Ayyət Əhməd,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad Fakültəsinin dekan müavini, baş müəllim, ADU-nun doktorantı
“Ədəbiyyat və incəsənət”
Qazaxdayam. Ərənlər, alim-üləmalar ocağında, böyük binaları olmayıb, böyük şəxsiyyətlər yetişdirən məmləkətdə... Dünən bir yaşantı ərz etdilər bəndənizə... Nələr vaqe olur?
Bir köynək uzaq dayım övladına toy edirdi. Xoşbəxt olsun gənclər. Anamı toya apardım, başqa bir görüş üzündən qatıla bilmədim büsata...
Anam danışır:
-Toyun ən qaynar məqamında sənətkar, əməkdar artist Sahib İbrahimov məclisə təşrif buyurub. Meydangirliyi ilə məclisi ələ alıb, muğamdan tutmuş, klassik nümunələr, aşıq nəğmələrinə qədər ifa edib. Saatlarla ödənişsiz, canı-könüldən sənət nümayiş etdirib. Toyu yaddaqalan xatirələrlə, ifalarla zənginləşdirib. Sonda elan verib ki, filan müddətə qədər Qazaxda, Daş Salahlıdayam, kimin xeyir işi olsa, evdəyəm, məlumat verin, mütləq gəlib, iştirak edəcəyəm.
Qeyd:
Ötən yay da əmim oğlu balasına kiçik büsat düzənləmişdi, orada saatlarla məclisi idarə etmişdi. Adam məzuniyyətə gəlib, dincəlmir, köy-köy gəzib, ifalar edir, ailələrə sevinc bəxş edir. Bunu ona görə qələmə alıram ki, şəxsiyyəti ilə peşəsini şərəfləndirən adamları tarix və zaman unutmur. Onlar öz əməlləri ilə tarixə düşürlər, qətiyyən tarixdən düşmürlər...
P.S. Belə bir ənənə, nümunə, örnək yaratdığınız üçün var olun, Sahib müəllim, dəyərli sənətkar! İnsanın şəxsiyyəti madiyyatın, vəzifənin fövqündə dayananda bu cür gözəl mənzərələr, sevdalar yaranır!
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)


