Super User
Gətir mənə qoxusunu...
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
“Danış ona doğrusunu,
Qarışdırma yuxusunu,
Gətir mənə qoxusunu,
Gilavar, ay gilavar”
ElçinHəsənov
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.
Həsənov Elçin Əbülfət oğlu 14 noyabr 1989-cu ildə Masallı rayonunun Boradigah qəsəbəsində hərbçi ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri Yasamal rayonu A. Hüseynzadə adına 20 nömrəli liseydə alıb.
Uzun illər dövlət qulluğunda fəaliyyət göstərən Elçin Həsənov 14 il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Səhhətində yaranan problemlərlə əlaqədar olaraq 2022-ci ildə tutduğu vəzifədən ayrılıb.
Elm və təhsilə olan marağı onu 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə gətirib. Hazırda Bakı şəhərində yaşayır və subaydır.
Ədəbiyyata olan sevgisi məktəb illərindən formalaşıb. Özünə qapalı xarakteri uzun müddət yaradıcılığını geniş oxucu auditoriyasına təqdim etməsinə mane olsa da, universitet illərində bu sahədə daha fəal olmağa başlayıb. Həmin dövrdə şeirləri universitetin divar qəzetində dərc olunub, müxtəlif şeir müsabiqələrində və ədəbi məclislərdə iştirak edib.
Hazırda Elçin Həsənov ilk şeir kitabı olan "Sözümdə Sən" adlı toplu üzərində çalışır
Daha mən yoruldum, daha bezmişəm,
Geriyə gəlsən də, qarşılamaram.
Yalvarıb qapımı döysən də "Vallah"
Mən səni ölsəm də bağışlamaram.
Aldandım uşaq tək, çökdüm, bəsindir,
Ağladı durmadan gözüm bəsindir,
Eşidib bilsəm ki, son nəfəsindir,
Mən səni ölsəm də bağışlamaram.
Son dəfə əllərin gözlərim üstə,
Ölüm yatağımda sən başım üstə,
Lap belə cöksən də dizlərin üstə,
Mən səni ölsəm də bağışlamaram.
Xəyanət hələ də yandırır məni,
Yalanlar söylədin yandırır məni,
Bil Elçin Allaha tapşırır səni,
Mən səni ölsəm də bağışlamaram.
***
Bilki gözəldi səni sevmək və sevilmək,
Ruhuna köçmək.
Həsrətdədir gözlər səni istər, səni gözlər,
Dil səni səslər.
Bəslər sənə qarşı bir məhəbbət,bir bahar tək,
Bağçada bar tək.
Gecədir dərdimə həmdəm, mənə sirdaş gözəlim,
Axı sənsən özəlim.
Yazılar şəninə nəğmə, nə şeirlər, nə qəzəllər,
Dillərdədə əzbər.
Düzərəm mən səni sözlərdə tükənməz,
Sevdam sənə bitməz.
Sevirəm, xəstədi qəlbim səni dərman bilirəm,
Əl açıb istəyirəm,
Çarə sənsən deyirəm.
***
Yadıma düşdün yenə,
Əzab verərək mənə,
Məktub yazacam sənə,
Unutmaq istəyirəm.
Qıvırcıq tellərini,
Qulağımda səsini,
Əlinin istisini,
Unutmaq istəyirəm.
Dərd olur hər səhəri,
Verdin mənə qəhəri.
Sən yaşayan şəhəri,
Unutmaq istəyirəm.
Itib batıb ağılın,
Bilinməyir sabahın.
Daha sevgi nağılın,
Unutmaq istəyirəm.
Əsdikcə Bakı küləyi,
Qurdun fitnə kələyi.
Sən tək şeytan mələyi,
Unutmaq istəyirəm.
Içimdə bir qüssə var,
Ürəyimi dağlayar,
Kürəyimdən vurdu yar,
Unutmaq istəyirəm.
Əhdini peymanını,
Içdiyi o andını,
Mən Elçin öz adını,
Unutmaq istəyirəm.
***
Qəlb evimi bağlamışam,
Taleyimlə barışmışam,
Söylə ona darıxmışam,
Gilavar, ay gilavar.
Danış ona doğrusunu,
Qarışdırma yuxusunu,
Gətir mənə qoxusunu,
Gilavar, ay gilavar.
Deki onsuz kimsəsizəm,
Yaşamıram ürəksizəm,
Yorulmuşam çarəsizəm,
Gilavar, ay gilavar,
Yaşartma sən gözlərini,
Üşütmə sən əllərini,
Yetir mənə bir telini,
Gilavar, ay gilavar.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)
Müharibə xatirələri və zamana meydan oxuyan ulu çinarlar: "Qocalar, qocalar..." filmi (1982)
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan kinosunun 1980-ci illərin əvvəlləri dövrü insan psixologiyasına, keçmişin mənəvi hesabatına və kənd mühitinin fəlsəfi təhlilinə müraciət edən qiymətli əsərlərlə zəngindir. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Qocalar, qocalar..." tammetrajlı bədii filmi də məhz belə dərin humanist və mənəvi yükə malik olan ekran incilərindəndir. Rejissor Elxan Qasımov bu filmdə müharibənin acısını qəlbində daşıyan qocaların daxili dünyasını və onların gənc nəslə ötürdüyü mənəvi mirası böyük səmimiyyətlə kadra köçürüb.
İsa Muğannanın fəlsəfi qələmi və yaradıcı heyətin töhfəsi
Filmin bədii və ideya strukturunun bu dərəcədə möhkəm olmasının əsas səbəbi, ssenari müəllifi, milli nəsrimizin fəlsəfi sütunlarından biri olan İsa Hüseynovdur (Muğanna). Onun yaradıcılığına xas olan torpağa bağlılıq, vicdan və ləyaqət meyarları, keçmişin unudulmaz ağrıları bu filmin də əsas süjet xəttini müəyyən edir. Müəllif, rəsmi müharibə xronikalarından uzaqlaşaraq, döyüşün real dəhşətlərini arxa cəbhədə yaşamış yaşlı insanların yaddaşı vasitəsilə təhlil edir.
Quruluşçu rejissor Elxan Qasımov isə bu dramatik və fəlsəfi mətni vizual kadrlara çevirərkən təbiiliyi, kənd həyatının real ritmini və insan baxışlarındakı ifadəliliyi ön plana çıxarıb.
Azərbaycan kinosunun korifeyləri bir arada: Aktyorların ustad oyunu
"Qocalar, qocalar..." filmi milli kinomuzun ustad və dahi aktyorlarını bir araya gətirən unikal bir heyətə malikdir. Məhz onların səmimi ifası filmi sadə bir kənd hekayəsi olmaqdan çıxarıb bəşəri dram səviyyəsinə qaldırır:
Məlik Dadaşov (böyük qardaş): Azərbaycan aktyorluq məktəbinin görkəmli nümayəndəsi bu filmdə özünəməxsus xarakteri, daxili gərginliyi və mənəvi prinsipləri olan ağırbətn bir qocanın obrazını dahi bir ustalıqla yaradıb.
Həsənağa Turabov və rəhmətlik Şahmar Ələkbərov: Kinomuzun bu iki böyük sənətkarı filmdə keçmişin, müharibə illərinin gətirdiyi mənəvi və fiziki ağrıları çiyinlərində daşıyan fərqli insan xarakterlərini səs və baxış tonları ilə mükəmməl şəkildə canlandırıblar.
Süleyman Ələsgərov və Eldəniz Zeynalov: Epizodik və ikinci dərəcəli rollarda çıxış edən bu ustadlar filmə xüsusi bir doğmalıq, Azərbaycan kəndinin unudulmaz ab-havasını və koloritini qazandırıblar.
Filmin süjet xətti və nəsillərin mənəvi vəhdəti
Hadisələr Azərbaycanın gözəl və dinc kəndlərindən birində cərəyan edir. Süjetin mərkəzində İkinci Dünya müharibəsinin ağır illərini arxa cəbhədə, çətin şəraitdə keçirmiş, oğullarını, qardaşlarını cəbhəyə yola salmış və bu gün kəndin ulu çinarlarına çevrilmiş bir qrup qocanın taleyi dayanır. Onlar üçün keçmiş sadəcə xatirə deyil, hər gün yaşanan bir reallıqdır.
Filmdə qocaların gənclərlə, yeni nəsillə olan münasibətləri xüsusi yer tutur. Müəlliflər tamaşaçıya çatdırırlar ki, bugünkü dinc və firavan həyat məhz həmin qocaların vaxtilə çəkdiyi çətinliklərin, göstərdiyi fədakarlıqların bəhrəsidir. Filmdəki dialoqlar, sükut anları və qocaların bir-biri ilə olan səmimi zarafatları arxasındakı gizli hüzn, insanın qocalıq çağında belə öz ləyaqətini və ruh yüksəkliyini necə qorumasının nümunəsidir.
Zamanın sınağından keçən ekran incisi
"Qocalar, qocalar..." filmi rəvan operator işi, işıq-kölgə həlli və dövrün ruhunu tamamlayan lirik musiqisi ilə bütöv bir ekran əsəridir. Film həm də rəqəmsallaşan və sürətlə dəyişən müasir dünyamızda yaşlı nəslə olan diqqət və qayğının, keçmişə hörmətin nə dərəcədə vacib olduğunu xatırladır.
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirən ustad
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan mediasında mədəniyyət ən lüzumsuz mövzuya çevrilib. Yalnız şou-biznesdən yazılır. Tək-tük ədəbi və kino nəşrləri də öz profil sahələrini təbliğ edir. Vəssalam. Balet, opera, rəngkarlıq, memarlıq, teatr – bax bu sahələrdən yalnız bizlər yazırıq. Düşünürük ki, biz də palaza bürünüb ellə sürünməyək, əsl mədəniyyətə xidmət edək.
Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.
Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurub, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış edib, kinofilmlərdə rol alıb. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub.
25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirib, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat edib.
2017-ci ilin noyabrında Azərbaycan Dövlət Teatr Muzeyində Xumar Zülfüqarovanın 90 illik yubileyi qeyd olunub.
Filmoqrafiya
- Arşın mal alan
- Fətəli xan
- Məmlük
Mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "Şöhrət" ordeni
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Klarnetə nəfəs verən musiqi dahisi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Şəmsi İmanovun sənətinə qiymət vermək üçün tək bir "Vağzalı"sına qulaq asmaq kifayətdir. Onun çalğısında qeyri-adi nəfəs çalarları, ifa mədəniyyəti vardı. Sənətdə çox az adam olardı ki, onun adı toy dəvətnaməsinə yazılsın. Şəmsi də belə sənətkarlardan idi. Bu, ilk növbədə xalqın sənətkara olan rəğbətindən irəli gəlirdi. Onunla çox toylarda olmuşam. Sevinirəm ki, belə bir sənətçi ilə bir dövrdə yaşayıb, bir səhnədə çıxış etmişəm. Ruhu şad olsun."
Xalq artisti Canəli Əkbərov
Azərbaycan mahir klarnet ifaçısı Şəmsi İmanov 1930-cuiliyulun 2-də Şuşadaanadanolub. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şəmsəddinin ailəsində musiqi ilə məşğul olan olmasa da, İbad kişinin muğam sənətinə xüsusi rəğbəti olub. Bəlkə elə bu səbəbdən də, şəhərin bir çox tanınmış musiqiçiləri onunla dostluq etmiş, evinin qonağı olublar. Görünür, musiqi əhlinə olan belə doğma münasibət balaca Şəmsəddinə də sirayət edib. Şəmsi beş yaşındaykən ailəsi ilə birlikdə Bakının Xilə (Əmircan) kəndinə köçüb.
Atası onamusiqitəhsiliverə bilməsə də, buyoldan çəkindirməyə də biroqədərsəygöstərmir. Evdə hər dəfə sənətdən söz düşəndə İbad kişi həmişə — "Əgər uşağın həvəsi və qabiliyyəti varsa, gec-tez özünü büruzə verəcək, o özünə yol aça biləcək" — deyərdi. Elə də oldu. Əmircanın musiqi mühiti, kənd mədəniyyət evində tez-tez düzənlənən teatr tamaşaları balaca Şəmsəddinin musiqi zövqünü, sənət təxəyyülünü formalaşdırıb.
Ətraf qəsəbə toylarının aparıcı klarnetçalanı olan Kərim Şərifin kiçik qardaşı Tofiqlə dostluq edib. Hər iki dostun ilk sənət müəllimi də elə Kərim Şərifin özü olub. Klarnet, balaban ifaçılığına olan sonsuz maraq hər iki dostu bir-birinə daha sıx bağlayıb. Dostlar müntəzəm olaraq bir-birinin evinə gedib, yorulmaq bilmədən məşq ediblər. Çox qısa zamanda öz fitri istedadı və qabiliyyəti sayəsində gənc Şəmsəddin bir ifaçı kimi özünü təsdiqləyib.
Ara-sıra kənd camaatı onu da toy-nişan şənliklərinə dəvət edib. Yenicə tanınmaqda olan gənc sənətçi çox çəkmir ki, 1950-ci ildə hərbi xdmətə çağırılıb. Lakin hərbi hissədə də sevimli alətindən əl çəkməyib. Hərbi hissənin nəfəsli alətlər orkestrində çalışıb. Not savadı olmasa da, orkestr rəhbəri gəncin fitri istedad və qavrama qabiliyyətini, eləcə də peşəkar ifaçılığını nəzərə alaraq bir çox əsərlərin solo ifaçısını Şəmsəddinə tapşırıb.
Zaqafqaziya ümumqoşun hərbi hissə musiqi kollektivləri arasında keçirilən bir çox müsabiqə və festivallarda Şəmsəddin İmanov uğur qazanaraq hərbi hissə komandanlığının fəxri fərman və təşəkkürnamələrini alıb. Notlu əsərlərlə yanaşı, ona ən çox populyarlıq gətirən milli musiqi, xalq mahnıları ifaçılığı olub. 1952-ci ildə hərbi xidməti uğurla başa vuran Şəmsi o dövrdə bir çox ustad klarnet ifaçıları ilə tanış olub. Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalov və digər tanınmış klarnet ifaçılarının lent yazılarına dönə-dönə qulaq asıb. Hər xırda xalı, nəfəsi öyrənməyə cəhd edib.
Günü-gündən sənətdə püxtələşən Şəmsəddin İmanov sənətdə arxayınçılığa yol verməyib. Musiqi təhsili olmasa da, tanınmış sənətkarların ifaları onun üçün əsl məktəb, örnək olub. "İzlə gedənin izi qalmaz" — deyə düşünən gənc ifaçı bu ifalardan çox şeyi əxz etsə də, həyatda öz yolunu, öz çalğı üslubunu tapmağa çalışıb. Gənc ifaçının xoş əks-sədası tezliklə Bakıya da gəlib çatıb. Və o, ilk dəfə olaraq 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alıb. O günü onun ifa etdiyi "Kolxoz rəqsi" və "Xançobanı" oyun havaları bədii şura tərəfindən razılıqla qarşılanaraq radionun qızıl fonduna daxil edilib.
Sənətinə verilən belə yüksək dəyər gənc ifaçını daha da ruhlandırıb. Tez-tez radioda səsləndirilən bu ifalar onu bütün respublikaya tanıdırıb. Bu ifalar çeviklik və oynaqlığı ilə digər çalğılardan seçilib. Və ilk dəfə olaraq xalq ona Şəmsi, çaldığı üsluba isə "Şəmi yolu" adını verib. Bu yolun davamçıları günü-gündən artır. Onlardan biri də xalq tərəfindən sevilən Əşrəf Əşrəfzadə olur. Sonralar bu yolun davamçıları İsrafil Əzimov, Məmmədağa Umudov, Hacı Həmidoğlu və bir çox digər ifaçılar olur.
Az müddət — cəmi bir il sonra, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunan Şəmsi İmanov "Bayatı-Şiraz" muğamı və "Vağzalı" havasıyla hamını heyran edib. Bu gün radionun fondunda şöhrətli sənətkarın müxtəlif illərdə lentə alınan "Tiflisi", "Bakı", "Qazağı", "Tərəkəmə", "Dostluq", "Sülh" rəqsləri və digər oyun havalarıyla yanaşı özünün bəstələdiyi "Bəxtiyarı", "Şəbnəmi", "Mərdəkanı", "Sabirabadı", eləcə də əziz qardaşı Arifin xatirəsinə həsr etdiyi "Arifi" kimi rəqslərilə bərabər çoxsaylı bəstəkar və xalq mahnıları, ulu muğam sənətinın nümunələri — "Cahargah", "Segah", "Bayatı-Şiraz" hörmətlə qorunub saxlanılıb.
1997-ci il iyul ayının 3-də dünyasını dəyişib. Əslində bizdən ayrılan onun yalnız cismi olub. Özü isə əfsanəyə dönüb qəlblərdə əbədi məskən salıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Azərbaycan rokunun sumqayıtlı yaradıcısı – “Yuxu” qrupunun yuxuya dönən üzvü
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yeniyetmə vaxtlarımızda biz BBC radiosunda Deep Purple, Led Zeppelin-ə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra “Yuxu” adlı qrupumuz yarandı. "Xəzərin sahilində" mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı.
İbrahim Emin
Onlara vosmoy uşaqları deyirdilər. Sumqayıtın 8-ci mikrorayonundan dünyaya pərvazlanmışdılar. Azərbaycan rokunun əfsanəsinə döndülər. İbrahim Emin içlərinin ağsaqqalı və başbiləni idi. Çox təəssüf ki bu gün aramızda yoxdur. Vaxtsız ölümə gəlib yuxuya döndü o...
İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbə gedib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. İbrahim musiqi fəaliyyətindən başqa rəsm əsərləri çəkməklə də məşğul olub. İbrahim Emin uşaq vaxtından gitara çala bilib. 80-ci illərin əvvəlindən musiqi ilə məşğul olmağa başlayıb.
O, 1988-ci ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib. 1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olub. Bir müddət sonra qrup olaraq fransız menecer Paskaldan Fransada fəaliyyət göstərmək üçün dəvət alıblar.
Həmin vaxtlar Fransaya birbaşa getmək mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar veriblər. Lakin müxtəlif səbəblərdən onlar Fransaya gedə bilməyiblər və Türkiyədə qalıb fəaliyyət göstərməli olublar. Türkiyədə fəaliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayıb.
Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomları işıq üzü görüb. Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirib. Nəticədə yaranmış vəziyyətdə "Yuxu" qrupu uzun müddət fəaliyyət göstərə bilməyib və qrup üzvləri çörək qazanmaq üçün fərqli işlərlə məşğul olmağa başlayıb.
Sonradan İbrahim Emin 2003-cü ildə Bakıya geri dönüb və 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb. Sonra da...
2 iyul 2019-cu ildə İbrahim Emin qida borusunun xərçəngi xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Həm lirika, həm didaktika, həm də vətənpərvərlik...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Doğma dilim, sən kivarsan dünyada,
Mən də varam söyləməyə haqlıyam.
Dost dillərə min hörmətim olsa da
Öz dilimə min könüldən bağlıyam!!
Bu doğma dil ürəyi gen xalqımın
Kainata baxışıdır, sözüdür.
Bir can desən yüz can deyən xalqımın
Ruhundakı incəliyin özüdür.
Dönük çıxsan məsləkinə, dilinə,
Torpaq altda rahat yatmaz əcdadım,
Düşsəm əgər bu nankorluq yoluna,
Tarix boyu qınar məni övladım...
Bu sətirlərin müəllifi olan Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulub. Yeddi illik şəhər məktəbini bitirib, orada inşaat texnikumuna daxil olub. Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyil oyanıb. 1933-cü ildə texnikumu bitirib. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olub. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunub.
Qiyabi pedaqoji institutda baş müəllim, Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib, eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləyib.
1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışıb. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilib.
Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri işləyib.
1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olub. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxıb.Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla təltif olunub. O, 1935-ci ildən ədəbi fəaliyyətə başlayıb. Onun ilk şeirləri olan "İkibaşlı qartal", "Berlində yanğın", "İki cahan" respublika qəzet və jurnallarında dərc olunub.
Kitabları
- Məhəbbət sınağı
- Həyat mahnıları
- Şerlər
- Bakı gecələri
- Şerə dönən duyğular
Mahnılar
- Zeynəb Xanlarova — Anam Azərbaycan — musiqi: Ələkbər Tağıyev
- Gülağa Məmmədov — Bakı gecələri — musiqi: Ələkbər Tağıyev
- Mobil Əhmədov — Göygöl — musiqi: Süleyman Ələsgərov
Muğamlar, təsniflər
- Zeynəb Xanlarova — Bir gül seçdim yar üçün ("Demişəm" şeiri üstündə təsnif) — musiqi: Fikrət Əmirov, sözlər: Teymur Elçin
- Zeynəb Xanlarova — Toy mahnısı ("Demişəm" şeiri üstündə təsnif) — udda çalır: Yasəf Eyvazov
- Zeynəb Xanlarova — Səri arzularam ("Mən rəssam olsam" şeiri üstündə təsnif) — musiqi: Qara Qarayev
- Zeynəb Xanlarova — Mirzə Hüseyn segahı ("Olmalıydın, olmadın" şeiri üstündə təsnif)
ƏləkbərZiyatay 2 iyul 1982-ciildə vəfatedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.07.2026)
Tarix o günü heç vaxt unutmayacaq! - Təhminə İmanova
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.
İmanova Təhminə Mircamal qızı 6 mart 1997-ci ildə anadan olmuşdur. 2016–2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında bakalavr, 2020–2022-ci illərdə isə magistr təhsili almışdır.
Hazırda Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivində aparıcı arxivçi vəzifəsində çalışır.
Yaradıcılıq fəaliyyəti ilə də məşğul olan Təhminə İmanova 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər mənim qələmimdə” mövzusunda məqalə müsabiqəsində iştirak etmişdir. Təqdim etdiyi “Zəfər tariximiz” adlı məqaləsinə görə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və mükafata layiq görülmüşdür. Həmin məqaləni sizlərə təqdim edirəm...
Təhminə İmanova
“Zəfər mənim qələmimdə”
Qarabağ- Vətənin qəlbi... Torpağı həsrət qoxan, bir zamanlar övladlarını çağıran ana kimi əziz, Pənahəliləri, İbrahimxəlilləri üçün darıxan Vətən...
Vətən nədir? Vətən- yurdunu ayaqyalın tərk edən balaların əzmlə geri qayıdışı, qanlı qayaları gülüstana çevirən şəhidlərin ayaq izləri, Əliyarın, Poladın, Mübarizin bayrağını daşıyan o əllərdir. O vətən Xudayarın dumanları dağıdan nəğməsidir...Şəhid analarının saçlarına düşən dən, ata deyib ağlayan balaların, gecələr səsini boğub hönkürən şəhid xanımlarının gözlərindən süzülən yaş damlalarıdır Vətən.. O, dünənimizin Pənahəlisi bu günümüzün Dövlətzadəsidir.
Tovuz döyüşləri- İyul bizim üçün həlledici bir ay oldu. Tovuz istiqamətində baş verən döyüşlər haqlı savaşımız üçün bir səbəb idi. Artıq vaxt idi. Bu qədər özbaşınalığın layiqli bir cavabı olmalı idi. Ermənistan tərəfinin açdığı ilk artilleriya atəşi nəticəsində bir neçə hərbçimiz və bir mülki şəxs həyatını itirdi. Bu atəş haqlı savaşımızın ilk qığılcımı idi. Elə bu qığılcım od olub düşmənin ürəyinə düşəcəkdi və düşdü də.
Təqvimlər 27 Sentyabr tarixini göstərdikdə insan qəribə hisslər keçirir. Qüruru, sevinci, qəmi birlikdə yaşayırsan. Eyni zamanda da, intiqam duyğusu..Artıq səbir kasası dolmuşdu. Son üç ay ərzində bir neçə dəfə hücumlar olmuş, avqust ayında isə Ermənistanın təxribat qrupu terror aktı törətmək istəyərkən hərbi qulluqçularımız tərəfindən bunun qarşısı alınmışdı. Sentyabrın 27-si səhər saatlarında isə yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qaldı. O gün cənab Ali Baş Komandan "Vur!" əmrini verərkən xalqımız bir yumruq oldu. Bizim silahlı birləşmələrimiz əks-hücum əməliyyatlarına başladı və igid oğullarımız çiyin-çiyinə verib müqəddəs torpaqlarımızı düşmənin çirkli ayaq izlərindən təmizlədilər. Hər dəfə müjdəli xəbər gələrkən mavi ekran qarşısında əyləşib həyəcanla brifinqləri izləyən insanların keçirdiyi fərəh hissini izah etmək çox çətindir. Çünki bu mənzərə qarşısında kəlmələr belə aciz qalır. Çox qəribədir, müharibə sanki bir tərəfində çiçəklər açan, digər tərəfində isə yarpaqları qoparılan bir ağacdır. Bir tərəfdən fəxr edirsən, digər tərəfdən isə qəhərlənirsən. Bizə bu fəxarət hissini yaşadan oğulların hər biri bizim üçün çox dəyərlidir. Vətən onlarla qürur duyur! Onlar rütbəsindən asılı olmayaraq hamılıqla birləşib "dəmir yumruq" oldular! Sanki doğma qardaş idilər.
Bu qardaşlıq nəinki hərbidə, eləcə də bütün ölkədə hökm sürürdü. Vətənin ən acı günlərində belə bu birliyimiz göstərdi ki, Azərbaycan xalqı məğrurdur və düşmən qarşısında heç vaxt boyun əyməz. Məğlubiyyəti həzm etmək istəməyən düşmən özünü təsəlli etmək üçün silahını dinc, günahsız insanların üzərinə tuşladı. Onsuz da təəccüblənmədik. Çünki körpələri, yaşlıları və əliyalın insanları hədəf almaq əzəldən onların xislətində var. Biz bunu Xocalının timsalında görmüşdük. Düşmən olanda nə olar? Gərək onun da qeyrətlisi ilə vuruşasan. Elə Azərbaycan əsgərini də düşməndən fərqləndirən cəhət bu idi- qeyrət. Onlar bir günahsız insanın belə barmağını qanatmadan torpaqlarımızı işğaldan azad etdilər. Amma düşmən öz "qəhrəmanlığını" silahsız insanlar üzərində göstərdi. Oktyabr ayının 4-ü, 5-i, 7-si, 11-i və 17-si Gəncə şəhərinə edilən raket hücumları nəticəsində 125 mülki şəxs yaralanmış, 27 mülki şəxs isə həyatını itirmişdi. Eləcə də oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də Bərdə şəhərinə amansızcasına raket hücumları oldu. Bu hücumlar nəticəsində isə 105 nəfərdən çox insan yaralandı, 26 nəfər isə həyatını itirdi. Bunlarla yanaşı Tərtər, Naftalan, Mingəçevir, Bakı və digər bölgələrimizə də raket hücumları edilmiş, onlardan bəziləri HHM sistemləri tərəfindən məhv edilmişdir. Düşmən tərəfi beynəlxalq konvensiyalarla bağlı qadağan olunmuş silahlardan, xüsusilə də kasetli bombalardan istifadə edirdi.
Bu 1949-cu il Cenevrə Konsensiyalarının normalarının pozulması demək idi. Bu heç cür insanlığa sığmayan bir addım idi. Raket hücumları zamanı dağıntılar altından çıxarılan uşaqların üzündəki o qorxu, doğmalarını itirmiş insanların dərin baxışlarındakı kədər və intiqam hissi, çarəsizcəsinə həyat yoldaşının və övladlarının dağıntılar altından sağ çıxmasını gözləyən bir kişi və ailəsindən heç kimi qalmamış bir körpə... İnsanlarla bərabər, üzəri qana bulaşmış "Yaşamaq istəyirəm" adlı kitabı demirəm hələ. Film kimidir, elə deyilmi? Lakin bu bir gerçəklikdir. Bu vicdansızlıq tarixin qara səhifələrinə sətir-sətir həkk olundu. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu ilə 30 il ərzində müxtəlif danışıqlar aparıldı. Onların qəbul etdiyi qətnamələrə əsasən, ermənilər Azərbaycan ərazisini tərk etməli idilər. Amma sonra nə gördük? Bizə verilən vədlər yalan çıxdı. Fəqət hər şeyə rəğmən qardaş ölkəmiz Türkiyə sona qədər bizə dəstək oldu. Türkiyə prezidenti R.T.Ərdoğan Qarabağ məsələsi ilə bağlı dəfələrlə danışıqlar aparmış və hər zaman bizimlə müttəfiq olmuşdur. Ona görə də, bayraqlarımız hər yerdə birlikdə dalğalanır. Hərbçilərimiz digər ölkələrdən aldığımız silahlarla yanaşı, türk avadanlıqlarından da istifadə edərək düşmənə ağır zərbələr endirmişdir. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları müharibə ərəfəsində bizim işimizi xeyli asanlaşdırdı. Bu silahlar sayəsində çoxlu sayda insan itkisinin qarşısı alındı. Bizdə olan silahlar bununla kifayətlənmirdi. Bir neçə müasir hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar, artilleriya silahları, T-72, T-90 tankları, "Polonez", "Lora" "Qasırğa" "Ekstra" raketləri və sairə. 30 il əvvəl ilə müqayisə etsək, görərik ki, həm avadanlıqlarla, həm də döyüş metodları ilə bağlı arada çox fərq var. Məhz bu səbəbdən də haqlı savaş cəmi 44 gün çəkdi. Əslində qalibiyyətimizi təkcə Ermənistan deyil, onun kimi bir neçə ölkə də həzm edə bilməmişdi. Biz bunu Prezident İlham Əliyev müxtəlif televiziya kanallarına müsahibə verərkən ona göstərilən səmimiyyətsiz münasibətlərdən açıq şəkildə görə bilərik. Lakin ölkə başçımız haqlı olaraq bütün gerçəkləri dilə gətirdi. Bununla yanaşı, Ermənistanın çirkin siyasəti hələ də bəzi ölkələr tərəfindən dəstəklənirdi. Halbuki bizim tək istəyimiz ərazi bütövlüyümüzü təmin etmək idi və biz buna nail olduq. Elə buna görə də bütün əməliyyatlar uğurla başa çatdırılmışdır. Bu əməliyyatlardan biri də "Daşaltı əməliyyatı" idi. Polkovnik Tehran Mənsimovun rəhbərliyi ilə Xüsusi Təyinatlı Qüvvələr düşmənin bağrını yarmaq üçün hər cür çətin tapşırığı yerinə yetirməyə hazır idilər. Daşaltı əməliyyatı mürəkkəb bir döyüş tapşırığı idi. Çünki Daşaltı kəndi mühüm strateji mövqedə yerləşirdi. Bu kənd aşağı ərazidə yerləşdiyi üçün düşmən oraya asanlıqla atəş açırdı.Daşaltının üstündəki bütün qayalar güllə izi idi. Yaralı hərbçilərimiz o qayaları dırmaşaraq düşmənin canına qorxu saldılar və çox çəkmədi- bir neçə gün davam edən qızğın döyüşlərdən sonra Şuşa şəhəri İcra Hakimiyyətinin binasında Mayor Gündüz Səfərlinin bölməsindən olan əsgərlər üçrəngli şanlı bayrağımızı Şuşa şəhərinə sancdılar. Elə həmin gün Şuşada illər sonra həm azan, həm də Dövlət himnimiz ilk dəfə səsləndi. Bir neçə gün davam edən qızğın döyüşlər, nəhayət ki, zəfərlə bitdi. Kimisi qolunu, kimisi ayağını, kimisi də gözünü itirdi. Amma onların dilindən bir kəlmə heç vaxt düşmədi: "Vətən sağolsun!" Bu günkü gün işğaldan azad olunmuş bölgələrimizdə müxtəlif qəsəbələr salınmış, bir-birindən ehtişamlı binalar, evlər, məktəblər tikilmişdir. Prezident İlham Əliyev noyabr ayının 8-i əhaliyə müraciət edərkən dedi: -“Əziz Şuşa, biz səni dirçəldəcəyik!” İndi nəinki Şuşa, bütün Qarabağımız dirçəlib. Yeni inzibati binalar, yaşayış binaları, parklar və s. müasir avadanlıqlarla təmin olunub. 2022-ci ildən etibarən, Qarabağa minlərlə ailə köçürülmüşdür. İlk köç karvanı isə 2022-ci ilin 19 iyul tarixində ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. Onlar 53 nəfər olmaqla, 10 ailədən ibarət idilər. Vaxtilə öz dədə-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər indi artıq azad və firavan yaşayırlar. Halbuki, bu ərazilər mənfur düşmən tərəfindən vəhşicəsinə talan edilmişdi. Demək olar ki, bütün binalar sökülmüş, məscidlər, qəbirlər, tarixi abidələr dağıdılmış, Füzulidə bir salamat bina belə qalmamışdı. Çünki onlar bizə aid heç bir izin qalmasını istəmirdilər. Rayonlarımızın, kəndlərimizin adını dəyişməklə torpaqlarımızı erməniləşdirmək istədilər. Dünən Şuşada parlament binası tikmək istəyən, rəqs edərək xalqını coşdurmaq istəyən Paşinyan, çox keçmədi ki, ağ bayraq qaldırdı.
Onlar ordumuzun gücünə, iradəsinə qalib gələ bilmədilər. Müzəffər ordumuz müharibə zamanı düşmənin bir çox texnikasını məhv etdi və hərbi qənimət kimi götürdü. Hərbi qənimətlər içərisinə tanklar, piyadaların döyüş maşınları, xeyli sayda toplar, minaatanlar, qumbaraatanlar, müxtəlif çaplı toplar və başqa silah avadanlıqları daxildir. Bu gün Hərbi Qənimətlər parkının göz oxşayan mənzərəsi, əminəm ki, düşmənin nəfəsini kəsir. Bu Azərbaycan oğullarının əl işi, necə deyərlər, əsl sənətkarlıq nümunəsidir.
Arzuları yarım qalan igidlər.. Axı kimi həmin il özünə toy edəcəkdi, amma yarına qovuşa bilmədi, kimi yeni doğulan körpəsinə ad qoyacaqdı, amma onunqoxusunu duymadan göylərə ucaldı.. Vaxtsız gedən bu karvanın ayaq izlərinin üstündə indi Xarı bülbüllər cücərir, şəhidlərin qanlarıyla imza çəkdiyi sıldırımlı qayalarda indi qartallar fəxrlə süzür. O qartallar ki, başımızı qaldırıb onlara baxanda bizə şəhidlərimizi xatırladır. Biz onlara minnətdarıq. Onlar vətənin müstəqilliyini, azadlığını öz canlarından da əziz tutub vətənə bir söz verdilər. Əziz şəhidlərimiz doğmalarının gözü yolda qalacağını bilirdi. Indi onlardan geriyə atalarının adını uca tutan şəhid övladları qaldı. Onlar dövlətimizə, millətimizə əmanətdir. Biz onların əmanətinə göz bəbəyimiz kimi baxmalıyıq. Eyni zamanda, şəhid övladının forması ilə, əşyaları ilə təsəlli tapan analar, kədəri ürəyində daşıyan, lakin qürurlu duruşu ilə “oğlumla fəxr edirəm” deyən atalar...Bu şanlı tarix, bu zəfəri, qalibiyyəti biz sizə, yəni sizin timsalınızda da şəhidlərimizə və qazilərimizə borcluyuq. Biz qazilərimizin görən gözü, yeriyən ayağı, tutan əlləri olmalıyıq. Axı onlar bizə qələbə sevinci yaşatdı. Əsrlər keçsə də, tarix kitabları başımızı uca edən bu zəfərimiz haqqında yazacaq. Yazıçılar, şairlər, bəstəkarlar bu qələbəni öz əsərlərində tərif edəcəklər.
Cənab Ali Baş Komandanın qələbə müjdəsi ilə 8 Noyabr "Zəfər günü" kimi tarixin səhifələrinə öz adını qızıl hərflərlə yazdı. Tarix o günü heç vaxt unutmayacaq!
Xanın havalanan səsini Xudayarın nəğməsində tapan Vətən! "Sən azadsan!"
Rahat yat, Xudayar, çünki "Vətən yaxşıdır!"
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Və Yanında səssizcə öz uşaqlığı addımlayır - ETÜD
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hər səhər olduğu kimi, bu səhər də gözlərini ovuşdura-ovuşdura yuxudan oyandı. Anasının səsləməsi ilə yerindən qalxıb mətbəxə keçdi. Südün iyi bütün mətbəxi bürümüşdü. Anası onu və balaca bacısını əlindən tutub hamam otağına apardı. Hər ikisinin əl-üzünü yuduqdan sonra mətbəxə keçib yemək süfrəsinə oturdular. Ayaqları yerə çatmırdı. Balaca ayaqlarını yelləyə-yelləyə həvəslə südü içməyə başladı.
Döşəmənin taxtası rəngsiz idi. Evin tikintisi hələ tamamlanmamışdı. Yarım olmasına baxmayaraq, onlar evə köçmüşdülər. Köhnə evləri artıq yararsız vəziyyətə düşmüşdü. Hələ yarım olmasına baxmayaraq, böyük ümidlər, uşaqların sevinci, xoşbəxtlik qoxusu divarlara hopmuşdu. Hər kəs xoşbəxt idi. Başını yastığa qoyanda elə şirin yuxuya gedirdi ki, nə keçən zamanı, nə də sabah erkən oyanacağını düşünürdü. O an xoşbəxtlik onun üçün hamının bir yerdə yatdığı bu otaqdan, isti nəfəsdən ibarət idi. Çünki uşaqlara xoşbəxt olmaq üçün çox şey lazım olmur. Bir az süd qoxusu, bir az ana səsi, bir də başını qoymağa bir yastıq kifayət edir.
Səhər yeməyini yedikdən sonra bağçaya getmək üçün hazırlaşdılar. Artıq bağçaya öyrəşmişdilər. Əvvəl istəksiz olsalar da, zamanla bu gedişə alışmışdılar. Böyük olan digər iki bacısı onları bağçaya aparırdı. Əllərini möhkəm tutardılar və yol boyu ehtiyatla gedərdilər. Bu gün də ananın tapşırığı ilə bacılar onları bağçaya aparırdılar. Yol boyu ətrafı seyr edərdilər. Bir quş səsi, yolda dayanan balaca pişik balası, bir iri heyvan onların marağına səbəb olardı. Sevinclə mənzərəyə tamaşa edər, səslərini yamsılayardılar.
Getdikləri yolu əzbər bilirdi.
Bağçaya çatmağa az qalmış, uzaqdan gələn uşaqları görürdü. Öz yoldaşlarından kimsə varmı deyə boylanar, onlara çatmağa çalışardı.
Bağçanın qapısına çatanda bacıları ilə sağollaşıb balaca bacısının əlindən tutaraq tərbiyəçi müəlliməsinə tərəf addımladı. Səhər məşğələsindən sonra birlikdə sinif otağına daxil oldular. Oyuncaqlarla dolu olan otaqda hər kəs öz aləmində idi. Kimi özü üçün oynayır, kimi bir oyuncaq üstündə dalaşır, kimisi də bir küncdə oturub ətrafı seyr edirdi.
Tərbiyəçi müəllimin göstərişi ilə hər ikisi bir kənarda oturdular. O, yaxında olan oyuncaqları bacısına uzatdı. Özü isə səssizcə onu seyr edirdi. Gözləri tez-tez pəncərədən çölə baxırdı. Onun ən sevdiyi əyləncəsi bağçanın həyətindəki sürüşkən idi. Orada vaxt keçirəndə özünü çox xoşbəxt hiss edirdi. Daha sonrasında isə yolun qapısına baxaraq evə getmək növbəsinin nə vaxt çatacağını gözləyərdi. Qapıda evdəkilərdən birini görəndə üzü gülərdi. Bu iki an onun bağça həyatındakı ən xoşbəxt olduğu anlar idi...
***
İndi həmin o balaca qız hər səhər yuxudan erkən oyanaraq, öz balaca qızını bağçaya yola salır. İndi ona baxarkən öz uşaqlığını xatırlayır: süd qoxusunu, qaralmış döşəməni, sevimli sürüşkənini və bacısının əlini buraxmadığını. O, bağçaya getmək üçün hər gün can atır. Anası isə xoş təbəssümlə onu müşahidə edir. Onu bağçadan götürəndə, sevinclə pəncərədən çölə boylanan balacasını görərkən, öz keçmişini də orada görür. Sanki öz uşaqlığı da oradan boylanır. İndi hər gün yola bərabər çıxır, yol boyu gördüklərini birlikdə öyrənirlər. Lakin bu dəfə başqa adla – ana olaraq eyni yolu bir daha keçir. Və Yanında səssizcə öz uşaqlığı addımlayır.
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Uşaq tərbiyəsində ən böyük səhv: müqayisə
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Valideynlik insan həyatında sadəcə bioloji və ya sosial məsuliyyət deyil. Bu anlayış eyni zamanda gələcək bir insan xarakterinin formalaşmasına birbaşa təsir göstərən uzun və mürəkkəb prosesdir. Dünyaya uşaq gətirmək insan həyatının təbii davamı hesab oluna bilər, lakin onu sağlam düşüncəli, özünə güvənən, emosional baxımdan sabit, cəmiyyətə faydalı və daxili dünyası güclü bir şəxsiyyət kimi yetişdirmək artıq tamam başqa məsuliyyət tələb edir.
Təəssüf doğuran məqamlardan biri odur ki, bir çox ailələrdə valideynlər övlad böyütmək ilə övlad yetişdirmək arasındakı fərqi tam anlamırlar. Fiziki ehtiyacların ödənilməsi, məktəbə göndərmək, qidalanmasına diqqət etmək, geyim və digər maddi ehtiyacları qarşılamaq valideynliyin yalnız görünən tərəfidir. Görünməyən tərəfdə isə uşağın ruh dünyası, daxili sabitliyi, özünü dərk etməsi və gələcək xarakterinin formalaşması dayanır.
Uşaq tərbiyəsində ən çox rast gəlinən və çox zaman təhlükəli nəticələri uzun illər sonra görünən problemlərdən biri müqayisədir. Maraqlıdır ki, bir çox valideyn bunu səhv hesab etmir. Əksinə, övladını başqaları ilə müqayisə etməyi motivasiya vasitəsi kimi görür. “Bax, qardaşın necə yaxşı oxuyur”, “filankəsin qızı səndən daha məsuliyyətlidir”, “qonşunun oğlu hər gün dərs oxuyur, sən niyə onun kimi deyilsən?” kimi cümlələr bir çox ailələrdə tamamilə adi tərbiyə üsulu hesab edilir. İlk baxışda bu sözlər sadə görünə bilər. Valideyn düşünür ki, övladını inkişaf etdirmək, onda rəqabət hissi yaratmaq və onu daha yaxşı nəticəyə yönəltmək üçün bu yanaşma normaldır. Halbuki pedaqoji baxımdan məsələyə dərindən baxdıqda tamamilə fərqli mənzərə ortaya çıxır.
İnsan psixologiyasının ən həssas dövrləri uşaqlıq illərinə təsadüf edir. Uşaq öz şəxsiyyətini məhz bu dövrdə tanımağa başlayır. O, ilk dəfə özünün kim olduğunu, nəyi bacardığını, nə dərəcədə dəyərli olduğunu ətrafındakı insanların reaksiyaları vasitəsilə dərk edir. Valideyn bu prosesdə ən güclü təsirə malik şəxsdir. Çünki uşaq dünyanı ilk olaraq valideynin gözü ilə görür. Əgər uşağa davamlı şəkildə “sən başqaları qədər yaxşı deyilsən” mesajı ötürülürsə, o zaman bu fikir zamanla uşağın daxili inancına çevrilməyə başlayır.
Burada diqqət edilməli ən mühüm məsələ odur ki, müqayisə uşağı inkişaf etdirmir. Müqayisə uşağın özünü dəyərsiz hiss etməsinə səbəb olur. Valideyn bunu motivasiya hesab etsə də, uşaq bunu çox vaxt “mən yetərli deyiləm” mesajı kimi qəbul edir. Bu hiss isə özünəinamın zəifləməsinə gətirib çıxarır. Özünə güvənməyən uşaq sonradan həyatın digər mərhələlərində də qərar verməkdə çətinlik yaşayır. O, daim özünü başqaları ilə ölçməyə başlayır və öz fərdi xüsusiyyətlərini görmək qabiliyyətini itirir.
Əslində hər insan fərqli yaradılır. Eyni ailədə böyüyən iki uşağın belə xarakteri, maraq dairəsi, emosional həssaslığı və öyrənmə sürəti tamamilə fərqli ola bilər. Bir uşağın riyazi təfəkkürü güclü ola bilər, digəri isə yaradıcı düşüncə baxımından daha üstün ola bilər. Bir uşaq sosial münasibətlər qurmaqda uğurlu olar, digəri isə daxili müşahidə qabiliyyəti ilə seçilər. Problem ondan başlayır ki, valideyn çox zaman övladını olduğu kimi qəbul etmək əvəzinə onu müəyyən standartlara uyğunlaşdırmağa çalışır.
Müasir pedaqogikanın əsas prinsiplərindən biri uşağın fərdi inkişaf tempinə hörmət etməkdir. Hər uşaq eyni yaşda eyni şəkildə düşünmür, eyni sürətlə öyrənmir və eyni istiqamətdə inkişaf etmir. Təhsil tarixində uşağın fərdi inkişaf xüsusiyyətləri haqqında aparılmış araşdırmalar göstərir ki, insan beyninin inkişaf mərhələləri standart sxem üzrə hər kəsdə eyni formada getmir. Buna baxmayaraq ailələrdə çox zaman belə yanaşma formalaşır: əgər başqa bir uşaq müəyyən nəticə əldə edibsə, mənim övladım da eyni nəticəni göstərməlidir.
Valideyn burada çox mühüm psixoloji səhvə yol verir. O, övladının potensialını yox, başqasının nəticəsini ölçü vahidinə çevirir. Halbuki tərbiyənin əsas məqsədi uşağı kimləsə yarışdırmaq deyil. Əsas məqsəd onun daxili imkanlarını inkişaf etdirməkdir.
Müqayisənin yaratdığı mənfi nəticələrdən biri də gizli aqressiyanın formalaşmasıdır. Uşaq valideynin hər dəfə başqasını nümunə göstərdiyini gördükcə daxilində narazılıq yaranmağa başlayır. O, bir müddət sonra həmin müqayisə edilən insanlara qarşı mənfi münasibət formalaşdırır. Qardaşla müqayisə edilən uşaq zamanla qısqanclıq hissi yaşaya bilər. Sinif yoldaşı ilə davamlı müqayisə olunan uşaq sosial münasibətlərdə kompleks hiss etməyə başlayar. Beləliklə, valideyn fərqinə varmadan uşağın emosional tarazlığını pozur.
Maraqlıdır ki, bəzi valideynlər müqayisəni təkcə akademik nəticələr üzərində qurmurlar. Bəzən xarici görünüş, davranış, xarakter və hətta emosional xüsusiyyətlər belə müqayisə obyektinə çevrilir. “Bax, filankəs nə qədər sakitdir”, “başqaları sənin kimi cavab qaytarmır”, “sən niyə hamı kimi ola bilmirsən?” kimi ifadələr uşağın daxili dünyasında dərin iz qoyur. Çünki bu cümlələr birbaşa onun şəxsiyyətinə yönəlmiş mesajdır. Uşaq zamanla öz təbii xüsusiyyətlərini qəbul etməməyə başlayır.
Burada valideynin niyyətinin yaxşı olması nəticəni dəyişmir. Çox zaman valideyn həqiqətən övladının uğurlu gələcəyini istəyir. Problem məqsəddə yox, üsuldadır. Tərbiyədə istifadə edilən metod bəzən nəticədən daha böyük əhəmiyyət daşıyır. Uşaq üzərində qurulan psixoloji təzyiq uzun müddət görünməyə bilər, lakin illər sonra özünü müxtəlif formalarda göstərir. Özünə inamsızlıq, sosial qorxu, qərar verməkdə çətinlik, uğursuzluqdan həddindən artıq qorxmaq və daim təsdiq axtarmaq kimi problemlərin kökündə çox zaman uşaqlıq dövründə yaşanan emosional təcrübələr dayanır.
Bir məsələni xüsusi vurğulamaq lazımdır. Uşağın inkişaf etməsi üçün motivasiya lazımdır. Lakin motivasiya ilə təzyiq arasında görünməyən sərhəd mövcuddur. Valideyn övladını inkişaf etdirmək istəyirsə, ilk növbədə onun öz potensialını tanımasına kömək etməlidir. Məsələn, uşağın dərslərində zəif nəticə göstərməsi onu başqa uşaqlarla müqayisə etmək üçün səbəb deyil. Əksinə, burada əsas sual başqa olmalıdır. Uşaq niyə çətinlik yaşayır? Problem diqqət zəifliyidir, maraqsızlıqdır, emosional gərginlikdir, yoxsa metod səhvidir? Uşağın nəticəsinə baxmaq asandır. Səbəbi anlamaq isə valideynin həqiqi pedaqoji məsuliyyətidir.
Ailələrdə çox rast gəlinən yanlış yanaşmalardan biri də uşağın uğurunu ailənin nüfuzu ilə əlaqələndirməkdir. Bəzi valideynlər övladının nailiyyətlərinə onun fərdi inkişafı kimi deyil, sosial göstərici kimi baxırlar. Uşaq yüksək bal toplamalıdır, çünki ailənin adı var. Uşaq hamıdan yaxşı olmalıdır, çünki valideyn uğur görmək istəyir. Bu yanaşmada uşağın hissləri arxa plana keçir. O, bir insan kimi deyil, nəticə gətirməli olan şəxs kimi qəbul edilir. Belə böyüyən uşaqlar zamanla sevginin şərtli olduğunu düşünməyə başlayırlar. Onlar hesab edirlər ki, yalnız uğur qazandıqları zaman sevilirlər.
Halbuki sağlam tərbiyənin təməlində şərtsiz qəbul anlayışı dayanır. Uşaq bilməlidir ki, onun dəyəri yalnız nəticələrlə ölçülmür. O, uğursuz olduğu gün də, səhv etdiyi an da, zəif göründüyü dövrdə də ailəsi tərəfindən qəbul olunur. Bu hiss daxili güvən yaradır. Özünü güvəndə hiss edən insan isə inkişaf etmək üçün daha sağlam motivasiya qazanır.
Valideynlər bəzən fərqinə varmadan öz uşaqlıqlarını da övladlarının həyatına daşıyırlar. Keçmişdə ala bilmədikləri uğuru övladlarından gözləyirlər. Öz reallaşmayan arzularını uşaqların üzərinə yükləyirlər. Əgər valideyn vaxtilə müəyyən imkanlardan məhrum olubsa, o, övladının mütləq hər sahədə ideal nəticə göstərməsini istəyir. Psixoloji baxımdan bu, nəsillərarası təzyiq forması yaradır. Uşaq öz arzularını deyil, başqasının gözləntilərini daşımağa başlayır.
Tərbiyədə ən sağlam yanaşmalardan biri müqayisəni başqaları ilə yox, insanın öz inkişafı ilə aparmaqdır. Əgər uşaq dünən müəyyən səhv edib, amma bu gün daha yaxşı davranırsa, bu artıq inkişafdır. Əgər o, keçən il müəyyən mövzuda çətinlik çəkirdisə, indi daha rahat öyrənirsə, bu uğurdur. İnsan öz yolu ilə inkişaf etməlidir. Başqasının yolu heç vaxt universal ölçü vahidi ola bilməz.
Cəmiyyətimizdə çox vaxt uğur anlayışı yanlış təqdim edilir. İnsanlar yalnız nəticəni görürlər. Yüksək qiymət, yaxşı universitet, prestijli peşə və maddi imkanlar uğur göstəricisi hesab olunur. Halbuki emosional baxımdan zəif, özünə inamsız, daim özünü başqaları ilə müqayisə edən insan zahirdə uğurlu görünə bilər, lakin daxilən sabit olmaya bilər. Valideynin əsas məqsədi yalnız nəticə qazanan övlad böyütmək olmamalıdır. Daha vacib məsələ daxili olaraq sağlam insan yetişdirməkdir.
Uşaqlar gələcəyin cəmiyyətini formalaşdırırlar və bugünkü ailə daxilində qurulan münasibətlər sabahın sosial davranış modelinə çevrilir. Daim müqayisə edilən, özünü yetərsiz hiss etməyə məcbur qalan, sevgini yalnız uğur və nəticələr üzərindən tanıyan bir uşaq böyüdükdə çox zaman həmin modeli özü də təkrarlayır. Beləliklə, fərqinə varmadan yanlış tərbiyə üsulları bir ailədən digərinə, bir nəsildən növbəti nəslə ötürülməyə başlayır.
Valideynlik sadəcə istiqamət göstərmək prosesi deyil. Bu, insanın daxili dünyasına toxunmaq, onun gələcəkdə özünü necə görəcəyini müəyyənləşdirmək və şəxsiyyətinin təməlini qurmaq məsuliyyətidir. Uşağın zehninə bilik ötürmək mümkündür, lakin onun daxilində sağlam özünəinam yaratmaq, özünü dəyərli hiss etməsinə şərait qurmaq və həyatla münasibətində daxili güc formalaşdırmaq daha mürəkkəb, eyni zamanda daha qiymətli proses hesab olunur.
Unutmaq olmaz ki, hər uşaq ayrı dünyadır. Hər insan fərqli xarakterlə, fərqli temperamentlə, fərqli potensialla və fərqli inkişaf ritmi ilə həyata gəlir. Bir uşağı başqası ilə müqayisə etmək əslində onun fərdiliyini görməmək, özünəməxsus xüsusiyyətlərini dərk etməmək və onu başqasının ölçüləri daxilində qiymətləndirmək deməkdir. Halbuki sağlam tərbiyənin əsas prinsipi uşağın kiməsə bənzəməsinə çalışmaq deyil, onun öz imkanlarını tanımasına və inkişaf etdirməsinə şərait yaratmaqdan ibarətdir.
Valideyn övladına yaxşı təhsil verə, onun rahat böyüməsi üçün maddi imkanlar yarada və həyat yolunda qarşılaşacağı çətinlikləri azaltmağa çalışa bilər. Ancaq həqiqi valideynlik bundan daha dərindir. Əsl valideynlik uşağa daim hiss etdirməkdən başlayır ki, insan bu dünyaya başqaları ilə yarışmaq üçün deyil, öz potensialını tapmaq və öz kimliyini qurmaq üçün gəlir. Çünki uşağın illər sonra xatırlayacağı əsas məsələ ona alınan əşyalar, qoyulan qadağalar və ya verilən nəsihətlər olmur. İnsan çox vaxt uşaqlıq dövründə özü haqqında eşitdiyi fikirlərlə yaşayır və özünü həmin fikirlərin yaratdığı daxili səs vasitəsilə tanıyır.
Məhz buna görə valideyn hər dəfə övladına müraciət edərkən sadəcə söz demir. O, gələcək bir insanın özünü necə görəcəyini müəyyən edən daxili səsi formalaşdırır. Uşağın xarakterində görünən hər güvən, hər qorxu, hər cəsarət, hər tərəddüd müəyyən mənada ailə daxilində eşitdiyi münasibətin davamına çevrilir. Bu səbəbdən tərbiyə prosesində ən böyük məsuliyyət uşağı başqalarından üstün etmək deyil, onun özünü dəyərli insan kimi hiss etməsinə imkan yaratmaqdır. Çünki gələcəkdə cəmiyyətin necə olacağını müəyyən edən əsas faktor yalnız məktəblər və institutlar deyil; bu gün ailə daxilində qurulan münasibətlər və valideynin övladına verdiyi mənəvi mesajlardır.
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)
Biri ikisində - Hacıbala Mahmudovun debütü
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Hacıbala Mahmudovun debüt şeirləri təqdim edilir.
Və bəri başdan deyirik ki, çox qeyri-adi, dərin, məzmunlu, gözəl şeirlərdir. Bəyənəcəyinizə arxayınıq. Xüsusən, ənəvi şeirçiliyin şablon qafiyələri və bənzər deyimləri ilə gözlərimiz və qulaqlarımız yorulduğu bir zamanda bu gənc sanki şeirə yeni ovqat, dirəniş verir.
Xoş mütaliələr.
Hacıbala MAHMUDOV
DEBÜT ŞEİRLƏRİ
***
Yenə yoxsan... 00:35,
Yada düşür unutduğum mahnılar.
Gicgahımda xəyanətin tətiyi,
Ürəyimdə öyrətdiyin ağrılar
Xoşbəxtlikdən bir qadınlıq uzağam,
Məsafələr yenə görür işini...
Sənə lazım deyiləmmiş, qadınlar
sevmir axı ağlatdığı kişini.
Ağır içki, Sezen Aksu, qaranlıq...
Tənhalığın nəvazişin çəkirəm.
Bu gün elə ağrıyıram, elə bil
Ürəyimin ağıl dişin çəkirəm.
Həsrət məni yeyə bilmir nə vaxtdı,
Bilmirəm ki, itdi, yoxsa küçükdü.
Kədər rahat gəlib gedir, boyu da
Evimizin qapısından kiçikdi.
Səndən sonra yaşayaram necəsə,
Gedən geri qayıtmasa, yaxşıdı.
Bürclərinin daşı uçmuş qalayam,
Külək vurub dağıtmasa yaxşıdı...
DƏNİZ VƏ GƏMİ
Arada gedirəm dənizə sarı,
Dalğalar içimdən qəmi aparır.
Elə ləngər vurur suda, elə bil
Dünyanın yükünü gəmi aparır.
Bir nəfər sahildən quşlara baxır,
Ovcunda olana xəsislik edir.
Ət ilə balığın müqayisəsi
Nə yaxşılıq edir, nə pislik edir
Dənizin göyərib dərisi yenə,
Ayrılan qəlblərin çırpınışından.
Bir az da inciyib dəniz elə bil
Dəmir parçasının davranışından.
Gəmidən inciyib, gəmidən küsüb,
Necə sevənləri ayıra bilir?!
O axı sevgidən udur hamını,
Bermud üçbucağın dairə bilir.
Gəmi uzaqlaşıb üfüqə çatır,
Kiçilir gözümdə böyütdüklərim.
Balıqqulağının dili açılıb,
Eşitmədiklərim, eşitdiklərim...
Dənizdə tanışdı, gəmi də mənə,
İçində bir nəfər unutduğumdu.
Dilimin ucunda adı dolanan
Kirpiyin ucunda qurutduğumdu.
Gəmilər suların qaranlığına,
Balıqlar yem olur ağ ayılara.
Deyirlər, dənizdə fırtına qopur,
Çörək verməyəndə qağayılara...
“SƏNİ GÖRMƏK... ”
Səni ilk dəfə görəndə külək sahildə uşaqların çərpələngini oğurlayırdı,
Havanın qanı qaralmışdı, islanmışdıq, buludlar soğan doğrayırdı.
Səni görmək təxəyyülümün ən çılğın ehtirası, kor adamın gördüyü ən rəngli yuxudur,
Səni görəndə dəniz də ağzının suyun axıdır.
Səni görmək səndən gələn ətirin ürək notlarının səsini duymaq,
Səni görmək həbsxanada qaşıqla taxtanın üzərində qadın heykəli oymaq.
Səni görmək qəlbimin xəfif külək toxunuşlu əsintisi,
Bir körpənin doğuşda həyatını itirmiş anasının qucağında cənnət gəzintisi.
Səni görmək yaz dirilişi, təbiət canlanması,
Səni görmək dünyanın ən son həftəsinin qiyamət günü, yer və göyün nişanlanması.
Səni görmək çarəsizliyimlə barışmaqdı, bircə dəfə güləsən deyə, barmaqlarımı çənəmin altında hörməyimdi.
Məsələ səni görmək deyil, sənin məni görməyindi...
MÜŞAHİDƏ ETDİKLƏRİM...
Üzünə düşən ikinci yağış damcısından sonra, ovucunu səmaya doğru tutan adamın şübhəsi qədərdi, inancımız.
Yoxlayırıq, hər şeyi yoxlayırıq.
Dərmanların sitayiş etdiklərimizdən daha təsirli olduğunu düşünürük, kəsmirsə sancımız.
Gülərüz insanların həyatı, sonu ayrılıq və ölümlə bitən filmdən daha dramatikdir.
Zəncirvari nöqsanlarımın tövbələri, ağ vərəq üzərində düzəlişlər kimidir.
Etdiyim günahlar, hamısı qrammatikdir.
Gördüklərimizə verdiyimiz adlar – düşüncə güzgümüzün əks etdikləridir.
Bütün toylardan yadımda qalan – tanımadığım insanların, bir-biri ilə rəqs etdikləridir.
Ulduzlar – göy üzünün yeniyetməlik səpkiləridir.
Burulğan, fırtına – dənizin intiharlara ilkin təpgiləridir.
Buludlar – yadplanetlilərin təhlükəsizlik yastıqlarıdır.
Yalnışlar – kafirlərin İsa deyil, əvəzinə başqasını çarmıxdan asdıqlarıdır.
Gənclik – qaçaraq, birnəfəsə qalxdığın pilləkənləri sürüşməkdi, sürahilərdə.
Allaha sevgi, bəlkə də, bizdən daha çoxdu, “ateist saqqallı” dahilərdə.
Bütün rənglərin boz olduğu şəhərdə, saçlarımın ağarmağa başlaması, ahəngə uyğundur.
Ağlamaq – mühit dəyişkənliyinə alışan birinci duyğundur.
Sevgi – ürək xəstəliyi, ritm pozğunluğudur.
Sərbəstlik – evdar qadın yorğunluğudur.
Sən, gecə korluğum, barmaq məsamələrimin yaddaşı,
Eşq – ipə-sapa yatmayan qozbelin əhlət daşı.
İnsanlar – cənnətdən qovulmuş mələyin ən yaxın qonşusu.
Dünya – günahkarların gecəqondusu...
“Ədəbiyyat və incəsənət”
(01.07.2026)


