13 noyabr 2025-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə “Konstitusiya və Suverenlik ili”çərçivəsində XX əsr və çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ictimai-siyasi xadim, Xalq Şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş "Ədəbiyyatımızın Bəxtiyarı" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına kollecdən verilən məlumata görə, çıxış edən natiqlər milli şüurun, milli təfəkkürün və milli özünüdərk fəlsəfəsinin inkişafında göstərmiş olduğu qətiyyətli və son dərəcə cəsarətli addımlarından bəhs olunub və böyük mütəfəkkirin ədəbiyyat tariximizdə oynadığı misilsiz xidmətlərindən söz açılıb.
Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb...
Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalır...
Sonda tələbələrin ifasında böyük ədibin müxtəlif şeirləri ifa olunmuş və əsərlərinə bəstələnmiş bədii kompazisiya səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)


