Super User
Azərbaycanlı rəssamın əsəri İtaliyanın nüfuzlu jurnalında çap olunub
Azərbaycanın Əməkdar rəssamı Mehriban Əfəndinin rəsm əsərlərinin dünyanın nüfuzlu jurnallarında fərqli formatlarda çapı davam edir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, rəssamın "Gecənin mistikası" əsəri İtaliyanın “Figgi” jurnalının sentyabr nömrəsinin əsas səhifəsində yer alıb.
Jurnal moda, incəsənət və süni intellekt mövzularını əhatə edir.
Qeyd edək ki, Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi 2010-cu ildə dünyanın 56 ən yaxşı sürrealist rəssamı siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Azərbaycan ilə Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
Sentyabrın 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qonağı səmimi salamlayan nazir Adil Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.
Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir.
Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko səmimi qəbula görə azərbaycanlı həmkarına təşəkkür edib. O, iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Nassim Taleb qaçqınlıq fəlsəfəsi barədə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün dünyaşöhrətli kouç, sosioloq
Nassim Talebin «Qara qu quşu» kitabından bəhs edəcəyəm.
Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.
QAÇQINLIQ FƏLSƏFƏSİ
Qaçqınlıq fəlsəfəsinə aid gətirilən fakt da çox maraqlıdır: 1960-cı ildə Kastro rejimi hakimiyyətə gələndə kubalı qaçqınlar müvəqqəti, bir neçə günlük Mayamiyə köç etmişdilər, çamodanlarının üstündə oturmuşdular ki, bu gün-sabah geri dönəcəyik. Onlar, onların sonra doğulan nəsilləri hələ də Mayamidədirlər. Və yaxud, 1917-ci ildə Rusiyadakı bolşevik inqilabı zamanı ölkəni tərk etmiş bir çox rus mühacirlər dərhal geri dönəcəklərini zənn edirdilər. Yazıçı Vladimir Nabokov geriyə dönüşü çox da uzun olmasın deyə yaxın Berlin şəhərini özünə məskən seçmişdi, daimi mənzil də almırdı, kirayə mənzillərdə, otel otaqlarında yaşayırdı. Beləcə o, geriyə dönüşü olmadan bütün həyatını başa vurdu, «Montre-Palas» hotelində gözünü əbədi yumdu. Ümidlər insanların gözlərini bəzən bax beləcə kor edir.
Yeri gəlmişkən, mən özüm şəxsən Qarabağ müharibəsinin evsiz-eşiksiz qoyduğu 800 min nəfərə yaxın qaçqın ordusunun neçə-neçə nümayəndəsində bu «uğursuzluq sindromu»ndan gec-tez qurtulacağına, vətəninə dönəcəyinə olan 25 illik inamın hələ də öləzimədiyinin şahidi olmuşam.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Milli Məclisdə Azərbaycan–Çin əməkdaşlığına dair görüş keçirilib
2025-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və Azərbaycan–Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Soltan Məmmədovun Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyasının (NEAC) Beynəlxalq əlaqələr departamentinin baş direktoru Vey Quosyunq (Wei Guoxiong) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitənin və həmçinin Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri - Elşad Musayev və Səbinə Salmanova, komitənin, Beynəlxalq münasibətlər şöbəsinin, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları,
Çin tərəfdən NEAC Nəzəri araşdırmalar departamentinin direktoru Li Şiçyanq (Li Shiqiang), Təhsil departamentinin direktoru Ci Çinqçinq (Ji Qingqing), Mədəniyyət və təbliğat departamentinin direktoru Cao Çyan (Zhao Qian), Baş İdarənin Maliyyə və büdcə şöbəsinin müdiri Li Kö (Li Ke), Beynəlxalq əlaqələr departamentinin Mübadilə və Əməkdaşlıq şöbəsinin müdiri Çiu Penq (Qiu Peng) iştirak edib.
Görüşü açan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qonaqları salamlayaraq Azərbaycan–Çin münasibətlərinin dostluq ənənələrinə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb. O, son illərdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində əməkdaşlığın genişlənməsini diqqətə çatdırıb.
Çin nümayəndə heyətinin rəhbəri Vey Quosyunq səmimi qəbula görə təşəkkürünü bildirib, NEAC-ın fəaliyyət istiqamətləri barədə bilgi verib və etnik müxtəlifliyin qorunması, ictimai sabitliyin möhkəmləndirilməsi sahəsində Azərbaycan təcrübəsini yüksək qiymətləndirib.
Azərbaycan–Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Soltan Məmmədov isə parlamentlərarası əməkdaşlığın rolu üzərində dayanaraq, ikitərəfli münasibətlərin inkişafında bu platformanın önəmini vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Komitənin sədr müavini Sahib Alıyev çıxışında Azərbaycan dövlət siyasətində tolerantlıq ənənələrinin önəmli yer tutduğunu qeyd edib, etnik və dini müxtəlifliyin ölkəmizdə milli sərvət kimi qorunduğunu diqqətə çatdırıb.
Azərbaycan və Çin dövlət başçılarının bu il apreldə və avqustda baş tutan görüşləri və imzalanan tarixi sənədlərə görüşdə xüsusi vurğu edilib.
Qeyd olunub ki, Azərbaycan və Çin arasında etnik və dini müxtəlifliyin idarə olunması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, ictimai həmrəyliyin möhkəmləndirilməsi, o cümlədən qanunvericilik sahələrində təcrübə mübadiləsi qarşılıqlı faydalı olacaq.
Əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşdə dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Sözdən yaranan incilər – ÖMƏR XƏYYAM
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı həmin kəlamları, sitatları, aforizmləri sizlərə təqdim etməkdədir.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
ÖMƏR XƏYYAM (1048-1123-cü illər), şair və filosof
Şər və xeyir səninlə doğulmayıb, onları seçmək üçün sənə ağıl verilib.
Ruhdan düşən vaxtından tez ölür.
Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
Əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan insan olmalıdır.
Ədalət kainatın ruhudur.
Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.
Bu dünyaya istədiyimiz kimi gəlmədik, bu dünyadan da istədiyimiz kimi köçməyəcəyik.
Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf bulağıq. İnsan sanki güzgüdəki çox üzlüklər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.
Bu həyat aldığımız nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.
Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişir.
Saxta dost kölgəyə bənzər: o yalnız kökgəlikdə səninlə olar.
Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.
Xanımı olan kişini məst etmək ( yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.
İndi vaxt yoxdur, sabah güc olmayacaq, o biri gün- özümüz olmayacağıq,
Ona görə də heç nəyi sabaha saxlama. Elə indi və burda yaşa.
Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı çatanda onlar səni axtaracaqlar.
Səbr etmək gözəl keyfiyyətdir. Amma uzun müddət səbr etmək üçün həyat həddən artıq qısadır.
Hirslənəndə heç kimə cavab vermə, xoşbəxt olanda heç kimə vəd etmə, əsəbləşəndə heç vaxt qərar vermə.
Yer üzündə üç qiymətli şey var: yemək, içmək və xoş sözlər. Axmaqlar isə hesab edirlər ki, qiymətli şey deyəndə qiymətli daşlar başa düşülməlidir.
Sirr saxlamaq istedaddır, özgənin sirrini saxlamaq isə incəsənətdir.
Əgər siz bütün dünyanı xoşbəxt etmək istəyirsinizsə, onda evə qayıdıb öz ailənizi sevin.
Ağıllı adam səhvini hər zaman düzəldə bilər. Səhef isə öz səhvini düzəltmək qabiliyyətinə də malik deyil.
Kobudluq və təkəbbürlü olmaq münasibətləri korlayır. Birinci hal ayrılmağa gətirib çıxarır, ikincisi, bacarığa mane olur.
Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı çatanda onlar da özləri sənə çatacaqlar.
Sən dünyaya lüt gəlmisən, dünyadan lüt də gedəcəksən. Doğulanda aciz olduğun kimi, öləndə də aciz olacaqsan. Dünyaya pulsuz, əşyasız gəlmisən, dünyanı elə də tərk edəcəksən. Dünyaya gələndə səni yuyub paltara bükürlər, axırıncı çimməyin də elə olacaq. Bax, insan budur! Elə isə nə üçün bu qədər acgöz, pislik etməyə meyillisən?
Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə əksinə, əzab çəkmədən şikayətlənir.
Hamı çox yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.
Adamlara yaxşılıq edəndə, yaxşı adamlar bunu qiymətləndirir, biganələr unudur, həyasızlar isə daha da həyasızlaşır.
Pis dostu olmaqdansa tək yaşamaq yaxşıdır.
Kiminlə gəldi yoldaşlıq etməkdənsə, tənha yaşamaq yaxşıdır.
Kədər olsun o duyaya ki, orada yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir. Bəhrəsiz gündən daha tutqun və daha sıxıcı gün ola bilməz.
Xilqətin başlıca mehvəriyik biz,
Dərk etsən, bəsirət gövhəriyik biz.
Cahan dairəsi qızıl bir üzük,
Onun ən dəyərli gövhəriyik biz.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı: multidisiplinar təqdimatlar və ustad dərsləri
Sentyabrın 24-də Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında növbəti təqdimat “Multidisiplinar İncəsənət Festivalı” olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Nəsiminin şeirləri, qəzəlləri musiqi və rəqs vasitəsilə təqdim olunub.
Sonra qəzəlxan Arif Buzovnalı və gənc şairlərin çıxışları dinlənilib.
Tədbirdə incəsənət ustaları Nəsiminin sözlərini və fəlsəfi ideyalarını müasir ifadələrlə auditoriyaya çatdırıblar. Festival iştirakçıları həm vizual, həm də emosional olaraq Nəsimi irsi ilə daha yaxından tanış olublar.
Festival çərçivəsində, həmçinin gildən hərfdüzəltmə, art-terapiya, ekoçanta üzərində qrafika, xəttatlıq, meditasiya, bədən plastikası kimi ustad dərsləri keçirilib. Həmçinin “Çardaq” qrupunun ifası və poeziya fləş-mobu olub.
Daha sonra türkiyəli yazar və musiqiçi Hakan Mengüç sufizm fəlsəfəsi haqqında çıxış edib.
Hakan Mengüç AZƏRTAC-a açıqlamasında bu festivalda iştirakdan məmnunluğunu bildirib.
O, həmçinin tədbirə çoxlu sayda gəncin qatıldığını bildirib: “Onların bu mövzuya maraq göstərməsi məni sevindirir. Demək bir şəkildə sözlərimizlə qəlblərə toxuna bilirik”, – deyə o vurğulayıb.
Türk Dünyası Araşdırmaları İnstitutunun nümayəndəsi professor Metin Ekiçi bildirib ki, Nəsimi Türk dünyasının ortaq mədəni irsidir. O əlavə edib ki, Nəsiminin doğulduğu torpaqlarda təşkil edilən festival çərçivəsində səslənən şeirləri və qəzəlləri dinləmək böyük zövqdür.
Professor qeyd edib ki, bu cür tədbirlər Nəsimi irsinin gənc nəsillərə ötürülməsində və onun fəlsəfi-mənəvi dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynayır.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək, şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Müəllimlər yeniyetmələrə necə münasibət göstərməlidirlər? -AKTUAL
Budur, yeni dərs ili başlandı. Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Bəs nə etməli?
“Ədəbiyyat və incəsənət” portalının qoyduğu sualı yeniyetmə psixoloqu Nəzrin Həşimzadə cavablandırır.
Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar?
* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.
* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.
* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın
anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə mütləq şəkildə individual yanaşılmalıdır.
* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.
Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?
* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.
* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onlarınsizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun.
Zülmkar olmayın.
* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.
* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.
* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, “bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm”. Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axtarın.
Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar.
Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.
Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Azərbaycan “Müxtəliflik vasitəsilə birlik” Etnomədəni Festivalında
Moldovanın paytaxtı Kişineuda Stefan Çel Mare adına mərkəzi parkda “Müxtəliflik vasitəsilə birlik” Etnomədəni Festivalı keçirilib. Hər il sentyabr ayının üçüncü bazar günü baş tutan festivalda müxtəlif xalqlar və etnik qruplar öz milli mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, mətbəxlərini, sənətkarlıq nümunələrini tamaşaçılara təqdim edirlər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi Moldova Azərbaycanlıları Konqresi (MAK) təmsil edib. Azərbaycan guşəsində zəngin milli irsimizə aid xalçalar, ənənəvi bəzək və məişət əşyaları, milli mətbəximizdən örnəklər təqdim olunub. Bundan əlavə, Moldova-Azərbaycan münasibətlərini və əməkdaşlıq təşəbbüslərinə dair fotosərgi nümayiş etdirilib. Fotolarda mühüm yüksək səviyyəli görüşlər, müxtəlif mədəni tədbirlər, birgə təşəbbüslər, ünsiyyət və həmrəylik anları öz əksini tapıb.
Azərbaycan diasporunun guşəsini Moldova Respublikasının Prezidenti Maya Sandu, Millətlərarası Münasibətlər Bürosunun baş direktoru Vyeçaslav Ryabçinski, Kişineu merinin səlahiyyətlərini icra edən İlie Çeban ziyarət ediblər. Onlara Azərbaycan diasporunun fəaliyyəti, təqdim olunan eksponatlar və mədəni irsimiz barədə geniş məlumat verilib.
Festivalda “Xarı Bülbül” həftəsonu məktəbinin şagirdlərinin ifasındakı milli rəqslərimiz tamaşaçıların rəğbətini qazanıb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Unudulmaz opera ifaçısı, Xalq artisti Şahlar Quliyevi anırıq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Oktyabrın 26-da vəfatının bir ili tamam olacaq.
Bu gün isə doğum günüdür.
Əlbət ki, bu gün anılacaq, məzarına gül dəstələri qoyulacaq. Özü də tək ailə üzvləri tərəfindən deyil, həm də mədəniyyət ictimaiyyəti tərəfindən.
Xalq artisti Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir.
"Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır.
Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış edib. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. 2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.
Oğlu Nofəl Şahlaroğlu filologiya üzrə fəlsəfə doktoru, aktyor və aparıcıdır.
Filmoqrafiya
1. Qız qalası
2. Bəylik dərsi
Ustad sənətkar 2024-cü il oktyabrın 26-da səhər saatlarında uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib. Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında dəfn edilib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)
Tanınmış şair-publisist Əvəz Mahmud Lələdağın 90 illiyi qeyd olunub
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt Dövlət Dram Teatrında Qərbi Azərbaycanda dünyaya gəlmiş, Sumqayıtda yaşayıb yaradan tanınmış şair-publisist, pedaqoq Əvəz Mahmud Lələdağın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri - Musa Urud, Hikmət Babaoğlu, Mehriban Vəliyeva, Səbinə Salmanova, Müşfiq Məmmədli, ziyalılar, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri, ədəbi ictimaiyyətin nümayəndələri, yubilyarın ailə üzvləri və yaxınları iştirak ediblər.
Çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əvəz Mahmud Lələdağın həyat və yaradıcılığı barədə geniş danışaraq onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına verdiyi töhfələri yüksək dəyərləndirib. Zakir Fərəcov vurğulayıb ki, yubilyar həm bir pedaqoq, həm də ictimai xadim kimi Sumqayıt şəhərinin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilib, şəhərin adını daim ucaldıb. Dövlətimizin elm, ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğının Əvəz Mahmudun həyat yolunda da özünü göstərdiyini qeyd edən şəhər rəhbəri onun müxtəlif illərdə “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqələrinin qalibi olduğunu, Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Tərəqqi” medalı, Prezidentin fəxri diplomu və “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edildiyini xatırladıb.
Tədbirdə Əvəz Mahmud Lələdağın 90 illik yubileyi və şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəcov tərəfindən ona Fəxri Fərman təqdim olunub, həmçinin şair-pedaqoqun Sumqayıtın ictimai həyatındakı əvəzsiz xidmətləri nəzərə alınaraq, onun Şəhərin Fəxri Vətəndaşı adını alması ilə bağlı sərəncam imzalandığı elan edilib.
Qeyd olunub ki, Əvəz Mahmud Lələdağ uzun illərdir şəhərin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, Ağsaqqallar Şurasının sədr müavini kimi genişmiqyaslı ideoloji fəaliyyət aparır. O, Sumqayıtın inkişafı, mədəni-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində daim ön sıralarda olmuş, şəhərimizlə bağlı mövcud reallıqların həm şəhər ictimaiyyətinə, həm də ölkə əhalisinə çatdırılmasında mühüm rol oynamışdır.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxışında Əvəz Mahmud Lələdağın həm müəllim, həm də ziyalı kimi Azərbaycan maarifinə və ədəbi mühitinə göstərdiyi xidmətləri yüksək qiymətləndirib. O, bildirib ki, Əvəz müəllim ömrü boyu milli-mənəvi dəyərlərin təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə çalışıb və bununla da həm Sumqayıt, həm də bütövlükdə Azərbaycan üçün dəyərli bir ziyalı obrazı yaradıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Urud və digər iştirakçılar çıxış edərək yubilyarın pedaqoji və yaradıcılıq fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Əvəz Mahmud uzun illər pedaqoji fəaliyyət göstərərək minlərlə şagirdin yetişməsində mühüm rol oynayıb, onlarla kitabın müəllifi kimi 560-dan çox elmi-publisistik və metodik məqaləsi ilə ədəbi ictimaiyyətin rəğbətini qazanıb.
Tədbir şairin poeziyasına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib. Əvəz Mahmud Lələdağın sevilən şeirlərindən parçalar səsləndirilib, onun həyat və yaradıcılıq yolunu əks etdirən film nümayiş olunub. Teatrın aktyorlarının ifasında səhnələşdirilən əsərlər tamaşaçılara unudulmaz anlar yaşadıb.
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)


