Azərbaycan musiqisi Nyu Yorkda, dünyaca məşhur “Carnegie Hall”da səslənib Featured

ABŞ-nin Nyu York şəhərinin dünyaca məşhur «Carnegie Hall» konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Komitənin dəstəyi ilə baş tutan qala-konsert Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konsertdə müsabiqədə seçilən 50-dən çox gənc istedad orkestrlə birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər. ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun, Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın, fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin çıxışları alqışlarla qarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək qalibləri təbrik edib, Azərbaycan musiqisinin dünyada tanıdılmasında xüsusi rol oynayan müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.

Qala-konsertin Azərbaycanın şanlı Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğu vaxta təsadüf etdiyini nəzərə alaraq, Azərbaycan xalqına təbriklər ünvanlanıb.

Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunub. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə də Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın təşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.