Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Xatirəmin güllərini üzməyə,

Cığır örtən otlarını əzməyə,

Haraylayıb gəncliyimi gəzməyə,

Yollarını quca-quca gəlmişəm.

 

Azərbaycan Yazıçılar İttifaqının üzvü Qasım Qasımzadə 23 iyun 1923-cü ildə  Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib.

Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlayıb. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atan Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. Şeirləri bir sıra xarici dillərə tərcümə edilib.

 

Əsərləri

1. Bizim kənd

2. Bizim şəhər

3. Bizim dağlar

4. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu

5. Ürək döyüntüləri

6. Son görüş

7. Süleyman Rəhimov

8. Kiçik dayə

9. Nəğməli ürəklər

10. Bənövşə yarpağı

11. İsmət

12. Aşıq gördüyünü çağırar

13. Getdim, gördüm, düşündüm

14. Dağlar buraxmır məni.

15. Keçmə namərd körpüsündən

16. Daşdan keçən söz

17. Ədəbiyyatımız, mənəviyyatımız

 

Tərcümələri

- M. Tursunzadə. Hindistan balladası

- M. Mirşəkər. Qızıl qışlaq

- İ. Noneşvili. Qonaq gəlin Gürcüstana

- M. Tursunzadə. Asiyanın səsi

 

O, Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözlərinin müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

28 iyul 1993-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Çərşənbə axşamı, 23 İyun 2026 16:11

Onun mahnıları dildən-dilə düşüb...

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Zaman-zaman ləzgi xalqının yetişdirdiyi mədəniyyət xadimləri Azərbaycanın və Dağıstanın mədəni həyatında əhəmiyyətli rol oynayıblar. Məşhur bəstəkar, şair, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman da onlardan biridir.

 

O, 1930-cu il 18 aprel tarixində Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub. Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olub.

Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərib. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərib. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olub. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndəriblər. Sonra o, hərbi xidmətə çağrılıb

Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirib. Buranı başa vurub, Dəvəçi rayonunda müəllim kimi fəaliyyətə başlayıb. Onun şeirləri respublikanın qəzet və jurnallarında işıq üzü görüb. İlk şeirlərini Azərbaycan dilində qələmə alan şairin imzası Azərbaycan mətbuatında tez-tez görünüb.

Sonralar o, ləzgi dilində yazmağa başlayıb. Musiqi istedadı olan, tar çalıb mahnı oxumağı xoşlayan gənc mahnı yaradıcılığına başlayıb və tezliklə onun mahnıları dildən-dilə düşüb. 1960-cı ildə Dağıstana köçəndə çoxlu sayda mahnının müəllifi kimi tanınıb. Məşhur müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi "Qara gözlər", "Yuxu" kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirib. 

Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışıb. Böyük bacarığı ilə seçilən Asəf bəy Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin olunub. Asəf Mehman "Ana ürəyi", "Mənim vüqarım", "40 bahar", "Ləpələr", "Hörmət", "Mənsiz", "Özüm özüm haqqımda", "Fəxr edirəm", "Yüz bir mahnı", "100 qəzəl" kitablarının, "Mənim Sədəfım", "Şurşurəli", "Xarubəy və Tsarubəy" musiqili komediyalarının və "Daş sandıq" dramının müəllifidir.

K. Qurbanəliyev onun həyat və yaradıcılığına həsr olunan "Tanıdığımız Asəf Mehman" kitabını çap etdirib. 2010-cu ildə Dağıstanın xalq artisti fəxri adına layiq görülən Asəf Mehman şirin mahnıları və lirik şeirləri ilə tanınan sənətkardır. O, 80 illik yubileyini təntənə ilə qeyd edib. Nasir və dramaturq Asəf Mehman 23 iyun 2015-ci ildə, 85 yaşında dünyaya gözlərini qapayıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Çərşənbə axşamı, 23 İyun 2026 08:03

Cəmi 44 il ömür sürdü...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Qırxıncı illərinsonlarındaədəbiyyatayeni, cavanbirtənqidçigəldi. O, Azərbaycansovetədəbiyyatınınbanilərindənbiri - məşhuryazıçı ƏliVəliyevinailəsində dünyayagəlmişdi.

Əllinci-altmışıncı illərdə o, Azərbaycanədəbitənqidininaparıcı nümayəndələrindənbiriidi, həmdə görkəmlibirədəbiyyatşünaskimidə şöhrətqazandı. Altmışıncı illərinəvvəllərinə kimio, yalnızMəsudVəliyevkimitanınırdı, sonraMəsud Əlioğlukimidə imzasını məşhurlaşdırdı...”

 

Bu cümlələr Filologiya elmləri doktoru Vaqif Yusifliyə məxsusdur. O, daha sonra yazır:

“45 ilin tamamına cəmi 4 ay qalırdı, 1973-cü ilin iyun ayında vəfat etdi. Amma iyirmi beş illik tənqidçi-ədəbiyyatşünas fəaliyyətində gecə-gündüz bilmədi, yüzdən artıq məqalə, resenziya dərc etdirdi, neçə dəyərli monoqrafiya ərsəyə gətirdi.”

Şair-ədəbiyyatşünas Qasım Qasımzadə isə onun haqqında yazırdı: "Sənətkar üçün, alim üçün istedad  başlıca şərtdir. Lakin istedad o zaman məhsuldar və səmərəli olur ki, gecəli-gündüzlü yorulmaq bilməyən qızğın zəhmətlə alışıb  işıq saçır.  İstedad və zəhmətin birliyini öz şəxsiyyətində təcəssüm etdirən  elə alim, sənətkarlar da var ki,  onların verdiyi məhsul  heç də həmişə  milli ədəbiyyatın mənafeyinə, tərəqqisinə  kömək göstərmir, əksinə, yad mövqedə dayanıb xeyirdən çox zərər gətirir.

Deməli, əslalimkimiyetişməkdən ötrü istedadvə zəhmətsevərlikdənəlavə, başqabirkeyfiyyətdə - xalq, vətənsevgisiilə çırpınanhərarətliqəlbə malikolmaqda şərtdəndir.  Bu üç keyfiyyətgörkəmlitənqidçivə ədəbiyyatşünasalimMəsud Əlioğlunun şəxsiyyətində ahəngdarvəhdətdə təzahüredirdi".

Bu gün Məsud Əlioğlunun anım günüdür.

O,  5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb.

27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

1950–1960-cı illərdə Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri olmuş, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazanmışdır. 1960-cı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınıb, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırıb.

100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M. F. Axundov, N. Vəzirov, S. S. Axundov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, M. Ə. Sabir, M. Hadi, H. Cavid, Y. V. Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir

Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.

 

Kitabları

1. C. Məmmədquluzadənin dramaturgiyası

2. Məfkurə dostları

3. Rəsul Rza

4. Ədəbiyyatda yeni insan

5. Məslək qardaşları

6. Tənqidçinin düşüncələri

7. H. Cavidin romantizmi

8. Darıxan adamlar

9. Məhəbbət və qəhrəmanlıq

10. Amal və sənət

 

O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır.

 

Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti

 

Vaqif Yusifli daha sonra yazır: “Tənqidi məqalə və resenziyalarında Məsud Əlioğlu ciddi və tələbkar bir müəllif kimi diqqəti cəlb edirdi.  Məsud Əlioğlunun istər məqalə və resenziyalarında, istərsə də monoqrafiyalarında aparıcı üslub  əsasən ciddi elmi meyarlarla şərtlənən bir üslubdur.

Bunu biz onun "Cəlil Məmmədquluzadənin dramaturgiyası", "S.S.Axundovun həyat və yaradıcılığı", "Rəsul Rza", "Ədəbiyyatda yeni insan", "Hüseyn Cavidin romantizmi" monoqrafiyalarında izləyə bilərik. Onun yaradıcılığında məhdudluq yox idi, belə ki, ədəbiyyatımızın bütün dövrləri və janrları əhatə olunurdu.

Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının klassik dövrünün dərin bilicisi idi desək, səhv etmərik. Onun Nizamiyə, Füzuliyə, Vaqifə, Vidadiyə, Cəlil Məmmədquluzadəyə, Sabirə, Səhhətə, Şaiqə, Cavidə, Hadiyə, Möcüzə həsr etdiyi yazılar yubiley stixiyasından uzaq idi. Bu yazılar klassikanı qədərincə duyan və bu ədəbi korifeylərin hər birinin yaradıcılığına Məsud Əlioğlu gözüylə baxmağın ölçüsü idi”.

Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib. 25 sentyabr 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron Akt zalında Məsud Əlioğlunun 90 illik yubileynə həsr edilmiş elmi sessiya keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Çərşənbə axşamı, 23 İyun 2026 14:09

Görünməyən sərhədlər

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Dünya tarixində dövlətlərin taleyi çox zaman xəritələr üzərində həll olunub. Müharibələr başlayıb, sərhədlər dəyişib, imperiyalar qurulub və dağılıb. İnsanlıq əsrlər boyu siyasi gücü əsasən coğrafiya ilə ölçüb. Hansı dövlətin nə qədər torpağı varsa, onun qüdrəti də buna uyğun hesab edilib. Ancaq tarixə diqqətlə baxdıqda fərqli bir həqiqət ortaya çıxır: dövlətləri yalnız görünən sərhədlər qorumur.

 

Əslində hər xalqın öz daxilində başqa sərhədləri də mövcuddur. Bunlar nə xəritədə görünür, nə də hərbi postlarla qorunur. Bu sərhədlər bir millətin dili, mədəniyyəti, tarixi yaddaşı və mənəvi dəyərləridir. Məhz bunlar xalqın mövcudluğunu təmin edən görünməyən dayaqlardır.

Bir ölkə torpaq itirə bilər. Siyasi sistem dəyişə bilər. Hakimiyyətlər gəlib gedə bilər. Lakin bir xalq öz kimliyini qoruyursa, o xalq yaşamaya davam edir. Tarix bunun saysız nümunələrini göstərir. Əksinə, milli kimliyini itirən cəmiyyətlər coğrafi olaraq mövcud olsalar belə, daxildən parçalanmağa başlayırlar.

Siyasi alim  milləti “təsəvvür edilən birlik” adlandırırdı. İnsanların bir-birini tanımadan ortaq düşüncə ətrafında birləşməsi millət anlayışını yaradır. Buradan belə nəticə çıxır ki, dövlət anlayışı ilk növbədə insanların düşüncəsində qurulur.

Bu düşüncənin əsas sütunu isə dildir.

Dil sadəcə ünsiyyət vasitəsi deyil. Ana dili insanın dünyanı anlama formasıdır. İnsan ilk dəfə hisslərini, qorxularını, sevgisini, tarixini və aidiyyətini dil vasitəsilə dərk edir. Bir xalqın dili zəifləyirsə, əslində onun düşüncə sistemi dəyişməyə başlayır.

bunu çox dəqiq ifadə etmişdi. Onun  əsərində hakimiyyət dili dəyişdirərək insan düşüncəsini idarə etməyə çalışırdı. Çünki insan ifadə edə bilmədiyi anlayış üzərində düşünmək imkanını da zamanla itirir.

Millətin başqa bir müdafiə xətti onun mədəniyyətidir.

Teatr, musiqi, ədəbiyyat, folklor və incəsənət bir xalqın kollektiv xarakterini yaradır. İnsan cəmiyyət olaraq özünü yaratdığı sənətdə görür. Bir toplum öz mədəniyyətindən uzaqlaşmağa başladıqda, fərqinə varmadan öz kimliyindən də uzaqlaşır.

Müasir dövrdə bu proses daha mürəkkəb xarakter alıb.

Texnologiya sərhədləri aradan qaldırıb.  Google, Meta Platforms, TikTok kimi platformalar informasiya axınını sürətləndirib. İnsan bir neçə saniyə ərzində minlərlə məlumat qəbul edir. Ancaq məlumat çoxluğu hər zaman düşüncə dərinliyi yaratmır.

Kitab oxumaq insanı düşünməyə məcbur edir. Teatr insanı hiss etməyə vadar edir. Klassik ədəbiyyat insanı daxili dialoqa aparır. Sürətli informasiya isə çox zaman yalnız ani reaksiya yaradır. Müasir insan hər şeyi görür, amma az şeyi mənalandırır.

Tarix göstərir ki, böyük sivilizasiyalar çox vaxt xarici hücum nəticəsində deyil, daxili aşınma səbəbilə zəifləyib.  bunun ən tanınmış nümunəsidir. Roma əvvəlcə mənəvi dayaqlarını itirdi, daha sonra siyasi gücünü.

Bu gün xalqlar qarşısında duran əsas vəzifələrdən biri məhz görünməyən sərhədləri qorumaqdır. Məktəb sadəcə təhsil ocağı deyil, kimlik formalaşdıran institutdur. Yazıçılar, müəllimlər və sənət adamları cəmiyyətin görünməyən sərhədlərini qoruyan insanlardır.

Bir milləti zəiflətmək üçün bəzən müharibəyə ehtiyac olmur. Onun dilini unutdurmaq, mədəniyyətini ikinci plana keçirmək və tarixi yaddaşını zəiflətmək kifayətdir.

Çünki həqiqət sadədir.

Xəritədə çəkilən sərhədlər dövlətləri qoruyur.

Millətin gələcəyini isə görünməyən sərhədlər.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan kinosunun 1980-ci illər mərhələsi fərdlərin daxili iztirablarına, psixoloji gərginliklərinə və cəmiyyətin görünməyən tərəflərinə işıq salan filmlərlə seçilir. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Anlamaq istəyirəm" tammetrajlı bədii filmi də məhz belə dərin fəlsəfi-psixoloji ekran əsərlərindəndir. Film, zahirən xoşbəxt görünən, lakin daxilən böyük bir boşluq və anlaşılamamaq problemi yaşayan müasir insanın dramını böyük səmimiyyətlə təhlil edir.

 

Anar və Oqtay Mirqasımov yaradıcılığının intellektual gücü

Filmin bədii dərinliyinin əsas fundamenti ssenari müəllifi, xalq yazıçısı Anarın qələmindən çıxan ssenaridir. Anar yaradıcılığına xas olan "şəhər nəsri" və ziyalı təbəqəsinin mənəvi böhranı motivləri bu filmdə də özünü qabarıq göstərir. Müəllif, insanların bir-biri ilə eyni dildə danışmasına rəğmən, bir-birlərini anlamaqda çətinlik çəkmələrini ustalıqla ssenariyə köçürüb.

Filmin quruluşçu rejissoru Oqtay Mirqasımov isə bu psixoloji dramaturgiyanı vizual simvollarla, kameranın sərbəst hərəkətləri və daxili monoloqların gücü ilə bütövləşdirib. İki hissədən ibarət olan ekran əsəri tamaşaçını tələsdirmədən, addım-addım qəhrəmanın daxili dünyasına səyahətə çıxarır.

 

 Qadın taleyi və aktyorların yüksək psixoloji təmkinli oyunu

"Anlamaq istəyirəm" filmi aktyor ampluası və obrazların dolğunluğu baxımından Azərbaycan kinosunun parlaq səhifələrindəndir:

 Həmidə Ömərova (Çinarə): Filmin əsas yükü və gözəlliyi Həmidə Ömərovanın canlandırdığı Çinarə obrazındadır. Çinarə intellektual, zərif, lakin ətrafındakı insanların rəftarlarında, ailə həyatında axtardığı o daxili saflığı, mənəvi ucalığı tapa bilməyən bir qadındır. Aktrisa bu rolda qadın qəlbinin incəliklərini, daxili üsyanını və tənhalığını böyük ustalıqla ifa edib.

 Fəxrəddin Manafov (Rüstəm): Azərbaycan kinosunun unudulmaz xarizmatik aktyoru Fəxrəddin Manafov bu filmdə Çinarənin həyatındakı fərqli bir insan tipini canlandıraraq xarakterlərin toqquşmasını daha da kəskinləşdirir.

 Mikayıl Kərimov, Həsənağa Turabov və digərləri: Kinomuzun bu ustad sənətkarları da şəhər mühitinin fərqli insan xarakterlərini, mühafizəkar və müasir baxışların toqquşmasını çox təbii kadrlarla canlandırıblar.

 

 Filmin süjet xətti və mənəvi azadlıq axtarışı

Süjetin mərkəzində gənc və ziyalı bir qadın olan Çinarənin həyat yolları, keçmişi ilə bu günü arasındakı mənəvi hesabatı dayanır. O, ətrafındakı insanları, cəmiyyətin qoyduğu görünməz qaydaları, ailə daxilindəki soyuqluğu və ən əsası özünü "anlamaq istəyir". Çinarə üçün həyat sadəcə maddi təminatdan və ya zahiri uğurlardan ibarət deyil; o, ruhun azadlığını və mənəvi səmimiyyəti axtarır.

Filmdəki fəlsəfi dialoqlar, sükut anları və personajların daxili çırpıntıları tamaşaçını da eyni suallar ətrafında düşünməyə vadar edir. "Anlamaq istəyirəm" ifadəsi film boyu bir növ bəşəri bir fəryada çevrilir — insanların rəqəmsallaşan və yadlaşan dünyada bir-birinə qarşı daha diqqətli olması mesajını ötürür.

 

 Bakı estetikası və Emin Sabitoğlu musiqisinin sehri

Filmi tamamlayan və ona unudulmaz nostalji ruh bəxş edən ən güclü elementlərdən biri də dahi bəstəkar Emin Sabitoğlunun film üçün bəstələdiyi musiqidir. Şəhərin küçələri, dəniz kənarı və personajların hüznlü baxışları fonunda səslənən bu lirik melodiyalar filmin psixoloji təsir gücünü daha da artırır. 1980-ci illərin Bakısının intellektual və mədəni ab-havası kadrlarda mükəmməl şəkildə qorunub saxlanılıb.

Bu gün baxarkən həm kinomuzun qadın psixologiyasına verdiyi dəyəri görmək, həm də Anar dramaturgiyasının dərin qatlarını təhlil etmək baxımından "Anlamaq istəyirəm" filmi çox qiymətli bir sənət nümunəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Aygül Bağırova,

yazıçı-publisist,

“Ədəbiyyat və incəsənət”

 

Çağdaş Azərbaycan ziyalılığının, dövlətçilik təfəkkürünün və milli maraqlara sədaqət ənənəsinin daşıyıcısı olan dəyərli diplomat, fövqəladə və səlahiyyətli səfir Hüseyn Quliyevin mənalı ömür yoluna ehtiramla...

 

Bu gün 80 illik mənalı ömrünü Vətəninə, dövlətinə və xalqına həsr etmiş Azərbaycanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyevin yubileyi ərəfəsində onun haqqında ürəyimdən keçənləri qələmə almağı özümə mənəvi borc bildim.

Ömrün hər anı gözəldir. İnsan ömrü təbiətin fəsilləri kimi öz rəngini, öz hikmətini, öz işığını daşıyır. Baharın təravəti, yayın hərarəti, payızın kamalı, qışın müdrikliyi necə təbiətin bütöv ahəngini yaradırsa, ləyaqətlə yaşanmış ömür də zamanın yaddaşında elə bir iz buraxır ki, illər keçdikcə daha aydın görünür, daha böyük ehtiram doğurur. Hüseyn müəllimin ömür yolu da məhz belə talelərdəndir. Bu ömürdə xidmət var, sədaqət var, zəhmət var, dövlətə bağlılıq var, insanlara sevgi var.

Çağdaş Azərbaycan ziyalılığının tarixinə adını yazdıran elə şəxsiyyətlər var ki, onların çoxölçülü mənəvi portreti zamanın sərhədlərini aşaraq geniş bir mənəvi coğrafiyaya çevrilir. Hüseyn Quliyev də məhz bu qəbildən olan insanlardandır. O, daşıdığı məsuliyyət, qoruduğu etimad və təmsil etdiyi dövlətin nüfuzuna verdiyi töhfələrlə seçilib.

Hüseyn Rzaqulu oğlu Quliyev 23 iyun 1946-cı ildə Naxçıvanda dünyaya gəlib. Orta təhsilini Naxçıvan şəhərində alıb, daha sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb. Sonrakı illərdə həyat yolu onu daha böyük məsuliyyət meydanlarına aparıb. 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi çalışıb. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir kimi mühüm diplomatik fəaliyyət göstərib. 1991–1995-ci illərdə Xarici Kəşfiyyat Xidmətində çalışıb. 1995–1997-ci illərdə “İDİL” Türk inşaat şirkətinin Rusiya nümayəndəliyində, 1997–2007-ci illərdə Rusiyanın “Trans-Nafta” şirkətində vitse-prezident vəzifəsində fəaliyyət göstərib. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009–2012-ci illərdə idarə rəisi kimi çalışıb. 2012-ci ildən etibarən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi ölkəmizi yüksək peşəkarlıqla təmsil edir.

Bu zəngin və çoxşaxəli fəaliyyət yoluna diqqətlə baxanda aydın görünür ki, Hüseyn müəllimin ömür salnaməsi ayrı-ayrı vəzifələrin ardıcıllığı kimi yox, Azərbaycan dövlətçiliyinə xidmətin müxtəlif mərhələləri kimi oxunur. O, təhlükəsizlik sahəsində, diplomatik xidmət xəttində, iqtisadi əlaqələrin qurulması istiqamətində və beynəlxalq münasibətlər müstəvisində bir amala sadiq qalıb: dövlət maraqlarına sədaqət.

Belə bir ömür təsadüfən formalaşmır. Bu yolun mənəvi başlanğıcı ailədən, kökdən, tərbiyədən gəlir. Hüseyn müəllim elə bir ocağın övladıdır ki, həmin ocaq Azərbaycan yaddaşında mərdlik, sədaqət, təmizlik və Vətən sevgisi ilə yaşayır. Atası, “unudulmaz kəşfiyyatçı” kimi anılan Rzaqulu Quliyev peşə fəaliyyəti ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri, insanlara yaxınlığı, haqqın yanında dayanması ilə xalqın qəlbində dərin yer tutub. Mərhum prezident, ümummilli lider Heydər Əliyevin ailəsində böyüyən, o böyük məktəbin mənəvi nəfəsini duyan Rzaqulu Quliyevin övladı kimi Hüseyn müəllimin də həyat yolunda dövlətçilik ruhunun xüsusi bir xətt kimi uzanması tam təbiidir.

Bu gün ömür sarayının 80-ci qapısına yetişən yubilyar uzun illər müxtəlif dövrlərdə daşıdığı yüksək məsuliyyətli vəzifələrdə, eləcə də Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi illərdə bir çox bağlı qapıların açılmasına, yeni körpülərin qurulmasına, ölkələr və insanlar arasında etimad mühitinin güclənməsinə böyük töhfələr verib. O, öz aydınlığı, dövlətçilik ərkanına bağlılığı, sözdə və əməldə dürüstlüyü ilə seçilib. Ömrünün az qala iki qərinəsini Azərbaycan dövlətçiliyi naminə fəaliyyətə həsr edən Hüseyn müəllim harada çalışıbsa, özünü ləyaqətlə təmsil edib, etibarı qoruyub, adı ilə nüfuz qazanıb.

Mən Hüseyn müəllimi səciyyələndirən üç əsas keyfiyyəti xüsusilə qeyd etmək istəyirəm.

Birincisi, dövlətə sədaqətdir. Bu, onun həyat yolunun ana xəttidir. Vətənindən uzaqda yaşayıb Vətənə uzaqdan xidmət edən, Azərbaycan adını müxtəlif ölkələrdə ləyaqətlə təmsil edən, hər zaman milli maraqları üstün tutan bir insanın iç dünyasında dövlət sevgisi xüsusi bir məqam tutur. Hüseyn müəllim üçün vəzifə etimadın məsuliyyəti, bayrağın yükü, dövlət adının şərəfi mənasını daşıyıb.

İkincisi, insanlıq və sadəlikdir. Yüksək məqam sahibi olmaqla bərabər əlçatan qalmaq, insanlarla səmimi ünsiyyət qurmaq, qarşısına çıxan hər kəsdə əvvəlcə insanı görmək hər adama nəsib olmur. Onu tanıyanların dilində ən çox səslənən ifadələrdən biri məhz budur: “çox sadə insandır”. Bu sadəlik zahiri davranış çalarları ilə məhdudlaşmır; bu, onun daxili mədəniyyətindən, ailə tərbiyəsindən, həyat təcrübəsindən gələn dəyərdir.

Üçüncüsü, haqqa və ədalətə bağlılıqdır. İllər ərzində onda dürüstlüyü, insanlara yardım etmək əzmini, haqqın və ədalətin yanında dayanmaq bacarığını görmüşəm. Bu keyfiyyətlərindən saatlarla danışmaq olar. Hər nümunə onun xarakterinin daha bir işıqlı tərəfini açır. O, münasibətlərdə ölçünü qoruyan, sözdə səmimiyyətə, davranışda ləyaqətə üstünlük verən insanlardandır.

Mənim üçün Hüseyn müəllimlə bağlı ən yaddaqalan və qürurverici məqamlardan biri də şəxsi yaradıcılıq yolumun mühüm bir səhifəsi ilə bağlıdır. Gənc yazar olaraq 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığım və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyim ikinci kitabım — “Qalib sərkərdənin zərif gücü — Mehriban Əliyeva” adlı əsərim üçün ön söz müəllifi qismində məhz Hüseyn müəllimə müraciət etdim. Bu müraciət mənim üçün həm yaradıcı məsuliyyət, həm də mənəvi həyəcan idi. Hüseyn müəllim kitabı böyük diqqətlə oxuyub, onu duyub, dəyərləndirib və ön söz müəllifi olmağı qəbul etdi. Bu qərar mənim üçün böyük etimad idi, eyni zamanda yaradıcılıq yoluma verilən dəyərin ifadəsi idi.

Daha sonra Mehriban xanım Əliyevanın ad günü ərəfəsində — avqustun 26-da həmin kitabın təntənəli imza günü Hüseyn müəllimin təşkilatçılığı ilə məhz Özbəkistan Respublikasında keçirildi. Bu mərasim böyük mədəni hadisəyə çevrildi. Özbəkistanın rəsmi dövlət nümayəndələrinin, Azərbaycandan dəvət olunan yüksək vəzifəli şəxslərin iştirakı ilə keçirilən həmin tədbirdə Azərbaycanın Birinci xanımının çoxşaxəli fəaliyyəti, humanitar missiyası, mədəniyyətə, təhsilə, milli-mənəvi dəyərlərə verdiyi töhfələr geniş şəkildə təqdim olundu. Bu tədbirin yüksək səviyyədə təşkili, onun məzmununa verilən diqqət, Azərbaycanın dövlətçilik və mədəniyyət xəttinin qardaş ölkədə ehtiramla təqdim olunması Hüseyn müəllimin təşkilatçılıq bacarığının, Azərbaycan adına göstərdiyi həssas münasibətin parlaq nümunəsi kimi yaddaşıma həkk olundu.

Bu fürsəti dəyərləndirib belə bir mənəvi mühiti birlikdə yaşamaq mənim üçün böyük qürur oldu. Bu hadisə bir daha göstərdi ki, Hüseyn müəllim üçün diplomatik fəaliyyət rəsmi təmsilçilik çərçivəsindən daha geniş məna daşıyır; o, həm də Azərbaycan həqiqətlərinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan qadınının nəcib simasının, Azərbaycan dövlətçiliyinin ali dəyərlərinin tanıdılması istiqamətində könüldən çalışan ziyalı diplomatdır.

Hüseyn müəllimin ömür yolu həm də bir ailə adamının, bir nəslin dəyərlərini yaşadan insanın ömür yoludur. O, harada çalışıbsa, ailəsini, milli kökünü, mənəvi dayaqlarını özü ilə aparıb. Böyük həyat təcrübəsi, müxtəlif ölkələrdə qazandığı müşahidələr, insan xarakterinə bələdliyi, hadisələrə soyuqqanlı yanaşmaq bacarığı onun şəxsiyyətinə ayrıca dərinlik verib. Yaşının bu müdrik çağında da gənclik enerjisini qoruyub saxlaması, daim hərəkətdə olması, həyata maraqla yanaşması, insanlarla ünsiyyətdən zövq alması onun daxili dinamizmini aydın göstərir.

Hüseyn Quliyev haqqında düşünərkən bir həqiqət bütün parlaqlığı ilə üzə çıxır: belə insanlar ömrün yalnız illərini yaşamırlar, hər ilin içinə məna, hər mərhələsinə isə ləyaqət möhürü vururlar. Onların həyatında zaman ard-arda düzülən təqvim vərəqləri ilə yadda qalmır, Vətənə xidmətin, dövlətə sədaqətin və insanlıq məsuliyyətinin ucaltdığı mənəvi pillələrlə dəyər qazanır. Elə buna görə də Hüseyn müəllimin 80 illik yubileyi ehtiram, qürur və mənəvi kamilliklə işıqlanan bir ömür salnaməsi kimi səslənir.

Bu ömür gün zirvəsində, müdriklik pilləsində onu tanıyan, sevən insanların ortaq bir arzusu var: Hüseyn müəllimin sağlam, gümrah, işıqlı ömrü uzun olsun; onun təcrübəsindən, həyat məktəbindən, mənəvi duruşundan hələ uzun illər faydalanaq. Çünki belə ömürlər təkcə bir ailənin, bir çevrənin, bir vəzifə sahibinin sərvəti sayılmır; belə ömürlər millətin mənəvi kapitalıdır.

Doğum günü münasibətilə qələmə aldığım bu yazıda onu səciyyələndirən üç əsas keyfiyyətdən söz açdım: dövlətə sədaqət, insanlıq və ədalət duyğusu. Əslində bu keyfiyyətlərin hər biri ayrıca bir ömür hekayəsidir. Hüseyn Quliyevin ömür yolu bir insan taleyindən daha böyük məna daşıyır; bu yol Vətənə bağlılığın, dövlətə sədaqətin, mənəvi bütövlüyün və ləyaqətli xidmətin zaman içində ucalan abidəsidir. Elə buna görə də bu şərəfli ömrə yazılan hər söz, göstərilən hər ehtiram əslində Azərbaycan dövlətçiliyinə xidmət etmiş bir ömür qarşısında duyulan mənəvi borcun ifadəsidir. Onu tanıyan, ona dəyər verən hər kəsin qəlbindən gələn səsi bu sətirlərdə ifadə edə bildimsə, bunu özüm üçün xoşbəxtlik sayıram.

Hörmətli Hüseyn müəllim!

Sizin 80 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ömrünüzün hər anı ləyaqətin, zəhmətin, nəcibliyin, Vətən sevgisinin və dövlətə sədaqətin işığında keçib. Siz ailənizin şərəfli soyadını, atanızdan gələn mənəvi irsi və Azərbaycan dövlətinin etimadını böyük məsuliyyətlə daşıyıb, bu yolda özünüzə məxsus parlaq iz qoyubsunuz.

Arzu edirəm ki, bu nurani ömrün yeni səhifələri sizə cansağlığı, qəlb rahatlığı, ailə səadəti, övlad və nəvə-nəticə sevinci gətirsin. Qardaş Özbəkistanda Azərbaycanı təmsil etdiyiniz illərin işığı daim yolunuzu aydınlatsın. Sizi tanıyan hər kəsin qəlbində yaşayan ehtiram daha da ucalaraq davam etsin.

Doğum gününüz mübarək olsun, dəyərli Hüseyn müəllim.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

 

 

Sərxan Xavəri,

filologiya üzrə fəlsəfə doktoru.

“Ədəbiyyat və incəsənət”

  

QEYSDƏN MƏCNUNA:

TƏSƏVVÜFÜN MİSTİK ZAMAN MODELİ KONTEKSTİNDƏ SUBYEKTİN SUFİ TRANSFORMASİYASI

 

Təsəvvüfün təqdim etdiyi mistik zaman modelinə görə, zaman dairəvi trayektoriya boyunca vahiddən parçalanmaya (nüzul və ya involyusiya) və yenidən parçalanmadan vahidə (üruc və ya evolyusiya) marşrutu üzrə gedir. Hərəkətdə olan Zaman ilkinliyində vahid olanı parçalanmaya doğru qovduqca fərqləndirici xüsusiyyətlər üzə çıxarır. Bu fərqli xüsusiyyətlər ilkin ümumi başlanğıcdan uzaqlaş manın elə bir həddinə çatır ki, artıq onlar arasında ümumilik görünməz olur. Və bu nöqtədən evolyusiya başlayır...

 

         Evolyusiya mərhələsinə fərqlərin tədrici azalması, ümumiliyin isə artması xasdır. İlkin ümumilik mənəvi başlanğıcdır. İnvolyusiyadan evolyusiyaya keçid isə mənəvi başlanğıcdan uzaqlığın kulminasiya həddi olmaq etibarı ilə ən qatı materi allıq momentidir. Ona görə də evolyusiya mərhələsində kəsrətdən vəhdətə doğru gedən yol dünyəvilikdən mənəviyə doğru da gedən yoldur. Məşhur mütəsəvviflər dən olan Cüneyd Bağdadidən "son nədir?" – deyə soruşulduqda "əvvələ dönməkdir" – cavabını verir.

Təsəvvüfün inkişaf haqqında irəli sürdüyü konsepsiya (kəsrətdən vəhdətə, materiallıqdan ilkin mənəviyə) Şərq poetik təfəkkürünün inkişaf qanunauyğunluğunu, bu inkişafın müxtəlif mərhələlərində təsəvvüfün xarakterini, lap elə təsəvvüfi şeirin struktur mürəkkəbliyini şərh etməyə imkan verir. Müsəlman Şərqinin poetik fikri fərqli təmayüllərin vahid məcrada vəhdətinə doğru can atıb, Müsəlman Renessansı deyilən hadisə isə bu təmayüllərin ən kamil vəhdətə nail olduğu dövrlərdə yaranıb. Bu kontekstdə Füzuli rezonansı ən kamil evolyusiya aktı dır. Biz Füzulini evolyusiya aktı hesab edərkən nə onun türklük miqyasında məlum nəhəng missiyasını, nə də ayrılıqda Azərbaycan bədii fikrinin inkişafında oynadığı rolu deyil, poeziyasının vəhdəti təmsil etməsini nəzərdə tuturuq. Bu vəhdət Füzuliyə qədər involyusiya mərhələsini yaşayan və fərqli təmayüllərlə seçilən poetik fikrin Füzuli yaradıcılığı timsalında birləşməsindən tutmuş, bədii mətnin strukturunda poetik və fəlsəfi planın sintezinə qədər özünü göstərir. Poetik fikrimizin ayrı-ayrı təmayüllərinin Füzuli şeiri timsalında vahidləşməsi estetik büllurlaşma ilə paralel ge dir. Artıq Azərbaycan ədəbi-nəzəri fikri Yaşar Qarayevin timsalında bu aspektdən müşahidələrin nəticəsini bitkin nəzəri qənaət kimi təqdim edir: "İlahi" və "təbii" dünyaların hər ikisi Füzulidə bir yerdədir, biri zahirdə görünəndə digəri alt qatda görünür. "İki dünyada" yaşayan şairin bir dünyada yaşayan adi bəşərdən fərqi də elə budur. Daha doğrusu, burada empirik fərdilik yoxdur, mənəvi vəhdət, kosmizm və qloballıq var" Füzulidə belə bir mənəvi vəhdəti ən müxtəlif baxış bucağından izləmək mümkündür. Bizcə, daha səmərəli üsul poetik və təsəvvüfi məzmunun vəhdəti fonundan yanaşmadır. Çünki bu yöndən yanaşmada bədii təfəkkürün struktur modeli, orada təsəvvüfün mövqeyi haqqında daha dolğun təsəvvür yaranır və ümumən "Füzuli və təsəvvüf" probleminin çox qaranlıq cəhətləri aydınlaşır. Həm də artıq təsəvvüfşünaslıqda sufi məzmunlu hesab edilən (məhz hesab edilən) bədii mətnə bu aspektdən yanaşmanın, mükəmməl olmasa da, müəyyən prinsipləri formalaşmışdır. Füzulişünaslıqda "Füzuli və sufizm" problemi haqqında kifayət qədər tədqiqat aparılıb, son nəticədə istər türk, istər Azərbaycan, istərsə də Avropa alimləri şairin obrazlar sisteminin sufi poeziyası bazasına əsaslanmasını təsdiq etmişlər. Lakin belə bir elmi yekdilliklə yanaşı, bu problem barədə əsasən iki mülahizə mövcuddur:

1. Füzuli sufi simvollarından təriqətə mənsub olan şairlər kimi İlahi eşqi tərənnüm etmək naminə istifadə edib - Füzuli sufidir.

         2. Füzuli sufi simvolikasını lirik qəhrəmanın məşuqəyə yüksək eşqini tərənnüm etməkdən ötrü adi poetik vasitə kimi işlədib – Füzuli sufi deyil.

         Şairin hansısa sufi təriqətlərdən birinə mənsubluğunu və ya rəğbətini təsdiq edən heç bir tarixi fakt mövcud deyil. Lakin bununla yanaşı, Füzulinin irihəcmli əsərlərindən olan "Bəngü-Badə", "Rind və Zahid", "Səhhət və Mərəz", "Yeddi cam" kimi alleqorik məzmunlu əsərlərində ənənəvi sufi-panteist konsepsiya yığcam süjet xətti daxilində öz bədii ifadəsini tapmışdır. Bu əsərlərdə ayrı-ayrı obrazların alleqorik planda ifadəsi vasitəsilə şairin öz dünyagörüşünün təsiri altında qismən dəyişən sufi konsepsiya bütöv sistem xarakterlidir. Ruhi-mənəvi ekstazın texniki stimulu kimi musiqiyə böyük əhəmiyyət verən şair ("Həft cam") XIII əsrin dahi sufi şairi Cəlaləddin Rumi mistik məktəbinin (mövləviyyə) əsas ruhunu və ideyalarını təbliğ edir. "Səhhət və Mərəz" əsərində isə ruhun öz əzəli mənşəyi ilə vəhdət təşkil edərək fənaya qovuşması ideyası sufi eposçuluğu ənənəsində Əttarın "Məntiqüt-teyr" əsərini assosiasiya edir. Əgər "Məntiqüt-teyr"də quşların əfsanəvi Simurq axtarışından, sonda uzun məşəqqətlərdən sonra bu əfsanəvi padşahın onların özü olduğundan söhbət açılırsa (fars dilində si-otuz, mürğ isə quşdur), "Səhhət və Mərəz" də ruhla səfa ayinəsində görünən hüsnün vəhdətindən söz açılır.  Şairin "Rind və Zahid" əsərində isə bir-birindən fərqli iki dünyagörüş - rindlik və zahidlik müqayisə edilir və onların bir-biri ilə zənginləşməsindən yaranan sufi-fəlsəfi konsepsiya ön plana çıxarılır. Rindanə ovqatın qabarıqlığı ilə seçilən "Bəngü-Badə"də də məcazi mənada götürülən şərabın üstünlüklərindən söhbət açılır. Mistik aşiqlə Allah arasında vəhdəti mümkünləşdirən ilahi eşqin simvolu şərab ilahiliyin rəmzi kimi faktlaşır. Onun lirik əsərləri içərisində də doktrial səciyyəli elə mülahizə lər mövcuddur ki, şairin birbaşa sufi eşqinin tərənnümçüsü olduğuna şahidlik edir. "Qəd ənarəl", "Keç", "Bəkləriz", "Fəqr mülkün tut" və s. "traktat səciyyəli" (T. Hacıyeva) əsərlərin təsəvvüfi konsepsiyadan bəhrələnməsinə heç bir şübhə yoxdur. Bu əsərlərin ideyası təsəvvüf təliminin ayrı-ayrı istiqamətlərini özündə əks etdirir. Bu tip əsərlər şairin ümumi yaradıcılığı timsalında azlıq təşkil etdiyindən aşiqanə əsərlərin dünyəvi, yalnız traktat səciyyəli əsərlərin sufi məzmunlu hesab edilməsi də özünü doğrultmur, istər-istəməz birtərəfli şəkildə Füzulini dünyəvi eşqin tərənnümçüsü hesab etməyə gətirib çıxarır. Dünyəvi məhəbbəti həyatda ola biləcək ən ali dəyər kimi qiymətləndirib şairin də bu ali dəyərin tərənnümçüsü kimi başa düşülməsi təcrübəsi ilə ədəbiyyatşünaslığımız tanışdır və bu təcrübə problemə yenidən qayıtmağı bir daha zərurətə çevirir. Məhz belə bir zərurətin nəticəsi olaraq son on ildə Füzuli poeziyasına bu aspektdən yanaşma meyilləri tədqiqatçılar arasında kifayət qədər güclənib.

Təsəvvüfşünaslıqda normativləşən qənaətə görə, poetik büllurluq, xalis estetiklik kəsb edən mətndə poetik və metafizik olmaq etibarilə ikipilləli məzmun mövcuddur. Belə mətndə obrazlar ümumanlaşıqlı səviyyəyə məxsus poetik və mistik təcrübəni əks etdirən fəlsəfi olmaqla iki müxtəlif strukturda mövcud olur. Bu strukturlar arasında isə simvol əlaqələndirici həlqə rolunu oynayır. Təsəvvüf şeirinin Xətaiyə qədərki mərhələsində poetik-sufi mətnin bu strukturları arasında sərhədlər aydın sezilməkdə idi. Lakin tədricən vahid məcrada bütövləşən və büllurlaşan poetik təfəkkürdə bu planlar arasında sərhədlər silinir, poeziya yekcins xarakter kəsb edir. Belə yekcinslik bədii mətndə simvolun işarə etdiyinin (ilahi eşq, vəhdət, fəna, kəsrət və s.) simvol predmetinin özü ilə (şərab, sərv, dodaq, yanaq və s.) əvəzlənməsində əksini tapır. Sufi şeirinin bu mərhələsini ərəb poeziyasında İbn əl Fərid (XIII əsr), fars poeziyasında Hafiz (XIV əsr), türk poeziyasında isə Füzuli (XVI əsr) təmsil edir. Füzulidə əvvəlki iki şairdən fərqli olaraq ikiplanlılıq hərəsi ayrılıqda həndəsi mükəmməllik, bir-biri ilə münasibətdə isə elə vəhdət təşkil edir ki, poetik planın harada qurtarıb sufi-fəlsəfi planın haradan başlandığını sezmək olmur. Başqa sözlə, poetik planın mükəmməlliyi daxili təsəvvüfi məzmunla şərtlənsə də, daxili qatın özünə nüfuz etməyə imkan vermir.

Füzuli fars dilindəki "Divan"ının dibaçəsində yazır: "Bir neçə gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri divanını tərtib etdim ki, həm kamil müdəqqiqlər onun üstüörtülü gözəl məzmunundan həzz alsınlar, həm də sadədil zəriflər onun zövq ziyafətindən paylarını götürsünlər". Deməli, şair özü oxucu auditoriyasını iki zümrəyə ayırır: sadədil zəriflər və kamil müdəqqiqlər (tədqiqatçı lar). Eyni zamanda vahid mətndə hər iki zümrənin estetik zövqünü təmin etmək kimi şairdən böyük poetik istedad və ağır zəhmət tələb edən vəzifəni də qarşısına məqsəd qoyduğunu bildirir. Füzulişünaslıqda onun təsəvvüflə əlaqəsi barədə bir- birindən fərqli iki mülahizənin meydana çıxmasının səbəblərindən biri də "dərun-birun", "məzmun-ibarə", "məna-surət" ifadələrinin müasir ədəbiyyatşünaslığın məzmun və forma anlayışı ilə eyniləşdirilməsidir. Halbuki, bugünkü anlamda məzmun və forma anlayışları Füzuli şeirinin hər iki qatına eyni dərəcədə aid oluna bilər.

Sənəti Tanrıya çevirən başlıca xüsusiyyət poetik büllurluq və dini məzmunla yanaşı, həm də bədii formanın mükəmməlliyidir. Bədii forma mükəmməlliyi Füzulinin şüurlu şəkildə qarşısına məqsəd qoyduğu və əlinə qələm aldığı gündən sonadək sadiq qaldığı niyyət olub. Şair bu barədə əsərlərində ətraflı məlumat verir. Tədqiqatçılar da şairin "filoloji zəhmətkeşliyini" dönə-dönə vurğulayıblar. Lakin Füzuli şeirlərinin çoxplanlılığını, bu planların bir-biri ilə həndəsi uyarlılığını- bir sözlə, obraz mükəmməlliyini yalnız zəhmətin nəticəsi də hesab etmək doğru olmazdı. Füzulidə bədii forma mükəmməlliyini şərtləndirən başlıca xüsusiyyət bədii yaradıcılığa sövq edən daxili ideyanın kamilliyi və mənəvi yaşantının dərinliyidir. Əgər mənəvi yaşantı sənət aktına çevrilməli olan səviyyədədirsə, onda münasib formanı da müəyyənləşdirir. Füzulinin hər bir qəzəlini könül mülkünün özündən kənara ötürdüyü mənəvi yaşantıdan ayrılan enerji də hesab etmək olar. Və o, bədii mətnə çevrilmə prosesinin özündəcə mükəmməl ifadə formasının tapılmasına kömək edir. Dərd potensiallıq mərhələsində (hələ şeirə çevrilməmişdən əvvəl) poetik dünyaduyumun məntiqi ilə yaşanılır. Ona görə də aktivləşdiyi, şeirə çevrildiyi andaca formanı da tapır. Əlbəttə, bu məqamda Şərq poeziyasının uzunəsrlik sufi və poetik məzmunu ifadə təcrübəsinin də həlledici rolunu nəzərdən qaçırmaq olmaz.

Füzuli eşqinin xarakteri barədəki mübahisələrdə "təsəvvüfi", "dünyəvi" qəlibləri tez-tez ifadə olunur. Mətnin ikiplanlılığı bir daha təsdiq edir ki, şairin eşqini mütləq şəkildə bunlardan yalnız biri hesab etmək hər iki halda yanlışdır. Son dövr ədəbiyyatşünaslığımızda klassik irsə münasibətdə yaranmaqda olan ifrat tendensiyaları sezən A.Rüstəmova çox doğru olaraq qeyd edir: "Bir vaxtlar marksist-leninçi ehkamlar bizi mənəviyyatdan, ruhdan, Tanrıdan uzaqlaşdırırdı. İndi idealist fəlsəfəyə həddindən artıq aludəçilik bizi Yer, Təbiət və İnsan realiyasından təcrid edir. Hər iki halda da klassik uduzur – onun bütövlüyünə, həqiqətinə hər iki halda xələl gəlir..." Zahidin Allahla təmənnalı məhəbbəti ilə aşiqin məşuqəyə cismani ehtirası eyni dərəcədə naqislikdir. Təmənnadan uzaq Allaha eşq və ehtirasdan arınan gözələ məhəbbət isə eyni bir kamillik zirvəsidir. Füzuli eşqi də belə bir kamillik zirvəsindən dəyərləndirilməlidir.

Eşqin belə bir zirvədən dəyərləndirilməsinin ən böyük nümunəsi isə "Leyli və Məcnun" dastanıdır. "Leyli və Məcnun" Füzuli poeziyasında onun fəlsəfi dünyagörüşü, eşq konsepsiyası və bu konsepsiya daxilində təsəvvüfün mövqeyini əks etdirmək baxımından dini məzmunlu, irihəcmli əsərlərindən ("Mətləül-etiqad", "Hədiqətüs-süəda", "Hədisi-ərbəin") daha çox əhəmiyyətlidir. Poemada təsəvvüf konsepsiyası, fəlsəfə bütün süjet xəttini özünə tabe etdirən hakim mövqedə deyil, bədiiliyin daxilindədir. Lakin "vasitəçi", "zahiri qabıq" səciyyəli də deyil. Eşqin ən ali mərhələsinin təsviri üçün daxili anlamdadır. Həm də fəlsəfi ideyanın poemadakı belə səciyyəsi ümumən təsəvvüfün Füzuli bədii düşüncəsindəki mövqeyi ilə şərtlənir. Şair əsərin girişində "Əfsanə bəhanəsilə raz ərz etdiyini" qeyd edir: Tutsam tələbi-həqiqətə rahi-məcaz, Əfsanə bəhanəsilə ərz etsəm raz, Leyli səbəbilə vəsfin etsəm ağaz, Məcnun dili ilə etsəm izhari-niyaz.

         "Leyli və Məcnun" əsərindəki eşqi mütləq şəkildə ilahi eşq hesab etmək də doğru deyil. Əsərdə eşq dünyəvilikdən ilahiliyə doğru təkamüldə verilmişdir və bizcə, əsərin təhlili də bu aspektdə aparılmalıdır.

Təsəvvüf təlimində mənəvi təkmilləşmənin şəriətdən sonrakı üç mərhələsinə uyğun olaraq (təriqət, mərifət, həqiqət) əsərdə də eşqin təkamülü üç mərhələni ayırıb fərqləndirməyə imkan verir:

         1. Dünyəvi məhəbbət

2. Dünyəvi məhəbbətdən ilahi eşqə keçid

3. İlahi eşq.

Əsərdə birinci mərhələ Məcnun dünyaya gələndən ("Bu tuğrayi misalı - məhəbbətdir və dibaçeyi-divani möhnətdir") Kəbədəki dua səhnəsinəqədərki ("Bu Məcnuni-biçarənin Kəbəyə üz urduğudur və minacatla sevdası artdığıdır") süjet xəttini əhatə edir. Qəbilə başçısının yeniyetmə övladı Qeysin məktəbdə Leyli ilə tanışlığı, bir-birinə könül vermələri iki gəncin bir-birinə olan ülvi məhəbbətidir. Bu mərhələdə nə Leyli simvolik obraz, nə də Qeys Tanrı aşiqi deyil. Şairin Leylini təsvir edərkən işlətdiyi epitetlər onun real həyatdan gəldiyini (prototipliyini) bir daha sübut edir:

 

Şahbaz baxışlı, ahu gözlü,

         Şirin hərəkətli, şəhd sözlü.

         Rahü-rəvişi müdam ğəmzə,

         Başdan-ayağa təmam ğəmzə.

Ayruqca şəklü xoşca peykər,

Yaxşıca sənəm, gözəlcə dilbər,

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli.

         Eyni zamanda Qeyslə Leylinin ilkin məhəbbət "oyunları" yeniyetmələrin yaş həddinə uyğun, olduqca real planda təsvir edilir:

 

Çün lövhələr üzrə xətt yazardı,

Əmdən xəttini qələt yazardı.

Yəni ki, xəta təvəhhüm edə,

Ol gül açılıb təbəssüm edə...

 

Hadisələrin sonrakı inkişafı məcnunluq üçün zəmin hazırlayır. Leyli cəmiyyətlə ilk toqquşmada zahirən güzəştə gedir, Qeys isə eyni məqamda eşqini etiraf edir, həm də bu mərhələ üçün o qədər də xarakterik olmayan bir tərzdə qeyri-iradi, bunu fitri başlanığıcla əlaqələndirir:

 

Su süfləliyindən ayrılarmı?

Od yandıra bilməyə bilərmi?

Ol gün ki, rəhimdə kilki-qüdrət,

         İcadıma verdi ziybi-surət,

Doldurdu həva ilə dimağım,

Sevda ilə bağladı ayağım...

 

Qeys eşq mübtəlalığının "tale məsələsi" olduğunu anlamaqla yanaşı, Leyli nikahı ilə bu dərdə məlhəm ediləcəyinə də inanır:

 

Onunla edin bu dərdə məlhəm,

Urman dəxi özgə kimsədən dəm.

        

Qeysin bu sözlərini eşidən ata Leyli ilə onun dərdinə dərman etmək qərarına gəlir. Lakin Leylinin atası bu izdivacın baş tutması üçün Qeysin eşq xəstəliyindən sağalmaq şərtini irəli sürür. Bu mərhələdə Məcnunun Leyliyə qovuşması üçün iki yol mövcuddur: geriyə və irəliyə gedən yollar. Geriyə Leyliyə qovuşmaq üçün inkişafın aşağı səviyyəsini təmsil edən kütlə ondan məhz özü kimi olmağı tələb edir. Cəmiyyət şəxsiyyəti sevmir, onu öz içində əritməyə çalışır. Bəs Məcnun necə, Qeysə dönmək istəyirmi? Məşhur Kəbə səhnəsində cəmiyyət Qeysi belə bir dilemma qarşısında qoyur. Məcnunluq Qeys üçün irəlidə – xəyal aləmində Leyli vüsalının potensial imkanıdır. Kütlə də Qeysi məhz bu imkandan məhrum etmək istəyir. Qeys yaxın gələcəkdə heç bir vüsal ümidi görməsə belə, bu potensial imkandan imtina etmir, daha doğrusu, imtina edə bilmir. Tanrı dərgahına əl açıb eşq bəlasına daha artıq mübtəla olmağı diləyir:

 

Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni!

 Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

 

Artıq bu, Məcnunun çıxardığı qəti hökm olur. Geriyə yol yoxdur! Bununla da Qeys sevgisindən Məcnun eşqinə keçidi təmin edən ikinci mərhələ başlayır. Əsərdə orta keçid bu mərhələlər içərisində ən uzunu və keşməkeşlisidir. Bu mərhələdə aşiqə həm geriyə – nikahda Leyliyə, həm də irəliyə – məna aləmində Leyliyə qovuşmağa sövq edən qüvvələr eyni vaxtda təsir edir. Real Leylidən mütləq hüsnə tədrici təkamülü özündə əks etdirən bu mərhələdə Məcnun iki qütb arasında tərəddüddədir. Cəmiyyətlə Məcnun arasında yaranan uçurum da ən kəskin şəkildə bu mərhələdə əksini tapmışdır. Məcnunluq sufi planda daxili kamilləşmə ilə yanaşı, real sosial planda mövcud ənənələrə, normativ baxışlar sisteminə etiraz kimi də faktlaşır. Ona düşmən kəsilən cəmiyyətə qarşı Məcnun da incə bir müxalifət ovqatı hiss etdirir:

 

Çoxdur bəni-adəm içrə bidad,

Et könlümü vəhşət ilə mötad!

         Bir mülkdə ver mənə qərarı

         Kim, etməyə adəmi qübarı!

 

Füzulidə "insan və zaman" konflikti cəmiyyətin qeyri-hümanistliyindən doğmur. Halbuki, bizim ədəbiyyatşünaslıqda şairin sosial baxışları adı altında bu yöndən ifrat sosioloji tədqiqatlar aparılıb. "Uzun illər biz ədəbiyyatşünaslığımızın tarixini, faktlarını və inkişaf qanunauyğunluqlarını sxemlərlə öyrənmişik: tədqiqatlarda və dərsliklərdə bütün orta əsrlər sığıb Füzuli ilə mücərrəd bir şər, zülmət, qaranlıq stereotipinin arasında münaqişənin və mübarizənin modelinə". 

Məcnunla cəmiyyət arasındakı konflikt kamilləşən və bundan dolayı cəmiyyətdən uzaqlaşan aşiqlə öz məişət həyatını yaşayan və hər şeyə, o cümlədən Məcnuna da bu məişətin dar çərçivəsindən baxan bəşər arasında baş verir. Bu konfliktin kökü – tarixi şəraitin qeyri-naqisliyi ilə bərabər, şəxsiyyət kimi Məcnunun mənəvi-psixoloji aləmindədir. Əgər belə olmasa idi, mövcud tarixi şəraitdə real qüvvə olan Nofəlin qılıncı problemi həll edərdi. Məhz Nofəl qələbəsinin faydasızlığı Məcnun eşqinin adi məişət deyil, "tale", "qəzavü-qədər" səviyyəsini bir daha təsdiq edir. Əsərdə İbn Səlam Məcnunun rəqibi olsa belə, məcnunluğa əks qütb kimi deyil, paralel işlənmişdir. Hətta onu məcnunlaşmayan, Leyli nikahına can atan Qeysin (birinci mərhələ) adekvatı da hesab etmək olar. O, Leylinin izdivacına nail olmaq üçün malından, hətta canından belə keçməyə hazırdır:

 

Şərt eylədi ol bulənd əxtər

Kim, olsa bu kami-dil müyəssər

Sərf eyləyə gəncü mali-aləm,

Cananə yolunda, bəlkə, can həm.

 

Lakin bütün bu səxavəti və fədakarlığı ilə yanaşı, ölüm anınadək İbn Səlam yer övladı olaraq qalır. Füzulinin öz təsnifatı ilə yanaşsaq, İbn Səlam eşqi "cananı can üçün sevməyin" faktı idi. Sufiyanə eşq əsərin sonuna doğru Məcnunun simasında artan xətt üzrə inkişaf edir. Azərbaycan ədəbiyyatşünaslığında sosioloji yönün üstün olduğu bir şəraitdə belə tədqiqatçılar bu fikri təsdiq edir.

         Əsərdə üçüncü mərhələ "Bu Leyli-Məcnunun istiğna sıdır və isbati-səfayi-imlasıdır" hissəsindən başlamış Məcnunun ölüm səhnəsinədək olan hissəni əhatə edir. Əvvəlcə Tanrının zərrəsi, nuru kimi Leyliyə aşiq olan Məcnun öz "Mən"ini fəna dəryasında məhv edib Tanrının özünə qovuşduqdan sonra Leylidən imtina edir:

 

Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.

 

Türk ədəbiyyatşünası Hasibə Mazıoğlu "Leyli və Məcnun"un sonunda Məcnunun Leylidən imtina etməsini mahiyyət etibarilə dünyəvi hesab etdiyi eşqin idealizasiyası kimi qiymətləndirir. "Məcnunun ancaq eşq ilə yaşaya biləcəyi, onun eşqin ələmlərindən zövq duyması kimi bütün hisslər bizi mərhələ-mərhələ bəşəri eşqin üstünə yüksəldir. Şair eşqin bu mərhələsində təsəvvüfün məcazlarından faydalanmış, eşqi idealizə edərkən təsəvvüfi bir vasitə olaraq istifadə etmişdir. Müəllif Məcnunun timsalında eşqin mənəvi təkamül nəticəsində kəmiyyət dəyişməsindən keyfiyyətə çevrilməsini diqqətdən kənarda qoyur. Əgər eşqdə məqsəd eşqin özünün idealizasiyası idisə, onda Məcnunun aşağıdakı bəyanatını necə anlamalı:

 

Məndə olan aşikar sənsən,

         Mən xud yoxam, ol ki var, sənsən!

         Daim sənə məndədir təcəlli,

Mən qeyrdən olmuşam təsəlli.

 

Eşq cövründən zövq bulmaq Məcnunun Leylidən ayrıldığı gündən səhrada Leyli ilə yenidən üz-üzə gəldiyi günə qədər xarakterik idi. Çünki eşqin bu cövrü Məcnunu ali məqsədə-vəhdət məqamında Leyli vüsalına doğru aparırdı. Məqsədə nail olunduqdan sonra isə vasitə bir növ əhəmiyyətini itirir. Bu məqamda Məcnunun əsl kimliyini də ən dürüst şəkildə Leyli anlayır:

 

Oldum necə olduğundan agah,

Xoş mərtəbədir bu, bərəkallah!..

Hala mənə rövşən oldu halın,

Meraci-həqiqəti kəmalın.

 

Əgər əvvəlcə Leyli Tanrı zərrəsi kimi Məcnunun kamilləşməsinə səbəb idisə, sonda kamilləşən Məcnunun simasında Leyli də həqiqəti və vəhdəti dərk edir, ölüm yatağında Ya rəbb, məni et fənayə mülhəq Kim, rahi-fəna imiş rəhi-həq -  deyərək dünyadan kamil aşiq kimi gedir. Hekayətin məna aləmində vüsalla, vəhdətlə tamam olması üçün belə də olmalı idi. Kamilləşib fənayə qovuşan Leyli və Məcnun bir-birinə, birlikdə isə Tanrılarına qovuşurlar:

 

İzharə gəlib rümuzi-vəhdət,

Vəhdətdə tamam olub hekayət.

 

XVI əsrdən reallaşan cəmiyyət təfəkkürü Füzuli şeiri timsalında mistik ideyanı mətnin daha dərin qatına qovur. Zamanın qovduğu və sıxlaşdırdığı bu ideya mətnin nüvəsində enerji kütləsi kimi qərarlaşır. Üst qatda "fələklərə baş vuran" bədiilik bu nüvə ətrafında cəmləşir. Təsəvvüfi ideyanın Füzuli poeziyasında asan lıqla sezilməməsinə səbəb də elə budur. Daxili qata sıxlaşan ideya üst qatdakı mükəmməlliklə vəhdət təşkil edərək estetik zövqü kifayət qədər təmin edir. Sanki bu qatda sehrlənən və cazibəyə düşən oxucu bu cazibədən çıxıb daha ali orbitin cazibə dairəsinə düşə bilmir. Bu mənada Füzuli poeziyası yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə ümumtürk ədəbiyyatının, yalnız orta əsrlərin deyil, bütün dövrlərin fövqəlestetik poeziya zirvəsi kimi faktlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Çərşənbə axşamı, 23 İyun 2026 11:15

Əgər xatirələri satmaq mümkün olsa idi, nəyi satardıq?

 

Fatimə Məmmədova, 

"Ədəbiyyat və incəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əgər xatirələri satmaq mümkün olsaydı, mən satardım. Həm də elə satardım ki, qarşılığında heç nə istəməzdim. Nə pul, nə minnət, nə də başqa bir əvəz. Yetər ki, onlar məndən uzaqlaşsın. Yetər ki, bir gün o xatirələr məni gecənin yarısında oyatmasın. Yetər ki, küçədə təsadüfən eşitdiyim bir mahnı, gördüyüm bir küçə, məni yenidən keçmişə qaytarmasın.

 

İnsanlar deyirlər ki, xatirələr insanın ən böyük sərvətidir. Mən buna artıq  tam inanmıram. Çünki hər sərvət insanı zəngin etmir. Elə xatirələr var ki, insanı yaşatmır, əksinə, içindən yavaş-yavaş öldürür. Bəzən bir an yaşayırıq və elə bilirik ki, o an həmişə gözəl qalacaq. Yanımızdakı insanlar həmişə bizimlə olacaq, bizə verdikləri sözləri tutacaqlar, bizi heç vaxt incitməyəcəklər. Amma zaman keçir. İnsanlar dəyişir. Bəzən isə dəyişən insanlar yox, onları görmək istədiyimiz tərəf olur. Sonra bir gün oturub düşünürsən. Bir il keçir, iki il keçir, üç il keçir... O insanları xatırlayırsan və birdən anlayırsan ki, sən onları heç vaxt olduğu kimi görməmisən. Sən onların olmaq istədiyin insanları sevmisən. Halbuki onlar sənə qarşı çoxdan dəyişmiş, çoxdan uzaqlaşmışdılar. İllər keçir, amma sən yenə həmin xatirələrə sarılırsan. Özünü aldadırsan ki, onlar gözəldir. Amma əslində sən xatirəyə yox, itirdiyin ümidə bağlanırsan.

Məncə, hər xatirə qorunmağa layiq deyil. Çünki xatirə yalnız keçmişdə yaşanmış bir hadisə deyil. Xatirə həm də o hadisənin içində olan insanlardır. Əgər o insanlar sənə xəyanət ediblərsə,  onda niyə o xatirəni müqəddəs hesab etməlisən? Mən belə xatirələri satardım. Hətta elə satardım ki, pulunu da almazdım. Çünki bəzi şeylərdən qazanc əldə etmək yox, onlardan xilas olmaq vacibdir. Mən artıq anlamışam ki, keçmişə həddindən artıq bağlı olmaq insanı yaşatmır. Əksinə, onu yaşamadığı günlərin içində həbs edir.

İnsan hər şeyi bağışlaya bilər, amma hər şeyi ömrünün sonuna qədər daşımağa məcbur deyil. Mən keçmişimdə elə insanlar tanımışam ki, bir vaxtlar onları itirməkdən qorxmuşam. Amma zaman mənə göstərdi ki, insan bəzən kimisə yox, onun haqqında qurduğu xəyalları itirir. Ən ağır itki də budur. Çünki sən insanı yox, onun səndə yaratdığı hissi, ona aid etdiyin gözəllikləri, birlikdə qurduğun gələcəyi itirirsən.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt ali məktəblərə qəbul göstəricilərinə görə liderliyini qoruyur.  Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin təhlilindən aydın olur ki, ölkənin böyük şəhərləri arasında Sumqayıt abituriyentləri ən yüksək nailiyyətlərilə seçilirlər. Qəbul statistikasına əsasən, şəhərin məzunları həm ali məktəblərə qəbul, həm də dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmaq baxımından üstün mövqedədirlər.

 

Məlumatlara görə, Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Müqayisə üçün qeyd edək ki, respublika üzrə bu göstərici oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib. Beləliklə, Sumqayıtın qəbul nəticələri ölkə üzrə orta göstəriciləri əhəmiyyətli dərəcədə üstələyib.

Dövlət sifarişi əsasında maliyyələşdirilən plan yerlərinə qəbul göstəriciləri də şəhərin uğurunu təsdiqləyir. Belə ki, Sumqayıtdan olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına təhsil almaq imkanı əldə edib. Bu nəticələr respublikanın digər iri şəhərlərinin müvafiq göstəricilərindən daha yüksəkdir.

Əldə olunan nailiyyətlərdə şəhərin qabaqcıl təhsil müəssisələrinin xüsusi rolu var. Təbiət Elmləri Təmayüllü Gimnaziyanın, Texniki və Təbiət Elmləri Liseyinin, 12 nömrəli tam orta məktəbin və digər təhsil ocaqlarının məzunları yüksək nəticələri ilə fərqləniblər.

Fərdi nailiyyətlər sırasında xüsusilə 12 nömrəli tam orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadənin uğuru diqqət çəkir. O, III ixtisas qrupu üzrə 690 bal toplayaraq regionun ən yüksək nəticəsinə imza atıb.

Qəbul nəticələri Sumqayıtda təhsilin keyfiyyətinin yüksəldiyini, müəllim və şagird əməyinin uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir. Şəhərin təhsil sahəsində qazandığı bu uğurlar gələcək illərdə də yüksək nəticələrin əldə olunacağına inam yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

 

“Azərbaycan dövlətçiliyinin ən möhtəşəm sütunlarından biri olan milli ordumuzun tarixi xalqımızın azadlıq, müstəqillik və vətən sevgisi ilə yoğrulmuş şərəf salnaməsidir. Bu salnamənin hər səhifəsində qəhrəmanlıq, fədakarlıq, vətənə sədaqət və milli ruhun təntənəsi yaşayır.”

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteeranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Ordusu Cümhuriyyət dönəmində də böyük uğurlara imza atıb:

“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov yeni hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.

Hərb sahəsində ilk böyük uğur 1918-ci il sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı, milli ordunun gücünü və xalqın iradəsini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Azadlıq Meydanında - Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. Lakin Milli Ordumuzun ömrü uzun olmadı. 1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, yüzlərlə vətənpərvər zabit və hərbçi repressiyalara məruz qaldı. Bununla belə, milli ordu ideyası xalqın yaddaşından silinmədi, gələcək nəsillərin qəlbində müqəddəs amal kimi yaşadı.

Azərbaycan Silahlı Qüvvələrinin müasir və şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin, dövlətçilik təfəkkürünün və misilsiz təşkilatçılıq qabiliyyətinin nəticəsidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünərək milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olunması bunun ən parlaq nümunəsidir. Ulu Öndər yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaratdı. Sonralar həmin zabitlər müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıq salnamələri yazaraq xalqımızın sonsuz rəğbətini qazandılar”.

Polkovnik Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna xüsusi diqqət yetridiyini vurğulayıb:

“Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda əsaslı dönüş yarandı. Ordumuzda nizam-intizam gücləndirildi, hərbi hissələr komplektləşdirildi, döyüş ruhu yüksəldildi. Məhz həmin dövrdə xalqda və orduda qələbəyə qəti inam formalaşdı.

Azərbaycan Ordusunun ilk ciddi sınağı 1994-cü ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu uğurlu əməliyyatlar Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və gələcək böyük zəfərlərin müjdəçisi oldu.

Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Həmin gündən etibarən bu tarix xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığı artırıldı, döyüş hazırlığı daha da gücləndirildi. Nəticədə Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü ordusuna çevrildi və dünyanın ən qüdrətli hərbi qüvvələri sırasında öz layiqli yerini tutdu. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, bu da ölkəmizin hərbi potensialının güclənməsinə mühüm töhfə verir”.

Polkovnik Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib:

“2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın otuz illik həsrətinə son qoyuldu. Şuşa əməliyyatı hərb tarixinin ən parlaq nümunələrindən biri kimi dünya hərb elminin diqqət mərkəzinə çevrildi. Bu gün XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyatları dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

Vətən müharibəsində 2900-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Dövlətimiz tərəfindən döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçular yüksək orden və medallarla təltif edilmiş, şəhid ailələri və qazilərə hərtərəfli diqqət və qayğı göstərilmişdir.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində bu gün də ardıcıl tədbirlər həyata keçirilir, yeni komando birlikləri yaradılır, müasir silah və texnika arsenalı genişləndirilir. Qəhrəman əsgər və zabitlərimiz işğaldan azad edilmiş torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyurlar.

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı bütün veteranlarımızla birgə Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi, qürur və təntənə ilə qeyd edir. Xalqımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin qüdrətinin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün əbədi qorunacağına dərin inam nümayiş etdirir.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları, ehtiyatda olan zabitləri və hərbi qulluqçuları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq. Qoy qüdrətli Azərbaycan Ordusu daim zəfərdən zəfərə yürüsün, üçrəngli bayrağımız ölkəmizin hər guşəsində əbədi dalğalansın! Qoy Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dövləti daha böyük uğurlara imza atsın! Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın xalq - ordu birliyi!”

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.