“Maraqlı söhbətlər”də Demosfenin əhvalatı Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir dəfə qədim yunan afinalı dövlət xadimi və natiqi Demosfen bir mühüm məsələ barədə insanlar qarşısında çıxış edirmiş. Lakin meydana toplanmış adamlar filosofa məhəl qoymayaraq, öz aralarında danışırdılar. Vəziyyəti belə görən filosof:” Sizə bir hekayə danışacağam, sonra gedəcəyəm” deyir...bütün diqqəti cəlb edir və danışmağa başlayır:

 

“Bir zamanlar bir gənc Afinadan Meqara getmək üçün bir eşşək icarəyə götürür. Eşşəyi icarəyə verən adamın da Meqarada bir işi var imiş. Ona görə də onlar birlikdə yola düşürlər. Onlar söhbət edə-edə günortaya kimi yol gedirlər və istiyə düşürlər. Həm bir az dincəlmək, həm də ki, nahar etmək üçün onlar bir su quyusunun yanında otururlar. Amma təəssüf ki, quyunun yanında kölgəlik yox idi. Buna görə eşşəyin sahibi yeməyini götürüb, eşşəyin kölgəsinə sığınır. Bunu görən eşşəyi icarə götürən gənc qəzəblənir və deyir: “Çəkil burdan! Kölgədə mən oturacağam”. Eşşəyin sahibi etiraz edir: “Mən oturacağam, çünki eşşək mənimdir”. Gənc oğlan: “Amma mən eşşəyi icarə götürmüşəm” dedikdə, eşşəyin sahibi: “Mən sizə eşşəyi icarə vermişəm, onun kölgəsini yox” deyir və aralarında mübahisə başlayır”.

Bu yerdə Demosfen hekayəni yarımçıq qoyaraq, oradan uzaqlaşmağa başlayır. Bu zaman ona maraqla və diqqətlə qulaq asan kütlə: “Bu işin axırı nə oldu? İşin sonunu anlat!” – deyə qışqırmağa başlayırlar. Demosfen yenidən çıxış etdiyi yerə qayıdaraq deyir: “Mən sizə çox vacib bir şey söyləməyə çalışdım, amma qulaq asmadınız. İndi isə eşşəyin kölgəsi ilə maraqlanırsınız. Mən nə fikrimi söyləyəcəyəm, nə də eşşəyin kölgəsinin başına nə gəldiyini anladacağam!..."

böyük filosof oradan uzaqlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.