İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Özünəməxsus geyim forması olub. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olardı. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı…
"De ki, torpaqların sahibi gəlib!" – Haqqında danışdığım şəxs - Tofiq Tağızadə söyləyib bu sözləri. Bu cəsarətli sözləri kimə və nə üçün deyib, bu barədə yazımın sonunda danışacağam.
Azərbaycan SSR xalq artisti, kinorejissoru Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Bir çox filmlərin quruluşçu rejissoru olub. Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Onutanımaq, daxiliniduymaqistəyirdinsə, gərəkfilmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə Azərbaycan kinosuna yeni üslub gətirib. ("Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri). Tofiq müəllim "Görüş"lə gəlib sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağlayıb.
Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirib. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq edib. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Tofiq müəllim zamanın problemlərini ekrana gətirib və insanları bu problemlər ətrafında düşünməyə sövq edib.
O, tamaşaçı ilə açıq mükaliməyə girib, onun daxili "mən"ini özü ilə üzbəüz qoyub. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar olub. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinməyib.
Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib.
Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, ancaq Böyük Vətən müharibəsi başlandığı üçün könüllü müharibəyə gedib. 1942-ci ildə Rostov yaxınlarındakı döyüşlərdə yaralanıb və tərxis olunub. Müharibədən gələndən sonra Bakı Komsomol Komitəsində çalışmağa başlayıb, ancaq sənətə olan sevgisi onu Moskvaya aparıb.
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunub. Məşhur sovet rejissorları Sergey Yutkeviç, Eyzenşteyn, Lev Kulişov kimi ustadlardan dərs alıb. Moskva mühiti onun rejissor kimi yetişməsində müstəsna rol oynayır. Sonralar sovet kinosunun nəhəngləri sayılan Çuxray, Qurin, Abuladze, Çxeidze, Basov Tofiq Tağızadənin tələbə yoldaşları olublar.
Müstəqillik dövrünün ilk illərində rejissor "O dünyadan salam" adlı filmini çəkib. Filmdə ölülərin dirilib evlərinə qayıtması səhnəsi ilə o, 15 respublikanın yenidən dirilib azad olmasına işarə edib. Kinoteatra təqdim olunan filmə marağın az olması, onu sənətdən küsdürüb. O, televiziya kanallarına bu filmi yayımlamağı qadağan edərək deyib: "Belə filmin gözdən düşməsinə yol verə bilmərəm".
Film yalnız Tofiq Tağızadə vəfat edəndən sonra yayımlanıb.
Bir dəfə haqqında Kulis-dən oxudum ki, uşaq yaşlarından saatlarla Çarli Çaplinin filmlərinə baxırmış. Bu, ondakı bu böyük kino sevgisinin ilk rüşeymlərini cücərdibdir.
İndi isə vəd verdiyim əhvalatı danışım.
60-ci illərdə Tağızadə və komandası film çəkmək üçün hazırda Daşkəsən rayonuna aid olan Bayan kəndinə getməli imişlər. Bu səfalı torpaqlarımızda kompakt halında yaşayan ermənilər öz şovinist və millətçi simalarını büruzə verərək kəndə gedən yolu kəsmişdilər. Tofiq Tağızadə başa düşür ki, erməniləri qəsdən bura yığıblar ki, o, filmi çəkə bilməsin, dava-dalaş düşsün. Bu işlərin başında kənd sovetinin sədri dayanırdı. Tofiq müəllim gonbul bir kişidən milliyətcə erməni olan kənd sovetinin sədrini çağırmağını tələb edir. Gonbul kişi, "Nə deyim çağırım" - deyə soruşanda, rejissor hamı eşitsin deyə ucadan səslənir: "De ki, torpaqların sahibi gəlib!"
Filmoqrafiya
1. Ac həriflər
2. Anlamaq istəyirəm
3. Arşın mal alan
4. Azərbaycan kinosu-80
5. Babamızın babasının babası
6. Bağ mövsümü
7. Bəxt üzüyü
8. Bir nömrəli...
9. Böyük ömrün anları
10. Dədə Qorqud
11. Evin kişisi
12. Əmək və qızılgül
Mükafatları
1. Azərbaycan SSR xalq artisti
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
3. "Şərəf nişanı" ordeni
4. "Oktyabr inqilabı" ordeni
Tofiq Tağızadə 27 avqust 1998-ci ildə vəfat edib. 24 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


