Super User

Super User

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Söhbətimiz futbol mədəniyyəti barədədir. Niyə də yox. Axı bu yay günlərində dünyanın diqqəti müharibələrdən də yayınaraq növbəti futbol mundialına yönəlibdir.

ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya çempionatında ilkin mərhələ sona adlayır. Artıq ilk pley-off iştirakçıları və ilk uğursuzlar bəllidir. ABŞ-ın ilk iki turda yüz faizlik nəticə ilə özünə pley-off-u təmin etməsi də, Türkiyənin ilk iki turda sıfır fazilik nəticə ilə turniri tərk etməsi də gözlənilməz sayıla bilər. Əlbət ki, ən yaxşı oyunlar qarşıdadır və hələ heç kəsi aşkar favorit hesab etmək də olmaz. Hamı ənənəvi Fransa, Braziliya, Argentina kimi ölkələrin adlarını çempionluğa əsas namizəd hesab edir, amma Norveç və Mərakeş kimi gözləntilər böyük olan yığmalar da var.

Bəs mundialda iştirak edən ən məşhur 33 futbolçu hansılardır? Sport magazine bu suala süni intellektin köməyi ilə cavab alıb və həmin reytinq sizlərə təqdim olunur. Siyahı tərtib edilərkən oyunçuların dünya üzrə populyarlığı, nailiyyətləri və tanınmışlığı, habelə transfer dəyəri nəzərə alınıb.

№

Futbolçu

Yığma

Klub

1

Lionel Messi

Argentina

Inter Miami

2

Cristiano Ronaldo

Portuqaliya

Al Nassr

3

Kylian Mbappé

Fransa

Real Madrid

4

Erling Haaland

Norveç

Manchester City

5

Neymar

Braziliya

Santos

6

Harry Kane

İngiltərə

Bayern Munich

7

Vinícius Júnior

Braziliya

Real Madrid

8

Jude Bellingham

İngiltərə

Real Madrid

9

Lamine Yamal

İspaniya

Barcelona

10

Rodri

İspaniya

Manchester City

11

Mohamed Salah

Misir

Liverpool

12

Lautaro Martínez

Argentina

Inter

13

Kevin De Bruyne

Belçika

Napoli

14

Bukayo Saka

İngiltərə

Arsenal

15

Phil Foden

İngiltərə

Manchester City

16

Virgil van Dijk

Niderland

Liverpool

17

Pedri

İspaniya

Barcelona

18

Federico Valverde

Uruqvay

Real Madrid

19

Achraf Hakimi

Mərakeş

PSG

20

Bruno Fernandes

Portuqaliya

Manchester United

21

Bernardo Silva

Portuqaliya

Manchester City

22

Rafael Leão

Portuqaliya

Milan

23

Osman Dembele

Fransa

PSJ

24

Martin Odegaard

Norveç

Arsenal

25

Alphonso Davies

Kanada

Bayern Munich

26

Christian Pulisic

ABŞ

Milan

27

Jamal Musiala

Almaniya

Bayern Munich

28

Florian Wirtz

Almaniya

Liverpool

29

Kai Havertz

Almaniya

Arsenal

30

Luka Modrić

Xorvatiya

Milan

31

Frenkie de Jong

Niderland

Barcelona

32

Alexis Mac Allister

Argentina

Liverpool

33

Emiliano Martínez

Argentina

Aston Villa.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Bazar ertəsi, 22 İyun 2026 11:35

Gözlənilməz keçidlər - ESSE

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Saat dörddür. Günorta vaxtıdır. Həzin külək özünü daha sərt göstərməyə başladı. Hər yeri işıqlandıran günəş indi yoxa çıxmış, yerini qara buludlar almışdı. Hava anidən tutqunlaşmağa başladı. Göy gurultusunun həyəcanverici səsi aydın eşidilirdi. Qara buludların arasından boylanan ildırımlar bir-birinə toxunaraq, önümdən keçib sanki rəqs edirdilər.

 

Hər an gəlməkdə olan yağışı qarşılayan ildırım əvvəlcə çaxır, göyü titrədirdi, sonra yerə enən damlalara yol açırdı.Mən səmaya baxaraq mənzərəyə tamaşa edirəm. Yağış hələ başlamayıb. Küçənin kənarında dayanıb avtobus gözləyirəm. İçimdə qəribə bir hiss var. Sanki səma da mənimlə eyni hissləri yaşayır.Avtobus bir müddət sonra gəlir. İçəri girib otururam. Pəncərədən ətrafa baxıram. Bir qədər irəlilədikdən sonra yağışa düşdük. Hər tərəfi şiddətli yağış bürümüşdü. Bayaqkı hava geridə qalmışdı. Avtobus sürətini yavaşlatdı, önümüzü görə bilmirdik. Lakin bir dəqiqə sonra gördüyüm mənzərə isə tamam fərqli idi. Elə bil yağış arxamızda qalmış, bizdən uzaq düşmüşdü. İrəlidə isə hər tərəf aydın və günəşli idi — sanki heç nə olmamış kimi. On beş dəqiqəlik yolda sanki bir fəsildən digərinə keçmişdik.Geri qayıdanda isə hər şeyin əksi olur. Şiddətli yağış yağmağa başlayır. Mən addımlarımı tezləşdirirəm, avtobusa yetişməyə çalışıram. Uzaqdan gələn avtobusu görüb, tələsərək yolu keçdim. Avtobus saxladı və mən içəri keçdim. Hər yer dolu idi. Mən özümə birtəhər yer edib, kənarda dayanmışam. Yağışı seyr edirəm. Yağışın damcıları şüşəyə çırpılır, içəridəki sükutu pozurdu. Ancaq mən bu yağışda özümə sükut tapırdım.Qəribəsi onda idi ki, yağış ilk dayandığım yerə yağmırdı. Lakin mən dayandığım zaman hər an yağacaq kimi idi. Bu hadisə məndə qəribə bir hiss oyatdı. Bir saata yaxın zaman içində sanki fəsillər bir-birini əvəzlədi. Mən də onunla birlikdə dəyişdim. Sanki həyatın özü də belədir: sən bir yerdə dayanarkən fırtına gəlir, yerini dəyişəndə isə fırtına geridə qalır.

Və anladım ki, həyat da belədir — bir anda dəyişir. Buludlar çəkilir, günəş görünür və sonra yenə yağış yağır. Biz isə, hər nə olsa da, yolumuza davam edirik. Çünki bilirik ki, hər yağışın ardınca günəş çıxacaq. Elə bu ümidlə də avtobus pəncərəsindən baxaraq yoluma davam edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

 

Bazar ertəsi, 22 İyun 2026 13:07

ŞEİR SAATI Rəsmiyyə Sabirin şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Rəsmiyyə Sabirin şeirləri təqdim edilir.

 

 

BU MƏHƏBBƏT

 

İçindən yıxılır adam

(Ramiz Rövşən)

 

Bu məhəbbət bir az göydən,

Bir az da yerdən sıxılır.

Dünya ruhumuz boydadır,

Fərq etməz hardan baxılır.

 

Sən getdin, yox oldu izin,
Mən süründüm dizin-dizin,

Baxmadığımız dənizin

Suyu gözümə yığılır.

 

Yoxdur səndən xəbər-ətər,

Həsrətin hər vaxt təzə-tər,

Üst-üstə toplanan dərdlər

Hamısı ömürdən çıxılır.

 

Hicran ağır, ürək kövrək,

Gəl bu dərdin yükünü çək,

Bir gün qurumuş ağactək,

Hər kəs içindən yıxılır.

 

 

QADIN

 

Səni tanıyıram, qadın...

Üzündəki minillik kədər

tanışdır mənə.

Nə etsən də,

fələk gəlməz ki,

imana-dinə.

 

Səni tanıyıram, qadın...

Daşıdığın zibil torbaları

ürəyinə ağır gələr.

Bu arsız dərd də gəlib

sənin könlündə dincələr.

 

Səni tanıyıram, qadın...

Nə istəyir fələk səndən?

Əli ətəyindən uzun bəxtin

utanıb keçər gendən.

 

Səni tanıyıram, qadın...

Dünya ruhuna dar olar.

Al-əlvan yaz çiçəkləri

payız əllərində solar.

 

Səni tanıyıram, qadın...

Fəqət, unutdum.

Görən, nəydi sənin adın?..

 

 

MƏN VƏ SƏN

 

Mən həqiqət arayırdım,

Sən yalan kimi çıxdın qarşıma.

Mən ümid arayırdım,

Sən güman kimi çıxdın qarşıma.

Mən xoşbəxtlik arayırdım,

Sən təsəlli kimi çıxdın qarşıma.

Mən əbədiyyət arayırdım,

Sən ömür kimi çıxdın qarşıma.

Mən Yer üzündə

Nə vaxtsa itirdiyim

Özümü axtarırdım,

Sən çıxdın qarşıma…

 

 

SƏN YOXSAN

 

Sən yoxsan,

Bayırda

bahar fəslidir.

Amma bənövşələrin

boynu bükükdür

hələ də...

 

Sən yoxsan,

Bayırda

yay fəslidir.

Günəş həsrətindən

alışıb-yanır.

 

Sən yoxsan,

Bayırda

payız fəslidir.

Sarı yarpaqlar

təbiətin

qırmızı xəyanəti üzündən

intihar edir.

 

Sən yoxsan,

Bayırda

qış fəslidr.

Küçələrin buzunu

ayrılığın alovu

yandırıb-yaxır...

 

Sən yoxsan,

Bütün fəsillərdə,

bütün aylarda,

bütün günlərdə

içimdə

sənsizlik havası var...

 

 

İLĞIM

 

Mən –

kökündən qoparılmış

bir ağacam.

Kötüyüm belə qalmamış...

 

Mən –

sındırılmış bir şüşəyəm.

Toxunsan,

qırıntılarım

doğrayar əllərini...

 

Mən –

saralmış bir yarpağam.

Daha baharlar belə

dəyişə bilməz rəngimi...

 

Mən –

bir boşluğam

ucsuz-bucaqsız...

Yaxın gəlmə,

yıxılarsan...

     

 

DÜNYANIN İÇ ÜZÜ

 

Ömrümüzün yollarına,

Duman, yağış, sis bürünür.

Çıxır astarı üzünə,

Hərdən iç üzü görünür.

 

Fələk də bizə zülm edir,
Bəxtimizin gözün didir,

Gedənlər uçaraq gedir,

Yerdə qalanlar sürünür...

 

Hüznlü payız axşamı,

Kədərə qərq olub hamı,

Küləklər üfürür şamı,

Dünyanın işığı sönür...

 

 

BÖYÜK İNSANLAR

 (Müəllimlərimə ithaf)

 

Bu kiçik dünyamızda

böyük insanlar da var.

Onların ürəyindən

cücərərək boy atar

böyük-böyük amallar.

 

Böyük insanların

kölgəsi düşər

kimsəsizlərin ahının odunun

yandırdığı küçələrə.

 

Böyük insanların

varlığı nur saçar

işığı azalan dünyaya,

qaranlıq gecələrə...

 

Böyük insanlar

dərdlərin bizi

küncə sıxdığı həyatda

qəlbimizdə böyüyər,

qəlbimizi böyüdər...

 

Həmin böyük insanlar

bu kiçik dünyamızda

böyük iz qoyub gedər...

 

 

QAYITDIM

 

Əvvəl bu dünyada bir yuxu gördüm,

Sonra da röyamı yozub qayıtdım.

Bu həyatda hər gün gördüklərimi

Ömür kitabına yazıb qayıtdım.

 

Qürurum yolumda keçilməz qaya,

Dərdlər qəlb evimdə durdu sıraya,

Doyunca baxmadım bu tamaşaya,

Uzaqdan gözucu süzüb qayıtdım.

 

Amansız fələkdən çox gördüm həmlə,

Yaxın sirdaş oldum kədərlə, qəmlə,

Kağızın üstündə lələk qələmlə

Özüm öz qəbrimi qazıb qayıtdım.

 

 

ZALIM

 

Sevgi nağılı uydurub

Məni inandırdın, zalım.

Şirin xəyala dalmışdım,

Niyə oyandırdın, zalım?

 

Məhv etdi bizi inadın,

Taleyi, bəxti qınadın,

Qəlbimi saxlayammadın,

Düşürüb sındırdın, zalım.

 

Bir-bir itirdim ilimi,

Tapmadın mənim dilimi,

Suyçun çırpınan qəlbimi

Qana boyandırdın, zalım.

 

Bu dünya mənlə yağımı,

Axtarıram dayağımı,

Of, söndürüb çırağımı

Canımı yandırdın, zalım.

 

 

AZƏRBAYCAN ƏSGƏRİ

 

Sən Vətən torpağında silinməyən bir izsən,

Bu günsən, gələcəksən, şanlı tariximizsən,

Sənin şücaətini necə vəsf eləyim mən,

Ey Odlar diyarının igid, qəhrəman əri,

Azərbaycan əsgəri!

 

Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,

Yolunu kəsə bilməz nə duman, nə də ki çən,

Vətənə sipər olan şəhidsən, qazisən sən,

Biz müqəddəs bilirik məzarın olan yeri,

Azərbaycan əsgəri!

 

Addımların titrədir dağı, dərəni, daşı,

Zəfərlə başa vurdun sən bu çətin savaşı,
Hünərini unutmaz bu tarixin yaddaşı,

Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,

Azərbaycan əsgəri!

 

Qutsal qanın qarışdı, torpağı Vətən etdin,

Şanlı zəfər yolunu rəşadətinlə getdin,

Qayaların buzunu nəfəsinlə əritdin,

Göytürk xaqanlarının xələfidir hər biri,

Azərbaycan əsgəri!

 

Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,

Şöhrətinin sədası indi sərhədlər aşır,

Sənə xalqın qəlbində məhəbbət aşıb-daşır,

Qisasımızı alıb ovutdun dərdi-səri,

Azərbaycan əsgəri!

 

Əsla dayanma, igid, yürü ancaq irəli,

Döyüşlərdə hayqırtın dağı, daşları dəlir,
Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...

Silinir Yer üzünün bütün pisliyi, şəri,

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Bazar ertəsi, 22 İyun 2026 15:36

Barbara Vansın uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.

Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

Bu gün tanış olacağınız şeir Barbara Vansa aiddir. O, Amerika şairidir.

 

Barbara Vans

(1971)

ABŞ

 

Qar dənəsi

 

Qar yağanda yuxarı bax,

Gözün olsun göy üzündə.

Düşüb narın qar dənəsi

Öpər sənin üz-gözündən.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat  və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə də türk mifologiyasıdır. Bu dəfə quşlardan danışacağıq.

 

Türk mifologiyasında heyvan obrazları təbiət hadisələrinin, kosmik güclərin və metafizik enerjilərin rəmzi olaraq çıxış edir. Bu heyvanlar arasında quşlar, xüsusilə qartal, hüma və bayquş, xüsusi yer tutur. Onlar təkcə təbiət varlıqları deyil, həm də göyün dili, ilahi ruhun simvolu, bəzən isə qorxunun və ölümün xəbərçisi kimi çıxış edirlər. Bu araşdırma adı çəkilən üç quşun türk mifoloji dünyasında necə mənalandığını, hansı kontekstlərdə ortaya çıxdığını və xalq yaddaşında necə yaşadığını ortaya qoyur.

 

1. Qartal – Güc, səma və Tanrı ilə əlaqə

1.1. Qartalın simvolikası

Qartal qədim türklərdə göy ünsürünün rəmzi kimi çıxış edir. O, Tanrının elçisi, Tanrıya yaxınlıq, qoruyucu ruh və dövlətin gücü kimi qəbul olunurdu.

1.2. Mifoloji və dastanlardakı rolu

Orxon-Yenisey yazılarında qartal birbaşa qeyd olunmasa da, Göy Tanrıya işarə edən metaforik təsvirdə onun simvolikası hiss olunur. Qədim türklərin şaman ayinlərində qartal şamanın göyə qalxmasını təmin edən müqəddəs quş hesab olunurdu.

“Uçmaqka barğan kişi qartal qılığına girər.”
(Ölən adam qartal şəklində Uçmaq (Cənnət) aləminə uçar.)

1.3. Tamğa və bayraq üzərində qartal

Göytürk və Səlcuq dövründə qartal ikibaşlı və ya təkbaşlı formada dövlət rəmzi kimi istifadə olunurdu. Qartal başı “hakimiyyətin göylərdən verildiyi” inancını daşıyır.

 

2. Hüma quşu – Səadət, bəxt və ilahi seçilmişlik

2.1. Hüma quşunun mənşəyi və təsviri

Hüma quşu daha çox Orta Asiya, İran və Anadolu folklorlarında formalaşmış, lakin türklər arasında da dərin məna qazanmış mifoloji quşdur. Onun adı türk və fars ədəbiyyatında tez-tez rast gəlinir. Hüma quşu heç zaman yerə qonmaz, daima göydə uçar və başının üstündən keçdiyi insana bəxt, hökmdarlıq, xüsusi qismət bəxş edər.

“Hüma quşunun kölgəsi düşənin taleyi açılar, padişah olar.”

2.2. Hümanın sufizmdə və şamanizm təsirlərində rolu

Sufi ədəbiyyatında hüma Allahın inayətini simvolizə edən quş kimi qavranılır. Şamanik sistemdə isə uçucu ruhlar arasında bəxt və ruhi bələdçilik simvoludur.

2.3. Ədəbiyyatda və dastanlarda Hüma

Oğuznamədə birbaşa olmasa da, bəzi nəslin seçilməsi, göydən gələn ilahi bələdçilik məfhumları Hüma quşunun ideyasına uyğun gəlir. Molla Pənah Vaqif və Füzuli kimi klassiklərin də şeirlərində Hüma obrazı idarəetmə haqqının ilahi qaynağını simvollaşdırır.

 

3. Bayquş – Sirr, qorxu və qoruyucu ruh

3.1. Bayquşun ikili simvolikası

Bayquş türk mifologiyasında ziddiyyətli mənalar daşıyır: bir tərəfdən ölüm, qəbir, sirr ilə bağlıdır, digər tərəfdən isə müdriklik, gözəgörünməz təhlükədən qorunma ilə əlaqələndirilir. Bayquşun gecə uçması onun görünməyən aləmlə əlaqəsi olduğuna işarə sayılmışdır.

3.2. Türk inanclarında bayquş

Qədim türk inancına görə, bayquşun səsi bəzən ölümün habercisi, bəzən isə şamanın himayəçisi sayılırdı. Şamanların geyimlərində bayquş lələkləri istifadə olunardı.

“Bayquş qanadı – ölü ilə diri arasında keçid qapısıdır.”

3.3. Xalq ədəbiyyatında və atalar sözlərində

  • “Bayquş oxuyan ev viran olar.” – mənfi semantika
  • Lakin eyni zamanda bayquş bəzən qoruyucu ruh kimi qəbul olunurdu və türbə yaxınlarında ruhların qoruyucusu sayılırdı.

 

Türk mifoloji dünyasında quşlar sadəcə canlı varlıqlar deyil, kosmik güclərin, qədim inancların və kollektiv simvolların daşıyıcılarıdır. Qartal – göy, güc və dövlətin rəmzi; Hüma – səadət, liderlik və ilahi bəxşişin simvolu; Bayquş isə – qorxu və qoruma arasında dəyişən bir metafizik obraz kimi çıxış edir. Bu quşlar vasitəsilə türklər həm özlərini Tanrıya yaxınlaşdırmış, həm də bu dünya ilə o dünya arasında bir mifik körpü yaratmışlar.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Bazar ertəsi, 22 İyun 2026 12:34

Biri ikisində - Selcanın ədəbi debütü

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun təqdimatında kənd müəllimi Selcanın debüt hekayəsi təqdim edilir.

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

 

 

“ÇAPIQ”LA BAŞLANAN YOL

 

“Çapıq bəzən dəridə olmur. Bəzən sözün içində yaranır.  Bəzən verilən vəddə... sonra geri çəkilən cümlədə. “Bacarmıram” deyib gedəndə, “bilmirəm” deyib məsuliyyətdən qaçanda. “Sənsiz  yaşaya bilmirəm” deyib, səssiz yaşamağı öyrənəndə. Elə insanlar var ki, üstünə yerimədən, əzmədən susub boğublar...”

Bu sətirlər İmişli rayonunun ucqar Muradxanlı kəndindəki dördillik orta məktəbdə dərs deyən Selcan xanımın ilk qələm təcrübəsi olan “Çapıq” hekayəsindəndir.

 Oxuduğum andan qənaətim belə olub ki, Selcan özü-özünü yetişdirən nadir qələm adamlarındandı. Gəncdi. Yaradıcılığının ilkin çağlarını yaşayır. Amma mükəmməldi. O, eyni hissləri başqa cür, bir ayrı səssizlikdə yaşayanların, susqunluqla, biganəliklə nəfəsi kəsilənlərin ağrısını özününküləşdirə bilir. Hər cür zədənin, çapığın heç vaxt, qiyamətəcən unudulmayacağının fərqindədi. Bilir ki, çapıq ağrının kül altda qalmış qoru kimidi. Çapıq ağrının bitdiyi yerdi. Ağrının gizli boxçasıdı...

 Selcan sükutun dililə danışa bilir. Selcan heç vaxt dilə gətirilməyən, amma fəhm gücüylə duyulub, hiss edilən duyğuların dilmancı kimi yazır.

 Bu fikir və qənaətlərimi Selcanın ilk qələm təcrübəsi olan “Çapıq” isbatlayır.

 Mənəsə, sadəcə, bu gənc yazıçıya uğurlu yol diləmək qalır.

    

                                                                  Sərvaz Hüseynoğlu

AYB-nin Aran bölməsinin sədri

 

         

 

SELCAN

 

ÇAPIQ

(hekayə)     

            

         Bəzən insan danışmağa hazır olduğunu sanır. Amma deyəcəyi söz boğazında düyünlənir.  Elə o an anlayırsan ki, bəzi xatirələr danışılmaq üçün yox, daşınmaq üçündür.

Çapığın var, – dedi Rafat, sanki bunu ilk dəfə görürdü.

         Səsi sakit idi, amma baxışı ehtiyatlı.

         Deniz çiyinlərini çəkdi. İçindəki qapalı qutu, illərdir toxunulmadan qalan yer yavaş-yavaş açılırdı.

Yaxşı, danışaram, – dedi. – Amma insan bəzən danışdıqca daha çox qanayır.

         Rafat gülümsədi. O gülüşdə təəccüb yox idi, daha çox tanışlıq vardı.

Çox adam çapığı gözəllik saymır və bəzən də unutmuş kimi davranır. Amma unudulan heç nə tam itmir. Sadəcə, gizlənir. Səssizcə insanın içində yaşamağa davam edir.

Bilirəm. Çünki çoxu düşünür ki, çapıq ağrının bitdiyi yerdir. Amma yox… Çapıq ağrının gizlənc yeridi. Unutmadığını sübut edən izdir.

Bir müddət susdular. Sükut danışmaqdan daha ağır idi.

Deniz gözlərini uzaqlara dikdi. Sanki illər geri çəkildi:

– Uşaq idim. Atam mənə iki balıq almışdı. Akvariumda üzürdülər. Onlardan birini daha çox sevirdim. Bir gün o balıq öldü. Elə bildim, yatıb. Amma oyanmadı.

Səsi titrədi:

– İtki ilə ilk tanışlığım o gün oldu.

Rafat diqqətlə qulaq asırdı. Hər söz içində bir yerə toxunurdu.

– O biri balıq tək qaldı. Ona baxanda qorxurdum. Düşünürdüm ki, yenə sevsəm, yenə itirərəm. Sevməməyə çalışdım. Amma sevməmək daha ağır imiş. Qərar verdim… – Deniz udqundu. – Qaçırdım. Qab əlimdəydi. Musiqi məktəbinin həyətindəki hovuza az qalmış ayağım büdrədi. İçəridən  pianino səsi gəlirdi. Sanki barmaqlar klavişlərin üstündə tələsmirdi, amma dəqiq idi – bir anın içində qırılan bir ahəng kimi:

Yıxıldım. Qab sındı. Səs havada kəsildi.

Elə bil pianinoda “staccato” vuruldu – qısa, sərt, geri dönməyən. Balıq yerdə qıvranırdı. Mənim nəfəsim də onunla birlikdə…

Üzüm qan içində idi… Amma ağrını hiss etmirdim. Ağrım, sadəcə, çatmamaq idi.

– Çatdın? – Rafat asta səslə soruşdu.

– Çatdım. Son nəfəsində. Amma alnımda iz qaldı. Hər dəfə aynaya baxanda həmin günə qayıdıram. Ölən balığı çox sevirdim, amma sevgim onu xilas etməyə yetməmişdi. Elə atam da getdi sonra.

Deniz başını aşağı saldı:

– Kimisə sevməyə qorxuram. Çünki kimə sevgim olubsa, hamısı gedib.

Rafat cavab vermədi. Daşların arasında parlaq bir şüşə qırığı gördü. Əlinə aldı. Sanki bunu çoxdan edəcəkmiş kimi sakit idi.

Şüşə ovucunu kəsdi. Qan yavaş-yavaş axmağa başladı.

Bax, – dedi. – Bu da bu günün xatirəsi olsun.

Deniz yerindən sıçradı:

– Dəlisən?!

Rafat susurdu. O, ağrını hiss edirdi, amma üzündə ifadə yox idi. Deniz boynundakı şərfi açıb onun əlini bağladı. Əlləri titrəyirdi. Onların baxışları bir anlıq bir-birinə toxundu. Keçmişlər qarışdı. Sanki bu, təkcə onların hekayəsi deyildi.

         O an səmadan ilk damcı düşdü. Sonra yağış başladı. İçərişəhərin daş küçələrində iki insan uşaq kimi islanırdı. Qaçdılar. Gülmədilər. Amma içlərində nəsə yumşaldı.

Rafat qollarını açdı. Deniz ona sığındı.

Sükut idi. Amma sükutun içində həyat vardı.

Axşam yavaşca şəhərin üstünə çökməyə başlamışdı. İçərişəhərin daş döşəmələri, dar küçələri və əsrlərin susqunluğunu saxlayan divarları onların ayaq səslərini geri qaytarırdı. Hava bir qədər rütubətli, bir qədər dumanlı idi. Yağış kəsmişdi, amma hələ bitməmişdi.

         Yan-yana addımlayırdılar. Rafat arada Denizin əlini tuturdu, amma tam tutmurdu, sadəcə, barmaqları onun barmaqlarına toxunurdu. Sükutla danışırdılar; deyilməyən, amma hiss edilən cümlələrlə.

Deniz birdən dayandı. Köhnə bir həyətin qarşısında:

– Bura necə də tanış gəlir, – dedi asta səslə.

Rafat bir anlıq ona baxdı.

– Bəlkə də əvvəllər gəlmisən. Ya da, bəlkə, bu həyat deyil, başqa bir yaddaşdır səni bura çəkən.

Deniz baxışlarını ondan çəkmədən cavabladı:

Bəzən elə bilirəm ki, bu həyatı daha əvvəl yaşamışam. Amma sən yox idin, Rafat. Sən indi varsan.

Rafat gülümsədi. O gülüşdə bir qədər kədər vardı. Sanki o da eyni hissləri başqa bir səssizlikdə yaşayırdı.

Bəlkə, bu dəfə fərqli olacaq, – dedi. – Bəlkə, bu dəfə…

         Cümlə yarımçıq qaldı.

Amma sükut onu tamamladı.

         Çapıq bəzən dəridə olmur. Bəzən sözün içində yaranır. Bəzən verilən vəddə… sonra geri çəkilən cümlədə.“Bacarmıram” deyib gedəndə, “Bilmirəm” deyib məsuliyyətdən qaçanda, “Sənsiz yaşaya bilmərəm” deyib, sonra sənsiz yaşamağı öyrənəndə. Elə insanlar var ki, heç kim onları vurmayıb, amma bir cümlə ilə sındırıblar. Elə insanlar var ki, heç kim onun üstünə qışqırmayıb, amma susmaqla boğublar.

         Çapıq bəzən  ailə adıyla örtülür,“ayıbdır”, “səbİr elə” sözləri ilə dərinləşdirilir. Elə insanlar var ki, bədənləri yox, səsləri sınır. Onlar sevdikləri üçün susublar, susduqları üçün yaşamağa məcbur ediliblər.

Cəmiyyət buna “adi” deyir.

         Davam etməyə “güc”.

         Sağ qalmağa “şans”.

         Amma heç kim soruşmur: bir insan hansı anda susmağa razı olur? Hansı anda sözündən geri dönməyə məcbur qalır? Hansı anda yaşamaq, özün olmamaq demək olur?

Çapıq məhz o anda yaranır. Və o çapıq təkcə birinin deyil, hamının vicdanındadır.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

 

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edərkən iş otağında yerləşən və onun üçün xüsusi mənəvi dəyər daşıyan heykəldən danışıb.

 

"Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var.

Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır" - deyə ölkə başçısı bildirib.

Xatırldaq ki, görkəmli dövlət xadimi, bir vaxtlar Dağıstana rəhbərlik etmiş Əziz Əliyev prezident İlham Əliyevin ana tərəfdən babasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

Bazar ertəsi, 22 İyun 2026 15:09

Borçalı elinin sözlü-sovlu ziyalısı

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

İsmixan Abdullayev, Borçalı elindəndir, riyaziyyat elmləri üzrə alim, professordur. Ali təhsil ocaqlarına rəhbərlik edib. Hazırda təqaüddədir. Peşəkar şahmatçıdır. Tələbələri, yetirmələri ilə fəxr edir. Ədəbiyyata, poeziyaya, bədii yaradıcılığa böyük marağı vardır.

İsmixan müəllimin bir neçə şeirini çoxsaylı oxucularımıza təqdim edirik:

 

 

NƏVƏLƏRƏ

(Zarafatyana)

 

Gözləyirəm nəvələri,

Düzə çıxıb dəvələri.

Babaları, nənələri

Nəyə lazım indən belə.

 

Söz deyirəm, sözüm keçmir,

Böyük-kiçik ölçüb-biçmir.

Bundan gözüm heç su içmir,

Günləri say indən belə.

 

Arzu, istək təzələnir,

Səhhət bizlə məzələnir,

Çox əcələ çözələnir,

Günlər, aylar indən belə.

 

Bağımda ərik qalmayıb,

Dərdlərə şərik qalmayıb,

Kimdi səni qılıqlayıb,

Könlün ala indən belə.

 

Sizsiz keçir qışım, yazım,

Bilinməyir çoxum, azım,

Bir qarımdı, bir də sazım,

Həmsöhbətim indən belə.

 

Neynəyirəm adı, sanı,

Tanrı versin sağlam canı,

Axtaran yox İsmixanı,

Kimə lazım indən belə.

 

 

DARIXMIŞAM KÖVRƏLMƏYƏ

 

Çal, ay aşıq, kövrəlt məni,

Darıxmışam kövrəlməyə.

Apar məni köhnəliyə,

Qoy kövrəltsin köhnə yerlər,

Darıxmışam kövrəlməyə.

 

El qoxusu avazında,

El nəfəsi var sazında,

Yada düşər o dağ, dərə,

Qoy kövrəlim bircə kərə,

Darıxmışam kövrəlməyə.

 

Ətrafımda köhnə dostlar,

Həm qohumlar, həm tanışlar

Qoyur diqqət, yüksək hörmət,

Ürək dözmür bu hisslərə,

Darıxmışam kövrəlməyə.

 

Ağlamıram için-için,

Kövrəlt məni sevinməkçün,

Xoş arzuya, xoş diləyə,

Kövrəlt məni sevinməyə,

Darıxmışam kövrəlməyə.

 

Hərdən dindir İsmixanı,

Danışmaz hərzə-hədyanı.

Sevindirər el-obanı,

Gəlmişəm el deyə-deyə,

Kövrəlt, aşıq, kövrəlt məni,

Darıxmışam kövrəlməyə.

 

 

QƏMLİ DÜŞÜNCƏLƏR

 

Bu dünyanın səfasına

Gəldim ağlaya-ağlaya.

Oynadım çox havasına,

Güldüm ağlaya-ağlaya.

 

Şükr eylədim Yaradana,

Nə keçdi atdım qazana.

Köçüb getdi ata-ana,

Qaldım ağlaya-ağlaya.

 

İnanaraq düz ilqara,

Cəfa çəkdim çox dostlara,

Küskün düşüb xəyallara

Daldım ağlaya-ağlaya.

 

Zirvələrə yoxuş varmış,

İlğım kimi naxış varmış,

Geriyə sərt axış varmış,

Bildim ağlaya-ağlaya.

 

Bu imiş dünyanın işi,

Alır bir-bir dost-tanışı,

Təsəllim olur göz yaşı,

Sildim ağlaya-ağlaya.

 

 

ÖMÜR DƏFTƏRİ

 

Qarşımda ömür dəftəri:

Saralıbdı vərəqləri.

Gah qalxmışam zirvələrə,

Gah enmişəm dərələrə.

 

Hər birində axtarmışam,

Həm itirib, həm tapmışam.

Nələr qalıb yaddaşımda,

Baharımda, həm qışımda.

 

Neçə-neçə illər keçib,

Qəmli-qəmsiz günlər keçib.

Sınamışam çoxlarını,

Yaxşı-yaman dostlarımı.

 

Can atmışam düz olmağa,

Düz oturub, düz durmağa,

Halalı haramdan seçim,

Sözlərimi ölçüb-biçim.

 

İsmixanı yaxşı tanı,

Gəzib-görüb çox obanı,

Öz elini məkan seçib,

Çox bulaqdan sular içib.

 

 

DÜNYANIN HİKMƏTİ NAĞILLARDADIR

 

Ay nənə, sən mənə bir nağıl danış,

Bir ili bir günə gətirə bilim.

Elə bir pəhləvan olum ki, mən də,

Dünyanı çiynimə götürə bilim!

 

Dünyanın hikməti nağıllardadır,

Nə malda, nə mülkdə, nə də vardadır.

Bilim zülmət harda, işıq hardadır,

Zümrüdlə zülmətdən işığa gəlim.

 

Cinlər məkanından aralı olum,

Divlərin yanında oturub-durum.

Özümə maraqlı bir büsat qurum,

Hikmətlər dinləyib ağıllı gülüm.

 

Nadandan, cahildən aralı gəzim,

İllərdən nə doyum,nə də ki, bezim!

Doysa-doymasa da həyatdan gözüm,

Nağıl dünyasında yaşayım-ölüm... 

 

 

ÖLMƏK İSTƏYƏRDİM ZƏLİMXAN KİMİ

 

(Zəlimxan Yaqubun dəfnində)

 

Nəhəng şairimiz köçdü dünyadan,

Elini doyurdu, içdi dünyadan.

Arayıb incilər seçdi dünyadan,

Xalqın məhəbbəti bir ümman kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

Elin məhəbbəti var idi orda,

Sənətə hörməti var idi orda.

Şeirin hikməti var idi orda,

İstəmirəm nə xan, nə xaqan kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

Ağlayıb hay-haray qoparan da var,

Kədərdən gözünə qəm qonan da var,

Bu ölümə həsrət aparan da var,

Millət dalğalanır bir orman kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

Həyat badəsini belə içəsən,

Sözün zəmisini belə biçəsən,

Köçəndə həyatdan belə köçəsən,

Yaşadım ömrümü İsmixan kimi,

Ölmək istəyərdim Zəlimxan kimi.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi Cahangir Cahangirovun anadan olmasının 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Gecədə Cahangir Cahangirov adına Xor kollektivi tərəfindən bəstəkarın zəngin musiqi irsindən seçilmiş ən dəyərli əsərlər səsləndiriləcək. Proqramda onun xor musiqisi sahəsində yaratdığı sənət incilərinə xüsusi yer ayrılıb.

 

Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə tanınmış ifaçılar, eləcə də Beynəlxalq Muğam Mərkəzinin solistləri çıxış edəcəklər. Musiqili gecə bəstəkarın yaradıcılıq dünyasına bir daha nəzər salmaq, onun milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini xatırlamaq baxımından əlamətdar olacaq.

Tədbir iştirakçıları Azərbaycan musiqi tarixində silinməz iz qoymuş Cahangir Cahangirovun əsərlərinin yüksək bədii-estetik dəyərini yenidən kəşf etmək, onun yaradıcılığının milli-mənəvi dəyərlərimizlə səsləşən zəngin çalarlarını yaxından duymaq imkanı əldə edəcəklər.

Ay ərzində Gənclərin Respublika Bədii Yaradıcılıq Evi kimi qurumlar tərəfindən bəstəkarın yaradıcılıq yolunu əks etdirən xüsusi anım tədbirləri keçirilib. Həmçinin, payız aylarında (oktyabrın 24-də) Bakı Musiqi Akademiyasının Opera Studiyasında daha bir irimiqyaslı "Xalqın mədəni sərvəti: Cahangir Cahangirov - 105" adlı yubiley konsertinin bilet satışı elan edilib.

Azərbaycan SSR xalq artisti Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.

1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.

Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edib. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirib. 1945-ci ildə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin himninin musiqisini bəstələyib

 

Simfonik əsərləri

1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.

 

Operaları

Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.

"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşayan məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılan sınıq qrammofon valı qalan xanəndənin bu yadigarı şikəst olan həyatının rəmzi kimi qavranılıb.

Cahangir Cahangirov "Xanəndənin taleyi" operasında bir bəstəkar, musiqi dramaturqu kimi ən gözəl keyfiyyətlərini qabarıq şəkildə nümayiş etdirib. Ən başlıcası odur ki, Cahangirovun operası istər üslub, istərsə də musiqi dramaturgiyası baxımıından bitkin və kamildir.

Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olub. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.

 

Mahnıları

Onun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.

 

Filmoqrafiya

1. Arazın sahillərində

2. Bahar rəqsləri

3. Bəstəkar Cahangir Cahangirov

4. Bəxtiyar Vahabzadə

5. Dağlarda döyüş

6. Dəli Kür

7. Evlənmək istəyirəm

8. Gədəbəyin sərvəti

9. Koroğlu

10. Mahnı qanadlarında

 

Mükafatları

- Stalin mükafatı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)

 

Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

 “Tanıtım” rubrikasındayıq, istəkli oxucular. Dəyərli yazar Nargilə Yusifqızı iki təsirli şeiri ilə sizlərin görüşünə gəlib.

 

Ey şəhid

 

Göy üzü buludlu, ürəklər qubar,

Sən elə ucaldın, çatmaz sənə qar.

Torpağa düşəndə canın, ey şəhid,

Vətən torpağından boy atdı bahar.

 

Nə ana fəryadı, nə göz yaşıdır,

Bu, bir qəhrəmanın qanlı yasıdır.

Məzarın daş deyil, uca bir zirvə,

Başdaşın millətin şərəf daşıdır.

 

Sən ölmədin, dostum, bizə can verdin,

Yatmış vicdanlara həyəcan verdin.

 Al qanın qarışdı bayraq rənginə,

Sən öz adın ilə bizə şan verdin.

 

Ruhun şad olsun ki, azaddır vətən,

Gül açır can qurban verdiyin çəmən.

Tarixlər yazacaq sənin adını,

Ey Vətən eşqiylə kəfən geyinən!

 

 

Varlığın sükutu

 

Mən səni tapandan  itdim özümdə

Demək, var olmaqçün yox olmaq gərək.

Biz hansı xaotik boşluqdan gəldik,

Eyni bir nöqtədə bütövləşərək?

 

Zaman bir nisbətmiş, məkan bir qəfəs,

Ruhun əbədiymiş bu ilk savaşı.

Sən mənim içimdə elə bir "mən"sən –

Nə ağlım dərk edir, nə idrak yaşı.

 

Bəlkə də, heç yoxuq... Bir pərvanəyik,

Ocağın sirriylə alışıb yanan.

İki ayrı cisim, tək bir təfəkkür,

Sonsuzluq içində sükutu pozan

 

Ölüm  bir formadır, bir yerdəyişmə,

Zatən doğulmuşuq zamanı seçib.

Bu elə sevgidir – atomu yox ki

Ruhun zərrəsini doğrayıb, keçib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.