Super User
Ona “Naxçıvanlı müğənni” deyirdilər...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Azərbaycan SSR əməkdar artisti Yaşar Səfərovun doğum günüdür.Ona hər yerdə “Naxçıvanlı müğənni” deyirdilər... Naxçıvanı mahnıları ilə həmişə tərənnüm etdiyinə görə idi bu...
Yaşar Səfərov sənət dünyasında Naxçıvanla bağlı mahnılar xüsusu yer tutub. Müğənni yaradıcılığı boyu Naxçıvanı vəsf etməkdən yorulmayıbdır. Harada oxuyursa oxusun, hansı səhnədə çıxış edirsə etsin onun konserti Naxçıvan mahnısı ilə başlayıb onunla da sona yetərdi...
Yaşar Səfərov 25 iyun 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olub.
Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edib, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olub. 1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülüb.
F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar edib. Vətəni, xalqımızın igid oğullarını vəsf edən mahnıları ilə onlara mətinlik hissi aşılayıb. O, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Prezident təqaüdçüsü olub.
Repertuarında ilk əvvəl xalq mahnılarına, bəstəkar mahnılarına önəm verirdisə, sonrakı illərdə bununla yanaşı Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar, romanslar da oxumağa başlayır. Yaradıcılıq taleyi Yaşar Səfərovu yeni uğurlara doğru aparırdı.
Belə uğurlardan biri də onun 1959-cu ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin xor kollektivində solist olaraq işə qəbul edilməsi olub. Böyük bəstəkar və dirijor Səid Rüstəmovla ilk tanışlıq və yaradıcılıq təmasları da elə məhz bu vaxtdan başlayıb. Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub.
Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyiblər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyib: "həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var".
Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artıb.
Hazırda qızıl fondda saxlanılan "Oxu tar", "Şeir deyildi", "Ağ çiçəklər", "Süsən qızlar" xalq mahnılarından "Küçələrə su səpmişəm", "Gözəlim sənsən" və başqa mahnılar ilk dəfə səhnədə onun ifasında səslənəndə alqışlarla qarşılanıb.
Müğənni qəlbən, ruhən doğma diyara bağlı idi. Bu sevgi hələ uşaqlıqdan onun qəlbində baş qaldırıb. Sənətşünaslar "Yaşarın səsində şır-şır axan Arazın səsinin doğmalığı var"-deyirdilər. Doğma diyarı vəsf edən nəğmələrin ən gözəl təqdimatçısı idi desək yəqin ki, yanılmarıq.
Konsert salonlarında, mavi ekranda, radio dalğalarında həmişə bir səs eşidilirdi: Ramiz Mirişli, "Naxçıvan təranələri", oxuyur Azərbaycan Televiziya və Radiosunun solisti Yaşar Səfərov. 18 iyun 2007ci ildə, ömür kitabının 66-cı səhifəsində dünyaya gözlərini qapayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.06.2026)
“Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın” – hamısında o
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kinodramaturq, kinorejissor, üstəlikyazıçı HəsənSeyidbəyli! Bu şəxs kinomuza və ədəbiyyatımıza elə böyük töhfələr verib ki, ərsəyə gətirdiyi işlər dövlət mirası hesab edilir. Sənətkar üçünsə bundan qiymətli heç nə ola bilməz.
Bəli, bu gün Azərbaycan SSR xalq artisti Həsən Seyidbəylinin anım günüdür. Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Burada 132 saylı şəhər orta məktəbini bitirib. Leninqrad Kino Mühəndisləri İnstitutunda, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.
"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub.
"Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb.
Filmoqrafiya
- Bakıdan Göy-gölədək, Böyük yol, Bizim Cəbiş müəllim - rejissor
- Quba bağlarında və Tərtərçay vadisində, Xoşbəxtlik qayğıları - rejissor, ssenari müəllifi
- Doğma xalqıma, Qızmar günəş altında, Uzaq sahillərdə, Şosedə hadisə, Əyri yolla qazanc – ssenari müəllifi
- Telefonçu qız, Möcüzələr adası, Sən niyə susursan?, O qızı tapın - quruluşçu rejissor, ssenari müəllifi
- Kinorejissor Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunub.
- Kinonu sevən adam. Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunub
Təltifləri
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Oğlu Ziya atası barədə deyir:
“1939-cu ildə atam Moskvaya getdi. Orada VQİK-də (Ümumittifaq Kinematoqrafiya İnstitutu) kinorejissorluq fakültəsində oxumağa başladı. Atam Sergey Eyzenşteynin və Qriqori Kozintsevin tələbəsi olub. Kozintsevin atama yazdığı məktublar indiyə qədər məndə durur. O, bizdə qonaq da olub. Atam Moskvada institutu bitirib Bakıya qayıdandan sonra burada onu təxminən dörd, beş il kinoya yaxın buraxmadılar. Halbuki ovaxtkı rejissorların heç biri onun qədər savadlı və təcrübəli deyildi.
Həmin illərdə atam “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Cəbhədən cəbhəyə” kimi nəsr əsərləri yazdı. “Telefonçu qız” və “Uzaq sahillərdə” ekranlaşdırıldı. “Cəbhədən cəbhəyə” əsəri də qismən “O, qızı tapın” filminin ssenarisində istifadə olunub.
Atam demək olar ki, bütün filmlərinin ssenarisini ya özü tək yazırdı, ya da kiminləsə birlikdə. “Bizim Cəbiş müəllim” filmi onun ssenarisini yazmadığı yeganə filmidir. Amma həmin filmdəki dialoqların çoxu improvizasiya idi. Ona görə ki, orada gözəl aktyor heyəti vardı. Atam da filmdə iştirak edən aktyorları heç vaxt sıxmırdı. Onlara sərbəstlik verirdi.
O, əsl ata idi. Onun üçün həmişə birinci ailəsi, uşaqları gəlirdi, sonra sənəti. Yaxşı musiqilər dinləməyi, bilyard oynamağı, ova getməyi xoşlayırdı. “Bitlz” qrupunu, onların ifa etdiyi musiqiləri çox sevirdi. Üzməyi, dənizi də çox sevirdi. Hətta mən bildiyimə görə atam gənc olanda Nardaranda dənizdə iki qızı batmaqdan xilas edib.
O ki qaldı dostlarına, İmran Qasımovla dostluq edirdilər, həm də birgə yazırdılar. Amma sonra bir-birlərindən uzaqlaşdılar. Gənclik illərində Maqsud və Rüstəm İbrahimbəyov qardaşları ilə yaxın idi. Atam vaxtilə onların Kinematoqrafiya İttifaqına qəbul olunmaları üçün köməklik etmişdi. Onlar da sağ olsunlar itirmirlər.
İsa Hüseynovla bir yerdə işləyirdilər. Yazıçı Çingiz Hüseynovla da dost idilər. Onda o, Moskvada yaşayırdı, Bakıya qonaq gələndə bizə mütləq baş çəkirdi. Rəssamlardan isə Məmməd Hüseynov, Elbəy Rzaquliyev, süd qardaşı Mikayıl Abdullayevlə dostluq edirdi.
Rasim Balayev o zaman çox gənc olsa da atam Nəsimi rolunu ona etibar etmiş, bu obrazı onda görmüşdü. Buna görə də atam çox maneələrlə rastlaşmışdı. Amma onun öz prinsipləri vardı. Hətta atamın həyatında elə məqamlar olub ki, o, çox yüksək mənsəbli adamlarla, məmurlarla sənət baxımından böyük mübahisələr edib. O dövrdə Mərkəzi Komitə yaradıcı insanları ideoloji baxımdan çox sıxırdı.
Özünün ən çox sevdiyi aktyorlara gəlincə isə, Nəsibə Zeynalovanı çox bəyənirdi. İmkan düşən kimi Nəsibə xanımı filmlərinə çəkirdi. Şəfiqə Məmmədovanı, Xalidə Quliyevanı, Safura İbrahimovanı da çox istəyirdi. Bircə Amaliya Pənahovanı filmlərinə çəkməmişdi. Ondan aktrisa kimi xoşu gəlmirdi. Spesifik aktrisa hesab edirdi. Atamın filmlərindəki rolların heç birinə Amaliya xanım aktrisa kimi uyğun gəlməyib. Amma münasibətləri yaxşı idi. Muxtar Maniyevlə çox yaxın dost idilər, filmlərinə də çəkirdi. Bir də Fazil Salayevi çox bəyənirdi…”
Həsən Seyidbəyli 25 iyun 1980-ci ildə 59 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.06.2026)
Layiqincə qiymətini almayan Elman Bədəlov
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İllərgəlibkeçir, təqvimdəyişir, arzulartəzələnir, planlara, nailiyyətlərə yenə rəngqatılır. Dəyişməyənsə, yaddaşımızdaqalanxatirələrdi. ElmanBədəlovkimisənətkarı dipdirisaxlayanxatirələr. ElmanBədəlovlaindikigəncoxucunun, gələcəyintəmsilçiləriningörüşünə körpü salanxatirələr...
SeymurElsevərinelə busözlərindənqanadlanıb görkəmli incəsənət xadimi Elman Bədəlov barədə söhbətimizə başlayaq.
Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olub. Gənc yaşlarından musiqi ilə məşğul olub, tar və kamaça alətlərində məharətlə ifa edib. Ağdam Dövlət Dram Teatrının tamaşalarında, kosertlərlə çıxış edib, Azərbaycan gənclərinin II festivalının laureatı olub (1957).
Bununla yanaşı, Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil alıb və müəllim kimi çalışıb. Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) alıb. 1958-ci ildən ömrünün sonuna kimi Azərbaycan Teleradiosunun S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olub.
Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış edib, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və s.) qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış edib. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.
Azərbaycan Dövlət Konservatoriyasında dərs də deyib.
Seymur Elsevər daha sonra yazıb:
“Üzüm-gözüm mətbuata yenicə öyrəşmişdi ki, qəfil acı xəbər çatdı qulağıma: Elman müəllim həyatla vidalaşdı. İndiki kimi yadımdadı, 1991-ci ilin iyun ayıydı. Altmış iki il əvvəl iyunun isti günlərinin birində dünyaya gələn Elman Bədəlov köç etdi. Orası da yadımdadı ki, bu itki ilə bağlı ilk yazını mərhum şairimiz Şahmar Əkbərzadənin imzasıyla "Mədəniyyət"də oxudum.
İndi aradan illər keçəndən sonra Elman müəllimin şəxsində necə sənətkarı və insanı itirdiyimizi əməllicə kəsdirirəm. Görünür, onun əsl dəyərini başa düşmək üçün yaşa dolub, sənət aləmində baş verən keyfiyyət və kəmiyyət dəyişikliyini tamam-kamal təhlil edə bilmək lazımmış. Və indi mən yaxşı başa düşürəm ki, Şahmar Əkbərzadənin için-için göynərtisinin səbəbi nəymiş. Əvvəla, o, mənim indiki yaşımdan xeyli böyük idi, həyatın eniş-yoxuşundan keçmişdi, saf-çürük eləməyə qabiliyyəti çatırdı.
İkincisi, Elman Bədəlov Şahmar müəllimə dərs demiş, qəlbində sevimli müəllimlərindən biri kimi yuva salmışdı. Bəli, Elman bəyin olduqca savadlı riyaziyyat müəllimi olmasını desək, yəqin bilməyənlərə təəccüblü görünər. Ancaq həqiqətdi. Böyük Vətən müharibəsindən sonrakı illərdə o zaman fəaliyyət göstərib, sonra bir müddət işinə fasilə vermiş Ağdam Dövlət Dram Teatrında musiqiçi kimi çalışması, Ağdam Musiqi Məktəbində dərs deməsi də olub Elman müəllimin. Ta 1957-ci ilədək.
Bu, o zamanıydı ki, Elman Bədəlov çıxışıyla fərqləndiyi respublika müsabiqəsində böyük sənətkarların diqqətini cəlb etmişdi. Məhz bunun nəticəsi olaraq doğulub boya-başa çatdığı Ağdamla sağollaşıb Bakıya gəlmişdi. Elə o gələn olmuş, taleyini birdəfəlik Bakıya bağlamışdı. Bakıda keçən otuz dörd illik müddətdə onun dəyişməz iş yeri sayılan Azərbaycan Televiziyasının Xalq çalğı alətləri orkestrində bir-birindən gözəl ifalar etmişdi.
Həmin illərin xeyli hissəsi milli teleradionun qızıl fondundadı. Hərdən efirdə o günlərə şahidlik edən lentlər göstərilir, səsləndirilir. Elman Bədəlov Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Əlli üç yaşında - dahi Üzeyir bəyin yaratdığı, ölməz Səid Rüstəmovun uzun illər rəhbərlik edib formalaşdırdığı xalq çalğı alətləri orkestrində iyirmi beş il sərasər çalışandan, uşaq musiqi məktəbində yoruldum demədən dərs deyəndən sonra... Sonrakı illərdəsə fəxri ad dəyişikliyi baş tutmamışdı, heyif ki. Onun qapıları döyməmək xasiyyəti, hamıynan münasibətdə pərdə saxlaması, görünür bu kişinin halal haqqını almasına kömək əvəzinə, mane olub. Bəli, başqa cür düşünə bilmirsən. Elə indinin özündə də Elman bəyə münasibət ciddi dəyişməyib. Nədən ki, ailəsinin mövqeyi də rəhmətliyin xasiyyətinə uyğundu. Səbirlə, mədəniyyətlə oturub onun layiqincə qiymətləndiriləcəyinə, yada salınacağına inanır bu sadə insanlar…”
Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.06.2026)
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində keçirilən konfransda çıxış edib
24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova çıxış edərək türk dünyasının zəngin musiqi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs edib. O, Özbəkistan Respublikasının Türk dünyasının mədəni irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində xüsusi rolunu qeyd edib, həmçinin ölkədə mədəniyyət, incəsənət, elm və təhsilin dəstəklənməsi sahəsində həyata keçirilən işləri yüksək qiymətləndirib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, Aktotı Raimkulova çıxışında Fond tərəfindən mədəni irsin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən layihələrə, eləcə də Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq təşəbbüslərə xüsusi diqqət ayırıb. O vurğulayıb ki, müasir texnologiyalar və süni intellekt mədəni irsin, o cümlədən məqam sənətinin qorunması, öyrənilməsi və təbliği üçün yeni imkanlar yaradır
Forumun açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti tərəfindən irəli sürülən təşəbbüslərə xüsusi toxunan Aktotı Raimkulova Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə Ümumdünya Məqam Mərkəzi statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının, Beynəlxalq Rəqəmsal Kitabxananın və elmi laboratoriyanın yaradılması, həmçinin Ümumdünya Məqam Antologiyasının hazırlanması ilə bağlı təklifləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsi dünya xalqlarının unikal musiqi irsinin qorunmasına və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.
Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlər, musiqişünaslar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri Şərq məqam sənətinin müasir inkişaf istiqamətləri, ənənəvi musiqi irsinin qorunması, rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqi, eləcə də məqam sənətinin gənc nəsillər arasında təbliği məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İştirakçılar tərəfindən yüksək qiymətləndirilən konfrans, Türk və Şərq musiqi ənənələrinin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi, habelə humanitar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib
23 İyun 2026-cı il tarixində Özbəkistanın Namangan şəhərində III Beynəlxalq Məqam (muğam) Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib. Forum Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən rəsmi olaraq açıq elan edilib. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulova forumda fəxri qonaq qismində iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, Özbəkistanın dövlət başçısı çıxışı zamanı məqam sənətinin mənəvi dəyərlərin qorunması, mədəni dialoqun möhkəmləndirilməsi və zəngin tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsində xüsusi rolunu vurğulayıb.
Forum çərçivəsində Özbəkistan Respublikasının Prezidenti məqam sənətinin gələcək inkişafına yönəlmiş bir sıra təşəbbüslərlə də çıxış edib. Belə ki, Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə dünya statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının yaradılması, eləcə də vahid Ümumdünya Məqam Antologiyasının hazırlanması təklif olunub. Bu təşəbbüslər Şərq xalqlarının unikal musiqi irsinin qorunmasına, sistemləşdirilməsinə və beynəlxalq miqyasda geniş təbliğinə xidmət edir.
Tədbir çərçivəsində Fondun Prezidenti professor Aktotı Raimkulova fəxri qonaq qismində iştirak edərək, ortaq türk mədəniyyətinin ayrılmaz bir parçası olan məqam sənətinin xalqlararası mənəvi bağların gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Tədbirdə, həmçinin, UNESCO, ISESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri və səfirləri, eləcə də dünyanın 80-dən çox ölkəsindən 250-yə yaxın mədəniyyət və incəsənət nümayəndəsi iştirak ediblər.
Qeyd edək ki, zəngin musiqi irsinin qorunması, öyrənilməsi və təbliği baxımından mühüm beynəlxalq platforma olan III Beynəlxalq Məqam Sənəti Forumu dünyanın müxtəlif ölkələrindən musiqi sənətinin görkəmli nümayəndələrini bir araya gətirib.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlanıb
Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlanıb. Hər iki videoçarx Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli memarın yaradıcılığı, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələr haqqında dediyi dəyərli fikirlərlə başlayır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.
Memarın zəngin irsini tanıtmaq məqsədilə hazırlanan “Əcəmi Naxçıvani 900” adlı birinci videoçarxda sənətkarın XII əsr Azərbaycan intibahında tutduğu unikal mövqe, Naxçıvan memarlıq məktəbinin banisi olması və mürəkkəb riyazi hesablamalara əsaslanan mühəndislik zəkası tarixi faktlarla işıqlandırılır. Videoçarxda dahi ustadın xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzalanan son dövlət sərəncamlarına, onun adını daşıyan “Memar Əcəmi” metrostansiyasına, ucaldılan abidələrə, xatirə medalı və poçt markalarına geniş yer verilib. Həmçinin memarın irsinin beynəlxalq əhəmiyyəti diqqətə çatdırılaraq, onun 900 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi xüsusi vurğulanır.
“Şərq memarlığının dahisi və daşın poetikası” adlı ikinci videoçarxda ustad memar Əcəmi Naxçıvaninin dünya əhəmiyyətli şah əsərləri olan Möminə Xatun və Yusif ibn Küseyir türbələri, eləcə də dövrümüzə çatmayan digər unikal tikililəri geniş işıqlandırılıb. Videoçarxda Möminə Xatun türbəsinin 500 metrə çatan kufi xəttli epiqrafik yazıları, daxili xonçaları və mühəndislik möcüzəsi sayılan “qızıl bölgü” prinsipləri, eləcə də Yusif ibn Küseyir türbəsinin mükəmməl konstruksiyası vizual şəkildə təhlil olunur. Həmçinin videoçarxda Əcəmi sənətinin beynəlxalq miqyasda öyrənilməsi, dahi türk memarı Memar Sinanın yaradıcılığına təsiri və abidələrin YUNESKO-nun müvəqqəti siyahısında yer alması kimi tarixi faktlar diqqətə çatdırılır.
Birinci videoçarx dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” musiqisi, ikinci videoçarx isə Xalq artisti Tofiq Bakıxanovun “Görüş yerimiz” əsəri ilə müşayiət olunur.
Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçidlərdə yerləşdirilib:
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Bülbülün 129 illiyinə həsr olunmuş tədbir keçirilib
Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün anadan olmasının 129-cu ildönümünə həsr olunmuş konsert proqramı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz xidmətlərindən bəhs edib.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, AMK-nın nəzdində incəsənət gimnaziyasının şagirdləri, gənc ifaçılar Bülbülün repertuarından əsərlərlə çıxış ediblər.
Həmçinin tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək Bülbülün yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sonda isə Bülbülün ifasında "Koroğlunun ariyası" videorolik formatında təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Dünyaya hökm edən I Pyotr salyanlı Qəbulə xanımdan niyə ehtiyat edirdi?
Etibar Əbilov, Neftçala
“Ədəbiyyat və incəsənət”
Azər Turanın “Qəbulə xanım və I Pyotr” kitabı çapdan çıxıb. Kitab, dövrünün siyasi həyatına fövqaladə təsir göstərmiş Salyanlı Qəbulə xanım haqqındadır. Salyan naibi Həsən bəyin həyat yoldaşı Qəbulə xanım I Pyotrun müasiri olub. I Pyotr özünün say- secmə generallarından olan Matyuşinə Qəbulə xanım haqqında “…Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxlik üz verməsin” deyə təlimat verirdi.
Dünyaya hökm edən I Pyotr Qəbulə xanımdan niyə bu qədər ehtiyat edirdi ki? Tezliklə bu ehtiyatın səbəbi məlum olur. 1729-cu ilin sentyabr ayında, “…Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təbəəliyin qəbul etdi. Bir neçə gündən sonra rus ordusunun podpolkovniki Zambulatovun süvarı batalyonu tərəfindən Kür çayının sahilində, naib Həsən bəyin malikanəsinin qənşərində qərargah quruldu. Bir gün Zambulatov səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafərə qatıldı. Ziyafət zamanı otağa silahli adamlar girdi və Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdıqlarına görə xususi amanslzlıqla törədildi”.
Rus tarixçilərinin yekdil qənaətlərinə və şahidlərin ifadələrinə görə ” .. bu qanlı hadisənin başında Həsən bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı”.
Bu qətl hadisəsi hansı səbəbdən baş vermişdi? Dəqiq, etibarlı və təkzibedilməz qaynaqlar əsasında yazılmış “Qəbulə xanım və I Pyotr” kitabında Azər, bu və digər suallara tam aydınlıq gətirir.
Qəbulə xanım heç şübhəsiz ki, təkcə Azərbayçan tarixinin deyil, ümumtürk, hətta dünya tarixinin ən önəmli, qəhrəman simalarındandır. Qəbulə xanım haqqında rus ədəbiyyatının ən məşhur və önəmli isimlərindən olan Aleksandr Sergeyeviç Puşkin də yazıb. Puşkin I Pyotr haqqında yazdığı kitabda Qəbulə xanımı “Knyagina” titulu ilə qiyaslandırıb. I Pyotr zamanında yaşayan tarixçilər də, rus tarixşünaslığının sonrakı görkəmli şəxsləri də Qəbulə xanım haqqında yazıblar. Azər öz kitabında həmin müəlliflərdən də yeri gəkdikcə, öz kitabının əsas qayəsinə xidmət edən sitatlar gətirir.
Azər bu tarixi hadisəni haqlı olaraq “Rus işğalına qarşı ilk böyük qiyam” kimi dəyərləndirir. Kitabdakı faktlar da Azərin yazdıqlarını təsdiq edir.
Azərbaycanda ilk dəfə Qəbulə xanım haqqında məlumatı Abbasqulu ağa Bakıxanov özünün məşhur “Gülüstanı İrəm” əsərində verib. O vaxta qədər isə, elə Pyotrun zamanında Qəbulə xanımın əfsanəvi qəhrəmanlığını unutdurublar. Nəinki qəhrəmanlığını, hətta bu qəhrəman xanımın adını da unutdura biliblər. Hər halda tariximizdə Qəbulə xanımdan sonra Azərbaycanda kimsə öz qız övladına Qəbulə adını verməyib.
Bu cazibədar qəhrəman xanım haqqında Azər ilk dəfə 2012-ci ildı çap etdirdiyi “Darülmömün” kitabında yazıb. Amma bu mövzu daima Azərin diqqət mərkəzində idi. Nəhayət bu ilin 31 yanvarında Azərin “Əbəbiyyat qəzeti”ndə Qəbulə xanım haqqında yeni bir yazısı çap olundu. Yazı çap olunan günü, Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov Azərin həmin yazısını oxuyub. Həmin ərəfələrdə Sakit müəllim “teleqraf informasiya agenliyi”nə verdiyi müsahibədə jurnalıstin “Əsərlərinizi yuxuda görürsünüzmü?” sualına belə cavab verib:
” -Yuxuda gördüyüm əsərlər çox olub. Dostum Azər Turan Qəbulə xanım haqqında bir yazı yazıb. Mən həmin yazını oxudum .Sonra arzu etdim ki, kaş gözümün qarşısına gələydi. Yatdım, yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi. Qəbulə haqqında rəsm çəkdim…
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi ki, bir alman səyyahı Qəbulə haqda yazıb ki, ”qızıl sapdan toxunmuş paltar geyərdi”. Bu sözü mənə portreti çəkdikdən sonra dedi”.
Həmin ərəfələrdə Azər dəSakit müəllimin çəkdiyi portret haqqında yazıb:
“-…Qəbulə xanım haqqında məqaləm qəzetdə çap olunandan sonra,yəni ertəsi gün,günorta saatlarında Xalq rəssamı Sakit Məmmədov mənə eskiz halında bir qadın portreti göndərdi, “bu qadın kimdir?”- deyə soruşdu. “Qəbulədir- dedim.Qəbulənin metafizik bir aləmdən baxan obrazıdlr”…Sakit müəllim: “Yazını oxuyandan sonra yatıb bu qadını yuxuda gördüm”-dedi. Qəbulə 300 ildən sonra,bəlkə də ilk dəfə kiminsə yuxusuna gəlmişdi. Yaxşı ki, yuxusuna gəldiyi adam rəssam idi. Özü də yaxşı ki, o rəssam Qəbulənin eloğlusu idi. Həm də yaratdığı gözəl qadın obrazları ilə dünyada məşhur olan bir rəssam”.
Sakit müəllim “Qəbulə xanımın portreti”ni bir aya çəkib tamamlayır. Bu bir ay ərzində Azər də “Qəbulə xanım və I Pyotr” kitabını yazıb bitirir. Azərin və Sakit müəllimin bu duygusal iş birliyi heç şübhəsiz ki, Azərbaycan Təsviri sənətinə və içtimai fikir tariximizə iki möhtəşəm əsər qazandırdı.
Azərin “Qəbulə xanım və I Pyotr” kitabının üz qabıgındakı rəsm Xalq rəssamı Sakit Məmmədovun haqqında söhbət açdığımız “Qəbulə xanımın portreti” əsəridir.
“Qəbulə xanım və I Pyotr” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, Milli Məçlisin üzvü Elnarə xanım Akimovadır.
Sizlərə isə bu kitabı oxumaq qalır.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Ən son ölən ümidlərdirmi? – MƏŞHUR ROMANA SÖZARDI
Təranə Dəmir, şair, publisist
“Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət”in Ədəbi tənqid bölümündə müstəqil Azərbaycanda rəsmən ən böyük tirajla çıxan və ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı barədə danışılacaq. Romanın müəllifi Varis, yazının müəllifi Təranə Dəmirdir.
İnsan günahlarına bəhanə donu geyindirə-geyindirə, tutduğu əməllərə (pis, ya yaxşı?) peşman ola-ol, zamana və çəkdiyi əzablara məhəl qoymadan, dayanmadan adını da bilmədiyi məchulluğa sarı irəliləyir həmişə. Ürəklə, ya ürəksiz, fərq etməz. Onsuz da zaman özü itələyib aparır hər kəsi, heç vaxt görmədiyi o müəmmaya tərəf. Yolun sonunda nə var, nə yox, bircə o yolun yolçuları bilir.
Bəs orda bütün qapılar üzünə açılacaqmı hər kəsin? Bəlkə elə o qapıdan o yandadı xoşbəxtlik? Bəlkə sonda başlayır hər şey… Bəlkə də...
Varisin ”Sonuncu ölən ümidlərdi” romanının qəhrəmanları da məhz işıqla qaranlığın çarpışmasında özünü axtaranlardandı (həm də itirənlərdən). Yəni hər şeyə rəğmən, nə olursa olsun ümidlə sabahı gözləyənlərdəndilər...
İmzası oxuculara yaxşı tanış olan Varis bu romanda da öz dəst -xəttinə sadiqdi.
Maraqlıdı, əsəri oxuduqca birinci müəllifin iç dünyasına səyahət edirəm. Əslində əsərin fonunda əvvəlcə müəllifi oxumağa, anlamağa çalışıram. Tanımaq istəyirəm yazarı (daxilən). Bu heç də çətin olmur. Dupduru, içi sevgiylə dolu, hər qaranlıqda bapbalaca işıq axtaran, bütün çətinlikləri məhz o işığın eşqiylə dəf etməyə çalışan bir ədib gəlir gözümün önünə. Müəllif yazını yazmır sanki, bütün obrazlarında özünü yaşayır. Hadisələrin arxasında gizlənmir. Özünü olduğu kimi təqdim edir. Çünki səmimidi. Riyanı, boyanı sevmir. Boğazdan yuxarı heç nə yoxdu bu romanda. Oxucunu aldatmır, inandırır. Əsəri oxuduqca qəhrəmanlarla birgə yazarın da necə çətinliklərlə üzləşdiyinin şahidi olursan. Başa düşürsən ki, bütün hallarda yazıçı obrazlarla birgə addımlayır. Hərdən qınanır, hərdən alqışlanır … Burda hər şey təbiidi. Ona görə də oxucu düşünə və qərar verə bilir.
Bu romanda bütün bəşəri duyğular var. Məhz buna görə də bu əsər geniş oxucu kütləsi qazanıb, təkrar -təkrar dərc olunub, təkrar -təkrar oxunub. Özü də oxucunu yormadan, usandırmadan. İnformasiyanın və söz bolluğunun həddən çox olduğu bir vaxtda əsərin bu qədər əks -səda verməsi və sevilməsi də bir növ yazıçının uğurudu. Varis buna öz səmimiyyəti və qeyri -adi peşəkarlığı ilə nail olub. Eyni zamanda ədəbi axtarışları, işgüzarlığı, əzm , potensialı da ona çox kömək edib.
Kitabsevənəm. Əsərlərin içində böyümüşəm. Antik ədəbiyyatdan tutmuş dünya klassiklərinə qədər çeşid -çeşid əsərlər gözümün işığından keçib. Bu çağacan uzun uzadı təhlillərim, qənaətlərim olub. Amma son vaxtlar ədəbi yaradıcılığımla və zaman qıtlığı ilə əlaqədar mütaliəmdə müəyyən fasilə yaranmışdı. Bu əsər məni təzədən özümə qaytardı.
Mən oxucuydum, özü də təcrübəli oxucuydum. Varis məni inandırmağı və düşündürməyi bacarmışdı. Özümü kitabın bir parçası hesab edirdim, kövrəlirdim, acıqlanırdım, küsürdüm, barışırdım. Bir sözlə, düşmüşdüm burdakı qəhrəmanların arxasınca, qarabaqara izləyirdim onları. Hadisələr məni də ağuşuna alıb aparmışdı. Real aləmdən qopmuşdum. Artıq mən də bir iştirakçıydım. Səbirsizliklə hadisələrin nə ilə nəticələnəcəyini gözləyirdim.
Qeyd edim ki, roman - “Sonuncu ölən imidlərdi” iki fəsildən ibarətdi. Birinci fəsil – “Ayrılıqdan əvvəl” 41 hissəlidir. “Ayrılıqdan sonra” isə əsərin ikinci fəslidi və 27 hissəlidi. Müəllif son dərəcə maraqlı ad fikirləşib. Hər hissə də ayrı -ayrı müəlliflərdən bir şeir nümunəsiylə başlayır. Burda da yazıçı orijinallığını qoruyub saxlayır. Poeziyanı nəsrlə rövnəqləndirmək ideyası da çox maraqlıdı zənnimcə. Çox gözəl düşünülüb. Oxucunun könlünü əvvəlcə şeirlə alır, sonra da yeni hadisələrlə üz-üzə qoyur Varis.
Əgər əsər bu boyda söz bolluğunda və zaman qıtlığında oxucunun dincliyini əlindən ala bilirsə, işin, gücün arasında fikrin kitabın, qəhrəmanların yanında qalırsa, demək yazar öz işinin öhdəsindən bacarıqla gəlib.
Əsərin qəhrəmanları Nailə də, İlqar da, Səidə də, Abbas da, Şölə də əslində ümumiləşmiş obrazdı. Amma yazıçı elə əminliklə təsvir edir ki, oxucu elə bilir, yazıçı hansısa konkret bir yaşantıdan bəhs edir.
Obrazların hərəsinin öz dili var, biri o birini təkrarlamır. Bir ictimai quruluşun digər ictimai quruluşla əvəz edildiyi bir vaxtda, çaşqınlığın içində itib -batan, kapitalizmin sərt üzüylə qarşılaşan insanların keçirdikləri hiss- həyacan elə gözəl və obrazlı şəkildə təsvir olunub ki, adam bu əsərin müəllif təxəyyülünün məhsulu olmasına da inanmır. Sevgi, ayrılıq, həsrət, nifrət, göz yaşı elə canlı təsvir edilib ki, bu duyğuların sadəcə yazıçı düşüncəsindən süzülüb gəlməsinə inana bilmirsən. Bəlkə də həyatın astar üzü olduğu üçün ordakı hadisələr də adama ögey gəlmir. Problemlər, qayğılar, xəyanətlər, ağrılar hamısı tanışdı adama. Əsəri oxuyan heç bir qadın Nailənin yerinə olmaq istəməz. Demək, yazıçı qəhrəmanının diliylə ictimaiyyətə mesaj göndərir.
Onun qəhrəmanı sevir. Amma bu sevginin içində yersiz şəhvət, intiqam hissi, vaxtından öncə qərar vermək, səbrsizlik, qorxu da hökmranlıq edir. Nailə ilk addımından səhvə yol verir və bir səhvdən başqa səhv doğulur. Sonra bir də, bir də və gözünü açıb görür ki, nəhayətsiz bir burulğanın içindədi. Əl atıb nədənsə yapışmaq istədikcə bir az da uçuruma yuvarlanır. Səhvlər təkrarlandıqca bir az da özündən uzaqlaşır. Nəhayət özünü uçurumun dibində görəndə dayanır və o zaman da artıq gecdi. Demək, Nailə xaraktercə çox da güclü obraz deyil. Oxucu Nailəni qınayır, eyni zamanda ona rəhmi də gəlir. Onu bu vəziyyətə salan insanlara, zamana hökm oxuyan da olur. Hərə öz pəncərəsindən baxır Varisin həyat həqiqətinə və nəticədə heç nə dəyişmir. Yazıçı obrazları və hadisələri olduğu kimi təqdim edir və oxucunun gözünü boyamır. Axı ətrafımızda hər gün yüzlərlə belə hadisələr olur. Bizdən xəbərsiz və ya göz görə -görə. Həqiqətlərə peşəkarcasına yanaşmaq və onu sözə çevirməksə elə də asan deyil. Varis bunu gözəl bacarıb zənnimcə. Onun qəhrəmanları sevir, amma sonacan bu sevginin arxasında dayana bilmirlər. Çünki zəifdilər. Bu zəiflikdən istifadə edənlər də onların taleyini özlərinə uyğun şəkildə həll edir. İlqar sevir, amma sahiblənə bilmir. Çünki qarşısını övladlıq missiyası kəsir və eyni zamanda kapitaldan asılılıq hissi. Burda ictimai qınaq da var və sonda məğlubiyyət!
Onun qəhrəmanları əzab çəkir, amma çıxış yolu axtarıb tapmağa cəhd etmirlər.
Varis qəhrəmanlarını müxtəlif çətinliklərlə üz -üzə qoyur, sınayır, əzib-tökür bir sözlə. Hər dəfə bir xüsusiyyətini oxucuya göstərir. Əslində yazıçıya görə oxucu özü qərar verməlidi. Axı o, eyni zamanda məchulluğu sevir.
Amma Varis oxucunu sonacan inandırır ki, hardasa bir işıq var və bu işığa çatmaq hər kəsin iradəsindən, gücündən və istəyindən asılıdı.
Qarmaqarışıq hisslərin içində eyni zamanda bəşəri sevgi də var.
Bəlkə elə bu sevgidi bütün qaranlıqları işığa çıxaran, bütün çirkabları yuyub aparan. Məncə burda da yazıçının işığı düşür zülmətin gözünə. Könül işığından danışıram. Oxucu qəhrəmanları, elə dolayısı yolla yazıçını da qınayır, amma bu qınağın bir bəraət tərəfi də var axı. Bu da bir başqa uğurdu. Demək, yazıçı həqiqətlərə yalan donu geyindirib oxucunun gözünü qamaşdırmır.
Müəllif oxucunu təmkinli və səbrli olmağa çağırır. Eyni zamanda öyrədir ki, hisslə yox, ağılla hərəkət etmək lazımdı. Hər şeyin başında məhz böyük intiqam hissi dayandığı üçün Nailə çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Nəticədə səhv səhv dalınca gəlir. Onun günah payından İlqara, atasına, dostuna və başqalarına düşsə də bu onu məsuliyyətdən xilas etmir. Ən böyük cəzanı özü çəkir. Nailə özü də biilmədən çox böyük səhvlər (əslində günahlar) edir və bu səhvlər (günahlar) onu uçuruma aparır. Anlayır ki, özü qazdığı quyudan daha heç kim onu çıxara bilməz.
Bəs ilqar? Onu necə xarakterizə edib yazıçı?
İlqar valideyn nəzarətindən çıxa bilməyən, öz fikri və arzuları üçün mübarizə edə bilməyən aciz gəncdi. Sevsə də bütün məsuliyyəti öz boynundan atan, kapitala yenilən, zamanla ayaqlaşmağa çalışan və mübarizə etmədən məğlub olan bir natamam obrazdı. Sonacan tamamlanmır bu obraz. Bu natamamlıq Nailəni və bütövlükdə neçə taleyi yarıda qoyur. İlqar acizdi. Sevgisə acizliyi və qorxaqlığı sevmir. Nailə ondan daha dinamik və daha çılğın obrazdı. Bəlkə də Nailə intiqam və qisas hissindən uzaq olsaydı daha mübariz obraz kimi yadda qalardı. Amma cəmiyyətdə o qədər belə hadisələrlə üzləşırik ki, bəlkə də yazıçı bu obrazların diliylə oxucunu daha ehtiyyatlı olmağa və daha tədbirli davranmağa çağırır.
Yazıçının bir uğuru da odur ki, əsərdə obrazları öz dilində danışdırmağı bacarır. Biri o birini təkrarlamır. Hamısının iç dünyasını öz diliylə oxucuya çatdırır. Bu da böyük ustalıq tələb edir.
Əsərdəki ardıcıllıq və sujetdən çıxmamaq bacarığı da bizi, yəni oxucunu qane edir. Mənə elə gəlir ki, Varis səmimi hisslərinin göstəricisi olduğu üçün bu roman belə geniş oxucu auditoriyası qazanıb. Əslində yazıçı obrazların diliylə özü danışır, inandırır və hər vəchlə məğlubiyyətdən uzaq olmağa çalışır. Onunçun nə olursa olsun, ümid həmişə var və müəllif bütün əsər boyu bu ümidin əlindən tutub yeriyir. Romanda kapitalizmin fəsadları, reallıqlar, sinfi ayrı -seçkilik, təbəqələşmə, o dövrün ictimai-siyasi quruluşu, çətinliklər, təlatümlər çox ustalıqla təsvir edilib.
Ən sonda isə yazıçı qəhrəmanlarını islah etməyə və bütün günahlarından arınıb paklanmağa çağırır. Nə qədər bacarırsa, bunu yalnız oxucu bilər.
Mənsə sevgiqarışıq bütün hisslərin və duyğuların məcmusundan ibarət olan bu əsəri böyük ümidlə sabahda gözləyirəm. Ümidimiz sönməsin.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Oğuzda erməni vəhşilikləri - ARAŞDIRMA
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazın müxtəlif yerlərində müsəlman əhaliyə qarşı törədilən erməni vəhşiliklərinin əks-sədası Nuxaya da (keçmiş Vartaşen, hazırkı Oğuz 1930-cu ilə kimi həmin qəzanın tərkibində olub) gəlib çatır, buradakı onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci ilin fevralında «Şəki erməni batalyonu» adlı cəza dəstəsinin bölgəyə gəlməsi ilə vəziyyət tamamilə dəyişdi və ağırlaşdı.
Komandiri latış İvan Bredis olan “Şəki erməni batalyonu”nun qərargahı Ərəş qəzasının Qayabaşı kəndində (indi Şəki rayonu ərazisindədir) yerləşdirilmişdi. Onlar dörd alay, qeyri-sıravi alay və pulemyot komandası ilə Nuxa və Ərəş qəzalarının (o cümlədən Vartaşen ərazilərinin – İ.V.) dağlıq erməni kəndlərini nəzarət götürmüşdülər.
Bu yazıda biz erməni quldurlarının yerli azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bir rayon – Vartaşen (indiki Oğuz) rayonu üzrə araşdırmağa çalışmışıq.
K.İsmayılovun “Nuxa qəzası Cümhuriyyətin yaranması ərəfəsində: bölgədə erməni fitnəkarlığının iflasa uğraması” adlı məqaləsində (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:96-114) oxuyuruq ki, erməni alayının qəzaya gəlməsi yerli erməniləri xeyli ruhlandırmış, onların azərbaycanlılara münasibəti açıq-aşkar fitnəkar xarakter almağa başlamışdı. Qəzaya gələn hərbi qüvvə sayəsində üstünlüyü ələ alan erməni quldur dəstələri yerli azərbaycanlılara qarşı kütləvi vəhşiliklər həyata keçirməyə başlamışdılar. Bu işdə erməni şuralarından gələrək burada anti-müsəlman təbliğatı aparan emissarların da güclü təsiri olmuşdur.
Vartaşen ərazisində hay quldur dəstələrinin əsas cəmləşdiyi yerlər isə Calut, Vartaşen, Söyüdlü, Xoşkaşen (indiki Qarabulaq) və Yaqublu kəndləri olub. Bu kəndlərdə yuva salmış erməni silahlı dəstələri də həmin qərargahın törətdiyi cinayətlərə dəstək verirdilər. Məsələn, AXC-nin yaratdığı FTK-nın üzvü Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri haqqında məruzəsindən bəlli olur ki, indiki Qəbələnin Kürd kəndində türk qoşunlarının Azərbaycana gəlişindən təqribən 20 gün əvvəl törədilmiş cinayətdə - çoxu qadın və uşaq olan 68 kənd sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirilməsində erməni əsgərləri və digər erməni kəndlərinin sakinləri ilə yanaşı Xoşkaşen və Böyük Söyüdlü kəndlərinin erməniləri də iştirak etmişlər. Həqiqət naminə onu da qeyd edək ki, belə hadisələrdə qriqorian təriqətini qəbul etmiş və erməniləşmiş udilər də iştirak edirdilər. (Nədənsə çox zaman biz bunu qeyd etməyə çəkinirik)
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun məruzəsində göstərilir ki, Qayabaşıdakı qərargahın Vartaşen kəndində bütöv bir qarnizonu (II alayı) olub. 1918-ci ilin fevral ayında Vartaşen qarnizonun zabitlərindən Qabriel Rubenoviç Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur erməni kəndlərini, xüsusən Vartaşeni, Calutu, Yaqublunu, Söyüdlünü, Xoşkaşeni, yaxınlıqda – Qutqaşın (indiki Qəbələ) rayonundakı Nici və s. gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Oz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkərək qətl və qarətlər törədirdi. O, qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da bu daşnak bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı.
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə (yerli qüvvələrə Miralay Süleymanov komandanlıq edirdi) iki gün müddətində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni daşnaklarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı. Yaqubludakı (eləcədə Qayabaşıdakı) silahlı ermənilər Söyüdlü kəndinə geri çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələrə bölünərək müxtəlif erməni kəndlərində, eləcə də qaçqın adı ilə Vartaşendə, Calutda və qonşu rayondakı Nic kəndində gizlənmişdilər.
K.İsmayılovun yuuxarıda adı çəkilən məqaləsində göstərilir ki, “ermənilərin hücumları üçün ümumi bir qanunauyğunluq səciyyəvi idi: onlar adətən səhər tezdən, müsəlmanlar yuxuda olarkən hücuma keçir, kəndləri əhatəyə almağa çalışır, bu zaman təkcə tüfənglərdən deyil, pulemyotlardan istifadə edirdilər. Əksər hallarda müsəlmanlar qeyri-mütəşəkkil və silahsız olduqlarından bütün əmlaklarını taleyin ümidinə buraxır, öz yurdyuvalarını tərk edərək qaçmağa məcbur olurdular... Ermənilər hücum etdikləri kəndlərdə hər şeyi dağıdır, tut ağaclarını, meyvə bağlarını doğrayıb məhv edirdilər. Lakin əhaliyə ən çox iqtisadi ziyan ermənilərin kütləvi şəkildə mal-qaranı oğurlayıb aparmalarından dəymişdi. Ermənilər təqib olunduqları zaman oğurladıqları mal-qaranı tələf etməyə çalışır, bununla da müsəlmanların təsərrüfat və iqtisadi həyatını dağıtmaq məqsədi güdürdülər...”.
Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd olunduğu kimi, 3 may 1918-ci il tarixdə Padar kəndində (bəzi mənbələrdə Padar və Yaqublu kəndləri arasında neytral zonada yazılır) Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. (Belə bir görüş hər iki millətin nümayəndələrinin iştirakı ilə Vartaşen kəndində də keçirilmişdir,) Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər. Özünü Nuxa və Ərəş qəzalarının komissarı elan etmiş Ter Qriqoryants da baş verən erməni vəhşiliklərini dana bilmir, məcburiyyət qarşısında qalıb, ermənilər tərəfindən müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin baş verdiyini təsdiq edirdi. (https://anl.az/el/kitab2022/06/cd/Azf-322964.pdf). Onu da qeyd edək ki, ermənilər ancaq azərbaycanlılara qarşı deyil, həm də rayon ərazisində yəhudilərə və ləzgilərə qarşı da soyqırımı törədirdilər. Ona görə də həmin dövrdə rayon ərazisində yaşayan yəhudilərin çoxu Gəncəyə, Tiflisə və Bakıya köç etmişdilər. Ermənilər indiki Qəbələnin Savalan kəndi yaxınlığında 7 nəfər ləzgini vəhşicəsinə qətlə yetirmişdilər.
1918-ci ilin iyun ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Oğuz (Vartaşen) nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin quldur erməni silahlı dəstələrinin hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı Xaçmaz meşələrinə sığınmışdılar. Onların köməyinə Qafqaz İslam Ordusu çatmışdır. Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başlamışdı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, burada bir müddət Padar kəndində Qərib Yüzbaşının evində qalmışdı.
Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında yerləşirdi. Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki əski qəbirsanlıqda torpağa tapşırılıb.
Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində nahiyənin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin sakinləri erməni soyqırımından xilas ola bilmişdilər.
Erməni silahlı dəstələri Qafqaz İslam Ordusuna yardım edən hər kəsi ağır cəzalandırır və ya öldürürdülər. İndi də Padar kəndinin sakinlərinin dilində dolaşan bir hekayətdə deyilir ki, Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər. Əsgərlərlə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin “Erməni çökəyi” adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər”.
Ümumiyyətlə, 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalma materiallarında həmin dövrdə rayon ərazisində olan 9 kəndin - Axpilakənd, Salabəyli, Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o cümlədən Yaqublunun ermənilər tərəfindən dağıdılıb viran qoyulduğu qeyd edilmişdi.
Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində ermənilərin hərbi qərargahları və silahlı dəstələri məhv edilsə də, onların soyqırım törətməklərinin qarşısı alınsa da, rayon ərazisində yaşamağa davam etmişlər. Belə ki, 1939-cu ildə ermənilər rayon əhalisinin 9 %-ni, 1959-cu ildə 12 %-ni, 1970-ci ildə 10 %-ni, 1979-cu ildə 9 %-ni, 1989-cu ildə 8 %-ni təşkil etmişdir. Rayonda yüksək vəzifə tutan ermənilər də az olmayıb. Hətta erməni məktəbi də vardı.
Vartaşen (Oğuz) rayonunda yaşayan ermənilər XX əsrin 90-cı illərin sonunda və baş vermiş Qarabağ müharibəsi zamanı rayonda yenə millətçi çıxışlar etməyə başlamışdılar. Hətta gizli şəkildə erməni terror təşkilatları üçün maliyyə vəsaiti toplamaları da söylənilir. Lakin bu dəfə əhalinin sərt mövqeyi ilə rastlaşdıqları üçün onların əksəriyyəti, Azərbaycanın digər bölgələrində olduğu kimi, Oğuz rayonundan da köçüb getmişlər.
Getsələr də, indi də özlərinin üzdəniraq saytlarında rayon ərazisindəki bir sıra toponimləri “soyqırımına” məruz qoymaqda davam edirlər. Məsələn, Vardan adından yaranmış “Vartaşen” toponiminin erməni mənşəli olmasını və buraların qədim erməni yaşayış məntəqəsi olduğunu iddia edirlər. Bu bədbəxtlər bilmirlər ki, digər adlar (Artavaz, Vasak, Samuel, Manvel, Amayak, Vaqan, Vard, Vaçe...) kimi Vardan adı da Çin Türküstanından gələrək III əsrdən Ermənistanda (həmçinin Gürcüstanda) yaşamağa başlamış, azərbaycanlılarının etnogenezində böyük rol oynamış Çin (sonralar Cin/Cinni adlandırılmışlar) adlı qədim türkdilli və türkəsilli tayfaya mənsubdur.
Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun fars, ərəb, yunan və ya erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. “Şen” sözü türk əsilli xristian qıpçaqlardan ermənihay dilinə keçmiş, erməniləşdirilmişdir.
F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında)" əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü (eləcə də qədim türk adı Vardan-İ.V.) qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi - “qar kut”, “lavaş”, “dolma”, “soğan” kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”.
Niyyətlərində məkrlik olan bir millətdən hər şey gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)


