Super User
"Səsin çiçək açdı varaqlarımda, sənin adın ilə eşqi səslədim” - Hayidə Buluki
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Növbəti təqdimatım Təbrizdəndir.
Hayidə Buluki (yaradıcılıq təxəllüsü: Özləm) 1985-ci il iyulun 2-də Təbriz şəhərində anadan olub. Evlidir, iki oğul övladı var. Bakalavr pilləsinə qədər təhsil alıb.
Türkcə ədəbiyyat sahəsində fəaliyyət göstərir. "Bir Qucaq Özləm" adlı ilk şeirlər və "Sevgi Gücü" adlı hekayələr toplusu nəşr olunub.
Bundan başqa, müəllifin əsərləri müxtəlif müştərək şeir toplularında və qadın yazarların antologiyalarında da dərc edilib.
Yaradıcılığından bir neçə nümunəni oxucularıma təqdim edirəm:
I
Alışdım ayrılığa könlümün yaman günüdür,
Deyirdin od tutacaqdır tutub haman günqdür.
Üzün çevirmə, çevirsən, başım dönər qəmdən,
Başımda qurd ulayır, sevginin duman günüdür.
Ayaq qəfəsdə, qanadlar can atdılar uçuşa,
Bəlalı arzuların, sevgidən uman günüdür.
Salıb qəfəsdə yadından çıxartdı məndə varam,
Bu doğranan ürəyə həsrətin daman günüdür.
Günəş mənəm batıram? yoxsa arzular gömülür?
Düzün de özləminin gözlərin yuman günüdür?
Dedin nədir yazısan? Söz tapanmadım deməyə,
Aman günü sovuşub, gəlməsən guman günüdür.
II
Özün de neyləyim anasan məni?
Sözlərim yetərsiz, gözlərim xumar.
Leyli olanmadım arxanca gəzəm,
Məni gözlərində dənizə apar.
Alma səsləyəndə birdə gələrsən?
Heyva bağlarında qocaldım daha.
Cənnətə dönsə də baxmağım gəlmir,
Gözümdə açılan sənsiz sabaha.
Olmusan şeirimin qara giləsi,
O qara gözlərin şərabın tutdum.
Məzəsiz yaşamın acılığında,
İçdim gözlərindən dərdi unutdum.
Özün de neyləyim anasan məni?
Adına yağışda mahnı bəslədim.
Səsin çiçək açdı varaqlarımda,
Sənin adın ilə eşqi səslədim.
Sevgi ayələrin yenidən yazdım,
Azğın duyğularım eşqə sığına.
Alım qadasını hər səhər axşam,
Ayı dolandırım tasaddığına.
Sevgi abidəsi olmaq istirəm,
Alıb öpüşünlə yonasan məni.
Hələlik gözündə səbir daşıyam,
Özün de neyləyim anasan məni...?
III
Gəlmişəm sevgidə sənlə yarışam sonra öləm,
Bir qucaqlıqcada gizlin sarışam sonra öləm.
Gör neçə ildi kədər qol-boyun olmuş mənlə,
De bu gün sənlə qərardır qarışam sonra öləm.
Bəlkə tanrım bizə rəhm etdi bütünlətdi bizi,
Ayrılıqlar günahından arışam sonra öləm.
Dünya qarşımda dayansa demə qorxaq yaxacaq,
Son savaşda özüm ilə darışam sonra öləm.
Küsgünəm tanrıya rast salmadı bu qisməti heç,
Anda verdim səni versin barışam sonra öləm.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Yarımçıq qalan saz nəfəsi və söz ömrü...
Yaxud, Şöhrət Cəlal Qəhrəmanlının poetik dünyasına ədəbi baxış
Qalib Rəhimli,
“Ədəbiyyat və incəsənət”
İnsan ömrü yazılmış, amma sona qədər oxunmamış bir dastanı xatırladır. Elə insanlar olur ki, onların vaxtsız gedişi yalnız ailələrinin, dostlarının yox, bütöv bir elin, bir sənət ocağının itirdiyi işığa çevrilir. Şöhrət Cəlal Qəhrəmanlının həyatı və yaradıcılığı da belə yarımçıq qalan, amma ömrünün hər anında mənəviyyatın, sazın, sözün və yurd sevgisinin izlərini yaşadan tale nümunələrindən biridir.
Onun poeziyasını oxuduqca duyursan ki, burada sadəcə misralar danışmır, həm də bir elin yaddaşı, bir ocağın nəfəsi, bir ustad sənətkarın mənəvi irsi yaşayır. Çünki Şöhrət Cəlal Qəhrəmanlı böyük saz ustası, Azərbaycan aşıq sənətinin sevilən nümayəndələrindən olan Aşıq Cəlalın ocağında böyümüş, sazın və sözün hikmətini ilk dəfə ata nəfəsindən öyrənmişdi. O, evin böyük oğlu kimi yalnız ailə məsuliyyətini deyil, həm də sənət ənənəsinin davamçısı olmaq yükünü daşıyırdı. Aşıq Cəlal Azərbaycan aşıq məktəbinin özünəməxsus ifa tərzi, bənzərsiz şeirləri və bu gün də dillər əzbəri olan saz havaları ilə yaddaşlarda yaşayan ustad sənətkar idi. Şöhrət müəllim də bu məktəbin yetirməsi olaraq klassik saz havalarının mahir ifaçısı, ağır məclislərin aparıcısı, kamil aşıq kimi yetişmişdi. Bu səbəbdən onun poeziyasında yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığı arasında möhkəm mənəvi körpü mövcuddur.
1954-cü ildə Qazaxın qədim Kəmərli kəndində dünyaya gələn şair, 1976-cı ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsini bitirmiş, müasir ingilis və Amerika poeziyasından tərcümələr etmiş, hətta ingilis dilində də şeir və hekayələr yazmışdı. O, bədii tərcüməni milli ədəbiyyatın zənginləşməsi üçün mühüm vasitə hesab edirdi. Lakin bütün bu intellektual zənginliklərin mərkəzində yenə də doğma el, saz və xalq ruhu dayanırdı. Onun “Bizim ellər yerindədi”, “Yurd yerində axtar məni”, “Bir ömür yaşadım” kitabları və tərtib etdiyi “Sədəfli saz məni dindir”, “Mən aşıq, İncədənəm” topluları bu mənəvi bağlılığın sənət nümunələridir.
Şöhrət Cəlal Qəhrəmanlı məndən 6 yaş böyük olsa da çox səmimi dostluğumuz var idi. Hər görüşümüz sazlı-sözlü bir dünya təsiri yaradırdı.Onun sazı ilə poeziyası elə elə bir dünya yaradırdı ki, indi həmin hissləri ifadə etmək çox çətindir. Elə bil biz deyişirdik. Həm saz havalarının təhlilini aparırdıq, həm də şeirlərinin mənasını açmağa, dəyərini göstərməyə çalışırdıq. Hər görüşümüz növbəti görüşədək unudulmayan tarixə çevrilirdi. Poeziyasından danışmazdan əvvəl deməliyəm ki, Şöhrət Cəlal Qəhrəmanlının poeziyasında diqqəti çəkən əsas xüsusiyyət dilin sadəliyi və fikrin dərinliyidir. O, mürəkkəb fəlsəfi həqiqətləri xalq danışıq üslubunun səmimiyyəti ilə ifadə etməyi bacaran sənətkarlardandır. Onun "Gərək" şeirində insan ömrünün mənəvi yükü və kamillik fəlsəfəsi sadə, lakin təsirli şəkildə təqdim olunur:
Bu dünyada insan olan yüz çəkə zəhmət gərək,
Süfrəsində halal-halal kəsilə qismət gərək.
Addımbaşı zikr eyləyə dilində min bir adı,
Öyrənib-öyrətmək üçün özündə hikmət gərək.
Bu misralarda müəllif insan həyatının əsas meyarlarını müəyyənləşdirir. Əmək, halal ruzi, Tanrı sevgisi və hikmət onun mənəvi dünyasının sütunlarına çevrilir. Burada xalq müdrikliyi ilə sufiyanə baxışın qovuşduğunu görürük. Şair üçün yaşamaq sadəcə mövcud olmaq deyil, özünü kamilləşdirmək və başqalarına fayda vermək missiyasıdır.
Şairin “Edər” şeiri insanın öz əməlləri qarşısında məsuliyyətini ön plana çıxarır:
Ey insan kəs, doğru dolan, ruhun canı tərk edər,
Ulu Tanrı əyri olan bir insanı görk edər.
Çoxsa onun rəhmi, səbri gen olsan ondan fəqət,
Alar səni el gözündən, hər divanı bərk edər.
Bu misralarda xalq hikməti ilə dini-əxlaqi düşüncə qovuşur. Şair göstərir ki, ilahi mərhəmət sonsuz olsa da, insan vicdanı və cəmiyyət hökmü də həyatın ayrılmaz həqiqətləridir. Doğruluq onun yaradıcılığında əxlaqi ideal səviyyəsinə yüksəlir.
Aşıq poeziyasında bağ obrazı həmişə mənəvi saflığın və sevginin rəmzi olmuşdur. Şöhrət Cəlal Qəhrəmanlı da bu ənənəni davam etdirir:
Dəli eşqim ola, ağıllı başım,
Bir də qoynunuzda yaranam bağlar.
Zövqü-səfasını çəkəm dünyanın,
Biləm ki, dəstinnən yar ənam bağlar.
Şeirdə təbiət canlı varlıq kimi təqdim olunur. Şairin bağlara müraciəti sadəcə poetik vasitə deyil, insanın öz köklərinə, təbiətə və həyata yenidən qovuşmaq istəyinin ifadəsidir. Dəli eşqlə ağıllı başın bir arada verilməsi isə klassik aşıq fəlsəfəsinin mühüm xüsusiyyətidir. Onun yaradıcılığında həqiqətə bağlılıq xüsusi yer tutur.
"Yeridi" şeirində həyatın dəyişkənliyi və insanın vicdan qarşısındakı məsuliyyəti ifadə edilir:
Bu fələyin gərdişinə nə deyim,
Gör kimlər dayandı, kimlər yeridi.
Mənnən öc olbdur, gəcinə çəkir,
Çünki düz demişəm harda yeridi.
Burada xalq poeziyasına məxsus üsyankar ruh hiss olunur. Şair həqiqəti deməyin ağır nəticələrindən çəkinmir. Onun üçün doğru söz ən böyük mənəvi sərvətdir. Bu isə ustad aşıq məktəbinin əsrlərlə yaşatdığı əxlaqi prinsipin davamıdır.Şeirin son bəndində isə müəllif özünə müraciət edərək poetik vəsiyyətini ifadə edir:
Cəlaloğlu, sözlərinlə düzü düz,
Seli sel yaz, dağı dağ yaz, düzü düz.
İlqarınla öyünürdün düzü düz,
Dəydi oxun qara daşa yeridi.
Bu, əslində sənətkarın həyat kredosudur. Həqiqəti olduğu kimi yazmaq, saxtalığa güzəşt etməmək onun yaradıcılıq prinsipidir.
Aşıq sənətində bineyi-başdan ustada ehtiram ən müqəddəs dəyərlərdəndir. Şairin Dərya Məhəmmədə müraciəti də bu ənənənin davamıdır:
Keçmişin sorağı, elin yaddaşı,
Ustadlar ustadı Dərya Məhəmməd.
Müşküllər açarı, qəmlər sirdaşı,
Xalq verib bu adı: Dərya Məhəmməd.
Burada ustad sənətkar xalq yaddaşının daşıyıcısı kimi təqdim edilir. O, təkcə ifaçı yox, həm də mənəvi rəhbər obrazıdır. Digər bənddə isə sənətin əbədiliyi vurğulanır:
Sənət meydanında vardır öz yerin,
Sərraf olan bilir nədir hünərin.
Köhnə havaların, təzə sözlərin,
Öz ləzzəti, dadı Dərya Məhəmməd.
Bu misralar Şöhrət Cəlal Qəhrəmanlının sənətə münasibətini də ifadə edir. O, ənənəni qoruyaraq yenilik yaratmağı əsl sənətkarlıq hesab edir.
Şöhrət Cəlal Qəhrəmanlı poeziyasında yurd sevgisi isə ayrıca bir fəlsəfi və mənəvi dəyər daşıyır. O, doğma İncə dərəsini sadəcə coğrafi məkan kimi yox, milli xarakterin, mənəvi bütövlüyün simvolu kimi təqdim edir:
Sərtdir qışı, xoşdur yazı,
Yayda yaylaq edər nazı.
Payızda gəlir avazı –
Hamı toyda-nişandadır.
Bu misralarda təbiət və insan bir-birini tamamlayan bütöv bir aləmə çevrilir. Burada kənd həyatı, el adətləri, toy-büsat və insanların birliyi milli kimliyin poetik ifadəsinə dönür. Bu bənddə təbiət və insan münasibətləri bir vəhdət təşkil edir. Dörd fəslin təsviri əslində el həyatının ritmini əks etdirir. Digər bənd isə bu diyarın mənəvi xəritəsini yaradır:
Hal əhli bil bu diyarı,
Kəsilməz əhdi-ilqarı.
Sazlı-sözlü aşıqları,
Xoşa gəlir hər yandadır.
Göründüyü kimi burada İncə dərəsi sazın və sözün vətəni kimi təqdim edilir. Bu, həm də müəllifin öz köklərinə bağlılığının poetik ifadəsidir.
Şairin "Bizim ellər yerindədi" deyə səslənməsi də əslində torpağa, yurda və milli yaddaşa sədaqətin bədii manifestidir. Onun şeirlərində ölüm, zaman və fanilik mövzuları da dərin fəlsəfi çalarlarla təqdim edilir. "Keçib" şeirində insan ömrünün mənası haqqında düşündürücü qənaətlər irəli sürülür:
Şöhrət, dərdi bol istərəm,
Mən “olum...” yox, “ol” istərəm.
Bir əbədi yol istərəm,
Yüz gəldi-gedərdən keçib!
Bu misralar şairin mənəvi kamillik idealını göstərir. O, keçici şöhrəti deyil, əbədiyyətə gedən yolu seçir. Buradakı "ol" fəlsəfəsi türk-islam düşüncəsindəki kamilləşmə və mənəvi yüksəliş ideyasını xatırladır. Şairin ən dərin fəlsəfi düşüncələri bu şeirdə özünü daha aydın göstərir:
Ölüm Allah qədəridir,
Mənimki qədərdən keçib...
Könlümü güldürə bilmir,
Sevincim kədərdən keçib.
Burada tale ilə barışıq və həyatın faniliyini qəbul etmək düşüncəsi hakimdir. Digər bənddə isə həyatın mənası sorğulanır:
Alnımdakı tər deyilsə,
Qayğım xeyi-şər deyilsə,
Sözlərim əsgər deyilsə,
Ömür-gün hədərdən keçib.
Şair sözü müqəddəs missiya hesab edir. Onun üçün söz cəmiyyətə xidmət etmirsə, yaşanan ömür də öz mənasını itirir.
Şöhrət Cəlal Qəhrəmanlı ustad sənətkara olan övlad məhəbbətini də yüksək poetik səviyyədə ifadə etmişdir. Atası Aşıq Cəlala həsr etdiyi şeirdə həm sənətkara, həm də mənəviyyata ehtiram hiss olunur:
Məclisə şah oldu, sənətə nökər,
Coşdu çaylar kimi çağladı Cəlal.
Dərdlinin halına yandı sərasər,
Hər ağlar görəndə ağladı Cəlal.
Bu misralar yalnız bir oğulun atasına sevgisi deyil, həm də ustad sənətkara verilən mənəvi qiymətdir. Burada aşıq sənətinin humanist mahiyyəti, el adamına xidmət fəlsəfəsi öz əksini tapır. Digər bənddə sənət məktəbinin davamlılığı vurğulanır:
Ustaddan dərsini təmiz almışdı,
Artırdı, təmiz də saxladı Cəlal.
Əslində bu sözlər həm də Şöhrət müəllimin öz yaradıcılıq taleyinə aiddir. O, atasından aldığı saz-söz məktəbini qoruyub gələcək nəsillərə ötürən sənətkar olmuşdur. Son bənddə isə ustadın mənəvi ucalığı əks olunur:
Həqiqət axtardı, çatdı qaşını,
Saz-sözlə qandırdı neçə naşını.
Qayğılı ömrünün əlli yaşını,
Haqqın dərgahında haqladı Cəlal.
Burada saz sənəti ilahi həqiqətə aparan yol kimi təqdim edilir və ustad Cəlalı nəsillərə tanıdır.
Şairin lirik duyğuları da aşıq poeziyasının ənənəvi gözəlliyini yaşadır:
Bir gözələ gözəl dedim incidi,
Çirkin desəm barışarmı görəsən?
Ürəyimdən xəbər tutsa ürəyi,
Eşq oduna alışarmı görəsən?!
Bu misralarda xalq yumoru ilə məhəbbət lirizmi birləşir. Şair sevgini həyatın ən təbii və ən ülvi hissi kimi təqdim edir. Digər bənddə saz yenidən məhəbbətin vasitəçisinə çevrilir:
Saçı bənzər çiçəklərin çətrinə,
Hər keçdikcə bələnirəm ətrinə.
Əlimdəki telli sazın xətrinə,
Bu məclisə qarışarmı görəsən?
Beləcə də saz burada sadəcə musiqi aləti deyil, sevginin və mənəviyyatın daşıyıcısıdır. Şairin öz yaradıcılığında bu mənəvi irsi davam etdirməsi onun sənətkar taleyinin ən böyük uğurlarından biri sayıla bilər. Onun qıfılbəndləri, təcnisləri, deyişmələri, divaniləri və satirik şeirləri, ən əsası da bayatıları xalq poeziyası ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. O, klassik formaları qorumaqla yanaşı, onlara müasir duyğular və yeni poetik nəfəs gətirməyi bacarmışdı. Düşünürəm ki, Şöhrət Cəlal Qəhrəmanlı kimi sənət adamları haqqında yazarkən insan yalnız ədəbi mətnlə deyil, həm də bir ömrün, bir ocağın, bir el yaddaşının qarşısında dayanır. Onun misralarında Kəmərlinin nəfəsi, İncə dərəsinin ruhu, ustad Aşıq Cəlalın sazının səsi yaşayır. Elə buna görə də şeirlərinin hər biri sadəcə poetik nümunə yox, həm də xalq ruhunun daşıyıcısı kimi görünür.
Təəssüf ki, yaradıcılığının ən məhsuldar, ən çiçəklənən çağında əcəl onun qələmini susdurdu. Əgər tale ona bir qədər də möhlət versəydi, Azərbaycan ədəbiyyatı və aşıq sənəti daha zəngin bir irs qazanardı. Lakin sənətkarların ömrü illərlə yox, qoyduqları sözlə ölçülür. Şöhrət Cəlal Qəhrəmanlı bu gün aramızda olmasa da, onun misralarında İncə dərəsinin küləyi əsir, sazın səsi eşidilir, ata ocağının işığı görünür. O, bir ömür yaşadı, amma o ömrün ən böyük mənası yurdun, elin və sözün xidmətində keçməsi oldu. Bu da bir həqiqətdir ki, bəzən yarımçıq qalan ömürlər tamamlanmış talelərdən daha böyük iz qoyur. Çünki onlar insan yaddaşında bitməmiş bir nəğmə kimi yaşayır. Şöhrət Cəlal Qəhrəmanlı da elə həmin nəğmələrdəndir. Vaxtsız susan, amma xalqın yaddaşında əbədi səslənən bir saz nəfəsi, bir söz ocağı, bir el nisgili kimi...
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
.
“Maraqlı söhbətlər”də Makiavellinin “Hökmdar"ı
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu dədə sizə bir kitab haqqında danışacam. Söhbət İntibah dövrünün ən nüfuzlu mütəfəkkirlərindən biri olan Nikolo Makiavellinin siyasi realizmin əsasını qoyan fundamental əsəri – "Hökmdar" kitabından gedir. Bu əsər dövlət idarəçiliyinin mənəvi ideallara deyil, praqmatik və real faktlara əsaslanmalı olduğunu müdafiə edir.
Makiavellinin idarəçilik fəlsəfəsində toxunduğu əsas anlayışlar bunlardır:
Səxavət və Xəsislik
Makiavelli hökmdarın xalqın gözündə "səxavətli" görünmək istəyinin fəsadlar törədə biləcəyini qeyd edir. Onun fikrincə, həddindən artıq səxavət dövlət xəzinəsini boşaldır, bu isə sonradan vergilərin artırılmasına və xalqın qəzəbinə səbəb olur. Müəllif iddia edir ki, ağıllı hökmdar başlanğıcda xəsislik damğası almaqdan qorxmamalıdır; çünki qənaətcillik sayəsində dövlətin resursları qorunur, müharibə və böhran anlarında xalqa əlavə yük düşmür. Beləliklə, zamanla onun xəsisliyi ən böyük səxavətə çevrilir.
Sevgi və Qorxu
Əsərin ən məşhur fəlsəfi dilemması budur: Hökmdar üçün sevilmək, yoxsa qorxu hissi oyatmaq daha yaxşıdır? Makiavelli hər ikisinin ideal olduğunu bildirsə də, onların eyni vaxtda mövcudluğunun çətinliyini vurğulayır. O, qorxunun sevgidən daha etibarlı bir idarəçilik aləti olduğunu müdafiə edir. Çünki sevgi mənfəət üzərində qurulur və insanlar çətin məqamda bu bağı asanlıqla qıra bilirlər; lakin qorxu cəza qorxusuna əsaslandığı üçün heç vaxt təsirini itirmir. Bununla belə, Makiavelli mühüm bir xəbərdarlıq edir: hökmdar qorxu oyatmalı, lakin heç bir halda nifrət qazanmamalıdır. Nifrətdən qaçmağın yolu isə vətəndaşların mülkiyyətinə və namusuna toxunmamaqdır.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
“Psixoloq saatı”nda növbə Fazilə Camalovanındır
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
"Psixoloq saatı" rubrikası ilə görüşünüzə gəlmişik.
Yay tətilini sevməyən varmı?!
Məncə, məktəblilər bu tətili böyüklərdən çox sevir.
Bəs bu tətili uşaqlar üçün necə səmərəli təşkil edək ki, xeyri çox olsun?
Bu dəfə suallarımıza cavab verən psixoloq qonağımız "Tərəqqi Akademiya" -nın direktoru Fazilə İnqilab qızı Camalovadır.
-Xoş gördük, əziz Fazilə xanım.
Yay tətilini uşaqlar üçün necə səmərəli təşkil etmək olar?
-Xoş gördük, əziz Ülviyyə xanım.
İlk növbədə rubrikanıza dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm.
Yay tətili uşaqların səbirsizliklə gözlədiyi dövrlərdən biridir. Bu müddətdə onlar məktəbin gündəlik qaydalarından uzaqlaşır, daha çox istirahət edir və sevdikləri fəaliyyətlərə vaxt ayıra bilirlər. Lakin tətil yalnız istirahət dövrü deyil, eyni zamanda uşaqların fərdi inkişafı üçün mühüm imkanlar yaradan bir mərhələdir.
Valideynlər çox zaman yay tətilində uşaqların dərslərdən tamamilə uzaq qalmasının normal olduğunu düşünürlər. Əslində isə bu dövrdə uşağın inkişafının davam etməsi, yeni bilik və bacarıqlar qazanması, sosial və emosional cəhətdən güclənməsi böyük əhəmiyyət daşıyır.
İlk növbədə uşağın gündəlik rejiminin tamamilə pozulmamasına diqqət yetirmək lazımdır. Tətil zamanı daha sərbəst qrafik normal sayılsa da, gec yatmaq və günortaya qədər yatmaq kimi vərdişlərin uzun müddət davam etməsi həm fiziki, həm də psixoloji vəziyyətə mənfi təsir göstərə bilər. Müəyyən bir rejimin qorunması uşağın özünü daha enerjili hiss etməsinə kömək edir.
-Yay aylarında uşaqların oxuma vərdişini necə davam etdirmək olar?
-Yay aylarında oxuma vərdişinin davam etdirilməsi də vacibdir. Məktəb dərslərindən kənar, uşağın maraq dairəsinə uyğun kitabların seçilməsi onun təxəyyülünü, nitq qabiliyyətini və düşünmə bacarığını inkişaf etdirir. Oxuma prosesi məcburiyyət deyil, maraqlı fəaliyyət kimi təqdim olunmalıdır.
-Yay aylarında uşaqların ekran asılılığını necə yox etmək olar?
-Müasir dövrdə valideynlərin qarşılaşdığı əsas problemlərdən biri də ekran asılılığıdır. Tətil dövründə uşaqlar telefon, planşet və kompüter qarşısında daha çox vaxt keçirməyə meylli olurlar. Buna görə də ekran istifadəsinə müəyyən sərhədlər qoyulmalı, uşaqlar açıq havada oyunlara, fiziki fəaliyyətlərə və canlı ünsiyyətə təşviq edilməlidirlər.
Yay tətili uşaqların yeni bacarıqlar öyrənməsi üçün də əlverişli fürsətdir. Rəsm, musiqi, idman, şahmat, xarici dil və ya digər yaradıcılıq fəaliyyətləri uşağın potensialını üzə çıxarmağa kömək edir. Burada əsas məqsəd uşağı əlavə məşğələlərlə yormaq deyil, onun maraqlarını kəşf etməsinə şərait yaratmaqdır.
Sosial bacarıqların inkişafı da bu dövrdə diqqətdən kənarda qalmamalıdır. Dostlarla görüşlər, ailəvi səfərlər, düşərgələr və qrup fəaliyyətləri uşaqların ünsiyyət qurmaq, əməkdaşlıq etmək və problemləri birlikdə həll etmək bacarıqlarını gücləndirir.
Valideynlər uşaqları yaşlarına uyğun ev işlərinə də cəlb edə bilərlər. Sadə məsuliyyətlər uşaqlarda özünəinamın, müstəqilliyin və məsuliyyət hissinin formalaşmasına kömək edir. Bu, onların gələcək həyat bacarıqlarının inkişafında mühüm rol oynayır.
-Uşaqlar üçün ən vacib məqam nədir?
-Bütün bunlarla yanaşı, uşaqlar üçün ən vacib amillərdən biri valideyn diqqətidir. Birlikdə keçirilən keyfiyyətli vaxt, söhbətlər, oyunlar və ortaq fəaliyyətlər uşağın emosional təhlükəsizlik hissini gücləndirir. Uşaqların yaddaşında ən çox qalan məqamlar da məhz bu anlar olur.
Yay tətili düzgün təşkil olunduqda uşaqlar üçün həm istirahət, həm də inkişaf dövrünə çevrilə bilər. Əsas məqsəd uşağın hər gününü planlarla doldurmaq deyil, onun maraqlarını, ehtiyaclarını və potensialını nəzərə alaraq balanslı mühit yaratmaqdır. Belə olduqda tətil uşağın həyatında həm xoş xatirələr, həm də faydalı təcrübələr qazandıran bir mərhələ kimi yadda qalır.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Azərbaycan kinosu, poeziyası və musiqisi: incəsənət kontekstində qiymətləndirmə
Müəllif: Meltem Demirkıran, İstanbul,
Tərcümə: Rəqsanə Babayeva,
“Ədəbiyyat və incəsənət”
Azərbaycan kinosu
Kino yeddinci incəsənət növü hesab olunur və vizual ifadə vasitələri ilə gerçəkliyin bədii şəkildə yenidən təqdim edilməsinə imkan yaradan mühüm sənət sahəsidir. O, təkcə əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial, siyasi və mədəni həyatını, insan talelərini və dövrün mühüm hadisələrini əks etdirən güclü ifadə vasitəsidir. Müxtəlif estetik istiqamətlər və yaradıcılıq üslubları əsasında daim inkişaf edən kino sənəti dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Hər bir xalqın tarixi, coğrafi mövqeyi, ictimai-siyasi həyatı və milli-mədəni xüsusiyyətləri onun kino məktəbinin formalaşmasına təsir göstərmişdir. Bununla yanaşı, özünəməxsus yaradıcılıq dəst-xətti formalaşdıran rejissorlar dünya kinematoqrafiyasında müəllif rejissorları (auteur) kimi tanınırlar. Onların filmlərində fərdi baxış, bədii üslub və fəlsəfi yanaşma əsas xüsusiyyətlərdən hesab olunur.
Qədim tarixə və zəngin mədəni irsə malik Azərbaycan Şərqdə kino sənətinin formalaşdığı ilk ölkələrdən biridir. Azərbaycan kinosunun tarixi dünya kinematoqrafiyasının yaranmasının ilk illərinə təsadüf edir. Lumiyer qardaşlarının 1895-ci ildə kinematoqraf aparatını ictimaiyyətə təqdim etməsindən cəmi üç il sonra, 1898-ci ildə Bakıda ilk kino çəkilişləri həyata keçirilmişdir.
Azərbaycan kinosunun banisi hesab olunan fransız əsilli fotoqraf və kinooperator Aleksandr Mişon həmin il Bakıda bir neçə sənədli süjet lentə almışdır. 1898-ci il avqustun 2-də nümayiş etdirilən "Bibiheybətdə neft fontanı yanğını" Azərbaycan kino tarixinin ilk ekran əsəri kimi qəbul edilir. Bununla yanaşı, "Balaxanıda neft fontanı", "Qafqaz rəqsi", "Şəhər bağında xalq gəzintisi", "Bazar küçəsi sübh çağı" və "Qatarın dəmir yolu stansiyasına daxil olması" adlı qısametrajlı sənədli süjetlər də həmin dövrün ən qiymətli kino nümunələri hesab olunur.
Bu filmlər xüsusi bədii süjetə malik olmasa da, dövrün ictimai həyatını, şəhər mühitini və sənaye inkişafını əks etdirdiyinə görə həm Azərbaycan, həm də dünya kino tarixində mühüm əhəmiyyət daşıyır. Məhz buna görə Azərbaycan Şərqdə kino sənətinin yaranmasına öncüllük edən ölkələrdən biri kimi qiymətləndirilir.
Aleksandr Mişonun fəaliyyətindən sonra kino istehsalında müəyyən fasilə yaransa da, XX əsrin əvvəllərində bu sahə yenidən inkişaf etməyə başladı. 1915-ci ildə Bakıda Pirone qardaşlarının yaratdığı kino şirkəti milli kino istehsalının inkişafına mühüm təkan verdi. Həmin dövrdə rejissor Boris Svetlovun quruluş verdiyi "Neft və milyonlar səltənətində" bədii filmi Azərbaycan milli kinosunun ilk tammetrajlı ekran əsərlərindən biri hesab olunur. Film İbrahim bəy Musabəyovun eyniadlı romanı əsasında çəkilmiş və dövrün neft sənayesi fonunda cəmiyyətin sosial təbəqələşməsini əks etdirmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli mədəniyyətin bütün sahələri kimi kino sənətinə də öz təsirini göstərdi. 1918–1920-ci illərdə əsasən dövlət tədbirlərini, ictimai-siyasi hadisələri və hərbi paradları əks etdirən sənədli-xronikal filmlər lentə alınmışdır. Həmin ekran materialları bu gün Azərbaycanın dövlətçilik tarixini əks etdirən mühüm vizual mənbələr hesab edilir.
1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra kino sənəti dövlət nəzarətinə keçdi. Bu dövr Azərbaycan kinosunun Sovet mərhələsi kimi qiymətləndirilir və adətən iki əsas hissəyə bölünür: səssiz kino dövrü (1920–1935) və səsli kino dövrü (1936–1991).
Səssiz kino dövründə milli kino sənəti sürətlə inkişaf etmişdir. Bu illərdə "Bismillah", "Sevil", "Qız qalası", "Lətif", "Gilan qızı", "Hacı Qara", "Arşın mal alan" və digər filmlər çəkilmişdir. Həmin ekran əsərlərində qadın azadlığı, savadsızlığın aradan qaldırılması, sosial münasibətlər və xalq məişəti kimi mövzular üstünlük təşkil edirdi.
1935-ci ildə çəkilən "Mavi dənizin sahilində" Azərbaycan səsli kinosunun ilk nümunələrindən biri hesab olunur. Sonrakı illərdə səs texnologiyasının tətbiqi milli kinematoqrafiyanın inkişafına yeni imkanlar açdı.
Sovet hakimiyyəti illərində Azərbaycan kinosu texniki və peşəkar baxımdan əhəmiyyətli inkişaf yolu keçsə də, filmlərin əksəriyyətində kommunist ideologiyası, sosialist quruculuğu, fəhlə və kəndli həyatı, Böyük Vətən müharibəsi və sovet vətənpərvərliyi əsas mövzular kimi təqdim olunurdu. Xüsusilə 1930-cu illərin siyasi repressiyaları və sərt senzura yaradıcılıq azadlığını xeyli məhdudlaşdırmış, bir sıra sənət adamlarının fəaliyyətinə mənfi təsir göstərmişdir.
İkinci Dünya müharibəsinin başa çatmasından sonra Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə istehsal olunan filmlər təkcə ideoloji mövzularla kifayətlənməyərək milli tarixə, ailə dəyərlərinə, insan psixologiyasına və mənəvi-əxlaqi problemlərə daha çox yer verməyə başladı. Rejissorlar milli ədəbiyyata, folklora və tarixə müraciət edir, bədii ifadə vasitələrini zənginləşdirirdilər.
1945-ci ildən sonrakı illərdə Azərbaycan kino tarixində xüsusi yer tutan bir sıra filmlər ərsəyə gəldi. Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş "Arşın mal alan" (1945) təkcə Azərbaycan deyil, bütün sovet məkanında böyük uğur qazandı. Film onlarca dilə dublyaj edildi və dünyanın müxtəlif ölkələrində nümayiş olundu. Musiqili komediya janrının ən uğurlu nümunələrindən hesab edilən bu ekran əsəri Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınmasına mühüm töhfə verdi.
Sonrakı illərdə "Fətəli xan", "Bəxtiyar", "Ögey ana", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Koroğlu", "Dədə Qorqud" kimi filmlər milli kinematoqrafiyanın qızıl fonduna daxil oldu. Bu ekran əsərlərində vətənpərvərlik, qəhrəmanlıq, ailə münasibətləri, milli-mənəvi dəyərlər və tarixi şəxsiyyətlərin fəaliyyəti yüksək bədii ustalıqla təqdim edilmişdir.
1960–1970-ci illər: yeni bədii axtarışlar
1960-cı illərin sonlarından etibarən Azərbaycan kinosunda yeni estetik düşüncə formalaşmağa başladı. Gənc rejissorlar insanın daxili aləmini, mənəvi seçimlərini və cəmiyyətlə münasibətlərini daha dərindən araşdırmağa üstünlük verirdilər. Bu dövr Azərbaycan kinosunda psixoloji realizmin güclənməsi ilə xarakterizə olunur.
1969-cu ildə istehsal olunan "Bizim Cəbiş müəllim" bu mərhələnin ən uğurlu filmlərindən biri hesab edilir. Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilən film Böyük Vətən müharibəsi illərində Bakıda yaşayan sadə insanların həyatından bəhs edir. Burada müharibə yalnız cəbhədə deyil, arxa cəbhədə yaşayan insanların gündəlik həyatında yaratdığı çətinliklər fonunda təqdim olunur. Filmdə insanlıq, mərhəmət və dostluq əsas ideya xəttini təşkil edir.
Həmin dövrün digər maraqlı ekran əsərlərindən biri "Şərikli çörək" filmidir. Əsərdə müharibənin son illəri uşaqların gözü ilə təqdim olunur. Müharibənin ağır nəticələri, uşaqların yaşadığı psixoloji sarsıntılar və eyni zamanda onların həyata olan inamı filmin əsas mövzularındandır.
Eyni dövrdə çəkilmiş "Bir cənub şəhərində" filmi Azərbaycan kinosunda yeni bədii-estetik yanaşmanın nümunəsi sayılır. Filmdə ənənə ilə müasirlik arasındakı ziddiyyətlər, şəhər həyatının insan psixologiyasına təsiri və mənəvi seçim problemləri ön plana çəkilmişdir.
Tarixi filmlərin yüksəlişi
1970-ci illər Azərbaycan kinosunda tarixi filmlərin inkişaf dövrü kimi yadda qalmışdır. Bu istiqamətdə çəkilən ən mühüm ekran əsərlərindən biri "Nəsimi" (1973) filmidir. Rejissor Həsən Seyidbəylinin quruluş verdiyi bu film XV əsrin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyatından bəhs edir. Nəsiminin azad fikir uğrunda mübarizəsi, fəlsəfi dünyagörüşü və faciəli taleyi yüksək bədii ustalıqla canlandırılmışdır. Film bu gün də Azərbaycan tarixi kinosunun şah əsərlərindən biri hesab olunur.
Tarixi mövzuda çəkilmiş "Dədə Qorqud", "Babək", "Koroğlu" kimi filmlər də milli şüurun formalaşmasına və tarixi yaddaşın qorunmasına mühüm töhfə vermişdir.
Komediya janrının inkişafı
Azərbaycan kinosunda komediya janrı da xüsusi yer tutur. Bu sahənin ən uğurlu nümunələrindən biri Vaqif Mustafayevin rejissorluğu ilə çəkilmiş "Bəyin oğurlanması" (1985) filmidir. Kəskin yumor, milli kolorit və maraqlı obrazlar sayəsində bu ekran əsəri illər keçməsinə baxmayaraq tamaşaçılar tərəfindən sevilərək izlənilir.
Müstəqillik dövrü Azərbaycan kinosu
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra milli kino yeni inkişaf mərhələsinə qədəm qoydu. İlk illərdə ölkədə baş verən siyasi və iqtisadi çətinliklər kino istehsalına müəyyən mənfi təsir göstərsə də, sonrakı dövrdə dövlət dəstəyi nəticəsində milli kino yenidən inkişaf etməyə başladı.
Müstəqillik illərində tarixi, sənədli və bədii filmlərin istehsalı artdı, yeni kinostudiyalar yaradıldı, beynəlxalq film festivallarında Azərbaycan filmlərinin iştirakı genişləndi. Müasir Azərbaycan kinosunda Qarabağ müharibəsi, milli-mənəvi dəyərlər, ailə münasibətləri və sosial problemlər əsas mövzulardan biri kimi diqqət çəkir.
Son illərdə ekranlaşdırılmış "Nar bağı", "Mübariz", "Qala", "Sahə", "İçərişəhər" və digər filmlər müasir Azərbaycan kinosunun inkişaf istiqamətlərini nümayiş etdirən nümunələr sırasındadır.
"Nar bağı" filmi rejissor İlqar Nəcəfin yaradıcılığında xüsusi yer tutur. Əsər Anton Çexovun "Albalı bağı" pyesinin motivləri əsasında sərbəst şəkildə işlənilmişdir. Filmdə ailə münasibətləri, torpağa bağlılıq, insanın mənəvi dəyərləri və cəmiyyətin dəyişməsi kimi mövzular ön plana çıxarılır.
Müasir Azərbaycan kinosu bu gün beynəlxalq festivallarda uğurla təmsil olunur və milli kino məktəbinin inkişafını davam etdirir.
Azərbaycan Poeziyası və Musiqisi
Azərbaycan zəngin mədəni irsi, qədim dövlətçilik ənənələri və çoxəsrlik bədii yaradıcılığı ilə dünya mədəniyyətində özünəməxsus yer tutan ölkələrdən biridir. Xalqın milli kimliyinin formalaşmasında poeziya və musiqi həlledici rol oynamış, bu sənət növləri əsrlər boyu bir-birini tamamlayaraq inkişaf etmişdir. Azərbaycan kinosunun estetik xüsusiyyətlərinin formalaşmasında da məhz poeziya və musiqinin təsiri mühüm yer tutur.
Azərbaycan poeziyası
Azərbaycan poeziyasının tarixi min ildən artıq bir dövrü əhatə edir. Xalq yaradıcılığı, aşıq ədəbiyyatı və klassik şeir məktəbi milli ədəbi düşüncənin əsas sütunlarını təşkil edir. Kitabi-Dədə Qorqud dastanı Azərbaycan bədii söz sənətinin ən qədim və qiymətli abidələrindən biri hesab olunur. Burada qəhrəmanlıq, vətən sevgisi, ailə dəyərləri və mənəvi kamillik yüksək bədii dillə ifadə edilmişdir.
XII əsrdə yaşamış Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının ən böyük nümayəndələrindən biridir. Onun *"Xəmsə"*si Şərq poeziyasının zirvələrindən hesab edilir. Nizaminin əsərlərində insanpərvərlik, ədalət, elm, sevgi və yüksək mənəviyyat əsas ideya xəttini təşkil edir.
XIII–XIV əsrlərdə Xaqani Şirvani, Məhsəti Gəncəvi, Qazi Bürhanəddin, XV əsrdə isə İmadəddin Nəsimi Azərbaycan poeziyasına yeni fəlsəfi nəfəs gətirmişlər. Xüsusilə Nəsimi humanizm, azad düşüncə və kamil insan ideyalarını cəsarətlə müdafiə etmiş, bu səbəbdən faciəli şəkildə edam edilmişdir. Onun yaradıcılığı sonrakı dövrlərdə Azərbaycan mədəniyyətinə və kino sənətinə güclü təsir göstərmişdir.
XVI əsrdə Məhəmməd Füzuli lirikanın zirvəsini yaratmışdır. Onun qəzəlləri, qəsidələri və xüsusilə "Leyli və Məcnun" poeması Şərq ədəbiyyatının ən dəyərli nümunələri sırasında yer alır.
XVII–XVIII əsrlərdə Molla Pənah Vaqif və Molla Vəli Vidadi Azərbaycan poeziyasında realizm məktəbinin əsasını qoymuşlar. XIX əsrdə Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və digər sənətkarlar milli ədəbiyyatın inkişafına böyük töhfələr vermişlər.
XX əsrdə Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Cabir Novruz, Ramiz Rövşən kimi şairlər Azərbaycan poeziyasını yeni məzmun və yeni poetik düşüncə ilə zənginləşdirmişlər.
Azərbaycan poeziyası yalnız ədəbiyyata deyil, kino sənətinə də güclü təsir göstərmişdir. Nizami, Nəsimi, Füzuli, Cavid, Sabir, Vurğun və digər klassiklərin əsərləri əsasında filmlər çəkilmiş, onların poetik dili Azərbaycan kinosunun bədii-estetik xüsusiyyətlərini zənginləşdirmişdir.
Azərbaycan musiqisi
Azərbaycan musiqisi dünyanın ən qədim və zəngin musiqi mədəniyyətlərindən biri hesab olunur. Bu musiqi ənənəsi xalq yaradıcılığı, muğam sənəti, aşıq musiqisi və bəstəkarlıq məktəbinin vəhdəti üzərində formalaşmışdır.
Azərbaycan musiqisinin ən qədim qollarından biri aşıq sənətidir. Aşıqlar öz şeirlərini əsasən saz alətinin müşayiəti ilə ifa edirlər. (Qeyd edək ki, orijinal mətndə yazılan "kopuz" ifadəsi müasir Azərbaycan aşıq sənəti üçün düzgün deyil. Kopuz sazın tarixi sələfi hesab olunur, lakin bu gün aşıqlar əsasən sazda ifa edirlər.)
Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Şəmşir, Hüseyn Bozalqanlı və digər ustad sənətkarlar Azərbaycan aşıq məktəbinin inkişafında mühüm rol oynamışlar.
Azərbaycan musiqisinin ən qiymətli incilərindən biri muğam sənətidir. Muğam yalnız musiqi deyil, həm də dərin fəlsəfi düşüncə və improvizasiya üzərində qurulan bədii ifadə formasıdır. 2008-ci ildə Azərbaycan muğamı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli hesab olunur. Onun "Leyli və Məcnun" operası müsəlman Şərqində yazılmış ilk opera kimi tarixə düşmüşdür. Üzeyir Hacıbəyli həmçinin Azərbaycan Dövlət Himninin müəllifidir.
Azərbaycan musiqisinin inkişafında Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Polad Bülbüloğlu kimi bəstəkar və musiqiçilərin mühüm xidmətləri olmuşdur.
Muğam ifaçılığı sahəsində Xan Şuşinski, Seyid Şuşinski, Yaqub Məmmədov, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov, Alim Qasımov və Mənsum İbrahimov Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli nümayəndələri hesab olunurlar.
Azərbaycan vokal sənətinin inkişafında Şövkət Məmmədova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Flora Kərimova və digər sənətkarlar böyük rol oynamışlar.
Poeziya, musiqi və kino vəhdəti
Azərbaycan incəsənətinin əsas xüsusiyyətlərindən biri müxtəlif sənət sahələrinin qarşılıqlı əlaqədə inkişaf etməsidir. Kino, poeziya və musiqi bir-birini tamamlayaraq milli mədəniyyətin vahid bədii sistemini formalaşdırır.
Azərbaycan filmlərinin əksəriyyətində klassik poeziya nümunələrindən, muğamdan və xalq musiqisindən geniş istifadə olunur. Bu isə ekran əsərlərinə milli kolorit, emosional dərinlik və yüksək estetik dəyər qazandırır.
Nizami Gəncəvinin humanizmi, Nəsiminin azadlıq fəlsəfəsi, Füzulinin lirizmi, Üzeyir Hacıbəylinin musiqisi və muğam sənətinin zəngin melodik ənənələri Azərbaycan kinosunun bədii-estetik düşüncəsinin formalaşmasında mühüm rol oynamışdır.
Bu gün də Azərbaycanın kino, poeziya və musiqi sənəti milli-mənəvi dəyərlərin qorunmasına, tarixi yaddaşın yaşadılmasına və ölkənin zəngin mədəni irsinin dünya miqyasında tanıdılmasına xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Bir gün hamımız sonuncu dəfə nəyisə edəcəyik
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsan qəribə varlıqdır. Həmişə elə düşünür ki, qarşıda kifayət qədər vaxt var. "Sabah zəng edərəm", "Gələn həftə görüşərik", "Bir az da işləyim, sonra dincələrəm", "Vaxt tapanda gedərəm". Bu cümlələri demək o qədər asandır ki, onların arxasında gizlənən həqiqəti çox vaxt görmürük. Halbuki həyatın heç kimə vermədiyi bir zəmanət var: sabah...
İnsan həyatındakı ən vacib anların sonuncu olduğunu yaşadığı anda bilmir. Əgər bilsəydi, bəlkə də hər şey başqa cür olardı. Heç kim anasının səsini sonuncu dəfə eşitdiyini bilə-bilə telefonu tələsik bağlamazdı. Heç kim atasının əlini sonuncu dəfə sıxdığını bilə-bilə "işim var" deyib uzaqlaşmazdı. Heç kim dostu ilə sonuncu dəfə çay içdiyini bilə-bilə söhbəti yarımçıq qoymazdı.
Həyat heç vaxt xəbərdarlıq etmir. O, sadəcə davam edir. Dünən adi görünən bir gün, illər sonra insanın ən qiymətli xatirəsinə çevrilir. Uşaqlığımızı düşünək. Bir vaxtlar məktəbə getməkdən şikayət edirdik. Səhərlər tez oyanmaq istəmirdik. Dərslərin bitməsini səbirsizliklə gözləyirdik. Bizə elə gəlirdi ki, məktəb heç vaxt bitməyəcək. Sonra bir gün son zəng çalındı. Hamı sevindi. Elə bilirdi ki, qarşıda daha gözəl həyat başlayır. İllər keçəndən sonra isə bir çox insan həmin məktəbin qarşısından keçərkən dayanır. Çünki anlayır ki, o günlər bir daha qayıtmayacaq.Böyümək də belədir. İnsan böyüməyə tələsir. Uşaq olanda böyük olmaq istəyir, böyük olanda isə uşaqlığını axtarır. Vaxtında dəyər vermədiyi sadə anların həsrətini çəkir. Axşam həyətə düşmək, dostlarla saatlarla söhbət etmək, ailə ilə eyni süfrə arxasında oturmaq... Bunlar o vaxt adi görünürdü. İndi isə ən bahalı hədiyyədən də qiymətlidir. Məncə, həyatın ən böyük faciəsi ölüm deyil. Ən böyük faciə yaşadığımız anı hiss etmədən keçib getməsidir. Bir çox insan ömrünü gələcək üçün yaşayır. Məktəbi bitirim, iş tapım, ev alım, sonra rahat yaşayaram. Sonra anlayır ki, ömrü "sonra" sözünün arxasınca qaçmaqla keçib. İnsan itkilərlə dəyişir. Sevdiyi birini itirəndən sonra telefonuna gələn hər zəngə başqa cür baxır. Boş qalan bir stulun nə qədər ağır olduğunu anlayır. Bayram süfrəsində çatışmayan bir nəfərin bütün otağı necə səssizləşdirdiyini hiss edir. Həmin vaxt başa düşür ki, həyatda ən qiymətli olan şeylər pulla alınmır. Onlar sadəcə yaşanır. Və yaşanmadıqda geri qaytarılmır. Biz xatirələrin yaranmasını hiss etmirik. Bu gün adi hesab etdiyimiz bir söhbə t illər sonra gözümüzü yaşarda bilər. Çünki zaman keçdikcə hadisələr yox, onların mənası dəyişir. İnsan geriyə baxanda başa düşür ki, xoşbəxtlik böyük uğurlarda yox, kiçik anlarda gizlənirmiş. Bəzən bir fincan çay, ailə ilə edilən qısa söhbət, dostdan gələn səmimi mesaj, axşamüstü edilən gəzinti insanın gələcəkdə ən çox xatırlayacağı anlara çevrilir. O anlar yaşanarkən adi görünür. Amma illər sonra onların nə qədər dəyərli olduğu aydın olur.
Biz çox vaxt sevdiyimiz insanlara sevgimizi göstərməyi ertələyirik. Elə bilirik ki, buna həmişə vaxt olacaq. Halbuki bəzən insanın içində ən ağır yük deyə bilmədiyi sözlər olur. "Kaş desəydim", "Kaş getsəydim", "Kaş qucaqlasaydım"... Bu "kaş"lar zaman keçdikcə insanın yaddaşında dərin iz buraxır. Həyat heç kim üçün dayanmır. Təqvim vərəqləri dəyişir, fəsillər keçir, insanlar böyüyür, saçlar ağarır. Dəyişməyən yalnız bir həqiqətdir: bu gün bir daha təkrarlanmayacaq.
Bir gün hamımız sonuncu dəfə nəyisə edəcəyik. Sonuncu dəfə doğma evin qapısından çıxacağıq. Sonuncu dəfə uşaqlıq küçəmizdən keçəcəyik. Sonuncu dəfə bir dostumuzla görüşəcəyik. Sonuncu dəfə kiminsə səsini eşidəcəyik. Amma bunların heç birini o an bilməyəcəyik.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Dağların yaradıcı oğlu
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Əslən Yardımlıdan çıxan yazarlardan danışanda əlbəttə ki ilk olaraq yada Sabir Rüstəmxanlı düşür. Amma siyahını xeyli uzatmaq olar.
Bəli, yolumuz Yardımlıyadır.
Səfər Əhməd oğlu Məmmədov 1962-ci ilin iyul ayının 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olub. 1969–1979-cu illər ərzində həmin kənddə orta təhsilini alıb. 1980–1982-ci illərdə Murmansk vilayətində hərbi xidmətini keçib. 1984-cü ildə M. F. Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomi ilə bitirib.
Təsilini başa vurduqdan sonra Cəlilabad rayonunun Alar kəndində təyinatla işləməyə göndərilib. 1 yanvar 1992-ci ildə M. F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olub. 1994-cü ildə "Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri"(Y. Bondarev və İ. Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə edib.
1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. Hazırda Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Müasir rus ədəbiyyatı kafedrasının dosenti və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanıdır.
50-dən çox elmi məqalə, 1 dərslik həmmüəllifi, 1 metodik vəsait, Y. Polyakovun "Süddə çəpiş" romanının tərcüməçilərindən biri, V. Nabokovun "Maşenka", "Lujinin müdafiəsi", "Obskur kamerası" romanlarının tərcüməçisidir. 2013–2014-cü il Prezident təqaüdçüsüdür, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Rüfət Ilgaz - realizmin məhsuldar nümayəndəsi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün Türkiyənin məhsuldar yazıçılarından biri Rüfət Ilgazın anım günüdür. O, şeir və yumoristik hekayələr, romanlar və uşaq kitabları yazıb. Əsərlərini bəzən Remzi İşık, Mehmet Rıfıt və Stepne imzası ilə yazıb.
O, 24 aprel 1911-ci ildə Kastamonu ilinin Cidə kəndində anadan olub. Rüfat, yeddi uşağın ən kiçiyi olub, doğum tarixi dəqiq bilinmir. Əhali qeydiyyatının qeydlərinə görə, doğum tarixi 7 may 1911-ci ildir və anasına görə "qalın qar olanda" anadan olub. Bu, Ilgazın özünə görə, 1910-cu ilin fevralına uyğundur. Məktəbi bitirdikdən sonra atasının ölümü səbəbilə Ilgaz, Kastamonu Pedaqoji Məktəbinə girmək məcburiyyətində qalıb. Məzun olduqdan sonra Qerede və Akçakoca bölgələrində ibtidai sinif müəllimi işləyib
Bolu bölgəsində müəllim işləyərkən sonradan ilk həyat yoldaşı olan Nuryə xanımla tanış olub (1931). 1932-ci ildə onları Gönül adlı qızları olub. 1933-cü ildə orduya çağırıldıqdan sonra ilk həyat yoldaşından boşanıb. Ankara Qazi Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub. Universitetdə yazıçı ikinci həyat yoldaşı Rikkat xanımla tanış olub. Bu evlilikdən yazarın oğlu Aydın və qızı Yıldız olub.
İnstitutu bitirdikdən sonra yazıçı Adapazarı ilinə işə göndərilib, lakin İlqaz vərəm xəstəliyinə tutulandan sonra işinə davam edə bilməyib, "Yakajik" sanatoriyasında müalicə üçün İstanbula gedib.
İstanbulda olduğu müddətdə İlqaz, Karağıyumruk mahalının orta məktəbində türk dilindən dərs deyib və eyni zamanda universitetin fəlsəfə şöbəsində təhsil alıb. Bu dövr, sonradan müəllifin əsərlərində əks olunan İkinci Dünya müharibəsinə təsadüf edib. Məsələn, "Qaranlıq Gecələr" (türkcə: "Karartma Geceleri") romanının arxa fonunda müharibə açıq şəkildə hiss olunur.
Rüfət İlqazın ədəbi həyatı 1926-cı ildə Kastamonu qəzetinin "Nazikter" də "Sevilənin qəbri üstündə" (tur. "Sevgilimin Mezarında") şeirinin yayımlanması ilə başlayıb. Şeir yazarkən şair on beş olub və sonra özünü "Mehmed Rüfət" təxəllüsü ilə imzalayıb. O, Kastamonudan keçən şair Faruk Nafizin diqqətini belə çəkməyi bacarıb. Ilgaz bir müddət şəxsi mövzularda şeir yazıb, şeirləri "Varlık", "Oluş" kimi jurnallarda dərc olunub.
Lakin sonradan Ilgaz bu şeirlərinin heç birini kitablarına daxil etməyib. Onun fikrincə, bu şeirlərdəki misralar qapalı gözlərlə keçən illəri simvolizə edib. Bir müddət ona inanan Nazim Hikmətlə birlikdə çalışıb. Hikmətin Bursa şəhərinin həbsxanasından göndərdiyi şeirlər Ilgaz tərəfindən İbrahim Səbri təxəllüsü ilə çap edilib. Hikmət də Ilgazın gələcəyinə çox ümid edib.
"Şeir kitabları"
- Yarenlik
- Yaşadıkça
- Devam
- Üsküdarda Sabah Oldu
- Soluk Soluğa
- Karakılçık
- Uzak Değil
- Güvercinim Uyur mu
- Kulağımız Kirişte
- Ocak Katırı Alagöz
"Romanları"
1. Qara dəniz sahillərində
2. Meşrutiyet Kırathanesi
3. Şimal-qərb-qərb (Yıldız Karayel)
4. Sarı Şal (Sarı Yazma)
5. Hoca Nasrettin ve Çömezleri
6. Çoxmərtəbəli binanın uşaqları
7. Dəhşətli Sinif işin içində
"Xatirələr kitabları"
- Yokuş Yukarı
- Kırk Yıl Önce Kırk Yıl Sonra
- Dördüncü Bölük
"Mətbuat nəşrləri"
Nerde Kalmıştık
Səbət pərdəsi
Hekayələr toplusu
- Radarın Anahtarı
- Don Kişot İstanbul’da
- Kesmeli Bunları
- Nerde O Eski Usturalar
- Saksağanın Kuyruğu
- Şevket Ustanın Kedisi
Rüfət İlqaz çox məhsuldar bir yazıçı olub: şeir və yumoristik hekayələr, romanlar və uşaq kitabları yazıb. Bir vaxtlar qadağan edilmiş və satışdan çıxarılan "Qaranlıq Gecələr" romanı (türkcə: "Karartma Geceleri") 2004-cü ildə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin tövsiyə etdiyi 100 əsas əsər siyahısına daxil edilib. Bu günə qədər müəllifin əsərləri yazıçının oğlu Aydın İlqaz ilə birlikdə qurduğu "Çınar Yayınları" nəşriyyatı tərəfindən nəşr olunub.
7 iyul 1993-cü ildə 82 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Ana, mən öləcəyəm!
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Evdə olandainternetə girər, maraqlı məlumatlarlatanış olarmış. Birgünyenə internetə girirvə anasını yanına çağırıbdeyir: “Görürsən, ana? Burdayazılıbki, buvirusatutulanlar üç ildənsəkkizilə kimiyaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir. Ana, mən öləcəm…”
Azərbaycanınəməkdarartisti ƏləkbərHüseynovun sözləridir bunlar. Bu gün onun doğum günüdür.
Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Ələkbər bəy 7 iyul 1961ci ildə Bakıda anadan olub.1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb.
Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb.
Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
"Əsas rolları - Azərbaycan Dövlət Kukla Teatrı"
1. Pəri cadu (Ə. Haqverdiyev) — Qurban
2. Bülbül (H. X. Andersen) — nağılçı; Çin imperatoru
3. Qara rəngin nağılı (N. Bədəlov) — Aydın
4. Tıq-tıq xanım (R. Əlizadə) — dirijor; qoca; müğənni
5. Qar qız (A. Ostrovski) — Lel
6. Keçəlin toyu (R. Əlizadə) — keçəl
Filmoqrafiya
- Yaşıl eynəkli adam
- Analar
- Etiraf
- Köpək
- Bala-başa bəla!
- Təsadüfi görüş
- Yaşıl eynəkli adam-2
- Yaşıl eynəkli adam-3
- Bir anın həqiqəti
Hamının Ələkbər əmi kimi tanıdığı Ələkbər Əliyev haqda mediada müxtəlif maraqlı faktara rast gəlinir. Onlardan bəzilərinə diqqət edək:
1983-cü ildə Ələkbərin atası Adıgözəl kişini Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir, göz yaşları axıdıb deyir: “Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.
Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndə icazə alıb evə gəlir, sürücünün yalvarışlarına ürəyi dözmür, anasına deyir: “Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil”. Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir. Atası qəzadan sonra yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir…
Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyiblər. Ələkbərin anasının Afaqdan xoşu gəlir, qızın anası ilə qərara alırlar ki, gəncləri bir vasitə ilə görüşdürsünlər. Bir axşam Yaqut xala oğlunu da götürüb gələcək gəlinigilə gedir. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlməsə də, ikinci görüşdə qız onu bəyənir.
Ələkbər uroloji xəstəxanada əməliyyat keçirmişdi. “Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz etmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədilər. Ələkbər azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində aktyor qan azlığından huşunu itirib də, telestudiyaya təcili həkim çağırıblar.
90-cı illərdə aktyor maddi sıxıntılar çəkir, amma deyir, mən öz peşəmə xəyanət edib, başqa yolla pul qazana bilmərəm. Nəhayət, qərar verir ki, bağçalara, məktəblərə şaxta baba obrazında getsin. Televiziyada, daha geniş kütləyə tanınandan sonra isə şəhərin məşhur klublarında öz komandası ilə birgə çıxış etməyə başlayır.
Bəzən gün ərzində 5 seans konserti olur. Onun hamısını yüksək səviyyədə başa vurur, pulunu alın təri ilə qazanır. Ölümündən az öncə Polşada ona 1968-ci ildə təsis olunan “Təbəssüm” ordeni verildi. Bu, dünyada yeganə orden-mükafatdır ki, laureatını uşaqlar müəyyən edir.
2002-ci ildə Ələkbər Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına yollanır ki, ağrılı dişdən canını qurtarsın. Fransaya gedir, gələndən sonra ailəsini də götürüb Yessentukiyə dincəlməyə gedir. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında səhhəti pisləşir. Günü-gündən rəngi saralır, gözlərinin içində də sarılıq əmələ gəlməyə başlayır. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda “Hepatit C” virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi.
Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda yoluxub? Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Həkim məsuıliyyətsizliyinin qurbanına çevrildiyinin fərqində olur.
Artıq qaraciyəri şişməyə başlamışdı. İllər sonra onu yoluxduran həkim özü də eyni xəstəlikdən dünyasını dəyişir…
Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət edir. Sonra televiziyalarda, Ələkbərin iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə ciddi xəstəliyi və böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verilir.
Onun üçün hesab nömrəsi açılır. Lakin Ələkbərin antibiotiklərə həssas olduğundan bədəni dərmanları qəbul etmir. Bu xəstəliyin tələb etdiyi çoxsaylı və güclü antibiotiklərlə onu müalicə eləmək qeyri-mümkün olur. Onun ömrünü az da olsa uzatmağın bir yolu qalırdı: yüngül vasitələrlə onu saxlamaq, xəstəlik hallarının gərginləşməsindən qorumaq…
Bu yolla bir qədər ömrünü uzadırlar…
Uşaqlar onu çox sevirdilər. Balaca bir qızcığaz yeməyini yemək istəmirmiş. Anası deyir:
-Bax, yeməyini yeməsən, Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox.
Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.
İyulun 29-da oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca deyir ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb “Ura!” işarəsi göstərir və həmin andan komaya düşür. 2007-ci il iyulun 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə cəmi 3 gün yaşayır. Avqustun 2-də dünyasını dəyişir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)
Hadrut fatehinin doğum günüdür
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün ömrünün 18 ilini Vətənə xidmət edən, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirən, erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına “geri qayıdın” əmri verən peşəkar kəşfiyyatçı və bu xidmətinə görə Hadrut fatehi adlandırılan, xüsusi təyinatlı qüvvələrin baş giziri Camal İsmayılovun doğum günüdür
Onu yaxından tanıyaq.
"Şəhidimiz Camal İsmayılovun şərəfli həyat və döyüş yolu"
Rus, ingilis, erməni dilini sərbəst bilən şəhidimiz 1984-cü ilin iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Ailəsi 1986-cı ildə Rusiyanın Krasnoyarsk vilayətinin İqarka şəhərinə köçüb. Orada rus dilində təhsil alıb. 1991-ci ildə yenidən Azərbaycana geri dönüblər və orta məktəbi Neftçalada bitirib. O, dağ xizəkçiliyi üzrə kitablar tərcümə edib dərslik hazırlayıb. Dağ xizəkçiliyini, paraşütçülüyü peşəkar şəkildə öyrənib.
2002-ci ildə Camal ordu sıralarına çağırılıb. Orada Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilib. Türkiyədə 2014-cü ilin may-iyun ayları ərzində paraşütçülük kursunu bitirib. Daha sonra 2015-ci ildə “Turaz Şahini” təlimlərində iştirak edib. Həmin ilin 28 sentyabr-16 oktyabr tarixlərində Gürcüstanda keçirilən “Dağçılıq və xizək” təlimlərində iştirakına görə sertifikat alıb. 2019-cu ildə isə ABŞ, Pakistan, Gürcüstan, Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən xüsusi 4-cü korpus təlimlərinə qatılıb, fərqlənmə sertifakatına sahib olub.
“Qüsursuz xidmətə görə”, Azərbaycan Respublikası Silahı Qüvvələrinin yubiley medalı, Rusiya Müdafiə Nazirliyinin iştirakçı medalı ilə, ümumilikdə isə 7 dəfə fəxri medalla təltif olunub. Baş gizir heç vaxt evdə işi, iştirak etdiyi əməliyyatlar haqqında danışmazdı. Həyat yoldaşı deyir ki, yalnız onun ölümündən sonra necə bir qəhrəmanın xanımı olduğunu bilib.
Şəhidimiz deyirdi - "Hərbçilər təqaüdə çıxmırlar, onların kağızları şəhidlikdir. Ya şəhid olandan, ya da adi qaydada öləndən sonra mənim haqqımda öyrənəcəksiniz."
"Həyat yoldaşı Fatimə İsmayılovanın dediklərindən:"
“Ailəsi olaraq bilirdik ki, kəşfiyatçıdır, başqa heç nə. Aprel döyüşlərində də iştirak etmişdi. Amma orada baş verənlərdən bir kəlmə də danışmadı. Sadəcə olaraq silahdaşlarını itirdiyinə görə çox pis olmuşdu. Ondan həmişə "müharibə olsun", "torpaqlarımızı alaq" sözünü eşidirdik.
Füzulinin, Cəbrayılın, Hadrutun, Ərgünəş yüksəkliyinin, Qubadlının və Laçına nəzarət edən yüksəkliyin azad olunmasında onun qəhrəmanlığı danılmazdır. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın.
Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar.
Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb. Az bir vaxtda xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Bizim bundan xəbərimzi olmayıb. O boyda əraziləri azad etmişdilər, telefonda bir kəlmə deməzdi, adi gün kimi normal, sadə danışırdı.
Mən deyirdim, Camal, filan yeri azad etmişik, televizordan elan veriblər. Telefonda gülürdü, hiss edirdim ki, oradadırlar, ancaq mənə heç nə demirdi. Bir kəlmə bildirİRdi ki, həddindən artıq qəribə hisslərdir, bunu yaşamaq lazımdır. İnşallah yayda gəlib burada istirahət edərik. Pozitiv danışırdı, heç vaxt bizi müharibədədir deyə sıxmırdı.”
"Baş gizirin sonuncu döyüşü Laçın dəhlizinə nəzarət edən yüksəkliyin azad edilməsi uğrunda olub"
Şəhid xanımı: “17 nəfər olubar. Camal qrup rəhbəri imiş. Gedib həmin hərbi hissəni ələ keçiriblər. Ancaq qüvvələr qeyri-bərabər imiş. 500 nəfər erməni ilə 17 nəfər hərbçimiz 2-3 saat dayanmadan döyüşüb. Son güllələrinə qədər atıblar. Yoldaşım oktyabrın 19-dan 20-nə keçən gecə həmin ərazidə şəhid olub.
Həmişə fikirləşirdim ki, görəsən, şəhid olanda son anda nə düşünüb? Nəşini gətirəndə məndən soruşdular ki, Fatimə hansı qızınızın adıdır? Dedim, Fatimə mənəm. Bildirdilər ki, son nəfəsində mənim adımı çağırıb. Üstündəki “ratsiya” açıq imiş, döyüş yoldaşları onun bu çağırışını eşidiblər.
Təxminən 200 nəfərə yaxın ermənini bıçaqla, boğaraq məhv edibmiş. Hamısını da öldürə-öldürə deyirmiş ki, Xocalının qisasını alıram. Həmişə bildirirdi ki, bu, təkcə torpaq məsələsi deyil, həm də namus işidir. Xocalı soyqırımını qəbul edə bilmirdi. O, bizim namusumuzu, Azərbaycan xalqının üzərindən o ləkəni təmizləyib. Uşaqlar atalarının yoxluğunu dərk edirlər, çox darıxırlar. Deyirəm, atanız kəşfiyyatçı idi, bəlkə də o biri dünyanı kəşf etməyə gedib...”.
"Vətən sevgisi imandandır"
Arzusu torpaqlarımızı almaq və qismət olsa, şahadətə ucalmaq olub. 37 yaşında o arzusuna çatdı, həm torpaqlarımız azad oldu, həm də Şəhidlik zirvəsinə ucaldı. Camal İsmayılov peşəkar hərbiçi olmaqla yanaşı həm də dünyagörüşlü bir ata olub. Qızlarının gələcəkdə xaricdə təhsil almalarını planlayıb. Onların dünyagörüşlərinin çox olmasını istəyib. Oğlu isə onun şəhadətindən 4 ay sonra fevral ayının 2-də dünyaya göz açıb. Özünün istəyi olub ki övladının adı Alp Arslan olsun. Böyüdükdə idmançı olmasını istəyib. Camal İsmayılov özü də idmançı olmaq istəyib və boks üzrə yarışlarda iştirak edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)


