Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Bozbash Pictures-in tez parlayan, tez də solan Ağsaqqalından danışacağam sizə. Şəminin, Şöşününü, Fəlakətin tərəf müqabili olan Ağsaqqaldan. Bu gün onun doğum günüdür.

 

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Qeyd etdiyim kimi, aktyor Bozbash Pictures-in Ağsaqqal və Əzəmət obrazları ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.

 

Filmoqrafiya

 

1. Bozbash Pictures

2. 3 bacı

3. Ay brilliant

4. Axırıncı yol

5. Stalinin başı

6. Palata 106

7. Bir xalanın sirri

8. Zarafat Bir Yana

 

O, böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

2025-ci il yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 5-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

 

Kübra Quliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Salam.

Səni tanımıram.

Bəlkə heç heç vaxt tanımayacağam.

Amma bu yazını sənə ünvanlayıram… çünki içimdəki bir parçam sanki sənin varlığını illərdir gözləyir.

 

Bəzən sənə bənzəyən gözlərə baxdım, amma orda özümü tapa bilmədim.

Bəzən nəfəsimi kəsən yaxınlıqlar yaşadım, amma ruhuma toxunan olmadı.

Bəzən səsimi eşidən çox insan oldu, amma məni duyan olmadı.

 

Əgər bir gün yolumuz kəsişsə, bil ki:

Mən hazır olmayaraq çox şeyi yaşadım.

Hazır olmaq nədir, bilmirəm, amma bu dəfə özümü itirmədən sevmək istəyirəm.

Səni də deyil, özümü səninlə itirmədən tanımaq istəyirəm.

 

Mən sevgini yalnız sevgi olduğu üçün yaşamaq istəyirəm.

Məcbur qaldığım üçün yox.

Boşluqda olduğum üçün yox.

Seçildiyim üçün, sevdiyim üçün, güvəndiyim üçün.

 

Əgər sən bir gün gəlsən…

Qapımı çırpma.

Sadəcə yavaşca döy.

Mən bu dəfə heç kimdən qorxub qaçmayacağam,

amma qapını açmaq üçün içimdə sakitlik axtaracağam.

Çünki bu dəfə sevdiyim yer deyil, özümün qaldığım yer olsun, istəyirəm.

 

Bilinməzsən. Bəlkə gələcəksən. Bəlkə yox.

Amma mən artıq özümə dönürəm…

Ki sənin gəlməyinə ehtiyac olmadan da tam olum.

 

Sonda bil ki:

Mən sevilməyə layiqəm.

Amma özümü sevmədən, səni sevə bilmərəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

 

 

Nigar Xanəliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində mövzumuz 2026-cı ilin fevralında 100 illiyini qeyd etdiyimiz I Türkoloji Qurultaydır.

 

Türk xalqlarının tarixində 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay yalnız elmi deyil, həm də ictimai-siyasi baxımdan əlamətdar hadisə olmuşdur. Bu Qurultayda ən vacib məsələlərdən biri yeni əlifbaya keçid, xüsusilə də latın qrafikalı ortaq türk əlifbasının qəbul olunması olmuşdur. Əlifba islahatı yalnız yazı sisteminin dəyişməsi deyil, həm də maarifçilik, milli oyanış və modernləşmə proseslərinin mühüm tərkib hissəsi kimi təqdim olunurdu. Məhz bu baxımdan Qurultayda əlifba ilə bağlı müzakirələr təkcə texniki deyil, dərin mənəvi və strateji məzmun daşıyırdı.

1920-ci illərdə türk xalqları arasında müxtəlif yazı sistemlərindən istifadə olunurdu: ərəb, kiril və yerli yazı formaları. Ən çox yayılmış əlifba ərəb qrafikası idi, lakin onun mürəkkəbliyi və səs uyğunsuzluqları savadsızlığın yayılmasına səbəb olurdu. Maarifçilər və ziyalılar arasında əlifba islahatı ideyası artıq XX əsrin əvvəllərindən müzakirə olunurdu. 1926-cı il Qurultayı isə bu məsələyə elmi və siyasi müstəvidə sistemli yanaşma gətirdi.

 Qurultayda latın qrafikalı əlifbanın qəbul olunması təklifi geniş dəstək aldı. Alimlər aşağıdakı arqumentləri irəli sürürdülər:

  • Sadəlik və praktiklik: Latın əlifbası daha asan yazılır və oxunur, bu isə savadlanma səviyyəsinin yüksəlməsinə səbəb ola bilərdi.
  • Fonetik uyğunluq: Latın qrafikası türk dillərinin səslərinin ifadəsi üçün daha uyğun idi.
  • Elmi və texniki inteqrasiya: Avropa ilə elmi əlaqələrin gücləndirilməsi üçün latın əlifbası əlverişli hesab olunurdu.
  • Milli dirçəliş: Əlifbanın dəyişməsi həm də türk xalqlarının mədəni oyanışının simvolu kimi görülürdü.

 Məşhur türkoloq Zəki Vəlidi Toğan, Əhməd Cəfəroğlu və Hüseyn Cavid kimi alimlər bu ideyanı dəstəkləyənlər sırasında idi. Qurultayda qəbul edilən qərara əsasən, 1928-ci ildən başlayaraq latın qrafikasına mərhələli keçid planlaşdırılırdı.

 1926-cı ildən sonra Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və digər türk respublikaları mərhələli şəkildə ərəb əlifbasından imtina edib latın qrafikasına keçdilər. Bu, qısa müddətdə savadlılıq səviyyəsinin yüksəlməsi, dərsliklərin modernləşdirilməsi və türkdilli xalqlar arasında yazılı ünsiyyətin asanlaşmasına səbəb oldu.

Lakin 1939–1940-cı illərdə Sovet siyasəti dəyişdi və bütün türkdilli respublikalarda kiril əlifbasına keçid məcburi edildi. Bununla türkdilli xalqların aralarındakı yazı birliyi pozuldu, elmi və mədəni inteqrasiya zəiflədi.

1926-cı il Bakı Türkoloji Qurultayında latın qrafikasına keçidlə bağlı müzakirələr yalnız texnoloji deyil, mədəni və ideoloji bir islahat kimi tarixə düşmüşdür. Bu qərar türk xalqlarının maarifçilik hərəkatı çərçivəsində savadlılıq, milli kimlik və mədəni birlik uğrunda apardıqları mübarizənin mühüm mərhələsi olmuşdur. Hər nə qədər Sovet siyasəti bu prosesi sonradan dəyişdirsə də, 1926-cı il Qurultayının ideyaları bu gün də latın qrafikasına qayıdış təşəbbüsləri üçün ilhamverici əsasdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

 

 

“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Zöhrab Mehdinin şeirləri təqdim edilir.

 

Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

Xoş mütaliələr.

        

  

ŞEİR VAXTI

 

Zöhrab MEHDİ

 

YERİMİZ YOXDUR

 

Şükr et, könül, oysa bizim 

Kimsədən sirrimiz yoxdur. 

Şəffafdır, pakdır içimiz 

Hisimiz, kirimiz yoxdur!

 

Biz yalnız haqdan yanayıq

Yanmasın bir can, yanayıq.

Harda olsaq yan-yanayıq, 

Ya da, heç birimiz yoxdur!

 

Desələr, yurdun harası,

De ki, göylə yer arası.

Baş qaxıncı, üz qarası

Ölümüz, dirimiz yoxdur!

 

Uzundur yolumuz, könül,

Xoşdur, xoş halımız, könül. 

Nə üçdə alımız, könül, 

Nə beşdə verimiz yoxdur!

 

Varımız yox sözdən qeyri,

Yarımız yox düzdən qeyri.

Neynək, bizim bizdən qeyri

“Getməyə” yerimiz yoxdur!

 

 

SALAM DEYİN 

 

Burda maraqlı bir şey yox, 

Bax, başımı qatammıram. 

Fikrim qalıb uzaqlarda,

Ha gedirəm, çatammıram!

 

Kimim var, nədir bilmirəm

Məni çəkən, uzaqlara?!

Duman kimi qəm, nisgildi

Yoxsa çökən – uzaqlara?!

 

Necə keçir, necə orda

Günlər, aylar, illər, görən?

Səksəkədə ürəklərmi, 

Tətikdəmi əllər, görən?!

 

...Yağış yağır, külək əsir...

Belədirmi gündüz, gecə?!

Kim bilir, kim uzaqların 

Havası nə, rəngi necə?!

 

Ha gedirəm çatammıram –

...Asta... yeyin – uzaqlara!

Dostlar, bir gün ola... məndən

Salam deyin, uzaqlara!

 

 

DƏRD GƏTİRİRƏM 

 

Uzanan hər ələ ətək oluram,

Hər ünə qaçıram, səsə qaçıram. 

Yubansam nə olar, kim bilir, oysa

Qırdırma qaçıram, kəsə qaçıram?!

 

Torpaq ağrımasın – addımlarımı

Ehmalca atıram, asta qoyuram.

Hardan gəlir-gəlsin başıma, öpüb,

O daşı gözümün üstə qoyuram.

 

Görsəm ki, ocağı, odu sönən var,

Gözümdən atəş də, qor da verirəm. 

Bunun qaydası nə, üsulu necə –

İstəsən çəkinmə, sor da – verirəm?!

 

Nazını çəkirəm ağacın, quşun,

Yarpaqtək əsirəm, yarpağın üstdə.

Bağrıma basıram, altı bir yana,

Nə varsa...nə varsa, torpağın üstdə!

 

Hər gün neçə cürə ahdan keçirəm

Özümdən nə qədər söz götürürəm. 

Hər sabah evimdən ümidlə çıxıb,

Hər axşam evimə dərd gətirirəm!

 

             

O DAŞA DƏYMƏ 

 

O daşa dəymə, toxunma o daşa, qafil,

Bilirsən o daşı üst-üstə kim qoyub?!

Özü də əzmlə, səbirlə, təmkinlə –

Pərçim edib biri-birinə, pərçim – qoyub!

 

Daşı daş üstünə qoymağa ürək lazım,

Nəbadə, bu sənə zarafat gəlməsin.

Bacarırsan, bir daş da sən qoy üstünə,

Ya da, farağat dur, farağat- gəlməsin!

 

Əslində, düşünürsən; daşdı da, amma

Üst-üstə qoyursan – iki, üç, dörd...olur.

Bir də baxırsan ki, ev olur, qala olur –

Bir də baxırsan ki, binə olur, yurd olur!

 

Həm də, daş daşın üstündə olanda

Əlimizə, ayağımıza ilişən daş azalır.

Daşı daş üstünə qoymaq da hadisədi,

Hə də, qoyarsan, yeni bir tarix yazılır.

 

O daşa dəymə, toxunma o daşa, qafil, 

Bilirsən o daşı üst-üstə kim qoyub?!

Bax, necə yonub, cilalayıb – əhsən

Hər kimsə, gör nə gözəl, nə biçim qoyub!

 

 

HAVALANDIR

 

Çıxart çölə, çəkinmə – çıxart, qafil

Nolar, bir az başını havalandır.

Aç qapılarını, pəncərələrini aç –

Bir az da damını, daşını havalandır!

 

Çörəyini, duzunu havalandır bir az, 

Ocağını, közünü havalandır bir az. 

Bir az əlini, ayağını havaya ver,

Üzünü, gözünü havalandır bir az. 

 

Havalandır hislərini, duyğularını,

Düşüncələrini, fikirlərini havalandır.

Havalandır niyyətini, məramını,

Dualarını, şükürlərini havalandır.

 

Addımlarını havalandır, addımlarını,

Duruşunu, yerişini havalandır bir az. 

Gülüşünə hava dəysin, gülüşünə,

Əməlini, hər işini havalandır bir az. 

 

Çıxart çölə, çəkinmə – çıxart, qafil 

Nədir, basdırmısan başını, bürümüsən?

Nə qədər gec deyil, havaya çıx havaya,

Bir də baxıb görəcəklər, çürümüsən!

 

 

ÖMÜRDƏN

 

Nə qaldı, beş-altı payız,

Beş-altı bahar ömürdən.

Bir vaxtlar laçın bir oğlan –

İndi kim baxar ömürdən?!

 

Bir əlində əsa tutar,

Birində çətir gəzdirər.

Zorla girləyər başını

Ya “xala-xətir” gəzdirər. 

 

Yerə baxar, yer kiçilər, 

Göyə baxar, göy – gözündə.

Kiçilər dağ-dərə, dəniz, 

Kiçilər hər şey – gözündə!

 

Can atar azad olmağa,

Ruhu da, canını sıxar.

Bu dünyaya sığmazıydı,

Daha öz içinə sığar!

 

Nə qaldı beş-altı payız, 

Beş-altı bahar ömürdən. 

Nala-mıxa vurur, vallah,

Nə desən, çıxar ömürdən!

 

 

NAŞI AĞRIYIR 

 

Bu zavallı yatıb, durur,

Min fikir, min xəyal qurur,

...Gah ora, gah bura vurur –

Başı ağrıyır, ağrıyır!

 

Taqəti, heyi dizində, 

Gülür, gülüşü üzündə.

Sıxır, hər dəfə gözündə

Yaşı ağrıyır, ağrıyır!..

 

Əynində palı paltarı,

Nimdaş köynəyi, şalvarı.

...Bacası, damı, divarı,

Daşı ağrıyır, ağrıyır!

 

Günü belə, ayı belə,

Yox hesabı, sayı belə.

Yazı belə, yayı belə –

Qışı ağrıyır, ağrıyır!

 

Nolar ümid ver, xırda bir...

Dur de də, barı – dur da, bir.

Tanrım, görmürsən burda bir

Naşı ağrıyır, ağrıyır?!

 

             

***

 

... Bax, gör kimdir o... sərsəri

Barmaqlarıyla oynayır, əllərini ovuşdurur –

Oturub köhnə məzar daşının kölgəsində

Uğursuz bir taleyin, baxtın...

 

... Bəs o, kimdir o... eyvah

Əslində, əsirinə çevrilir hər gün, əsirinə –

Guya öz aləmində meydan oxuyur üzünə

Ona ayrılmış zamanın, vaxtın...

 

... Bax, gör kimdir o... zavallı –

Qaldırıb başını şükür etmək istəyir dərgahına.

Daha bilmir ki, dərgah sahibidir elə

Qaldırmağa qoymayan, başından basan...

 

... Bəs o, kimdir o... eyvah… 

Ov seçilmişkən özü, hər şeydən xəbərsiz,

Bəlkə, bu dəfə...bəlkə, indicə olacaq deyib,

Səbirlə marığa yatan, ov pusan...

 

...Bax, gör kimdir o... didərgin –

Dağılmış yurdunun xarabalığında dolaşır…

Xəyalında... bir tikə çörək, bir kasa şorba,

Yanında da, bir qaşıq çəkir....

 

...Bilmirəm, fərqindəsən, ya yox, 

Nə qədər acınacaqlı görünsə də, qəribədi,

Bütün bu mənzərələrin fonunda nədənsə

Mənim diqqətimi, bir işıq çəkir...

 

 

HARA QOYUM 

 

Hara qoyum ürəyimi,

Harda saxlayım, İlahi?!

Sən bilərsən, bir yer söylə –

Var da, saxlayım, İlahi?!

 

Ağzınacan dolub daha,

Bax, necə daşır ürəyim!

Hər gün bir az da qudurur, 

Həddini aşır, ürəyim!

 

Çıxarım qəfəsə qoyum,

Qaldırım rəfdə saxlayım?!

Nə günahın sahibiyəm,

Nə etdim səhvdə saxlayım?!

 

Baxmır söyüb, qarğıyıram,

Tuturam dilə, ovunmur!

Gecə demir, gündüz demir,

Belə, ya elə – ovunmur?!

 

Hara qoyum ürəyimi –

Bir yer göstər, yer, İlahi?!

Mən nə bilim nə istəyir

Bu çər dəymiş, çər... İlahi?!

 

 

***

 

...Görsən ki, havalanmısan,

Başında dəli bir eşq havası var… 

Görsən ki, havan çatışmır,

Dur, çıx gəl bizə sarı...

 

...Görsən ki, könlün qubarlanır, 

Qəribsəyirsən, doluxsunursan… 

Görsən ki, gözlərin islanır –

Yum, sıx gəl bizə sarı...

 

...Görsən ki, gücün yetmir, 

Neyləsən də bacarmırsan özünlə.

Görsən ki, çıxmıram yadından –

Yəni, unuda bilmirsən...

 

...Görsən ki, özündə deyilsən,

Əllərin, ayaqların sözünə baxmır.

Görsən ki, dilin, dodağın əsir –

Özünü ovuda bilmirsən...

 

...Bax, onda dur gəl bizə sarı, 

Heç kimdən çəkinib eləmə, 

Heç nəyə, heç zada məhəl qoyma –

Başını dik tut...bir az...

 

...Ürəyinin döyüntüsü istisna,

Qulaqların tıxa bütün səslərə –

Onsuz da sən əvvəldən vəfasızdın –

Mənsə əvvəldən “yaramaz...”

 

           

ÜRƏK QOYMUŞAM

 

Ay zalım dur bir aç, nə oturmusan, 

Qapının önünə ürək qoymuşam.

Hələ şeh dəyməmiş, arı qonmamış –

Bir dəstə təzə-tər, çiçək qoymuşam!

 

Gün vurar, isladar yağış – amandı,

Bozardar üzünü bu qış – amandı!

Birdən duyuq düşər, qurd-quş, amandı,

Ya da, “çırpışdırar” külək, qoymuşam!

 

Nahaqdan bu yola baş qoymamışam, 

Xalisdi, döyünür – “daş” qoymamışam!

Əmin ol, yüz faiz, boş qoymamışam,

İçində min cürə dilək, qoymuşam!

 

Göz atıb, iz salıb, rəddi çəkmişəm, 

Lap belə aşmışam, həddi, çəkmişəm!

Qapına ürəkdən səddi, çəkmişəm,

Girməsin içəri fələk, qoymuşam!

 

Nə hiyləsi olar, nə fəndi olar,

Dolanar başına, əfəndi olar!

İstəsən, lap belə kəfən də olar, 

Hələlik dur bürün, bələk qoymuşam!

 

Özüm düzüb, qoşub söz eləmişəm,

Hər nə eləmişəm, öz eləmişəm, 

Kim nə deyir-desin, düz eləmişəm,

Harda var sənintək, mələk – qoymuşam?!

 

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

 

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Xan təxəllüsü ilə yazan güneyli soydaşımız, şair Hidayətullah Cəbbari 1360-cı ildə Həştrud şəhristanının Məndərdulağı kəndində anadan olmuşdur.

 

O, ibtidai təhsilinin beşinci sinfini doğulduğu kənddə başa vurduqdan sonra təhsilini Mərağa şəhərində davam etdirmişdir. Daha sonra Binab Azad Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunaraq bakalavr təhsili almışdır.

Hazırda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən şairin bir sıra şeirləri "Sancaq" qəzetində çap olunmuşdur.

Onun yaradıcılıq nümunələrini oxucularıma təqdim edirəm.

 

 

I

Günbəgün çoxalır saçımın ağı,

Bəlkə də az qalır ağ günə çıxam.

Yoxsa yox yeridi bu tində durub,

Yenidən diqqətlə özumə baxam.

 

Uduzmaq insana qədim peşədi,

Nə yasa deməkdir, nədəki olay.

Görurəm gələcək gizlicə bir gün,

Özumə bir qucaq oxuyam lay-lay.

 

Sənsiz qanad çalır, çırpınır vallah,

Elə bil yaralı quşdu ürayim.

Döyüşdür mən təkəm, qoşun qatbaqat,

Sinəmə ox kimi düşdü ürəyim.

 

Yaşayış nağılı hər nədə olsa,

İnsanı görurəm bir çiçək kimi.

Yəqin bil qol-budaq açsada bir gün,

Qocalıq bürüyər hörümçək kimi.

 

Ölümdir, itimdir, hər nədir ancaq,

Hayatın danılmaz olaylarıdı.

Yaşayış gül kimi olsa da insan,

Qırx beş gün ömründən qalan arıdı.

 

Bir fincan şeirlə, bir gözəl baxış

Şair olanların mükafatıymış.

Sınadım dünyanın hər nə var-yoxun,

Gördum ki, hamısı zarafatıymış.

 

 

II

Alagözlü baxışından gələcəkdir gözə tanrı,

Axı olmazki verə bir belə diqqət gözə tanrı.

 

İki günlük qara ömrün hamısı həsrətə getdi,

Nə hesabdı, nə kitabdı, nə veribdir bizə tanrı.

 

Bu talan olmuş ürəkdən neçə ildirki keçən yox,

Həyatın içkisi yandırdı bizi ver məzə tanrı.

 

Qonağa hürmət üçün dost dediyin bəlkə şuardır!?

Kim görübdir ki bəşərlə oturub diz-dizə tanrı?

 

Diyəsən kəndimizin milləti də şeytana oymuş,

Kəndxuda mənbəri minmiş, sıxılıb dəhlizə tanrı.

 

Yahalıb bəlkə veribsən bəşərə dil və düşüncə,

Ol səbəbdəndi qalıbsan bizilə göz-gözə tanrı.

 

Nə sözündən qaça bildin, nə adamda inam oldu,

Hər yetən tanrıdı, xandı, nə qalıbsan üzə tanrı!!

 

Yenə fikrin bu gecə hey məni məndən yələnir,

Ol maral tək baxışın gözlərimə surmələnir.

 

Xəstəlik qondu mənə sanki qonur qar meşəyə,

Yenə bu kimdiki səssiz damarımda sülənir.

 

Keçdi günlər adını səsləməyim oldu günah,

Nədir illət, yada düşcək ürəyim silkələnir.

 

Bu şəhərdən şəhər olmaz dahı sənsiz maralım,

Sanıram ki, küçələrdən başıma kül ələnir.

 

Bu nə qışdır? Bu nə yazdır? Bu nə qismət? Bu nə hal?

Aylarım illərimə boş boşuna düymələnir.

 

Yediyim öz ətim oldu, gecə gündüz sənsiz,

Dişlərim öz ətimə öz qanıma hey bələnir.

 

Sən gedən yollara Xan indi olub yolçu kimi,

Bir nəfər vardı içimdə, səni məndən dilənir.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

 

Şəhid kapitan Əbülfəz Rəhmətov

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Həyatı və hərbi təhsili

Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbçi olmaq qərarına gəlib və 2006–2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alıb. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisas kursunu da uğurla başa vurub.

 

Zabitlik yolu və peşəkar fəaliyyəti

Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsindəki hərbi hissələrdə xidmətə başlayıb. İşgüzarlığı və hərbi bacarığı sayəsində pillə-pillə yüksələrək tağım komandiri, motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi, kəşfiyyat taqımının komandiri, kəşfiyyat bölüyünün komandiri və tabor komandiri vəzifələrini icra edib. Kapitan rütbəsinə qədər ucalan Əbülfəz Rəhmətov 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində fəal iştirak edib. Tovuz döyüşləri zamanı şəhid olan general-major Polad Həşimov ilə bir sırada savaşıb, onun döyüş taktikasını, nizam-intizamını və vətənpərvərliyini hər zaman özünə örnək seçib.

 

Vətən müharibəsi və şəhadəti

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda kapitan Əbülfəz Rəhmətov kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi ilk günlərdən döyüşlərə qatılıb. O, tabeçiliyindəki əsgərləri yalnız arxadan idarə etməyib, hər zaman hücum xəttinin ən önündə gedib. Ermənistan ordusunun bir neçə müdafiə xəttinin yarılmasında onun kəşfiyyat məlumatları və birbaşa sızma əməliyyatları həlledici rol oynayıb. Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərib. 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Hovuslu kəndi istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

 

Axtarış dövrü və dəfni

Oktyabrın 15-dən sonra kapitan Rəhmətovla əlaqə tamamilə kəsilib və o, müharibədən sonra uzun müddət itkin sayılan 6 zabitimizdən biri olub. Ailəsinin və yaxınlarının 7 aylıq intizarından sonra, 2021-ci ilin may ayının əvvəlində onun nəşi Füzuli rayonu ərazisində tapılıb və DNT analizi vasitəsilə şəxsiyyəti rəsmən təsdiqlənib. 7 may 2021-ci ildə qəhrəman komandirin cənazəsi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib. Vida mərasimində onun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı atası Hüseynverdi Rəhmətova təqdim edilib və şəhidimiz böyük izdihamla kənd qəbiristanlığında dəfn olunub.

 

Təltif və medalları

Göstərdiyi rəşadətə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra və xidmət dövründə aşağıdakı orden və medallarla təltif edilib:

 3-cü dərəcəli Rəşadət ordeni

Vətən uğrunda medalı

Cəbrayılın azad olunmasına görə medalı

3-cü dərəcəli Qüsursuz xidmətə görə medalı

Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

 

Xatirəsinin əbədiləşdirilməsi

Hər il iyulun 3-də şəhidin doğum günündə və oktyabr ayında şəhadətə qovuşduğu tarixdə Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçi yoldaşları və rayon ictimaiyyəti Anbu kəndində onun məzarını və ailəsini ziyarət edir. Oxuduğu məktəbdə və rayonda onun xatirəsini yaşadan künclər yaradılıb, keçdiyi şərəfli yol gənc nəslə örnək kimi aşılanır.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Kinematoqrafiyada elə əsərlər var ki, onlar zahirən uşaqlar üçün vizual bir əyləncə kimi görünsə də, daxili qatında dərin fəlsəfi, sosioloji və psixoloji mesajlar daşıyır. "Pixar" studiyasının dahi rejissoru Bred Berdin ekranlaşdırdığı "Ratatuy" animasiya filmi məhz belə bəşəri sənət incilərindəndir. Film, Paris dünyasının kulinariya estetikasını mərkəzə alaraq, cəmiyyətin qəliblərini qırmağı, istedadın mənşəyini və xəyalların arxasınca getməyin çətinliyini heyranedici bir dillə təqdim edir.

 

Bred Berdin rejissor baxışı və kulinariya estetikası

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Bred Berd, bu layihəni ərsəyə gətirərkən animasiyada vizual mükəmməlliyin sərhədlərini aşmağı bacarıb. Paris küçələrinin ab-havası, eyvanların qəmgin romantikası və xüsusən də restoran mətbəxində hazırlanan yeməklərin vizual dadı və qoxusu kadrlardan tamaşaçıya birbaşa ötürülür. Rejissor və animasiya heyəti filmdəki yemək səhnələrinin real görünməsi üçün aylarla məşhur fransız aşpazlarının yanında təcrübə keçmiş, kulinariya sənətinin incəliklərini öyrənmişlər.

Hekayə, dahi aşpaz Ogüst Qustonun məşhur "Hər kəs yemək bişirə bilər!" fəlsəfəsi üzərində qurulub. Lakin bu cümlə sadəcə mətbəxlə məhdudlaşmır; o, fərdin cəmiyyətdəki yerindən, mənşəyindən asılı olmayaraq, daxilindəki istedadı kəşf edəcəyi təqdirdə hər bir zirvəni fəth edə biləcəyinin manifestidir.

 

 Obrazların psixoloji dərinliyi və qəribə tandem

"Ratatuy" filminin personajlar bazası öz unikal ziddiyyətləri ilə süjeti hər an canlı tutur:

Remi: Filmin baş qəhrəmanı — adi siçanlardan tamamilə fərqlənən, qoxubilmə və dadbilmə qabiliyyəti dahi bir aşpaz səviyyəsində olan sevimli siçan Remidir. Onun ailəsi zibilliklərlə qidalanarkən, Remi fərqli dadların sintezini yaradır, sənət axtarışında olur. Onun daxili üsyanı, öz təbiəti ilə xəyalları arasındakı mübarizə filmin emosional nüvəsidir.

Alfrado Linqvini: Restorana sadəcə xadimə kimi işə düzələn, kulinariyadan heç bir anlayışı olmayan, utancaq və sakar bir gəncdir. Onun Remi ilə qurduğu gizli işbirliyi və dostluq münasibətləri filmin həm yumoristik, həm də dramatik xəttini formalaşdırır.

Anton Eqo: Fransanın ən qorxulu, amansız və təkəbbürlü yemək tənqidçisidir. Onun boz, qaranlıq və tabutu xatırladan iş otağındakı vizual təsviri və filmin sonundakı daxili mənəvi çevrilməsi kinonun ən unudulmaz katarsis anlarından birini yaradır.

 

 Süjet xətti və uşaqlıq xatirəsinin dadı: Ratatuy

Süjet Reminin təsadüfən Parisin ən məşhur restoranının mətbəxinə düşməsi və orada Linqvinini idarə edərək gizlicə möhtəşəm yeməklər hazırlaması ətrafında inkişaf edir. Filmin kulminasiya nöqtəsi isə sərt tənqidçi Anton Eqonun restorana gəlməsi və ondan qeyri-adi bir təam gözləməsi ilə baş verir. Remi ona Fransanın ən kasıb, kəndli yeməyi hesab olunan və filmin adını daşıyan "Ratatuy" tərəvəz yeməyini hazırlayır.

Eqo bu yeməkdən ilk loxmanı alan andaca zaman maşınına minmiş kimi uşaqlığına, anasının onun üçün hazırladığı isti kənd evinə qayıdır. Müəlliflər bu dahi kadrla sübut edirlər ki, sənətin və kulinariyanın ən ali zirvəsi bahalı inqrediyentlərdə deyil, insanın ruhuna, yaddaşına və duyğularına toxunmağı bacarmaqdadır.

 

 Zamanın fövqündə dayanan humanist sənət əsəri

Maykl Cakkonun film üçün bəstələdiyi və fransız şansonlarının ruhunu daşıyan lirik, hərəkətli musiqiləri ekran əsərini tamamlayan ən uğurlu elementdir. "Ratatuy" sadəcə bir cizgi filmi deyil; o, tənqidçilərin rolu, sənətkarın tənhalığı və cəmiyyətin yad insanlara qarşı olan qərəzlərini sorğulayan bir fəlsəfə kitabıdır.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

Cümə, 03 İyul 2026 16:09

Onun Bolşoy Teatr təcrübəsi var

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nazim Hacıəlibəyov 1987-ci ildə Moskvada "Bolşoy Teatr"da təcrübədə olub, zəmanənin ən ustad musiqi xadimlərindən dərs almaq, təcrübə yığmaq əlbəttə ki onun ixtisaslaşmasında əhəmiyyətli rol oynayıb.

Özü bunu hər daim etiraf edir.

 

Nazim Hacıəlibəyov 3 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirib.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyir. Qeyd etdiyimiz Bolşoy Teatr təcrübəsini 1990-cı ildə uğurla başa çatdırıb, Opera Simfonik orkestrinin dirijoru ixtisası alaraq yenidən həmin teatra qayıdıb. 1992-ci ildən teatrın baş dirijoru işləyib. Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijorudur.

Bu müddətdə 25-dən çox həm klassik, həm də müasir əsərlərin musiqilərinə quruluş veribdir. "Hicran", "Beş manatlıq gəlin", "50 yaşında cavan", "Qızıl toy", "On min dollarlıq keyf", "Hərənin öz ulduzu", "Pominalnaya molitva", "Silva", "İki küpə girən qarı", "Şən dul qadın", "Nəğməli Könül", "Nümunəvi qaraçı", "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Əlin cibində olsun", "Talelər qovuşanda", "Çılğın Qaskonyalı", "Bir günlük siğə", "Volqalı Canan", "Məhəbbət oyunu" və s. kimi əsərlər bu qəbildəndir.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Nazim Hacıəlibəyov 5 may 2009-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

Cümə, 03 İyul 2026 10:05

Frans Kafkanın doğum günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ən çox sevdiyi yazıçının Frans Kafka olduğunu deyən əksər şəxsə “bəs hansı əsərini bəyənirsən” sualını verdikdə, yalnız “Çevrilmə”nin adını çəkirlər. Halbuki bu çox kiçik bir əsərdir, cəmi bir neçə səhifədir.

Kafkanı sevmək üçünsə onun ən azı “Qəsr”ini, “Milenaya məktublar”ını oxumaq lazımdır.

 

Kafka 3 iyul 1883cü ildə Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində Qədim şəhər meydanının yaxınlığında anadan olub. Kafka 1889–1893-cü illərdə Fleyşmarktda (hazırda Masna küçəsi) yerləşən və oğlanlar üçün nəzərdə tutulmuş alman ibtidai məktəbinə gedib. Onun yəhudi təhsili 13 yaşında Bar Mitsvanın qeyd edilməsi ilə başa çatıb. Kafka sinaqoqa getməyi heç vaxt xoşlamayıb və atası ilə ancaq ildə 4 dəfə ora gedib.

1893-cü ildə ibtidai məktəbi bitirdikdən sonra ciddi təhsilin keçirildiyi dövlət gimnaziyası olan və Köhnə şəhər meydanındakı Qoltz-Kinski sarayında yerləşən Köhnə Şəhər Alman Gimnazsiyasına qəbul olunub və orta təhsilini burada almağa başlayıb. Təhsil alman dilində aparılsa da, Kafka çex dilində də yazıb oxuyub. O, gimnaziyadakı təhsilini 8 il davam etdirib və yaxşı qiymətlər alıb.

Kafka çex dilində yaxşı danışdığından tez-tez alqışlansa da, Kafkanın özü heç vaxt çex dilində səlis danışdığını düşünməyib, buna baxmayaraq hətta alman dilində də çex aksenti ilə danışıb. Matura imtahanlarını 1901-ci ildə verib. 1901-ci ildə Praqada yerləşən Alman Karl-Ferdinand Universitetinə qəbul olunan Kafka kimya ixtisası üzrə təhsil almağa başlayıb, lakin iki həftə sonra qərarını dəyişərək hüquq təhsili almağa başlayıb.

Bu sahə onun marağına səbəb olmasa da, qarşısına geniş iş imkanları açıb, bu isə atasını məmnun edib. Bundan əlavə, hüquq uzunmüddətli təhsil tələb edib, bu isə Kafkaya alman dili və incəsənət tarixi dərslərinə qatılmaq şəraiti yaradıb. O, Alman Tələbələrinin Oxu və Mühazirə Zalı (alm. Lese- und Redehalle der Deutschen Studenten‎) adlı tələbə klubuna qoşulub, bu klub ədəbi tədbirlər, oxular və digər fəaliyyətlərin təşkili ilə məşğul olub.

Kafka həyatı boyunca çox həvəsli bir oxucu olub. Brodun təklifi ilə onlar Platonun "Protaqor" əsərini orijinal yunan dilində, öz təklifi ilə isə Qüstav Floberin "Sentimental təhsil" və "Müqəddəs Antoninin tamahı" əsərlərini fransız dilində oxuyublar. Kafka Fyodor Dostoyevski, Qüstav Flober, Nikolay Qoqol, Frans Qrilparser və Heynrix von Kleisti "əsl qan qardaşı" olaraq adlandırıb. Bundan əlavə, Kafka Çex ədəbiyyatı ilə maraqlanıb, Yohann Volfqanq Götenin əsərlərinin vurğunu olub.

Kafka 18 iyul 1906-cı ildə hüquq üzrə doktorantura dərəcəsi alıb və bir il müddətinə məcburi surətdə pulsuz vətəndaş və cinayət məhkəmələrində hüquq katibi kimi fəaliyyət göstərib. 1 noyabr 1907-ci ildə Kafka Assicurazioni Generali sığorta şirkətində işləməyə başlayıb və buradakı işi bir ilə yaxın davam edib. Bu dövrdəki məktublaşmaları Kafkanın iş saatlarından (08:00–18:00) narazı olduğunu göstərib. Belə ki, bu amil getdikcə onun üçün daha da çox əhəmiyyət kəsb edən yazılarına vaxt ayırması üçün böyük çətinlik törədib. Kafka 15 iyul 1908-ci ildə işdən istifa edib.

1915-ci ildə Kafka Birinci Dünya müharibəsində xidmət üçün orduya çağırılıb, lakin Kafkanın sığorta institutundakı işverənləri onun dövlət qulluğunda olduğunu əsaslandıraraq buna mane olublar. Kafka orduya qatılmaq üçün yenə cəhd edib, lakin 1917-ci ildə ona vərəm diaqnozu qoyulduqdan orduya qəbul olunmayıb. 1918-ci ildə sığorta institutu Kafkanı xəstəliyinə görə təqaüdə göndərib.

O dövrdə vərəmin müalicəsi olmadığından Kafka həyatının qalanını sanatoriumlarda keçirib.Frans Kafka bir gecədə "Hökm" hekayəsini yazıb, "Amerika" və "Çevrilmə" əsərləri üzərində işləməyə başlayıb. 13 avqust 1912-ci ildə Kafka Brodun qohumu, Berlində bir diktafon şirkətinin təmsilçisi kimi işləyən Felisiya Bauer ilə tanış olub.  Kafka və Felisiya Bauer növbəti beş ildə əsasən məktublaşıb, nadir hallarda görüşüb və iki dəfə nişanlanıblar.

 Kafkanın Felisiyaya yazdığı itməmiş məktubları "Felisiyaya məktublar" adı ilə nəşr olunub. Felisiyanın məktubları isə salamat qalmayıb. Bioqraflar Stax və Ceyms Houesə görə təxminən 1920-ci ildə Kafka hoteldə işləyən kasıb və savadsız otaq xidmətçisi Yuliya Voxriçek ilə nişanlanıb. Ev tutub toy tarixini müəyyənləşdirsə də, toy heç vaxt baş tutmayıb. Kafkanın atası isə sionist inancları ilə əlaqədar olaraq Yuliyanı qəbul etməyib.

Bu dövrdə Kafka "Atama məktub" üzərində işləməyə başlayıb. 1917-ci ilin avqustunda Kafkaya vərəm diaqnozu qoyulub və Kafka Bohemiyanın Sürau kəndinə köçüb. Burada bacısı Ottla yeznəsi Karl Hermanın fermasında işləyib. O, burada özünü rahat hiss edib, hətta burada keçirdiyi vaxtı həyatının ən gözəl dövrü hesab edib. Çox güman ki, bu, onun burada məsuliyyətlərdən azad olması ilə əlaqədar olub. O, gündəliklər və oktavo tutub.

Kafka bu kitablardakı qeydlərindən Zettel (kiçik kağız parçaları) üzərində 109 nömrələnən mətn parçası ayırıb. Onlar daha sonra "Sürau aforizmləri və ya Günah, ümid, əzab və düzgün yol haqqında fikirlər" (alm. Die Zürauer Aphorismen oder Betrachtungen über Sünde, Hoffnung, Leid und den wahren Weg‎) adı ilə nəşr edilib. 1920-ci ildə Kafka çex yazıçı və jurnalist Milena Yesenka ilə münasibətdə olmağa başlayıb

Ona yazdığı məktublar daha sonra "Milenaya məktublar" adı ilə çap olunub. 1923-cü ilin iyulunda Baltik dənizindəki Qral-Mürits kurortunda tətildə ikən ortodoks yəhudi ailəsindən çıxan 25 yaşlı bağça müəlliməsi Dora Diamant ilə tanış olub. Ailəsinin yazıları üzərindəki təsirindən qurtulmaq ümidi ilə Kafka qısa müddətdə Berlinə köçüb və Diamant ilə yaşayıb. Diamant onun sevgilisi olub və Kafkanın Talmudla maraqlanmasına səbəb olub.

 Kafka dörd hekayə üzərində işləyib və onları "Aclıq sənətçisi" adı ilə nəşr etdirməyi planlaşdırıb. Kafka uşaq ikən idmana az maraq göstərsə də, daha sonra fiziki fəaliyyətlərə və oyunlara maraq göstərib, yaxşı minici, üzgüçü və avarçəkən olub. Həftəsonlarında o və dostları uzun gəzintilərə çıxıblar, onların çoxu Kafkanın özü tərəfindən planlaşdırılıb. Digər maraq sahələrinə alternativ tibb, Montessori kimi müasir təhsil sistemləri və təyyarə ilə film kimi yeniliklər aid olub.

 Yazı onun üçün çox vacib idi: Kafka onu "ibadət forması" adlandırıb.  Kafka səsə qarşı çox həssas adam olub, sakit yerdə yazmağa üstünlük verib. Kafka romanlarının heç birini tamamlamayıb və əsərlərinin 90%-ni yandırıb. Əsərlərinin çoxunu Berlində yaşayarkən Diamantın köməyi ilə məhv edib. Yaradıcılığının ilk illərində Heynrix von Kleistdən təsirlənib. Bauerə yazdığı məktubda onun əsərlərini ürküdücü adlandırıb onu ailəsindən daha yaxın gördüyünü bildirib. 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

Cümə, 03 İyul 2026 09:03

Hanı almanın tumu, Kərimov?

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Alma almaya bənzər" filmində Kərimov obrazını canlandıran balaca Cəmil hazırda Azərbaycan kinorejissoru, ssenari müəllifi, kino sahəsinin ən tanınmışlarından biri Cəmil Quliyevə çevrilib.

 

Rejissor Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.

1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.

1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru olub. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri,  "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, Azərbaycan Jurnalistlər İttifaqının, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib.

 

Filmoqrafiya

Rejissoru olduğu filmlər

1. Yol

2. Qala

3. General de Qol

4. Ömər Eldarov

5. Nəsrulla Nəsrullayev

6. Kinorejissor Arif Babayev

7. Bir ömrün sədası

8. Fikrət Əmirov

 

Aktyor olduğu filmlər

- Alma almaya bənzər

- Murad-Sad

- Otel otağı

- Nə gözəldir bu dünya...

 

Ssenari müəllifi olduğu filmlər

1. Etiraf

2. Banqladeş qonaqları

3. Kədərimiz... Vüqarımız...

4. Kinorejissor Arif Babayev

5. Kinorejissor Həsən Seyidbəyli

6. Fikrət Əmirov

 

Bədii rəhbəri olduğu filmlər

- Yarasa

- Bir addım

- Sahə

- Mayak

 

Məsləhətçi olduğu filmlər

1. Qocalar

2. Məni izləyən müəmma

 

Prodüser olduğu filmlər

- Titrəmə

- Sizə məktub var…

- Daxildəki ada.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.