Super User
Xalq artisti Şirzad Abutalıbovun doğum günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Teatr tarixində ən mürəkkəb obrazlardan biri də Təlxək obrazıdır. Deyilənə görə, Vurğunun “Vaqif” dramı səhnələşdiriləndə Təlxək obrazına uzun müddət aktyor tapa bilməyiblər, dəvət olunan heç kəs sınaqdan keçə bilmirmiş...
Haqqında danışacağım aktyorsa “Topal Teymur” tamaşasında Təlxək obrazını elə məharətlə yaradıb ki baxanlar heyran qalıblar...
Şirzad Abutalıbov 1959-cu ilin bugünkü günündə Naxçıvan şəhərində anadan olub.1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir. eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudu.
Teatrda işlədiyi müddətdə H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif, Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlı “Aydın”da Ləzgi Qurban, N.Nərimanov “Nadir şah”da Rza xan, N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud, N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi, Anar “Sizi deyib gəlmişəm”də Mozalan, N.Həsənzadə “Atabəylər”də Əbuşər rollarını ifa edib.
İ.Əfəndiyevin “Hökmdar və qızı”nda Kəlbəli xan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda Cinni Mustafa, Mir Cəlalın “Dirilən adam”ında Bekar Ağabala, A.Məmmədovun “Həmyerlilər”ində Gümüşov, Y.Əzimzadənin "Anacan"ında Qulu, Mirzəğa Atəşin "Cırtdan"ında Arıq, Əliağa Kürçaylının "Boşanaq evlənəriy"ində İkram, Sota Rokovanın "Yaşıl papağ"ında Vaso Axaladze, İsmayıl Şıxlının "Kosaoğlunun səhvi”ndə İmran, C.Məmmədquluzadənin "Anamın kitabı"nda Hüseyn Şahid rollarını oynayıb.
1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikasinin xalq artisti adı 2008-ci ildə qisməti olub.
10 may 2022-ci ildə isə Prezident Mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Tanınmayan tanınmışlar - Svetlana Nəcəfova
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Tanınmayan tanınmışlar rubrikasında haqqında danışdığım şəxs jurnalistikamızın çox parlaq bir imzası olub. Xatırlamalı və yada salmalıyıq bu cür fədakar insanları.
Bu gün nasir, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Svetlana Nəcəfovanın doğum günüdür.
O, 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlayan Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində, "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, daha sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb.
"Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olub. Sonradan təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak edib. Ramiz Əliyarov ilə ailə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir.
Svetlana xanım Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilib.
İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olub. ABŞ-nin "kim kimdir?" nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib. Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerq və hekayələri dövri mətbuatda dərc olunub.
Kitabları
- Qırmızı qalstuklar klubu
- Ömrə sevinc gətirənlər
- Hər ömür nəğmədir
- Biz beynəlmiləlçilərik
- Onun taleyi
- Azərbaycanın qeyri-hökumət qadın təşkilatları
Mükafatları
Ədəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilən Svetlana xanım 1971-ci ildə "Əməkdə fərqlənməyə görə" medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, "Qızıl Qələm", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Vətən", "Humay", "Dan ulduzu", "Araz" ali media və s. mükafatlarına layiq görülüb.
O, 16.05.2021-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Zindanlar onu yolundan döndərə bilmədi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu yaxınlarda Azərbaycanın Xalq yazıçılarının adları ilə tanışlığım oldu, sırada yaradıcılığı ilə tanış olmadığım, mənə tanış olmayan cəmi 2-3 ad var idi, onlardan biri barədə danışmaq istəyirəm. Çünki, ədəbiyyatla ən az maraqlanan belə xalq yazıçılarımızı tanımalıdır.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
Ədəbiyyatşünas, yazıçı Gülhüseyn Abdullayev - Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub.
1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub.
Təşkilatın məqsədləri Azərbaycanın müstəqilliyini əldə etmək, 1937–1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq olub.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu "Ədəbiyyat qəzeti" redaksiyasında, Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. Görkəmli söz ustası 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar İttifaqının V qurultayından ömrünün sonunadək birliyin idarə heyətinin üzvü və nəsr bölməsinin rəhbəri olub.
İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb. Müasir Azərbaycan nəsrinin tanınan nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir.
Nasir 69 ilin 8 ilini özündən aslı olmayaraq həbsxana və Stalin düşərgəsində əzab, sıxıntı içərisində keçirib. 8 ildə o, yazmaq imkanından məhrum olsa da dərindən müşahidəçilik qabiliyyətinin gördüklərini saf-çürük eləmək, gələcək bədii ümumiləşdirmələrinə lazım olacaq zəngin həyat təcrübəsi qazanmaq ixtiyarını ondan heç kəs ala bilməyib.
Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Nəşr
- İki damla göz yaşı
- İnsanlar və dalğalar
- Ömrümüz boyu
Kitabları
1. Mənsur şeirlər ustası
2. Müşfiq
3. Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı
4. Полет Орлов — Стихотворения в прозе и рассказы
5. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…
6. Məhəbbətdirmu bu?!
Poeziya
- Məhəbbət
- Küsülülər
- İşıq və zülmət
- İlk qədəm
- Humaniz
- Həsrətəm
- Hanı
- Gürcü gözəli
- Gül ömrü
- Bir söz
- Payız
- Qatar gedir
- Payım mənim
- Ay nur çiləyəndə
- Özün kimi
- Ömür gün
Publisistika
1. Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)
2. Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)
3. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…
4. Bir ömrün çıraqları, Ağ kəlağayı, Nizaminin dostu — Hekayə
5. Qayğı (Sənədli hekayələr və öçerklər)
6. Əməyin bəhrəsi, Əmək və şərəf, Ana-alim (Sənədli hekayələr və öçerklər)
7. Çətin yol — Mənsur şeir
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə "Xalq Yazıçısı" fəxri adına layiq görülüb. O, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Tanınmış nasir, istedadlı ədəbiyyatşünas, mahir pedaqoq və səmimi insan Gülhüseyn Hüseynoğlunun işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Harda yarışırsa uğur onu izləyir...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sizə gənc bir ifaçı barədə danışmaq istəyirəm. Bu gün doğum günüdür – 27-si tamam olur, 28-nə keçir. Deyim ki, bu müddətdə artıq xeyli uğur sərgiləyə bilibdir.
Nadir Rüstəmli 8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olub. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olub. O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlayıb
Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olub. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib, 21 ölkə arasında 2-ci yerin qalibi olub.
2021–2022-ci il Səs Azərbaycan yarışmasında iştirak edib və ən böyük uğuruna imza atıb - yarışmanın qalibi olub. "İctimai TV" kanalında yayımlanan layihədə o, ilk mərhələdə "Writing'S on the wall" mahnısını ifa edib və 2 münsif Nadir Rüstəmli tərəfə dönüb.
O isə Eldar Qasımovun komandasında yarışmağı seçib. Daha sonra növbəti mərhələdə Amir Paşayev ilə birgə "Beggin" mahnısını ifa edib. Eldar Qasımov isə Nadir ilə Amir arasında seçim edib və Nadir Rüstəmlini komandasında saxlayıb. Nadir Rüstəmli 1/8 finalda "Xatirədir" mahnısını ifa edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Finalda "Bu da son", "Bad Liar" və Eldar Qasımov ilə "Running Scared" mahnısını ifa edib. Finalda SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihənin qalibi olacaqdı. Nadir 42,6% dərəcəsi ilə birinciliyi əldə edərək layihənin qalibi olub.
Videoqrafiya
- Fade To Black - İsa Məlikov
- Əbədi Sevgi (duet Sivva)- Əli Fərhad
- Bedel - Fahir Səmədoğlu
- Gölgelerim - Fahir Səmədoğlu
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Əsgərini canından əziz bilən komandir: şəhid baş leytenant Samiq Fərzalıyev
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
44 günlük Vətən müharibəsi Azərbaycan hərbçisinin təkcə döyüş bacarığını deyil, həm də sarsılmaz insanlığını, fədakarlığını və komandir-əsgər birliyini bütün dünyaya nümayiş etdirdi. Bu müqəddəs döyüşdə əsgərlərinin canını xilas etmək üçün özünü sipər edən, şəhadəti ilə ölməzlik qazanan qəhrəman zabitlərimizdən biri də baş leytenant Samiq Fərzalıyevdir.
Erkən illəri və ali təhsili
Samiq Fərzalıyev 8 iyul 1992-ci ildə Tovuz rayonunun Güvəndik kəndində, ziyalı və zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Uşaq yaşlarından nizam-intizamı, dürüstlüyü və Vətənə bağlılığı ilə ətrafındakıların sevgisini qazanmışdır. Orta təhsilini bitirdikdən sonra o, ali təhsil almaq qərarına gəlir.
Samiq Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olur və buradakı təhsilini uğurla başa vuraraq məzun adını qazanır. Ali təhsilli bir gənc kimi gələcək planlarını quran Samiq üçün Vətən qarşısındakı müqəddəs borc hər şeydən uca idi.
Hərbi fəaliyyəti və zabitlik yolu
Ali təhsilini tamamladıqdan sonra Samiq Fərzalıyev müddətli həqiqi hərbi xidmətə yollanır. Xidmət müddətində göstərdiyi yüksək nizam-intizam, liderlik qabiliyyəti və hərbi texnikaya marağı onun ordu sıralarında zabit kimi qalmasına zəmin yaradır.
O, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müvafiq kursları uğurla keçərək leytenant rütbəsi alır və peşəkar hərbi fəaliyyətə başlayır. Qısa müddətdə orduda özünü bacarıqlı komandir kimi sübut edən Samiq, göstərdiyi xidmətlərə görə baş leytenant rütbəsinə qədər yüksəlir və taqım komandiri təyin olunur.
Vətən müharibəsində göstərdiyi rəşadət
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda, baş leytenant Samiq Fərzalıyev öz taqımı ilə birlikdə dərhal ön cəbhəyə atılır. Onun döyüş yolu müharibənin ən strateji və ağır döyüşlərinin getdiyi Füzuli istiqamətindən başlayır.
Samiq döyüş meydanında yalnız əmr verən bir komandir deyil, hər zaman əsgərlərinin önündə gedən, onlara cəsarət verən bir rəhbər olur. Onun rəhbərlik etdiyi taqım düşmənin bir neçə müdafiə xəttini yararaq mühüm mövqeləri ələ keçirir və düşmənə ağır zərbələr vurur.
Əbədiyyət və qəhrəmanlıq zirvəsi
7 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən şiddətli və qanlı döyüşlər zamanı Samiq Fərzalıyevin taqımı amansız atəşə məruz qalır. Bu döyüşdə onun tabeçiliyində olan iki əsgəri ağır yaralanır. Əsgərlərinin döyüş meydanında köməksiz qalmasına və düşmən əlinə keçməsinə əsla dözə bilməyən cəsur komandir, həyatını açıq-aşkar təhlükəyə ataraq irəli atılır.
Samiq düşmən güllələrinin altında hər iki yaralı əsgərini təhlükəsiz zonaya çıxarmağı bacarır. Lakin sonuncu əsgərini xilas edib geri qayıdarkən düşmən snayperinin hədəfinə çevrilir. Baş leytenant Samiq Fərzalıyev öz əsgərlərinin canı bahasına 7 oktyabr tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Şəhidimizin nəşi doğulduğu Tovuz rayonunun Güvəndik kəndində böyük izdiham və hərbi ehtiramla torpağa tapşırılır.
Təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərar edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək fədakarlıq və rəşadət göstərdiyinə, hərbi qulluqçuluq vəzifəsini şərəflə yerinə yetirdiyinə görə baş leytenant Samiq Misir oğlu Fərzalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək dövlət mükafatlarına layiq görülmüşdür:
«Vətən uğrunda» medalı
«Füzulinin azad olunmasına görə» medalı
Samiq Fərzalıyev həm peşəkar zabit, həm də əsgərini öz övladı və qardaşı tək qoruyan fədakar komandir rəmzi kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
"Girişmə, öldürərlər" — Keçid dövrünün tragikomik mənzərəsi və kinoda satira
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
1991-ci ildə, Azərbaycanın dövlət müstəqilliyini yenidən bəyan etdiyi, sovet imperiyasının isə rəsmən tarix səhnəsindən silindiyi bir dönəmdə ərsəyə gələn "Girişmə, öldürərlər" bədii filmi milli kinomuzun ən özünəməxsus nümunələrindəndir. Rejissor Cahangir Mehdiyevin quruluş verdiyi, ssenari müəllifi Ramiz Fətəliyev olan bu kinokomediya, sadəcə əyləncəli bir süjet deyil, 1990-cı illərin əvvəllərində cəmiyyəti bürüyən xaotik mühitin, hüquqi boşluqların, mafioz qruplaşmaların və dəyişən insan psixologiyasının ekranlaşdırılmış satirasıdır.
Ssenari strukturu: Siyasi-sosial xaos və detektiv parodiya
Ramiz Fətəliyev filmin ssenari strukturunu klassik detektiv və komediya janrlarının parodiyası üzərində qurub. Filmdə hadisələr sovet sisteminin çöküşü fonunda cərəyan edir. Cəmiyyətdə köhnə qanunlar artıq işləmir, yeniləri isə hələ formalaşmayıb. Belə bir dövrdə rüşvətxorluq, kölgə iqtisadiyyatı və cinayətkar qrupların dövlət strukturlarına nüfuz etməsi filmin əsas dramaturji fonunu təşkil edir.
Süjet xəttinin mərkəzində böyük bir cinayət şəbəkəsi və bu şəbəkənin ətrafında fırlanan komik, absurd hadisələr dayanır. Filmin adı olan "Girişmə, öldürərlər" ifadəsi həm dövrün təhlükəli, kriminal ab-havasını simvolizə edir, həm də köhnə sistemin adamlarının yeni reallıqlara, "vəhşi" qaydalara qarışmaqdan qorxmasını ifadə edən ironik bir xəbərdarlıq rolunu oynayır. Filmdə ssenarist sovet bürokratiyasını və yeni yaranan "kooperator" mafiyasını kəskin satira atəşinə tutur.
Aktyor ifası və fərqli xarakterlərin toqquşması
Rejissor Cahangir Mehdiyev filmə dövrün ən güclü və rəngarəng aktyor ansamblını cəlb edə bilmişdir. Onların hər biri keçid dövrünün müəlif tiplərini parlaq şəkildə canlandırıblar:
Səyavuş Aslan: Aktyor filmdə özünəməxsus ampluası ilə seçilir. Onun canlandırdığı obraz dövrün hiyləgər, hər vəziyyətdən çıxış yolu tapan, lakin hadisələrin miqyasından qorxan tipajını mükəmməl əks etdirir.
Yaroslav Borovski (Qraç): Filmdə "Qraç" (Quzğun) obrazını canlandıran ukraynalı aktyor Yaroslav Borovski bədii strukturda mühüm xətlərdən birini təşkil edir. Onun personajı ittifaq miqyaslı kriminal əlaqələrin və Bakıdakı yerli mafiyanın ortaqlığını vizuallaşdırır.
Mirzə Babayev: Milli estradası və kinosunun ustad sənətkarı Mirzə Babayev özünəməxsus aristokratik və eyni zamanda komik ironiyası ilə filmə xüsusi rəng qatır. Onun canlandırdığı personaj köhnə elitanın yeni dövrlə uyğunlaşma cəhdlərini göstərir.
Filmdə həmçinin Cahangir Mehdiyevin özünün, Afaq Bəşirqızının, Kamil Məhərrəmovun və digər tanınmış simaların yer alması ekran əsərinin hər bir epizodunu dinamik və yaddaqalan edir.
Rejissor üslubu, vizual dil və dövrün rəmzi
Cahangir Mehdiyev kinomuzda eksentrik komediya janrının ustadı kimi tanınır. "Girişmə, öldürərlər" filmində də o, bu üsluba sadiq qalaraq hadisələri sürətli montaj keçidləri, qrotesk və absurd situasiyalarla zənginləşdirib. Bakının 1991-ci il xronikasını əks etdirən kadrlar, boz binalar, küçələrdəki gərginlik operator işi ilə filmin ümumi atmosferinə uyğunlaşdırılıb.
Filmin musiqi tərtibatı və səsləndirmə elementləri də hadisələrin daxili ritmini və komizmini artırmağa xidmət edir. Rejissor sovet rejiminin son nəfəsindəki acizliyini və yeni kapitalist oyunçuların amansızlığını gülüş hədəfinə çevirməklə, əslində böyük bir tarixi keçidin bədii sənədini yaradıb.
"Girişmə, öldürərlər" — Azərbaycanın müstəqillik ərəfəsində keçdiyi çətin, xaotik və gərgin yolun kino dili ilə ifadə olunmuş tragikomik aynasıdır.
1991-ci ilin çətin çəkiliş şərtlərinə rəğmən, Ramiz Fətəliyevin dərin ssenari zəkası və Cahangir Mehdiyevin rejissor dinamikası bu filmi Azərbaycan kinosunun keçid dövrü satirasının ən uğurlu nümunələrindən birinə çevirmişdir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Vahid Çəmənlinin 70 illik yubileyinə həsr olunmuş "Çeşmə" Ədəbi Məclisi
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
İyulun 5-də "Çeşmə" Ədəbi Məclisinin növbəti toplantısı Dədə Ələsgərin adını daşıyan məkanda keçirilib. Tədbir tanınmış şair, publisist Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni çapdan çıxmış "Sənsiz keçən ömür" kitabının təqdimatına həsr olunub.
Toplantını "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, çıxışında tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsinin poeziyaya olan sevginin göstəricisi olduğunu vurğulayıb, yubilyarı təbrik edərək ona həsr etdiyi qəzəli səsləndirib.
Tədbirdə ilk çıxış edən bu yaxınlarda 80 illik yubileyini qeyd etmiş, iki cildlik "Divan"ının təqdimatı keçirilən şair-qəzəlxan və bəstəkar Hüseyn Sözlü olub. O, Aşıq Ələsgərin yaradıcılığından bəhs edib, tədbirin Dədə Ələsgərin adını daşıyan məkanda keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib və Vahid Çəmənliyə həsr etdiyi şeirini təqdim edib.
Daha sonra "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, şair və təcnis ustası Adil Cəfakeş çıxış edərək yubilyara ithaf etdiyi şeiri və digər yaradıclıq nümunələrini səsləndirib.
"Qoşma" Ədəbi Məclisinin Poeziya bölməsinin rəhbəri Əzizə Ağahüseynqızı isə çıxışında ədəbi məclislərin gənc qələm sahiblərinin formalaşmasındakı rolundan danışıb. O, vaxtilə fəaliyyət göstərmiş "Qurbani" Ədəbi Məclisinin öz yaradıcılıq yolunda mühüm əhəmiyyət daşıdığını vurğulayıb və şeirlərini təqdim edib.
Toplantıda AYB üzvləri İldırım Əlişoğlu Qəhramanov və Xaqani Abbasəli Öztürk, Lənkərandan gələn şair-qəzəlxan Əhməd Haqsevər, ilk dəfə məclisdə iştirak edən Rövşən Xaləddinoğlu və Qulu Xaləddinoğlu, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi-şair Qafqaz Eyvazov, eləcə də şair Xəyyam Avşar çıxış edərək şeirlərini səsləndiriblər.
Eyni zamanda, iştirakçılar Vahid Çəmənlinin sözlərinə Hüseyn Sözlünün bəstələdiyi lirik mahnını dinləyiblər.
Tədbirin sonunda Lilpar Cəmşidqızı "Çeşmə" Ədəbi Məclisinin fəaliyyətinə bir aylıq fasilə veriləcəyini, növbəti toplantının sentyabr ayında keçiriləcəyini bildirib. O, tədbirin təşkilinə göstərilən dəstəyə görə "Şahənşah" restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə təşəkkürünü ifadə edib.
Toplantı xatirə şəkillərinin çəkilməsi və növbəti görüş ümidi ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Türk hökmdarları – Mete Xan
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə türk hökmdarlarıdır. Bu dəfə Mete Xan barədə danışacağıq.
Türk tarixində dövlətçilik ənənəsinin formalaşmasında mühüm rol oynamış hökmdarlar arasında Mete Xanın adı xüsusi ehtiramla çəkilir. O, Böyük Hun imperiyasını kiçik köçəri tayfa birliyindən Mərkəzi Asiyanın ən güclü siyasi və hərbi dövlətinə çevirməyi bacarmış, həyata keçirdiyi islahatlarla sonrakı türk dövlətlərinin idarəçilik modelinə və hərbi sisteminə dərin təsir göstərmişdir. Çin salnamələrində Modu Chanyu adı ilə tanınan Mete Xan haqqında məlumatların əsas hissəsi qədim Çin tarixçilərinin, xüsusilə Sıma Tsyanın qələmə aldığı əsərlərdə qorunub saxlanılmışdır. Müasir tarixşünaslıq da onun fəaliyyəti ilə bağlı araşdırmalarını əsasən bu mənbələrə söykəndirir.
Tarixçilərin əksəriyyəti Mete Xanın eramızdan əvvəl III əsrdə Hun hökmdarı Teomanın ailəsində dünyaya gəldiyini qəbul edir. Həmin dövrdə Hun tayfaları Monqolustan və Mərkəzi Asiyanın geniş çöllərində yaşayır, lakin daxili çəkişmələr və xarici təhdidlər səbəbindən vahid siyasi gücə çevrilə bilmirdi. Eyni zamanda Çində Tsin və daha sonra Xan sülaləsinin hakimiyyətə gəlməsi bölgədə yeni siyasi tarazlıq yaratmışdı. Bu mürəkkəb şərait Mete Xanın gələcək fəaliyyətinə birbaşa təsir göstərdi.
Çin salnamələrində qeyd olunur ki, Teoman taxtın başqa oğluna keçməsini istədiyi üçün Mete Xanı qonşu Yüeci tayfalarına girov göndərmişdi. Daha sonra həmin tayfalara hücum edərək oğlunun öldürüləcəyini güman etmişdi. Lakin Mete Xan əsirlikdən qaçaraq Hun torpaqlarına qayıtdı və atasının etimadını yenidən qazandı. Bu hadisə onun siyasi iradəsini və liderlik keyfiyyətlərini nümayiş etdirən ilk mühüm məqam kimi qiymətləndirilir.
Hakimiyyətə gəlmə prosesi Hun tarixinin ən dramatik hadisələrindən biri hesab olunur. Tarixi mənbələrə görə, Mete Xan özünə tam sadiq süvari dəstəsi yaratmış və onların itaətini yoxlamaq üçün ardıcıl sınaqlar keçirmişdi. Nəhayət, eramızdan əvvəl 209-cu ildə Teomanı hakimiyyətdən uzaqlaşdıraraq Hun imperiyasının hökmdarı oldu. Müasir tarixçilər bu hadisəni Böyük Hun imperiyasının əsl yüksəliş dövrünün başlanğıcı hesab edirlər.
Mete Xanın hakimiyyətinin ən mühüm xüsusiyyətlərindən biri ordu islahatları idi. O, onluq hərbi-idarəetmə sistemini təkmilləşdirdi, süvari qoşunlarının hazırlığını gücləndirdi və ciddi intizam qaydaları tətbiq etdi. Bu sistem sonrakı əsrlərdə Göytürklər, Səlcuqlular, Osmanlılar və digər türk dövlətləri tərəfindən də müxtəlif formalarda istifadə olundu. Tarixşünaslıqda Mete Xan dünyanın ilk peşəkar və yüksək intizamlı süvari ordularından birini yaradan hökmdarlardan biri kimi qiymətləndirilir.
Mete Xan hakimiyyətini möhkəmləndirdikdən sonra qonşu tayfaları öz hakimiyyəti altında birləşdirməyə başladı. Dunhu, Yüeci və digər köçəri birliklər üzərində qazandığı qələbələr Hun dövlətinin sərhədlərini xeyli genişləndirdi. Qısa müddət ərzində Hun imperiyası Baykal gölündən Altay dağlarına, Qobi səhrasından Mərkəzi Asiyanın geniş çöllərinə qədər uzanan böyük ərazilərə nəzarət etməyə başladı. Bu uğurlar nəticəsində Hun dövləti Avrasiyanın ən qüdrətli siyasi güclərindən birinə çevrildi.
Mete Xanın xarici siyasətində Çinlə münasibətlər mühüm yer tuturdu. O, Xan sülaləsi ilə həm müharibələr aparmış, həm də siyasi razılaşmalar əldə etmişdi. Eramızdan əvvəl 200-cü ildə Baydın döyüşündə Çin imperatoru Liu Banın ordusunu mühasirəyə alması Hun dövlətinin hərbi gücünü açıq şəkildə nümayiş etdirdi. Bu hadisədən sonra Çin imperiyası Hunlarla sülh müqaviləsi bağlamağa və "heçin" adlanan qohumluq siyasətinə üstünlük verməyə məcbur oldu. Bunun nəticəsində Hun dövləti həm siyasi nüfuzunu artırdı, həm də iqtisadi baxımdan mühüm üstünlüklər qazandı.
Araşdırmalar göstərir ki, Mete Xan yalnız bacarıqlı sərkərdə deyildi. O, müxtəlif tayfaları vahid dövlət ideyası ətrafında birləşdirərək güclü mərkəzi hakimiyyət formalaşdırmağa nail olmuşdu. Onun idarəçilik siyasəti köçəri cəmiyyətin xüsusiyyətlərini nəzərə almaqla yanaşı, dövlət daxilində nizam-intizamın və itaətin qorunmasına əsaslanırdı. Məhz bu yanaşma Hun imperiyasının uzun müddət regionun aparıcı siyasi qüvvəsi kimi mövcudluğunu təmin etdi.
Tarixi mənbələr Mete Xanın eramızdan əvvəl 174-cü ildə vəfat etdiyini göstərir. Onun ölümündən sonra hakimiyyət varislərinə keçsə də, yaratdığı hərbi və siyasi sistem uzun müddət Hun dövlətinin əsas dayağı olaraq qaldı. Sonrakı türk dövlətlərinin dövlətçilik ənənələrində və hərbi təşkilatlanmasında Mete Xanın qoyduğu irsin izləri aydın şəkildə müşahidə olunur.
Müasir tarixşünaslığın ümumi qənaətinə görə, Mete Xan türk tarixinin ən böyük dövlət qurucularından biridir. O, yalnız Böyük Hun imperiyasını gücləndirməklə kifayətlənməmiş, hərbi islahatları, mərkəzləşdirilmiş idarəetmə sistemi və uzaqgörən siyasi strategiyası ilə türk dövlətçilik ənənəsinin əsaslarını formalaşdırmışdır. Məhz buna görə Mete Xan bu gün də türk dünyasında milli birlik, güclü dövlətçilik və peşəkar hərbi təşkilatlanmanın rəmzlərindən biri kimi yüksək dəyərləndirilir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Ədibin Evində “Gecə reysinə bilet”in təqdimatı oldu
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İsti yay günlərində kitab təqdimatları bir ayrı zövq gətirir. Xüsusən, əgər bu kitablar maraq doğuran kitablardırsa, sanki qızmar havaya bir sərinlik ələnir.
İçərişəhərdə yerləşən Mir Cəlalın ev muzeyində Ədibin Evi Ədəbiyyata Dəstək Fondu yazıçı Varisin “Gecə reysinə bilet” kitabına təqdimat mərasimi keçirdi - “Gecə reysinə bilet” hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılıbdır.
Bu məkanda keçirilən hər bir tədbir yüksək təşkilatçılığı və hədsiz maraq doğurması ilə fərqlənir, bu dəfə də belə oldu. Görkəmli ədib Mir Cəlalın dünyaca məşhur “Bir gəncin manifesti” romanını bir vaxtlar məhz bu evdə yazması isə burada təqdimatı keçirilən kitab və müəllif üçün əlbəttə ki, böyük məsuliyyət hissi doğururdu.
Ədibin Evinin icraçı direktoru Şəfəq Mehrəliyeva tədbiri açaraq kitab və kitabçılıq, ən çox oxunan kitab janrları, ümumən günümüzdə ədəbiyyatın rolu barədə ümumi məlumat verdikdən sonra təqdim olunan kitabın janrı, məğzi və mesajları barədə danışdı, daha sonra sözü müəllifə verdi. Yazıçı Varis romanın yazılma səbəbləri, qeyri-adilikləri və ilk uğurları barədə söz açdı.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, əməkdar jurnalist Nadejda İsmayılova, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov, Mərmərə Universitetinin müəllimi, ədəbiyyatşünas Mehdi Gəncəli əsərin qəhrəmanı olan böyük tarixi şəxsiyyət - XX əsr SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi Musa Əliyevdən bəhs etdilər, onun ədəbiyyatda yaradılmış ilk bədii obrazının uğurundan söz açdılar.
Qeyd edək ki, Varisin “Gecə reysinə bilet” romanı 2024-cü ilin dekabrında Moskvada “İSP” nəşriyyatında 5000 tirajla işıq üzü görüb. “Müasirlər və klassiklər” adlanan nüfuzlu vintaj seriyadan nəşr edilən roman dərhal böyük ajiotaj yaradıb, tezliklə də təkrar nəşrə gedib.
Romana Rusiyanın tanınmış ədəbiyyat xadimləri yüksək qiymət verməkdədirlər. Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”.
Təsadüfi deyil ki, roman 2025-ci il Moskva Ədəbiyyat Mükafatı-biennalesinin şort listinə daxil edilib.
Rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontov olan kitab bu günlərdə Bakıda, “Yazıçı” nəşriyyatında Azərbaycan dilində işıq üzü görüb.
Əlavə olaraq, romanın fəsilləri Moskvada “Rossiyskiy kolokol” və Bakıda “Literaturnıy Azerbaycan” dərgilərində dərc edilib.
“Gecə reysinə bilet” romanı həyatın dibinə düşmüş Nazim adlı bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci Dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində Qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, daha nələr dayanır. Həqiqətən, milyonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu.
Kitabda Musa Əliyevin Mir Cəlal Paşayevlə sonradan qohumluğa çevrilən dostluğu barədə də söz açılır.
Son çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev xalqına və dövlətinə xidmət etmiş görkəmli şəxsiyyətlərin haqqını verməyin, onları təbliğ edərək gənc nəslin tanımasına şərait yaratmağın vacibliyini vurğuladı, mənəvi dəyərlər zənginliyinin bir insanın formalaşmasında rolundan bəhs etdi.
Tədbir iştirakçıları arasında Mir Cəlalın qızı, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva, Mir Cəlalın və Musa Əliyevin nəvələri Cəmilə Paşayeva, “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, “Qazax-Xeyriyyə” İctimai Birliyi sədrinin müavini Puşkin Əhmədov, yazarlar Aqşin Yenisey, Sənani Quliyev, İntiqam Yaşar və digərləri də var idi.
Tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllimlərinin musiqi nömrələri bir qədər də zənginləşdirdi.
Sonda müəllif tədbir iştirakçıları üçün kitabını imzaladı, xatirə fotoları çəkildi.
Tədbirdən sonra məkana sükut çökdü. Amma müvəqqəti. Ədibin Evi Ədəbiyyata Dəstək Fondu əlbəttə ki, tezliklə növbəti tədbirini keçirəcək, Mir Cəlal ocağının qonaq-qarası heç vaxt əskik olmayacaq.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Rüfət Mehdiyev - Vaxtsız vəfat edən müğənni
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Cəmi 42 il...
Bəzən insan min bir əziyyətlə hədəflərinə çatır, sevilir, məşhurlaşır, yaradıcılığının ən çiçəkli dövründə isə dünyadan köçür. Özündən sonra bir dünya xatirə, bir də ərsəyə gətirdiyi işlərini qoyur. Elə Rüfət Mehdiyev kimi.
Müğənni, aktyor Rüfət Mehdiyev 7 iyul 1969-cu il tarixində Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində meyl saldığı musiqinin sirlərini öyrənib.
Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində ali təhsil alıb. 1989-cu ildən musiqi ilə peşəkar məşğul olub.
1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.
Filmoqrafiya
- Qış nağılı. I film
- "Moskva-Bakı" qatarı
- Dünən qəfildən gəldi
Rüfət Mehdiyev 1 fevral 2011-ci il tarixində insultdan vəfat edib.
Cəmi 42 yaş yaşamaq nə deməkdir?
Nizami rayon qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)


