Super User

Super User

Moldovanın paytaxtı Kişineuda yerləşən Mariya Bieşu adına Milli Opera və Balet Teatrında Azərbaycanın dünyaca məşhur müğənni və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sevgi və dəniz” adlı konsert keçirilib. Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən konsertə 1000-dən çox tamaşaçı qatılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövləöt Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, komitənin əməkdaşı Təhmasib Atakişiyev, diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri, Moldova–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İon Qroza, Moldova Parlamentinin deputatları, Moldovanın Mədəniyyət, Elm və Təhsil Nazirliyinin, Millətlərarası Münasibətlər Agentliyinin təmsilçiləri, eləcə də digər rəsmi şəxslər və ictimai xadimlər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Müslüm Maqomayevin Azərbaycan xalqı üçün əvəzsiz sənətkar olduğunu, həmçinin Azərbaycan–Moldova mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanlılar üçün Müslüm Maqomayevin adı xüsusi qürur mənbəyidir. Moldovanın bir çox sakinləri də onu yaxşı tanıyır və yaradıcılığını yüksək qiymətləndirir. Bu gecə təkcə böyük sənətkarın xatirəsinə ehtiram deyil, həm də Moldova ilə Azərbaycan arasında mədəni dialoqun və dostluğun növbəti təzahürüdür,” – deyə o bildirib.

Konsert proqramında Moldova opera məktəbinin nümayəndələri Aleksey Botnarçuk (bas) və Gülnarə Raylyanu (soprano) Müslüm Maqomayevin repertuarından əsərlər ifa ediblər. Onların çıxışları tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

“Sevgi və dəniz” adlı musiqi gecəsi böyük sənətkarın xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan və Moldova arasında qarşılıqlı hörmətə, dostluğa və mədəni əməkdaşlığa əsaslanan əlaqələrin daha bir bariz nümunəsi kimi yadda qalıb. Tədbir milli mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini bir daha nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

Cümə axşamı, 25 İyun 2026 15:10

Narınc Məmmədovadan danışmaq istəyirəm…

Kamalə Abiyeva,

“Ədəbiyyat və incəsənət”

 

Narınc Məmmədovadan danışmaq istəyirəm. O Narıncdan ki, Füzuli rayon Mahmudlu 2 kənd məktəbinin müəllimidir.

 

ADPU-nin riyaziyyat fakültəsini bitirib 1991 – ci ildən öz kəndində Qeyrət İbişov adına məktəbdə müəllim işləməyə başlayıb. Ailə qurduqdan sonra bir müddət Moskvada yaşasa da yurd həsrəti onu rahat buraxmayıb. Yenidən öz elinə qayıdıb:

- Torpağıma bağlıyam. Azərbaycandan, bu kənddən uzaqda yaşaya bilmədim. Öz kəndimin övladlarına dərs demək, onların savadlanmasına xidmət etmək  istədim. Bundan böyük xoşbəxtlik yoxdur mənim üçün.

Sizə  Narınc Məmmədovadan danışıram.

O Narıncdan ki, 1965 – ci ildə illərdi yaralı olan o torpaqlarda dünyaya gəlib, böyüyüb və illərlə təhlükəylə iç-içə yaşayıb. İllərlə güllə səsi  eşidib. İllərlə əsgərlərimizlə birgə döyüşüb, yaralanıb, şəhid olub.

- Kəndimiz cəbhə xətti idi. Işğal olmuş ərazilər bizdən sonra başlayır. Ermənilər atəşkəsi tez-tez pozurdu. Elə bilirsiz ölümdən qorxuram? Qətiyyən.  Oğlanlarım ali təhsillidi. İş də yox idi. “Bakıya, Gəncəyə getsinlər” deyə məsləhət verənlər, gedənlər də çoxdu. Amma onlar getmir. Heç nə bir addım o yandakı torpaqlarımızın düşmən əlində olmasından ağır deyildi. Neçə dəfə böyük oğlum İrana keçib ordan torpaqlarımıza baxıb. İçimizdə həmişə bir ümid, bir inam olub. Elə bilirdim burdan getsək, o ümidi itirərik. On metrlik bayraq da tikmişdim. Həmişə düşünürdüm ki, torpaqlar azad olunacaq və mən onu rayonlarımızdan, yüksəkliklərdən birində asacam. Müharibə başlayanda, nə qədər ağrılı olsa da, sevindik.  Kişilər qalsa da, qadınların bir çoxu çıxdı kənddən. Bizim məhlədə dörd qadın qalmışdıq. Güllələrin, təcili yardım maşınlarının səsi hələ qulaqlarımdadır. Bundan ağrılı səs yoxdu mənim üçün. Çox çətin idi.

O günlərdə doğmaların, dostların səs yazılarını dinləyirəm. Hamısı narahatlığını bildirir, “bəlkə bir-neçə günlüyə də olsa, kənddən çıxasan” deyirlər.

O gedə bilmir. “Şəhidlərimizi, yaralılarımızı, əsgərlərimizi qoyub gedə bilmərəm” deyir hər igidlə şəhid olan, yaralanan Narınc xanım.

- Təsəvvür edə bilməzsiniz necə çətin idi. Sentyabrın 27-də  savaş başladı. Elə bil atışmalar kənddə idi. Evim əsas yola, məscidə yaxındı. Bir-neçə saatdan sonra artıq ilk yaralıları, şəhidləri gətirirdilər. Hava qaralırdı. Dayan bilmədim.  Məscidin həyətinə getdim. O mənzərəni görmək ölümdən betərdi. Bir müəllim üçün məzunlarının şəhid olduğunu görmək ikiqat ağrılıdı. Sevimli şagirdimi - Şahnuru da orda gördüm... Elə Füzulidə hərbi hissədə xidmət edirdi. Kapitan idi...

Sizə Kapitan Şahnur Hüseynovun döyüş yolunda rastladığım Narınc müəllimədən söhbət açıram.

O günlərdən danışan Narınc müəllimənin səsi də, sözləri də yamyaş idi. Oğlanları ilə daim əgərlərimizin yanında olub Narınc xanım:

- Oğullarım orduya yazılmışdılar, könüllü. Aparmadılar. “Bura da cəbhə hesab olunur, arxa cəbhə önəmlidir” deyirdilər. Hər gün onsuz da əsgərlərlə idilər, ehtiyaclarını öyrənirdilər. Yaralıları daşıyırdılar. Hər gün yemək bişirirdik, necə olsa ev yeməyidi. Anayam həm də. Hər bir əsgər övladımdı elə bil. İstəyirdim ana yeməyi yesinlər.

Yenə səsi qırılır: Bəlkə hansısa sonuncu dəfə mənim bişirdiyim aşı yeyib...

Əgərlərimizin Narınc müəlliməyə göndərdiyi görüntülərə baxıram, səslərini dinləyirəm. Təşəkkür edirlər, göndərdiyi yeməklərin ləzzətindən danışırlar. Narınc müəlliməsə Gəncədə uşaq evində böyüyən Əmrah Rəcəbovu xatırlayır: - Dedilər, Şəhidimiz var, kimsəsizdi, uşaq evində böyüyüb, bəlkə siz gələsiz... Kimsəyə demədim, yəni icazə-filan almadım, şagirdlərimi götürdüm. Bayraqlarla getdik. Təkcə külü vardı... Ürəyim az qalırdı partlasın... Biz onun ailəsi olduq.

Gözünün seli hər şeyi yuyub aparır elə bil. Qələbənin şirinliyində necə acılar var. “Bütün analar onun anası oldu” sözlərimi eşitdimi? Hələ də bilmirəm. Özümü yığıb - yığışdıra bilmirdim. Əmrah kimi yandım, külə döndüm. Dəfələrlə “Sən hamımızın oğlu oldun” deyə pıçıldadım.

Əmrah bütün Azərbaycanın qəhrəmanı olsa da, Gəncədə böyümüşdü.  Gəncə öz Şəhid oğlunu layiqincə qarşılayıb, layiqincə yola salıb.
Neçə-neçə əmrahlar, şahnurlarsa Narınc xanımın yaddaşındadı. Qələbə möhtəşəmliyinə aparan ağrılı-acılı, qürurlu günlər yaşayıb, arxa cəbhədəki işinə görə fəxri-fərmanlar alıb:

- Hər saat, hər gün bir qəsəbə, bir kənd, bir rayon azad olunurdu.  Əsgərlər bayraq istəyirdilər, azad olunan hər qarış torpağa bayraq asmaq arzusundaydı hamısı. Özümüz tikdiyimiz 50-60 bayrağımız vardı məktəbdə, tədbirlərdə istifadə edirdik. Hamısını əsgərlərə verdim. O 10 metrlik bayrağı da...

Ürəyinnən qopub gələn gözyaşlarını görürəm elə bil.

- Bilirsiz, necə sözəgəlməz duyğular yaşayıram bayraqlara baxdıqca. Oğlum da mümkün qədər azad olunmuş torpaqlara gedirdi. İndi özüm də gedirəm. Artıq qayıdışdı.  Doğma yerlərdə dalğalanan bayraqlarımızın videolarını çəkirik. Baxıb düşünürəm ki, onların arasında mənim bayraqlarım da var. O 10 metrlik bayraq da var. Bizim bayraqlarımızdı. Qürur duyuram...

Səsində doğma küləklərlə oxşanan bayraqların titrəyişini hiss edirəm Narınc xanımın. Ürəyim, gözüm, əllərim də də əsir elə bil. İçimdə hayqırtı var:

- Qarabağı bayraqlarımız bəzəyir. Qarabağım... Bayrağım... Azərbaycanım...

Yuxu kimi gəlir hələ də.
Ən möhtəşəm xəyalımın gerçək olma şirinliyinin dadını hiss edirəm.

Mənim bayrağım. Bizim bayraq. Azərbaycan bayrağı. Öz elinə, obasına qovuşan Bayrağım. Nə qədər qürurvericidi. İlahi bir sevincdi Narınc müəllimə.

Kaş bir gün Bayrağımız bütün torpaqlarımızda beləcə qürurla dalğalansın. 

Narınc xanımınsa gözləri yol çəkir kim üçünsə:

- Gözlərimi yolda qoyan xatirəm var. Məktəbdə əsgərləri yerləşdirmişdilər. Məktəbə gedəndə bir əsgər yaxınlaşdı. Cibindən bir kağız çıxardı. Məktəbdə rəsm sərgilərimiz olur. Xocalı soyqırımına həsr olunmuş sərgidən bir rəsmi götürmüşdü. Bir şagirdimiz bölünən ürək çəkmişdi. Yarısı qara, yarısı qırmızı. Əsgər dedi ki, torpaqlarımızı azad edəcəyik. Mən bu şəklin qarasını qırmızıyla çəkəcəm, bu ürək bütövləşəcək gətirib yerinə asacam.  Hələ də o əsgəri gözləyirəm... Təəssüf ki adını bilmirəm. Bir ana övladını gözləyən kimi gözləyirəm... Sosial şəbəkədəki paylaşımlara, videolara baxıram. O əsgəri axtarıram. Bəlkə heç sağ deyil... Amma mən gözləyirəm. Mən o əsgərə, əsgərlərimizə inanırdım.

Fəxrlə tez-tez “Qapım Zəfər yoluna açılır və bu yol düz Şuşaya gedir” deyə təkrarlayan Narınc xanım, inanın! İnanın ki, O əsgər gələcək. O əsgərlər gələcək.

Bir gün AZƏRBAYCANIMIZIN bütöv şəklini çəkəcək.

Əziz oxucu, Sənə 2020-ci ilin son aylarında qiyabi tanış olduğum, indisə doğmalaşdığım Narınc Məmmədovadan söz açıram. Sonralar Bakıda keçirilən tədbirlərimə gələn Narınc müəllimənin sayəsində Mahmudlu 2 kəndində çoxları imzamı tanıyır. Tədbirlərdə şeirlərim səslənir. Bu kənddə bütün şəhidlərin xatirə lövhələri var. Azərbaycanın istənilən bölgəsindən şəhid ailələri Mahmudlu 2 kəndinə gəlir. Narınc müəllimə, demək olar ki, hər gün öz şagirdləri ilə birlikdə Şəhidlər xiyabanına gedir. Anım günləri keçirir.  Onun paylaşımlarına baxanda düşünürsən ki, Q. İbişov adına Mahmudlu 2 kənd məktəbində sadəcə uşaqlar oxumur, vətənpərvər, vicdanlı, məsuliyyətli vətəndaş ordusu yetişir. Ona görə də mən ötən il bu qəhrəman kəndin qəhrəman məktəbinin şagirdləri ilə görüşə qürurla getdim. Məktəbin direktor müavini Narınc müəllimənin təşkilatçılığı ilə keçən görüş hər birimizin ömrünə yazıldı. Bir daha əmin oldum ki, bütün tənqidlərə, təhqirlərə baxmayaraq öz dövlətini sevən vicdanlı müəllimlər var. Onların bu vətəni hər an qorumağa hazır olan məzunları var.

Onlara baxanda inanıram ki, bir gün qapılarımız İrəvana, Göyçəyə, Zəngəzura, Ərdəbilə, Təbrizə gedən Zəfər yoluna açılacaq. 

P. S. İyunun 25-də Narınc müəllimənin doğum günüdür. Onun simasında dövlətini sevən bütün vicdanlı, məsuliyyətli vətəndaşlarımızı təbrik edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Hüseynbala Mirələmov əslən Cənub bölgəsindəndir, amma hər bölgəmizdən olanlar onu özlərinə doğma sayırlar.

Onu rəsmən Azərbaycan Respublikasının əməkdar mühəndisi kimi təqdim edirlər. Amma biz tanınmış yazıçı və dramaturq kimi təqdim edirik. Çünki Hüseynbala Mirələmov necə ki, iqtisadiyyat sahəsində uzun illər Azərbaycanın inkişafı üçün əmək sərf edib, eləcə də, ədəbiyyatımızın, teatrımızın inkişafı üçün qol çırmayaraq ürəkdən çalışıb.

Bu gün onun doğum günüdür, 81 yaşı tamam olur. Öncə onu səmimi qəlbdən təbrik edək, ardınca bir qədər haqqında danışaq.

 

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. Lənkəran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirib. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirib. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmət keçib. "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olub. Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib.

"Azərqaztəmirtikinti" trestinin və Maye Qaz İstehsalat Birliyinin rəisi, Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub. "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, Azərbaycan Qaz Emalı Zavodunun direktoru olub.

Yeni Azərbaycan Partiyasının üzvü olub, YAP Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Və əlbəttə ki, ədəbiyyat onu uşaqlıqdan özünə çəkib.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-ci ildə "Bir tikə çörək" hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu" 1986-cı ildə işıq üzü görüb. "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasından Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşir edilib.

30-dan artıq bədii və publisistik kitabın müəllifidir.

Müəllifi və həmmüəllifi olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları", "Neftin və qazın boru kəmərləri ilə nəqli", "İnşaat istilik fizikası", "Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları", "Boru kəmərləri və konsturuksiyaların qaynağı" və digər elimi nəşirlər də hazırda ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitablardandır.

Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Beynəlxalq mühəndislər, Rusiya Mədən Akademiyasının, Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvüdür. Texnika elimləri doktoru, professorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri olub.

 

Mükafatları

1. "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl kəlmə", "Yaddaş" mükafatı

2. "Rəsul Rza", "Akademik Yusif Məmmədəliyev" adına beynəlxalq mükafatı

3. "Uğur zirvəsi", "İlin yazıçısı", "A. N. Kosıgin" mükafatı

4. "Yuri Dolqoruki" adına mükafat

5. "Akademik Həsən Əliyev" adına beynəlxalq mükafat laureatı

6. MDB üzrə 100 direktorlar müsabiqəsinin 8 dəfə qalibi

7. Əməkdə fərqlənməyə görə Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalı

8. "Qırmızı əmək bayrağı" ordeni

9. "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı

10. "Şöhrət" ordeni

11. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

Cümə axşamı, 25 İyun 2026 14:07

Həm bədəni, həm də ruhu sağaldan AFAQ ŞIXLI

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət”  portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Gözəl, lirik şeirlər, mükəmməl tərcümələr, sonsuz vətən sevgisi və xoş əməllər – bu xanımı səciyyələndirən ən əsas xüsusiyyətlərdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyada yaşayan həmyerlilərimiz arasında ədəbiyyat sferasında ən çox parlayan bir sima olan, Moskvada yaşayıb-yaradan   Afaq Şıxlının bu gün doğum günüdür.

 

Bir axşam otağına sehrli bir güc gələ,
Qayıdasan keçmişə -
otuz bir il əvvələ...

Hovxura əllərini isti iyun havası,
Toxuna yanağına ötən günün ziyası...

Ömrün dar köynəyindən
otuz bir ilmə düşə,
Sancaqtutmaz saçların
yenə belinə düşə...

Haradasa kimsə də
həsrətindən sarala,
Qəlbin təlatümündən gözlər yuxusuz qala...

Şirin ola sevgidən çəkdiyin çilə belə,
Könlün zərif gül kimi bir də açıla bilə...

Məhəbbətli ürəyin, kədərsiz başın ola,
Nə ola bir dəfə də on yeddi yaşın ola!

Bu incə, lirik, qəlbtitrədən poetik kəlmələrin müəllifi olan Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin məşhur Şıxlinskilər soyundandır.

Bir zamanlar Çar Rusiyasında artilleriya Allahı adlandırılaraq rusları təəccübləndirən Əliağa Şıxlınski nəslinin növbəti nümayəndəsi də indi onları söün sehriylə, gücüylə təəccübləndirir.

 

Afaq xanım 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olub. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləyib.

Hazırda, qeyd etdiyim kimi, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar və Rusiya Yazarlar Birliyinin, Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib və 2015-ci ilin yanvar ayında AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunub. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur. O, görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlının qohumudur.

 

Orta məktəbdə oxuyarkən məktəb Gənc şairlər dərnəyinin rəhbəri olub. Şeirləri divar qəzetlərində və bir neçə dəfə "Göyərçin" jurnalında dərc olunub. Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnallarda), eləcə də, bir çox internet saytlarda dərc edilib. 1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir. 6 şeir və hekayə toplusunun müəllifidir.

 

Türk və Rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda, öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, bu ölkələrin qəzet, jurnal və saytlarında dərc olunub.

 

Kitabları

 

- Qəlbimin dedikləri

- Sevərsənmi

- Yeddidən biri

- Məndən uzaqda

- Səni düşünürəm

- Ömrümün beşinci fəsli

- Dostlarım, bana da bahar gönderin

 

Afaq xanımı səmimi qəlbdən doğum günü münasibətilə təbrik edirik. Həkim insanın bədənini, şair ruhunu sağaldır. Nə xoş Afaq xanıma ki, həm həkimdir, həm də şair.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

 

Cümə axşamı, 25 İyun 2026 12:37

GK-da Azərlotereya ilişgiləri

Sərtyel,

“Ədəbiyyat və incəsənət”in Gülüş Klubu növbətçisi

 

1.

NAŞÜKÜRLÜK

Təzəpir məscidində bir nəfəri əllərini göyə açıb Allaha dua edərək 100 manat istədiyini görən Dərdayılın ona ürəyi yanır, adəti üzrə bığlarına sığal çəkib, çıxarıb ona 50 manat verir.

Belədə həmin şəxs pulu götürüb yenidən əlıərini göyə açaraq deyir:

-İlahi, sən mənə pulu bu bığlı tarakanla niyə göndərirsən, əbləh pulun yarısını vermədi. 

 

2.

OLMUŞ HADİSƏ

Məşhur deputat dəniz kənarından qəribə butılka tapır, ağzını açanda içindən cin çıxaraq deyir:

-Ey mənim xilaskarım, mən kreativ cin xidmətindənəm, biz müasir düşüncə tərzi ilə daha innovatik performanslar sərgiləyərək müştərilərə xidmət göstəririk, arzunu de, yerinə yetirim. 

Gözlərinə işıq gəlmiş Deputat cəld içində 19 manat olan bank kartını çıxarıb deyir:

-Cin, elə et ki, mənim bu kartımdan ömür boyu pul əskik olmasın. 

Cin “baş üstə” deyib ayin icra edir və qeyb olur.

Deputatın telefonuna bankdan mesaj gəlir: “Sizin bank kartınız ömrünüzün sonunadək içindəki məbləğlə birlildə bloklandı”.

 

3.

DİALOQ

-Sənan, xətrimə dəydin, necə ola bilər ki, bu qədər yaxınlıqdan sonra sən mənim adımı səhv deyirsən?

-Quzum, Sənan yox, Kənanam mən. 

 

4.

FƏRQ

Keçmişdə heyvanlar barədə cəmi bir dənə veriliş var idi, adı “Heyvanlar aləmində” idi. 

İndi hər kanalda tok-şou adı altında bir-iki aparıcılı, beş-altı ekspertli, on-on beş tamaşaçılı onlarca belə veriliş gedir.

Mən şəxsən keçmişdəkini daha çox bəyənirəm.

 

5.

MƏNTİQ

“Azərlotereya” içində lotereya biletləri satdığı yeraltı keçidin üstünə böyük bir reklam lövhəsi vurub: “Sən bura daxil oldunsa, demək, 500000 manat qazanacaqsan”.

“Qazanmaq şansın var” yox a, “qazanacaqsan”.

Götürəsən verəsən məhkəməyə, deyəsən ki, girmişəm bura, di ver 500000 manatı. 

 

@sərtyel

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

Cümə axşamı, 25 İyun 2026 16:12

86-dan 87-yə səssiz Ziya Səmədzadə keçidi

 

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Allahın izni yoxdursa, taleyinə uzunömürlü olacağını yazmayıbsa, lap belə hər gün süd gölündə üzsə, dünyanın ən saf ərzaqlarını təam etsə də, o kəs çox yaşaya bilməz. Necə deyərlər, ya vəlvələdən, ya da ki zəlzələdən- axır ki, hansısa səbəbdən cavan öləcək. Bəli, hər şey Allahın iradəsindən asılı olduğu kimi, insan ömrünün qədəri də Ondan asılıdır. Xülasə, səksən beş yaş hər adama nəsib olmur. Bu dəfə sizə iyunun 25-də 85 yaşını qeyd etmiş Ziyad Səmədzadədən danışmaq istəyirəm. Amma, gəlin öncə onun ömür yoluna işıq tutaq. Haradan gəlib bu məqama yetişdiyinə nəzər yetirək...

 

O, 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində Əliabbas kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin iqtisad fakültəsinə qəbul olunub və oranı fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alaraq, namizədlik dissertasiyası müdafiə edib. 31 yaşında olarkən təkrar dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Və 37 yaşında olarkən ona professor elmi adı verilib. 1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini olub. 1978-1982-ci illərdə isə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyib. 1980-ci ildə indiki Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. 1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan–İqtisad Komitəsinin sədri olub. Sonra o, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. 1991-ci il oktyabrın 18-də məhz onun sədrliyi ilə keçirilən Ali Sovetin sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. O vaxtdan bu günədək parlamentdə deputat kimi fəaliyyətini davam etdirir. Hazırda Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir...

 

Kitab həvəskarıdır, mütliə etməyi xoşlayır. Bağ evindəki kitabxanasında yalan olmasın, bəlkə də 25 minə qədər kitab var. Doğrudur, bu kitabların əksəriyyəti iqtisadiyyatla bağlı kitablardır, amma yetərincə bədii ədəbiyyat da var...

 

Deyir ki:- “Hər bir evdə kitabın olması çox vacibdir. Düzdür, zəmanə dəyişib, indi internet kitabxanaları yaranıb. Amma yenə də dünyanın ən nüfuzlu alimləri düşünür ki, şəxsi kitabxana mütləq olmalıdır. Kitab millət üçün, ailə üçün, ən böyük sərvətdir. Kitab, bir nəslin digər nəslə ötürə biləcəyi ən böyük xəzinədir. Belə bir deyim var: yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir. Öləndən sonra xatırlanmaq istəyirsinizsə ya nümunəvi oxucu olun, ya da oxunaqlı kitablar yazın,” deyiblər.”

 

Milli musiqimizin, muğamın vurğunudur. Həm də yaxşı tar ifaçısıdır. Uşaqlıqdan bu sənətə maraq göstərsə də, sonradan tale onu incəsənət sahəsindən uzaqlaşdıraraq başqa səmtə istiqamətləndirib...

 

“7-8 yaşımdan qardaşımın sayəsində tarı sevdim. Buzovnanın musiqi dərnəyində tar müəllimi Mustafa var idi, onun yanına gedirdim. Tar ifaçılığı mürəkkəb sənətdir. Amma bu sənəti də öyrənə bildim. Uşaq vaxtı məni Xalid deyə çağırırdılar. O zaman hər kəs deyirdi ki, Xalid çox yaxşı tar ifa edir və məni həvəsləndirirdilər. Bəzən özümü tara çox bağlı hiss edirəm. Ən xoş dəqiqələr məhz musiqi ilə keçəndir. Həyatımın hər çətin anında təsəllini musiqidə tapmışam. Musiqi adamı çox dərinliklərə aparır və musiqi duyumu olmayan insanı mən bədbəxt adlandırıram.”- söyləyir.

 

Xidmətləri bir sıra mükafatlara layiq görülüb. Təltif olunduğu ordenlərin arasında “Şöhrət” və “Şərəf” ordenlərini xüsusi vurğulamaq istəyirəm...

 

Deyir ki:- “Yaradıcılığımın və istirahətim ən xoş günləri məhz payız vaxtlarına təsadüf edir. Payızda istirahət etmək üçün vaxt çox olur və bu fəsildə Xəzərin sahildə gəzmək də gözəllikdir. Şəxsən mənim üçün ən gözəl istirahət piyada gəzmək və xəyala dalmaqdır. Piyada gəzəndə sanki dünyanı mənə verirlər. Məni tanıyan hər kəs bilir ki, hər gün bir neçə saat piyada gəzirəm. Əgər bu ənənəmdən kənara çıxdımsa, həmin an zərərini hiss edirəm. Hərəkət varsa, həyat var. Yoxdursa deməli həyat dayanıb. İdman bizim sağlamlığımız, yaxşı bir insan kimi formalaşmağımız üçün ən ideal vasitədir. Sağlam idmançılar heç vaxt pislik etməzlər. Çünki, sağlam bədəndə sağlam ruh olur. İdman da sağlamlıq üçün çox vacibdir. Bir azərbaycanlı kimi sevinirəm ki, ölkəmizdə idmana diqqət çox böyükdür.”

Gənclik illərində futbola böyük marağı olub. Hətta bu gün də top görəndə həvəslənir. İstəyir ki, topla oynayıb cavanlığını yadına salsın. Ən çox sevdiyi futbol komandası isə Barsilonadır...

 

“Düzdür, indi artıq mənim o vaxtım deyil ki, topla oynayım. Amma hərdən adam istəyir ki, cavanlıq illərinə qayıtsın. Hətta uşaqları bağda oynayan görəndə mən də topa biganə qala bilmirəm. O vaxt Buzovnada idman kompleksləri yox idi. Məktəbdə olan idman zalları çox kiçik olurdu. Amma açıq havada idmanla məşğul olurduq. Kimisi güləşirdi, kimisi qaçırdı, mən isə futbol oynayırdım. Demək olar ki, hər gün küçələrdə, məhəllə-məhəllə futbol oynamışıq. 1964-1965-ci illərdə mənim ləqəbim olub, Moskvada mənə Eyselbio deyirdilər. O vaxt Portuqaliyanın məşhur futbolçusunun adı idi. Mən həqiqətən futbolu yaxşı oyanırdım."

 

Bağda tez-tez olduğu üçün bura dostlarını başına yığmağı, maraqlı məclislər təşkil etməyi də unutmur. Bağda nar ağacları yetişdirməyindən, meyvələri şəxsən özü yığmasından zövq aldığını bildirir...

 

“Bu torpaqlar dənizə yaxın olduğu üçün o qədər də məhsuldar deyil. Biz bu bağda məskunlaşanda burada bir dənə də olsun ağac yox idi. Yalnız tikanlıq idi. Desəm ki, mən gözəl bağbanam, bu yalan olar. Ancaq yaşa dolduqca istəyirsən ki, bağın gözəl olsun.”- söyləyir.

 

Zəhmli görünsə də, ürəyi ipək kimi yumşaqdır. Heç kimin xətrinə dəymir, bacardığı qədər ehtiyacı olanlara əl tutur, yardım edir. Qapısına pənah gətirən hər bir kəsdən qayğısını əsirgəmir. Müdrik, əsl ağsaqqal təfəkkürlü insandır...

 

...Bəli, Allahın izni yoxdursa, taleyinə uzunömürlü olacağını yazmayıbsa, lap belə hər gün süd gölündə üzsən, dünyanın ən saf ərzaqlarını təam etsən də, bu sənin uzunömürlü olacağına dəlalət etmir. Necə deyərlər, uzun ömür özünü Allaha sevdirməyi bacaran bəndələrinə nəsib olur. Bu nəsibdən onun da payına düşüb. Xülasə, iyunun 25-i iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı Ziyad Səmədzadənin 86 yaşı tamam oldu. Ona can sağlığı, ağrı-acısız günlər arzulayır və xalq şairi Osman Sarıvəllinin məşhur şeirindəki bu midralarla söhbətimi başa vururam:

 

“Heç əlinə alma əsa,

Yetmişində batma yasa,

Hər kim yüz il yaşamasa,

Günah onun özündədir...”

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

Cümə axşamı, 25 İyun 2026 14:32

O, həmişə insanların rifahını düşünür...

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Deyir ki: - “Mənəviyyatla bağlı olan hər şey gözəldir, dəyərlidir. Əsrlərin yadigarı olan memarlıq abidəsi, gözəl bir rəsm əsəri, milli ornamentli qədim bir tikili, yaxşı bir kitab və s. İnsana zövq verirsə çox dəyərlidir. Biz hər zaman böyüklüyümüzdən, nəcibliyimizdən ağızdolusu danışırıq. Amma bəzi naqis cəhətlərimizin üstündən də səssizcə ötürük. Birinin uğurunu qısqanırıq, o birinin təmiz, xeyirxah əməllərinə kölgə salırıq. Elə ədəbiyyat aləmində dedi-qodu səviyyəsində olan sualları müsahibə mətninə çevirməklə müsahibi “dolaşdırmağa”, “vurmağa” cəhdimiz də heç bir ədəbi ölçüyə sığmır. Belə məqamlarda düşünmürük ki, əxlaqımıza, mədəniyyətimizə sayğısızlıq göstəririk.”

 

Emosional və sakit təbiətlidir. Onda şəfqət hissi çox güclüdür. Qəlbi sanki bir sığınacaqdır. Bu sığınacaqda insanlığa sevgi, mərhəmət və bir sıra mənəvi dəyərlər hələ də qorunub saxlanmaqdadır. O, həmişə insanların rifahını düşünür. Buna görə də sevilir, həmişə hörmətlə qarşılanır...

 

“Hər bir insanın həyatda bağlandığı, çox sevdiyi nələrsə var. O nələrsə səni sevdiyinə doğru uzanan keşməkeşli yolu inadkarcasına qət etməyə ruhlandırır. Məncə bunlardan ən ucası, alisi yurd segisi, vətən təəssübkeşliyidir. Yetər ki, istədiyini “dəlicəsinə” sevəsən. Doğrudan da, insan bir şeyə dəlicəsinə vurulanda Allah onu istəyinə çatdırır. Biz bu gün belə amalla yaşayan neçə ziyalının, ədəbi şəxsiyyətin adını çəkə bilərik? Bir də kimdi ədəbiyyat adamı? Gecə-gündüz təkcə öz əsərlərinin, nəşrlərinin qayğısını çəkən, ard-arası kəsilməyən təbliğatını qurandımı ədəbiyyat adamı? Bu gün hansısa fəxri kürsüyə, əhəmiyyətli posta sahiblənib ancaq özünü yetişdirəndimi ziyalı?”- söyləyir.

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Şəfəq Nasirdir. O, 25 iyun 1954-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. 1971-ci ildə orta məktəbi, 1976-cı ildə isə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə uzun illər respublikada uşaqlar, yeniyetmə və gənclər üçün kitablar nəşr edən "Gənclik" nəşriyyatında başlayıb. O, burada redaktor, şöbə müdiri və- zifələrində çalışıb. 1992-1994-cü illərdə "Təhsil" nəşriyyatında baş redaktor vəzifəsində işləyib. 1995-2015-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyində baş məsləhətçi, sənədlərlə iş və protokol şöbəsinin müdiri, Media və ictimai əlaqələr şöbəsində böyük məsləhətçi, "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının xəbərləri"nin redaksiya qrupunda qrup rəhbəri- redaktor, media və ictimai əlaqələr şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 2016-2021-ci illərdə "Respublika" qəzetində məsul katib, humanitar siyasət redaksiyasının müdiri vəzifəsində işləyib. Uzun illərdir Azərbaycan jurnalistikasının bir qolu olan İrəvan mətbuatının tədqiqi sahəsində elmi araşdırmalarla məşğuldur. İrəvanda ilk anadilli mətbuatımız sayılan "Lək- lək" satirik jurnalını və ədəbi, siyasi, tarixi, fənni aspektdən fəaliyyət göstərmiş "Bür- hani-həqiqət" dərgisini tədqiq edərək, bu mövzuda vaxtaşırı qələmə aldığı məqalələrini ədəbi ictimaiyyətə təqdim edib. Hər iki jurnalı transfoneliterasiya edərək, ön söz, lüğətlə kitab şəklində nəşr etdirib. Eləcə də İrəvanın maarifpərvər ziyalılarının hayat və yaradıcılığına, ictimai taleyinə, dini-mədəni abidələrinə sözün qüdrəti ilə ədəbi ömür qazandıran elmi-tədqiqat xarakterli məqalələri işıq üzü görüb. Müxtəlif vaxtlarda "Yeni səslər", "Vətən səsi", "Şahidlər" kimi almanaxlarda hekayələri, ictimai məzmunlu publisistik məqalələri nəşr olunub. 10-dan çox kitabın, o cümlədən, "Gecə yağışı", "Beyləqanın güllü yazı", "Ciddi söhbət", "Bir ömrün üçbucağı", "Könül- lərə şəfəq payı", "Sözümdən ocaq çatdım" kimi bədii, publisistik əsərlərin, "Məmmədəli Nasir", "Bürhani-həqiqət", "Lək-lək" kimi elmi tədqiqat əsərlərinin müəllifidir. Bunlardan əlavə, onun bir çox xarici ölkələrin dərgilərində elmi, publisistik məqalələri nəşr olunub. Filologiya üzrə fəlsəfə doktorudur...

 

Şair-publisist Şahnaz Şahin onu belə xarakterizə edir: “İxtisasca jurnalist olsa da, yaradıcılığa bədii yazılarla başlayıb. Başqa sözlə, ədəbi mühitə yazıçı kimi gəlib. Elə mən də onu əvvəlcə yazdığı hekayələr və povestlərindən, publisistik əsərlərindən tanımışam. Diqqətimi çəkdiyindən mətbuatdakı çıxışlarını hər zaman izləmişəm. Onun jurnalistika sahəsində qələmə aldığı resenziya, rəy və çoxçeşidli publisistik məqalələrində də bədii təsvir elementləri açıq-aydın nəzərə çarpır. Kitablarından birinə yazdığı "Ömür zaman işığında" Ön sözündə belə deyir: "Uşaqlıq çağlarından göy üzü kimi təmiz sözə aşiq olmuşam. İllər uzunu işığını, cığırını tutub üzü yoxuşlara yol almışam. Bir də baxmışam ki, hər şeydən uca, dəyərli olan sözlə sirdaşam..." Bu aşiqlik, sirdaşlıq həyatı boyu onu yaradıcılığa sövq edib. Və bir gözəl cəhəti də odur ki, Şəfəqin şəxsiyyət olaraq əqidəsi bütövdür, o, Sözlə bağladığı əhdi-peymanına sadiqdir. Şəfəq uşaqlıq çağlarından həyatı müşahidə etməyi sevib. Gördüyü, dərk etdiyi nə varsa, yaddaşına hopub. Sonra yaşadıqlarını ədəbiyyata gətirməyə ehtiyac hiss edib. Hələ orta məktəb illərində yazdığı şeirləri, miniatür və kiçik məqalələri rayonda çıxan "Yüksəliş" qəzetində dərc olunub. İmzası geniş oxucu auditoriyasına "Ulduz" jurnalından, "Ədəbiyyat və İncəsənət qəzeti"ndən tanış olan Şəfəq ədəbiyyata ilk nəsr əsəri olan "Qonşular" hekayəsi və "Müəllifin ilk kitabı" seriyasından "Gecə yağışı" hekayələr toplusu ilə gəlib. Hər birinin mövzusu həyatdan alınmış bədii nəsri ədəbi mühitdə maraqla qarşılanmışdır. "Gecə yağışı" kitabındakı hekayələrində müəllif özünün qeyd etdiyi kimi, insana qayğı, övlad-valideyn və doğmalar arasında yaranan yad münasibətlərdən söhbət açır.”

 

O, emosional olaraq olduqca həssas və kövrək bir təbiətə malikdir. İntuisiyası çox güclüdür. Buna görə də əsasən intuisiyasını dinləyərək hərəkət edir və adətən də hərəkətlərində səhvə yol vermir. Mərhəmətli olduğu üçün ətrafdakı insanlardan da eyni münasibət və yanaşma gözləyir. Niyyəti saf, istəkləri ülvidir. Həm maddi, həm də mənəvi cəhətdən çox səxavətli insandır. O, heç vaxt özü haqqında deyil, başqaları haqqında düşünmək üçün kodlaşdırılıb. Sadiq, qoruyucu, intuitiv və mehribandır. Təfərrüatları xoşlayır və qarşı tərəfin də onun qədər detallara diqqət yetirməsini istəyir. Amma dərin düşünmə bacarığı ona xasdır, bunu hər kəs bacara bilməz. İncə mentaliteti var... 

 

Bu gün - iyunun 25-i filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, jurnalist Şəfəq Nasir növbəti ad gününü qeyd edəcək. Onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq…

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

 

Tarixi varislik və müstəqil dövlətçiliyin etibarlı dayağı

 

Güldanə Haqverdiyeva,

Naxçıvan Dövlət Universitetinin Texnologiya Müəllimliyi ixtisası üzrə II kurs tələbəsi. Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyəti üzrə sədrinin müavini.

 

     

 Hər bir müstəqil dövlətin varlığının, ərazi bütövlüyünün və xalqının azadlığının başlıca təminatçısı onun silahlı qüvvələridir. Azərbaycan Respublikası üçün 26 iyun – Silahlı Qüvvələr Günü sadəcə təqvimdə yer alan rəsmi bayram tarixi deyil, eyni zamanda milli ordumuzun yaranma gününü, onun keçdiyi şərəfli yolu və müasir Azərbaycanın hərbi qüdrətini özündə əks etdirən əlamətdar bir tarixdir.

 

Milli silahlı qüvvələrimizin təşəkkül tarixi XX əsrin əvvəllərinə – Şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edir. 1918-ci il mayın 28-də qəbul olunmuş «İstiqlal Bəyannaməsi»ndə açıq şəkildə vurğulanırdı ki, gənc respublika özünü xarici müdaxilələrdən qorumaq və daxili təhlükələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalıdır. Məhz bu zərurətdən irəli gələrək, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə mövcud Müsəlman korpusunun əsasında ilk müntəzəm hərbi birləşmə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman dünyasında ilk demokratik hökumətin öz milli ordusunu qurması istiqamətində atılmış mühüm və tarixi addım idi.

Ordu quruculuğu işinə dövrünün ən istedadlı hərbi xadimləri cəlb edildi. Cümhuriyyətin ilk hökumətinin tərkibində hərbi nazir vəzifəsi tanınmış dövlət xadimi Xosrov bəy Sultanova həvalə olundu. 1918-ci il dekabrın 25-də isə bu vəzifəyə çar ordusunun təcrübəli generalı, görkəmli sərkərdə Səməd bəy Mehmandarov təyin edildi, general-leytenant Əliağa Şıxlinski isə onun müavini oldu. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birgə Bakını və ətraf bölgələri işğaldan azad etməyə müvəffəq oldu. Təəssüf ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə müstəqil ordu quruculuğu prosesi də müvəqqəti olaraq dayandırıldı.

Bununla belə, milli hərbi kadr potensialının formalaşdırılması ideyası tamamilə unudulmadı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təsis edildi. Bu addım azərbaycanlı gənclərin hərb sənətinə marağını artırmaqla yanaşı, gələcək müstəqil dövlətin milli zabit kadrlarının yetişdirilməsi üçün möhkəm zəmin yaratdı.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra milli ordunun yenidən qurulması dövlət quruculuğunun ən mühüm istiqamətlərindən birinə çevrildi və 1992-ci il oktyabrın 9-da paytaxt Bakıda silahlı qüvvələrimizin ilk hərbi paradı keçirildi. Silahlı Qüvvələr Gününün qeyd olunma tarixi isə müəyyən təkamül yolu keçmişdir: ilk olaraq bu bayram 9 oktyabr tarixinə təsadüf etdirilmişdi. Lakin tarixi varislik ənənəsinə sadiqlik nümayiş etdirilərək, Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və həmin vaxtdan etibarən bu tarix hər il rəsmi dövlət bayramı kimi təntənə ilə qeyd edilir.

Müstəqillik illərində, xüsusən də son onillikdə Azərbaycan Ordusu çağdaş tələblərə cavab verən, texnoloji baxımdan təchiz olunmuş, peşəkar bir quruma çevrildi. Bu inkişafın ən bariz təzahürü 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu: Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalmış əraziləri – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də Qarabağın tacı sayılan Şuşanı düşməndən azad etdi və müharibə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat ilə Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı.

Bu tarixi qələbənin məntiqi davamı isə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Bir gündən az təxminən 23 saat davam edən bu əməliyyat nəticəsində Qarabağda qanunsuz separatçı qurumun mövcudluğuna birdəfəlik son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edildi. Əməliyyat zamanı Azərbaycan dövləti beynəlxalq humanitar hüquqa sadiqliyini bir daha nümayiş etdirərək mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirdi.

26 iyun – Silahlı Qüvvələr Günü tarixi yaddaşla müasir qürurun qovuşduğu, keçmiş nəsillərin azadlıq amalı ilə bugünkü Azərbaycanın hərbi qüdrətinin vəhdət təşkil etdiyi bir gündür. 1918-ci ildə əsası qoyulan, müstəqillik dövründə yenidən dirçələn və Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın dinc gələcəyinin etibarlı təminatçısıdır. Bu əlamətdar gün həm milli ordumuzun şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmək, həm də müzəffər hərbçilərimizin şərəfli xidmətini layiqincə qiymətləndirmək üçün hər birimizə fürsət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

Cümə axşamı, 25 İyun 2026 11:13

Beyləqanda Silahlı Qüvvələr Günü qeyd olunub

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İyunun 24-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon üzrə Gənclər və İdman Sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon Komitəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Ordumuz dövlətimizin dayaq sütunudur" adlı tədbir keçirilib.

 

Tədbirdə Vətən müharibəsi iştirakçıları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, təşkilatçı qurumların əməkdaşları, gənc idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunub. Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon üzrə Gənclər və İdman Sektorunun müdiri Sənan Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov, “N” saylı hərbi hissənin komandiri Ülvü Məmmədli və Beyləqan rayon Gənclər Evinin əməkdaşı Lalə Həmidova Silahlı Qüvvələr Gününün əhəmiyyətindən, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan və ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən bəhs ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdiyi vurğulanıb.

Sonda bir qrup hərbi qulluqçu ETİHİ-nin Beyləqan rayon Komitəsinin Diplom və hədiyyələri ilə mükafatlandırılıb və xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

 

 

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Beyləqan rayonunda Dövlət Qulluqçularının Peşə Bayramına həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət qulluğu sisteminin davamlı olaraq təkmilləşdirildiyini, bu sahədə həyata keçirilən islahatların səmərəli və şəffaf idarəetmənin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Rayon rəhbəri dövlət qulluqçularının yüksək məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərərək dövlətçiliyin möhkəmləndirilməsində mühüm rol oynadıqlarını qeyd edib.

Tədbirdə çıxış edən Beyləqan Rayon Prokuroru Elşad Əzimov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı sədri Müşfiq Səfərov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev və Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, dövlət qulluğunun ölkənin inkişafında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayıb, qanunçuluğun təmin edilməsində, dövlətçiliyin möhkəmləndirilməsində, vətəndaşlara layiqli xidmət göstərilməsində peşəkarlıq, vətənpərvərlik və yüksək məsuliyyət hissinin vacibliyini qeyd edərək, dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Həmçinin tədbirdə çıxış edən Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, “Beyləqan RMX” publik hüquqi şəxsinin direktoru Leyla Nəsirova, Beyləqan rayon Təhsil sektorunun müdiri Elvin Abbasov və Beyləqan rayon mədəniyyət nümayəndəsi Məhəmməd Qələndərov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onların məsuliyyətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində yeni uğurlar arzulayıblar.

Daha sonra 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup Beyləqan RİH əməkdaşına fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yekun nitqi ilə başa çatıb. O, bütün dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlətə və vətəndaşlara göstərdikləri xidmətlərə görə minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.