Super User
Rüfət Mehdiyev - Vaxtsız vəfat edən müğənni
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Cəmi 42 il...
Bəzən insan min bir əziyyətlə hədəflərinə çatır, sevilir, məşhurlaşır, yaradıcılığının ən çiçəkli dövründə isə dünyadan köçür. Özündən sonra bir dünya xatirə, bir də ərsəyə gətirdiyi işlərini qoyur. Elə Rüfət Mehdiyev kimi.
Müğənni, aktyor Rüfət Mehdiyev 7 iyul 1969-cu il tarixində Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində meyl saldığı musiqinin sirlərini öyrənib.
Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində ali təhsil alıb. 1989-cu ildən musiqi ilə peşəkar məşğul olub.
1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.
Filmoqrafiya
- Qış nağılı. I film
- "Moskva-Bakı" qatarı
- Dünən qəfildən gəldi
Rüfət Mehdiyev 1 fevral 2011-ci il tarixində insultdan vəfat edib.
Cəmi 42 yaş yaşamaq nə deməkdir?
Nizami rayon qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)
“Mən”in axtarışında - ESSE
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Bəzən dönüb geriyə baxdıqda zamanın çox sürətlə keçdiyini və bizim nə narahatçılıqlarımızın, nə də sevinclərimizin fayda verdiyini görürük. Düşündüyümüz sadəcə acılı-şirinli xatirələrdir. Bu xatirələrin arasında bizi ən çox xoşbəxt edən məsum olduğumuz anlardır. Bəli, məsum olduğumuz anlar.
Hər şeyin nisbi olduğu bu xəyali dünyada ömür sadəcə səhvlə-düzün arasında keçir. Bir-birimizlə savaşa-savaşa, didişə-didişə bizə verilən zaman payının sonuncu kuponunu bu savaşda uduzuruq. Bir az da dərin düşünəndə özümüzün qurban olduğunu görürük.
Necəmi? Əlbəttə izah edəcəm.
Mən Əhmədov Fariz evin tək oğluyam. Özümü tanıdığım qədər yaxşı mütaliəm var amma və lakin evin tək oğlu olduğum üçün ata-anamı buraxıb xaricə və yaxud dünya turuna çıxıb daha yaxşı bir ədəbiyyat ortaya qoya bilmirəm. Çünki mən qurban seçilmişəm.
Bütün ailələrdə mütləq ki, qurbanlar var. Kimisi bu missiyaya layiq görülüb, kimisi isə özü seçib bu “şərəfli” missiyanı. Hər birimiz yüz faiz xoşbəxt görünməyə çalışırıq, fəqət, bu göründüyü kimi deyil. Başımızı qoyduğumuz yastığın islanmış tərəfini sadəcə biz görürük. Sanki göz yaşlarımız da kimisə incitməmək, kiməsə görünməmək üçün heçkəsin görmədiyi tərəfə axır.
Bəzən dediyimiz, bəzən də demədiyimiz sözlər bizi qocaldır. 30 ildə qazandığımız etibarı elə bir andaca bir sözlə Everest zirvəsindən heç nə olmamış kimi atmağı bacarırıq. Bəzən də qarşımıza çıxmayanlara tələsərkən, bizi gözləyənlərə çox gecikirik. Düşünün bir insanı şüşə kimi sındıra bilsək, qarşımıza çıxan mənzərə heç də o şüşüədən fərqli olmayacaq. Şüşə necə əlimizdən saldığımız zaman parça-parça olursa, insan da məhz bu cür sınır. Və bir müddət sonra heçnə olmamış kimi çalışırıq ki, o qırıqları toplayaq yenidən həmin insanı yaradaq. Fəqət, düşünmürük ki, biz onun ruhunu öldürdük, yerinə düzəldib qoyduğumuzun isə bir maketdən fərqi yoxdur.
Elə də olur ki, bir insana dəyər verib ona qəlbimizi açırıq. Sonra onu bu halı ilə çox sevdiyimizi və ona nə qədər dəyərli olduğunu xatırladırıq. Bir müddət sonra hacətimiz qəbul olduqda isə onu qırıb, parçalayıb ondan böyük bir “mən” düzəldirik. “Mən” istəmirəm filan tədbirə gedəsən. “Mən” istəmirəm belə olasan. Beləcə “mən” istəmirəmlərin ardı-arası heç bitmir. Adını da qoyuruq sədaqət. Bəs həqiqətdə bu adam qurban deyil? Hər şeyini bizə qurban verən bu adamı lazım gəldikdə çox asanlıqla əvəzedə, dəyişə bilirik.
Mənim düşüncəmə görə insan kamil varlıq deyil. Mütləq ki naqisliyi var. Gəlin düşünək əgər biz kamil olsaydıq yer üzündə nə müharibə, nə fitnə, nə də bizi yaradana ehtiyac qalmazdı. Zənnimcə hər birimizə bərabər paylanan ağıl payını fərqli istifadə etdiyimizə görə fərqliliklər ortaya çıxır və biz bunun adını naqislik qoyuruq. Məsələn mənim mütaliəm çoxdu amma içimdəki uşaq heç böyüməyib. Mən uşaqlığımdan yarım qalmışam. Başqası uşaqlığını yaşayıb amma qabiliyyəti yoxdu. Yəni bütün enerjisini o uşaqlığı tam yaşamağa həsr edib. Bəs siz nədən yarım qalmısız həyatda? İnanıram ki hər kəs bu yazıda özünü tapacaq.
Mən özümə çox sual verirəm ki, kiməm mən deyə? Əvvəl daha çox Fariz idim, mütaliəm artıqca Dumanlı Təbrizdə Həsən bəy, Dahidə Yuşin, Amin Mooalfın Səmərqəndində Ömər Xəyyam, Ovoddakı Rivaris, Dirilişdəki Nexlyudov, Bilqamısdakı hər şeyi bilən adam, 6 nömrəli palatadakı Andrey Yefimiç, Sergi atadakı Kasatski oldum. İndi mən özümdə bilmirəm kiməm. Bəlkə batan ulduz, ölən şamam. Bəlkə də hamının getdiyi, heç kəsin qalmadığı yarım adam yarımçıq adamam indi.
Ən azından mən artıq bilirəm ki, kiməm mən.
Bəs siz kimsiniz?
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Dünya detektivinin ən məşhur imzasıdır Artur Konan Doyl
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ölkəmizdə detektiv çox sevilir. Kimdən soruşsan, deyəcək, Çingiz Abdullayevi və Elxan Elatlını oxuyuram. Hamı bilirmi ki, dünyada bu sahənin nömrə birləri ikidir, Aqata Kristi və Artur Konan Doyl?
7 iyul Artur Konan Doylun — dünyaca məşhur detektiv obrazı Şerlok Holmsun müəllifinin anım günüdür, onu nədən xatırlamayaq ki?
Bundan əlavə o, həm də həkim, publisist və ictimai xadim olub. Gəlin, onu yaxından tanıyaq.
"Erkən həyat və təhsili"
Artur Konan Doyl 22 may 1859-cu il tarixində Şotlandiyanın Edinburq şəhərində İrland əsilli katolik bir ailədə dünyaya gəlib. Onun atası Çarlz Altamont Doyl rəssam idi, lakin həyatının böyük hissəsini ruhi xəstəxanalarda keçirib. Anası Meri isə oxumağı və əfsanəvi nağılları çox sevib. Onun təsiri ilə Arturda ədəbiyyata maraq yaranıb.
Doyl əvvəlcə İesuit məktəbində təhsil alıb, sonra isə Edinburq Universitetinin tibb fakültəsinə daxil olub. Burada professor Cosef Bellin dərslərində iştirak edib. Bellin hadisələri müşahidə və analiz etmə qabiliyyəti sonralar Doylun yaratdığı Şerlok Holms obrazının əsas ilham mənbəyi olub.
"Həkimlik fəaliyyəti və ədəbi başlanğıc"
Universiteti bitirdikdən sonra bir müddət həkim kimi çalışıb. Lakin pasiyentlərinin az olması ona boş vaxt verib və bu vaxtı yazmağa sərf edib. 1887-ci ildə onun ilk Şerlok Holms əsəri olan “Qırmızı rəngdə yazılmış etüdlər” çap olunub. Bu, həm yazıçı, həm də gələcək detektiv ədəbiyyatı üçün dönüş nöqtəsi olub.
Sonrakı illərdə “Dörd nəfərin əlaməti”, “Baskervillərin iti”, “Qorxulu vadilər” kimi romanlar və çoxsaylı hekayələr yayımlanıb. Bu əsərlərdə Holms və onun sadiq dostu doktor Vatson Londonun kriminal aləmini araşdırıb, məntiq və müşahidə qabiliyyəti ilə sirli cinayətləri açıblar.
"Digər əsərləri və maraqları"
Artur Konan Doyl yalnız detektiv janrla kifayətlənməyib, eyni zamanda tarixi romanlar və fantastik əsərlər də yazıb. Onun “İtmiş dünya” adlı romanında Professor Çellencer adlı yeni qəhrəman dinozavrlarla dolu bir adanı kəşf edib.
"Hüquq və ədalət uğrunda mübarizə"
Doyl bir neçə real həyat hadisəsində ədalətsizliyə qarşı çıxaraq tanınıb. Məsələn, əsassız yerə cinayətdə ittiham olunmuş Oskar Sleyterin işinə diqqət çəkib, Holmsun metodlarını istifadə edərək onun təqsirsizliyini sübut edib.
"Ölümü və irsi"
Artur Konan Doyl 1930-cu ilin 7 iyulunda 71 yaşında ürək çatışmazlığından vəfat edib. O, arxasında ədəbiyyata böyük təsir göstərən bir irs qoyub. Şerlok Holms obrazı bu gün də detektiv ədəbiyyatın və kino sənayesinin ən məşhur simalarından biridir.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Onu qəbul etmirlər, amma istedadlı olduğu şəksizdir
Manşet
musiqi
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qeyri-adi, bəlkə də zəif şair və mükəmməl bəstəkar, gözəl müğınni!
Alim dostlarımdan biri- texnika elmləri üzrə fəlsəfə doktoru Mir Rəsul Tağıyev ayaqqabı firmalarından birinə, Sumqayıtda fəaliyyət göstərən təmir və satış məntəqəsinə rəhbərlik edir. Bir dəfə onu ziyarət edərkən qəribə bir hadisənin şahidi oldum. Özünü Elza Seyidcahanın bacısı kimi təqdim edən Lalə adlı bir xanım içəri daxil olub, bacısının sifarişinin hazır olub-olmadığını soruşdu. Mir Rəsul ağa arxa otağa keçib bir ayaqqabı gətirdi. Ayaqqabının üst hissəsi ənənəvi qadın ayaqqabısı, altlığı isə əsgər çəkməsinin altlığından idi. Necə deyərlər, kobudla incənin sintezindən yaranan qeyri-adi bir şey...
Doğrudur, onun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına əks reaksiya verənlərdən biri də mən oldum. Amma sonra dərindən düşünüb təhlil edəndə, bunun bizim cəmiyyət üçün adi bir hal olduğunu başa düşdüm. Bu gün o qədər adamlar var ki, aidiyyəti olmadığı təşkilatların üzvüdürlər. Odur ki, bu mövzuda uzun-uzadı danışmaq istəmirəm. Necə deyərlər, özləri bilərlər...
Deyir ki:- “Əməkdar artist, bəstəkar, səhnənin ən ekstravaqant müğənnisi adlarını qazanmışam. Bunlar hər biri eyni anda kimdə var? Biri var, o birisi yoxdur. Mən səhnəyə gələndə hit mahnılarla efirə çıxmışam. "Bağlar" mahnısı ilə tarixə düşmüşəm. "Gözəllik", "Qəlbin üsyanı", "Həsrət nəğməsi", "Hisslər" və bu kimi mahnılarla yaddaşlara həkk olmuşam. Ara mahnıları oxuyan müğənni deyiləm. Nə də ayda 3 dənə mahnı yazanlar sırasına daxiləm. Elə müğənni ola da bilmərəm. Çünki elə mahnılar bu qulaqdan girib, o birisindən çıxır. Hər zaman özümü olduğum kimi qoruyub saxlamağa çalışıram. Elza Seyidcahan, hər zaman elə Elza Seyidcahandır.”
Bəli, bu dəfə sizə Elza Seyidcahandan danışmaq istəyirəm. Axı, bu gün- iyulun 7-si onun üçün əlamətdar bir gündür, yeni yaşı tamam olur. Amma əvvəlcə onun həyat dastanına nəzər yetirək: Qasımova Elza Nuru qızı 1968-ci ildə Siyəzən şəhərində dünyaya gəlib. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı məktəbə daxil olsa da, orta təhsilini Sumqayıtda, 17 saylı məktəbdə başa vurub. Sonra Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. Respublikanın əməkdar artisti, I dərəcəli vokalistdir. Bir sıra bədii filmlərin musiqilərini bəstələyib. Müxtəlif musiqi festivallarının, eləcə də müsabiqələrin qalibidir. Konsertləri Azərbaycanda və xeyli xarici ölkələrdə də baş tutub. Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvüdür. Eyni zamanda, 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinə də üzv olub...
“Bəstəkarlıq etmək hər adamın işi deyil. Məni ifaçı kimi qəbul etmək istəməyənlərin ifaçılıqdan və bəstəkarlıqdan xəbəri yoxdur. Adi bəstəkar deyiləm. Tutaq ki, bir konsertdə on nəfər müğənni oxuyur və hamısı bir-birinə bənzəyir. Bilinmir ki, bu mahnıları kim yazıb. Bu sözü müğənni kimi yox, bəstəkar kimi deyirəm. Heç kəsə də paxıllıq etmək fikrim yoxdur. Çoxlarından fərqlənirəm. Mənim ifamda rəngarənglik var. Dırnaqarası müğənnilərə oxşamaq istəmirəm.”- söyləyir.
Haradasa sözlərində həqiqət var. O, öz işinə yaradıcı yanaşdığı üçün fərqli mahnılar bəstələyə və onları fərqli bir üslubda ifa etməyi bacarır. Ümumiyyətlə, qeyri-adi istedadlı adamlar cəmiyyətdə ləng qəbul olunurlar. Bəlkə də on il bundan qabaq onun bəstələrini heç bir müğənni ifa etməyə tələsmirdi, amma bu gün həmin mahnıları bir sıra gənc müğənnilər də oxuyurlar…
Deyir ki:- “Həyatda heç nədən narazı deyiləm. Mən bu vaxta qədər nədənsə narazı olmamışam. Hər şey ürəyimcədir. Bilirsiniz ki, sənətə kiçik-kiçik addımlarla gəlmişəm. Toyda da oxuyuram. Sənətə bəzi gələnlər elə bilirlər ki, toyda oxuyandan sonra adam əsl sənətkar olur. Əslində mən heç kimə fikir vermirəm. Paxıllığımı çəkənlər çoxdur. Sanki məni parçalamaq istəyirlər.”
Hə, az qala yadımdan çıxmışdı. Onun yazıçılar birliyinə qəbulunu birmənalı qarşılamayan adamlara xalq yazıçısı Anar belə münasibət bildirib:- “Elza heç də o birilərdən əskik deyil. Yəni Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik...”
Xalq yazıçısının nə qədər haqlı olub-olmadığını deyə bilmərəm. Çünki şairlərə əsl dəyəri Zaman verir. Amma etiraf edirəm ki, Elza Seyidcahan musiqiyə, eləcə də poeziyaya özünəməxsus yenilik gətirən bəstəkar, məlahətli səsi olan, istedadlı müğənnidir...
Bəli, iyulun 7-si onun növbəti ad günüdür. Bu münasibətlə əməkdar artisti təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq...
Və sonda Elza Seyidcahanın “Get işinlə məşğul ol!” şeirindən bir neçə misra gətirirəm:
“Vermək almaqdan daha izzətlidir
Gülmək ağlamaqdan şərafətlidir.
Sevmək sevilməkdən ləyaqətlidir.
Susmaq danışmaqdan kəramətlidir.
Bəzən çox vaxt dinləmək, dinləmək
Ləyaqətlidir.
Atalarımız deyiblər
Yaşınla
Ağ başınla
Sirdaşınla
Get işinlə məşğul ol.
Ağıllı ol,
Get işinlə məşğul ol!..”
Öz aramızdır, hər kəsin öz işi ilə məşğul lmasının nəyi pisdir ki?
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Bakıda özbək şairin kitabı – “Məktubdur ömrüm”
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ömür sanki bir məktubdur. Yaşayaraq onu yazırsan, sonra da onu göndərirsən. Həyat bitir...
Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni bağların inkişafına daha bir töhfə olaraq yeni nəsil özbək poeziyasının nümayəndələrindən olan, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Jurnalistlər Birliyinin başqanı Şöhrət Arifin “Məktubdur ömrüm” adlı şeirlər kitabı Bakıda, Azərbaycan dilində gün üzü görüb. Bəri başdan deyək ki, kitabda şeirlərin orjinalı da verilib.
Kitab barədə məlumat almaq üçün üz tutduq DGTYB başqanı, şair İntiqam Yaşara, O bildirdi ki, kitab müəllifin Azərbaycan oxucusu ilə ilk geniş poetik görüşü olmaqla yanaşı, iki qardaş xalq arasında ortaq ədəbi-mədəni yaddaşın yeni mərhələdə inkişafına xidmət edən əlamətdar layihədir. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanmış, sevgi və həsrət, zaman və tale, insan və Tanrı, yol və yaddaş kimi əbədi mövzular çağdaş poetik təfəkkür prizmasından təqdim edilmişdir.
Nəşr Dünya Gənc Türk Yazarlar Birliyi ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olaraq hazırlanmışdır. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsinin təbliği, Azərbaycan–Özbəkistan ədəbi bağlarının möhkəmləndirilməsi və çağdaş özbək poeziyasının Azərbaycan oxucusuna təqdim edilməsidir.
Nəşrin redaksiya heyətinə Azərbaycan və Özbəkistanın tanınmış ədəbiyyat, mədəniyyət və ictimaiyyət nümayəndələri daxildir:
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin başqanı, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının Azərbaycan dilinə uyğunlaşdırdığı kitabın redaktoru da Əkbər Qoşalı, məsləhətçiləri RHİMİB sədri Arzu Bağırova və Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-publisist Dr. Xasiyyət Rüstəm, bədii rəyçiləri AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, DGTYB başqanı, şair İntiqam Yaşar, koordinatoru RHİMİB sədr müavini Nilufər Lətifdir.
160 səhifədən ibarət olan “Məktubdur ömrüm”da Şöhrət Arifin poetik dünyasının əsas motivləri – sevgi, ilahi eşq, mənəvi axtarış, zaman, yol, insanın iç dünyası, vətən duyğusu və ümumbəşəri dəyərlər özünəxas bədii-estetik dillə ifadə olunmuşdur.
Kitabın giriş bölümündə Arzu Bağırovanın “Tanıtım” yazısı, həmçinin Əkbər Qoşalının geniş “Önsöz”ü yer alır. Hər iki yazıda yazarın yaradıcılıq özəllikləri, Azərbaycan–Özbəkistan ədəbi-mədəni körpülərinin tarixi və gələcəyi incələnir.
“Məktubdur ömrüm” yeni şeirlər toplusu olmaq etibarıyla, həm də Türk dünyasının ortaq söz məkanına üz tutan mənəvi layihədir. Bu nəşr Azərbaycan və Özbəkistan arasında son illərdə daha da genişlənən humanitar işbirliyinin, ortaq mədəni yaddaşın və qarşılıqlı ədəbi tanıtımın uğurlu örnəklərindən biri kimi dəyərləndirilir.
“CN Poliqraf”da çıxan kitab geniş oxucu auditoriyası, özəlliklə özbək poeziyası ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Yaşasaydı, bu gün - iyulun 7-də 52 yaşı tamam olacaqdı...
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun ölümü ölkədə böyük əks-səda yaratdı. Son illər Bakıda belə izdehamlı dəfn mərasimi olmamışdı. Minlərlə adam onunla vidalaşmağa, son mənzilə yola salmağa tələsirdi. Əməlləri, xeyirxahlığı, islami dəyərlərə düzgün yanaşması ona qarşı xalq sevgisi yaratmışdı. Mövhumatdan uzaq, müasir düşüncəli ruhanilərdən idi. Təkcə dini ədəbiyyatı yox, bədii kitabları da mütaliə etməyi xoşlayırdı...
Deyirdi ki:- “Ümumiyyətlə, ədəbiyyata düzgün baxışla yanaşmaq lazımdır. Məsəl üçün, mən ədəbiyyat nümunələrini mütaliə edəndə təftiş edərək oxumuram. Mən hesab edirəm ki, ədəbiyyatın da, elə digər mədəniyyət sahələrinin də işi maddiyyat dünyasını aşmaqdan ibarətdir. Məsələn, elm maddiyyat çərçivəsindədir, reallığı, təsdiq olunmuşu deyir. İncəsənət isə maddiyyat çərçivəsini aşandır. Ona görə də düşünürəm ki, ədəbiyyat insanlara doğru-düzgün baxış bucağı verməlidir. Bu baxımdan, sənət, ədəbiyyat elmdən də üstündür. Buna görə də ədəbiyyat adamları, mənə elə gəlir, mənəvi cəhətdən təmiz insanlar olmalıdır. Mən istəyərdim ki, ədəbiyyat maddiyyat çərçivəsindən çıxsın, ruha yaxınlaşsın. Hansısa ideologiyaya söykənməsin. Biz ideologiyaya söykənən ədəbiyyatın nə vəziyyətə gəldiyini görmüşük. Sovet dövrünü nəzərdə tuturam. Sənət ideologiyaya deyil, insana xidmət etməlidir. Məsələn, özüylə görüşməsəm də, Salam Sarvanı bəyənirəm. Aqşin Yeniseyi də oxumuşam. Şəhriyar Del Gerani ilə münasibətimiz olub, hətta məscid kitabxanasında onun kitabının təqdimatını da keçirmişdik. Hazırda başqa yazarları, adlarını xatırlaya bilmirəm, onları da oxumuşam. Ramiz Rövşəni çox sevirəm. İlqar Fəhmi ilə yaxşı münasibətimiz var, kitablarını da oxumuşam. Yaxşı qəzəlləri də var, romanları da...”
Haqqında söhbət açdığım Hacı Şahin 7 iyul 1974-cü ildə Bakıda dünyaya gəlmişdi. İlahiyyatçı, ictimaiyyət arasında nüfuzlu din xadimi, Məşhədi Dadaş məscidinin axundu idi. "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qaqaz Müsəlmanları İdarəsinin(QMİ) Nəsimi rayonu üzrə nümayəndəsi, eyni zamanda QMİ-nin Qazilər şurasının üzvüydü.
Orta təhsilini 189 saylı məktəbin rus bölməsində başa vuraraq Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsində ali təhsilə yiyələnmişdi. 2 mart 2023-cü il tarixində ürəkçatışmamazlıqdan vəfat edib. Özündən sonra iki qızı və iki oğlu yadigar qalıb. “Haradan başlamalı?”, “Yaradılışın hədəfi” və “Xoşbəxt ailə modeli” kitablarının müəllifi idi...
“Ümumiyyətlə, çoxlarının dini ideologiya haqqında təsəvvürləri yanlışdır. Din insanın doğru-dürüst təfsiri, izahı, şərhidir. Dinin missiyası insanları çərçivəyə salmaq, hansısa ideoloji qəlibə atmaq deyil. Dinin missiyası insanın kimliyini və o kimliklə necə yaşamaq lazım olduğunu göstərməkdir. Düşünürəm ki, din insan potensialının maksimum reallaşdırılması imkanıdır. Din, əslində, insanı çərçivədən azad etmək üçündür. Din tək sənətin deyil, bütün həyatın içində olan yaşam tərzi, düşüncə tərzidir. Ona görə də hər sahə ilə bağlı ümumi prinsipləri din insanlara bəyan edir. Və bu prinsiplər insanın ağlı, düşüncəsi, hissi ilə həmahəngdir, yəni qeyri-rasional deyil. Din insana nəyin xeyirli, nəyin ziyanlı olduğunu anladır. Söhbət burda hansısa senzuranın tətbiqindən getmir. Din ədəbiyyatı maddiyyatdan qoparmaq üçün edir bunu. Yəni bir növ onu məhdudiyyətlərdən qurtarır. Dinin qoyduğu məhdudiyyətlər zahirən məhdudiyyət kimi görünsə də, əslində, bu məhdudiyyət sənətin vulqarlaşmasının, bayağılaşmasının qarşısını almaq üçündür. Bunlar hər hansısa bir qadağa deyil. Demir ki, filan şeyə toxunmaq olmaz. Məsələn, bir də görürsən ki, içində aqressiya olan biri əsər yazır və o aqressiyanı ötürür o əsərə və oxucunu da neqativə kökləyir. Mənim bədii əsərdən əsas meyarım mənfi yox, müsbət təəssüratlar almaqdır. Quranda bir ayə var, deyir ki, yediyiniz yeməklərə fikir verin. Məncə, bu, yalnız maddi qidanı əhatə etmir. Biz buna imkan verməli deyilik ki, istənilən insan ruhumuza öz neqativini tökə bilsin.”- söyləyirdi.
Zəngin dünyagörüşü, güclü mülahizə qabiliyyəti var idi. Hadisələrə düzgün rəy verməyi bacarırdı. Məsələn, Salman Rüşdinin, Seyid Əzimin, Rafiq Tağının sui qəsdə məruz qalmalarını belə izah edirdi...
Deyirdi ki:- “Seyid Əzimi öldürənlər əsl dindarlar deyildi. Mən Seyid Əzimin əsərlərində təqdim etdiyi dini qəbul edirəm. Seyid Əzimin qəzəllərində də bunu görmək olar. Onu şəxsi məsələ üstündə öldürdüklərini də deyənlər var. Hər halda yaxşı hal deyil. Mənim baxışım bundan ibarətdir ki, ümumiyyətlə, təhqir yolverilməzdir. Hətta ateistin fikirlərinə görə ləyaqətinin, şəxsiyyətinin alçaldılması da. Birmənalı şəkildə olmaz. Onların ölümlərinin bir çox səbəbi var: fikirlər dindarlar tərəfindən radikalca qarşılanır, yaxud da hər hansısa siyasi bir oyunun tərkib hissəsinə çevrilirlər və s. Hansısa siyasi xətlə islamafobiya yaradılır. Karikatura dalğası da bu səbəbdən ortaya çıxmışdı. Qərb bunu ifadə azadlığı adlandırdı ki, peyğəmbərin də karikaturası çəkilə bilər. Təəssüf ki, bəzən siyasət bu mövzulara sirayət edir. Hər bir mövzu tənqidə açıqdır. Kimsə dini də tənqid edə bilər. Din xadimləri bu tənqidə cavab verməli, müzakirələr olmalıdır. Bayaq dediyim kimi, təhqir artıq dəyərlərin ələ salınmasıdır. Bir əsər mənim dünyagörüşümə ziddirsə, mən onu daş-qalaq etməli deyiləm. Mən, ümumiyyətlə, hansısa prinsiplərin hədəfə alınmağını qəbul etmirəm. Fikir versəniz, mən sosial şəbəkədə hansısa ateist də təhqir olunanda buna qarşı çıxıram. Əsərdə nədən yazırsan yaz, fikrini elə ifadə elə ki, orda təhqir elementi olmasın. Bu da dinin diktəsi deyil, müasir dünyanın reallığıdır.”
Ünsiyyətdə çox mehriban idi. Necə deyərlər, böyüklə böyük, uşaqla uşaq… Davranışında nəzakətli, rəftarında nəcib olduğu üçün insanların rəğbətini qazanmışdı.
Bəli, onu eşidirdilər, ona nəvaziş göstərirdilər. Amma təəssüf ki, aramızdan tez getdi. Axı nə yaşı var idi ki- vur-tut 48. Neçə-neçə arzu və istəkləri ilə yanaşı, görüləsi işləri də yarımçıq qaldı…
Bəli, yaşasaydı, bu gün Hacı Şahinin 52 yaşı tamam olardı. Onu, mövlud günündə dərin hüznlə xatırlayır, ruhuna rəhmət diləyirik...
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Bu gün dahi dirijor Niyazinin doğum günüdür
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Niyazi. Görkəmli dirijor. O, orkestrin qarşısında dayananada tək qolları ilə deyil, bütün mimikası ilə çalğıçıları idarə edir, yönəldir...
Azərbaycanın musiqi tarixinin ən görkəmli nümayəndələrindən biridir Niyazı. Bu gün onun doğum günüdür.
Drijor, SSR xalq artisti Niyazi Tağızadə 1912-ci il iyulun 7-də (bəzi mənbələr də avqustin 7-si kimi göstərilir) Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən biriydi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğma qardaşı idi.
Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar arasında böyüyüb.
İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.
Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.
Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə, onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb.
Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə edib.
Filmoqrafiya
- Almaz
- Arazın o tayında
- Arşın mal alan
- Axşam konserti
- Bəstəkar Müslüm Maqomayev
- Bəxtiyar Vahabzadə
- Bir məhəllədən iki nəfər
- Bir qalanın sirri
- Cazibə qüvvəsi
- Doğma xalqıma
- Əsl dost
- Fətəli xan
- İyirminci bahar
- Kəndlilər
- Kölgələr sürünür
- Liderlik missiyası. 1-ci hissə
- Maestro
- Maestro Niyazi
Təltifləri və mükafatları
1. Sosialist Əməyi Qəhrəmanı
2. "SSRİ xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Ermənistan SSR xalq artisti" fəxri adı
6. "Stalin" mükafatı (2-ci dərəcə) (konsert-ifaçılıq fəaliyyətinə görə)
7. "Stalin" mükafatı (2-ci dərəcə) ("Gülşən" tamaşasına görə)
8. "Lenin" ordeni
9. "Oktyabr inqilabı" ordeni
10. "Qırmızı əmək bayrağı" ordeni
11. "Şərəf nişanı" ordeni
12. "Əmək veteranı" medalı
Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olub. Onların tanışlığının maraqlı tarixçəsi vardır:
Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışıb. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırıblar və yaxın münasibətləri yaranıb. Niyazi bəy Həcər xanımı burada görüb və bir-birlərinə aşiq olublar.
Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olub. Həcərin ailəsi bu izdivaca heç cür razı olmayıb. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəliblər. Elə belə də ediblər.
Bir müddət Ağdaşda Niyazinin qohumlarıgildə qalıblar. Evliliklərinin ilk illəri əziyyətli keçib. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdiriblər. Onların nigahı yalnız 1940-cı ildə rəsmiləşdirilib. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürüblər.
Maestro Niyazi 2 avqust 1984-cü il tarixində - 72 yaşında dünyaya gözlərini qapayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
7 İyul Ümumdünya Şokolad Günüdür
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Ümumdünya Şokolad Günüdür. Sizlərə arzu-diləyim nədir? Eybi yox, bahalı Belçika plitka şokoladı, rusların “Krasnıy oktyabr” şokolad konfetləri olmasa belə, heç olmasa ucuz yerli şokoladdan alıb yeyə biləsiniz, ağzınızı şirin edəsiniz.
"Şokolad" sözünün bir neçə mənası var. Aztek dilindən o, "acı su", yunan dilindən isə "Allahların qidası" kimi tərcümə edilir. Şokoladlar müxtəlif cür olurlar:
Tünd şokolad.
Bu, daha qiymətli şokolad sayılır. O xüsusi ətiri və tünd dadı ilə insanı cəlb edir. Adətən onun tərkibinə üyüdülmüş kakao, şəkər pudrası və kakao yağı daxil edilir. İnqredientlərin faiz nisbətini dəyişərək istənilən dadı, ətri almaq mümkündür. Kakao nə qədər çox olarsa, bir o qədər şokolad tünd və ətirli alınar.
Südlü şokolad.
Onun hazırlanmasında şəkər tozuna və kakaoya quru süd və yaxud quru qaymaq əlavə edilir.
Ağ şokolad.
Onu kakao yağının, şəkərin, quru südün və vanilinin qarışığından əldə edirlər. Onun tərkibinə kakao tozu əlavə olunmadığı üçün şokolad ağ rəngdə alınır. Bu şokolada xüsusi quru süd əlavə olunduğu üçün onun xüsusi karamel dadı olur.
Məsaməli şokolad.
Onu xüsusi vakuum plitələrdə maye halında dörd saat ərzində 35- 40° -də saxlayaraq əldə edirlər. Bu şəraitdə saxlanaraq şokolad məsəməli alınır.
Şokolad haqqında maraqlı faktlar:
1875 -ci ildə iki isveçrəli Daniel Peter və Henri Nestle qatılaşdırılmış süd ilə şokoladın qarışdırılma üsulunu icad edirlər. Beləliklə, dünyada ilk südlü şokolad əmələ gəlir. Ən böyük şokolad plitəsi 4, 42 ton ağırlığında olub və Ginnesin rekordlar kitabına daxil edilib. Onun uzunluğu 5, 6 m, hündürlüyü 25 sm, eni isə 2, 75 m təşkil edir.
Stress vəziyyətində olan insanlar nisbətən normal vəziyyətdə olan insanlardan 55 % qədər çox şokolad istifadə edirlər. Şokoladın bir neçə inqredientləri ürək və damar sistemi üçün çox xeyirlidir.
Şokoladın təxminən əlli faizini yağ təşkil etdiyi üçün bu məhsul kalorili və qidalandırıcıdır. Şokoladın ağızda əriməsi insana “xoşbəxtlik” hissini yaşadır...
Dostlar, Şokolad Gününüz mübarək!
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Kitabdan uzaq qalmaq faciəsi
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
“İnsan oxuduqca harasa qaçmağı yox, dayanıb anın dadını çıxarmağı, həyatın dərinliyini hiss etməyi öyrənir” - Xəyalə Şirvanlı belə yazır.
Gənc yazar Xəyalə Şirvanlının qələmindən çıxan düşündürücü bir yazını diqqətinizə təqdim edirəm...
XƏYALƏ ŞİRVANLI,
ESSE
Bu gün insanların kitabdan uzaq qalmaları çox acınacaqlıdır. Hər nə qədər dünyada internet saytları inkişaf etsədə kitab oxumaq mənə görə daha üstündü. Çünki bir kitabı oxuduqda o kitabın içində olan gözəllikləri də özünə çəkmiş olursan, orda olan mədəniyyəti, orda olan ruhun səsini hiss etmiş olursan. İndiki həyatımızda reels videolar, saniyələr içində başlığını oxuyub sürətlə ötürülən yazılar çox vaxt bizi nələrdənsə geridə qoyur. Və bununlada biz insanlar hər şeydə hər yerdə səbrsiz davranmağa çalışırıq. Bir özümüzə sual vermirikmi bu qaçhaqaç nədən? Hara qaçırıq?! Hər kəsin sonu bəllidir. Lakin tarixi bəlli deyil həmin o sonun. Məncə biz insanlar ölümə bu qədər tələsməyək. Ona görə tələsməyək , bu sürətli qaçhaqaçın sonu ölümü tez gətirir. Zamanın necə axıb getdiyini bilmək olmur. Məncə insanlığın tərifi ölmədən öncə Allahın bizə buyurduğu " Oxu" kəlməsini dərk edib, əməl etməkdi.
Bəzi insanlar bunu yalnız müqəddəs kitabımız olan Qurani-Kərimi oxumaqla əlaqələndirir. Lakin burda mən xeyr deyirəm. Bu oxu kəlməsi yalnız Qurani-Kərimi oxumaq üçün deyil. Ümumən insanların necə kamil insan ola biləcəyini bizə bəyan edən kəlmədir. Oxumaqla insan beyninə həm tibbi olaraq,həmdə ruhən nə qədər faydalar verildiyini bilən bir insan inanmıram ki, oxumaqdan vaz keçsin...O faydalar ki, beynin neyron əlaqələrini gücləndirir, idrakı itiləyir, həm də ruhən səbri, mərhəməti, estetik zövqü bərpa edir.
Saniyəlik reels videoların, ötəri başlıqların bizi quluna çevirdiyi bu səbirsizlik erasında kitab oxumaq həqiqətən də zamana qarşı durmaq, ruhu qorumaq deməkdir. İnsan oxuduqca harasa qaçmağı yox, dayanıb anın dadını çıxarmağı, həyatın dərinliyini hiss etməyi öyrənir. Bu sözlərimə şeirimi də əlavə etmək istəyirəm,əziz oxucular.
Vərəqlər açılar, bir dünya dinər,
Zamanın çarxından uzaqlaşarsan.
Kitabın nuruyla qaranlıq sönər,
İnsan kamil olar oxuduğu an.
İlahi əmrdir "Oxu" kəlməsi,
Cahillik adından qaçmaq gərəkdir.
Kamil insan isə haqqın əliylə,
Həqiqi mənaya çatmaq deməkdir.
Bu sürət əsrində dayansa zaman,
Ruhun öz səsinə qayıdar bir an.
Xəyalə Şirvanlı yazır ürəkdən
Kitabla fəth olar bu böyük cahan.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Türk hökmdarları - Bilgə Xaqan
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində mövzumuz yenə türk hökmdarlarıdır. Bu dəfə Bilgə Xaqan barədə danışacağıq.
Türk dövlətçilik tarixində Bilgə Xaqanın adı yalnız uğurlu hökmdar kimi deyil, həm də dövlət idarəçiliyini, milli birliyi və siyasi uzaqgörənliyi ilə seçilən lider kimi xatırlanır. Onun hakimiyyəti dövrü II Göytürk Xaqanlığının ən qüdrətli mərhələlərindən biri hesab edilir. Bilgə Xaqan təkcə hərbi uğurları ilə deyil, dövlətin daxili sabitliyini təmin etməsi, Çin imperiyasının siyasi təsirinə qarşı mübarizə aparması və türk xalqının birlik ideyasını gücləndirməsi ilə tarixdə mühüm yer tutmuşdur. Onun fəaliyyəti haqqında əsas məlumatlar Orxon yazıları, Çin salnamələri və müasir tarixşünaslığın araşdırmaları əsasında öyrənilir. Xüsusilə Orxon abidələri Bilgə Xaqanın dövrünü əks etdirən ən etibarlı tarixi mənbələr hesab olunur.
Bilgə Xaqanın təxminən 683-cü ildə dünyaya gəldiyi qəbul edilir. O, II Göytürk Xaqanlığının banisi olan İlteriş Qutluq Xaqanın oğlu, məşhur sərkərdə Kül Tiginin qardaşı idi. Həmin dövrdə Göytürk dövləti uzun illər Çin hakimiyyəti altında qaldıqdan sonra yenidən müstəqilliyini bərpa etmişdi. Lakin dövlət daxilində tayfalar arasında parçalanma meyilləri, xaricdə isə Tan sülaləsinin siyasi təzyiqləri Göytürk hakimiyyəti üçün ciddi təhlükə yaradırdı.
Bilgə Xaqan gənclik illərindən dövlət idarəçiliyində və hərbi yürüşlərdə fəal iştirak etmişdir. Atasının vəfatından sonra hakimiyyətə gələn Qapağan Xaqan dövründə müxtəlif vəzifələrdə çalışaraq dövlət təcrübəsi qazandı. 716-cı ildə Qapağan Xaqanın ölümündən sonra yaranan siyasi böhran nəticəsində Bilgə Xaqan hakimiyyətə gəldi. Onun taxta çıxmasında qardaşı Kül Tiginin və görkəmli dövlət xadimi Tonyukukun həlledici rolu olmuşdur. Bu üç şəxs Göytürk dövlətinin ən güclü siyasi rəhbərliyi kimi tarixə düşmüşdür.
Bilgə Xaqanın hakimiyyətinin əsas məqsədi dövlət daxilində sabitliyi bərpa etmək və türk tayfalarını vahid hakimiyyət ətrafında birləşdirmək idi. O, daxili üsyanların qarşısını alaraq mərkəzi hakimiyyəti gücləndirdi, müxtəlif türk boyları arasında siyasi həmrəyliyin qorunmasına xüsusi diqqət yetirdi. Tarixi mənbələr göstərir ki, o, yalnız hərbi gücə deyil, ağıllı idarəçiliyə və diplomatiyaya üstünlük verirdi. Məhz bu xüsusiyyət onun "Bilgə", yəni "müdrik" ləqəbi ilə tanınmasına səbəb olmuşdur.
Bilgə Xaqanın xarici siyasətində Çin imperiyası ilə münasibətlər xüsusi yer tuturdu. O, Tan imperiyasının türk tayfaları arasında nifaq salmaq siyasətini yaxşı anlayırdı və buna qarşı həm hərbi, həm də diplomatik tədbirlər həyata keçirirdi. Lazım gəldikdə Çinlə sülh münasibətlərini qoruyur, lakin dövlətin müstəqilliyinə təhlükə yarandıqda qətiyyətli mövqe nümayiş etdirirdi. Bu siyasət nəticəsində II Göytürk Xaqanlığı regionun ən güclü siyasi qüvvələrindən biri olaraq mövqeyini qoruyub saxladı.
Bilgə Xaqanın fəaliyyəti yalnız hərbi və siyasi uğurlarla məhdudlaşmırdı. O, xalqın rifahının yaxşılaşdırılmasına, köçəri təsərrüfatın inkişafına və dövlət idarəçiliyinin möhkəmləndirilməsinə də böyük əhəmiyyət verirdi. Onun dövründə dövlətin iqtisadi əsasları gücləndirilmiş, ticarət yollarının təhlükəsizliyi təmin edilmiş və tayfalar arasında əməkdaşlıq genişləndirilmişdi. Müasir tarixçilər hesab edirlər ki, Bilgə Xaqan Göytürk dövlətinin ən sabit və inkişaf etmiş dövrlərindən birini yaratmağa nail olmuşdu.
Bilgə Xaqanın adı ilk növbədə Orxon yazıları ilə bağlıdır. Onun göstərişi ilə qardaşı Kül Tiginin və daha sonra özünün şərəfinə ucaldılan daş kitabələr türk tarixinin ən qiymətli yazılı abidələri hesab olunur. Bu abidələrdə dövlət idarəçiliyi, xalqın birliyi, vətən sevgisi və hökmdarın məsuliyyəti haqqında mühüm fikirlər yer alır. Bilgə Xaqan türk xalqını daxili çəkişmələrdən uzaq durmağa, yad dövlətlərin təsirinə aldanmamağa və dövlətin müstəqilliyini qorumağa çağırırdı. Bu baxımdan Orxon yazıları yalnız tarixi sənəd deyil, həm də türk siyasi düşüncəsinin ən qədim nümunələrindən biri sayılır.
Tarixi mənbələrə görə, Bilgə Xaqan 734-cü ildə vəfat etmişdir. Bəzi Çin salnamələrində onun zəhərlənərək öldürüldüyü qeyd olunur, lakin bu barədə qəti fikir mövcud deyil. Onun ölümündən sonra Göytürk dövlətində daxili çəkişmələr yenidən güclənmiş və bir neçə onillik sonra xaqanlıq süquta uğramışdır. Bu fakt Bilgə Xaqanın dövlətin möhkəmliyində oynadığı mühüm rolu bir daha göstərir.
Müasir tarixşünaslığın ümumi qənaətinə görə, Bilgə Xaqan türk dövlətçilik tarixinin ən görkəmli hökmdarlarından biridir. O, hərbi qüdrəti siyasi müdrikliklə birləşdirərək Göytürk dövlətinin sabitliyini təmin etmiş, milli birlik ideyasını gücləndirmiş və gələcək nəsillərə zəngin siyasi irs qoymuşdur. Onun adı bu gün də türk dünyasında müdrik hökmdar, bacarıqlı dövlət xadimi və milli həmrəyliyin simvollarından biri kimi böyük ehtiramla yad edilir.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)


