Canım atam və anam, darıxmayın, İnşallah, cənnətdə görüşəcəyik… Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Həyatda borcu heç vaxt ödənməyən ilk varlıq anadır. Onun sevgisi, qayğısı və səbrini heç bir söz, heç bir hərəkət tam əvəz edə bilməz. Amma həyatımızı azad, nəfəsimizi rahat almağımızı təmin edən başqa borclularımız da var – şəhidlərimiz.

 

Biz aldığımız hər nəfəsi, nəfəsimizin rahatlığını onlara borcluyuq. Şəhidlərimiz canlarını fəda edərək bizə bu havanı, bu azadlığı veriblər. Hər qarış torpağımızda, hər nəfəs aldığımız andan onların qəhrəmanlığı hiss olunur. Biz bu havanı rahatlıqla alırıqsa, deməli, bir qəhrəman artıq orada dayanıb, öz canını verərək bizə yol açıb. Onlar ölməyiblər, onların ruhu hər an bizimlədir və bizə azad, təhlükəsiz bir həyat bəxş edir.

Bu gün şəhidimiz Mübariz İbrahimovun anadan olduğu gündür. Belə ki, o, 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib. Orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində başa vurub. Uşaq yaşlarından boks idman növü ilə məşğul olmuş və döyüş ruhunu həm fiziki, həm də mənəvi olaraq formalaşdırmışdır. 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılan Mübariz, Daxili Qoşunların xüsusi təyinatlı bölüyündə atıcı əsgər kimi xidmətə başlayıb və çavuş rütbəsini qazanmışdır.

Xidmətini bitirdikdən sonra bir müddət mülki işlərdə çalışan Mübariz İbrahimov, Vətən sevgisinin gücü ilə yenidən könüllü olaraq orduda xidmətə qayıtmışdır. O, təlim-tədris mərkəzində gizir hazırlıq kursunu başa vurduqdan sonra ehtiyat hərbi hissədə xidmət edərkən yalnız ön cəbhədə olmağı arzulayırdı. Mübariz bir neçə dəfə ərizə verərək, onu ön xəttə yerləşdirmələrini xahiş etmiş və nəhayət istədiyi yerə göndərilmişdir.

2010-cu il iyunun 18-dən 19-a keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında baş verən döyüşdə 22 yaşlı gizir Mübariz İbrahimov misilsiz qəhrəmanlıq göstərmişdir. O, təkbaşına bir kilometrlik minalanmış sahəni keçərək düşmən qüvvələrinə ağır zərbələr endirmiş, düşmənin silahlarından istifadə edərək beş saat davam edən təkbətək döyüşdə əzmkarlığını nümayiş etdirmişdir. Müxtəlif mənbələrə görə, o, döyüşdə 4-dən 45-ə qədər düşmən əsgərini məhv etmişdir. Prezident İlham Əliyev də vida mərasimində onun döyüşdə 5 nəfəri öldürdüyünü, 3 nəfərini isə yaraladığını bildirmişdir.

Mübariz İbrahimov son məktubunda yazırdı:

“Mən yolumu seçmişəm. Düşməndən qisas almasam, Allahım və valideynlərim məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”

Eyni zamanda evə yazdığı məktubunda  deyirdi:

“Canım atam və anam, darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Məndən bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Şəhid olsam – ağlamayın, sevinin ki, o mərtəbəyə ucaldım. Vətən sağ olsun. Oğlunuz, Mübariz”.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il sərəncamı ilə Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, "Qızıl Ulduz" medalı və "Vətən övladı" qızıl ordeni ilə təltif edilmişdir. Prezident vida mərasimində qeyd etmişdir ki, Mübarizin vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı və bu, bütün gənclər üçün örnəkdir.

Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilmişdir: Biləsuvar rayonunda lisey kompleksinə və küçələrdən birinə onun adı verilmiş, yaşadığı kənddə evi tikilmiş, ətraf ərazi yaşıllaşdırılmış və müasir infrastrukturla təmin edilmişdir.

Qeyd edək ki. Mübariz subay idi və xarakteri ilə tanınırdı: daxilən utancaq, lakin Vətən sevgisi və haqq uğrunda mübarizəsi ilə hər kəsə örnək olan bir gənc idi. Döyüşdən sonra nəşi düşmən ərazilərində qalmasına baxmayaraq, diplomatik danışıqlar nəticəsində 6 noyabr 2010-cu ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. Mübariz İbrahimov İkinci Fəxri Xiyabanda dəfn edilmiş və şəhid olduğu ərazi 2020-ci ildə işğaldan azad edilərək Azərbaycan bayrağı asılmışdır.

Bu gün biz azadlıqda nəfəs alırıqsa, bunu Mübariz İbrahimov kimi qəhrəmanların fədakarlığı sayəsində edə bilirik. Onların ruhu hər zaman bizimlədir, bizə ilham verir və göstərir ki, Vətən sevgisi ən böyük qəhrəmanlıqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.