Super User
Bu gün görkəmli bəstəkar Cahangir Cahangirovun 105 illiyi geniş qeyd ediləcək
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi Cahangir Cahangirovun anadan olmasının 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Gecədə Cahangir Cahangirov adına Xor kollektivi tərəfindən bəstəkarın zəngin musiqi irsindən seçilmiş ən dəyərli əsərlər səsləndiriləcək. Proqramda onun xor musiqisi sahəsində yaratdığı sənət incilərinə xüsusi yer ayrılıb.
Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə tanınmış ifaçılar, eləcə də Beynəlxalq Muğam Mərkəzinin solistləri çıxış edəcəklər. Musiqili gecə bəstəkarın yaradıcılıq dünyasına bir daha nəzər salmaq, onun milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini xatırlamaq baxımından əlamətdar olacaq.
Tədbir iştirakçıları Azərbaycan musiqi tarixində silinməz iz qoymuş Cahangir Cahangirovun əsərlərinin yüksək bədii-estetik dəyərini yenidən kəşf etmək, onun yaradıcılığının milli-mənəvi dəyərlərimizlə səsləşən zəngin çalarlarını yaxından duymaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, ay ərzində Gənclərin Respublika Bədii Yaradıcılıq Evi kimi qurumlar tərəfindən bəstəkarın yaradıcılıq yolunu əks etdirən xüsusi anım tədbirləri keçirilib. Həmçinin, payız aylarında (oktyabrın 24-də) Bakı Musiqi Akademiyasının Opera Studiyasında daha bir irimiqyaslı "Xalqın mədəni sərvəti: Cahangir Cahangirov - 105" adlı yubiley konsertinin bilet satışı elan edilib.
Azərbaycan SSR xalq artisti Cahangir Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.
1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.
Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edib. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirib. 1945-ci ildə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin himninin musiqisini bəstələyib
Simfonik əsərləri
1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib. 1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Operaları
Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşayan məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılan sınıq qrammofon valı qalan xanəndənin bu yadigarı şikəst olan həyatının rəmzi kimi qavranılıb.
Cahangir Cahangirov "Xanəndənin taleyi" operasında bir bəstəkar, musiqi dramaturqu kimi ən gözəl keyfiyyətlərini qabarıq şəkildə nümayiş etdirib. Ən başlıcası odur ki, Cahangirovun operası istər üslub, istərsə də musiqi dramaturgiyası baxımıından bitkin və kamildir.
Məlumdur ki, xanəndənin repertuarı muğam və təsniflərdən ibarət olub. Operanın qəhrəmanı özü xanəndə olsa da, müəllif ifaçılıq sənətinin materialı kimi muğamlardan sitat şəklində istifadə etməyi qarşısına məqsəd qoymayıb. Lakin onun operadakı musiqi materialı başdan-başa muğam boyaları ilə rövnəqlənib.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Mahnıları
Onun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahahgir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.
Filmoqrafiya
1. Arazın sahillərində
2. Bahar rəqsləri
3. Bəstəkar Cahangir Cahangirov
4. Bəxtiyar Vahabzadə
5. Dağlarda döyüş
6. Dəli Kür
7. Evlənmək istəyirəm
8. Gədəbəyin sərvəti
9. Koroğlu
10. Mahnı qanadlarında
Mükafatları
- Stalin mükafatı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)
Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Sistemin çürüməsi və həqiqət axtarışında bir jurnalist: "Şeytan göz qabağında" filmi (1987)
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan kinosunun 1980-ci illərin sonu mərhələsi uzun illər tabu qoyulmuş mövzuların cəsarətlə işıqlandırılması ilə xarakterizə olunur. Rejissor Oqtay Mirqasımovun 1987-ci ildə ekranlaşdırdığı "Şeytan göz qabağında" tammetrajlı bədii filmi də məhz belə üsyankar və ifşaedici ruhda yazılmış unikal sənət nümunəsidir. Film, cəmiyyətdə kök salmış qanunsuzluqlara, rüşvətxorluğa və kölgə iqtisadiyyatına qarşı təkbaşına mübarizə aparan dürüst bir jurnalistin gözü ilə sovet idarəçilik sisteminin real və qorxulu simasını ortaya qoyur.
Oqtay Mirqasımovun cəsarətli rejissor baxışı və sosial dramaturgiya
Filmin ssenari müəllifi Asim Cəlilov, süjet xəttini dövrün ən aktual bəlası olan korrupsiya və bürokratiya üzərində qurub. Filmin quruluşçu rejissoru Oqtay Mirqasımov isə bu kəskin sosial dramı detektiv və psixoloji triller elementləri ilə zənginləşdirərək tamaşaçını ekrana kilidləməyi bacarıb. Film, ekranlara çıxdığı dövrdə böyük rezonans doğurmuş, cəmiyyətdəki gizli qüvvələrin, "toxunulmaz" şəxslərin törətdiyi cinayətləri vizual şəkildə ifşa etdiyinə görə ciddi müzakirələrə səbəb olmuşdur.
Ədalət uğrunda mübarizə və aktyorların xarakterik ifası
"Şeytan göz qabağında" filmi xarakterlərin dolğunluğu və aktyor heyətinin ustad oyunu ilə seçilir:
Fəxrəddin Manafov (Arif): Filmin baş qəhrəmanı, prinsipial və cəsur jurnalist Arif obrazını Fəxrəddin Manafov yüksək daxili enerji və dramatik ustalıqla canlandırıb. Arif cəmiyyətdəki haqsızlıqlara göz yuma bilməyən, həqiqəti üzə çıxarmaq üçün öz canını və yaxınlarının təhlükəsizliyini belə riskə atan müasir qəhrəman tipajıdır.
Həsənağa Turabov, rəhmətlik Yaşar Nuri və digərləri: Filmdə rol alan ustad sənətkarlar, sistemin müxtəlif pillələrində əyləşən məmurların, cinayətkar şəbəkə rəhbərlərinin və riyakar insanların xarakterik cizgilərini böyük ustalıqla kadrda əks etdiriblər. Onların yaratdığı mənfi obrazlar cəmiyyəti daxildən məhv edən "şeytan"ın vizual təcəssümünə çevrilir.
Filmin süjet xətti və "şeytan"ın gizli siması
Süjetin mərkəzində jurnalist Arifin apardığı müstəqil təhqiqat dayanır. O, zahirən xeyirxah, nizam-intizamlı görünən, lakin pərdə arxasında böyük qanunsuzluqlara imza atan güclü bir klanın izinə düşür. Filmin adı olan "Şeytan göz qabağında" ifadəsi rəmzi məna daşıyır. Müəlliflər tamaşaçıya çatdırırlar ki, şər qüvvələr, cinayətkarlar haradasa uzaqda deyil, məhz hər gün qarşılaşdığımız, bizə qanundan və ədalətdən dəm vuran rəsmi kürsülərdə, göz qabağındadırlar.
Arifin bu şəbəkə ilə toqquşması sadəcə hüquqi mübarizə deyil, həm də mənəviyyat, ləyaqət sınağıdır. Sistem dürüst insanı əzməyə, onu öz qaydalarına tabe etməyə çalışsa da, Arifin geri çəkilməməsi filmin əsas fəlsəfi idealını təşkil edir.
Rafiq Babayevin musiqisi və gərginlik estetikası
Filmin dramatik təsir gücünü artıran ən mühüm elementlərdən biri də görkəmli bəstəkar, dahi musiqiçi Rafiq Babayevin film üçün bəstələdiyi musiqidir. Onun yaratdığı gərgin, ekspressiv və caz-fyuşn üslublu kompozisiyalar Arifin apardığı təhlükəli təhqiqatın, şəhərin gizli və qaranlıq küçələrinin ab-havasını mükəmməl şəkildə tamamlayır.
"Şeytan göz qabağında" filmi, Azərbaycan kinosunun ictimai-siyasi kəsərini, həqiqəti demək cəsarətini göstərən ən dəyərli arxiv incilərindəndir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
DAHİ MİRCAVADOV - o göründüyündən daha ucadadır
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanın ən görkəmli rəssamları sırasında yer alan, fəqət əməkdar incəsənət xadimi olaraq dünyadan köçən, Xalq rəssamı adı ona çox görülən Cavad Mircavadov barədə danışacağam sizlərə. Bu gün onu xatırlamağın lap yeridir.
Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssamı Zarubinin yanında işə düzəlir. İstedadı dərhal gözə çarpır. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra… işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir. Bəli, o dövrlərin belə sərt qanunları da var imiş.
1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşayır, Dövlət Ermitajında fəhlə kimi çalışır, təki o dahiyanə əsərləri hər gün görsün.
Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaqla, rəsm texnikaları ilə tanış olmaqla, bura gələn görkəmli şəxslərlə ünsiyyət qurmaqla tam olaraq rəssamlqı sənətinə transfer olunmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və Bədii rəssamlar birliyinin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.
Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı idi. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə danışır:
"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.
Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller alıb."
Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə demişdir:
"Mircavadov əsərlərində şeytanı dramatikləşdirib, onu güclü və bənzərsiz miqyasda təsvir edib. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb. O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb edib. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."
1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirildi. Növbəti sərgi isə Moskvada baş tutdu. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
1992-ci ilin 24 iyun günündə o, Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. 69 yaşındaydı, 70-ə doğru gedirdi…
Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.
Və bird aha təkrarlayıram, o, göründüyündən daha ucadadır. Fəqət, öz layiqli qiymətini ala bilməyib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Şəhidlər Xiyabanında uyuyan ilk Qarabağ müharibəsi şəhidi – Əlif Hacıyev
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Əlif HacıyevVətən uğrunda yaşayan və Şəhid olan Qəhrəman
Əlif Hacıyevin həyat yolu barədə yazıçı Varisin Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr edilmiş “Qırmızı ləçəklər” kitabından xəbər tutdum. Və anladım ki, belə oğulları olan xalq heç vaxt məğlub durumda qalmaz. Tezliklə də Vətən müharibəsi başladı və qələbəmizi qazandıq.
1953-cü ilin isti yayında – 24 iyununda Qarabağın gözəlliklər beşiyi olan Xocalıda bir oğlan dünyaya gəldi. Onun adını Əlif qoydular. Uşaqlıqdan cəsarəti, dik duruşu, ədalətə olan meyli ilə seçildi. Sonralar bu uşağın adı Azərbaycanın yaddaşına şərəf, igidlik və şəhidlik simvolu kimi yazılacaqdı...
Həyat və xidmət yolu
1970-ci ildə orta məktəbi bitirdikdən sonra Xankəndidə sürücülük kursu keçib və 1971–1973-cü illərdə Sovet Ordusunda xidmət etdi. Hərbi xidmətini Belarusda – Minskdə başa vurub. Hərbi nizam-intizam və ciddiyyət onun xarakterində əsas yer tutmağa başlayıb.
1974-cü ildən etibarən daxili işlər orqanlarında fəaliyyət göstərməyə başlayıb. Frunze adına Xüsusi Milis Məktəbində və daha sonra SSRİ DİN Akademiyasında təhsil alıb. Hüquq-mühafizə sahəsində peşəkarlaşdı və ciddi uğurlar qazanıb. Lakin onun bu uğurları bəzi dairələri narahat edib.
Əlif Hacıyev, Qarabağda erməni millətçi dairələrinin gizli fəaliyyətini ifşa etdiyi üçün əsassız ittihamlarla 10 il azadlıqdan məhrum edilib. Bu saxta ittihamlar onun iradəsini sındıra bilməyib. 1987-ci ildə cəzası 6 ilə endirilib və 1989-cu ildə azadlığa buraxılıb.
Lakin Əlif üçün sakit həyat yoxdur. O, yenidən vətənin çağırışına səs verib. 1990-cı ildə Daxili İşlər Nazirliyinə qayıtdı və doğma Xocalı Aeroportunun komendantı təyin olunub. Onun rəhbərliyi ilə hava limanı erməni silahlılarından geri alınıb. 1991-ci ilin sonlarında mayor rütbəsi alıb.
Ailəsi və Qalina Manko ilə tanışlığı
Əlif Hacıyev xidməti illərində Belarusda yaşadığı dövrdə Qalina Manko ilə tanış olub. Qalina ilə onların münasibəti dərin hörmət və sevgi üzərində qurulub. Milliyyət fərqi, mədəniyyət fərqi onların arasında maneə ola bilməmişdi – çünki onları birləşdirən ürək, insanlıq, ədalət sevgisi və mənəvi bağlılıq olub.
Onların bu sevgisi 1981-ci ildə ailə qurmaqla rəsmiyyət qazanıb. Bu evlilikdən iki qız övladları – Zərinə və İradə dünyaya gəldi. Qalina xanım, Əlifin Azərbaycan vətəninə olan bağlılığını həmişə dəstəkləmiş, onun çətin və məsuliyyətli həyat yolunda arxa olub. Bu ailə, çətin illərdə də möhkəm qalıb, vətənin taleyinə biganə qalmayıb.
Xocalı faciəsi və Qəhrəman ölüm
1992-ci ilin fevralı. Qarlı, sərt və qara xəbərli gecə… 25-dən 26-na keçən gecə Xocalıya erməni silahlı qüvvələrinin amansız hücumu başlayıb. Dinc əhalinin üzərinə tanklar, toplar və avtomatlarla gəliblər. Əlif Hacıyev həmin gecə tam silahlı vəziyyətdə, başında dəbilqə, əlində avtomat – öz vəzifə borcunu yerinə yetirib.
O, yüzlərlə insanı Şelli kəndinə, meşələrə yönəldərək ölüm təhlükəsindən uzaqlaşdırmağa çalışıb. Silahı ilə döyüşüb, əsgərlərinə ruh verib. Lakin, düşmən çox və amansız olub. O, avtomat darağını dəyişərkən düşmənin atdığı güllə ona tuş gəlib. Əlif Hacıyev şəhid olub – amma geri çəkilməyib, qorxmayıb, əyilməyib.
Onun meyiti beş gün sonra meşədən tapılaraq Bakıya gətirilib. Onun nəşini görən deyir: əgər bilinsə ki bu Əlif Hacıyevdi, onu sizə verməyəcəklər. Ona görə də onun nəşi digər meyitlərin altında gətirilib və Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri və əbədi xatirəsi
1992-ci il, 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, “Qızıl Ulduz” medalı ilə təltif edilib. Onun adı Bakının Nizami rayonunda bir küçəyə verilib. Onun haqqında sənədli filmlər çəkilib– “Xocalının Əlifi” kimi yaddaşlara yazılıb.
Hər il doğum və şəhidlik günlərində anım mərasimləri keçirilir, məktəblərdə onun haqqında danışılır. Qalina xanım və övladları isə bu gün də onun adını yaşadır, onun döyüş yolunu gələcək nəsillərə çatdırmaq üçün çalışıblar.
"Əlif Hacıyev - ölümü ilə də yaşamağı öyrədən qəhrəman. Qəhrəmanlar ölməz… Vətən səni unutmayacaq, Əlif!"
O, təkcə bir mayor, bir komendant olmayıb. O, Xocalının qalası, millətin vicdanı, vəfa və igidliyin simvolu olub. Həm döyüş meydanında, həm ailəsində, həm də xalqının qarşısında o, məsuliyyətli və fədakar duruş sərgiləyib. O, bu torpağın oğluydu və bu torpaqda şəhid olub. Onun qəlbi Xocalı üçün döyündü, son nəfəsinə qədər…
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Çoxmu kinoşünas tanıyırsınız?
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər
Azərbaycan kinoşünası Şəhla Əmirli barədə danışacağıq. Bu gün onun doğum günüdür.
Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib.
Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub.
2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-media" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub.
2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
"Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi" - onun qələminin məhsuludur.
Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları — Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Gənclik şəhərinin Ağsaqqallar Şurasına yeni sədr seçildi
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhər Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı, professor Eldar İbrahimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin ağsaqqalları, ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. O, Azərbaycan Ağsaqqallar Şurasının cəmiyyət həyatında mühüm rol oynadığını, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində ağsaqqalların fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra təşkilati məsələlər müzakirə olunub. Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri vəzifəsinə şəhərin ictimai həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Eldar İsmayılovun namizədliyi irəli sürülüb. Açıq səsvermənin nəticələrinə əsasən Eldar Vəkil oğlu İsmayılov Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri seçilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Eldar İbrahimov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq yeni seçilmiş sədr və idarə heyəti üzvlərini təbrik edib. O, ağsaqqallar institutunun Azərbaycan cəmiyyətindəki tarixi missiyasından bəhs edərək bildirib ki, milli-mənəvi dəyərlərin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin sağlam inkişafında ağsaqqalların rolu əvəzsizdir. Eldar İbrahimov son illərdə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində müşahidə olunan dinamizmdən, regionlarda həyata keçirilən layihələrdən və gənclərlə aparılan maarifləndirici işlərdən danışıb.
Konfransda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov daim ağsaqqallara diqqət və qayğı göstərilən Sumqayıt şəhərində son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəhərdə yeni park və xiyabanlar salınıb, küçə və prospektlər əsaslı şəkildə yenidən qurulub, məhəllədaxili yollar asfaltlanıb, yaşayış binalarının dam örtükləri və fasadları təmir edilib, müasir işıqlandırma sistemləri quraşdırılıb, sosial və infrastruktur layihələri uğurla icra olunub. Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və sakinlərin rahatlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Zakir müəllim vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Sumqayıt da öz inkişafının yeni mərhələsini yaşayır. O, yaxın illərdə şəhərdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən, yeni sosial obyektlərin, istirahət məkanlarının və mühəndis-kommunikasiya infrastrukturunun yaradılmasından, həmçinin əhalinin rifahının yüksəldilməsinə xidmət edən təşəbbüslərdən danışıb.
Şəhər rəhbəri çıxışında cəmiyyət qarşısında duran mənəvi çağırışlara da toxunaraq ailə institutunun möhkəmləndirilməsi, milli dəyərlərin qorunması, gənclərin zərərli vərdişlərdən uzaq saxlanılması və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində ağsaqqalların üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. O qeyd edib ki, ağsaqqalların həyat təcrübəsi və nüfuzu gənc nəslin düzgün istiqamətləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Konfransda çıxış edən digər natiqlər də ölkədə ağsaqqallara göstərilən yüksək dövlət qayğısından söz açaraq Sumqayıt şəhər Ağsaqqallar Şurasının fəaliyyətinin bundan sonra da şəhərin ictimai-mədəni həyatına mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda yeni seçilmiş sədr Eldar İsmayılov ona göstərilən etimada görə minnətdarlığını bildirib, ağsaqqalların cəmiyyətin mənəvi dayağı kimi fəaliyyətlərini daha da gücləndirəcəklərini, gənclərlə işin, maarifləndirmə tədbirlərinin və ictimai təşəbbüslərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.
Xatırladaq ki, Eldar İsmayılov 90-cı illərin əvvəllərində Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi olaraq ən mürəkkəb bir dönəmdə şəhərə bacarıqla rəhbərlik edib.
Konfrans qarşıda duran vəzifələrin müzakirəsi və təşkilati məsələlərin həlli ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Uzun illər xəstə yatsa da nikbinliyini itirməzdi...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Xarakterik obrazları indi də gözümün qabağındadır. O, uzun illərdir ki, xəstə idi. Bir müddət xəstəxanada yatdı. Teatrda işlədiyi dövrdə bir-birindən fərqli, xarakterik rolları ilə fərqlənirdi. Xəstə olduğu vaxtda belə o, nikbin, gümrah görünürdü. Onun nikbin görünüşü adamı sevindirirdi. Adama elə gəlirdi ki, bu adam heç uzun müddət xəstəxanada yatmayıb, xəstəliklə əlbəyaxa olmayıb…”
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar ifa edib. Bunlardan Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F. Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov və s. başqa obrazları buna misaldır.
T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N. Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H. Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B. Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C. Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirib.
Teatr səhnəsindəki rolları
- Komisyonçu ("Kəllə", Nazim Hikmət)
- Knyaz Orbeliani ("Brüsseldən məktublar", Həsən Həsənov)
- Oqtay ("Rəqabət", Bəxtiyar Vahabzadə)
- Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Laz ("Qanlı Nigar", Sadıq Şəndil)
- Ninkoviç ("Nazirin xanımı", Branislav Nuşiç)
Filmoqrafiya
- Axırıncı dayanacaq (film, 2014)
- Bağdada putyovka var... (film, 2000)
- Biz qayıdacağıq (film, 2007)
- Biz qayıdacağıq (veriliş, 2007)
- Cavid ömrü (film, 2007)
- Dəvətnamə (film, 1989)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Ərazi (film, 2005)
- Kənddən gələn var. II hissə
- Köpək (film, 1994)
10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb. Tofiq Hüseynov 5 iyul 2020-ci ildə Bakıda öz yaşadığı evdə xərçəng xəstəliyindən vəfat edib.
Tofiq Hüseynovun ölümü sənət yoldaşlarını xeyli kədərləndirib. O, sənət yoldaşlarının yaddaşında istedadlı, xarakterik aktyor olmaqla bərabər, səmimi insan kimi qalacaq. Xalq artisti Rafiq Əzimov deyir ki, Tofiq Hüseynov Milli Dram Teatra gəldiyi ildən bəri xırda, epizodik rollarda oynasa belə öz sözünü demiş aktyor olub:
"Bir işdir də, düşmüşük, Allahın köməyi ilə yaxşı olar”- deyəndə, onun nikbinliyinə heyran olurdum. Tofiq Hüseynovun vəfat etməsi ilə bağlı xəbəri internetdə görəndə inanmadım. Onun vəfatı məni çox kədərləndirdi. Mən ümid edirdim ki, onunla bir tamaşada yenə oynayacağıq. Təəssüf ki, istedadlı aktyorlarımızı itiririk. Ondan əvvəl Rafael Dadaşov vəfat etdi. Bu cür aktyorlarımızın ölümü ilə teatrımız itirir ”.
R.Əzimov həmkarını peşəkar aktyorluq keyfiyyətləri ilə yanaşı, səmimi insani keyfiyyətlərə də malik insan kimi xatırlayır:
"Onun hamıya qarşı səmimi ürəyi vardı. Söhbəti yalnız yaradıcılıq işləri, yeni tamaşalarda oynamaqla bağlı olurdu. Mən kədərlənirəm ki, aramızdan belə aktyorlar gedir. İstedadlı aktyor nadir hallarda yetişir. Təəssüf ki, biz Tofiq Hüseynov kimi istedadlı aktyoru daha aramızda görməyəcəyik. Növbəti səhnəmizin pərdələrinin açılacağı günü səbirsizliklə gözləyirik. Teatrı, kinonu televiziya tamaşalarımızı da gözləyirik, amma Tofiqsiz...”
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Bir gün Ordubadda - Qərbi Azərbaycana Qayıdış III festival-konqresi keçirildi
Aygün Bayramlı
“Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Ölkəmizdə olduqca mühüm hadisə baş verdi. “Qərbi Azərbaycana Qayıdış III festival-konqresi” kimi mötəbər tədbirin bir parçası olmaq olduqca qürurverici idi.
Tədbir iki gün davam edərək birinci günü Ordubadda baş tutdu. Təntənəli konsert proqramı ilə başlayan konqres-festival Qərbi Azərbaycana həsr olunmuş sərgilərlə davam etdi. Sərgidə bölgənin zəngin mətbəxi, Ordubad təamları – sucuq, paxlava, müxtəlif dolmalar, Ordubad qayğanağı, umac halvası, Arzuman küftəsi, tərək, quymaq, qalın (yeznə qalını), doşab, növbənöv pendirlər, hədik, qaysava və ev şəraitində hazırlanmış digər nemətlər təqdim olunurdu. Bütün bu təamlardan dadmaq imkanımız var idi.
Gülərüzlü, mehriban və istiqanlı naxçıvanlılar öz ləziz təamlarını səmimi münasibətləri ilə daha da dəyərli edirdilər. Təqdim olunan təkcə yemək deyil, həm də nəsildən-nəslə ötürülən ənənə, mədəni yaddaş və xalq ruhu idi.
Nahar fasiləsindən istifadə edib Ordubadın qədim Təbriz küçələrini xatırladan məhəllələrini gəzdik. Könül xanımın qonağı olduq. Ordubadlı Könül xanım tərtəmiz, sadə və zövqlə bəzədilmiş rayon evində bizi böyük sevinc və səmimiyyətlə qarşıladı. Dəmlədiyi çayın yanında masaya Ordubad meyvələri, çərəzlər və qoz mürəbbəsi düzdü. Mürəbbənin rəngi o qədər canlı və parlaq idi ki, sanki insanın üzünə gülümsəyirdi. Mən ömrümdə bu qədər ləzzətli qoz mürəbbəsi yeməmişdim. Günün ən isti saatlarında təzə dəmlənmiş çayın mürəbbə ilə yaratdığı dad ahəngini heç zaman unutmaram.
Fasilənin bitməsinə az qalmış yola düşməyə hazırlaşırdıq ki, Könül xanım tələsik bir qab təzəcə yuduğu Ordubad əriklərini gətirib: “Buz kimidir, ürəyiniz sərinləyər, götürün, yolda yeyərsiniz”, – dedi. Bu səmimiyyət və qayğı məni bir daha heyran etdi. Elə bildim Könül xanım, 100ildir görmədiyim doğmamdır.
Yol boyu qarşılaşdığımız insanlar da eyni qonaqpərvərliklə “Gəlin, qonağımız olun” deyə bizi evlərinə dəvət edirdilər. Bu doğmalıq və insan istiliyi Ordubad səfərimizin ən yaddaqalan xatirələrindən birinə çevrildi. Yol boyu öz-özümə deyirdim, nə qədər mehribandırlar, ilahi…
Konqres-festivalın ikinci günü isə elm adamları bir araya gələrək Qərbi Azərbaycanla bağlı müxtəlif istiqamətlər üzrə apardıqları tədqiqat işlərini təqdim etdilər. Mən də “Qərbi Azərbaycan rəqs sənəti və onun türk mədəni irsində yeri” mövzusunda məruzə ilə çıxış etdim. Xatırladlm ki, bu tədqiqat işi elmi rəhbərim, Sənətşünaslıq üzrə fəlsəfə dokrotu Həbibə Məmmədova ilə birgə çalışmamız idi. Təqdimatlar zamanı Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, incəsənəti və milli-mənəvi irsinin qorunması istiqamətində aparılan araşdırmalar geniş müzakirə olundu.
Sonda isə yazımı cənab prezidentin sözləri ilə bitirmək istəyirəm; “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir.”
“Ədəbiyyat və incəsənət”
(24.06.2026)
Dəyişmək qorxuludur, amma qalmaq daha qorxulu -ESSE
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər şey eyni idi – otağın divarları, pəncərənin açılan mənzərəsi, divardakı saat, önümdəki ayna.
Lakin içimdə nəyinsə boğulduğunu, hər gün daha da daraldığını hiss edirdim.
Adını qoymaq çətin idi, nə olduğunu bilmək də.
Günlər bir-birinə bənzəyirdi.
Sanki eyni səhəri eyni yorğunluqla qarşılamaq üçün hər gecə yuxuya dalırdım.
Nə dəyişirdi? Heç nə.
Mən isə içimdə hər gün nələrisə itirirdim.
Dəyişmək istəyirdim. Amma qorxurdum.
Tanımadığım gələcək, alışdığım narahatlıqdan daha təhlükəli görünürdü.
Bəzən alışdığım həyatımı qəbullanmağa çalışırdım.
Amma içimdəki o inadkar səs susmurdu.
“Getməsən, yox olacaqsan…” – deyirdi.
Sadəcə irəliləmək lazım idi – geriyə dönmədən, qorxmadan.
Yerimdə qalsam, içimdəki səs məni sakit-səssiz tükədəcəkdi.
Mən o səsə qulaq asmaq istədim.
Bütün səslərə qulağımı bağladım.
Sadəcə bir səsi – qəlbimin səsini dinlədim.
O səs heç bir səsə bənzəmirdi.
İnamla, cəsarətlə danışırdı.
Deyirdi ki: “Hərəkət etsən, qazanacaqsan. Yoxsa, bir yaz gülü kimi, heç açmadan solub gedəcəksən.”
Mən qorxaraq da olsa, irəliləməyə qərar verdim.
Çünki tükənmək – yaşamaqdan daha təhlükəli idi.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)
Onlar gün saymır, bir gün azadlığa oyanmaq ümidi ilə yuxuya gedir
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Onlar gün üzünə yox, azadlığa həsrətdirlər. Bəlkə də heç zaman, heç nə üçün gün saymayan bu insanlar indi dəmir barmaqlıqlar ardında günləri, həftələri və illəri sayırlar. Bəzən də, bu sayım heç bitmiyəcək qədər uzun olur... Ömürlük!
Hər səhər zindan kimi dəmir qapıların cırıltısı, ağ divarların öz-özünə rəsm yaratdığı sonsuz tablo, ümidin səngidiyi, sözün yaddan çıxdığı bu məkanda insan bəzən öz kölgəsini belə görə bilmir. Cəzaçəkmə müəssisələri həyatın dayandığı, xəyalların hər gün beyni qurcaladığı yerdir. Bəzən həyat burda nə cəzanın bitməsi, nə də azadlığa çıxışdır. Həyat sadəcə anı yaşamaqdır.
Cəzaçəkmə müəssisələrində nəfəs alanların əksəriyyəti vaxtlarının bitməsini gözlədiyi halda, bəziləri bunu vərdişə çevirərək monotonluğun içində itib-batırlar. Bura məhkumların dünyasıdır. Günlər bir-birinə bənzəyir. Saatlar Nuh əyyamından qalmış kimi paslanıb. Onlar üçün hər yeni gün təqvimdəki həmin tarixə xətt çəkməklə keçir. Günlər hardasa aşağı-yuxarı eyni keçir. Nə fəsillərin rəngi, nə də ömrün çağları burada hiss olunur. Burada yalnız insanların daxili sükutu hiss olunur.
Bəzi məhkumlar üçün islah evi bir oyanış, bir diriliş və yenidən özünü tapmaqdır. Bəziləri üçün isə sadəcə həyatda qalmaq uğrunda mübarizə. Onlar burada nə qədər yaxşı olduqlarını desələr də, susqunluqlarında tamam başqa bir həqiqət pıçıldayır. Bu həqiqətin adı “vicdan əzabı”dır. Çünki bu divarlar azadlıq üçün bağlı, həqiqət üçün açıqdır.
Bəlkə də onların içində minbir peşmançılıq var. Hərəsi öz içindən qışqırır: “Biz səhvlərin kölgəsində böyüyən, peşmançılığın içində cılızlaşan adamlarıq. Kimimiz bilməyərəkdən, kimimiz isə bilə-bilə bu dəmir barmaqlıqlar arxasındayıq. Biz burada təkcə cəza çəkmirik, həm də cəzanın nə olduğunu anlayırıq. Bəzən bir məktub, bir uşaq şəkli, bir dua, bir göz yaşı bizi dəyişir. Bəzən isə heç nə dəyişmir.”
Gün işığı burada pəncərəyə toxunmur. Pəncərə isə azadlığın nə olduğunu çoxdan unudub. Qapılar bağlanır. Dəmirin dəmirə dəyən səsi eşidilir. Bu səslərin arasında isə gecələr yatmayan adamların hıçqırtılı duaları var. Kimsə illər əvvəl öpdüyü uşağın şəklini çıxarıb qoynuna sıxaraq yuxuya gedir!
Cəza sadəcə azadlıqdan məhrum olmaq deyil. Cəza sənin səsini heç kimin eşitməməsidir. Sənin peşmanlığını heç kimin görməməsidir. Azadlıqlarına qıyanlar, sevdiklərini yalnız xatirələrindəki üzlərindən tanıyırlar.
Bəzən bir anlıq əsəb, stres və hiddətlə verilmiş qərar həyatımızı dəmir barmaqlıqlar arxasına sürükləyir. Biz içəridə də dustaq olduğunuz halda, bütün ailə üzvlərimiz bizimlə bərbar dustaqlaşır. Özümüzə vurduğumuz zərbəni dolayısı ilə canlı mərmi kimi onlara tuşlayırıq.
Gəlin sevdiklərimizə sarılaq ürəklə, övladlarımızın əlindən tutaq sevə-sevə. Ayaqlarımızın, əllərimizin və gözlərimizin qədrini bilək. Onları başımıza gələcək bütün pis hadisələrdən sığortalayaq. Daima ətrafımızda bir nəfər olsun... Bizi bir baxışla, bir sözlə dayandıracaq biri. Unutmayaq: Azadlıq sahib olmaq yox, qoruya bilməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.06.2026)


