Super User
Böyük yük gəzdirən qarışqa həyatı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün tamam ayrı, tam başqayam mən,
Bir kəsək dalında, qum kölgəsində
Gizlənə bilən bir qarışqayam mən!
Qurdların, quşların dişi dibində,
Neçə böyüklərin cibi dibində
Gizlənib dən payım, hər qıxmıq payım.
Bu gün tamam ayrı, tam başqayam mən,
Çiynində özündən nə qədər ağır
Böyük yük gəzdirən qarışqayam mən.
Nə olsun ağırdır dünyanın yükü?
Özləri özümdən heç seçilməyən,
Hər an harayıma yüyürüb gələn
Qarışqa dostlarım, qardaşlarım var,
Başqa sirdaşlarım, yoldaşlarım var!
Çəkib apardığım yükün siqləti
Sanmayın haçansa məni əzəcək, -
Dünya arpa dəni, qarabaşaq tək,
yerimi tutmağa həmişə hazır
Dostların çiynində yenə gəzəcək...
Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlayıb. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olub, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlayıb.
Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışıb. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub. Azərbaycan Yazıçılar İttifaqında gənclərlə iş üzrə komissiyanın üzvüdür. Beynəlxalq "Kalevala" cəmiyyətinin üzvüdür.
Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak edib.
Əsərləri
1.Nikbinlik
2.Vağzallar...Yollar...
3.Soraqlar sevgi məni
4.Ömür ağacı
5.Alnından ay doğan adam
6.Günəşli dayanacaqlar
7.Görüşdən ayrılığa
8.Tanrını tanı (şeirlər və lirik poemalar)
Tərcümələri
(ruscadan)
1.İ.Şklyarevski. Quş kölgəsi (povest)
2.L.T.Tatyaniçeva. Bir budaq şimşək (Xəlil Rza ilə birgə)
3.R.Babloyan. İzsiz bahar (povest və hekayələr)
4.Ayven Soutoll. Bəs sabah necə?
Mükafatları:
"Fransisk Skorina" medalı (Belarus)
Ümumittifaq poeziya müsabiqəsinin üç qalibindən biri kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına, Azərbaycan LKGİ MK-nın və Ukrayna KP İvanovo-Frankovsk vilayət komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür. Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü (1990).
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
“Poetik qiraət”də ömürdən gedən illərə ağı
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Poetik qiraət” runrikasında çoxdan idi ki görüşmürdük. Yenidən sizin görüşünüzə daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nurinin “Hər il bu ömürdən bir " ağac" sınır...” şeiri ilə gəlmişik. Ömrün vəfasiz olması, günlərin sürətlə bizi qocalığa, oradan da ölümə sürükləməsinə hərə bir cür bənzətmə deyib. Birini də Əlizadə Nuri deyib. Və məncə, elə ən yaxşısını deyib...
Hər il ömrümüzdən bir " ağac" sınır-
Bir də görəcəyik, bu "meşə" yoxdu...
ƏLİZADƏ NURİ,
HƏR İL ÖMRÜMÜZDƏN BİR “AĞAC” SINIR...
Bu gün qan gölüdü... dünən su vardı,
O " suçu" kim idi, qəmi suvardı?
Ürək dediyin də çatlayan nardı-
Daha o gördüyün gülöyşə yoxdu.
Bizim sirrimizi gilənar bilir...
Hər cana dəyməyi güllə ar bilir.
...Özgə kölgəsini gül də ar bilib-
Bu kolun dibində bənövşə yoxdu.
Biri tox yıxılır, biri ac sınır,
Neçə papaq düşür, neçə tac sınır.
Hər il ömrümüzdən bir " ağac" sınır-
Bir də görəcəyik, bu "meşə" yoxdu...
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Güləyazdan “Qora bişirən” istilərə doğru
Nərgiz Mustafayeva, Gəncə
“Ədəbiyyat və incəsənət”
Xalq təqviminə görə, iyun ayı təbiətin həyatında rəsmi bir dönüm nöqtəsidir. Ayın ortalarından sonrakı günlərə qədər davam edən o şehli, sərin və güllü-çiçəkli Güləyaz dövrü yavaş-yavaş yerini yayın ən kəskin, od-alovlu mərhələsinə təslim edir.
Xalq təqviminin və etimoloji qaynaqların göstəricilərinə əsasən, iyunun 25-dən etibarən təbiət yayın ən qızmar çağını ifadə edən Yay çilləsinə qədəm qoyur. Avqustun 5-nə qədər davam edən bu ən isti dövr el arasında həm də “Qora bişirən” kimi tanınır.
“Qora” - üzümün və digər meyvələrin hələ yetişməmiş, turş və kal vaxtıdır. İlk baxışda insanı yoran bu qızmar hava, əslində bağların və bostanların xilaskarıdır. İnanca görə, məhz iyunun sonundan başlayan bu bürkülü istilər kal meyvələrin içinə daxil olaraq onları bişirir, turş qoranı şirin şirəyə və bərəkətli məhsula çevirir. Bu isti olmasa, təbiətin bəhrəsi yarımçıq qalar.
Bölgələrimizdə, xüsusən də aran yerlərində iyun ayı həm də “Oraq ayı” adlanır. Bu ay Qarayazda əkilən ümidlərin, Güləyazda bəslənən zəhmətin bəhrəsini toplamaq vaxtıdır. Saralmış buğda və arpa zəmilərində biçinin ən qızğın çağı məhz iyunun son günlərinə - yay çilləsinin başladığı ərəfəyə təsadüf edir. Kəndlinin alnından tökülən hər damla tər payızın və qışın ruzi tədarükünə çevrilir.
Aranda yay çilləsinin istiləri can yandırarkən, Güləyazda dağlara doğru başlayan yaylaq köçü iyun ayında artıq tam başa çatır. Elat tayfaları, çobanlar və arıçılar dağların ən uca, sərin nöqtələrində məskən salırlar. Dağ kəklikotusu və təzə otlarla bəslənən heyvanların südündən məşhur “yaylaq pendiri” və qış üçün saxlanacaq “motal pendiri”nin ilk mayası məhz bu ayda, yay çilləsi girməzdən öncə qoyulur.
İyun ayı – təbiətin uşaqlıq və gənclik dövrünün bitib, tam yetkinləşdiyi aydır. Güləyazın zərif təbəssümündən sonra gələn bu Yay çilləsi istisi bizə öyrədir ki, real bərəkətə və şirin bəhrəyə qovuşmaq üçün mütləq odun, istinin sınağından keçmək lazımdır. Babalarımızın yaddaşında iyun - zəhmətin bərəkətlə, qorun canla qovuşduğu ən həlledici fəsil keçididir.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Redaksiyanın poçtundan - Rəfail Sadiq Zeynalzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı “Redaksiyanın poçtundan” rubrikasında əslən Lənkəranın Xolmili kəndindən olan Rəfail Sadiq Zeynalzadənin bir neçə şeirini təqdim edir.
“Qurbanlıq olmasın tək ət bayramı...”
Bayramlı qurbanın mübarək olsun,
qurban olmayaq kaş nahaqqa, şərə.
Əsas sevgi ilə, rəhmlə dolsun,
hər qəlbə, hər kəsə, çox nəfərlərə.
Ət dərdi olmasın azuqə kimi,
bayramdan bayrama ət dadan da var.
Aşiqə yar olan məşuqə kimi,
kasıb süfrəsinə kaş ət olsun yar.
Insaflı göz açaq hər səhərlərə,
baxanda tam görək düz öndəkini.
Əs ,,haqqın küləyi,, kənd, şəhərlərə,
gəlin bezdirməyək düz yöndəkini.
Ət də bir qidadır cismə zəruri,
,,qurbanlıq,, çoxuna ət bayramıdır.
Bayramın məğzi var, batin – zahiri,
necə şeir şairin bir ilhamıdır.
Süfrəsi bol olan azadlığıyla,
hər günü niyə ki, bayram olmasın.
Ruh, cism xoşbəxtdir rahatlığıyla,
həsəd xoşbəxtlərə daha qalmasın.
Bayram ərəfəsi, anam öləndən,
düşübdür bayramlar gözümdən mənim .
Mən borc istəyirəm əsil güləndən,
üç ildir yas tənim, sevincim, qənim.
Rəfail Sadiqəm ətdən ibarət,
ətim pula getməz, sözüm bazara.
Şair özü donar, sözü hərarət,
soyuqluq salmasın bizi azara.
Uşaqlar sevinər ət yeyəcəklər,
böyüklər şad olar, ət ala bildik.
Şeirimi oxuyub nə deyəcəklər ?
şükr bu bayrama sağ qala bildik .
Bitəcək iki gün bu bayram ilə,
mal - qara, ət satan çox sevinəcək.
Bir daha yol gəldiz, mən Rəfailə,
yazanda o sizə qonaq gələcək.
Hər kəsə bayramdan sevinc düşsün pay ,
Qurbanlıq lmasın tək ət bayramı .
Səmimi, həm şəffaf sevinsin hamı,
azadlıq qapısın açsın taybatay.
Ad günüm və Məhərrəmlik
Yenə bu gün, ad günüm ,
özümü təbrik edim.
Gözlər, zəif görüntüm,
gözümü təbrik edim.
Düşdün məhərrəmliyə,
doğumunla sən bu il,
Çevrilirsən şeirə,
on yeddisi, Rəfail!
Sözdən başqa nəyim var,
əlçatmayan çoxusu,
Sözə azdır vəfadar,
kim yalan, nə doğrusu.
Altıncı ay qismətim,
dünyaya gəlişimdir.
On yeddi rəqəm tənim,
dözmək vacib işimdir.
Hüseyn, aşiqinəm,
gəl təbrik et sən məni,
Ruhən sevirəm səni,
dindar deyiləm yəni.
Əli - dildə şüarım,
nəhəng kəlamlarıyla,
Sinə kəs, həm yar başım,
şeirin salamlarıyla.
Bir neçə üzük, qaşım,
həzin mərsiyələrlə,
sinəmə vur, döy, dizim,
artrit, artyoz ağrılı,
başqa nahiyələrlə.
Məişət çox qayğılı,
kövrəl xatirələrlə,
başı, könlü, ruhumu,
dizimi təbrik edim.
Ata-anasız yetim,
nəvələr sevinc payı,
qalan ömrə yol gedim,
izimi təbrik edim.
Rəfail Sadiq də var,
haradan? söz oğrusu…
Gedim girim şeirimə,
təb adlanan yerimə,
çevrilim əsərimə,
sözümü təbrik edim.
Bu gün mənim ad günüm,
özümü təbrik edim.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Oxumayan cəmiyyət
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Bir cəmiyyətin inkişaf səviyyəsi haqqında fikir formalaşdırmaq üçün bəzən böyük statistik göstəricilərə ehtiyac olmur. İnsanların nə oxuduğuna, necə düşündüyünə və informasiya ilə hansı münasibət qurduğuna baxmaq kifayətdir. Çünki tarix göstərir ki, kitablarla əlaqəsini zəiflədən cəmiyyətlər zamanla düşüncə dərinliyini də itirməyə başlayır.
Oxumaq insan fəaliyyətinin ən adi vərdişlərindən biri kimi görünə bilər. Halbuki bu proses insan beyninin formalaşmasında, təfəkkürün inkişafında və dünyagörüşünün genişlənməsində həlledici rol oynayır. Kitab insanı yalnız məlumatlandırmır. O, insanı düşünməyə, müqayisə etməyə, şübhə etməyə və nəticə çıxarmağa öyrədir. Başqa sözlə, oxumaq sadəcə bilik əldə etmək deyil, düşünmə mexanizmini inkişaf etdirməkdir.
Tarixə nəzər saldıqda aydın görünür ki, böyük intellektual yüksəliş dövrlərinin mərkəzində həmişə kitab dayanıb. İstər qədim kitabxanalar, istər universitetlər, istərsə də elmi inqilablar insanın yazılı düşüncə ilə qurduğu münasibətin nəticəsi olub. Məsələn, dövründə Avropada baş verən böyük dəyişikliklərin əsasında antik mətnlərin yenidən oxunması və biliyin cəmiyyət daxilində yayılması dayanırdı.
Kitab oxumağın insan üzərində yaratdığı ən mühüm təsirlərdən biri diqqət qabiliyyətini formalaşdırmasıdır. İnsan bir roman oxuyarkən hadisələri izləyir, xarakterləri analiz edir, mətnin alt qatındakı mənaları anlamağa çalışır. Beyin bu proses zamanı fasiləsiz olaraq analiz aparır. Oxucu yalnız məlumat qəbul etmir, eyni zamanda daxili düşüncə sistemi qurur.
Müasir dövr isə bu münasibəti dəyişməyə başlayıb. İnformasiyanın sürətlənməsi insanın diqqət vərdişlərini tamamilə fərqli istiqamətə yönəldib. və TikTok, və YouTube kimi platformalar insanı qısa, sürətli və ani istehlak olunan informasiyaya alışdırıb. Bir neçə saniyə içində dəyişən görüntülər beynin yeni ritmini formalaşdırır. İnsan getdikcə uzun müddət diqqət toplamaq vərdişini itirməyə başlayır.
Burada problem texnologiyanın özü deyil. Problem insanın düşüncə ilə münasibətinin dəyişməsidir. Kitab oxuyan insan mətnlə dialoq qurur. O, müəllifin fikrini təhlil edir, razılaşır, etiraz edir, alternativ düşünür. Rəqəmsal məzmun isə çox vaxt insana bu imkanı vermir. İnformasiya sürətlə gəlir və eyni sürətlə də unudulur.
Fransız filosofu yazırdı ki, oxumağı bacaran, lakin oxumayan insanla oxumağı bacarmayan insan arasında böyük fərq yoxdur. Bu fikir əsrlər keçməsinə baxmayaraq bu gün də aktuallığını qoruyur. Çünki müasir dövrdə informasiya bolluğu içində yaşasaq da, dərin biliklə münasibət zəifləməyə başlayıb.
Oxumaq insanın söz ehtiyatını zənginləşdirir. Düşüncənin keyfiyyəti isə çox zaman insanın ifadə imkanlarından asılı olur. İnsan nə qədər çox söz bilirsə, bir o qədər də dəqiq düşünür. Dil kasadlaşdıqca fikir də sadələşir. Bu səbəbdən kitabdan uzaqlaşan cəmiyyət zamanla öz ifadə imkanlarını da məhdudlaşdırır.
Ədəbiyyatın başqa mühüm tərəfi empatiya yaratmaq qabiliyyətidir. İnsan bir roman oxuyarkən öz həyatından tamamilə fərqli həyatları yaşayır. Müxtəlif xarakterlərin hisslərini anlayır, fərqli talelərlə tanış olur. Bu proses insanı daha həssas və anlayışlı edir.
Amerikalı yazıçı məşhur romanında kitabların olmadığı bir gələcəyi təsvir etmişdi. Orada insanlar məlumatlı görünürdülər, lakin düşünmə qabiliyyətini itirmişdilər. Bradbury göstərirdi ki, kitabların yoxluğu sadəcə mədəni problem deyil; bu, insan şüurunun dəyişməsi deməkdir.
Bu gün bir çox insan kitab oxumağa vaxt tapmadığını deyir. Əslində məsələ vaxt çatışmazlığı deyil. İnsan həmişə prioritetlərinə zaman ayırır. Problem ondan ibarətdir ki, sürətli informasiya insan beynini rahat istehlaka alışdırıb. Kitab isə zəhmət tələb edir. Diqqət tələb edir. Səbir tələb edir.
Oxumaq insanın daxili azadlığı ilə də bağlıdır. Düşünən insan hadisələri olduğu kimi qəbul etmir. O, soruşur, araşdırır və nəticə çıxarır. Oxumayan insan isə çox vaxt hazır fikirlərin içində yaşayır. Onun dünya ilə münasibəti başqalarının təqdim etdiyi çərçivə daxilində formalaşır.
Bir cəmiyyət kitabdan uzaqlaşdıqda ilk baxışda böyük dəyişiklik görünmür. Küçələr eyni qalır, həyat davam edir, texnologiya inkişaf edir. Ancaq görünməyən bir proses başlayır. Düşüncə səthiləşir. Analiz qabiliyyəti zəifləyir. İnsanlar getdikcə daha az sual verməyə başlayır.
Kitablar sadəcə kağız üzərində yazılmış mətnlər deyil.
Onlar insan düşüncəsinin yaddaşıdır.
Cəmiyyət oxumağı dayandırdıqda isə itirilən ilk şey məlumat deyil.
İtirilən şey düşünmək vərdişidir.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Bizim Əsəd Cahangir
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Demişəm, deyirəm, deyəcəyəm də- Əsəd Cahangir itib batası oğullardan deyil. Onu tanıyan insanların sonuncu nəfəri dünyadan köçənədək yaşayacaq. Sonrasını isə Allah bilir. Amma savadlıdır, ağıllıdır, natiqdir, istedadlıdır, qaynar və adama yovuşandır. Bir dəfə “Microsoft”un “Word” mətn redaktorunda onun eynən özünün surəti görünən portretini çəkmişəm. Daha bir portret yaratmağa rənglərim tükənib. Bu dəfə ağın üzərində qara rənglə karikaturasını yaradacam. Adını da qoyuram- dostluq şarjı.
Başladıq!..
Həddindən artıq emosional və həssas təbiəti var. Necə deyərlər, vasvasıdır. Tez inciyən, pisliyi unutmayan adamdır. Keçmişə çox bağlıdır. Çətinliklərdən qaçmaq üçün bəzən qeybə çəkilir. Xırda bir tənqid və ya səhv başa düşülən hən hansı bir söz onu dərindən yaralaya bilər. Onun daxili dünyası fırtınalı hava kimidir, bir neçə saat ərzində çox şən ikən anidən qapalı və bədbin hala düşməyi də var. Keçmişdə yaşadığı hadisələri, xüsusilə də incidiyi məqamları unuda bilməmək və onları daim təhlil etmək onun bəd xüsusiyyətlərindəndir. Problemlə üzləşdikdə və ya narahat olduğu zaman hisslərini birbaşa ifadə etmək əvəzinə, ünsiyyətdən qaçaraq öz aləminə qapanır. Sevdiklərinə həddindən artıq bağlıdır və bu bağlılıq bəzən onu qısqanc vəziyyətə salır. Bəzən də aşırı nəzarətçi edir. Müdafiə mexanizmi olaraq, istədiyini əldə etmək üçün bəzən günahkarlıq hissi yaratmaq kimi üsula da əl ata bilir...
...Həftənin 6-cı günü dünyaya gələnlər astroloji və ənənəvi inanclara görə, Saturn planeti tərəfindən idarə olunurlar. Bu səbəbdən də həmin gün doğulanlar nizam-intizamlı, məsuliyyətli və zəhmətkeş olsalar da, bəzi mənfi xüsusiyyətlərə də sahibdirlər. Onlar hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Başqalarına açılmaq və güvənmək onlar üçün çox vaxt tələb edir. Həm özlərinə, həm də ətraflarındakı insanlara qarşı ifrat dərəcədə tələbkar və tənqidi ola bilirlər. Həyata bəzən bir az bədbin baxır, narahatlıq və qorxu kimi hisslərə qapılırlar. İstədikləri bir şeyi əldə etmək üçün divara baş vuracaq qədər inadkar və israrlıdırlar. Ətrafdakılara şübhə ilə yanaşaraq məsələləri çox dərindən təhlil edir, narahatlıq yaradırlar. O da 1966-cı ilin iyun ayının 25-i, həftənin 6-cı günü anadan olub. Həftənin 6-cı günü doğulanlara nə xasdırsa onda da var...
Nə isə, bu da Əsəd Cahangirə 60 illik yubileyi münasibətilə məndən dostluq şarjı- yəni karikaturanın bir növü. Görüm, bəyəniləcəkmi?
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Sevdiyin şeiri gəl mənə söylə…
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. Poeziya ruha qidadır.Ruhun pıçıltılarıdır. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikamızın qonaqları bu pıçıltıları bizimlə bölüşür, bizə əmanət edir.
Bu gün də öz ruhunun pıçıltılarını bizimlə bölüşən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, şair Tural Adışirinə "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
-Salam, hörmətli Ülviyyə xanım!
Məni də bu gözəl rubrikaya dəvət etdiyiniz üçün sizə böyük təşəkkür edirəm. Mənim sevdiyim şeir unudulmaz Xalq şairimiz Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeiridir.
Deyərdim ki, həyat bəzən bizi heç gözləmədiyimiz anlarda, heç təsəvvür etmədiyimiz insanlarla qarşılaşdırır. Elə bir qarşılaşma ki, o vaxta qədər dolanmadığın cığırlar, tanımadığın simalar birdən-birə ömrünün mərkəzinə çevrilir. Xalq şairi Musa Yaqubun "Öyrətmə özünə, öyrətmə məni" şeiri məhz bu qəfil doğan "şirinliyin" arxasınca gələ biləcək o böyük ayrılıq qorxusunun, insan qəlbindəki fəryadın poetik ifadəsidir.
Bu şeirə sadəcə bir sevgi etirafı kimi yanaşmıram, bu, sevginin gətirəcəyi ayrılıq ağrısını öncədən hiss edən, lakin duyğularına da sahib çıxa bilməyən kövrək bir aşiqin daxili monoloqu kimi baxıram.
Şeirin əsas qayəsi "öyrəşmək" məfhumu üzərində qurulub. Şair bizə göstərir ki, sevmək asandır, alışmaq tez baş verir, lakin "sönmək", o sevgidən dönmək müşkül məsələdir. Əllərin, gözlərin, üzlərin bir-birinə öyrəşməsi sonradan böyük bir boşluq və "hicran qoxulu" göynərtilər vəd edir. Şair sanki taleyə və qarşısındakına yalvarır: "Əgər bu yolun sonu qırılacaqsa, məni bu fəlakətə sürükləmə."
"Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni."
Şeirin son misralarında lirik qəhrəmanın qəlbindəki keçmiş "sınıqlar" və "hicranın köz basmış yanıqları" boylanır. Bu, onun ilk dəfə incimədiyini, dərdlərinin onu harada olsa tapacağını bilən təcrübəli, lakin hələ də sevgiyə ümid edən yaralı qəlbinin səsidir.
Bu şeiri rubrika üçün seçməyimin səbəbi onun hər birimizin həyatında ən azı bir dəfə yaşadığı o tərəddüd anını – sevməklə itirmək qorxusu arasındakı o incə xətti mükəmməl şəkildə təsvir etməsidir. Musa Yaqub şeirdə sözlərlə rəsm çəkir; elə bir rəsm ki, orada həm bahar təravəti var, həm də payızın ayrılıq xəzanı. Bu misralar oxucunu öz hissləri ilə üz-üzə qoyur, keçmişi və bu günü eyni anda yaşadır.
Son olaraq qeyd edim ki, şeirdə "Mənim dərdlərimin ayaqları var" misrası məni hədsiz sirkəliyir. Bu misranı Azərbaycan poeziyasının ən orijinal və vizual cəhətdən ən güclü metaforalarından biri hesab edirəm. Musa Yaqub demək istəyir ki, hara qaçırsansa qaç, keçmişin travmaları və gələcəyin ayrılıq ağrısı addım-addım gəlib səni tapacaq. Qaçılmazlığın ən ağrılı vizual fəryadıdır bu misra.
Musa Yaqub
ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi…
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni...
Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə...
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var -
Mənim dərdlərimin ayaqları var -
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
“Psixoloji dəstək” sözlərinin altında gizlənən işbazlıq şəbəkəsi
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Doğum xəritəsi və müxtəlif “ritual” xidmətləri son vaxtlar sosial şəbəkələrdə çox yayılıb. Demək olar ki, hər platformada “sənin taleyin”, “enerji vəziyyətin”, “münasibətlərin niyə alınmır” kimi başlıqlarla paylaşımlar görmək olur. İlk baxışda bu, sadəcə maraqlı bir şey kimi görünsə də bir az diqqətlə baxanda bunun artıq ayrı bir bazara çevrildiyi hiss olunur...
Əsas olan odur ki, insanlara konkret bir şey yox, izah satılır. Yəni sənə “səndə bu problem var və səbəbi budur” deyilir. Amma bu səbəb nə ölçülə bilir, nə də yoxlanılır. Ona görə də hər kəs öz həyatına uyğun bir məna tapır. Kimdə sevgi problemi varsa, onu ora bağlayır, kimdə iş problemi varsa, onu başqa səbəblə izah edir.
Araşdıranda gördüm ki, bu sistemin kökü çox qədimdir. Əvvəllər insanlar göy cisimlərinə baxıb hava, fəsil və təbiət dəyişikliklərini anlamağa çalışırdılar. Sonra bu baxışlar tədricən insan taleyi ilə bağlandı. İllər keçdikcə elm ayrı yolla getdi, amma bu cür izahlar tam yox olmadı, sadəcə forma dəyişdi. İndi isə məsələ tamam başqa mərhələdədir. Sosial şəbəkələr bu fikirləri daha da yaydı. Qısa videolar, statuslar və paylaşımlar insanlara birbaşa təsir edir. Cümlələr çox ümumidir, amma elə yazılır ki, hər kəs özünü orada görə bilir. Məsələn, “sənin həyatında dəyişiklik olacaq” kimi bir fikir həm hamıya aiddir, həm də hər kəs onu özünə uyğunlaşdırır.
İnsanlar niyə buna inanır? Çünki çox vaxt insanın özü cavab tapmaqda çətinlik çəkir. Qarşısında qeyri-müəyyənlik olanda hazır cavab rahat gəlir. Həmin cavab doğru olub-olmamasından çox, insanı sakitləşdirib-sakitləşdirməməsi önəmli olur. Bundan başqa, insan beyni belə şeylərdə maraqlı işləyir. Əgər bir fikir 10 dəfə eşidilirsə, artıq tanış gəlir. Tanış olan şey isə daha inandırıcı görünür. Sosial şəbəkələr də bunu gücləndirir, çünki eyni tip kontentlər tez-tez qarşıya çıxır. Bu sahənin başqa tərəfi də var: pul qazanmaq. Doğum xəritəsi, “enerji təmizlənməsi”, “ritual” kimi adlarla müxtəlif xidmətlər təklif olunur. Qiymətlər də sabit deyil. Eyni şey bir yerdə ucuz, başqa yerdə çox baha ola bilər. Çünki burada əsas məhsul xidmət yox, inandırmaqdır.
Problem ondadır ki, bunların nəticəsini yoxlamaq olmur. Yəni sənə deyilən şeyin doğru olub-olmadığını sübut edən bir sistem yoxdur. Buna görə də hər şey insanın öz hissinə qalır.
Qeyd edim ki, Azərbaycanda da bu mövzu sosial şəbəkələr vasitəsilə geniş yayılıb. Çox vaxt “psixoloji dəstək” adı ilə təqdim olunur. Amma real psixoloji yardım ilə bu cür xidmətlər arasında fərq həmişə aydın olmur. İnsan bəzən sadəcə danışır, amma qarşılığında elmi və ya peşəkar yanaşma yox, sadəcə izah alır.
Bu mövzu təkcə inanc məsələsi deyil. Burada həm də psixoloji ehtiyac var. İnsan cavab axtarır, sistem isə ona cavab kimi görünən şeylər təqdim edir. Nəticədə bu proses davam edir. Çünki sual bitmir. Sual bitmədikcə, cavab təklif edən sistemlər də qalır.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Bir qızın taleyi, bir cəmiyyətin aynası: “Səriyyə”
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
2024-cü ildə ekranlaşdırılan “Səriyyə” filmi, rejissor Əlixan Rəcəbov tərəfindən çəkilmiş və son illərdə Azərbaycan kinosunda ən çox müzakirə olunan sosial dramlardan biri olmuşdur. Film erkən nikah, qız uşaqlarının təhsil hüququ və cəmiyyətin köhnə stereotipləri kimi ağrılı mövzulara toxunur.
Filmdə nədən söhbət gedir?
Filmin baş qəhrəmanı Səriyyə adlı 14 yaşlı məktəblidir. O, səkkizinci sinifdə oxuyur, dərslərində əla qiymətlər alır və gələcəyini təhsildə görür. Coğrafiya olimpiadasına hazırlaşan Səriyyə böyük arzular qurur.
Lakin taleyin onun üçün başqa planı var.
Elə olimpiadanın keçiriləcəyi gün ailəsi onun toyunu etməyə qərar verir. Bir tərəfdə məktəb, elm və gələcək, digər tərəfdə isə ailənin qərarı və cəmiyyətin təzyiqi dayanır.
Beləcə, balaca bir qızın arzuları ilə böyüklərin düşüncəsi üz-üzə gəlir.
Film çox ağır bir sual verir:
Qız uşağının taleyini kim müəyyən etməlidir – özü, yoxsa cəmiyyət?
Səriyyə tək bir obraz deyil
Səriyyə minlərlə qızın ümumiləşdirilmiş obrazıdır.
O, oxumaq istəyir.
Böyümək istəyir.
Öz həyatını özü seçmək istəyir.
Amma qarşısına çıxan maneə yoxsulluqdan da böyükdür – illərlə formalaşmış yanlış düşüncə tərzi.
Film göstərir ki, erkən nikah təkcə bir toy deyil.
Bu, yarımçıq qalan uşaqlıqdır.
Yarımçıq qalan təhsildir.
Yarımçıq qalan arzular və gələcəkdir.
Filmin əsas gücü
Rejissor Əlixan Rəcəbov mövzunu qışqıraraq yox, həyatın içindən göstərir. Obrazların dialoqları, ailədaxili münasibətlər və kənd mühiti hadisələri daha inandırıcı edir.
Film heç kimi açıq şəkildə mühakimə etmir. Əksinə, tamaşaçını düşündürür:
Ənənə adı ilə uşağın gələcəyini əlindən almaq olarmı?
Ən ağır səhnə
Filmdə ən təsirli məqam Səriyyənin iki fərqli yol arasında qalmasıdır.
Bir yol onu məktəbə aparır.
Digər yol isə toy məclisinə.
Bu iki yol əslində iki fərqli həyatın rəmzidir.
Filmin verdiyi mesaj
“Səriyyə” təkcə erkən nikah haqqında film deyil.
Bu, təhsil hüququndan, azad seçimdən və uşaqların gələcəyindən bəhs edən ekran əsəridir.
Film deyir ki:
Bir qızın əlindən alınan təhsil, əslində bütöv cəmiyyətin itirdiyi gələcəkdir.
Yekun
Bəzən bir filmin qəhrəmanı tək bir insan olmur.
O, cəmiyyətin danışmağa cəsarət etmədiyi həqiqətə çevrilir.
“Səriyyə” də məhz belə filmlərdəndir.
Çünki bu ekran əsəri bizə xatırladır:
Hər uşağın ən böyük haqqı arzularını yaşamaqdır. Heç bir adət, heç bir məcburiyyət o haqqı əlindən almamalıdır.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)
Doğum gününüz mübarək ölümsüzlər - Orxan Quluzadə
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Vətən müharibəsi şəhidi Orxan Elxan oğlu Quluzadə!!!
Həyatı və təhsili
Doğum tarixi: 29 iyun 1994-cü il.
Doğum yeri: Lənkəran şəhəri.
Uşaqlıq illəri: Orxan uşaq yaşlarından idmana böyük maraq göstərib. Peşəkar səviyyədə qaydasız döyüş (MMA) idman növü ilə məşğul olub. Bu fiziki hazırlığı və dözümlülüyü onun gələcək hərbi karyerasında mühüm rol oynayıb.Ailə vəziyyəti: Evli idi. Şəhidliyindən sonra ailəsinə onun ən böyük yadigarı olan övladı yadigar qalıb.
Hərbi xidməti və peşəkar fəaliyyəti
İlk xidməti: 2011–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Xidmət zamanı kəşfiyyat bölüyünün manqa komandiri olub.
DSX fəaliyyəti: Hərbiyə olan sevgisi və peşəkarlığı səbəbindən 2018-ci ildə yenidən ordu sıralarına qayıdıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrində gizir rütbəsində xüsusi təyinatlı kəşfiyyatçı kimi xidmətini davam etdirib.Vətən
Müharibəsində iştirakı və döyüş yolu
Orxan Quluzadə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən etibarən ən qaynar nöqtələrdə, ön cəbhədə döyüşlərə qatılıb.
Azad etdiyi ərazilər: Xocavənd, Hadrut qəsəbəsi və Zəngilan rayonunun işğaldan azad edilməsi əməliyyatlarında xüsusi rəşadət göstərib.
Göstərdiyi şücaət: Döyüş yoldaşlarının xatirələrinə və hərbi qeydlərə görə, Orxan yüksek peşəkarlığı sayəsində döyüşlər zamanı təkbaşına 18 düşmən əsgərini məhv edib.
Şəhadəti: 7 noyabrdan 8 noyabra keçən gecə Zəngilan rayonu istiqamətində yerləşən, strateji cəhətdən son dərəəcə əhəmiyyətli olan Şükürataz yüksəkliyi uğrunda gedən çox ağır və şiddətli yaxın məsafəli döyüşdə qəhrəmancasına şəhid olub.Dəfni: Nəşi doğulduğu Lənkəran şəhərinə gətirilərək Lənkəran rayonu Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılıb.
Təltifləri və mükafatları
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi rəşadət və qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi cəsarətə görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif edilib:"Qarabağ" ordeni (Azərbaycanın ən ali hərbi ordenlərindən biri)"Vətən uğrunda" medalı"Zəngilanın azad olunmasına görə" medalı
Xatirəsinin Əbədiləşdirilməsi Doğulduğu Lənkəran şəhərində onun xatirəsi hər il doğum və şəhadət günlərində rəsmi qurumlar, DSX rəsmiləri və rayon ictimaiyyəti tərəfindən məzarı başında dərin ehtiramla anılır.Adı müxtəlif yerli tədbirlərdə və idman yarışlarında əbədiləşdirilir.
“Ədəbiyyat və incəsənət”
(29.06.2026)


