
Super User
“Mən yazdıqlarıma cavabdehəm, oxucunun öz dünyagörüşünə görə anladıqlarına deyil” - MÜSAHİBƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
...Bütün romançıların uzağında bir həsrətli oxucusu var. Bunu ikimiz də bilirik-o da, mən də... Ona görə də, onun romanlarının içində sevda bitirmək, ümid yaşıllandırmaq cəhdlərinin hamısının doğması sayıram özümü.
“XAN” nəşriyyatının “Məşhurlar” seriyasından “Məktublar”ı tərtib edərkən Edqar Ponun öz redaktoruna yazdığı məktubu oxumuşdum. İlahi, bir yazıçı öz redaktoruna bu qədərmi güvənirdi? Düşünəndə ki, Ponun o qeyri-adi hekayələri, “Quzğun” kimi möhtəşəm şeiri yazanın şairlərə ironiya etdiyi o nəsr nümunələri Kennedinin ruhuna necə toxunub, Kennedi öz yazıçı qələmini bir kənara qoyaraq redaktorluq borcunu necə gözəl yerinə yetirib, barmaqlarımın ucu gizildəyir.
17 illik redaktorluq təcrübəmdə özümü “onun Kennedisi” saydığım müəlliflərin sayı barmaq sayını keçmədi. Bu, bir ağrıdır ki, müəlliflərin çoxu redaktəni texniki proses sayırlar. Bu, bir bəladır ki, müəlliflər elə bilir, yazdıqları cümlə şedevrdir, toxunulmazdır... Amma o- “Kennedisi” olduğum müəlliflərdən biri iş prosesində məni olduğum yerdə gördü.
İş prosesində onun haqqında yazmaq, ondan müsahibə almaq məslək etikasına zidd olardı deyə, susdum. Bir də ona görə susdum ki, işim “danışsın” onun haqqında. Şükür, sədası hələ də eşidilməkdədir.
O, 25 roman müəllifidir... Daha çox psixoloji və ezoterik mövzulardan yazır. Obrazlarının əksəriyyəti həyatın içindən “gəlib” onun romanlarına. “Oğurluq bədən”də Ponun “Quzğun”undan da bəhs edir. “Həzz”də erməni xislətini bir obraz ilə elə açır ki, elə bilirsən, Xocalıda axan qan irmağı sinənin üstündən keçir. “Hiyləgər Sofa”da yalanın xəritəsini çəkib. “Sarı xəfiyyə” yeniyetmələrin heyvanlara qarşı düşüncəsini kökündən dəyişə biləcək əsərdir... “Cadugər” və “Şeytan özü şahiddir” romanları isə, sadəcə, möhtəşəmdir!
O, yazıçı Nazlı Çələbidir. Dilbər Abas qızı Çələbi 4 fevral 1970-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Bioenergetika, parapsixologiya, psixoterapiya sahələri üzrə təhsilini Moskva şəhərində davam etdirib. Zaqafqaziya və Orta Asiya üzrə Beynəlxalq dərəcəli ən yaxşı həkim-məruzəçi adına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
Atüstü bir söhbət etdik Nazlı xanımla... Və istədim ki, bu söhbətimizdən oxucular da xəbərdar olsun. Özü də, o oxucular ki, oturub-durub deyirlər: “Azərbaycanda yazan var?” Oxusunlar, öz ədəbiyyatımıza sahib çıxsınlar!
-Nazlı xanım, yazıçı maarifləndirməyə məsuldurmu? Bəlkə onun missiyası eləcə nəql etməkdir, oxucu həmin əsərdən nə öyrənəcəyini özü seçməlidir?
-“Məsul” sözü, fikrimcə, doğru deyil. Seçim isə həm yazıçınındır, həm də oxucunun. Məsələn, elə oxucu var əylənmək istəyir, elə oxucu var öyrənmək istəyir. Oxuyacağı kitabı oxucu özü seçir. Onun əsərdən nəyi anlaması isə öz intellektual səviyyəsindən, düyagörüşündən asılıdır. Yazıçı hər bir oxucunun düşüncə qapısını döysə də, mətləbi izah etmək şansı ona bircə dəfə verilir-əsəri yazanda. Ondan sonra düşüncə qapılarından içəri ötürülənlər o qapının içərisindəkindən asılı olur. Oxucu əsərdən nəyi necə və nə qədər götürəcək? Bəlkə çətin vəziyyətdədir, istəyir ki, oxuduğu kitabda çıxış yolu tapsın? Ya bəlkə iztirab içindədir, istəyir oxuduğu əsərdə hansısa qəhrəman ondan betər əzab çəksin ki, o da təsəlli tapsın? Bu mənada, yazıçını “məsul şəxs” yox, bir növ, “bələdçi” saymaq olar.
-Müəllif yazdıqlarına qısqanclıqla yanaşır bir az... Bu qısqanclığı necə yaşayırsınız? Məsələn, yazdıqlarınızın başqa cür yozulması sizi də incidirmi?
-Heç bu haqda düşünməmişəm... (gülümsəyir) Yozum da insanın dünyagörüşündən asılıdır. Mən yazdıqlarıma cavabdehəm, oxucunun öz dünyagörüşünə görə anladıqlarına deyil. Bir məsələ də var ki, mən yazdıqlarımın oyanmış insanlar üçün olduğu qənaətindəyəm. Metafizikadan, paralel dünyadan xəbərdar olanlar kitablarımı daha rahat oxuyur, daha gözəl aydınlanır. Yaxud, elə insan olar ki, elmdən bixəbərdir, amma müdrik ruha sahibdir. O insanlar da əsərlərimdən çox şey öyrənə bilər. Lap istər, əsərlərim proyektor olsun, düşüncə qapılarını inadla bağlı saxlayanların daxilinə işıq haradan süzüləcək ki?!
-Yazıçı əsəriylə bağlı gözəl rəy alanda sevinir ha, o sevinc ölçüyə gəlmir!
-Hə! İndiyədək o qədər gözəl rəylər almışam ki! Səmimiyyətlə deyilən bütün sözlər, dilə gətirilən rəylər məni sevindirir. Şükür, bu cür gözəl rəylər çox almışam. Rəy bildirənlər içərisində sadə insanlar da olub, alimlər də, orta təhsillilər də. Hamısı da kitablarımı ruhlarına doğma bilib. Müsbət rəylər məni həm də, ona görə sevindirir ki, demək, oxucu əsərimdən nəsə öyrənib, müsbətə doğru bir addım atıb. Bunu bilmək ilahi hədiyyədir mənə.
-Real insanları ədəbiyyata gətirmək həmin insanların həyatında nəyi dəyişir?
-İnsanın taleyində elə hadisələr olur ki, zamanda geridə qalsa da, daxildə bitməmiş olur. O yaşantılar insanın ruhunu dağlayır. İnsan istəyir ki, o hadisə haradasa həll olsun, bitsin, nöqtəsi qoyulsun. Yazıçı o hadisəni də, o insanı da ədəbiyyata gətirir. Bədii əsərin içərisində hadisənin səbəbi də açılır, cəzaya layiq olanlar cəzalandırılır, qisaslar alınır. Və həmin əsəri oxuyan insan daxilində o hadisəni bitirə bilir. Bu mənada, deyə bilərəm ki, bədii ədəbiyyatda insanların həyatı mənfiyə doğru da dəyişə bilər, müsbətə doğru da... Qaldı, ədəbiyyatın real həyata təsirinə, bu haqda konkret söz demək çətindir. Ədəbiyyat insanı xoşbəxt edirmi? Ədəbiyyat insanı cilalayırmı? Bu cür sualların cavabları hər an dəyişir...
-Mən bir redaktor kimi sizinlə işləməkdən həmişə zövq almışam. Mətndə nəyi necə dəyişmək lazımdır-bunu mənim öhdəmə buraxmısınız. Və sizə heç vaxt bu sualı verməmişəm, indi vermək istəyirəm: etimadınızı doğrulda bilmişəmmi?
-Təbii, (gülür) əgər sən mənim etimadımı doğrultmasaydın birinci işimizdən sonra artıq sənə müraciət etməzdim. Bir də ki, bu etimadı da, etibarı da sən özün qazanmısan. Sənin ezoterikadan xəbərdar olmağın mənə ürək rahatlığı verdi ki, əsəri ilkin variantdanca sənin öhdənə verə bildim. Mən də bunu sənə deməmişdim, indi deyim, sənin köməyin olmasaydı, mən 1 ildə 16 kitab yazıb rekord vurmaq istəyimə nail ola bilməzdim. Əsərlərimə doğmalığın mənə yenidən yazmaq üçün motivasiya verdi. Peşəkarlığına olan inamım isə sürətlə işləməyim üçün stimul oldu. Bu kitabı bitirib sənə göndərdim, o biri kitaba başladım. Daha o nigaranlığım olmadı ki: “Əsərimin taleyi necə olacaq?”
...Gülümsəyirəm və söhbətimiz bitir. Bir müəllifdən “sənə etibar edirəm” cümləsini eşitməkdənsə, bu mesajı almaq daha böyük xoşbəxtlikdir redaktor üçün: “Yeni roman elektron poçtundadır. İş səndə!” Nazlı xanım məni xoşbəxt edən müəlliflərdəndir...
Əgər hələ Nazlı Çələbi imzasıyla tanış olmayan oxucu varsa, oxumağa “Cəza otağı”ndan başlamasını tövsiyə edirəm. Nə də olsa, üzü yayadır və “Cəza otağı”nda hadisələr gözəl Şəkidə cərəyan edir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
ZİYARƏTGAHA ÇEVRİLMİŞ MƏZARLAR – türk əsgərlərinin məzarları
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunun Padar kəndindəki Qəriblər qəbristanlığında, Sincan kəndinin Orta məhəlləsindən keçən yolun üstündəki köhnə qəbirsanlıqda və Aşağı Kəldək (Şəki) məzaristanında 1918-ci ildə rayon ərazisində erməni quldurları ilə döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin məzarları bu gün də hörmət və ehtiramla yad olunur.
1918-ci ilin yazında çox yerdə olduğu kimi, Oğuzun (keçmiş Vartaşenin) ərazisində də erməni silahlı dəstələri müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. AXC-nin yaratdığı “Fövqəladə Təhqiqat Komissiyası”nın 1918-ci ilin yazında və yayında ermənilərin etdikləri vəhşiliklər barədə topladığı materiallarda oxuyuruq: ”Qəbələdən aşağı Vartaşen kəndində baş qərargahı (qərargahın rəisi latış Bredis olub, onlar dağlıq erməni kəndlərini müdafiə edirdilər) Qayabaşı kəndində olan bütöv qarnizon yaradılmışdı... 1918-ci ilin fevral ayında Nuxa (Şəki)-Vartaşen (Oğuz) bölgəsində Vartaşen, Calud, Böyük Söyüdlü, Yaqublu, Nic kəndlərinin erməniləri ilə də sıx əlaqə saxlayan, Vartaşen qarnizonun zabitlərindən Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur erməni kəndlərini gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. O, oz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkərək qətl və qarətlər törədirdi. O, qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da bu daşnak bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı”.
Rayondakı daşnaklar Qayabaşıdakı qərargahla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirir, zorla qriqorianlaşdırdıqları udi kilsələrində müsəlmanların hər cür qətlə yetirilməsini təbliğ edirdilər. Bu işlərdə Vartaşen, Calut, Yaqublu, Böyük Söyüdlü və Nic (Qəbələ) kəndlərindəki ermənilər də iştirak edirdilər.
1918-ci ilin iyun ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və digər kəndlərinin quldur erməni silahlı dəstələrinin hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı Xaçmaz meşələrinə sığınmışdılar.
Həmin dövrdə bu kəndlər, eləcə, bölgə hüdudları əlverişli coğrafi mövqeyə malik olmaqla yanaşı, həm də tarixi-maddi abidələrin zənginliyi ilə də fərqlənmiş, Türk dünyasının təkamül-inkişaf məkanlarından biri olduğundan XVIII-XIX əsrlərdən başlayaraq, XX əsrin əvvəllərinədək daşnakların və onların kilsəsinin təcavüz obyektinə çevrilmişdi.
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu və Böyük Söyüdlü kəndlərini də daşnak silahlılarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı.
Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başladı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, burada Abdulla Paşa bir müddət Qərib Yüzbaşının evində qalmışdı. Türk ordusunun bir neçə əsas bölmələri Padar kəndində yerləşdiyindən, onların şəhid olan əsgərləri bu kənddəki “Qəriblər qəbristanlığı”nda dəfn olunmuşlar. (https://anl.az/el/y/Azf-265975.pdf)
Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında yerləşirdi.
Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki əski qəbirsanlıqda torpağa tapşırılıb. Dəfn günü türk şəhidini camaat Xaçmaz kəndindən (10-12 km. məsafədən) çiyinlərində gətirərək bu yerdə, yaşı 500 ildən artıq olan uca palıd ağacının altında, Sincan çayının sol sahilində, yoldan az kənarda dəfn etmişlər. Onun qəbrinin üzərində 1992-1994-cü illərdə kənd sakinləri tərəfindən gümbəz (8 guşəli, hündürlüyü 4 m, dəmir örtüklü) tikilib, içərisində palıd ağacından nişanə kimi “sinə daşı” (2 m boyda, eni 60 sm, qalınlığı 30 sm) qoyulub və “Əsgər Tahir Əfəndi, 1918” sözləri həkk edilib. Hazırda həmin məzar “Tahir Əfəndi ziyarətgahı” kimi tanınır.
Oğuz ərazisində erməni daşnaklarına qarşı qəhrəmanlıqla vuruşanlardan biri də türk sərkərdəsi İsmayıl Haqqı əfəndi olmuşdur. 1890-cı ildə Türkiyənin Kayseri şəhərində anadan olmuş İsmayıl Haqqı Əfəndi Qafqaz İslam Ordusu tərkibində, Səlmiyyə süvariləri dəstəsində Şəki-Oğuz bölgəsində quldur hay dəstələrilə döyüşlərdə iştirak etmişdir. Bölgədəki bütün ermənilər Türk İsmayıldan çəkinirdilər. O sonralar qalıb, rayonun Baş Daşağıl kəndində yaşamağa qərar vermişdi. Burada muxaslı Amanoğullarından Aman adlı şəxsin qızı Xədicə xanımla evlənmişdir. (https://belediyye.sheki.org/meqaleler/12032014-1)
1937-38-ci illərdə Xədicə xanım anasıyla birgə represiyaya məruz qalır. O, 6 il müddətinə Özbəkistana sürgün olunur. Sürgün müddətində İsmayıl Haqqı əfəndi ilə Xədicə xanımın övladlarını Xədicə xanımın qardaşı Əhməd Amanoğlu himayə etmişdi.
Türk İsmayıl 1928-ci ildə Şəki üsyanı yatırıldıqdan sonra üsyanın rəhbərlərindən biri olduğu üçün güllələnmişdir. Məzarı Aşağı Kəldək (Şəki) kəndindədir. Onun məzarı 2013-cü ildə nəvəsi tərəfəndən bərpa olunub.
Bu gün Oğuzdakı qan bir, dil bir, din bir türk əsgərlərinin məzarları müqəddəs ziyarətgahlara çevrilmişdir. Padar kəndindəki “Qəriblər qəbiristanlığında” (naməlum terk əsgərləri), Sincan kəndindəki köhnə qəbiristanlıqda (Tahir əfəndi), Aşağı Kəldək kənd qəbiristanlığında (İsmayıl Haqqı) dəfn olun olunmuş igid türk əsgərlərinin məzarları əhali tərəfindən böyük hörmət və ehtiramla ziyarət olunur. Onların qəhrəmanlıqları unudulmur!
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Bənövşə görəndə boynumu burdum...” – POETİK QİRAƏTDƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraət uzun fasilədən sonra sizlərin görüşünə gəlir və yenidən qonağımız Əlizadə Nuridir.
Bu dəfə ustad şair yazdan, bənövşədən, insani münasibətlərdən, yerdən, göydən, vüsal və hicrandan – bir sözlə, bir şeirdə əksər mövzulardan söz açır. Və siz mükəmməlliyə baxın:
Gördüm yer qurtarır, bir azca durdum,
Bənövşə görəndə boynumu burdum.
...Bu gün yer üzünü göyə uçurdum-
Sən demə, bu yer də çərpələng imiş...
Xoş mütaliələr!
Yeddi min xalıya bəs edər bəlkə-
Göydə qövsi- qüzeh yeddi rəng imiş.
Min ildi şeytanı daşlayırıq biz
İlahi, bu şeytan nə nəhəng imiş?!
Bir qələm hönkürdü varaq başında,
Əlim saçındaydı, daraq başında.
Bir gün çıxıb getdin bulaq başından-
Səndən xatirə də bu səhəng imiş.
Ayrılıq yandırdı qışın qarında,
Əyri yozularmış düz ilqarın da.
...Öpdü bir- birini dodaqların da-
Sənin dodaqların bir ahəng imiş...
Gəl bölək qazancı, çıxarı başdan,
Buxar evdən çıxar, buxarı başdan.
Məni çağırdılar yuxarı başdan-
Bu dəfə gələn zəng başqa zəng imiş.
Gördüm yer qurtarır, bir azca durdum,
Bənövşə görəndə boynumu burdum.
...Bu gün yer üzünü göyə uçurdum-
Sən demə, bu yer də çərpələng imiş...
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
"Mənim köksümdə ürək dayananda, köksümün altında vətən döyünür" – BALAŞ AZƏROĞLUNUN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymana, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Bu gün cənub həsrətli xalq şairi, özünün təbirincə desək inqilab şairi Balaş Azəroğlunun anım günüdür.
Balaş Allahbaxış oğlu Abizadə.1921-ci il noyabr ayının 11-də Bakı şəhərində anadan olub. İlk orta təhsilin də burada alıb. Şairin "Dnepr" adlı ilk mətbu şeiri də 1937-ci ildə Bakıda çap olunub.
1937-ci ildə əslən cənublu olduğu üçün o da, ailəsi ilə birgə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilib. Burada fars ibtidai məktəbində təhsil alıb. i1941-ci ildə İranda Milli azadlıq hərəkatına qoşulub və onun ən fəal üzvlərindən biri olub. 1942-ci ildə İran Xalq Partiyasına daxil olaraq 1943-cü ildə Azərbaycan zidd faşist cəmiyyətinin Ərdəbil vilayəti şöbəsinə sədr seçilib. Və bu cəmiyyətin mətbu orqanı olan "Yumruq" qəzetinin redaktoru olub. Azərbaycan demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, Şairlər məclisinin Ərdəbil şöbəsinin rəhbəri olub.
1946-cı ildə Təbrizdə Milli Hökumət qurulanda ona Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsi verilib, həmçinin o, İran Azərbaycanı Milli Məclisinin deputatı, Yazıçılar və şairlər cəmiyyətinin idarə heyətinin üzvü seçilib.
İlk şeir kitabları da 1943 -1945-ci illərdə Ərdəbildə, Təbrizdə çap olunub
Lakin Milli Hökumət elə qundaqdaca boğulduqdan sonra Balaş Azəroğlu da bir çox həmkarı kimi Bakıya gəlib, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Eyni zamanda Cənubi Azərbaycan yazıçılar cəmiyyətinin sədri vəzifəsində çalışıb.
1948 - 1953-cü illərdə Azərbaycan qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri, 1953 -1956-cı illərdə məsul redaktor, 1956-1958-ci illərdə ADF MK-da təbliğat şöbəsinin müdiri, 1958-1959-cu illərdə Azərbaycan Ali partiya məktəbində xüsusi fakultənin dekanı işləyib. 1959-1963-cü illərdə ADF MK-nın sədr müavini seçilib.
O, 1963-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına ədəbiyyat İnstitutunun orta əsrlər ədəbiyyat şöbəsinin baş elmi işçisi vəzifəsində işləyib. 1966-cı ildə filologiya elmləri namizədi elmi adını alıb və 1981–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunub, həmçinin Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.
O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olub və bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilib.
Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biri olub.
Ədəbi və ictimai fəaliyyətinə görə Balaş Azəroğlu “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə
1960-1971- ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 17 mart 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.
1981-ci ildə Azərbaycanın “Xalq şairi” adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Şair 2011-ci il aprel ayının 24-də Bakıda vəfat edib.
Şairin qırxdan çox kitabı çap olunub, əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
"Sinəm Savalan dağıdır", "Mənim köksümdə ürək dayananda, ürək vurmayanda köksümün altında vətən döyunür" söyləyən Balaş Azəroğlunun yaradıcılığının əsas motivini vətən, parçalanmış Azərbaycan, intizar təşkil edirdi.
Müasirləri onu novator, poeziyası ilə insanları ayağa qaldıran, mübarizəyə və gələcəyə səsləyən şair adlandırırdılar.
Balaş Azəroğlu ömür yolunu özü kimi cənub həsrətiylə yaşayan, elə özü kimi inqilabçı şair olan Mədinə Gülgünlə birləşdirib. O sadəcə vətəninə deyil ömür gün yoldaşına qarşı da çox sadiq olub. Mədinə xanım dünyadan köçəndən sonra da evdə onun səliqə səhmanını qoruyub saxlayıb. Yaşadığı bina qəzalı olduğu və bütün qonşuları köçüb getdiyi halda o buradan köçüb getmək istəməyib.
Balaş Azəroğlu gəncliyində çox ağır bir xəstəlik keçirib, hətta həkimlər onun öləcəyini deyiblərmiş. Lakin, Mədinə xanım öz ömür gün yoldaşı üçün bir quş tək çırpınaraq ölkənin ən yüksək səviyyəli insanlarıyla əlaqə saxlayaraq lazım olan dərmanları tapıb. Sonralar Balaş Azəroğlu həmişə Mədinə olmasaydı mən cavan yaşda dünyadan köçərdim söyləyib.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
Bu gün Aşıq Novruzun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Aşıq Novruz 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir. Hələ uşaqlıqdan saza-sözə çox böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur.
Ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür.
1955-ci ildə ailə həyatı quran Aşıq Novruz dörd oğul və dörd qız atası olmuşdur. 1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda Mədəniyyət Evinin üzvü olmuşdur.
Dəfələrlə radio və teliviziyada çıxışlar etmişdir. Bu gün də onun lent yazılarından Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır. 1985-ci ildə belə çəkilişlərin birində Aşıq Novruz xalq şairi Xəlil Rza Uluturk ilə görüşmüşdür. Aşıq Novruzun saz çalıb-oxuması Xəlil Rzanın könlünü çox oxşadığına görə elə oradaca "Aşıq Novruz" rədifli qoşmanı yazıb ona həsr etmişdir.
1986-cı ildən 1992-ci ilə qədər Bərdə şəhər 1 saylı "Musiqi Məktəbi"ndə dərs keçmişdir.
Uzun müddət saz çalıb oxumuş həm ifaçı aşıq kimi, həm yaradıcı aşıq kimi və həm də sazın düzəldilib-hazırlanmasının mahir sənətkarı kimi də tanınmışdır.
Tədqiqatçı Araz Yaquboğlu Aşıq Novruzun sazbəndliyi haqqında yazır: — Sazın hazırlanmasını Aşıq Novruz əla bacarırdı. O bu sənəti fitri istedadı sayəsində öyrənmişdi. Onun düzəltdiyi sazlar bu gün də Bərdə, Tərtər, Yevlax, Ağcabədi və Gəncədə istifadə olunmaqdadır. Düzəltdiyi sazlara müştərinin istəyinə əsasən xüsusi zövqlə naxışlar da vurardı. O saz və taziyanə (mizrab) üçün materialı özü axtarar, yaxşı material tapardı. Sazı hazırlayarkən çanağı üçün tut ağacından, qolu üçün qoz ağacından, taziyanə üçün isə köhnə gilas ağacının qabığından istifadə edərdi. Novruz kişi sazı kiçik oğlu İnqilabla birlikdə düzəldərdi. Bunda həm də məqsəd onun da bu sənəti öyrənməsi idi. İnqilab da bu sənəti yaxşı mənimsəsə də Novruz kişinin vəfatından sonra demək olar ki, bu sənəti davam etdirmir.
3 noyabr 2000-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Sədaqət”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
SƏDAQƏT
Durnanın qatarı gör nə qəşəngdir!
Səhər buludları nə lalərəngdir!
Mehriban gözlərin yol çəkir yenə;
Bir səs pıçıldayır: "Gəlməyəcəkdir".
Gecədir, ay gəlib gəzir otaqda.
Qulağın səsdədir, fikrin uzaqda.
Sevgilim, nə görüb eşqin, sorsana,
Qəlbin otağında tək ağlamaqda?
Uzaq üfüqlərdə al günəş batır.
Kölgələr dənizə min kəmənd atır.
Hicranın gözləri oyaqdır yenə;
Nə gündüz dincəlir, nə gecə yatır.
Həsrət tellərinə kimdir əl vuran?
Göyərçin könlümdür yollarda duran.
Yüz illik bir ömrü qurban verərdim
Xumar gözlərinə baxsaydım bir an.
Bilirəm, sadiqsən anda, ilqara,
Qoy çəkməsin fikrim könlünü dara.
O böyük eşqinlə sağalacaqdır
İnan ki, aldığım ən dərin yara.
Oxşa körpəmizi, dik tut başını!
Çatılmış görməsin düşmən qaşını.
Namərdlər içindən sorağı gəlməz
Könül həmdəminin, can sirdaşının.
Bəlkə bir gün məndən gətirdi soraq
Qan ləkəsi düşmüş bir sarı yarpaq.
Bil ki, son şeirimin ilk sözü sənsən,
Bir də can verdiyim bu ana torpaq.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Ziyarət” - TƏƏSSÜRAT
Xasiyyat RÜSTƏM, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün
– Qəbristanlığa gedirik? – nəvəm sevincək soruşdu.
– Hə, – dedim, qəbiristanlıq sözünü bilmirdi, az əvvəl məndən eşitmişdi.
Bayrama hazırlaşırmış kimi, al-əlvan geyinməyə başladı. “Qəbir” sözünü təkrarlamasından anladım ki, söz onun üçün yenidir, tapıntıdı, bəlkə də qəribə bir oyundur.
Yolda soruşdu:
– Orada nə edəcəyik, ana?
– Dostlarımızı görəcəyik, – dedim.
Sevincli idi. Maşının pəncərəsindən baxa-baxa elə hey gülürdü. Ürəyimdən daş asılmışdı, təbbəssümü itəcəyindən qorxub gözümü ondan çəkmirdim.
Qəbiristanlığa çatanda bir kişi – deyəsən gözətçi idi – bizə yoldaşlıq etmək istədi. Təşəkkür elədim, qoymadım. Dostların son yuvasının da yerini bilmək vacibdi.
Cərgələrin yanından keçdik…
– Dostların hanı bəs? – Nəvəmin bu sualı məni özümə qaytardı. Saf, müdrik baxışları üzümə zillənmişdi.
– Burdakıların hamısı hamısı dostlarımdır, – dedim.
– Rəsmlər?
Gözlərim dolmuşdu.
– Ağlama, gələrlər bir azdan.
– Adamlar öləndə rəsmə çevrilir balası.
– Hamısı ölüb? Niyə? Torpağın altındadılar? Bəs ora necə giriblər? Kim qazıb? – sulları dayanmırdı.
– Bəlkə biz də qazaq, çıxsınlar ordan?
Bu söhbətə hazır deyildim. Bəlkə sən hazırdın, Qənirə?
Bilirəm, bizi izləyirsən. Amma mən səni görə bilmirəm, Qənirə…
– Kiminlə danışırsan, ana?
Gözlərinə zilləndim.
– Ağlama. Dostun üzülər…
– Yaxşı...
(Bakı, 22.04.2025)
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Müstəqil və suveren Azərbaycan gəncliyİ” mövzusunda tədbir
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
23 aprel 2025-ci il tarixdə YAP Ağdam rayon təşkilatının təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil və suveren Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları və rayon ziyalıları iştirak etmişlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
YAP Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Neymət Rüstəmli və digər natiqlər çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Kosntitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etidirməsindan, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs ediblər.
Eyni zamanda tədbirin sonunda təşkilati məsələyə baxılıb elə ki Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru Neymət Rüstəmli YAP Ağdam rayon Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatına sədr və Xaləddin Tağıyev sədrin müavini seçilib. Kollecin müəllimi olan, fəal gənclər YAP-ın Ağdam rayon Təşkilatının rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Kitab – susanların səsi, keçmişin aynası, gələcəyin açarıdır...”
Şəki Tibb Kollecinin Tələbələri 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü kollecin zəngin Kitabxanasında qeyd etdilər.
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki təmsilçisi
Kitabın sehri, sözün dəyəri və müəllifin əzmi bu dəfə Şəki Tibb Kollecinin divarları arasında bir bayrama çevrildi. " 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə kollecin tələbələri asudə vaxtlarını kitabxanada keçirdilər.
Sükutun içində səslənən minlərlə sətir, saysız hikmətlərlə dolu rəflər tələbələrin zövqlə seçib oxuduğu kitablarla bir daha canlandı. Hər tələbə bu gün kitabxanada yalnız oxucu deyil, həm də düşünən, duyan, yazmaq və yaratmaq eşqi ilə yaşayan bir fərd idi.
Zəngin fonda klassik ədəbiyyatdan tibbi sahəyə, elmi əsərlərdən bədii nümunələrə qədər geniş spektrdə təqdim olunan kitablar arasında tələbələr öz ruhlarına yaxın mövzularla tanış oldular. Bu, sadəcə bir gün deyil, kitaba, biliyə və müəllif əməyinə hörmətin nümayişi idi.
Kollec rəhbərliyi tələbələrdə mütaliə mədəniyyətinin formalaşmasını hər zaman dəstəkləyir və belə günlərin gənclərin mənəvi zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.
Şəki Tibb Kollecində kitablar bu gün daha çox danışdı. Çünki oxuyanlar vardı...
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
KİTAB BƏLƏDÇİSİndə - Düzgün olanı edin.
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Daxili intizam və iradəyə əsaslanan xarakter formalaşdırma prosesində uzaq məqsədli düşünmək vacibdir. Hərəkətlərinizin gələcəkdə verəcək nəticələri haqda nə qədər çox düşünsəniz indiki hərəkətlərinizin düzgün olma ehtimalı bir o qədər çox olacaq. Seçim etməli və ya qərar verməli olduqda həmişə sehrli suala müraciət edin:
“Burada ən vacibi nədir?” Emmanuel Kantin aforizmindən praktikada istifadə edin: “Hər bir hərəkətinizin bütün insanlar üçün sanki qanun olacağı kimi davranin”.
Xarakterin inkişaf etdirilməsində ən vacib sullardan biri: “Əgər bütün insanlar mənim kimi olsaydı dünyamiz necə olardi?” Prinsiplərinizə zidd olan hərəkət etdikdə dərhal bunu özünüzə xatırladın, öz yolunuza dönun, “Bu mənə oxşamır! Mənə yaraşan hərəkət deyil!” deyin və mümkündürsə düzəliş edin, mümkün olmadıqda isə gələn dəfə prinsiplərinizə sadiq qalacağınıza söz verin.
Brayan Treysi/Bəhanələrə yox (daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)