Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Beyləqan rayon Dünyamalılar kənd Folklor evi, kənd kitabxana filialı və kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları və sosial ədalət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin Dünyamalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, kənd Ağsaqqallar Şurasının və bələdiyyənin üzvləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının demokratik inkişafın əsas şərti olduğunu, ləyaqət, ədalət və bərabərlik kimi ümumbəşəri dəyərlər üzərində qurularaq qanunla qorunduğunu bildiriblər. Qeyd olunub ki, insan hüquqları Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Konstitusiya ilə təmin edilir.
Tədbir “İnsan hüquqları nədir?” adlı videoçarxın nümayişi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


