Super User
Mədəniyyətə toxunan peşəkar əllər
“Mənim düşüncələrim” silsiləsindən
Dünyaxanım Mehdiyeva-Qəribli,
“Ədəbiyyat və incəsənət”
İnsan oğlu yaranışından bəri hər zaman özü ilə, öz zehninin və ya əllərinin yaratdıqları ilə, yaxud əzəldən mövcud olanlarla ziddiyyət içində olmağı, onları sorğulamağı sevib. O, daim suallar yaratmağa və bu sualların cavabını axtarmağa tənbəllik etməyib. Hətta bəzən bu suallar absurd görünsə belə, insan təbiəti onların arxasınca getməkdən çəkinməyib. Məhz bu xüsusiyyət insanı digər canlılardan fərqləndirən ən mühüm cəhətlərdən biridir. Məsələn, illərdir sənət aləmində müzakirə olunan bir sual var: “Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün?” Mənim buna yalnız bir cavabım var: sənət onu anlayan, gözəlliyi görə bilən və ona dəyər verənlər üçündür.
Həqiqi sənət izah edilməz. Onun izaha, uzun şərhlərə və mürəkkəb fəlsəfi yanaşmalara ehtiyacı yoxdur. Əgər vizualdırsa, baxar, hiss edər və valeh olarsan, əgər eşidiləndirsə ruhuna işləyər, əgər oxunandırsa onu iliyinə qədər hiss edərsən. Çünki həqiqi sənətin dili hər zaman hisslərin dili olmuşdur. Bəzən sənətin mütləq şəkildə müasir zamana uyğunlaşmalı olduğunu deyənlər də olur. Bu isə yerinə görə dəyişir. Orta əsrlərdə yazılmış bir hekayə məhz öz dövrünün düşüncə tərzini, məişətini və təsvirlərini yaşatdığı üçün maraqlıdır. Keçmişin ruhunu qorumaq da sənətin missiyalarından biridir. Bu gün operaya, teatra və baletə marağın azalması ilə bağlı fikirlər də nisbidir. Hər bir sənət qolunun öz vəfalı dinləyicisi, tamaşaçısı və sevəni var. Əsl sənət heç vaxt tamamilə unudulmur; o, zaman-zaman fərqli formalarda yenidən öz tamaşaçısını tapır.
Azərbaycan sənətin hər bir sahəsində öz imzasını qoymuş, köklü ənənələri, bir çox ilklərə müəlliflik etməsi və möhtəşəm mədəni irsi ilə dünya mədəniyyət xəzinəsində seçilən bir ölkədir. Əsrlər boyu bu torpaqlarda formalaşan mədəniyyət müxtəlif sənət sahələrinin inkişafına zəmin yaratmışdır. İstər musiqi, istər rəssamlıq, istər teatr, istərsə də digər sənət sahələrində Azərbaycan bir çox ölkələrə nümunə ola biləcək zənginliyə malikdir. Məhz buna görə Azərbaycan mədəniyyəti təkcə milli sərvət deyil, eyni zamanda dünya mədəniyyətinin ayrılmaz hissəsidir. Bu məqalədə isə mən bu zəngin sənət aləminin yalnız bir qoluna – musiqiyə və xüsusilə operaya toxunacağam. Çünki opera sənəti Azərbaycan mədəniyyətinin həm tarixi, həm də beynəlxalq səviyyədə tanınan ən dəyərli sahələrindən biridir.
Şərqdə və bütün müsəlman Şərqində ilk opera məhz Azərbaycanın adı ilə bağlıdır. Dahi bəstəkar Üzeyir Hacıbəyli “Leyli və Məcnun” əsasında ilk muğam operasını yaratmışdır. Bu əsərin librettosu Məhəmməd Füzulinin eyniadlı poemasının sözləri üzərində qurulmuşdur. Muğam ilə klassik opera janrının vəhdəti nəticəsində yaranan bu əsər yalnız Azərbaycan üçün deyil, bütün Şərq musiqi mədəniyyəti üçün yeni bir mərhələnin başlanğıcı olmuşdur. 1908-ci il yanvarın 25-də səhnəyə qoyulan bu opera sənət tariximizin incilərindən biridir və bu günə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində böyük sevgi və coşqu ilə nümayiş etdirilir. Bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, əsərin aktuallığını və tamaşaçı sevgisini qoruyub saxlaması onun bədii gücünün ən gözəl göstəricilərindəndir. Bununla yanaşı, Opera və Balet Teatrımızın xüsusilə son illərdə yeni uğurlara və ilklərə imza atmasını da gözardı etmək olmaz. Bu teatr uzun illər ərzində ölkənin musiqi həyatının əsas mərkəzlərindən biri olmuşdur. Vaxtilə bu teatrın səhnəsində Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov və Müslüm Maqomayev kimi görkəmli Azərbaycan bəstəkarlarının əsərləri necə səslənirdisə, bu ənənə bu gün də teatrın fəaliyyətində yaşamaqdadır. Teatr öz fəaliyyətində klassik irsi qorumaqla yanaşı, yeni yaradıcılıq axtarışlarına da geniş yer verir.
Eyni zamanda teatr yalnız milli musiqi irsimizin deyil, dünya klassik musiqisinin də ən dəyərli nümunələrinə həyat verir, məşhur bəstəkarların ölməz əsərlərini yüksək peşəkarlıqla tamaşaçılara təqdim edir. Beləliklə, Opera və Balet Teatrı həm milli musiqi ənənələrinin qorunmasına, həm də dünya musiqi mədəniyyətinin təbliğinə mühüm töhfələr verməyə davam edir. İstər balet, istərsə də operanın ən dəyərli nümunələri Azərbaycan Opera və Balet Teatrının səhnəsində başqa bir nəfəs qazanır.
Onu da qeyd edim ki, son illərdə idarəçilikdə baş verən dəyişikliklər və teatra rəhbərlik edən şəxsin bu sahənin peşəkarı olması teatrın simasını sanki yenidən formalaşdırdı, ona yeni rənglər gətirdi. Bir neçə il əvvəl teatra rəhbər təyin olunan, italyanvari tembrə malik dramatik tenor Yusif Eyvazov mənim fikrimcə, hər bir vokalçının xəyal edə biləcəyi ən nüfuzlu opera səhnələrində çıxış etmiş sənətkarlardandır. O, Paris, Barselona, London, Vyana, Milan və digər şəhərlərin ən mötəbər opera teatrlarında uğurla səhnəyə çıxmış, dünya opera ictimaiyyətinin diqqətini öz sənəti ilə cəlb etmişdir.
İtalyan operası ənənələrinə uyğun güclü və dramatik səsi ilə seçilən sənətkar “Toska”, “Aida”, “Otello”, “Traviata”, “Turandot”, “Manon Lesko” və bir çox digər məşhur operalarda yaddaqalan obrazlar yaratmış, ən mürəkkəb partiyaları böyük ustalıqla ifa etmişdir. Onun ifasında səslənən qəhrəmanlar yalnız vokal texnikası ilə deyil, eyni zamanda emosional dərinliyi və səhnə inandırıcılığı ilə tamaşaçı yaddaşında iz buraxmışdır. Məhz bu xüsusiyyətlər ona dünyanın aparıcı dirijorları, rejissorları və opera sənətçiləri ilə eyni səhnəni bölüşmək imkanı qazandırmışdır.
Yusif Eyvazov Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən peşəkar inkişafını davam etdirmək üçün İtaliyaya yollanır. Təxminən on yeddi il ərzində İtaliyada yaşayan və fəaliyyət göstərən sənətkar opera sənətinin ən incə məqamlarını, vokal məktəbinin ənənələrini və səhnə mədəniyyətinin sirlərini məhz burada mənimsədiyini dəfələrlə vurğulamışdır. Bu təcrübə onun yaradıcılığının formalaşmasında mühüm rol oynamış, sənət yolunun beynəlxalq səviyyəyə yüksəlməsinə zəmin yaratmışdır. Bu gün Yusif Eyvazov həm dünya səhnələrində çıxış edən tanınmış tenor, həm də Azərbaycan opera sənətinin inkişafına töhfə verməyə çalışan rəhbər kimi fəaliyyət göstərir. Onun rəhbərliyi dövründə teatrın beynəlxalq əlaqələrinin genişlənməsi, xarici mütəxəssislərin layihələrə cəlb olunması və yeni tamaşaların hazırlanması diqqət çəkən məqamlardandır. Xüsusilə gənc vokalçıların və yaradıcı heyətin öz potensialını nümayiş etdirməsi üçün yaradılan imkanlar teatrın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
O, bu gün də beynəlxalq və yerli səhnələrdə mütəmadi olaraq çıxış edərək Azərbaycan opera sənətini layiqincə təmsil etməkdə davam edir. Dünyanın ən mötəbər opera məkanlarında əldə etdiyi təcrübəni ölkəmizin əsas musiqi ocaqlarından biri olan Opera və Balet Teatrının inkişafına yönəltməsi isə xüsusilə təqdirəlayiqdir.
Zəngin repertura malik olan Opera Balet Teatrı son illərdə “ Nəsimi” (Səyavuş Kerimi), “ Qaratoxmax qadın” (Pyotr Çaykovski), “ Toska” (Cakomo Puççini) və yaxın günlərdə tamaşaçıların qarşısına çıxacaq “ Otello” (Cuzeppe Verdi) operaları ilə uğurlu işlərə imza atıb. Teatr uzun illər sonra təkrar xarici səfərlərə çıxaraq uğurla çıxış etmişdir. Oman sultanlığının paytaxtı Maskat şəhərində italyan rejissor Davide Livermore və dirijor Fabio Mastrangelo ilə birgə ərsəyə gələn Cakomo Puççinin “ Toska” operası yüksək peşəkarlıqla nümayiş olunmuşdur. Bununla yanaşı Teatrda yeni səhnəyə qoyulan Siyavuş Keriminin “ Nəsimi” operasında Nəsimi obrazını peşəkarlıqla ifa edən gənc və peşəkar vokalçı Ramil Qasımovun da uğurları təqdirə layiqdir. Bu yaxın günlərdə isə Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalovun təqdimatında Cüzeppe Verdinin “ Otello” operasının premyerası olacaq.
Başda teatrın rəhbərliyi olmaqla kollektivin bütün üzvlərini uğurlu teatr mövsümünün bitməsi ilə təbrik edir, gələn mövsümdə daha da böyük uğurlar arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
Bu sərgi özəl sərgi idi...
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Bakı Xətai Sənət Mərkəzində Vətən müharibəsi Şəhidi,əslən nüvədili Rauf Məhərrəm oğlu İbadovun rəsm əsərlərinin sərgisi və xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir açıq elan edilmiş və Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Şəhid Rauf İbadov sentyabrın 27-si müharibə başladığı ilk gündən könüllü olaraq döyüşlərdə iştirak etmiş, Füzuli, Cəbrayıl, Hadrud və Qubadlının azadlığı uğrunda göstərdiyi şücaətə görə Manqa komandiri təyin olunmuşdur. Ölümündən sonra Dövlət başçımız İlham Əliyev tərəfindən “ Vətən uğrunda”, “Cəbrayılın azad olunması”, “ Füzulinin azad olunması”, “ Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Tədbir Şəhid Rauf İbadovun rəssamlığından Ağ və qara rənglərin təcəssümündən ibarət dünyasından bəhs edilmişdir. Onun əl işləri arasında “Milli Qəhrəman Çingiz Mustafayev”,“Xocalı vəhşiliyi”, “Qız qalası”,” Sülh” və s rəsm əsərləri diqqəti cəlb etmişdir. Şəhidin xatirəsini əbədiləşdirmək üçün son illərdə bir neçə kitab işıq üzü görmüşdü. Onlara “Rənglər aləmindən gələn nağıllar”,”Haqq rəssamı Rauf İbadov” , “Öz dünyam” adlı kitablarını misal gətirmək olar. Bu kitablarda ona aid kəlamlar, hikmətli fikirlər və rəssam Rauf İbadovun rəsm əsərləri toplanmışdır.
Tədbirdə Yazıçı Azər Hacıbəyli, Akademik Fikrət Əliyev, Bakı Sağlamlıq Mərkəzi direktoru Asiman Həsənov, 5-ci Bərdə taborunun 2-ci bölük komandiri Qazi Qasımov Rizvan, Abşeron rayon Ağsaqqallarından Rizvan müəllim və yazar-filoloq, AJB-nin üzvü, "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı olan bəndəniz, tədbirin aparıcısı və musiqili qonağı müəllimə Vəfa Hüseynova, Jurnalist Aygün Hacıyeva , piano ifaçısı müəllimə Nərgiz Tarverdiyeva Rauf İbadov haqqında öz düşüncələrini bölüşmüşlər.
Sonda tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə Şəhidimizin atası Məhərrəm İbadov və Şəhidimizin anası Zərnigar İbadova öz təşəkkürünü bildirmişdir.
Tədbirin təşkilatçısı Xətai Sənət Mərkəzi və yazıçı Azər Hacıbəylinin bu təşəbbüsü könüllərdə iz salmışdır.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Şuşa fatehi və Murovdağ qartalı: Şəhid baş çavuş İsmayıl Qəsəbov
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər, canını ölkəsinin ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımızın qanı ilə yazıldı. Bu müqəddəs salnaməyə adını qızıl hərflərlə həkk edən, düşmənin qorxulu yuxusuna çevrilmiş xüsusi təyinatlılarımızdan biri də Daxili Qoşunların baş çavuşu İsmayıl Nəbi oğlu Qəsəbovdur. O, həm nizam-intizamı, həm də döyüş meydanındakı sarsılmaz cəsarəti ilə unudulmaz bir qəhrəmanlıq məktəbi qoyub getdi.
Erkən illəri və hərbi peşəkarlığa addım
İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Ailənin sonbeşiyi və canparçası olan İsmayıl, hələ uşaq yaşlarından dürüstlüyü, mərdliyi və Vətənə olan bağlılığı ilə yaşıdlarından seçilirdi. O, ibtidai və orta təhsilini doğma kəndindəki şəhid Elşən Cəfərov adına 2 nömrəli tam orta məktəbdə almışdır.
2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılan İsmayıl, xidmətini başa vurduqdan sonra mülki həyatda qala bilməyəcəyini, daxilindəki Vətən eşqinin onu orduda xidmət etməyə səslədiyini anladı. Beləliklə, 2012-ci ilin dekabr ayında o, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ən elit bölmələrindən biri olan Xüsusi Təyinatlı Dəstəyə (XTD) qəbul olundu. İllərlə davam edən ağır təlimlər, fiziki və psixoloji sınaqlar İsmayılı peşəkar, sarsılmaz bir döyüşçüyə — komandirlərinin və yoldaşlarının etibar etdiyi "baş çavuş" rütbəli hərbçiyə çevirdi.
Murovdağdan Şuşayadək şanlı döyüş yolu
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda baş çavuş İsmayıl Qəsəbov xüsusi təyinatlı qrupun tərkibində dərhal ən qaynar nöqtələrə göndərildi. O, düşmənin illərlə qurduğu keçilməz istehkamların darmadağın edilməsində birbaşa iştirak edirdi.
İsmayılın 44 günlük döyüş xəritəsi Azərbaycanın azadlıq marşrutu idi:
Murovdağ Əməliyyatı: Müharibənin ilk günlərində strateji əhəmiyyətli Murov yüksəkliklərinin azad edilməsində amansız iqlim şəraitində düşmən mövqelərini məhv etdi.
Cəbrayıl və Füzuli Cəbhəsi: Düşmənin müdafiə xəttinin yarılmasında və bu rayonların kəndlərinin təmizlənməsində böyük şücaət göstərdi.
Xocavənd Döyüşləri: Çətin dağlıq-meşəlik relyefdə düşmən diversiya qruplarını zərərsizləşdirdi.
Şuşa Əməliyyatı: Tarixə "yüngül silahlarla sıldırım qayaları dırmaşaraq şəhəri azad edən qəhrəmanlar" kimi düşən xüsusi təyinatlıların ön sıralarında İsmayıl da var idi. O, Şuşa daxilində gedən əlbəyaxa döyüşlərdə şəxsən onlarla düşmən əsgərini məhv etdi.
Əbədiyyət zirvəsi: Şuşada ucalan şəhadət
Zəfərə cəmi bir addım qalmışdı. 7 noyabr 2020-ci ildə Şuşa şəhərinin tam nəzarətə götürülməsi və düşmənin son müqavimət ocaqlarının məhv edilməsi uğrunda gedən son dərəcə şiddətli döyüşlərdə İsmayıl Qəsəbov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. O, son nəfəsinə qədər silahını yerə qoymadı və canından əziz bildiyi Şuşanın azadlığını öz qanı ilə möhürlədi.
Şəhidimizin nəşi böyük bir izdihamla, doğma Qazax rayonunun Çaylı kənd qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində İsmayılın tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı onun ailəsinə təqdim edildi.
Vətənə əmanət yadigarları və təltifləri
İsmayıl Qəsəbov ailəli idi. Ondan geriyə Vətənə və xalqımıza əmanət qalan iki aslan parçası — oğulları yadigar qaldı. Şəhidimizin övladları bu gün atalarının şanlı adı və göstərdiyi qəhrəmanlıqla fəxr edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə baş çavuş İsmayıl Qəsəbov döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi misilsiz igidliyə görə ölümündən sonra yüksək dövlət mükafatları ilə təltif olunmuşdur:
1. "Azərbaycan Bayrağı" ordeni (Ölkənin ən ali hərbi ordenlərindən biri)
2. "Vətən uğrunda" medalı
3. "Şuşanın azad olunmasına görə" medalı
4. "Cəbrayılın azad olunmasına görə" medalı
5. "Xocavəndin azad olunmasına görə" medalı
6. "Kəlbəcərin azad olunmasına görə" medalı
Xatirəsinin əbədiləşdirilməsi
Bu gün İsmayıl Qəsəbovun adı təkcə Qazaxda deyil, bütün Azərbaycanda ehtiramla anılır. Onun keçdiyi döyüş yolu hərbi hissələrdə gənc əsgərlərə nümunə kimi göstərilir. Şəhidimizin şəxsi hərbi geyimləri, istifadə etdiyi əşyalar və sənədlər Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda xüsusi eksponat kimi qorunur və gələcək nəsillərə nümayiş etdirilir.
Hər il iyulun 6-da — onun ad günündə doğulduğu Çaylı kəndində xatirəsi böyük izdihamla yad edilir. O, ölməzliyi seçərək canı bahasına bizə azad Şuşanı və bütöv bir Vətəni bəxş etdi. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
“İyulist”lərdən biri
Rafail İncəyurda dost təbriki
Ramiz Göyüş, yazıçı, publisist,
“Ədəbiyyat və incəsənət”
Qazax mahalının bir sıra ünlü simaları vardır ki, onlar iyul ayında dünyaya gəlib. Sevimli şairimiz Rafail İncəyud bəzən bu simaları zarafatla “iyulistlər” adlandırır. Məsələ burasındadır ki, Rafail müəllimin özü də onun ifadəsi ilə desək”iyulist”dir. İyulun 4-də o da 72-ni yola salaraq, 73-ə qədəm qoydu...
Çağdaş poeziyamızın tanınmış və ünlü nümayəndələrindən biri olan Rafail müəllimin özünə təxəllüs kimi götürdüyü “İncəyurd” kəlməsi, bu gün Azərbaycanımıza bəxş etdiyi məşhur söz-sənət adamlari ilə bütün Azərbaycanda, onun hüdudlarından kənarda məşhurdur. Cəmi üçcə kəndən ibarət olan bu dərə, istər adət-ənənəsi, istər folkloru, istər istedadlı insanları, istər sazlı-sözlü məclisləri, istər fərqli dini dəyərləri ilə az qala bütöv bir xalqın etno mədəniyyətini və ədəbiyyatını təmsil etmək qüdrətinə malikdir. Doğrusu, mən bu yurdun söz-sənət adamlarını ciyin-çiyinə vermiş sıra dağlara bənzədirəm. Bu sıra dağların Aşıq Avdı, Aşıq Cəlal, Ələddin İncəli, Aslan Kəmərli, Ağamalı Sadiq, Kərəm İncəli, Akif Səməd, Məmməd İlqar, Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Avdı Qoşqar, Mahmud Vəli, Sayad Mustafaoğlu adlı və adını bu yazıda çəkmədiyim neçə-neçə zirvələri var. Bu zirvələr bir dağ silsiləsində yerləşsə də, hər biri öz gözəlliyinə, əzəmətinə, möhtəşəmliyinə görə biri-birindən fərqlənir. Həmin “dağ silsiləsinin” zirvələrindən biri olan Rafail İncəyurd da İncədərəsi poeziya məktəbinin ənənələrini uğurla daşıyan və bu ənənə üzərində öz poeziyasını yaradan istedad sahiblərindəndir.
İncə dərəsi Rafail müəllim üçün müqəddəsdir. Təkcə ona görə yox ki, tək Azərbaycanda deyil , onun hüdudlarından kənarda da məşhur bir ziyarət kimi tanınan Hacı Mahmud ocağı bu məkanda yerləşir. Həm də ona görə ki, həmin məkanda Rafail İncəyurdun dünyaya göz açdığı bir ocaq var, ilk dəfə ayaq tutub addım atdığı həyət var, ilk dəfə dil açıb ana çağırdığı, örəndiyi dil var, ləhcə var, qucağına sığınıb, laylasını eşitdiyi anasının, çörəyini yediyi, öyüdünü dinlədiyi, tərbiyəsini aldığı atasının məzarları, ruhu var, uşaqlığını keçirdiyi, quzu otardığı dərə, təpə var, həmin dərə-təpələri dolanan cığır-çəhlimlərdə izi, uşaqlıq xatirələri qalıb. Çiynində anasının parçadan tikdiyi məktəb çantasında qədəm qoyduğu məktəb, sinif otağı xatirələrində yaşayır. Onu Bakıya ölkənin ən adli-sanlı ali məktəbə, yola salan məktəb var, ona əlifbanı, ana dilini, xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini öyrədən müəllimlərinin ruhu yaşayır. Uşaqlığında dirədöymə, çiling-ağac, beş daş oynadığı, çərşənbə günlərində papaq atdığı, yumurta döyüşdürdüy, tonqal çatdığı uşaqlıq yoldşlarının xatirələri yaddaşında həmişəlik həkk olunub.
Rafail müəllimlə ünsiyyətdə olan, yaxından tanıyan, iç dünyasına bələd olan hər kəs onu , saf xarakteri, xeyirxah , mərhəm düşüncəli bir insan kimi tanıyır. Düşünürəm ki, onu oxuculara sevdirən də, elə bu xarakterdən, bu duyğulardan yaranan şeirlərdir. Şeirləri sadədir, səmimidir, koloritlə, etnoqrafik nümunəlrə zəngindir. Oxucu ilə çox asanlıqla təmas- dil tapır. Oxucu demək istədiklərini onun şeirlərində tapır. Uzun illərdir Bakı şəhərində yaşamasına baxmayaraq, danışığını da ləhcəsini də dəyişməyib. Məncə dəyişməyə heç cəhd də eləməyib. Onunla görüşəndə , ünsiyyətdə olanda elə bil İncə dərəsindən dünən gəlib və Qazağın, İncə dərəsinin ab-havasını da, şirinliyini də özü ilə gətirib.
Və sonda bu əlmətdar gündə kiçik bir dəyişikliklə, Rafail müəllimi öz şeiri ilə bir daha təbrik edirəm:
– Sevgi – körpü, sevgi – tağ,
Sevgi – hörgü, sevgi – bağ,
Hər sinndə nəsə quraq
Dilək gəlsin yaş üstə...
…Tanrım, pozma gərdişi,
Qoy bitirək hər işi.
Yaxınlaşan bu yaşı,
Hələ yazma daş üstə.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
“Maraqlı söhbətlər”də Danimarka nağılı
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1992-ci ildə siyasi səbəblərə görə Yuqoslaviya millisi İsveçdə keçirilən Avropa çempionatından kənarlaşdırıldı.
Bu hadisə tipik bir "Qara qu quşu" (gözlənilməz dönüş nöqtəsi) idi və nəticədə turnirə vəsiqə qazana bilməyən, futbolçuları dünyanın müxtəlif kurortlarında istirahətdə olan Danimarka millisi son anda Yuqoslaviyanı əvəz etmək üçün dəvət edildi. Nağıla bənzər bir əhvalat elə beləcə başladı.
Əvvəlcə Danimarkada heç kim bu xəbərə inanmadı. Hamı bunun zarafat olduğunu düşündü. Hətta komandanın baş məşqçisi Riçard Möller-Nilsen də əvvəlcə buna inanmadı. Sonra məlum oldu ki, xəbər həqiqidir və futbolçuları dünyanın müxtəlif istirahət məkanlarından toplamaq lazım gəldi. Bu isə çox çətin idi, çünki oyunçular da bunun zarafat olduğunu düşünüb telefonları bağlayırdılar.
Məşqçi böyük çətinliklə futbolçuları milli komandanın düşərgəsinə toplaya bildi. Məsələn, Mixael Laudrup komandaya qoşulmadı. O, məşqçi ilə münaqişədə idi və istirahətini yarımçıq qoymaq istəmirdi. Üstəlik, hamı hesab edirdi ki, Danimarka turnirə sadəcə iştirak etmək üçün gedir.
Bunu Möller-Nilsen özü də anlayırdı. Buna görə futbolçularına dedi ki, narahat olmasınlar, cəmi üç oyundan sonra yenə istirahətlərinə qayıdacaqlar. Komandanın nə məşq planı vardı, nə rəqiblərin analizi, ümumiyyətlə heç nə yox idi. Fikir belə idi: meydana çıxaq, topa ilk toxunuşu edək, sonra vəziyyətə uyğun qərar verərik.
Çempionata əvvəlcə Kim Vilfort da qatılmaqdan imtina etmişdi. Səbəb isə dəhşətli idi: onun balaca qızı xərçəng xəstəxanasında ölüm ayağında idi. Məşqçi və komanda onun hansı ağır vəziyyətdə olduğunu başa düşürdülər və ona istədiyi bütün şəraiti yaratmağa hazır olduqlarını bildirdilər. Lakin Kim yenə də imtina etdi.
Bir müddət sonra qızının vəziyyəti bir qədər yaxşılaşdı. Həm qızı, həm də həyat yoldaşı Mina ondan xahiş etdilər ki, Avropa çempionatına getsin. Məşqçi ona icazə verdi ki, hər oyundan sonra dərhal Danimarkaya qayıtsın. İsveç yaxın olduğundan bunu etmək mümkün idi.
İlk oyunda Danimarka İngiltərə ilə heç-heçə etdi. İkinci oyunda İsveçə uduzdular. Həmin vaxt qızının vəziyyəti yenidən ağırlaşdı və fasilədə həyat yoldaşı ona təcili Kopenhagenə qayıtmasını xahiş etdi. Kim çamadanını yığdı, komanda yoldaşlarına onu gözləməməyi söylədi və turniri tərk etmək qərarına gəldi. Hamı bunu anlayışla qarşıladı.
Fransa ilə oyunu isə artıq xəstəxanada, qızının yanında izləyirdi. Danimarka hesabı açdı, Fransa bərabərlik qolunu vurdu və görünürdü ki, danimarkalılar turnirlə vidalaşacaqlar. Amma oyunun sonlarında Lars Elstrup qələbə qolunu vurdu.
Kim gördü ki, bütün xəstəxana sevinc qışqırıqları ilə doldu. Ömrünün son günlərini yaşayan insanlar, ağrılardan əziyyət çəkən xəstələr, saçlarını itirmiş, arıqlamış, taqətdən düşmüş insanlar sanki yenidən həyata qayıtmışdılar. O, palatalarda sevinc içində olan insanları və öz xoşbəxt qızını gördü. Onlar heç olmasa oyun müddətində xəstəliklərini, ağrılarını unutmuşdular. Kim tualetə girib hönkür-hönkür ağladı. Onun ürəyi həm sevincdən, həm də dərddən parçalanırdı.
Yarımfinalda Danimarkanı demək olar ki, məğlubedilməz Hollandiya gözləyirdi. Turnirin əsas favoriti idi. Heyətdə Marko van Basten, Frank Raykaard, Ronald Kuman, Rud Qullit, Dennis Berqkamp, Dani Blind, Frank de Bur, Hans van Breukelen kimi ulduzlar var idi.
Kim Vilfort xəstəxanada yaşadığı həmin anlardan sonra, qızının və digər xəstələrin xahişi ilə yenidən milli komandaya qayıtdı.
O bilirdi ki, Danimarka kimlər üçün oynayır. Bilirdi ki, vuracağı hər qol ölümcül xəstə insanların üzündə təbəssüm yaradacaq.
Əsas vaxt 2:2 başa çatdı.
Penaltilər başladı. Marko van Basten zəif zərbə vurdu və qaçırdı. Sonra növbə yorğun, arıqlamış, ağır psixoloji vəziyyətdə olan Kim Vilforta çatdı.
O, səmaya baxdı, sonra Kopenhagen istiqamətinə çevrildi və topu tora göndərdi. Gözlərində yaş vardı. Çünki bilirdi ki, həmin an qızı və xəstəxanadakı bütün insanlar ölüm qoxuyan palatalarda televizor qarşısında xoşbəxtdirlər və heç olmasa bir neçə dəqiqəlik bütün əzablarını unudublar.
Beləcə Danimarka Hans Kristian Andersen nağıllarını xatırladan bir möcüzə ilə finala yüksəldi.
Oyundan dərhal sonra Kim yenidən Danimarkaya qayıtdı. Qızının vəziyyəti daha da ağırlaşmışdı. Yeddi yaşlı Lin ölüm ayağında idi. Kim finalda oynamaqdan imtina etdi. Amma ailəsi və xəstəxanadakı digər xəstələr onu sözün əsl mənasında palatadan yola saldılar və dedilər ki, geri qayıtsın, onlar üçün Avropa Kubokunu qazansın. Eyni xahişi qızı da son gücünü toplayaraq etdi.
Finalda Danimarka Almaniya ilə qarşılaşdı. Danimarkalılar erkən qol vurdular. Daha sonra almanlar güclü təzyiq göstərdilər və bərabərlik qoluna çox yaxın oldular. Lakin oyunun bitməsinə 11 dəqiqə qalmış Kim Vilfort həyatının ən vacib qolunu vurdu və bütün bir xalqın arzusunu gerçəkləşdirdi.
Ancaq həmin an onun fikri yalnız xəstəxanadakı insanlarda idi. Ağrı və ümidsizlik içində yaşayan insanların həmin dəqiqələrdə qələbəni qeyd etdiklərini düşünürdü. O anlayırdı ki, futbol və qələbə onları qısa müddət də olsa öz əzablarından uzaqlaşdırır.
Təkcə Kim deyil, bütün Danimarka millisi bunu onlar üçün, ölüm ayağında olan Lin üçün və onun kimi bütün uşaqlar üçün etmişdi.
Kim Vilfortun Almaniyaya vurduğu həmin qol bu gün də futbol tarixinin ən emosional və faciəli qollarından biri hesab olunur.
1992-ci ilin həmin yayı Danimarka millisinin nağılı futbol tarixinin "qızıl fonduna" daxil oldu.
Lin Vilfort finaldan bir neçə gün sonra vəfat etdi. Həyatının son saatlarında o dedi ki, atası ilə fəxr edir. Onun arzusu gerçəkləşmişdi: Danimarka Avropa çempionu olmuş, atası isə bu imtahandan güclü çıxmışdı. O, ölməzdən əvvəl Danimarka millisinin həmin yay nağılını görmək istəyirdi və gördü. Bu nağıl onun və onun kimi uşaqlar üçün yazılmışdı. Həmin yay onlar xoşbəxt idilər.
Avropa çempionatından bir il sonra Kim və Mina Vilfortun Rikke adlı daha bir qız övladı dünyaya gəldi.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
Mənim hekayəm hardan başlayır?
Aynur İsmayılova,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Mənim hekayəm başqalarının düşündüyü yerdə başlamır...
Çünki mənim hekayəm düşüncələrdə yox, taleyin qələmiylə yazılan bir ömürdə başlayır. O taleyi Allah yazdı. Sonra qələmi mənə verdi. Mən isə onu əlimə aldığım gün yenidən doğuldum. Elə həmin gün anladım ki, insan bir dəfə deyil, bir neçə dəfə doğulur.
Mən ikinci dəfə yazmağa başladığım gün doğuldum. Yazdığım hər sətirdə özümü kəşf etdim, bir az daha böyüdüm. Başqaları mənim hekayəmi gördükləri yerdən oxuyardı, mən də əvvəl onların gördükləri kimi yaşayırdım. Eyni sözlərin, eyni baxışların içində mən də yönləndirilirdim. Amma içimdə heç zaman susmayan, bir şeylər deməyə çalışan bir səs vardı. Mən isə onu duymur, nə demək istədiyini anlamırdım.
Zaman keçdikcə içimdə dolub-daşan hisslər sükuta sığmadı. Yazmağa başladım. Və həmin gündən o səs yavaş-yavaş açılmağa başladı. Anladım ki, mən susduğum qədər deyil, yazdığım qədərəm.
Bilirəm ki, hər hekayə bir hadisədən doğur. Qarşılaşdığın bir an, bir söz, bir baxış bəzən bütün ömrünün istiqamətini dəyişir. Mən də belə bir anın içində dəyişdim. O gündən sonra hekayəm sadəcə yaşadıqlarım olmadı; hiss etdiklərim, anladıqlarım və susduqlarım da onun bir parçasına çevrildi.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
“Mən kiməm? Bəlkə hamısı, bəlkə də heç biri...” Sümeyye Baştürk
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Bugünkü müsahibimiz qardaş Türkiyənin dəyərli yazarlarından biri, Sümeyye Baştürk xanımdır.
-Salam Sümeyye xanım. İlk olaraq özünüz haqqında qısa məlumat verməyinizi xahiş edərdik.
Mən Sivasın dağ kəndlərindən birində dünyaya göz açmışam. Beş yaşımdan on iki yaşıma qədər ailəmdən uzaqda, təbiətin qoynunda yerləşən həmin dağ kəndində babam və nənəmlə birlikdə böyümüşəm. Daha sonra, məhz liseyə başlayacağım yaşlarda ailəmin yanına – İstanbula köçmüşəm. Universitetdə Türk Dili və Ədəbiyyatı ixtisasını bitirmiş, məzun olduqdan dərhal sonra isə müəllimlik fəaliyyətinə başlamışam.
Əslində kitablara olan dərin bağlılığım universitet illərindən sonra daha da gücləndi. Əvvəl böyük bir mütaliə sevgisi yarandı, ardınca isə içimdə susdurmaq mümkün olmayan yazmaq həvəsi doğuldu. Bir tərəfdən müəllimlik edərkən, digər tərəfdən ədəbiyyat jurnallarında redaktor və müəllif kimi fəaliyyət göstərməyə başladım. Hazırda da sözlərlə öz dünyamı qurmağa davam edirəm.
Ümumilikdə desək, Sümeyyə Baştürk bundan ibarətdir. Amma yenə də "Mən kiməm?" sualının mənim üçün cavabı hər zaman bir az natamam, bir az artıqdır...
Mən kiməm? Bəlkə hamısı, bəlkə də heç biri...
-İlk qələm təcrübənizi necə xatırlayırsınız?
Bir çox yazıçı kimi, mənim də yazıçılıq yolum şeirlə başladı. Şeir sanki biz yazıçılar üçün ilk qapını açan, yolu göstərən bir bələdçi kimidir... Mən də uzun müddət şeirin həmin bələdçiliyi ilə irəlilədim. Lakin sonradan, mənim üçün hər zaman sirr olaraq qalacaq bəzi uğursuz səbəblərə görə şeir yazmağı dayandırdım və hekayə janrına üz tutdum.
Əslində, mən həmişə zəngin xəyal dünyasına sahib insan olmuşam. Beynimdə bir süjet qurdum və uşaqlığımdan yaddaşımda iz buraxan insanları, əşyaları öz təxəyyülümlə birləşdirərək kağıza köçürdüm: babamın radiosu, babam yaşlarında qoca bir kişi və onun qovuşa bilmədiyi sevdiyi qadın... Beləcə ilk hekayəm yarandı.
Həmin hekayəni bir ədəbiyyat dərgisinə göndərdim. Uzun müddət heç bir cavab gəlmədiyi üçün qəbul olunmadığını düşündüm. İçimdə dərin bir məyusluq var idi; elə bilirdim ki, bu yolçuluq başlamadan başa çatdı. Amma bir gün aldığım müsbət elektron məktub hər şeyi dəyişdi. Hekayəm qəbul edilmişdi. Məhz o an anladım ki, oxumaq kimi, yazmaq yolunun da qapıları mənim üzümə sonuna qədər açılıb.
İlk yazıçılıq təcrübəmi həmişə belə xatırlayıram: bir az ümid, bir az ümidsizlik, amma hər şeydən çox, o şirin keçid anı...
-Əsərlərinizi yazarkən əvvəlcədən plan qurursunuz, ya əksinə?
Əşyalar, insanlar və hadisələr məndə dərin izlər buraxır. Məsələn, hər hansı bir əşya haqqında uzun-uzadı düşünürəm; onun məndə oyatdığı hissi mərkəzə qoyaraq: "Bununla bağlı bir hekayə yazmalıyam", – deyirəm. Başlanğıcda planım adətən yalnız bundan ibarət olur.
Bundan başqa, yazmaq üçün masa arxasına əyləşəndə beynimdə nə qədər dəqiq süjet xətti qursam da, çox vaxt onu olduğu kimi yaza bilmirəm. Yazmaq mənə qəfil gələn bir hissdir və həmin an yetişəndə hər şeyi bir süjetə çevirirəm. Hətta elə olub ki, bir il ərzində yalnız adı mövcud olan bir hekayəni ilham gəldiyi anda bir oturuşda yazıb tamamlamışam.
Yəni yazı prosesində hər şeyi əvvəlcədən planlaşdıraraq irəlilədiyimi demək doğru olmaz. Mən daha çox hisslərimin və həmin anın çağırışının ardınca gedirəm.
-Obrazlarınızı yaradarkən real həyatdan götürürsünüz?
Bəli, qəti şəkildə. Hekayələrimin əksəriyyətində baş qəhrəman ya birbaşa mən oluram, ya da ətrafımda rastlaşdığım, müşahidə etdiyim insanlardan biri. Həyatın içindəki bu gerçəklik mənim ən böyük ilham mənbəyimdir.
Ona görə də dostlarıma zarafatla deyirəm ki, əgər həyatlarını hekayələrimdə oxumaq istəmirlərsə, mənimlə çox da yaxın münasibət qurmasınlar. Əlbəttə, bunu zarafatla söyləyirəm. Amma açığını desəm, bu zarafatın həqiqət payı heç də az deyil.
-Hansı yazıçılar yaradıcılığınıza təsir edib və ən çox sevdiyiniz əsərlər hansılardır?
Məni sözlərin sehri ilə tanış edən və yaradıcılığı ilə ilk təsirləndirən yazıçı Cengiz Dağcı oldu. Daha sonra Emine Işınsu, Cingiz Aytmatov, Ahmet Hamdi Tanpınar, Yaşar Kemal, Sait Faik Abasıyanık, Peyami Safa və Füruzan kimi ədəbiyyatımızın nəhəng simaları mənim yazıçılıq yoluma istiqamət verdilər. Əlbəttə, Cengiz Dağcının mənim yaradıcılıq dünyamdakı yeri hər zaman dəyişməzdir. Digər yazıçılar isə oxu marşrutuma uyğun olaraq zaman-zaman dəyişə bilər. İlk anda ağlıma gələn və mənim üçün ən dəyərliləri bunlardır.
Ən sevdiyim əsərlərə gəlincə isə, əslində siyahı kifayət qədər uzundur. Amma mənim üçün ilk sırada hər zaman mədəniyyətimizin və dilimizin təməl daşlarından biri olan "Dədə Qorqud dastanları" dayanır. Onun ardınca Cengiz Dağcının, xüsusilə "Onlar da insandı" romanı başda olmaqla bütün yaradıcılığını, Cingiz Aytmatovun "Əlvida, Gülsarı" və "Qırmızı yaylıqlı qovağım" kimi tanınan "Selvi Boylum Al Yazmalım" əsərini, Yaşar Kemalin "İlanı öldürsələr", Ahmet Hamdi Tanpınarın "Saatları qurma institutu", Füruzanın "Parasız yatılı" və Peyami Safanın "Tənhayıq" ("Yalnızız") romanını xüsusi qeyd edə bilərəm.
-Türkiyəli yazıçıları oxumaqdan zövq alırsınızmı?
Bəli, türk yazıçılarını oxumaqdan böyük zövq alıram. Kitablarına sığındığım, sözləri ilə böyüdüyüm bir çox dəyərli yazıçı bu gün həyatda olmasa da, bizə miras qoyduqları əsərlər yolumu işıqlandırmağa davam edir.
Əlbəttə, mən yalnız keçmişin köklü ədəbi simaları ilə kifayətlənmirəm. Müasir türk ədəbiyyatını və bu gün yaradan yazıçıları da yaxından izləyirəm. Yeni nəşr olunan əsərləri əldə etməyə, heç olmasa hər müəllifin bir kitabını mütləq oxumağa çalışıram ki, onun bədii dünyasını, dilini və üslubunu daha yaxından tanıya bilim.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
Azərbaycan ədəbiyyatını, əlbəttə ki, çox sevir və yaxından izləyirəm. Füzuli ədəbiyyatımız üçün əvəzolunmaz, təməl simalardan biridir. Bununla yanaşı, Bəxtiyar Vahabzadənin şeirlərini oxumaqdan da böyük zövq alıram.
Yaxın zamanda dəyərli şair Vahid Əziz bəylə tanış olmaq fürsəti qazandım. Bundan başqa, Azərbaycandan olan bir çox gənc nəsil şairlə də əlaqə saxlayırıq. Təsisçisi olduğum ədəbi jurnalda gənc şairlərin yaradıcılığına geniş yer verməyə çalışırıq.
Bir də Şəhriyarın «Heydərbabaya salam» poeması var ki, mənim üçün yeri tamamilə başqadır. Nə vaxt doğma yurduma, uşaqlığımın keçdiyi o dağ kəndinə getsəm, bu əsər beynimdə yenidən səslənir. Xüsusilə bu misralar məni hər zaman dərindən təsirləndirir:
Heydərbaba, yolum səndən kəc oldu,
Ömürüm keçdi, gələmmədim gec oldu,
Heç bilmədim gözəllərin necə oldu.
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var
-Sosial media və rəqəmsal platformalar yazıçılıq karyerasına necə təsir edir?
Əslində bunun həm müsbət, həm də mənfi tərəfləri var.
Müsbət tərəfi odur ki, yazdıqlarınız oxuculara çox asanlıqla çatır. Oxucuların sizinlə əlaqə saxlayaraq yazılarınızın onlarda necə bir iz buraxdığını bölüşməsi isə olduqca böyük motivasiyadır. Hekayələrinizin kiminsə həyatına toxunduğunu görmək sanki öz əllərinizlə yetişdirdiyiniz ağacın bəhrəsini dadmaq kimidir.
Amma medalın bir də o biri üzü var. Təəssüf ki, çox istedadlı yazıçıların populyarlığın qurbanına çevrildiyinin şahidi oluruq. Təkcə sosial şəbəkələrdən aktiv istifadə etmədikləri üçün kəşf olunmağı gözləyən (və ya bəlkə də bunun heç qayğısını çəkməyən) neçə-neçə qiymətli qələm sahibinin əsərləri çox dar bir oxucu çevrəsində qalır.
Təəssüf ki, bu gün bir yazıçı nə qədər populyardırsa, sanki bir o qədər də yaxşı yazıçı hesab olunur. Halbuki bunun belə olmadığını mən yazıçılıq dünyasının içərisinə daxil olduqdan sonra çox aydın şəkildə dərk etdim.
Bəs bu sahənin içində olmayanlar bunu necə ayırd edə bilərlər? Cavab çox sadədir: Yaxşı oxucu olmaqla...
-Uğurlu nəticə əldə etdiyiniz maraqlı bir təcrübəni bölüşə bilərsinizmi?
Bir gün təsvirlərlə həddindən artıq yüklənmiş bir şeir oxumuşdum. Bu gün elə bir təsəvvür formalaşıb ki, guya şeir nə qədər mürəkkəb və anlaşılması çətindirsə, bir o qədər də yaxşı hesab olunur. Mən də bu yanaşmanı tənqid etmək üçün maraqlı bir addım atdım.
Ağlıma gəldikcə bir-biri ilə əlaqəsi olmayan cümlələri yazdığım təsvir dəftərimi qarşıma qoydum. Həmin qeydləri ardıcıl şəkildə alt-alta düzüb, sanki bir şeir imiş kimi tərtib etdim və bir ədəbi jurnala göndərdim.
Bir müddət sonra jurnaldan müsbət cavab gəldi və şeirimi dərc etdilər. Hətta onu bəyənən və paylaşanlar da oldu. Halbuki məqsədim sadəcə həmin mürəkkəb şeir anlayışını tənqid etmək idi; belə bir nəticə ilə qarşılaşacağımı heç gözləmirdim.
Bu, mənim üçün həqiqətən də çox maraqlı və təəccüblü bir uğur olmuşdu.
Məni həm öz sözlərimlə, həm də uşaqlıq xatirələrimlə yenidən görüşdürən, bu səmimi söhbət imkanı yaradan "Ədəbiyyat və incəsənət" portalına təşəkkürümü bildirirəm. Aramızdakı ortaq ruhu ədəbiyyatın qurduğu körpü vasitəsilə yenidən hiss etmək mənim üçün çox dəyərli oldu. Qardaş ölkə Azərbaycanın bütün oxucularına, qəlbi ədəbiyyat sevgisi ilə döyünən hər kəsə sevgi və ən xoş arzularımı çatdırıram.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
“Tanınmayan tanınmışlar”da Əli Əliyev
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Tanınmayan tanınmışlar” rubrikasında bu dəfə sizlərə şeir-sənət ocağı Qazax-Ağstafa bölgəsinin bir yetirməsi barədə danışacağıq. Və görəcəksiniz ki, həqiqətən də bu tanınmışı tanımağa dəyərmiş...
Əli Cəfəroğlu Əliyev 4 iyul 1968-ci ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1992–1993-cü illərdə Ağstafa rayonunun Həsənsu kənd orta məktəbində müəllim, 1993-cü ildə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, 1993–1995-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialında müəllim vəzifələrini icra edib.
1995–1999-cu illərdə Rayon Gənclər və İdman İdarəsində baş inspektor, 1999–2011-ci illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsində baş məsləhətçi vəzifələrində işləyib. 2011-ci ildən Ağstafa rayon təhsil şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır və 2-ci dərəcəli dövlət qulluqçusudur.
İlk bədii yazısı olan "Atam mənim xoşbəxtliyim" şeiri 1989-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. İlk hekayəsi "Savalan" qəzetində, ilk nağılı "Göyərçin" jurnalında, aforizmləri isə "Həqiqət" qəzetində çap olunub. 7 jurnal və 30-dan çox qəzetdə bədii-publisistik yazıları, Kultaz.com saytında hekayələri, Bebe.az, Körpəm.net intellektual uşaq portallarında nağılları dərc olunub.
2002-ci ildə "Atam mənim xoşbəxtliyim" adlı ilk bədii kitabı "Şirvannəşr"də nəşr olunub. Kitabda yazıçının povestləri, hekayələri, nağılları, aforizmləri, mənsur şeirləri toplanmışdır. "Sahibsiz" povestində yetimlik həyatının açılarını dadan gənclik çətin və şərəfli mübarizə yolunu qələmə alıb, "Gül və qız" adlı nağıl povestində eşq və məhəbbətin gücünü göstərib, hekayə və nağıllarında cansız əşyaları danışdırmaqla uşaqlarda tərbiyəvi fikirlər aşılamağa çalışıb.
2003-cü ildə "Zirvəyə doğru" adlı ikinci kitabı "Şirvannəşr"də çapdan çıxıb. Kitabda povestlər, hekayələr, nağıllar, mənsur şeirlər və aforizmlər toplanıb. "Assuriyalılar" povestində assurların başına gətirilən bəlalardan, onların qaçqınlıq və didərginlik taleyindən bəhs olunur. "Zirvəyə doğru" povestində isə erməni əsirliyində işgəncələrə məruz qalmış azərbaycanlı zabitin fədakarlığı əks olunub.
2006-cı ildə "Həkimin arzuları" adlı bədii kitabı nəşr olunub. Kitabın əsas qayəsini vətənpərvərlik, ana yurda məhəbbət, mənəvi saflıq təşkil edir. Yeni nəslin tərbiyəsi mövzusu yazıçının yaradıcılığından ana xətt kimi keçir. 2008-ci ildə nəşr olunan "Səksən beş ilin baharı" kitabında müəllif rayonda yaşayan bir nəslin keçmişinə, bu gününə tarixilik nöqteyindən nəzər salıb, xalqımızın adət-ənənələrini, mənəvi və maddi mədəniyyətini əks etdirib.
2013-cü ildə "Dənizçinin səyahəti" adlı kitabı nəşr olunub. Eyni adlı povestdə Avropa və Asiyanın müxtəlif ölkələri haqqında maraqlı məlumatlar verilib, hekayələrdə isə vətən eşqi vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sevgi hissləri öz əksini tapıb. 2014-cü ildə "Aforizm çələngi"adlı kitabı nəşr olunub. Bu kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı aforizmləri toplanıb.
2019-cu ildə İran İslam Respublikasının Zəncan şəhərində "Dənizçinin səyahəti" adlı kitabı fars dilində nəşr edilib. 2011-ci ildə nəşr olunan "Azərbaycan yazıçıları XX–XXI yüzillikdə" ensiklopediyasında (Bakı, 2011), "Yurdumuz".adlı ensiklopediyada (Bakı.,2010), həmçinin "Savalan" və "Ağstafa" qəzetlərində Əli Cəfəroğlu haqqında məlumatlar öz əksini tapıb. Azərbaycan mətbuatında bədii-publisistik yazılarla çıxış edib.
20-dən çox əsəri Azərbaycan radiosunda səsləndirilib. 1992-ci ildə Ağstafa rayonu haqqında çəkilmiş televiziya filminin ssenari müəllifi olub. Yeddi kitab müəllifidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2014-cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2018-ci ildə İraq Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyininə, 2021-ci ildə isə mərkəzi Kanadada yerləşən Şimali Amerika Yazıçılar Birliyinə üzv qəbul olunub.
Əli Cəfəroğlu 2014-cü ilin may ayından Prezident təqaüdçüsüdür. 2015-ci ildə "Çinar və taxta parçası" adlı hekayəsi Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin rus bölmələrinin VIII sinifləri üçün dərc olunmuş "Azərbaycan dili" dərsliyinə salınıb. "Qızıl qələm" media mükafatı laureatıdır (2014-cü il).
Təhsil sahəsində fəaliyyətində fərqləndiyinə görə Ağstafa rayon İcra hakimiyyəti başçısının 05.09.2016-cı il tarixli 167 nömrəli sərəncamı ilə rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
2014-cü ildə o, "Qızıl qələm" media mükafatına layiq görülüb, həmin il dekabr ayının 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ənənəvi olaraq keçirdiyi "Hüquqlar hamı üçün!" mövzusunda jurnalist yazıları müsabiqəsində II mükafatı, 2017-ci ildə I mükafatı qazanıb.
2015-ci ildə Dövlət Sərhəd Xidmətinin vətənpərvərlik mövzusunda keçirdiyi müsabiqədə hekayə nominasiyası üzrə III yeri, 2019-cu ildə I yeri, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Kiçikyaşlı uşaqlar üçün nəzm, nəsr və dram əsərləri müsabiqəsi"ndə nəsr nominasiyası üzrə IV yeri, 2018-ci ildə Özbəkistan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən esse müsabiqəsində I yeri tutub.
2021-ci ildə Kanadada keçirilən Anna Snitkina Dostoyevskaya adına beynəlxalq müsabiqədə nəsr nominasiyası üzrə qaliblərdən olub, Almaniyada keçirilmiş Dyuk de Rişelye adına beynəlxalq müsabiqədə nəsr nominasiyası üzrə hekayəsi dünya mədəniyyətinə töhfə verdiyi üçün qaliblərdən olub, Kanadada keçirilən Mark Tven adına beynəlxalq müsabiqədə nəsr nominasiyası üzrə 3-cü yeri tutub.
İngiltərədə keçirilən X Open Eurasia-2021 beynəlxalq müsabiqəsində publisistika nominasiyası üzrə final mərhələsinə çıxıb, 2022-ci ildə Almaniyada keçirilən Ernest Heminquey adına beynəlxalq ədəbi müsabiqədə nəsr nominasiyası üzrə laureat olub, ədəbi fəaliyyətinə görə Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Argentina, Belarus və Qazaxıstanda diplomla təltif olunub.
2018-ci ildə mənsur şeirləri Türkiyədə nəşr olunan "Karabağdan Kerkükden Çanakkaleye" adlı şeir antologiyasında, "Azərbaycan qadınları repressiya illərində" adlı məqaləsi "Cümhuriyyətə işıq saçan qadınlar" adlı araşdırma yazılar toplusunda nəşr edilib.
Əli Cəfəroğlunun əsərləri 31 ölkədə — Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Ukrayna, Kanada, Albaniya, Hindistan, Polşa, Rumıniya, Argentina, İngiltərə, Oman, Yunanıstan, Kosovo, Bolqarıstan, Rusiya, Serbiya, Qırğızıstan, Almaniya, Amerika Birləşmiş Ştatları, Vyetnam, Moldova, Banqladeş, Bosniya və Herseqovina, İordaniya, Livanda 24 dildə — Azərbaycan, türk, özbək, gürcü, rus, belarus, tacik, fars, ərəb, Ukrayna, alban, ingilis, fransız, alman, italyan, Monteneqro, polyak, ispan, qazax, serb, yunan, Bosniya, qırğız, Vyetnam dillərində dərc edilib.
2019-cu ildə "Əfqanıstandan sovet qoşunlarının çıxarılmasının 30 illiyi" medalı, 2022-ci ildə Beynəlxalq Ədəbiyyat və İncəsənət Assosiasiyası (Rusiya) tərəfindən "Müəllif xidmətlərinə görə" medalı ilə təltif edilib. 2022-ci ildə isə Beynəlxalq Ədəbiyyat, İncəsənət, Kommunikasiya Akademiyasının (Almaniya) akademiki adını alıb. 2023-cü ildə Almaniyada Beynəlxalq Əbədiyyat, İncəsənət, Kommunikasiya Akademiyasının təsis etdiyi beynəlxalqü "Frans Kafka" adına beynəlxalq ədəbi mükafata layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
Bir fincan çay
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
İnsan təbiətinin ən maraqlı tərəfi ondadır ki, onun xarakteri çox zaman taleyüklü qərarlarda deyil, gündəlik həyatın adi və diqqətdən yayınan detallarında üzə çıxır. Biz adətən kimisə tanımaq üçün onun keçmişinə baxmağa, həyat hekayəsini dinləməyə, verdiyi böyük qərarları analiz etməyə çalışırıq. Halbuki insanı anlamağın daha incə yolları var. O, özünü bəzən bir masa arxasında necə oturduğunda, qarşısındakı insanı necə dinlədiyində, sükuta necə münasibət göstərdiyində, gözləməyi bacarıb-bacarmadığında və ən gözlənilməz görünən məqamlarda — bir fincan çaya yanaşmasında göstərir.
Uzun illərdir içimdə qəribə, amma dəyişməyən bir müşahidə yaşayır: çay içməyən insanlarla aramda həmişə görünməz bir məsafə hiss edirəm. İlk baxışdan bu fikir adi zövq fərqi kimi qəbul edilə bilər. Ancaq məsələ heç vaxt sadəcə içki seçimi olmayıb. Mənə elə gəlir ki, insanın çaya münasibəti, əslində, onun həyata münasibətinin kiçik modelidir. Çünki çay təkcə içilən bir maye deyil; o, zamana münasibətdir, insanın qarşısındakı şəxs üçün ayırdığı vaxta münasibətdir, ünsiyyətə və münasibətlərin dərinliyinə münasibətdir.
Mən heç vaxt çayı sadəcə susuzluğu yatıran isti içki kimi görməmişəm. Çay anlayışı mənim yaddaşımda həmişə insan münasibətləri ilə yanaşı mövcud olub. Bir stəkan çay mənə həmişə söhbəti xatırladıb, qarşılıqlı etibarı xatırladıb, iki insan arasında səssiz şəkildə qurulan anlaşmanı xatırladıb. İnsan bəzən saatlarla danışır, lakin yaxınlıq yaranmır. Bəzən isə iki nəfər bir masa arxasında oturur, çox az söz deyir, amma aralarında izah olunması çətin olan bir yaxınlıq formalaşır. Mənə görə çay bir qədər də məhz bu görünməyən bağların simvoludur.
Bizim coğrafiyada çayın daşıdığı məna təsadüfi deyil. Azərbaycan məişətində, ailə mədəniyyətində və gündəlik ünsiyyət sistemində çay sadəcə qonaqlıq atributu yox, münasibətlərin qurulma vasitəsidir. Bir evə daxil olan insana verilən ilk sual əksər hallarda eynidir: “Çay içərsiniz?” Zahirdə bu, sadə qonaqpərvərlik nümunəsi təsiri bağışlayır. Halbuki həmin sualın arxasında çox dərin mədəni qat gizlənir. Bu, bir növ “sizə hörmət edirəm”, “burada özünüzü rahat hiss edin”, “aramızda yaxınlıq qurulsun” deməyin ən zərif formasıdır. Elə xalqlar var ki, hisslərini sözlə ifadə edir; bizim mədəniyyət isə çox zaman münasibətləri süfrə üzərindən qurur.
Tarix boyunca bəzi davranışlar sadəcə vərdiş olaraq qalmayıb, zaman keçdikcə mədəniyyətə çevrilib. Çay da belə anlayışlardandır. Qədim Şərq karvan yollarında uzun səfərlərdən gələn insanlar əvvəlcə sövdələşməyə başlamırdı. Əvvəl bir süfrə açılırdı, çay süzülürdü, söhbət edilirdi, etibar yaranırdı. İnsanlar bir-birinə əvvəl zaman ayırır, sonra münasibət qururdu. Çünki insan təbiətində hər yaxınlığın təməlində görünməyən bir etibar dayanır.
Diqqət etmişəm ki, insanın ən səmimi tərəfi heç vaxt dəbdəbənin içində görünmür. Bahalı restoranlar, formal davranışlar, ölçülüb-biçilmiş jestlər insanın həqiqi tərəflərini gizlədir. İnsan orada bir qədər rol oynayır, özünü təqdim etməyə çalışır. Amma sadə bir ev mətbəxində, qaynayan çaynikin səsi eşidilən kiçik bir masanın ətrafında insanlar müdafiə divarlarını yavaş-yavaş endirirlər. Söhbət dərinləşir, üzlərdəki rəsmiyyət əriyir və insan olduğu kimi görünməyə başlayır.
Çayın qəribə fəlsəfəsi var. O, insanı yavaşladır. Çay tələskənliyi qəbul etmir. Onun dəmlənməsi belə həyatın özünə bənzəyir. Qaynayan suyun yarpağa toxunması, rəngin tədricən dəyişməsi, ətrin sakitcə havaya yayılması sanki bizə xatırladır ki, gözəl olan hər şey zaman tələb edir. Müasir dünya isə tam əksini öyrədir. İnsanlar sürətlə yaşayır, sürətlə yeyir, sürətlə sevir, sürətlə inciyir və eyni sürətlə unutmağa başlayırlar. Münasibətlər belə artıq sürətin diktəsinə tabe olub.
Texnologiya insanlara görünməmiş imkanlar verdi. İndi bir insan saniyələr içində dünyanın o biri ucuna mesaj göndərə bilir. Gün ərzində yüzlərlə yazışma aparılır, saysız-hesabsız əlaqələr qurulur. Amma qəribə paradoks yaranıb: insanlar daha çox əlaqə saxlayır, lakin daha az söhbət edir. Yazışmalar danışığın yerini aldı, emojilər üz ifadələrini əvəz etdi, ekranlar insan baxışını aradan çıxardı. İnsanlar bir-birinə çatmağı asanlaşdırdı, amma bir-birini hiss etməyi çətinləşdirdi.
Məhz buna görə çay mənim üçün başqa məna daşıyır. Çünki çay ayaqüstü içilmir. Çayı tələsərək içmək onun təbiətinə ziddir. O insanı dayanmağa məcbur edir. Qarşısındakı insanı dinləməyə məcbur edir. Sadəcə mövcud olmağa məcbur edir. Müasir insanın isə ən çox itirdiyi məhz budur — sadəcə mövcud olmaq bacarığı.
Mən dostluğa da həmişə bu ölçü ilə yanaşmışam. Mənə görə dostluğun dəyəri birlikdə keçən illərin sayında deyil. İnsan illərlə kimisə tanıya bilər və yenə də aralarında həqiqi yaxınlıq formalaşmaz. Bəzən isə biri ilə bir neçə saatlıq söhbət kifayət edir ki, onun daxili aləmini hiss edəsən. Mənə elə gəlir ki, kimləsə saatlarla bir çay süfrəsi arxasında otura bilmirsənsə, onunla həyatın ağırlığını bölüşmək də çətin olar. Çünki insan məhz belə adi görünən anlarda özünü göstərir: necə dinlədiyində, necə susduğunda, qarşıdakına nə qədər yer verdiyində.
Bəzi insanlar sükutdan narahat olur. Onlar boşluğu mütləq sözlə doldurmağa çalışırlar. Halbuki yaxınlığın ən yüksək mərhələsi çox vaxt məhz sükutdur. İki insan qarşı-qarşıya oturub heç nə demədən rahat şəkildə çay içə bilirsə, deməli münasibət artıq sözlərin hüdudlarını keçib. Çünki həqiqi anlaşma həmişə cümlələrlə qurulmur.
Bir masa üzərində duran sadə bir şirniyyat da mənə həmişə simvolik görünür. İnsan bölüşdükcə yaxınlaşır. Eyni süfrədən yemək, eyni çaynikdən süzülən çayı paylaşmaq min illərdir cəmiyyətlərin yaratdığı görünməyən bağların davamıdır. Bəlkə də buna görə uşaqlığımızın ən saf xatirələrinin böyük hissəsi mətbəxlə bağlıdır. Qış axşamları, pəncərənin arxasında əsən külək, nənənin samovarı, masanın üzərində mürəbbə qabı, ailənin birlikdə keçirdiyi uzun saatlar… İnsan yaddaşı təsadüfi anları saxlamır. O yalnız ruhumuza toxunan anları qoruyur. Maraqlıdır ki, həmin xatirələrin içində çox zaman bir çay süfrəsi olur.
Mən düşünürəm ki, müasir dövrdə insan münasibətlərinin zəifləməsinin əsas səbəblərindən biri kollektiv söhbət mədəniyyətinin yoxa çıxmasıdır. Bir zamanlar ailələr axşam saatlarında bir masa ətrafında toplaşırdı. Gün ərzində yaşanan hadisələr danışılır, böyüklər təcrübələrini bölüşür, kiçiklər dinləməyi öyrənirdi. İndi isə eyni evdə yaşayan insanlar fiziki olaraq bir-birinə yaxın olsalar da, mənəvi olaraq fərqli aləmlərdə yaşayırlar. Hamı başqa ekrana baxır, başqa virtual dünyada vaxt keçirir və bir masa ətrafında toplaşmaq ənənəsi yavaş-yavaş yox olur.
Bəlkə də buna görə cəmiyyət getdikcə daha əsəbi, daha həssas və daha tənha görünür. İnsan danışmadıqca daxilində yığılır. Dinlənilmədikcə sərtləşir. Görülmədiyini hiss etdikcə uzaqlaşır. Halbuki bəzən bir fincan çay bütün görünməz divarları dağıtmağa kifayət edir.
Tarixə baxdıqda bunu açıq görmək mümkündür. Ən böyük ideyalar çox vaxt sadə söhbət məclislərində yaranıb. Yazıçılar, filosoflar, şairlər, sənət adamları həmişə birlikdə düşünməyin insanı dəyişdirdiyini deyiblər. Parisin kafelərində doğulan ədəbi cərəyanlar, İstanbulun qədim çayxanalarında gedən müzakirələr, Bakının köhnə məhəllələrində uzanan axşam söhbətləri… Bütün bunların ortaq nöqtəsi eyni idi: insanlar bir-birinə vaxt ayırırdı.
Bugünkü insan qəribə şəkildə hər şeyə vaxt tapır, amma bir-birinə vaxt ayırmaqda çətinlik çəkir. Saatlarla serial izləyir, məqsədsiz videolar arasında itib gedir, tanımadığı insanlarla sosial platformalarda mübahisə edir, amma dostuna “gəl bir çay içək, söhbət edək” deməyə bəzən vaxt tapa bilmir. Bu dəyişiklik sadəcə texnologiyanın nəticəsi deyil. Bu, mədəni dəyişiklikdir.
Mədəniyyət isə çox vaxt görünməyən yerlərdə zəifləyir. Bir ailə dağılmadan əvvəl birlikdə oturma vərdişini itirir. Bir dostluq bitməzdən əvvəl söhbətləri azalır. İnsanlar bir-birinə yaxın görünür, amma ruhları arasında məsafələr yaranır.
Bəlkə də buna görə çay içməyən insanları tam anlaya bilmirəm. Mən onların sadəcə fərqli zövqə sahib olduğunu düşünmürəm. Mən düşünürəm ki, bəlkə də onlar fərqində olmadan həyatın bəzi incə gözəlliklərinə qarşı məsafəli yaşayırlar. Çünki çay mənim üçün simvoldur. Çay zamandır. Çay diqqətdir. Çay qarşılıqlı hörmətdir. Çay tələsməməyi bacarmaqdır. Çay dinləməyi öyrənməkdir. Çay insanın başqa bir insana verdiyi ən səmimi zamandır.
Bu gün də dəyişməyən bir fikrə inanıram: münasibətlərin həqiqi sınağı böyük hadisələrdə deyil, kiçik anlarda baş verir. Birlikdə yol getməkdə, eyni kitab haqqında danışmaqda, bir sükutu bölüşməkdə, bir şirniyyatı iki nəfər arasında paylaşmaqda və əllərin arasında isti çay stəkanı tutaraq saatlarla həyat haqqında söhbət etməkdə.
Sevgi həmişə böyük etiraflarda yaşamır. Dostluq hər zaman qəhrəmanlıq tələb etmir. Sədaqət andlarla ölçülmür. İnsan yaxınlığı bəzən adi görünən ritualarda yaşayır. Mənim üçün belə ritualardan biri həmişə çay olub.
Çünki insan sözlə aldada bilər. Davranışla da aldada bilər. Amma zamanını kiməsə ayırırsa, bu artıq həqiqətdir.
Mənim dünyamda münasibətlər sürətlə içilən qəhvə fincanlarında qurulmur. Mənim dünyamda insanlar bir-birinə uzun söhbətlərlə soyuyan çay stəkanlarının ətrafında yaxınlaşırlar.
Və bəlkə insanlığın ən saf, ən dəyişməyən tərəfi də elə budur: kiməsə “gəl, bir çay içək” demək — əslində ona “mən sənə vaxt ayırıram” deməkdir.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Həyatı və təhsili
Mehdi Əmrah oğlu Abbasov 4 iyul 2004-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. O, ilk təhsilini doğulduğu kənddə yerləşən, özü kimi torpaq uğrunda canından keçmiş şəhid Məhəmməd Qarayev adına Sığıncaq kənd tam orta məktəbində alıb. Məktəb illərində tərbiyəsi, vətənpərvərliyi və dürüst xasiyyəti ilə həm müəllimlərinin, həm də sinif yoldaşlarının dərin hörmətini qazanıb.
Hərbi xidməti
Orta təhsilini başa vurduqdan sonra Mehdi Abbasov qanunvericiliyə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Şəhid olduğu vaxta qədər o, artıq 1 il 3 ay idi ki, Vətənə əsgər kimi xidmət edirdi. Xidmət etdiyi müddət ərzində hərbi nizam-intizama tam əməl edən, verilən tapşırıqları dəqiqliklə yerinə yetirən və silah yoldaşları arasında fərqlənən bir əsgər olub.
Antiterror əməliyyatı və şəhadəti
19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi və Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri başladılıb. Əsgər Mehdi Abbasov bu əməliyyatlarda ön xətdə döyüş tapşırıqlarını icra edib. 20 sentyabr 2023-cü il tarixində Ağdam rayonu istiqamətində gedən qızğın və ağır döyüşlərdə düşmən mövqelərinin məhv edilməsi zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Dəfni və vida mərasimi
Şəhid Mehdi Abbasovun nəşi sentyabr ayında doğulub boya-başa çatdığı Masallı rayonunun Sığıncaq kəndinə gətirilib. Keçirilən izdihamlı vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti, hərbçilər və kənd sakinləri iştirak ediblər. Qəhrəmanımızın cənazəsi hərbi rituallara uyğun olaraq, yaylım atəşi altında Sığıncaq kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə şəhidin tabutuna bürünmüş və müqəddəs əmanət olan üçrəngli Azərbaycan bayrağı atası Əmrah Abbasova təqdim edilib.
Təltifləri və irsi
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, qoyulmuş xidməti vəzifələrin və döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək peşəkarlıq, şücaət və mərdliyə görə əsgər Mehdi Əmrah oğlu Abbasov ölümündən sonra dövlət tərəfindən yüksək qiymətləndirilib.
Onun xatirəsi Masallı rayonunda və oxuduğu məktəbdə daima əbədi olaraq yaşayır, gənc nəslə vətənpərvərlik və qəhrəmanlıq nümunəsi kimi göstərilir.
“Ədəbiyyat və incəsənət”
(06.07.2026)


