Super User
“Hər şeydən xəbərdar”da – GUAM və İƏT
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Hər şeydən xəbərdar” rubrikasında xoş gördük. Dünyagörüşünüzü artıqmaq üçün bu gün sizlərə GUAM və İƏT təşkilatları barədə danışmaq istəyirən.
GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatdır.
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional qurumdur. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sistemi (VM/DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. Zirvə Toplantısı 2007-də Bakıda, 2008-də Batumidə keçirilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) - 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.
Azərbaycan Respublikasının İƏT-lə ilk münasibətləri 1991-ci ilin fevralında qurulub. 1992-ci ildə Tehran sammitində Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan təşkilata daxil olublar. 2002-ci ildə Əfqanıstan quruma üzv qəbul olunub. Bundan sonra 7 üzv-dövlətin xarici işlər nazirləri İƏT-ə qəbul olunmaqları barədə Akt imzalayıblar. 3 sentyabr 1993-cü ildə bu Akt və İzmir Müqaviləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib.
İƏT üzv-dövlətlərdə həyat səviyyəsini və yaşayış standartlarını yüksəltmək, regiondaxili və regionlararası ticarəti genişləndirmək, inkişaf etməkdə olan ölkələrə tətbiq olunan əlverişsiz ticarət siyasətini aradan qaldırmaq, üzv-dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək və s. istiqamətləri prioritet hesab edir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
İyunun “Ulduz”u çapdan çıxdı
İyun ayının “Ulduz” jurnalı çapdan çıxıb.
“Ədəbiyyat və incəsənət”ə jurnalın redaksiyasından verilən məlumata görə, bu dəfə də ənənəyə sadiq qalan jurnal oxucularına bir-birindən maraqlı yazılar təqdim edir.
İyun sayı şair İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Sənət”də Təranə Vahid bir tamaşanın tarixindən – “Günahsız Abdulla, 62 dəqiqəlik şedevir və 42 il”dən yazır.
“Nəsr” Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= - F”, Mətanən Ulu Şirvanlının “Nənəmin qəbri” hekayələrini təqdim edir.
“Şeir vaxtı”nda Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel, Cavid Qasımovdur.
“Esse”də Seyran Səxavət “Sözün belindən gələn adam”dan yazır.
“Tribuna”da Mobil Aslanlı Huntürk “H.B.Zərdabinin yaradıcılığında sağlam yaşam tərzi problemi”ni araşdırır.
“Debüt”də “Yeddi məktub, bir həqiqət” hekayəsi ilə 13 yaşlı istedadlı gənc Zəminə Məmmədovadır.
“1+1”-də Fəridə Abdullayeva, İlkin Əhmədoğlu, Əminə Həbibdir.
Jurnalın bu sayında Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı, qürbətdə yaşayan Akif Azalpın gənclik şeirləri yer alır.
“Dərgidə kitab”da “Sözümün canı”yla Əsəd Cahangirdir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib
7–11 iyul 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd, Səmərqənd və Termez şəhərlərində “İslam sivilizasiyası: sülh, tolerantlıq və maarifçilik yolu” devizi altında I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, forumun açılış mərasimində Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultanov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Forum iştirakçılarına ünvanladığı salamlama müraciətini səsləndirib.
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın müraciətini Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Kürşad Zorlu, Tatarıstan Respublikası Rəisinin müraciətini isə “Rusiya – İslam Dünyası” Strateji Baxış Qrupunun sədrinin müşaviri və Tatarıstan Respublikası Rəisinin xüsusi nümayəndəsi Farit Muxametşin çatdırıb.
Açılış mərasimində, həmçinin Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və maarifçilik məsələləri üzrə şöbəsinin müdiri Muzaffar Kamilov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri və müfti Şeyx Nuriddin Xoliqnazar, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, ICESCO-nun Baş direktoru Salim M. Al-Malik çıxış ediblər. Müsəlman Dünya Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsanın videomüraciəti təqdim olunub.
Forumda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da iştirak edib. Fondun prezidenti “Böyük keçmişin irsi – maariflənmiş gələcəyin təməli” mövzusuna həsr olunan IV plenar sessiyada çıxış edib.
Professor Aktotı Raimkulova çıxışında Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin yaradılmasına və Forumun keçirilməsi təşəbbüsünə görə Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təşəkkürünü bildirib, ölkənin sivilizasiyalararası dialoqun mühüm mərkəzlərindən biri kimi rolunu vurğulayıb.
Fondun prezidenti İslam və Türk sivilizasiyalarının dünya mədəni irsinə verdiyi töhfələrdən bəhs edib, həmçinin Fondun fəaliyyəti, ICESCO və Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi ilə əməkdaşlığı barədə məlumat verib.
Çıxışının sonunda Aktotı Raimkulova İslam və Türk sivilizasiyalarının irsinin qorunması istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb və əməkdaşlığa görə Forumun təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Forum dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, ekspertləri, beynəlxalq təşkilatların, aparıcı universitetlərin, elmi-tədqiqat mərkəzlərinin, muzeylərin və digər qurumların nümayəndələrini bir araya gətirib.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Liderlik qanunları, nömrə 1
“Ədəbiyyat və incəsənət” portalı “Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı!” kimi suallara savab axtarmaqdadır.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun:
1. Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Tələbə yaradıcılığı - Dinlə bölünən qəlblər
“Ədəbiyyat və incəsənət”in Tələbə yaradıcılığı rubrikasının daimi iştirakçısı – Ağdam Sosial İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədova sizlərə “Dinlə bölünən qəlblər” adlı hekayəsini təqdim edir.
Sizə bir hekayə danışacam, amma bu hekayəyə "Biri varmış, biri yoxmuş" deməklə başlamayacam. Çünki, zatən hər zaman biri var olanda, biri yox olur. Hər iki ehtiyac duyulan şeyin bir arada olması, eyni göy üzündə günəş və ayın eyni anda doğub, eyni anda batması kimi bir şeydir – çox zaman mümkün olmur. Eynilə danışacağım bu hekayədə olduğu kimi – insanlığın var olub, vicdanın olmadığı bir zaman aralığında…
Bir gün bir qrup dost istirahətə getmək qərarına gəlir və yola düşürlər. Bir müddət getdikdən sonra, maşınlarının qarşısına təsadüfən bir heyvan çıxır. Onu vurmamaq üçün maşını kənara çəkirlər, lakin yolun kənarına çıxdıqları üçün maşının təkəri şüşə parçasından zədələnir. Hazırlıqsız çıxdıqları üçün ən yaxın kəndə kömək almağa gedirlər.
Bir az getdikdən sonra dostlardan birinin gözləri ara küçədə yolun kənarında axan bir bulaq görür. Su içmək üçün dayanır və ora yaxınlaşır, suyun sərinliyi ona ləzzət edir, əl üzünü yuyur, başını geri çevirəndə orada nur üzlü bir qızı – Jenanı görür. Göz-gözə gəlirlər. “İlk görüşdə məhəbbət” bir klişe kimi səslənə bilər, ona görə deyəcəm ki, Jena Muradın ilk baxışda xoşuna gəlir. İstəmədən gülümsəyir. Və dostlarının səslənməsi ilə getmək məcburunda qalır. Arxaya baxa-baxa gedir. Kənd çox gözəl olduğu üçün və orada da istirahət yerləri olduğu üçün “təsadüf oldu bu kənddə kəşf etdik” deyərək dostlar orada qalmağa qərar verirlər. Bir həftə qalırlar.
Murad hər gün eyni bulağın yanına gedir, ordan keçir ki, yenə Jenanı görsün. Lakin onu yalnız 1 dəfə görə bilir. Son gün, bir ümidlə yenidən bulağa gedir, amma Jena orada olmur. Ümidsiz və kefsiz halda qayıdarkən, birdən onunla qarşılaşır və Jenaya xoşlandığını etiraf edir. Jena isə sadəcə gülümsəyərək keçib gedir.
Murad pərişan halda geri dönür. Bir müddət keçdikdən sonra yenidən qayıdır. Və zamanla bu get-gəllər artır, artan yalnız get-gəllər deyildi, onlar arasındakı duyğular da artırdı. Zamanla bir-birini daha yaxşı tanıyırlar və sevdalanırlar. Uzun bir aradan sonra evlənmək qərarına gəlirlər. Və ailələrinə bu barədə deyirlər. Hər ailədə olduğu kimi, bu ailələrdə də “Övladlarımız evlənir” deyə sevinirlər, lakin sevinc bir anda yox olur, yerini kədərə, qəzəbə verir. Onların öyrəndikləri bir reallıq, ailələrin Murad və Jenaya qarşı olan evlilik fikirlərinə mənfi təsir göstərir və buna qarşı çıxırlar. Jenanı Murada vermirlər. Hətta Jenaya elçi belə getmirlər. Səbəb isə Jenanın xristian, Muradın isə müsəlman olması idi. Hə, hə, düz eşitdiniz: biri xristian, biri müsəlman. Sanki başqa dünyada, başqa varlıqmış kimi yanaşılan din seçkiliyi. İnsanın insan olduğu üçün deyil, cəmiyyətdə fərqli olan yönü üçün iki sevənin sevgisinə yox saydılar. İnsanların yaşayışına ən gözəl yön olan dinə hörmət qoyan insanlar, insanların insanlar qarşı olan duyğularına hörmət qoymurlar.
Jenanın ailəsi – atası və qardaşları – deyir ki: “Sən öz dinindən biri ilə evlənməlisən.” Muradın ailəsi isə belə deyir: “Dinini sənin üçün dəyişən qız, sabah səni də başqasına dəyişər.” Beləcə, yenə də mentalitet, boş və geri düşüncələr üstün gəlir. Onlar isə dinə, irqə deyil, bəzi insanlarda olmayan insanlıq duyğularına aşiq olmuşdular – daxilə, ruhun gözəlliyinə.
Və qaçmaq qərarına gəlirlər. Qaçırlar, evlənirlər və hər kəsdən uzaqda yaşayırlar. Hər ikisi də öz ailəsindən uzaqda... lakin ailələrindən və alışdıqları ortaq mühitdən ayrıldıqları üçün biraz çətinlik çəkirlər. Murad universiteti bitirdiyi üçün iş axtarışına başlayır, tapır da, çünki onun üçün ən önəmlisi Jenanı rahat etmək və sevgilərinə sahib çıxmaq idi. Bir müddət belə davam edir. Onlar artıq yeni evə, yeni və yeni mühitə adaptasiya olublar, hətta çevrədə qonşu-qonşuda olublar. Ailələrindən fərqli olaraq yeni tanıdıqları bəzi insanlar onların bu cəsarətinə və fərqli yollarına baxmayaraq, bir-birlərinə qarşı sahib çıxdıqları sevgiyə hörmətlə yanaşırdılar. Arada keçən bir neçə il sonra onlar artıq tək deyildilər. İki nəfərlik başlatdıqları ailə dörd nəfər idi – onların iki oğul övladları olur, biri Məhəmədd, biri İsa. İsa 3 yaşında, Məhəmədd isə 5 yaşında olur. Bəli, artıq bu yerə qədər gəlmişiksə, yəni düşünürsünüz xoşbəxtliklə bitən bir sevgi oldu, təəsüf... Nə olursa bundan sonra olur. İnsan keçmişindən nə qədər qaçsa da, keçmiş onların arxasını buraxmır. Çünki keçmiş insan üçün silinməyəcək, qaralanmış bir vərəq kimidir. Onlar nə qədər qaçsalar da, Jenanın qardaşları onları tapır. Bir gün Murad evdə olmayanda, qapı döyülür. Jena, “Murad hələ işdədir, yəqin qonşudur,” deyə qapını açır. O anda qardaşları ilə üz-üzə gəlir. Düşünürsünüz yəqin barışıblar?
Kaş elə olaydı... Amma bu köhnə düşüncəli, mentalitetə bağlı insanların nəinki bağışlaması, anlayıb dinləməsi belə çətin məsələdir.
Evin içərisinə girirlər və Jenanı iki övladının yanında təhqir edirlər. Deyirlər ki, “Müsəlmanla evlənib dinimizi ləkələmisən, qaçmaqla namusumuza kölgə salmısan.” Onda hələ iki övlad da dünyaya gətirmisən. Jena övladlarını qucaqlayaraq ağlayır, Allaha Muradın tez gəlməsi üçün dua edir.
Qardaşlar isə buna gülərək deyirlər: – “Sən hələ buna bax! Artıq öz tanrısını çağırır, bu da bəs deyil, bir də lazımsız birini köməyinə yetirməsini istəyir!” deyərək qəzəblə.
Sonra onu təhqir edərək saçından yapışırlar, uşaqlarını ondan ayırırlar və Jenanı evin içində yerdə sürüyürlər. Bu hərəkət onların içindəki qəzəbi daha da alovlandırır. Jenanı uşaqlarının gözü önündə döyürlər, sonda isə inanılmazını edirlər - başını kəsirlər.
Üç yaşlı oğlu İsa qorxudan ürəyi partlayaraq ölür. Beş yaşlı oğlu Məhəmədd isə dərin bir şok vəziyyətinə düşür, susur, donub qalır.
Daha bir din, irq, cinsiyyət ayrı-seçkiliyi can alır. Bir qadın canı, bir sevgi, bir xoşbəxtlik – bədbəxtliyə çevrilir.
Axı niyə? Etnik azlıq bu qədər fərqlidirmi? Məgər ağ dərili, qara dərili ilə evlənə bilməz? Böyük gözlü, qıyıq gözlü ilə evlənə bilməz? Xristian, müsəlman, yəhudi – insan insana aşiq ola bilməzmi? Din insanlar insanları öldürməyi, şiddət etməyi öyrədirmi? Heçmi hər dinə hörmət etməyi, insanı sevməyi, hər etnik azlıq və dəyişiklik olan insana sahib çıxmağı, ona qarşı törədilən ədalətsizliyə qarşı mübarizə öyrətmir?
İslam dinində "Kitab əhlindən (yəhudi və xristianlardan) düz adamlar da var..."
(Ali-İmran surəsi, 113-114-cü ayələr)
Bu ayələrdə qeyd olunur ki, kitab əhlindən (yəni yəhudi və xristianlardan) doğru-dürüst, Allahdan qorxan, saleh insanlar da var. Bu da İslamın obyektiv və ədalətli yanaşmasını göstərir. Xristianlıqda isə “Sənin qonşunu özün kimi sev.”
(Mark 12:31)
Bu ayə təkcə fiziki qonşunu deyil, fərqli din və mədəniyyətdən olan insanları da əhatə edir. Sevgi və hörmət əsas dəyər kimi göstərilir.
Heç bir dəfə belə olsa, Qurani-Kərimin, İncilin uzununu açmayanlar özlərini ağıllı zənn edirlər və üstün görürürlər. Ağıllı insan zaten ilk növbədə bilməlidir. Tək bir yaradan var. Və o da bizi hamımız eyni quruluş üzərində, tək Yaradan tərəfindən yaradılmışıq. Bunu qəbul etmək – hər şeyi həll edir. Sadəcə insan olmaq deyil, vicdanlı insan olmaq lazımdır. Tanrı yaradanda insan yaradır, ancaq hər kəs adam ola bilmir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Xalq artisti Zülfüqar Baratzadə - rəqqaslıqdan aktyorluğa
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Təqvimdə doğum günləri qeyd edilən mədəniyyət xadimlərindən biri də Azərbaycan SSR xalq artisti Zülfüqar Baratzadədir.
Bəzən incəsənət sahəsində uzun müddət bir yaradıcılığa yönəlirsən, istedadsız olduğunu, yerində saydığını çox gec dərk edərək sonadək öz yerində ola bilmirsən. Bəzən isə ürəyincə olmayan. Yaxıd sənə bab olmayan sahədə lmağını dərhal duyub korrektə edirsən. Məhz Zülfüqar Baratzadə də belə edib.
Zülfüqar Baratzadə 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olub. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub. Amma aktyorluq onu daha çox cəlb etdiyindən filarmniyadan gedəsi olub.
1949-cu ildə Gəncə DDT-nin truppasına daxil olub. Xarakterlər aktyoru idi və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanıb.
Aktyorun teatrda əsas rolları:
1. Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman)
2. Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov)
3. Sərsəri ("Kəllə", Nazim Hikmət")
4. Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev)
5. Balıqçı ("Günəş", Lütfəli Həsənov)
6. Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə)
7. Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov)
8. Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa)
9. Müşavir ("Səyavuş", Hüseyn Cavid)
10. Nəroğlan ("Qız atası", Əfqan Əsgərov)
11. Effer ("Bura gəlin", Əziz Ne-sin)
12. Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil)
13. İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski)
Filmoqrafiya
- Yenilməz batalyon
- Yeni evlənənlər
- Bəyin oğurlanması
- Ölsəm... bağışla
- Qətl günü
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti
- Azərbaycan SSR Xalq artisti
Aktyor 11 fevral 1991-ci il tarixində - 60 illik yubileyinə hazırlaşdığı dönəmdə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Şeir saatında Aqşin Evrənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün Aqşin Evrənin şeirləri ilə tanış olacaqsınız.
Aqşin EVRƏN
Səfərov Aqşin Elşən oğlu 1990-cı il sentyabrın 16-da Şirvan (Əli Bayramlı) şəhərində anadan olub. 2008-2012-ci illərdə Bakı Slavyan Universitetində təhsil alıb. Müəllifin ilk şeirlər kitabı “Mənfi sənsiz dərəcə” 2017-ci ildə işıq üzü görüb. 2012-ci ildə “Nəsimi” müsabiqəsinin, 2014-cü ildə “Ədəbi azadlıq” müsabiqəsinin və başqa müsabiqələrin qaliblərindəndir. Şeirləri dünyanın müxtəlif ölkələrində tərcümə edilərək yayımlanıb.
XATİRƏ
Kənd. Yaz səhəri.
Günə verilən yastığı didişdirdi bala qu quşu,
Qəfildən yastıqdan çıxan tüklər yağdı üstünə
– anasından xatirə.
Sükut.
SEVGİNİN ÖLÇÜ CİHAZI
Bu soyuq havalarda evdə olan hər kəsin
hansısa küçələrdə üşüyən tərəfi var.
Bu tutqun axşamçağında hamının ürəyinin
hələ oxunmamış gizli sevgi rəfi var.
Sevməyin ölçü cihazı bu sadə cümlədəydi:
“Əlini tutsa, sevgidir, nəbzini tutsa, taleyin”.
Nə etməli... belə oldu... İndi ki üşüyürsən,
Götür eşqdən ürəyində qalan o odu, geyin.
Yeni çəhrayı palto al, təzə soyadı geyin.
Darıxmağa tutul, getsin – vəhşi cəlladı geyin.
Külək əssin...
Onun əlin süzən meh gəlib saçında gəzsin.
Həsrət asta girsin evə, barmaq ucunda gəzsin,
Oyatmasın beşiyində uyuyan xatirəni.
Soruşursan, necə idi sevgi olan illərin?
– “Rənglər vardı”... gözəl idi rənglərin olduğu vaxt.
Ayrılığın qoşunları hücuma keçən gündən
Xatirələrin işğalı altında qalıb paytaxt.
Şaxta düşdü, isitmədi səni çəhrayı palto,
Heç utanma, ürəyində qalan o odu geyin.
Sevməyin ölçü cihazı, əslində, beləcəydi:
“Əlini tutsa, sevgidir... buraxmasa, taleyin”.
ZİVƏ
Qış. Boran.
Külək zivədəki uşaq paltarını dartışdırırdı
evdən bir qədər aralıdakı qəbiristanlığa – balaca, soyuq məzara sarı.
ŞAH TƏHMASİBƏ MƏKTUB
Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıdır yüksəlir başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm “sülh” bağırır, Şah!
Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini,
Əlini dünyadan çəkib evinə gedər Allah.
Şah!
İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar.
Ölmüş atın ayağından bizə baxar aypara
– Yəni göylər yerə enər... göylər gələr döyüşə
Görən, necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?
Mən də torpaq istədim – bir uşağın dibçəyinə tökməyə...
Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün,
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.
Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:
Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?
SUAL
Yay. Bürkü.
Pambıq qozası nələri soruşmaq istəyir
tikanına ilişmiş bəmbəyaz köynəkdən?
UNUTMAĞIN RESEPTİ
Hərdən onun toxunduğu yerlər qopar bədənindən,
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “Qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”
Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı,
Görərsən saçların onun çiyni üçün darıxır.
Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin
Hərdən boynunu üşüdər onun aldığı şərf də,
barmaqların əllərindən sırsıratək sallanar.
Boş küçədə öskürər xatirələr astaca,
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”
Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində,
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...
TALEYİN BURULĞANI
Payız. Fırtına.
Gəmilər insanları sahilə çıxarmaqçün yaradılır,
Amma yalnız batan gəmilər tarixdə qalır.
ANTİK XXI ƏSR
Əllərinə "Ana" və "Ata" yazıb savaşa gedənlər itirdilər əllərini,
Yəni təkcə əlləri yox, ataları, anaları da yaralandı.
Müharibələrə görə peyda oldu okeanlar, dənizlər
– Torpaq insanları bir-birindən uzaq tutmaqçün aralandı.
Qəribədir:
Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar
Bütün güllər dərilir… bütün güllər dərilir,
Amma ən birinci məzar üstə qoyulanlar solurlar.
Eyni ağacdan düzəlir tar və silah qundağı,
Eyni yerdən şikəst qalır anaların qucağı.
Kəpənəyə bənzədər raketləri gül-çiçək,
Görən, hansı səs çıxar pianinonun dillərin güllələsək?
Yer kürəsinə baxıram: kimyəvi dərmanların üstünə yazılır:
"Uşaqların əlinin çatmadığı yerə qoyun".
Göz yaşları içində pıçıldayır doktor:
"Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun".
ZEN
Zen, bişirdiyin keksə daraşmış qarışqalar da öldü,
Daha səndən heç nə qalmadı bu şikəst evdə.
Daha mən öyrəndim ki, tarix üşüməyi qucaqlaşmaqçün,
Sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb.
Uşaqlıqdan, gənclikdən, qocalıqdan başqa
bir də onsuzluq dövrü olur insan ömrünün
Yalandı, Zen... Yalandı...
İnsanı qocalıq yox, onsuzluq dövrü öldürür.
Qucaqladığım qadınları birləşdirib
özümə bir ana düzəldə bilmədim...
Bəzən bu nəhəng ömür bircə sözdən ibarət olur: “Gəlmədi...”
Zen, qadını ən tez atası unudur,
Ən çox xatirələr xəstələndirir adamı,
İştahın olmur yemək yeməyə,
yaşamağa,
...gəlməyə.
Daha buruq saçlar unutmasın,
Sən də unutma, Zen, sən də unutma:
Ayrılıq haqqında deyilmiş ən gözəl söz – ayrılmamaqdı.
BƏNAZİR BHUTTO ÖLMƏMİŞDİ
“Üç keçi” nağılı üçbaşlı əjdahaya çevrildi həmin gün.
Gecə məni “Bayu-bayu” ilə yatırıb
səhər anamın yoxluğu ilə oyatdılar.
Anasının narıncı koftasını iyləyib yatan bu uşağı
birdən “narıncı inqilablar”ın qucağına atdılar.
Sonra həyat məhkəmə çəkici ilə döydü sinəmi,
Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım.
Son dəfə dolmuş gözlərlə
boş ömrümə baxıb getdi uşaqlığım.
Qapının ağzında ayaqqabının biri azaldı
Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə.
Anam ömrümüzdən getdiyi gün bizi atıb çölə çıxdı ev,
həsrət qaldıq evimizə.
Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi,
Hələ Bənazir Bhutto ölməmişdi – Şərq anasız qalmamışdı...
Mən anasız qalanda.
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik,
Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?
Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə –
söküldü əlinin dərisi.
Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora,
Qapımızın ağzında canını tapşırdı fauna,
Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını.
Atamın köynəklərini bacım ütüləməyə başladı...
Beləcə üçbucaq teoremini ütüdən,
Çevrənin radiusunu qazandan,
Nidanı atamın çəliyindən,
Nöqtəni də anamın yoxluğundan öyrəndi.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Bir gənc yazıçı – AYSEL ŞIXLI haqqında söhbət...
ElmanEldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bunu ariflər yaxşı bilir- “Vicdan öhdəliyi” deyilən bir məfhum- yəni məntiqi cəhətdən formalaşmış ümumi qəbul edilən fikir var. Vicdan öhdəliyinin əhatə dairəsi çox böyükdür. Gəncləri həvəsləndirmək, onların hər bir uğurunu alqışlamaq kimi müsbət xüsusiyyətlər də, bu öhdəliyə daxildir. Bəli, xalqını sevən hər kəs, onun gələcəyi olan gənclərə diqqətlə yanaşmalıdır, onların nailiyyətlərinə sevinməlidir. Sevinirəm, sevinirəm ki, gənclərimizin arasında Aysel adlı bir istedadlı gənc də var. Bu dəfə sizə ondan danışmaq istəyirəm...
Aysel Şıxlı ictimai siyasi xadim, məşhur xalq yazıçısı İsmayıl Şıxlının oğlu Fərrux bəyin ailəsində, 1994-cü ildə dünyaya gəlib. Orta təhsilini Bakıda 102 saylı məktəbdə başa vurub. Sonra təhsilini BDU-da davam etdirərək Turizm və Otelçilik ixtisasına yiyələnib. 2016-2018-ci illərdə Azərbaycan “Bentley”, 2019-cu ildə isə “Corn Advertising” şirkətlərində çalışıb. Daha sonra bir müddət müstəqil fəaliyyət göstərib. Ömür-gün yoldaşının xaricdən iş təklifi alması ilə əlaqədar, Hollandiyanın Amsterdam şəhərinə köçüblər. Hazırda orada yaşayır. Bir-neçə kitabı işıq üzü görüb...
Deyir ki: - “Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki...”
Özünə güvənən, həssas xanımdır. Hiss etmə, duyma qabiliyyəti çox güclüdür. Acizliyə, zəifliyə nifrət edir. Özünü qorumaq üçün yaratdığı qəribə sədləri var. Kənardan heç kəs bu sədləri asanlıqla hiss edə bilmir. Əslində, bu sədlərin arxasında son dərəcə mülayim bir xarakter gizlənir. Həmin sədlər ancaq qarşısındakı insana güvəndiyi zaman dağılır. Amma hər kəsə asanlıqla güvənmir. Birdən düşünərsiniz ki, bu kobudluqdan irəli gəlir, əsla yox. Onun heç vaxt qarşısındakı insanın qəlbini qırmaqdan xoşu gəlmir...
“Sevgi və dostluq həmişə aktual mövzudur. Kitablarımda həmin dəyərləri müasir gənclərin gözündə təsvir etməyə çalışıram. Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar hər hansı bir kitabı oxuyarkən, öz yaşamlarında hiss etdiklərindən bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur...”- söyləyir.
Deyib-gülməyi, mehriban rəftarı xoşlayır və yumor anlayışı onda çox yaxşı inkişaf edib. Dostlarına və dostluğa böyük önəm verir. Köməyə ehtiyacı olan hər kəsə əl uzatmağı bacarır. Olduqca xarizmatik bir kimliyə sahibdir. Zamanla onu daha yaxından tanıyan insanlar, onun daxilən əzab çəkdiyini zənn edə bilərlər, amma o, çox şən və məzmunlu adamdır. Ortaya hər hansı bir problemi çıxanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. Bəli, o, bunu heç kimi narahat etməmək üçün edir. O qədər əsrarəngizdir ki, bu xüsusiyyəti onun varlığına xüsusi bir rəng qatır...
Deyir ki: - “Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb vaxtı gündəlik yazırdım. Biri bitən kimi yenisinə başlayırdım. Öz fikirlərimdən ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim. Vaxt keçdikcə özümü təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim. Yazıçı ailəsində böyümək məsuliyyətlidir. Bu qorxuma güc gəlmək məndən xeyli zaman aldı, ancaq sevinirəm ki, bu addımı atdım...”
Atası rəssam Fərrux Şıxlı, anası yazıçı Reyhan Yusifqızı olan Aysel xanım uşaqlıqdan özünü Qazax bölgəsindən olan əksər ailələrdə olduğu kimi yaradıcı mühitdə - kitabların, rəsmlərin arasında görüb. Rəsm çəkməyə də erkən yaşlarından başlayıb. Bir gün plastilindən düzəltdiyi miniatür fiqurlar rəsm müəlliminin diqqətini cəlb edib və o, bu fiqurları məktəbin sərgisinə qoyub. Günlərin birində də Azərbaycan televiziyasından evə çəkiliş qrupu gələrək, bu, hörüklü balaca qızı lentə alıblar. Plastilindən fiqurlar düzəldə-düəldə aparıcının suallarını həvəslə cavablandırıb...
Ümumiyyətlə, məktəb illəri ərzində Aysel bir çox sahələrdə özünü sınayıb: musiqi ilə məşğul olub, fortepianoda çalmağı öyrənib. Özünü ifadə etmək qabiliyyətini kəşf edəndən sonra, fikirlərini yazıya köçürməyə başlayıb və kiçik hekayələr yazaraq, onlara illüstrasiyalar çəkib. Orta məktəbin sonuncu sinfində Aysel birdən-birə dekorativ sənətlə məşğul olmaq qərarını dəyişərək, sənədlərini 2-ci qrupa verib və Bakı Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olunub. Amma yaradıcılıq həvəsi onda heç vaxt sönməyib. Təhsilini bitirdikdən sonra isə yenidən yaradıcılığa qayıdaraq, qrafik dizayner kimi çalışmağa başlayıb. Daha sonra fəaliyyətini müstəqil olaraq davam etdirib. Peşəkar yazıçılıq fəaliyyətinə isə 2018-ci ildən girişib. İlk dəfə “Mənəm, Yusif” adlı hekayəsi “525-ci qəzet”də nəşr olunub. 44 günlük müharibəyə həsr etdiyi bu əsər, müasir gənclərin savaş boyunca necə böyüdüyünü, hadisələrin məğzini, vətən sevgisini daha dərindən dərk etmələrindən bəhs edir. İkinci- “İşıq” adlı hekayəsi isə sahibini itirmiş bir itin həyatına həsr olunub. Heyvanlara qarşı olan sevgisi onu evsiz heyvanlara qarşı biganə qalmağa qoymur. Bu hekayə ilə bütün canlıların evə və sevgiyə möhtac olduğunu göstərməyə çalışıb...
Arzuları çoxdur. Ağlında yığışıb qalmış bütün yeni ideya və fikirlərini yazıya çevirmək, onları ərsəyə gətirmək və yeni uğurlar qazanmağı planlaşdırır. On il sonra televizoru açdıqda insanların onun əsərləri əsasında çəkilmiş filmləri, animasiyaları izləməsini, bir sözlə, oxucu auditoriyasının genişlənməsini istəyir. Pianoda ifa etmək, yağlı boya ilə rəsm çəkmək, manqa və komikslər oxumaq onun hobbisidir. Düşünür ki, müasir gənclərə dəstək olmaq, yön göstərmək vacibdir. Onları həvəsdən salmamaq, ilk uğursuzluqda kəsib atmamaq lazımdır. Axı yaradıcı insanların həmişə dəstəkləndiyini və sevildiyini bilməyə ehtiyacı olur...
“Yazıçı olmaq üçün insan ilk növbədə özünü bu çətin, kəşməkeşli yola hazırlamalıdır. Çünki nə qədər asan görünsə də, kitab yazmaq, onu ortaya çıxarmaq, onun arxasında durmaq çox ağırdır, adamdan böyük enerji tələb edir. Sevinirəm ki, bu gün mən özümü yazıçı kimi təqdim edə bilirəm...”- söyləyir.
Xüsusən qeyd edim ki, Ayselin “Qanadsız mələk” romanı ardıcıl olaraq Teas-press yayın evinin ən çox satılan nəşrləri sırasında qərarlaşıb.
Bu gün - iyulun 8-i jazıçı Aysel Şıxlının növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
“Maraqlı söhbətlər”də poçtla uşaq göndərmək
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər. Bu xidmətin dəyəri bir dollardan az idi və qatar qiymətindən 10 dəfə ucuz başa gəlirdi.
Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı. 1913-cü ildə ABŞ-da "Poçt haqqında qanun" qüvvəyə minir. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul olur. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda, tütün və dərman ala bilirdilər. Amma qanunvericilik hər şeyi düşünmədiyi üçün hiyləgər iqtisadçilar bundan istifadə etdilər.
Poçt çəkisi 22,68 kq-a qədər olan canlıları da çatdıra bilirdi. Bu ona görə edilmişdi ki, kənd sakinləri poçtla ev quşları göndərə bilsinlər. Amma formal olaraq şərtlər balaca uşaqlara da uyğun gəlirdi.
1913-cü ilin yanvar ayında Biql ailəsi kənd poçtu ilə övladlarını nənələrinin yanına göndərdilər. Xidmətdən istifadə onlara 15 sentə başa gəlir. Yük isə 50 dollara sığortalanmışdı. Bu, poçt vasitəsilə göndərilən ilk uşaq idi. Yanvarın 27-də isə Savis ailəsi də Pensilvaniyadan qızlarını Şarpsvill şəhərinə göndərdilər. Bu xidmət onlara 45 sentə başa gəlir.
1913-cü ildə bunu qadağan etmək istədilər və uşaqların arı, böcək, heyvan olmadığını bildirdilər. Amma yenə də valideynlər uşaqlarını poçtla göndərməyə davam edirdilər.
1914-cü ildə Amerikanın baş poçtmeysteri general Albert Sidney Berlizon poçt işçilərinə uşaq daşımağı qadağan edən qanun qəbul etdi. Göndərişin qanunla qadağan olunmasına baxmayaraq amerikalılar 1920-ci ilə qədər uşaqlarını poçt vasitəsilə göndərməyə davam etdilər.
İndi belə bir şeyi təsəvvür etmək olarmı?
Əsla yox.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)
Yaşamadığınız bir hadisə haqqında qəhrəmanlıq hekayəsi danışmayın
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Bəzən elə suallar olur ki, onların nə doğru cavabı var, nə də ümumiyyətlə verilməsinin bir mənası. Maraqlıdır ki, insanlar ən çox da məhz belə sualları sevir. Çünki həmin suallara verilən cavablar insanın vicdanını deyil, cəmiyyət qarşısında yaratmaq istədiyi obrazı göstərir. Bir müddət əvvəl sosial şəbəkələrdə bir görüntü geniş müzakirə olunurdu. Jurnalist köməyə ehtiyacı olan bir insanı lentə almışdı. Ardınca isə linç başladı. "Niyə çəkdin?", "Niyə kömək etmədin?", "Sən insanlıqdan uzaqsan", "Reytinq dalınca qaçırsan...".
Maraqlıdır, həmin adamlar doğrudanmı bilirlər ki, özləri o vəziyyətdə nə edərdilər? Yox. Sadəcə elə düşünürlər.
Daha sonra bu mövzunu müəllimlə müzakirə edirdik. Eyni sual mənə də verildi:
"Əgər sən orada olsaydın, vətəndaş borcunu yerinə yetirərdin, yoxsa jurnalist borcunu?"
Hamı növbə ilə cavab verirdi. Kimsə deyirdi, "Mən ilk növbədə kömək edərdim". Digəri deyirdi, "Əvvəl çəkərdim, sonra kömək edərdim". Başqası isə özünü bir az da vicdanlı göstərmək üçün "Mən heç çəkməzdim, ancaq kömək edərdim" deyirdi. Mən isə onların cavablarını yox, əminliklərini izləyirdim.
Bu qədər əminsiniz?
Doğrudanmı bilirsiniz? İnsanlar niyə yaşamadıqları hadisələr haqqında bu qədər rahat hökm verirlər?
Əslində bu sual mənə uşaqlıqdan tanışdır. Sadəcə forması dəyişib. Uşaq olanda bir-birimizə soruşurduq: "Ananla atan suda boğulsa, hansını xilas edərsən?" Və ya "Pişiyinlə dostun təhlükədə olsa, ilk kimi qurtararsan?" Hamımız cavab verirdik...Amma heç birimiz o vəziyyəti yaşamamışdıq.
Bu gün də eyni oyunu böyüklər oynayır. Sadəcə "ana və ata"nın yerini "vətəndaş borcu" və "jurnalist borcu" tutub. Halbuki cavab eynidir.
Heç kim bilmir.
Mən indi desəm ki, "Mən həmin insanı xilas edərəm. O an jurnalist olduğum heç yadıma düşməz", yalan danışmış olaram. Çünki mən o anı yaşamamışam. Mən haradan bilim ki, hadisə ilə üz-üzə qalanda beynim necə işləyəcək? Haradan bilim ki, peşə instinktim məni kameraya yönəldəcək, yoxsa refleks olaraq insanı xilas etməyə?
Əgər desəm ki, "Yox, mən əvvəl jurnalist borcumu yerinə yetirərəm. Hadisəni lentə alaram, sonra kömək edərəm", bu da yalandır. Çünki bunun da necə olacağını bilmirəm. Hətta desəm ki, "Mən hər ikisini edərəm", yenə də özümü aldatmış olaram. Həyat sosial şəbəkədə yazılan status deyil ki, hər şey plan üzrə getsin. Həmin an saniyələr qərar verir. Bəzən insan donub qalır. Bəzən həyəcanlanır. Bəzən ağlına heç nə gəlmir. Bəzən də sonradan özünün belə izah edə bilmədiyi qərar verir. Ona görə mən bu suala cavab verməkdən imtina edirəm.
Yox, cavab tapa bilmədiyim üçün yox. Ona görə ki, dürüst olmaq istəyirəm. Mən yaşamadığım bir hadisə haqqında qəhrəmanlıq hekayəsi danışmaq istəmirəm. Çünki bilirəm ki, insan özünü danışanda yox, yaşayanda tanıyır. Bu gün klaviatura arxasında hamı qəhrəmandır. Hamı vicdanlıdır. Hamı ideal jurnalistdir. Hamı ideal vətəndaşdır. Amma həyat o deyil. Həyatın ən böyük fərqi budur: burada cavabları əvvəlcədən yazmaq olmur, yazsaq da real olmur. Bəlkə də buna görə belə sualları mənasız hesab edirəm. Çünki bu sual mənim vicdanımı yoxlamır. Sadəcə məni gələcəklə bağlı yalan danışmağa məcbur edir.
Mən gələcəyi bilmirəm.
Siz də bilmirsiniz.
Heç kim bilmir.
“Ədəbiyyat və incəsənət”
(08.07.2026)


