidir. Mənimlə söhbətində dedi:
-Viktor Hüqonun büstünü təxminən bir ay ərzində işləmişəm. İşə başlamazdan əvvəl onun müxtəlif dövrlərə aid foto materiallarını, üz quruluşunu, anatomik xüsusiyyətlərini və dövrün geyim detallarını araşdırmışam ki, obrazı dəqiq və düzgün təqdim edim. Obraz üzərində işləyərkən əsas diqqətimi Hüqonun tanınan sima xüsusiyyətlərinə yönəltmişəm: alın burun xətti, yanaq sümüklərinin quruluşu, saqqal- bığın forması, göz çevrəsinin dərinliyi və ümumi ifadə plastikasının xarakterə uyğunluğu. Baxışların istiqamətini və üzdəki ciddi ifadəni seçəndə məqsədim onun xarakterini mümkün qədər dəqiq vermək olub. Geyim hissəsində qatların forması, yaxa xəttinin dövrə uyğunluğu və ümumi həcm balansını nəzərə almışam. Ümumi kompozisiyada isə obrazı sabit, təmkinli və xarakterinəuyğun ciddi təqdim etməyə çalışmışam. Hüqonun ədəbi mövqeyi və ictimai nüfuzu nəzərə alındığı üçün plastik həlli də ölçülü saxlamışam. Obrazı hazır şəkildə tam yekunlaşdırmışam.
Əziz oxucularım, buyurun. Baxın və özünüz qiymət verin. Məncə, bu büstü fransızlar görsələr, dahi yazıçıya layiq bilərək onu yazıçının doğulduğu Bezanson şəhərində pyedestala qoyarlar.
Bu yerdə mütləqdir deyim ki, Elxanın çox uğurlu işləri var, yetər ki əlaqədar şəxslər bu işləri görüb də onlara qiymət versinlər. Belə istedadlar hər zaman yetişmir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Qərbi Azərbaycan Musiqi irsinin izi ilə adlı layihəsi uğurla başa çatdı
“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi uğurla yekunlaşıb.
Layihə çərçivəsində Qərbi Azərbaycan bölgəsinin zəngin folklor və musiqi yaddaşında mühüm yer tutan “Çoban Məhəmməd və Səlvi Xuraman” dastanı ilk dəfə kitab halında nəşr edilib. Dastan Qərbi Azərbaycanın Göyçə aşıq mühitində formalaşmış sənət ənənələrinin parlaq nümunələrindən biridir. Dastan həm tarixi-mədəni, həm də bədii-musiqili baxımdan yüksək dəyərə malikdir və o dövrün aşıq mühitində hökm sürən mənəvi-estetik dəyərləri əks etdirir.
Layihə rəhbəri, musiqişünas Fəridə Mirişova bildirib: “Əsərin həm yazılı, həm də səsli variantlarını qorumaqla biz itirilmiş mədəni yaddaşın bir parçasını bərpa etmiş olduq. Bu dastan xalqın dilini, musiqisini və ruhunu daşıyan qiymətli irs nümunəsidir.”
Layihə çərçivəsində dastanın mətn variantı elmi əsaslarla sistemləşdirilib, havalar aşıq ifa ənənəsinə uyğun olaraq nota salınıb və rəqəmsal arxivə daxil edilib. Bu yanaşma Qərbi Azərbaycan musiqi irsinin öyrənilməsinə və gələcək tədqiqatlara töhfə verən yeni bir mənbə yaratmışdır. Kitabın təqdimatı “İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunub və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə filologiya və musiqi sahəsinin tanınmış alimləri, Qərbi Azərbaycan el sənətkarları və mədəniyyət nümayəndələri iştirak edib.
Təqdimatda çıxışçılar dastanın həm ədəbi, həm də musiqi qatının toplanması və elmi şəkildə tədqiq edilməsinin Qərbi Azərbaycan musiqi irsinin qorunması üçün mühüm addım olduğunu vurğulayıb. Sonda bildirilib ki, “İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi bundan sonra da Qərbi Azərbaycan mədəni irsinin araşdırılması, qorunması və təbliği istiqamətində layihələr həyata keçirməyə davam edəcək. Layihə uğurla başa çatıb və Qərbi Azərbaycan musiqi irsinin elmi-nəzəri baxımdan sənədləşdirilməsi istiqamətində növbəti tədqiqatlara zəmin yaradıb.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Azərbaycan folklorunda at kultu
Şakir Albalıyev
AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün
Xalqımızın etnomədəni dəyərlər sistemində, ailə-məişət həyatında, bir sözlə, qədim dünyagörüşündə, mifologiyasında, folklorunda və bundan qaynaqlanan ədəbi-mənəvi irsimizdə at kultu özünəməxsus mövqeyə malikdir. Kənd təsərrüfatı sahəsində, xalqımızın dolanışığında – güzəranında da at ən qədim zamanlardan əhliləşdirilmiş bir ev heyvanı kimi çox mühüm əhəmiyyətə malikdir.
Dəvəçilik Ərəbistan səhrasında hansı dərəcədə böyük rol daşıyırsa, ərəb xalqı üçün necə müstəsna funksiyanı yerinə yetirirsə, at da Azərbaycan xalqı üçün, türk dünyası üçün o dərəcədə qutsal məna daşıyır. “Dəvəsi ölmüş ərəb” məsəlində ərəb üçün dəvəsinin ölümü nə qədər faciəvi hal sayılırsa, dəvəsiz qalan ərəbin gününün-güzəranının necə ağır olacağı düşünülürsə, türk üçün, tərəkəmə – elat həyatı üçün də atsız qalmaq piyada qalmaq, atının ölməsi böyük dərd hesab edilmişdir. Dəvənin ölümü ərəbin özünün ölümü ilə müqayisə edildiyi kimi, atın da ölümü türkün (tərəkəmənin) ağır faciəsi kimi anlaşılmışdır.
Bir atalar məsəlimiz bu məqama belə məna verir: “Tərəkəmənin atası öldü, dedi: “vaxtı çatıbdı”; atı öldü, dedi: “belim sındı”. (Bax: “Soy” elmi-kütləvi dərgi. Xüsusi buraxılış. Muğanlılar. Bakı – 2008, s.114).
Göründüyü kimi, atın ölümü tərəkəmə üçün, türk-elat camaatı üçün “belin sınması”, yəni atın sahibinin ömürlük şikəst, zəlil qalması kimi mənalandırılır ki, bu da atın kənd təsərrüfatında, ailə-məişət həyatında nə dərəcədə müstəsna xidmətinin olduğunu ifadə edir. Tərəkəmə ifadəsi burada məhdud mənada anlaşılmamalıdır. Tərəkəmə sözü ömrü-həyatı at belində keçən və aran-yaylaq həyatı yaşayan türk qövmlərinə işarə etsə də, bütövlükdə at belində dünyanı fəth eləyən qədim türk xalqlarına müncər edilməlidir. Çünki qədim türklərin həyatlarını atsız təsəvvür etmək mümkün deyildi. Əbəs deyil ki, əski mədəniyyətimizi öz şeirlərində ilhamla təsvir və tərənnüm edən şair Əkbər Qoşalı “Altaylardan qopan atlar” şeirində bu amili belə səciyyələndirir:
Altaylardan qopan atlar
getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
biz çıxanda doluydu.
Altaylardan qopan atı
daha kimsə minmədi,
Altaylardan qopan atlar
ağ köpüklü dənizlərə
çatmayınca dinmədi.
Biz çıxanda Ay doluydu,
Biz getdikcə Ay Yolu,
ayağımız üzəngidə əyildi;
Yay-oxumuz qırılanda,
Ay göylərdə bir yay kimi gərildi.
Biz çıxanda Ay doluydu,
çıxdıq oldu Aypara.
Ay Altayda dolunaydı,
Avropada Aypara.
Altaylardan qopan atı,
bir də, bir də minərmi olam?!
Altaylardan qopan atın
ağ köpüklü dənizədək
dinmədiyini görərmi olam?!
Altaylardan qopan atlar
Avropanı nə vaxt adlar? (s.18-19).
Diqqət edək şeirin məzmununa: Altaylardan gedən atların yolu göy yolu – Tanrı yolu kimi, ucalıq – fatehlik yolu kimi müqəddəs tutulur. Burada atın mifik və real cizgiləri vəhdətdə götürülür. İslam dünyasından məlum olan Məhəmməd peyğəmbərin merac səfəri mindiyi Buraq adlı at vasitəsilə göylərdən uçub getməklə gerçəkləşdiyi haqda dini əfsanəyə uyğun olaraq Əkbər Qoşalı da türk atlarının Altaydan göy yoluyla hərəkət etməsini göstərir. Koroğlunun Qıratının qanad çıxarmasına uyğun olaraq bəzən uçaraq qəhrəmanı ağır döyüş meydanından uzaqlaşdırması kimi məqamlar da epik təsvirçilik ənənəsində atın xalq təfəkküründə mistik ilahi gücə malik olduğunu açıb göstərir. Əbəs deyil ki, atın məhz türk – Altay xalqları ilə birbaşa bağlılığı şeirdə birbaşa vurğulanır: “Altaylardan qopan atı daha kimsə minmədi”. Türklərdə at murad hesab olunur və sahibini arzu-istəyinə çatdıran əsas yardımçı funksiyasını yerinə yetirir. At türklərin ta əzəldən etibarlı yol yoldaşı, dar gününün xilaskarı hesab olunub və bu məqamlar şeirdəki misraların dilində bədii inikasını tapıb. Tənqidçi –ədəbiyyatşünas Vaqif Yusiflinin də diqqətini bu şeir cəlb edib:
“Əkbər Qoşalı türkçülüyü tərənnüm edən şairdir. Bəziləri kimi tribunada “mən türkəm, türk oğluyam” deyibən qışqıranlardan deyil. Türkçü olmaq türkün mədəniyyətini, adət-ənənəsini, koloritli dünyasını, azman döyüş ruhunu, basılmaz cəngavərliyini, “Altaylardan qopan atlarını” və əlbəttə, türkün dünyaya hökm edən fatehlərini şeirdə əbədiləşdirməkdir:
Altaylarda qopan atlar
Getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar
Biz çıxanda doluydu.
Yaxud:
Ürəyim hey atlanar –
ürəyim elə atlanar,
yada düşər Altaylar.
və bu mövzuda olan digər şeirlərini də oxusaq, biz qədim türkün bədöy atlarının hənirtisini, döyüş cəngavərlərinin qılınclarının şaqqıltısını, cəng səslərini eşidərik. Əkbər Qoşalı bu şeirlərində AT obrazını qəhrəmanlığın simvolu kimi ümumiləşdirə bilir” (s.7-8).
Bir daha bu fikirlərdə də ifadə olunduğu kimi, burada “At obrazı qəhrəmanlığın simvolu” olaraq təqdim olunub. Atları dünyada ilk dəfə türklərin minik atı kimi, eyni zamanda döyüşlərdə silahdaş kimi və s. işlətməsi inkarolunmaz faktdır. Bu amil də istər-istəməz atların məişətdə – təsərrüfat həyatında, nəqliyyat vasitəsi kimi, habelə döyüşlərdə əvəzolunmaz rolunu açıq-aşkar şəkildə göstərir. Atı minik atı kimi əhliləşdirən, ondan müxtəlif məqsədlərlə istifadə etməyin mümkünlüyünü tarixdə ilk dəfə icad edən türklər ta əski çağlardan atçılığı inkişaf etdirmiş, onu müxtəlif ölkələr və xalqlara satış məqsədilə və s. ixrac etmişlər. Təbii ki, real həyatda olduğu kimi, mifoloji düşüncədə də atın türk dünyasında özünəməxsus mövqeyi var: “Türk mitolojisində at” oçerkindən bir parçaya nəzər salaq:
“At, evcilleştirildiği tarihten itibaren insanın en yakın yardımcısı olmuştur. Ulaşım, taşıma, eğlence, ticaret ve savaşlarda kullanılan at Türkler için hayvandan öte bir kardeş, dost ve arkadaştır. Atın “dost” olaraq görülmesi ata özel bir kişilik verir. Dede Korkut Kitabı`nda Beyrek atına şöyle seslenmektedir: “At dimezem sana kartaş direm, kartaşumdan yig // Başuma iş geldi yoldaş direm yoldaşumdan yig”. Altay destanlarında da aynı algıyla karşılaşılır: “Tüşte bolzo kanadım / Tünde bolzo nökörim (Gecede kanadım / Gündüzde ise arkadaşım)”. Türkmen atasözleri içinde yer alan “Sabah kalktığında önce atanı, sonra atını gör” sözü atın Türk hayatındaki yerini gösterir. Bir kişi için iyi bir ata sahip olmanın önemini ise Divanu Luğati`t-Türk`te geşen “Kuş kanatın er atın (Kuş kanadıyla, er atıyla) sözü belirtmektedir. Jean Paul Roux Altaylıların dünyasında ilk bakışta hayvanların tüm yaşamın arka planında yer aldığını söyler. Bu hayvanlar arasında da at ön sıralarda yer alır.
Kaynaklar atı Türklerin evcilleştirdiği konusunda hemfikirdir. Ata veya at sürüsüne yunt, yılkı; atın dişisine kısrak, erkeğine aygır; tüylerinin rengine don denilmiştir. Türklerin yaşadığı bölge at yetiştiriciliğine uygun bir bölgedir. Kafesoğlu`ndan özetle söylersek Türklerin dahil oldğu “bozkır kültürü” olaraq tanımlanan kültür tipinin merkezinde at yetiştiriciliği ve çobanlık yer almaktdadır. Moğollar atı tanımamakta; Arabistan ve Kuzey Afrika`da at ancak MÖ 1200`lerde görülmekte; Kuzey Kafkaslar`da ve İran`da at ile ilgili arkeolojik buluntular MÖ 900-500 yıllarına tarihlendirilmektedir. Çinliler ata binmeyi ancak MÖ 300`lere gelindiğinde Asya Hunları`ndan öğrenmişlerdir. Asya`da ilk at kalıntıları, Türk anayurdu bölgesindeki Afanasyevo kültürü (MÖ – 2500-1700) ile onun devamı olan Andronovo (MÖ 1700-1200) kültüründe görülmüştür ve Andronovo kültürü çevresine giren yerlerde hep at kalıntıları ile karşılaşılmaktadır. Atı evcilleştirip binmek insanlığın kültür tarihinde çok önemli bir adımdı. Kafesoğlu`na göre asıl önemli olan atın yük ve araba hayvanı olarak değil, binek heyvanı olaraq kullanılmasıdır. Binicilik kısa zamanda askeri değer kazanarak bozkır savaşçılığının temeli olmuşur. Ona göre Türkler;
“at sayesinde sağladığı – iptidai, uyuşuk “yerli” kütleleri zihin durgunluğundan kurtararak, insan iredesine sonsuz faaliyet ufukları açan-sürat kavramı və maddi araç olaraq sahip bulunduğu demir vasıtası ile kendilerine bağladıkları insanları idare etmek üzere yeryüzünde ilk siyasi kadroları vücuda getirmiş, ilk kanun koyucu millet olmuştur”.
Bu ifadelerden yola çıkarak Türklerin Dünya tarihinde tuttuğu yerle, atın Türk mitolojisindeki değerinin birbirini ortaya çıkardığını söyleyebiliriz, Jean Paul Roux`nun da dediği gibi, “Altay uygarlığında, yalnızca oldukları biçimden dolayı değer kazanmış hayvanlar yok gibidir. Her biri farklı nedenlerle ilahi macerayı tanıma şansını elde eder. Bir hayvanın evrensel bir nitelik kazanabilmesinin nedeni, ona özel bir ilgi gösteren toplumun siyasi alanda olağanüstü bir başarı kazanmasıdır”.
At, Türklerin siyasi, dini, iktisadi ve sosial hayatında merkezi bir konumdadır. “Türkler, sürüler halinde yetiştirdikleri atın etini yerler, onu kurban olaraq sunarlar ve her sene özellikle savaş atlarından binlercesini yabancı ülkelere ihraç ederek ekonomilerini sağlarlardı”.
Çin`in, savaş atlarını daha çox ipekle mübadele ettiği zaman-zaman bir Türk atı karşılığında on, otuz, elli top ve ya parça ipek verildiği kaynaklarda kayıtlıdır. Türkler hakkında bilgi veren Batı, Çin, Bizans, Rus, Süryani, İslam kaynaklarında Türklerin atla olan ilişkilerinin yer aldığını belirten Kafesoğlu`nun bu kaynaklardan alıntılarının bazıları şöyledir...”
Türkiyədə nəşr olunmuş kitabdan gətirdiyimiz bu hissədən də öyrənirik ki, atı türklər əhliləşdirmiş, ondan sadəcə bir ev heyvanı kimi yox, nəqliyyat, əyləncə (idman oyunlarında və s.), ticarət, döyüş və s. vasitəsi kimi istifadə edilmişdir. Bundan başqa, ata dost, sirdaş, silahdaş kimi sayğı bəslənilməsi haqda “Kitabi-Dədə Qorqud”da Beyrəyin dilindən atın öyülməsi, Altay dastanlarında “gecədə qanadım, gündüzdə arkadaşım” deyə alqışlanması, habelə türkmən atalar sözündə “Sabah yerindən duranda öncə atanı, sonra atını gör”, “Divani-lüğət-it-türk”də “Quş qanadıyla, ər atıyla” tipli ifadələr yer almışdır ki, bütün bunlar atın ta qədimdən türk dünyasında müqəddəs tutulmasını və müstəsna dərəcədə mühüm yerə malik olduğunu göstərir.
Sitatdan da aydın görünür ki, ta qədimdən türklərdə at hərbi, iqtisadi-siyasi və sosial həyatda mühüm rol oynamışdır. Belə ki, atın əti yeyilmiş, südü içilmiş, atı qurban kəsmişlər. Həmçinin savaş atlarını başqa ölkələrə satar və ölkələrinin iqtisadiyyatını bu yolla gücləndirərdilər.
Qeyd olunduğu kimi, atın ilk olaraq əhliləşdirilməsi faktı türklərə məxsusdur. Deməli, uzaq keçmişlərdə nəqliyyatın, rabitənin inkişaf tapmadığı dövrlərdə belə bir vacib funksiyanı türklər ram edib əhliləşdirdiyi atlar vasitəsilə görmüşlər. Bu gün sivil dünyada nəqliyyat vasitələri olan maşının sürəti-gücü ölçü vahidi olaraq at gücü ilə hesablanır və filan maşın filan qədər at gücü qüvvəsinə malikdir deyilir. Bu da atın həm ilk nəqliyyat vasitəsi olmasından, həm də atın hədsiz gücə və yetərincə sürətə (qaçış qabiliyyətinə) malik olmasından irəli gəlir. Başqa cür ifadə etsək, “filan maşının gücü filan qədər at gücündədir” şəklində maşının dartı gücü ifadə olunur.
Deyildiyi kimi, texnikanın olmadığı, nəqliyyatın olmadığı qədim zamanlarda dünya fatehliyi zamanı türklər atların gücüylə hərəkət edirdilər. Şair Əkbər Qoşalının digər bir şeirində atın bu funksiyanı yerinə yetirməsi ilə bağlı və atın türk həyatında, məişətində buraxdığı təsirlərin əks-sədası ilə bağlı oxuyuruq:
Atlar ayaqlandı Altay tərəfdən,
Atlar qanadlandı Günbatan səmtə;
Soyuqdan əsəndə yüyən tutan əl,
Buğ qalxanda atların, adamların
ağzından,
və sırsıra tutanda kirpikləri-qaşları,
at özü qoparıb şah damarını
içirtdi qanını süvarilərə...
fışqıran o qaynar qanıydı elə -
işlədi iliyə, qarışdı qana,
azarlar-bezarlar qaçdı ordudan.
İgidlər atdan düşüb atlandı yenə;
yeni atlar ilə tərpəndi elat.
Sonradan uşaqlar atağız oldu,
bulaqlar Atbulaq,
yollar atyolu,
aşırımlar dəyişib Atyalı oldu...
Yorğun atlar yetişəndə mənzilə,
günbatan torpağı çiçəkləyirdi.
Atımızın təriylə sulanırdı biçənək...
O ağır, o ləngər, ahəngli yeriş
bərəkət qatırdı torpağa lay-lay...
Günbatanda batdılar
o igidlər, o atlar,
Gün kimi doğsaydılar..! (s.20)
Fikir verin: Altay tərəfdən türklər – türk atlıları Günbatan səmtə - Avropaya doğru ayaqlandılar – qanadlandılar. Atın ayaqlanmağı əslində “qanadlanmağı” ifadəsilə əvəzlənir sonradan. Çünki nəqliyyat vasitəsinin olmadığı o çağlarda ata minib atlanmaq elə quş kimi qanadlanmağa bərabər bir hal sayılırdı. Məhz bu at qaçışına – at sürətinin hesabına türklər Şərqdən Qərbə - Avropaya doğru yürüyüb fatehlik hünəri göstərdilər. “At işlər, ər öyünər” tipli bir el məsəlimiz var ki, burada atın işləməyi müqabilində ərin – çaparın öyünməyi əbəs yerə deyilməyib. Çünki atı yelqanadla çapa bilmək, at belində döyüşkənlik ruhu nümayiş etdirmək əslində (atı işlətmək) məhz ərin – igidin işi – hünəridir. Əbəs deyil ki, atı igidin qardaşı – dar gündə köməyi saymışdır babalarımız. Məhz şair Altaylardan atların qanadlanması ifadəsini işlədərkən, burada atı özünə ram edib hünərlər göstərən Altayları nəzərdə tutmuşdur.
Sonrakı misralarda Əkbər Qoşalı yazır ki, bumbuz soyuqlar düşdükdə, soyuqdan igidlərin donmaması üçün “at öz şah damarının isti qanını içirtdi süvarilərə”. Beləcə, içdikləri atın qanıyla coşan-kükrəyən igidlər yenidən atlanıb yürüşü davam etdirdilər. Əslində bununla şair demək istəyir ki, atı ram edib əhliləşdirən babalarımız atın ətini - ən keyfiyyətli, kalorili ət hesab olunan atın ətini yeməklə, südünü içməklə bütün azar-bezardan uzaq oldular. Şair bu məqamı belə mənalandırır ki, “uşaqlar atağız oldular, bulaqlarımız Atbulaq, yollar atyolu, aşırımlar da dəyişib Atyalı oldu”...
Bu poetik ifadələrdən çıxan məntiq odur ki, at belində böyüyüb – kişiləşən igidlərimiz özləri də sonradan atağızlı oldular – yəni at kimi yekəağızlı, iricüssəli, pəhləvan görkəmli cəngavər igidlər oldular demək istəyir. Bu anda yada “atı atın yanında bağlarsan, həmrəng olmasa da, dönüb həmxasiyyət olar” məsəlimiz düşür. “Kitabi-Dədə Qorqud”dakı Alp Aruza verilən “Atağızlı Aruz” epitetindəki Atağızlı sözü necə ki, Aruzun nəhəng cüssəli bir igid olması nişanını verir, eləcə də şairin yuxarıda dediyi uşaqların böyüyüb atağız olmaları da eynən bu anlama gəlir. Daha doğrusu, epik dastan təhkiyəsindən gələn Atağızlı Aruz epiteti müasir dövrdə poetik yaddaşda yenidən yaşarılıq qazanmışdır. “Qardaşın kimdir, yoldaş olmamışam” mükaliməşəkilli məsəlimizin bir məna qütbü də digər bir məsəlimizdə açılır: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Yəni insan dost-yoldaş olduğu insanla eyni əqidədə olub dostluq-yoldaşlıq elədiyi kimi, türk igidinin də dostu – yoldaşı, qardaşı epik təhkiyəçilik ənənəsindən üzü bu günümüzədək at hesab olunursa, onda türk oğlunun da – igidinin də ata oxşaması – Atağızlı olması tam məqbul haldır. Deməli, igidin atı da özünə tən gəlir, igidin özü ilə bərabər atı da ona yoldaş olub, hünərlər qazanmasında yardımçı olur.
Yuxarıdakı misralarda Atbulaq, Atyalı toponimləri, atyolu ifadəsi də şeirə təsadüfi gətirilməyib. Bütün bunlar mədəniyyətimizdə at kultunun tamamilə oturuşmuş bir hala gəlməsini göstərir. Yuxarıda qeyd etdim ki, nəqliyyat vasitələrinin gücü at gücü vahidi ilə ölçülür. Eyni zamanda xalq arasında müəyyən bir məsafəni qət edib mənzilbaşına yetişmək üçün atyolu anlayışından istifadə olunur. Tutaq ki, hardan harasa məsafəni bildirmək üçün bir at yolu qədər məsafə var və s. şəklində fikir bildirilir. Yəni bu tip ifadələr atın qət edə biləcəyi müəyyən məsafəlik yol nəzərdə tutulmaqla işlədilir. Bundan başqa, Atbulaq və Atyalı adlı kəndlər, qəsəbələr də vardır ki, bunlar da toponimlərimizdə də atla bağlı ifadələrin özünə yer aldığının göstəricisidir. Bunlar da, şübhəsiz ki, atın ta qədimdən türklərin həyatında misilsiz rolunun olduğunu göstərir. At adlarının toponimlərdə “doğulmasına” bədii yozum verən Əkbər Qoşalı yazır:
Yorğun atlar yetişəndə mənzilə,
Günbatan torpağı çiçəkləyirdi,
Atımızın təriylə sulanırdı biçənək...
O ağır, o ləngər, ahəngli yeriş
bərəkət qatırdı torpağa lay-lay...
Türk fatehləri atları ilə günbatana yetişəndə, orda torpaq “çiçək açırdı” deyir şair. Deməli, atın təriylə suvarılan torpaq bərəkətli olurdu, mübarək olurdu, - deyilir poetik dillə. Əlbəttə, bunlar bədii sözdür, obrazlı ifadələrdir. Ancaq bu sözlərin bədii məna qatından real həqiqətlər də dolayısı ilə özünü büruzə verir. Yəni yer-yurd adlarında – toponimlərdə at adlarının özünə yer alması təsadüfi hal daşımır, bunlar at kultu ilə bağlı Xalq düşüncəsinin yer-yurd adlarında proyektiv təzahür şəklidir. Xalqımızın mədəniyyətində, məişətində mövcud olan atla bağlı təsəvvürlərin müxtəlif səviyyələrdə özünü şəkilləndirən paradiqmalarıdır. Ona görə də heç təsadüfi deyil ki, xalqımızın şair oğlu Ə.Qoşalı şeiri arxaik təsəvvürlərə köklənməklə arzu-istək şəklində belə tamamlayır ki:
Günbatanda batdılar
O igidlər, o atlar,
Gün kimi doğsaydılar!..
At belində Avropanı fəth etmiş cəngavər oğullarımızın Günbatanda gün batımı kimi batdıqlarını qeyd edən müəllif təbii ki, onların yenidən gün kimi doğuşunu arzulayır...
Beləliklə, xalqımızın epik düşüncəsində mövcud olanlara və bu epik düşüncə qatından baş alıb gələn bədii mətnlərə istinad etməklə at kultunun xalqımızın mədəniyyət sistemində tutduğu yeri gözdən keçirdik. Atın istər real həyatda, istər bədii-poetik düşüncədə, istərsə də etnik təfəkkürdə daşıdığı qutsal dəyərlər keçmişdə də, indinin özündə də atın xalqımızın həyatındakı müstəsna əhəmiyyətini anlamağa imkan verir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Qərbi Azərbaycan aşıqları – Aşıq Ələsgər
Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Qərbi Azərbaycan aşıq ənənəsi, bölgənin türk etno-mədəni irsini əks etdirən, həm şifahi, həm də instrumental ifadə formalarını birləşdirən zəngin bir folklor qatıdır. Bu ənənənin ən görkəmli nümayəndələrindən biri Aşıq Ələsgər (1821-1926) olmuşdur.
O, Şərqi və Qərbi Azərbaycan türk aşıq məktəblərinin poetik və musiqi xüsusiyyətlərini birləşdirərək zəngin bir repertuar yaratmışdır. Aşıq Ələsgərin əsərlərində xalqın gündəlik həyatı, sosial ədalət, sevgi və vətənpərvərlik mövzuları ön plandadır. Onun şeirlərində arxaik türk leksikası və qədim Azərbaycan xalq musiqisinin motivləri qorunmuşdur.
Aşıq Ələsgərin repertuarı genişdir; onun şeirləri əsasən dastan və bayatı janrında formalaşıb, sevgi, təbiət təsvirləri, sosial ədalət, qəhrəmanlıq və vətənpərvərlik kimi mövzuları əhatə edir. Onun yaradıcılığında xüsusi diqqət çəkən məqam, xalqın mənəvi və etno-mədəni dəyərlərinin qorunmasıdır. Şifahi və instrumental ifadə formalarını harmonik birləşdirən Ələsgər, sazı yalnız müşayiət aləti kimi deyil, həm də poetik mesajın ötürülməsi üçün əsas vasitə kimi istifadə etmişdir.
Ələsgərin əsərlərində söz və musiqi birliyinin yüksək səviyyəsi, ritmik quruluşun zənginliyi və melodik çeşidlilik diqqəti çəkir. Aşıq Ələsgərin sənəti, həmçinin bölgənin folklor mühitində şifahi ədəbiyyatın qorunub saxlanması və nəsildən-nəsilə ötürülməsi baxımından əvəzsiz bir rol oynamışdır.
Tarixi mənbələr və tədqiqatlar göstərir ki, Ələsgər yalnız aşıq və şair kimi deyil, həm də ictimai fəal və mədəniyyət daşıyıcısı kimi çıxış etmişdir. O, kənd və qəsəbələrdə təşkil olunan mərasimlərdə, toy və bayram süfrələrində aşıq sənətini təmsil etmiş, xalqın mədəni dəyərlərinin qorunmasına xidmət etmişdir. Onun yaradıcılığı, həmçinin sonrakı aşıq nəsillərinə nümunə olmuş və Qərbi Azərbaycan aşıq məktəbinin inkişafında əsas dayaqlardan biri kimi qəbul edilmişdir.
Nəticə etibarilə, Aşıq Ələsgər Qərbi Azərbaycan aşıq sənətinin simvolik fiquru, həmçinin xalqın milli-mədəni kimliyinin qoruyucusu kimi qiymətləndirilir. Onun əsərləri yalnız tarixi və musiqi dəyərə malik deyil, həm də dil, folklor və etnoqrafik araşdırmalar üçün zəngin material təqdim edir. Onun yaradıcılığı, bölgənin türk mədəniyyətinin canlı göstəricisi olaraq, müasir dövrdə də öyrənilməyə və qorunmağa davam edir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Orta əsr türk mütəfəkkirlərində ədalət və dövlət ideyası
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü təqdimat Orta əsr türk mütəfəkkirlərində ədalət və dövlət ideyasıbarədədir.
Orta əsr türk mütəfəkkirlərində ədalət və dövlət ideyası qədim türk dövlət fəlsəfəsinin və islam dünyagörüşünün vəhdətində formalaşmış, həm siyasi, həm də mənəvi müstəvidə izah edilən dərin bir anlayış kimi diqqət çəkir. Türk intellektual ənənəsində ədalət, kainatın və cəmiyyətin təməl prinsipi, dövlətin varlığının əsas dayağı kimi qəbul olunurdu. Bu ideya həm qədim “Töre” sistemində, həm də islam sonrası dövrün fəlsəfi-siyasi traktatlarında (xüsusilə, Səlcuqilər və Qəznəvilər dövründə) mühüm yer tuturdu.
Ənənənin kökləri Orxon-Yenisey abidələrinə qədər gedib çıxır. Bilgə Kağan yazıtlarında “xalqı ədalətlə idarə etmək”, “el üçün gecə yatmayıb, gündüz oturmayıb işləmək” kimi fikirlər dövlət başçısının məsuliyyətini və ədalətin dövlətin legitimliyi üçün əsas şərt olduğunu göstərir. Bu, türk siyasi mədəniyyətində hökmdarın Tanrı tərəfindən verilmiş məsuliyyətini əks etdirir: xaqan ədalətli olmasa, Tanrı onun səltənətini əlindən alar.
İslam dövrü türk mütəfəkkirləri bu anlayışı daha fəlsəfi və sistemli şəkildə işləyiblər. Əl-Fərabi (IX–X əsr) “Əl-Mədinətül-fazilə” (“Fəzilətli şəhər”) əsərində ədaləti cəmiyyətin harmoniya və nizam prinsipi kimi təqdim edir. Onun fikrincə, dövlətin məqsədi yalnız maddi rifah deyil, həm də mənəvi kamillikdir. Fərabiyə görə, ədalət olmadan nə fəzilətli rəhbər, nə də fəzilətli cəmiyyət mövcuddur.
Yusuf Balasaqunlunun XI əsrdə yazdığı “Kutadqu Bilig” (“Xoşbəxtlik gətirən bilik”) isə türk dövlət fəlsəfəsinin ən sistemli ifadəsidir. Burada ədalət “Kün-Toğdı” (ədaləti təmsil edən obraz) simvolu ilə personifikasiyalaşdırılır. Əsərdə dövlət idarəçiliyinin dörd əsas dayağı göstərilir: ədalət, xoşbəxtlik, ağıl və qaneçilik. Yusuf Balasaqunlu bildirir ki, “ədalət dövlətin dirəyidir, ədalətsiz dövlət uzun yaşamaz”. Bu, həm sosial nizamı, həm də Tanrı iradəsini qorumaq anlamı daşıyır.
Nizami Gəncəvi də öz didaktik əsərlərində ədalət ideyasını mərkəzi dəyər kimi təqdim edir. “Sirlər xəzinəsi”ndə o yazır: “Ədalət elə bir günəşdir ki, doğduğu yerdə zülmət qalmaz”. Nizami üçün ədalət həm siyasətin mənəvi ölçüsüdür, həm də insanın ilahi borcudur.
Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində ədaləti əxlaqi dəyərlərin tacı adlandırır və dövlətin nizamını qorumağın yeganə yolu kimi təqdim edir. Onun fikrincə, “ədalət insanların ortaq rifahı naminə fərdi istəklərin tənzimidir”.
Məlikşah Səlcuqi dövrünün siyasi düşüncəsində də ədalət dövlətin sabitliyinin meyarı idi. Vezir Nizamülmülkün “Siyasətnamə” əsəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Orada dövlətin qorunmasının yolu kimi ədalətli idarə, dürüst vergi sistemi və xalqın rifahına diqqət göstərilir.
Beləliklə, orta əsr türk mütəfəkkirlərində ədalət anlayışı sadəcə hüquqi kateqoriya deyil, həm də kosmik və mənəvi prinsipdir. Dövlət isə bu ədalətin həyata keçmə məkanıdır. Türk dövlət fəlsəfəsində ədalət, Tanrı iradəsinin yerdəki təzahürü, hökmdarın isə bu ilahi nizamın qoruyucusudur. Bu ideya zamanla həm Osmanlı siyasi fikrində, həm də müasir türk siyasi mədəniyyətində öz izlərini saxlamışdır.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Hərdən söz tapmaq olmur -ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən söz tapmaq olmur.
Bəzən söz bir tapıntı, bəzən də bir itki olur.
Tapdığın söz səni azad edir, itirdiyin isə içində qalır ağır bir yük kimi. Söz səni həm dəyərli edər, həm də dəyərdən salar. Söz söyləmək bir seçimdir. İçində çox şey saxlayır. Zaman keçdikcə səni də sözlərin formalaşdırır. Dediklərin qədər tanınırsan, tanındığın qədər söz sahibisən.
Söz yalnız danışmaqla yox, bəzən susmaqla da deyilir. Söz həmişə səslə gəlməz, bəzən sükutun içində də gizlənər. Bəzən söz ən qiymətli duyğuların ifadəsidir, hansı ki, dəyərini özündə saxlayır.
Bəzən isə basdırılmış arzuların qapısını açan açarı içində gizlədər.
Bəlkə də söz, içimizdə susanların dilə gəlmək üçün tapdığı yoldur.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutan bir sıra tədbirlərin müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan mədəniyyətinin inkişafına töhfələr vermiş bir şəxs olub Zəfər Nemətov. Bəlkə də yaradıcılığı unudula bilər, amma təşəbbüsləri, gördüyü işlər əsla unudulan deyil.
Azərbaycanın tanınmış rejissoru, pedaqoq Zəfər Nemətov 5 iyun 1917-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçib.
1943-cü ildənAzərbaycanDövlətGəncTamaşaçılarTeatrındarejissor, 1954-cü ildənbaş rejissorvəzifələrində çalışıb. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş verib.
Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutan bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilən ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilib.
Bu gün Teatr Xadimləri İttifaqının yerləşdiyi bina (Bakı şəhəri, Xaqani küçəsi, 16) ulu öndər Heydər Əliyevin himayədarlığı, görkəmli sənətkarlar Mustafa Mərdanov və Zəfər Nemətovun təşkilatçılığı və zəhməti bahasına başa gəlib.
Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi tamaşalar
1."Məlik Məmməd" (Ə.Abbasov)
2. "Müfəttiş" (A.Qoqol)
3. "Qaraca qız" (A.Şaiq)
4. "Yaşar" (C.Cabbarlı)
5. "Anacan" (Y.Əzimzadə)
6. "Romeo və Culyetta" (U.Şekspir)
7. "Komsomol poeması" (S.Vurğun)
8. "Əlvida Hindistan" (Q.Rəsulov)
9. "İki həyat" (R.İsmayılov)
Zəfər Nemətov 19 noyabr 1971-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)
Maestro!
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dirijor deyəndə hamı Niyazini yada salır.
Amma başqa tanınmış dirijorlarımız da var. Məsələn, Nəriman Əzimov.
Bu gün onun anım günüdür.
Anır, Allahdan rəhmət diləyirik.
Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirib. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr edib.
Nəriman Əzimov Azərbaycan Teleradiosunun Xor kollektivində xormeyster işləyib. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
Həmçinin AzTV QSC səs rejissoru işləyib.
Nəriman Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanıb.
Mükafatları
1. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
2. Azərbaycan Respublikasının Xalq artisti
3. "Şöhrət" ordeni
Uzun sürən ürək çatışmazlığından və xəstəlikdən əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib və Gəncənin Səbsikar qəbiristanlığında dəfn edilib.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)


