İmişlidə şəhid və qazi övladları üçün bayram sevinci yaşadılıb Featured

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Dekabrın 30-da İmişli rayonunda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətilə şəhid, qazi övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli bayram proqramı təşkil olunub.

 

Bayram şənliyində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid və qazi ailələri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.

Tədbirin açılışında çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edib, yeni ilin ölkəmiz və xalqımız üçün xeyirli və uğurlu olmasını arzulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin və həmrəyliyin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

İcra başçısı çıxışında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının hüquqi dövlət quruculuğu və milli suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan ardıcıl addımların məntiqi davamı olduğunu qeyd edib. O, həmçinin ölkə üzrə həyata keçirilən sosial-iqtisadi islahatların, regionların inkişafına yönəlmiş layihələrin, eləcə də İmişli rayonunda aparılan abadlıq-quruculuq işlərinin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Prezident cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının da ölkəmizin davamlı inkişafına yeni töhfələr verəcəyinə əminlik ifadə olunub.

Bayram proqramı musiqili-əyləncəli hissə ilə davam edib. Uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar səsləndirib, nağıl qəhrəmanları ilə maraqlı və unudulmaz anlar yaşayıblar. Tədbir iştirakçılarına xoş ovqat bəxş edən proqram uşaqların sevincinə sevinc qatıb.

Şəhid və qazi ailələri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bayram şənliyi uşaqlar üçün əsl bayram ab-havası yaradaraq həmrəylik və birlik dəyərlərinin təcəssümü kimi yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.