Xalq təqvimində Avqust ayı Featured

Nərgiz M.Mustafayeva,

Gəncə Dövlət Universitetinin magistrantı.

“Ədəbiyyat və incəsənət”

         

Xalq təqvimində 25 iyundan 5 avqusta qədər davam edən qızmar “Yay çilləsi” başa çatdıqdan sonra təbiət yavaş-yavaş kəskin bürkünü arxada qoymağa başlayır. Avqust ayı təqvimlərdə yayın sonuncu ayı kimi görünə bilər, lakin ulu babalarımızın zaman dünyasında bu dövr həm aylarla çəkilən zəhmətin şirin bəhrə verdiyi zirvə, həm də payızın ilk xəbərdarlığıdır.

 

Avqust ayının xalq etnoqrafiyasındakı ən məşhur və rəmzi hadisəsi “Quyruqdoğan” dövrüdür. Xalq təqvimində “Ülkər” və ya “Sürəyya” (Pleyada) adı ilə tanınan ulduz topası avqust ayının ortalarında (təxminən 15-16-da) səhərə yaxın şərq üfüqündən doğmağa başlayır. El arasında Ülkərin bu qayıdışına “Ülkər ulduzunun quyruğunun görünməsi” və ya sadəcə “Quyruqdoğan” deyilir.

​Bu ulduzun görünməsi ilə havanın xarakteri kəskin dəyişir. El arasında deyilən “Quyruq doğdu, yaya quyruq doğrandı” və ya “Quyruq doğdu, su dondurdu” məsəlləri məhz bu dövrə aiddir. Gündüzlər günəş hələ də öz istisini saxlasa da, Ülkər ulduzu doğandan sonra gecələr nəzərə çarpacaq dərəcədə sərinləşir, çayların, bulaqların və dənizin suyu soyumağa başlayır.

Xalq arasında işlədilən “Quyruq doğdu, quyruq dondu” deyiminin yaylaq həyatında və çobanlıq məişətində real bir səbəbi var. Avqustun ortalarında Ülkər ulduzu doğan kimi dağ gecələri kəskin şəkildə soyuyur. Bu vaxt yaylaqda kəsilən heyvanın axşamdan daxmanın böyründən asılan quyruq yağı və əti gecənin şaxtalı sərinindən bərkiyir, qat tutur və “donur”. Çobanlar və elat üçün bu ətin və yağın artıq xarab olmadan saxlanıla biləcəyinə işarə idi. Məhz bu “quyruqdonma” günlərindən sonra yaylaqlarda qışlıq qovurmalar qovrulur, motal pendirləri basılır və qış azuqəsi tədarük edilməyə başlayırdı.

Xalq təqvimində Avqustu “Bostan kəsən” ayda adlandırırlar. “Qora bişirən” istilərində bişib şirə toplayan meyvə və bostan məhsulları məhz avqustda öz tam dadına çatır. Qarpız və yemişin bostanlardan yığılması, bağlarda şaftalı, əncir və üzümün ən şirin çağı bu aya təsadüf edir. Məhz bu dövrdə evlərdə qışlıq tədarük - mürəbbələr, kompotlar, turşular hazırlanmağa başlayır. Avqust süfrəsi bərəkətin və şirinliyin pik nöqtəsi sayılır.

Güləyazda başlayan və İyunda pik nöqtəsinə çatan yaylaq həyatı avqust ayının sonlarında yavaş-yavaş səngiməyə başlayır. Dağlarda gecələr kəskin sərinləşdiyi üçün elat tayfaları və çobanlar yaylaq mövsümünü yekunlaşdırmaq və sürüləri payız otlaqlarına doğru endirmək üçün “yol hazırlığı”na başlayırlar.

Beləliklə ​Avqust ayı - təbiətin müdrik və səxavətli çağıdır. O, neçə aydır çəkilən zəhmətin, Yay çilləsinin istisinin yekun bəhrəsidir. Ülkər ulduzunun doğması ilə sərinləyən gecələr insanlara xatırladır ki, hər fəslin öz gözəlliyi və öz vaxtı var. Avqust - yayın zənginliklə bitdiyi və payıza verilən bərəkət sözüdür.

 

Qeyd: Məqalə müəllifin şəxsi tədqiqatları, xalq inancları və mifoloji mənbələrin müqayisəli təhlili əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

                                                           

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.