Super User
Şəhidlər barədə şeirlər - Mirzağa Əliyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Mirzağa Əliyev
Mirzağa Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R. Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Subay idi.
Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində taqım komandiri vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzağa Əliyev oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhid olub. Neftçala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Öncə bala, sonra şagird,
Daha sonra kursant oldun.
Min xəyalla, min arzuyla,
Oxuyub leytenant oldun.
Geyindin hərb paltarını,
Dəyər səndə dəyərləndi.
Anan sarıldı boynuna,
Atan baxıb fərəhləndi.
İkicə il keçdi belə,
Payız bitdi, qış başladı.
Dedilər müharibədir,
Dedilər savaş başladı.
Sən də qatıldın savaşa,
Qisas ilə alışırdın,
Mərmi yağış yağan yerdə,
Ön cəbhədə vuruşurdun.
Hər gün xəbərlər gəlirdi,
Biz tarixə iz salmışıq,
Hansı kəndlərə girmişik,
Hansı rayonu almışıq.
Sən savaşda dostlarını,
Tək qoymadın bircə an da.
İki dostu xilas etdin,
Şəhid olduğun zaman da.
Sən tarixsən, zəfər-zəfər,
Yazılmış kitab leytenant.
Yaşayırsan qəlbimizdə,
Əbədi, cənab leytenant.
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Vahid Əzizin şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
VAHİD ƏZİZ,
Xalq şairi
ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ
Zəfər millətimin altun tacıymış,
özü yetməliymiş qisas zamanı,
həm savaş xəmiri çox acıyıbmış,
həm də müharibə acıymış hamı!
Görəndə şəhiddi nə cür igidlər,
qanları coşurdu mərd oğlanların,
hərbi hissələrə yeniyetmələr cumurdu –
“bizi də əsgər aparın!”
Yaralı tanıdım şirin qanıynan
udaraq söndürür qəlb acısını,
nişanın qaytarıb əsgər yollanan
sevdim neçə-neçə tibb bacısını.
Qaçqın nənələrin əli qaşında,
Yollara baxırdı – “nə oldu Şuşam?”,
Qonşuda bir ahıl – Doxsan yaşında,
döşünə döyürdü – “topçu olmuşam!”
Bu Zəfər millətin altun tacıymış,
Qələbə yetişdi Qırx dördcə gündə,
həm “savaş xəmiri” çox acıyıbmış,
millət müharibə “acıymış” həm də...
SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...
Yetişdin zirvənə, üçrəngli Bayraq!
Qarabağ – qəlblərdə atəşsən, odsan,
Dözdük hicranına alovlanaraq,
Düşmən elə bildi – “Unudulmusan”.
Qələbə gətirdi Bayraq özüylə,
Günü başlamaqda – “Vətən” sözüylə,
Yağı elə bildi “Cıdır düzüylə”,
Keflənib, hallanıb yerimək asan.
Dirçəldin – qəfəsdə quş olsan belə,
Həsrətli gözlərdə yaş olsan belə,
Bir şeyi bilirəm – daş olsam belə,
Qarabağ, köksündə ərimək asan!
Qurtardıq – Sərsəngi, əsir Tərtəri,
Ordunun dizində millət təpəri,
İndi “Xarıbülbül” adlı gülləri,
Doğma öpüşlərə bürümək asan.
Qarabağ, yenə də bəxtəvər görün,
Közərir kül tutmuş közün, kömürün,
Ötəri olsa da cahanda ömrüm,
Sən mənim əbədi Qarabağımsan...
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağıtək qovmasın külək,
Gözlərim görsə də, ayağım - əlim
Əsalı olanda dayansın ürək.
Mən yüz il ömür arzulamayın -
Bu qədər yaşayan hansı çiçəkdir?!
Mən yaşda qalmırsa taytuşum-tayım,
Qurdnan qiyamətə qalmaq deməkdir.
Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı - pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.
Tanrıdan bir ömür diləyin mənə,
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.
Mənə yüz il ömür arzulamayın -
Ləyaqət, təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yüz il ömür arzulamayın...
HƏKİMƏ MƏKTUB
Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar.
Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!
Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.
Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…
YADIMA DÜŞÜR
Payızın eyvana dəyir qədəmi.
Nəmli məhəccərdən əlim sürüşür.
Dibçəkdə soluxan qızıl gül kimi,
Səni gözlədiyim yadıma düşür.
İndi xatirələr qalxır eyvana
Soyuq varlığımı bürüyə bilmir.
Çiskindən, dumandan, qəmdən o yana
Sənli xatirələr yeriyə bilmir
Yerdən çox hündürdə keçdi illərim.
Qəlbinə gah uzaq, gah yaxın oldum.
Hələ də məhbusdur, xatirələrim.
Mən sənin bir eyvan dustağın oldum.
O, qədər giley var bu qapılarda.
Hər elçi bir təzə yar gətirərdi.
Bir çinar mən qədər dursaydı, burda.
Bəlkə də həsrətdən bar gətirərdi.
Payızın eyvana dəyir qədəmi.
Nəmli məhəccərdən əlim sürüşür
Dibçəkdən boylanan qızıl gül kimi.
Səni gözlədiyim yadıma düşür...
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Uşaq kitabxanasının nəşr etdiyi jurnalların yeni sayları oxucuların sevincinə səbəb oldu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının kiçikyaşlı oxucuları böyük sevinclə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi “Göy Qurşağı” jurnallarının yeni sayları ilə tanış oldular. Jurnallarda maraqlı məlumatlar, yeni nəşr olunan kitabların anonsu, əyləndirici oyun və krossvord verilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, jurnalların “Yeni kitablara səyahət” rublikası isə hamı üçün maraqlı oldu. Burada uşaqlar yeni maraqlı kitablarla tanış oldular.
Burada istedadlı uşaqların yazdığı hekayə və nağıllar, çəkdiyi rəsmlər də verilib.
Jurnallarda olan materiallar haqqında ətraflı məlumat aşağıdakı keçidlərdə yerləşdirilib:
https://drive.google.com/file/d/1pTkXet_AzeODSIiObDdRZwVuIa1x2ZBT/view
https://drive.google.com/file/d/1TyeOzhvNmGuUpX6QQDm4o3iMTtYFRYj-/view
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Azərbaycanın işgüzar turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
Azərbaycan Turizm Bürosunun iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” (KBLT) tədbirində Azərbaycanın işgüzar turizm imkanları təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbir çərçivəsində Səudiyyə Ərəbistanının işgüzar tədbirlər, korporativ və lüks səyahət seqmentləri üzrə aparıcı mütəxəssisləri və agentliklərinə Azərbaycanda irimiqyaslı konfransların və yüksəksəviyyəli işgüzar tədbirlərin təşkili üçün mövcud infrastruktur və ölkəmizin ümumi turizm potensialı haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, KBLT tədbirində 35 ölkədən 140 şirkət olmaqla, ümumilikdə 200 təmsilçi iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Bakı Beynəlxalq Kitab Sərgisi kitabsevərləri növbəti dəfə bir araya gətirəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlunata görə, “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.
Ziyarətçilərin “Elmlər akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.
Sərgidə iştirakla bağlı qeydiyyat sənədləri ən son sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Qaynar xətt: (+99412) 147
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Toylar kralı yerini görəsən kimə verdi?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Səməd Səmədovun adı gələndə nədənsə yada məşhur lətifə düşür.
Səməd Səmədov Habil Əliyevi görcək sevincək deyir:
-Mənə xalq artisti adı verildi.
O da başını bulayır:
-Verdilər verdilər də, bəs sən niyə götürdün axı?
Azərbaycan xalq artisti Səməd Səmədov. Mərhum müğınnimiz. Toylar kralı.
Estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.
1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.
2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edib. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən bahalı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüser olduğu 'Ulduzlar Bağı'nda Səməd Səmədovun ad ulduzunun qoyulub.
Müğənni 12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Məşhur mahnıları
1. Qızlar
2. Bu dünyanın üzünə bax!
3. Bakılı balasıyam
4. Sensiz qalan dünya
5. Sevgimiz
6. Taleyimə qurban olum
7. Yenə görüşərik
Filmoqrafiya
- Yanmış körpülər
- El içində
Müğənni 24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Azərbaycanın musiqisi və rəqsi Avstraliyada festivalda
Avstraliya İttifaqının Melburn şəhərində keçirilən ənənəvi “Tesselaar Tulip Festival”da (“Tesselaar Lalə Festivalı”) Azərbaycan ilk dəfə təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portaılına Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəstəyi və Avstraliya-Azərbaycan Assosiasiyaları Alyansının təşkilatçılığı ilə festivalda Avstraliyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri fəal iştirak ediblər.
Festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ölkəmizin zəngin mədəni irsindən, milli musiqisindən və rəqs sənətindən nümunələr ziyarətçilərə təqdim olunub. “AYTAY” musiqi qrupunun və “ADENA” rəqs qrupununçıxışları tamaşaçılara yaddaqalan anlar yaşadıb.
Festivalda Azərbaycanla eyni gündə Türkiyə Respublikası da öz milli mədəniyyətini təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Oğuzda “Əsirlərin yadigarı – bizim milli musiqimiz” adlı ədəbi-bədii kompozisiya
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
16 sentyabr 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasında 18 Sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əsirlərin yadigarı – bizim milli musiqimiz” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdə Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov və idarənin əməkdaşları, Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllimləri, Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın əməkdaşları və oxucular iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycan milli musiqisinin inkişaf zirvəsi məhz onun adı ilə bağlıdır. 1995-ci ildən etibarən dahi bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Tədbir çərçivəsində Oğuz rayon Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında ölməz bəstəkarın əsərlərindən parçalar səsləndirilib. Müğənni Süleyman İsmayılov isə Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romanslarını ifa edərək tədbirə xüsusi rəng qatıb.
Kitabxananın foyesində “Üzeyir dünyası” adlı sərgi də ziyarətçilərin ixtiyarına verilib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 19. Kitabxana işi haqqında qanun
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
19.
KİTABXANA İŞİ HAQQINDA QANUN
Kitabxana işi haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə, kitabxanalar aşağıdakı vəzifələri həyata keçirməyə borcludurlar:
1.Cəmiyyətin hazırkı mənəvi təlabatını yaxşı bilmək, ona uyğun olaraq öz fondunu komplektləşdirmək.
2.Mövcud və yeni kitabxanaların varlığı haqqında əhaliyə müntəzəm məlumat vermək.
3.Bütün klassik və müasir təbliğat üsullarından istifadə etməklə kitab təbliğatını həyata keçirmək.
4.Əhalinin mütaliə səviyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə tədqiq etmək və onun yüksəldilməsinə çalışmaq.
5.Kitabxanaya oxucu gəlişini, eləcə də kitabxanaların cəmiyyətin həyatında yaxından iştirakını artırmaq.
Növbəti: 20.Uşaq kitabxanalarına diqqət artır
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)
Türk Mədəniyyəti və İrsi Fondu dahi Nizaminin irsinə yeni baxış təqdim etdi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı o qədər zəngin, o qəsər çoxşaxəlidir ki, nə qədər müraciət etsən, hansı aspektdən yanaşsan belə, yenə də tam bələd ola bilməyəcək, tam qavramağın mümkünsüz olacaq.
Təsadüfi deyil ki, Nizami Gəncəvi bütün dünyada, o cümlədən türk dünyasında – Türkiyədə, Qazaxıstanda, Özbəkistanda və digər ölkələrdə sevilir, təbliğ olunur, təkrar-təkrar nəşr edilir.
Ötən gün Türk Mədəniyyəti və İrsi Fondunun Bakı şəhərindəki mərkəzi qərargahında təşkilatın əməkdaşı, şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseynin dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm məqamlarına həsr olunmuş “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirildi - “Aqibətnamə” Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm mövzularına dair ədəbi şərhlərdən ibarət esselər toplusudur.
Tədbirdə TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş türk ölkələri diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri, media təmsilçiləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirdi ki, fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.
“Fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər və müxtəlif beynəlxalq tədbirlər türk xalqlarının zəngin ədəbi və mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına xidmət edir. Bu istiqamətdə Fərid Hüseynin əməyi böyükdür. O, fondun bir çox tədbirlərində iştirak edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə fondu uğurla təmsil edib. Onun redaktorluğu ilə hazırlanan nəşrlər müxtəlif kitab sərgilərində nümayiş etdirilib", - deyə A.Raimkulova vurğuladı.
Tədbirin moderatoru olan Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu fondun nəşrləri və tədbirin əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, fondun təşəbbüsü ilə hazırlanmış nəşrlər yalnız klassik və müasir ədəbiyyatın təqdimatı deyil, həm də türkdilli ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Səlim Babullaoğlu Nizami irsinin öyrədilməsi və təbliğində qiymətli bir mənbə olaraq bu nəşrə daim müraciət ediləcəyinə əminliyini bildirdi.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Fərid Hüseynin yaradıcılığından danışaraq bildirdi ki, şairin əsərlərində milli dəyərlərin qorunması və türk dünyasının ortaq mədəni irsinin təbliği açıq şəkildə görünür.
“‘Aqibətnamə" oxuculara insan taleyi, mənəviyyat və mədəniyyət mövzularını dərindən təqdim edir. Əsərdəki hekayələr və təhlillər milli dəyərlərin qorunması, insan xarakterinin incəlikləri və cəmiyyətlə fərd arasındakı münasibətləri geniş şəkildə əks etdirir”, - deyə akademik bildirdi.
Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, nizamişünas Zəhra Allahverdiyeva, filologiya elmləri doktoru, professor Rüstəm Kamal fondun təşəbbüsü ilə işıq üzü görən nəşrlərin oxucular arasında böyük maraq yaratdığını, həmçinin türkdilli xalqlar arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar. Onlar Fərid Hüseynin əsərlərində milli dəyərlərin qorunması və insan taleyi mövzularını ustalıqla işləməklə yanaşı, türk dünyasının ortaq mədəni irsinin təbliğini də yüksək qiymətləndirdilər.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnsitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, şair Qismət nəşrin ədəbi-fəlsəfi məziyyətlərindən söz açaraq gənc müəllifin yaradıcılığını yüksək qiymətləndirdilər.
Tədbir boyu Fərid Hüseynin şeirləri tanınmış qiraətçilər Tural Əhməd, Günel Həmidova, Sabirə Abdullayevanın ifalarında səsləndi, gənc şairin şeirlərinə bəstələnən mahnılar Elgiz Əliyev, Aişən Mehdiyeva, Yaqut Xəlilzadənin ifalarında dinlənildi. Xanəndələri tarda Səxavət Məmmədov, kamançada Toğrul Qasımov, pianoda Ağarəhim Salah müşayiət edirdilər.
Tədbirin sonunda F.Hüseyn oxucular üçün kitablarını imzaladı və xatirə fotosu çəkildi.
Bəli, dahi Nizami Gəncəvi yüzlərlə, minlərlə kitaba mövzu verib, hələ bundan sonra da verəcək. Yetər ki, şairin “Xəmsə”sini bir dəfə vərəqləyəsən.
“Ədəbiyyat və incəsənət”
(17.09.2025)


