Şeir kimi ömür - Elegiya Featured

 

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Şair kimi yox,

Şeir kimi ölmək istəyirəm.

                   Vaqif Səmədoğlu.

 

Bədii qiraət ustası, əməkdar müəllim, ADMİU-nın professoru Nadir Hüseynovun xatirəsinə elegiya.

 

O, bədii qiraəti elm kimi əxz edib elm kimi öyrətdi. İfa üslubu, mövzu seçimi, şeiri yaşama tərzi ilə məktəb, canlı əfsanə oldu. O səsini şeirin hər bəndinin yox, hər misrasının məna yükünə, hadisənin, təsvir obyektinin ovqatına uyğun qurur, hər sözün etimoloji ayrıntısını fərqli çalarda verirdi.

Onda poetik nümunənin rəngini vizual effektlə deyil də, səs çalarının bərqində çatdırmaq istedadı vardı.

O, görünməyən sözü görünən səsə çevirməyi bacarırdı.

Onun söylədiyi şeir az qala dil açıb adamla danışırdı, sənin əlindən tutub yaranma faktının baş verdiyi hücrəyə aparırdı.

O, poeziyanın dramaturji yükünü unikal səs tembrinin notu üzərində mükəmməl paylaşırdı.

 

Zərgər dəqiqliyi ilə.

Onun ifası bəzi qiraətçilərin aludə olduğu yersiz qışqırtılardan, intonasiya zədələrindən, saxta pafoslardan, patetik cırmaqlaşmalardan çox-çox uzaqdı.

Onun bədii qiraəti təbii dağ çeşməsiydi, səmanın  duruluğuydu, gözü dincəldən, ruhu toxtadan ağ pəmbə buluddu, Şəhid valideyninin qürura bələnmiş kövrəkliyiydi, əzəmətlə dalğalanan Bayrağımızın çırpıntısıydı, insanlıq fəlsəfəsiydi.

O səs-milli səs idi. Dədə-Qorqud ocağından köz götürən, ulu dağlarda, ana çaylarda arınan, bərkiyən, mətinləşən Azərbaycan kişisinin səsi!

O – tanınmış jurnalist Etibar Cəbrayıloğlunun sözünə qüvvət, nadir sənətkar, nadir qüvvət, Nadir Hüseynov bədii qiraətdə boş-boşuna döşünə döyənlər üçün fakt idi. Təkzibolunmaz fakt!

Kriteriyaların əsir düşdüyü, zövqlərin bəsitləşdiyi, istedad yiyələrinin düşmən gözündə göründüyü, cingənə dingişlərin güxgü qarşısına keçib həvə dişlərini ağartdığı bir vaxtda Nadir Hüseynovun çıxışı sənət örnəyi, klassik məktəb göstəricisi idi.

Nadir Hüseynovun insani fəzilətləri ilə pedaqoq ustalığı sənətkarlığını tamamlayırdı. Əməkdar artist, ADMİU-nun dekanı Nofəl Vəliyev həmin gün sosial şəbəkədə mərhumun  xarakterini rövnəqləndirən bir cizgidən söz açmışdı:

“Hər müəllimə nəsib olmur, tələbələri ardınca bu qədər ağlasınlar”.

Dəfn günü vəfat gününə qədər dərs dediyi tələbələr mərhumla ailəvi dostluq edən Rəhim Qədirova yaxınlaşıb “icazə verin, cənazə bizim çiynimizdə getsin” dedilər.

Nadir müəllim mərd adam idi, heç kimə əyilmədi, sonacan sözünün ağası oldu. Məddahlar, riyakarlar gözünün düşməniydi. Yalançıya qan düşməni kimi baxırdı. Nəfsi tox insandı. Haqqın yanında yer alardı, əks tərəf əziz-giramisi olsa belə.

2010-cu ildən Nadir Hüseynovla dostluq edən iş adamı yana-yana deyirdi:

-Heyf, Nadir kimi oğul bir də dünyaya gəlməz. Heç vaxt heç kimin qarşısında gözü kölgəli olmadı. Ağrılarını belə, gizlətdi. Kişi kimi yaşadı, kişi kimi getdi.

Rejissor dostumuz Nadir Diridağlı sosial şəbəkədə üzüntülərini “abrına qısılıb yaşayan adam, mərd adam” təyini ilə ovundururdu.

Uzun müddət peşəkarlığı, obyektivliyi, sənət yanğısı qiymətləndirilmədi. Amma kimsənin qapısını döymədi, kimsəyə ağız açıb demədi ki, niyə mənim haqqımda təqdimat yazmırsınız?

Nə yaxşı ki, bir neçə il öncə universitetin yubileyində rəhbərliyin təşəbbüsü ilə Nadir müəllimə də “Əməkdar müəllim” fəxri adı verildi. 

Nadir Hüseynov ağır təbiətli, ləngər yerişli, zabitəli adam idi. Eyni zamanda qayğıkeşliyi və mehribançılığı ilə könüllərdə taxt qurdu.

-Müəllim-tələbə münasibətlərini dostluğa çevirən nadir müəllimlərdən idi əzizimiz Nadir müəllim, - Fərmayıl Gəncədən zəng vurmuşdu, - könül rahatlığı ilə onunla dərdləşmək olurdu.

Fərmayılın sözünə qüvvət, birlikdə hansısa məclisə düşəndə məni tələbəsi kimi yox, yaxın dostu olaraq təqdim edirdi.

...Dekabrın 17-də Nadir müəllimin tələbəsi olmasa da, alicənablığına, ağayanalığına, mərdliyinə görə xətrini əziz tutan Etibar Bənnayev zəng vurdu, ehtiyatla, çəkinə-çəkinə dilləndi:

-Xəbərin var?

Tərslikdən həmin gün sosial şəbəkəyə nəzər yetirməmişdim. Baxdım. Özümü toplayıb Rəhimə zəng vurdum. Məşğul idi. Sən demə, Rəhim Mahirlə birlikdə Xırdalanda təşkil olunacaq dəfnin təşkilati işləri ilə məşğul imiş.

ADMİU-nun müəllimi, rejissor dostum İqbal Məmmədəliyevdən ümumi vəziyyəti öyrəndim.

Aytən xəbəri eşidən kimi Nadir Müəllimə “Müəllim, qurban olum, açın telefonu, yazın ki, feyk xəbərdir” mesajını göndərib. Bir neçə dəqiqə də oturub möcüzə gözləyib.

Sonra da məni yığır, ağlaya-ağlaya özünü qınayır:

-Mehriban demişdi axı, kamera və montaj mənlikdir, Hafizlə sən bir ssenari planı tutun. Nadir müəllimlə könül söhbəti edin, sənədli film işləyək. Niyə tələsmədik?! Niyə müəllimi tələsdirmədik?!

Şəkidən Elxan, Goranboydan Həmayə, Şamaxıdan Ərəstun, Xatirə, AzTV-dən Gülüş zəng vurur, Tümen vilayətindən Aslan mesaj yazır. Zəif ümid közərtisi ilə “bu, nə xəbərdir?” sualını verirlər.

Boğazım quruyur, udqunuram, qəhərdən boğuluram. “Başımız sağ olsun, Allah rəhmət eləsin” yazmaqdan başqa çarəm qalmır.

Ta indən belə zəngləşəndə Nadir Müəllimin qayğı dolu “qardaş, necəsən, evdə-eşikdə vəziyyət necədir? Nəvə necədir?” sualını eşitməyəcəyəm.

Ta oturub çay içə-içə ədəbi-bədii zövqlərin aşağı düşməsindən, tvlərdə bəzi aparıcıların ana dilimizi zəlil günə qoymasından, mənəvi deqradasiyadan, yana-yana danışa bilməyəcəyik.

Heydər məscidində keçirilən məclisə gedərkən Sumqayıtdan Zaur adlı bir nəfərlə rastlaşdım. Oğlumun toyunu aparıb, 20 il qabaq, - dedi – amma onun insanlığı sayəsində dost olduq. Bu gün onun məclisində iştirak etməyimi özümə borc bildim. Böyük zak dolur, boşalır, yenə dolur. Müxtəlif sosial kateqoriyalı insanlar, sənət adamları məclisdə iştirak edir.

Professor İlham Rəhimli “Nadir peşəkar tədris metodikası qurmuşdu” deyir. Əməkdar artist İlqar Cahangir kövrəlir, sonra pıçıldayır:

-Nadir Hüseynov şəxsiyyət idi, ləyaqət simvoluydu.

Xanımlar üçün ayrılmış zalda Universitetin rektoru Ceyran xanım, Gülşad müəllimə, Mehriban Zəki çıxış edirlər. Çıxışlarda Nadir Hüseynovun müəllim yanğısı, mərdliyi, əyilməzliyi vurğulanır.

Tanınmış parodiya ustası İlham Əziz Nadir müəllimin qonaqları təmkinlə qarşılayıb – yola salan oğlanları Elnura və Cəbrayıla yaxınlaşır.

-Atanız şərəfli bir ömür yaşadı. Məclisə baxın. Onu tanıyan hər kim varsa, özünə müqəddəs borc bilib gəlməyi. Nadir müəllimin yandırdığı halal ocağı qoruyun.

... Gur təblə yazılmış şeir ustad qiraətçi repertuarında əbədiyyət qazanır, bəxş etdiyi bədii-estetik zövq, mənəvi-ruhi tamın assosasiyası heç vaxt unudulmur.

...Və əməkdar müəllim, ADMİU-nun professoru, bədii qiraət ustası, böyük insan Nadir Hüseynov şeir kimi ömür yaşadı...

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.