Super User
Liderlik qanunları, nömrə 3
“Ədəbiyyat və incəsənət” portalı Liderlik qanunlarının dərcini davam etdirir.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
3.Proses qanunu.
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
“Düşünün, çünki hələ qadağan olunmayıbdı” – Corc Oruell
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Corc Oruellin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Corc ORUELL:
Düşünmək, düşünmək, bircə saniyə qalmış olsa belə, düşünmək yeganə ümiddir.
***
Əgər düşüncələr dili pozarsa, dil də dönüb düşüncələri pozar.
***
Sadə bir dilin ən böyük düşməni qeyri-səmimilikdir.
***
“Qorxu! Biz onun içində üzürük. Vücudumuzun ayrılmaz parçasıdır o...”
***
“Bizim hamımızı satın alıblar, ən dəhşətlisi də odur ki, bizi öz pulumuzla satın alıblar”
***
Vətənpərvərlər vergidən söhbət gedən yerlərdə olmur.
***
Azadlıq – iki dəfə ikinin dörd etdiyini söyləyə bilməkdir.
***
Düşünün, çünki hələ qadağan olunmayıbdı.
***
“Yaxşı bildiyi bir işi yerinə yetirən insanı seyr etməyin xüsusi gözəlliyi var”.
***
Bir cəmiyyət həqiqətdən nə qədər çox uzaqlaşarsa, həqiqəti deyənlərə də bir o qədər çox nifrət bəsləyər.
***
Bəşər övladı özündən başqa heç bir varlığın çıxarını güdməz.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
Cəmi 33 il yaşadı...
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yarıda qırılan bütün ömür hekayətləri təsirli və ürəkdağlayıcı olur.
Azərbaycanlı jurnalist və şair Fikrət Mursaqulov 10 iyul 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunda anadan olub. İki il sonra görmə qabiliyyətini itirib. 1964-1975-ci illərdə Bakı Respublika Kor uşaqlar üçün orta internat məktəbində ibtidai təhsil alıb, ali təhsilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində alıb.
1980-ci ildə təhsilini tamamlayıb, həmin ilin 1 sentyabrından 1988-ci ilin may ayına qədər Azərbaycan Korlar Cəmiyyətinin məətbəəsində baş redaktor vəzifəsində çalışıb.
Fikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, XX əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olub. Yazıları "Ulduz", "Azərbaycan" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Gürcüstan", "Axali Marneuli" qəzetlərdə, eləcə də "Yaşıl budaqlar" almanaxinda dəfələrlə dərc edilib.
1986-1988-ci illərdə "Aşıq Ələsgərin poetikası" namizədlik dissertasiyasi şair-alimin ölümü səbəbindən yarımçıq qalıb. 31 may 1988-ci ildə - cəmi 33 yaşında vəfat edib və Marneuli rayonundakı (Gürcüstan) Qızılhacılı kəndində ailəvi məqbərədə torpağa tapşırılıb.
Şairin ölümündən sonra Məmməd Nazimoğlunun təşəbbüsü və Qulu Kəngərlinin himayədarlığı ilə "Təsəlli" şeirlər toplusu (Bakı, 2007, 220 səhifə) oxucuların ixtiyarına buraxılıb. 2005-ci il 10 İyul tarixində Fikrət Mursaqulovun 50 illik yubileyi münasibətilə "Onu ananların xüsusi buraxılışı" oxuculara təqdim edilib. 2012-ci ildə publisist Həzi Həsənlinin mərhum şair haqqında "İşıq əlifbası" adlı publisistik kitabı "Uğur" nəşriyyatında (140 səhifə) fikrətsevərlərə ərməğan edilib.
2015-ci ildə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun təşəbbüsü və himayədarlığı ilə şairin rus dilində "Utesheniye" kitabı rusdilli oxuculara təqdim olunub. Şeirləri rus dilinə şairin yaxın dostu Giya Paçxataşvili tərcümə edib.
Fikrət Mursaqulovun 60 illiyində Azərbaycan Dövlət radiosunun "Qərib axşamlar" verilişinin biri məhz ona həsr edilib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
Niyazi Bədəlov Sergey Eyzenşteynin tələbəsi olub
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Mədəniyyətimiz, tariximiz baxımından Şəki rayonu çox spesifik rayondur. Şəki mədəniyyətimizə çox istedadlı insanlar bəxş edib. Onlardan biri də sənədli filmlər rejissoru Niyazi Bədəlovdur.
Niyazi Bədəlov 10 iyul 1909-cu ildə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb və ilk azərbaycanlı məzunlarından biri olub. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub.
Başqaları o yana, tanıdığım şəkililərdən Niyazi Bədəlovu tanıyıb-tanımadıqlarını soruşdum, tanımırlar. Bu cür şəxsləri tanımaq, unutmamaq borcumuzdur. Çox təəssüf ki, təbliğat maşınımız zəif işləyir.
Bizsə portal olaraq ən azından doğum və anım günlərində mədəniyyətimizə töhfələr vermiş şəxsləri xatırlayırıq, adlarının unudulmasına imkan vermirik.
Qayıdaq rejissorun tərcümeyi-halına.
1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilib. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlib və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" sənədli filmlərini ərsəyə gətirib. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılıb. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayıb. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunub, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradıb.
Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olub. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edib. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırıb. Belə nümunələrdən biri "Məhəmməd Füzuli" sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradıb.
N.Bədəlov həmçinin, 30-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində "Böyük həyat", "Tüfəngli adam", "Oyanmış torpaq" və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.
N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılıb və 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olunub. Burada Salyan Dövlət Dram Teatrını təşkil edib və teatrın bədii rəhbəri işləyib. Bir müddət sonra yenidən kinoya qayıdıb.
Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İncəsənət", "İdman" və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.
Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.
Filmoqrafiya
"Rejissor kimi"
- Azərbaycan aşıqları
- Komsomol nəsli
- Sovet gimnastları
- Biz Bakını müdafiə edirik
- Sovqat
- General Həzi Aslanov
"Azərbaycan dilinə dublyajın rejissoru kimi"
Bakılılar
"Ssenari müəllifi kimi"
1. Komsomol nəsli
2. Sovet gimnastları
3. General Həzi Aslanov
4. Dağlıq Qarabağ Hanı mənim övladlarım?
5. Azərbaycan Pedaqoji İnstitutu-50
6. Burada başlanmışdır
"İkinci rejissor kimi"
- Ordenli Azərbaycan
"Rejissor assistenti kimi"
- Xəzər dənizçiləri
"Bədii rəhbər kimi"
- Uzunömürlülər
"Aktyor kimi"
- Əlaqə (rol: qoca)
Niyazi Bədəlov2 noyabr 1997-ci ildə ömrünün 88-ci baharında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
Rejissor Kazımovskinin tənha durna uçuşu
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Rejissor Kazımovski – bu ad sizə nə deyir?
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ələkbər Kazımovski... 1953-cü ilin iyulun 10-da dünyaya göz açan rejissor "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb. Rejissor Rauf Kazımovskinin oğludur.
4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor vəfat edib.
Azərbaycan teatr tarixində silinməz izlər qoymuş bir ailə var idi. Bu Kazımovskilər ailəsi idi. Azərbaycan teatrının köklərində duran Mirmahmud Mirələkbər oğlu Kazımovski, onun oğlu televiziyada, teatrda misilsiz tamaşaların, verilişlərin və telefilmlərin rejissoru Rauf Kazımovski və nəvəsi təvazökar olduğu qədər müdrik, peşəkar rejissor, filmləri, tamaşaları daim böyük həvəslə izlənən Ələkbər Kazımovski.
Ötən əsrin 70-80-ci illərində Azərbaycan Milli Televiziyasının ədəbi-dram verilişləri redaksiyasının maraqlı və rəngarəng proqramlarla zənginləşməsində Rauf və Ələkbər Kazımovskilər böyük rolu olub. Ələkbər Kazımovskinin təklifi ilə, onun quruluşunda efirə çıxan “Hekayə axşamı”, “Yumoristik novellalar”, “Köhnə tanışlar, görüşlər” və s. verilişlər duzlu, məzəli əhvalatları, hədəfə tuşlanan satiraları, düşündürən dramatik materialı ilə tamaşaçının zövqünün formalaşmasında, dünyagörüşünün genişlənməsində və həyata baxışının dəyişməsində böyük töhfələr verib.
Ələkbər Kazımovski həmçinin 80-90-cı illərdə milli ədəbiyyatımızın, teatrımızın görkəmli xadimləri, yaradıcı insanlar haqqında silsilə proqramların müəllifi idi, o bu verilişlərə Azərbaycan teatrının tanınmış simalarını dəvət edir, onların teatr adlı məbəd haqqında fikirlərini, təəssürat və xatirələrini geniş tamaşaçı auditoriyasına təqdim edirdi. Ələkbər müəllimin rejissoru olduğu televiziya tamaşaları da janr etibarilə müxtəlif idi: “Köhnə qonşülar”, “Mənziliniz mübarək”, “Diş ağrısı”, “Kənddən gələn var” və başqaları. Rejissorun bu tamaşalarda ən böyük uğuru müxtəlif zövqləri, meyarları, meylləri bir araya gətirməklə, tamaşaçıya bitkin sənət əsəri təqdim etməsindədi
Ələkbər Kazımovski yaradıcılığının mühüm məqamlarından biri də aktyor seçimi və bir aktyorun üzərində tamaşanı qurmaqla ikinci planda çıxış edən ifaçıların istedadını açaraq onları tamaşaçıya tanıtmaq ustalığında idi. Bu baxımdan Ələkbər Kazımovskinin şair Rüfət Əhmədzadə, bəstəkar Emin Sabitoğlu və aktyor Hacıbaba Bağırovla birgə yaradıcılıq çalışmalarını örnək gətirə bilərik: “Sonuncu məhəbbət” (bəstəkar Cavanşir Quliyev), “Gülüş sanatoriyası”.
Ələkbər Kazımovskinin ANS telekanalında prodüseri olduğu “Dahilərin divanı” layihəsinin üzərində xüsusilə dayanmaq istərdik. 2007-ci ildə efirə gedən silsilədə Mikayıl Müşfiq, İmadəddin Nəsimi, Səməd Vurğun, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mir Cəfər Bağırov, Nəsrəddin Tusi, Molla Pənah Vaqif, Hüseyn Cavidi görürük. Vətəndaşı, ziyalını düşündürən suallar və dövrünün dühalarının, söz sahiblərinin cavabları üzərində qurulan mükalimələr fikir azadlığı, söz azadlığı və sərhədsiz düşüncənin nümayişi olmaqla bərabər, zamanın hökmü ilə bağlı mövqelərin meydanı idi.
Rejissorun müəllifi olduğu müxtəlif janrlı fəlsəfi, dramatik, yumoristik, salnamə xarakterli veriliş, tamaşa və filmləri: "Tənha durna uçuşu", “Adı sənin, dadı mənim”, "Şirin bülbül", “Krossvord”, “Qeybdən gələn səs”, “Qoy oturmuşuq”, “Məhkəmə”, “Mötəbər insanlarımız”, “Seans”, “Vurğun ocağı”, “Yeni həyat”, “Afaq Bəşirqızı” və s. Ələkbər Kazımovski sənətinin daha bir yönünü göstərir. Sənətkarın audiovizual sənətdə portretlər müəllifi olmasıdır. Ələkbər müəllimin bütün yaradıcılığında insan və onun daxili aləmi zahiri görkəmi ilə həmahəng olub portretə çevrilir.
Filmoqrafiya
- Adı sənin, dadı mənim
- Dahilərin divanı
- Gülüş sanatoriyası
- Kənddən gələn var
- Kənddən gələn var. II hissə
- Krossvord
- Qeybdən gələn səs
- Qoy oturmuşuq
- Məhkəmə
- Mötəbər insanlarımız
- Seans
- Sonuncu məhəbbət
- Şirin bülbül
- Tənha durna uçuşu
- Vurğun ocağı
- Yeni həyat
- Sabiqlər
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
Tələbə yaradıcılığı - Aytac Quliyevanın essesi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi Aytac Quliyeva sizlərə “İnsan niyə özündən qaçır?” essesini təqdim edir.
AYTAC QULİYEVA
“İNSAN NİYƏ ÖZÜNDƏN QAÇIR?”
Heç özünüzlə baş başa qalmağa çalışmısınız?
Telefon, musiqi, insan-heç kim olmadan... Sadəcə özünüzlə.
İlk baxışda bu çox asan görünür. Axı insan ömrü boyu özü ilə, öz bədəni ilə yaşayır. Amma ruhu ilə yaşamır, hiss etmir. Biz doğrudanmı yaşayırıq?
Məncə, biz yaşamırıq. Sadəcə günləri bitiririk. Hər gün səhər oyanıb işə, universitetə gedib sonra evə gəlirik və gün bitir. Sonra eyni gün yenidən başlayır. Beləliklə, bir də görürsən ki aylar günləri əvəz edib. Və adam istər-istəməz özündən soruşur:
“Mən doğrudanmı yaşamışam, yoxsa sadəcə günlərin keçməsini izləmişəm?”
Ən maraqlısı da odur ki, insanlar artıq gözləməyi də bacarmırlar, gözləməkdən belə qaçırlar. Avtobus gecikir, telefonla oynayırıq, yemək gecikir, telefonla oynayırıq və s...
Sanki bir neçə dəqiqəlik boşluq belə bizə ağır gəlir. Qorxuruq, birdən öz içimdəki səsi eşidərəm, birdən həqiqətlərlə üzləşərəm deyə. Biz elə o sükutdan qorxuruq. Çünki uzun müddətdir içində gizlətdiklərini, vaxtında demədiyin sözləri, yarımçıq qalan hissləri, illərlə “keçər” deyib üstünü örtdüyün ağrıları...
Və bəlkə də....
Bağışlaya bilmədiyin özünü.
Bəlkə də insanın ən böyük yanılması elə budur. Düşünür ki qaçdığı şey keçmişdir, amma keçmişdən qaçmaq olmur. O yaşanıb və bitib. İnsan elə özündən qaçır. Bəlkə keçmişdəki özündən, bəlkə də bugünkü özündən.
Mənə elə gəlir ki, insan özünü bir anda itirmir. Hər gün özündən bir az da uzaqlaşır. Düşüncələrindən, göz yaşlarından, əsəbindən uzaqlaşır. Həmişə “güclü” görünməyə çalışır. Ağlasa hər kəs ona “o çox gücsüzdür”deyər. Halbuki göz yaşı zəifliyin yox, uzun müddətdir daşınan yükün ağırlığıdır.
Heç kim səbəbsiz ağlamır. Məncə insanın özünə qayıtması üçün uzun bir yol lazım deyil. Bunun üçün bir axşam belə kifayətdir. Özünlə baş-başa qaldığın bir axşam.
Tək qalanda ilk başda sıxılırsan. Əlin tez telefona gedəcək. Narahat olacaqsan. Çünki uzun müddət özündən qaçan biri üçün tək qalmaq qorxulu görünə bilər. Amma sonra anlayacaqsan ki boş olan otaq deyilmiş, boş qalan illərlər özünə baş çəkməyən sən imişsən. Aylarla, illərlə hər kəsə vaxt ayırıb özündən qaçan sən...
İnsan nə qədər qaçsa da, dünyanın o başına belə getsə də, özündən qaça bilməz. Ən böyük cəsarət, dünyanın qarşısında güclü görünmək deyil. Ən böyük cəsarət öz içini görməkdir. Gör nə qədər yaralanmısan, nə qədər yorulmusan, ”bitti” dediyin bütün savaşlar əslində içində bitməyibmiş. Bir dəfə olsun öz səsimizə qulaq asmışıq? Yox, insanlar nə deyər, nə düşünər deyə ömrümüzü hədər etmişik. Qoy o yaxşı olsun, qoy bu rahat olsun demişik. Amma bir dəfə dönüb özümüzdən soruşmamışıq: ”Mən yaxşıyam?”
Qorxuruq, özümüzə bu sualı verməkdən belə qorxuruq.
Bəlkə də insanın ən böyük qorxusu ölmək deyil. Heç vaxt özü kimi yaşamadan qocalmaqdır. Bir gün son dəfə hamımız güzgüyə baxacağıq. O gün üzümüzü tanıyacayıq, amma ruhumuz...
Ümid edirəm, ruhumuz bizə yad baxmaz...
İnsan ömrü boyu heç kimdən qaçmayıb. Ən uzun, ağrılı qaçış özümüzdən olub. Amma biz qəribəyik, dünyanın hər yerinə gedə bilərik, amma öz ruhumuza gedən yolu tapa bilmərik.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
“Biri ikisində” İntiqam Yaşarın özüylə söhbəti və şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə istedadlı gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın özüylə söhbəti və şeirləri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
İNTİQAM YAŞAR
ÖZÜYLƏ SÖHBƏTİ...
Zaman çox sürətlə gedir. Baxıram ki, “Ulduz” jurnalının “Özüylə söhbəti və şeirləri” rubrikasında nə az, nə çox düz 5 il əvvəl qonaq olmuşam. Bu 5 illiyə dönüb baxanda adam istər-istəməz dünyada baş verənləri, öz dünyasında, çevrəsində olan nikbin və bədbin dəyişiklikləri göz önünə gətirir. Bir qisminə sevinirsən, bir qismi də səni təəssüfləndirir. İti gedən zamanın fonunda nə yazıq ki, çox şeylər "sadəcə" sürətlə surətə çevrilir. Bir tərəfdən də yaşa dolduqca dünyaya baxışın, dünyanın sənə baxışı xeyli dəyişir...
Həyatın gerçəklikləri ilə yanbayan addımlayan həssasiyyət dolu tərəfi ədəbiyyat adamlarına bir az daha çətin bir həyat vəd edir. Ürəyinin istədiyi ilə həyat gerçəklikləri nəinki yaxın, əksinə, təzadlı bir mənzərə ilə üzbəüz qoyur adamı. Mənəvi amillərin ön planda olduğu, insanı və insanlığı ayaq üstə saxladığı zamanlar öz yerini daha qəddar, daha mexaniki ab-hava ilə silahlanmış zamana verir.
Dünya demişkən, bu anlayış da hər kəs üçün çox fərqlidir. Ədəbiyyat adamları üçün isə bəlkə də, deyərdim, daha çətin daha həssas, daha başqa...
Ədəbiyyatın dünya içində bir dünya olduğunu idrak edənlərə görə isə bunun izahı geniş miqyasda olur. 5 illik zaman kəsiyindən ki, söz açmaqla söhbətə başladım, onu da deməliyəm ki, zaman keçdikcə insan, ədəbiyyat, mətn, sənət, və bunların qarşısında iri hərflərlə gözümüzə batan XAOS anlayışı məni bir ədəbiyyat adamı olaraq narahat edəcək dərəcədə düşündürür. Sürət əsrinin müsbət tərəfləri ilə yanaşı insan oğlunun mənəviyyat ərazisini daraltması amili çox vahiməlidir. İllərin fonunda ədəbiyyatın, sözün kölgələnməsi ilə cəmiyyətin bir çox dəhşət saçan tərəfləri ön plana çıxır. Detallara varıb hamıya məlum həqiqətlərlə bu yazının ruhunu zədələmək fikrim yoxdur, amma yenə də sözə pənah!
Doğrudur, bu mətn özüylə söhbət qədər həm də hamıyla söhbət oldu. Amma bu maraqlı rubrika yenə də ideya olaraq illərlə öz fərqliliyini saxlayıb. Həyat elə başdan-başa intertekstual yapı ilə qurulub. Çox şey həyatda onsuz da bir-birinin içində gizlənib. İnsan bəzən ətrafa demək istədiklərini, soruşmaq istədiklərini özünə deyir, özündən soruşur. Buna görə də özünlə söhbət, həm də hamı ilə söhbətdir...
VƏ ŞEİRLƏRİ...
ADAM
Şeirdən də bezər adam,
Sözdən də yorular adam.
Bir gün elə sol köksündən
Yıxılar, qırılar adam.
Yol ayırar adla-sanla,
Di gəl, bunu bacar, anla.
Özü verdiyi nişanla
Köksündən vurular adam.
Gündə yüz çubuq uzanar,
Başına çoxu dolanar.
Könlü bulaqtək bulanar,
Ağlayar, durular adam.
Üzü çat, yer üstü kimi,
Soyuq kimi, isti kimi.
Bir gün də ağ tüstü kimi
Göylərdə burular adam.
TORPAQLARIN VƏTƏN OLAN TƏRƏFİ
Torpaqların
vətən olan tərəfi
qan azlığından
əziyyət çəkir həmişə.
Odur ki,
qanını torpağa verir övladlar
son cümləsinəcən...
Nə yaxşı ki,
bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə
buluda düşür,
ağaca düşür,
yarpağa düşür...
Yoxsa...
***
Ömür sual yağışıdır,
Cavablar düşüb qurağa.
Üzülməli nə var burda,
Biz də çəkildik sınağa.
Atmağa bir daş da yoxdur,
Ataq ki, soyusun ürək.
Bir nəfəslik çimir alsın,
Bir azca uyusun ürək.
Bu bəxti kim atdan salıb,
Ölümtək çöküb üstünə?
Bəlkə, bəxtimiz üşüyüb,
Ölümü çəkib üstünə?
MONO “DİALOQ”
Getdilər, qəfildən yığışıb getdilər,
Bir mən qaldım, bir də bomboz yer üzü.
Kimisə gözləmək haqqımı da apardılar,
Kiməsə söz demək haqqımı da.
O gündən sözlüyü divardan asdım,
Susdum...
Qoca döyüşçü tüfəngini divardan asdığı
kimi.
Susduğu kimi...
Bəzən ata bilmədiklərin göz dağı olur,
Bəzən çata bilmədiklərin.
Eh, qoca şair, daha sözlə işin yoxdu,
Bir baxırsan ilğım kimi keçmişin kabusu,
Bir baxırsan yenə aldandın,
yaddan çıxdı keçmişin yoxdu.
Gələcək də körpüdür, əvvələ uzantı kimi,
Bəs indi, bəs bu gün?
Bəzən ölüm kimi, bəzən yaşantı kimi...
***
Bir gün ayılarsan ki, ən yaxın bildiyin
ən uzaqdakı adamdı,
Əlin çatmır qapısını döyməyə...
Səsi aradakı məsafələrdən çilik-çilik dolur
nəfəsinə.
Gözlərin səndən xəbərsiz yol çəkir
gəlişinə.
O isə yubanar, yubanar, yubanar...
Zamansa yubanmaz.
Çapar dördnala, dayanmaz...
***
Dəli kimi sevməyə can atdıq, atmalıydıq,
Bu yolda ən birinci atılası can idi.
Bizdən öncə sevənlər, ayrılanlar çox idi,
Həm hamı razı idi, həm hamı peşman idi.
Gözlərimiz öyrənib keçmiş üçün yol çəkə,
İçimizdə hər şeyin həsrəti, hıçqırığı.
Bunca ağrıdan sonra nə qaldı əlimizdə,
Bir az keçmişin izi, bir az ümid qırığı.
İndi də gecikirik gözəl olacaqlara,
Bizdən aslı olmayan min səbəbə əsirik.
Onsuz da ki, doymuşuq könülsüzük süfrədə,
İki udum göz yaşı, bir az ümid kəsirik.
***
Hamıdan ömrünü gizlədən adam,
Açdı qollarını taybatay günəşə tərəf.
İçində bütün yoxlara “varımsan” – dedi,
Ruhunu doğrayan iti səslərə yenildi.
Bilmədi gözündə intihar edən keçmişin
edam ipi kimin hörükləridir.
Küləklər yenə yem axtaran sərçələri
aldadır,
Suya danışılan yuxular buludlara qovuşdu,
Arzuların mənzili uzaq, arzular hələ də
yoldadır.
Hə, o adam, o adam!
Haradadır, görəsən?
Görən oldumu?
Dedilər, yetişib keçmişinə.
Sərçələr ovuclarındakı dənə yığışıb...
Təbrizə boylanıram –
Bakının Azadlıq küçəsindən Təbrizə
boylanıram,
Günəş buludlarla çarpışır.
Bir qızcığaz görürəm əlində bayraq var,
Sevincindən anasının barmaqlarını gizlədir
ovuclarında...
Meh ağacları tərpətdikcə oyanır şəhər...
Saat meydanında əqrəblər ürək-dirək
verir bir-birinə...
Şəhriyarla Behrəngini görürəm...
Küçələri deyirəm...
Qol-qola üz tutublar Araza tərəf...
Bakının Azadlıq küçəsindən Təbrizə
boylanıram,
Buludlar əriyir, buludlar yox olur...
Məmləkət günəşi qalib görür!
***
Ürəyimdən çıxarılan qanlı ox bərabəri
doğmasan,
Ovcumla acı həqiqətə pərdəyəm, rahat ol.
Baxışlarımın ayaq səsindən
diksinməsin getdiyin yollar,
Gözlərim susmağı da öyrənib
"A" hərfini öyrənərkən.
Məndən sənə ziyan gəlməz bütün arzu
şəkillərində,
Məndən sənə ziyan gəlməz, məni də
özümdən qoru.
***
Kimdən söz düşsə də, səndən düşməsin,
Bir də qayıtmayım adın tərəfə.
Tövbəni boynumdan dua asmışam,
Yön çevirmərəm o qadın tərəfə.
Qismət bir oyundu zər yiyəsinə,
Bəxtini çağırmaq lal üçün dua.
İllərin tikanı üstə sürünmək,
Ömür sürmək imiş, mənimçün, guya.
Nəfəs yorğunuyam ömür içində,
Ayağım buxovda, əlim qəfəsdə.
Gözümü açalı belə görmüşəm,
Yaşam qəfəsdədir, ölüm qəfəsdə.
***
Küçələr əl açıb adam dilənir,
Küçələr gözümdə səfil-sərgərdan.
Zamanla unutduğum ağrıları da
yadıma salır yoxluğun.
Gözlərimdə rəngi solmuş min həqiqət var,
min bir yalan.
Özümdən elə qisas alıram ki,
ömrümə gecikmiş adam.
Bunu nə sən bacarardın, nə bir başqası.
Həqiqətə tərəf addım atıb yıxılmaq -
Sənə bir addım da yaxınlaşmaqdır.
Mən dizlərimdəki yaralar qədərəm,
Yıxılmaq gözümü qorxutmaz...
***
Qanadı bağlı quşlar lənətləyər göyləri,
Tanrı həqiqətləri pıçıldar dənizlərə.
Hərə bir pərdə tikər qaranlıq düşən kimi,
Səhərə hazır olar çəkmək üçün üzlərə.
Viranə məmləkətdə ahu-vay nəğmə olar,
Qol qaldırıb dərdinə süzənə əl çalarlar.
Sıxılar otuz iki diş, düyün düşər alınlar,
Bu hikkənin qurduğu düzənə əl çalarlar.
O qərib xəyalların üstünə kölgə düşər,
Taleyiylə barışmaz nə canlar xəyal olar.
Bu dünya bazarında əli "yaxşı" gətirər,
Verdiyi sual olar, aldığı sual olar.
Hər həqiqətdə şübhə, hər şübhədə həqiqət,
Gedilməyən yolların canında yorğunluğu.
Gördüyün hər nə varsa, qənimdi taqətinə,
Apar, evinə apar, sonunda yorğunluğu.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
Redaksiyanın poçtundan - Arifə Hümbətovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Arifə Hümbətovanın “Novruz qız qaçırdıb” adlı hekayəsi təqdim edilir.
Biz redaksiya heyəti olaraq çox bəyəndik. Siz də bəyənəcəksiniz.
ARİFƏ HÜMBƏTOVA,
“NOVRUZ QIZ QAÇIRDIB”
Səhər kəndin sakit havasına heç uyğun gəlməyən qəribə bir xəbərlə açılmışdı: Novruz qız qaçırdıb. Əslində, xoş xəbər idi bu; illərdir evlənməyən, qohum-əqrəbanın tapdığı hər qızda bir əmma tapan, yaşı az qala qırxa çatmış bir oğlan evlənirdi. Eşidən hər kəs sevinirdi. Ta ki gəlib “ qız”ı görənədək.
Hər dəfə kənddən qəsəbənin mərkəzinə gəlib, ev üçün ayın-oyun alanda, yolunu gəlinlik paltarları satan və ya kirayə verən mağazanın qarşısından salar, dayanıb saatlarla vitrindəki “gəlinlər”ə baxardı. Hərdən vitrinin şüşəsində özünə çəki-düzən verərdi. Artıq çallaşmağa başlayan və getdikcə seyrələn saçlarına yüngülcə sığal çəkib, gözəlliyi ilə qəlb oxşayan “gəlinlər”ə göz vurardı. Adamın allahı var, heç biri bu əyriburun, çatmaqaş oğlanın xətrinə dəymirdi. Hələ içlərində biri vardı, Novruz onu görəndə kilidlənib küçənin ortasında qalırdı. Gözünü qıyıb xəyallara daldığı belə günlərin birində, qəfil nəsə fikirləşib içəri girdi.
Çoxdan gözaltı etdiyi, daş-qaşlı paltarının işığında cilvələnən mavi gözlü, qısa xurmayı saçlı manekenin fatasını üzünə salıb:— Mən bunu alıram, — dedi.
Satıcı onu şübhəli, bir az da təəccüblü baxışlarla süzüb dilləndi:
— Müəllim, siz oturun gözləyin, mən bu saat büküb gətirirəm.
Novruz konfeti əlindən alınmış uşaq kimi necə qıyya çəkdisə, mağazada kim varsa geri çevrildi.
— Ay xanım, mən bu paltarı da istəyirəm, bu qızı da! Xərci nədirsə, çəkəcəm, — deyib, etiraz istəməyən baxışlarla satıcı qızın gözlərinə zilləndi.
Təəccübünə heyrət də əlavə olunan satıcı bu qəribə müştəridən can qurtarmaq üçün müdirə yaxınlaşdı. Amma Novruz manikendən elə möhkəm yapışmışdı ki, nəinki müdir, dünya-aləm yığılsa da əlindən ala bilməzdi.
Geyimli-kecimli manikeni bərk-bərk qucağına sıxıb kəndə aparmaq haqqında düşündüyü vaxt həmkəndlisi, yük maşını sürücüsü Rzanı gördü. Sol qolu ilə manikeni sinəsinə basıb, sağ əli ilə sevincək salamlaşdı. Uzun əhvalatı kəndçisinə qısaca danışıb ondan kömək istədi.
Kəndin kələ-kötür yollarında silkəlindikcə maşının banında uzanan manikenə bir şey olar deyə narahatlıq keçirirdi. Novruzun əzab çəkdiyini görən Rza bic-bic güldü:
— Ayə, ay allahsız, sən indi bu "qız"ı Fatma xalaya gəlinmi aparırsan?
Dalınca qəşş eləyib güldü.
Novruz da bığaltı qımışdı:
— Hə e, əl çəksinlər məndən, mən öz yarımı tapdım!
Kənd balaca, xəbər böyük idi. Yük maşını Novruzgilin darvazasının ağzında dayananda, qonum-qonşudan bir-iki nəfər hasarın arasından boylanırdı. Fatma xala eyvanda oturub həmişəki kimi oğlunun yolunu gözləyirdi. Maşından düşən Novruzun qucağındakı bəyaz, bərq vuran gəlinliyi və onun içindəki hərəkətsiz, mavi gözlü "gözəli" görər-görməz çay içdiyi armudu stəkan nəlbəkiyə düşüb cingildədi.
— A bala, bu nədir?! — Fatma xalanın səsi titrədi.
Novruz heç kimə məhəl qoymadan qucağındakı "gəlin” i ehtiyatla eyvana, anasının qarşısına gətirdi. Fatma xala yaxına gəlib gəlinin süni, soyuq, plastik üzünə mat-mat baxdı.
Səhəri bu qəribə xəbərlə açan kənd camaatı axşama doğru qərara gəldi ki, Fatma xalanın təkbaşına, min bir əziyyətlə böyütdüyü oğlu havalanıb, dəli olub. Nə anasının, nə də qohumların yalvarışlarına məhəl qoydu Novruz, inadım inaddır deyib tutdurdu. Əlacsız qalıb kəndin ağsaqqalı Bürcəli kişini köməyə çağırdılar. Yaşı yetmişi keçməsinə rəğmən qıvraq və gümrah görünən ağsaqqal xəbəri eşidən kimi papağını pırpız qaşlarının üstünə endirib, pencəyini çiyninə saldı və üz tutdu Fatma xalagilə tərəf. Süfrə açılıb, çay-çörək verildikdən sonra hər kəs gözünü ağsaqqalın ağzına dikdi. Kişi boğazını arıtlayıb, ötkəm, amma doğma səslə soruşdu:
— Novruz, a bala, sənin bu tutduğun iş deyil, cansız kukladan adama arvad olmaz. Kənd camaatı deməzmi ki, Novruz havalanıb?
İndiyə qədər hərəni bir cür yola verən Novruz bu dəfə başını aşağı salıb, masanın kənarını sıxdı:
— Qoy desinlər, Bürcəli dayı! İllərdir içimdəki səssiz fəryadı eşitməyənlər, nələr çəkdiyimi bilməyənlər indi bir kuklaya görə mənə dəli deyəcəklərsə, qoy desinlər!
Bürcəli kişi dünya görmüşdü. Onun nə demək istədiyini bilirdi. Ona görə susub fikrə getmişdi.
Novruzun bir Göyçək sevdası vardı.
Hələ iyirmi yaşlarında sevmişdi. Uzun xurmayı saçlı, iri mavi gözlü, hündürboylu bu qızı kənddə sevən çox idi. Amma o, saf, dürüst, ürəyinin təmizliyi gözlərindən oxunan Novruzu seçmişdi. Seçmişdi və sevmişdi. Həm də çox! Hər kəs bu seçimə də mat qalmışdı, bu sevgiyə də. Əyri, koğa burunlu Novruzu heç kim Göyçəyə yaraşdırmırdı. Novruzəlinin anası Fatma xala da inanmamışdı bu sevginin təmizliyinə və bu izdivacın baş tutması üçün əlindən gələni eləmişdi. Tezliklə uzaq qohumlarından varlı biri Göyçəyə elçi düşdü, ata-anası fürsəti qaçırmayıb razılıq verdi, sevənləri bir-birindən ömürlük ayırdılar. Son dəfə Göyçəyi toy günü gördü Novruz. Bər-bəzəkli gəlin paltarında... Uzun xurmayı saçlarını qısa kəsdirmiş Göyçəyin donuq mavi gözləri duvağın altından kədərli-kədərli baxırdı... Eynən neçə il sonra vitrində gördüyü maniken kimi...
Qərarlı idi. Ona görə ötkəm çıxırdı səsi. Artıq bu Göyçəyi heç kimə verməyəcəkdi. Onu ala bilməyəcəkdilər Novruzun əlindən.
— Mən ancaq bu qədər xoşbəxt ola bildim, Bürcəli dayı! — əvvəl ürəyində dedi, sonra səsli. — Heç olmasa bunu mənə çox görməyin!
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
"Aprel şəhidlərinin ailə üzvləri ilə iş"
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Şəhidlər ölməz, Vətən bölünməz deyirik. Bütün şəhidlərimiz bizə eyni dərəcədə əzizdir. İstər 1-ci Qarabağ müharibəsi, istər Aprel və Tovuz döyüşləri, istər 44 günlük Vətən müharibəsi, istərsə də antiterror əməliyyatı şəhidləri...
“Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Aprel şəhidlərinin ailə üzvləri ilə iş" adlı layihəsi çərçivəsində şəhid anaları ilə görüşü keçirilib - iyulun 8-də növbəti sonuncu tədbir Bakı şəhər Nizami Bələdiyyəsində baş tutub.
"Şəhid Analarına Dəstək" İB-nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzləri ilə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda bütün dövrlərdə canlarından keçmiş şəhidlərin də ailə üzvləri iştirak edib. Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla anılıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizəyə həsr olunmuş videoçarx nümayiş olunub.
Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirərək şəhid ailələrini daim diqqətdə saxlamağın hər kəsin mənəvi borcu olduğunu bildirib . Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək dəyərli layihənin əsas məqsədinin “Aprel şəhidləri”nin ailə üzvləri ilə görüşlər təşkil etmək, həm aprel döyüşlərinin 10 illiyi münasibətilə həm şəhidlərimizin tanınmasına, xatırlanmasına, həm də şəhid ailə üzvlərinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək, şəhid ailələrini bir araya gətirməklə onların qarşılıqlı tanışlığı və ünsiyyətini təşkil etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaq olduğunu vurğulayıb.
Ceyran xanım Dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinə diqqət göstərmək istiqamətində İB-n yardımçı olacağını, cəmiyyətimizə Aprel şəhidlərimizin qəhrəmanlıq yolunun yeniyetmələrə örnək olacağını, ailələrinin , yaxınlarının cəmiyyətə inteqrasıyası üçün təsəlli, stimul olaccağını qeyd edib.
Aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin və Vətən müharibəsində şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, şəhid Əlizamin Mustafalının anası Ülviyə Nəbiyeva, şəhid Rəvan Əliyevin anası Quba rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban Əliyeva, şəhid Tacəddin İsmayılzadənin anası Aygün İsmayılova, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin fəal üzvü Gülnar Rəhimqızı çıxış edərək belə tədbirlərin, xüsusən şəhid ailələrinin görüşlərinin keçirilməsinin onlar üçün nə qədər önəmli olduğunu, dövlət dəstəyinin hər zaman üzərlərində hiss etdiklərini qeyd edib və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, "Şəhid Analarına Dəstək" İctimai Birliyinə, tədbirin keçirilməsi üçün gözəl şərait yaradan Bakı şəhər Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyevə və bələdiyyənin bütün əməkdaşlarına xüsusi təşəkkürlərini bildiriblər.
Şəhid ailələrinin görüşü çay süfrəsində davam etdirilib, şəhid ailə üzvlərinə hədiyyələr təqdim edilib.
Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)
Bir dövrün kriminal salnaməsi və sarsılmaz rejissor iradəsi: "Qara volqa" filmi (1994)
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
90-cı illərin əvvəlləri Azərbaycan kinosunun ən böyük böhran və durğunluq dövrü idi. Sovet ittifaqının dağılması ilə maliyyə qaynaqları kəsilmiş, kinostudiyalar iflic vəziyyətinə düşmüşdü. Məhz belə bir zamanda, reallığın amansız üzünü detektiv janrın dili ilə kadrlara köçürmək böyük cəsarət tələb edirdi. Rejissor Elxan Cəfərovun ekranlaşdırdığı "Qara volqa" (1994) filmi, o dövrün bütün xaosunu, mənəvi aşınmasını və cinayət dünyasının pərdəarxasını tamaşaçıya səmimi və çılpaq şəkildə təqdim edən bir kinematoqrafik sənəddir.
Cəmşid Əmirovun ədəbi irsi və ssenari adaptasiyası
Filmin bədii əsasını Azərbaycan detektiv ədəbiyyatının banilərindən olan Cəmşid Əmirovun eyniadlı məşhur romanı təşkil edir. Ssenari müəllifi Natiq Rəsulzadə romanın ruhunu qoruyub saxlamaqla yanaşı, onu 90-cı illərin tamaşaçısının dərindən hiss edəcəyi vizual formata salmağı bacarıb. Hekayə, qanunsuz yollarla varlanmaq istəyən, gizli kriminal şəbəkələr quran və cəmiyyətin mənəvi sütunlarını sarsıdan bir qruplaşmanın, xüsusən də "Paxan" ləqəbli kriminal liderin ətrafında cərəyan edir.
"Qara volqa" sadəcə cinayət axtarış xronikası deyil. Filmdə Sovet sisteminin çöküşü ilə yaranan boşluqdan istifadə edən insanların daxili rəzaləti, pulun insan mənəviyyatını necə sürətlə çürütdüyü və ədalətin qaçılmaz intiqamı fəlsəfi bir altmətnlə işlənir.
Çətin şəraitin doğurduğu heyət və fədakar aktyor ifaları
Filmin istehsalat tarixi gənc rejissor Elxan Cəfərovun və bütün komandanın böyük fədakarlığı ilə bağlıdır. Maliyyə qıtlığı səbəbindən film lentləri və çəkiliş avadanlıqları böyük çətinliklə tapılırdı. Hətta qorunub saxlanılan kadrarxası xatirələrə görə, bəzi kəskin səhnələrdə aktyorları əvəz edəcək dublyorlar və ya operator kranları tapılmayanda, rejissor özü fiziki risklər alaraq çəkilişləri idarə edirdi.
Ekran əsərinin aktyor heyəti Azərbaycan teatr və kino sənətinin ustadlarını bir araya gətirmişdi:
Rasim Balayev (Polkovnik Cavanşirov): Rasim Balayev qanunun və ədalətin tərəfində dayanan, cinayətkar şəbəkəyə qarşı güzəştsiz mübarizə aparan milis polkovniki obrazını özünəməxsus təmkin və xarizma ilə canlandırıb.
Nəsir Sadıqzadə (Paxan): Azərbaycan kinosunun ən yaddaqalan mənfi obrazlarından birini yaradan ustad aktyor, cinayətkar aləmin qəddar, hiyləgər və qorxulu rəhbərini vizual baxışları və səs tembri ilə şah əsərə çevirib.
Fuad Poladov (Səlim): Fuad Poladovun canlandırdığı obraz daxili ziddiyyətləri, peşmanlıqları və cinayət bataqlığına batmış insanın faciəsini tam dolğunluğu ilə əks etdirir.
Naibə Allahverdiyeva (Marqo): Aktrisanın canlandırdığı mürəkkəb qadın obrazı və onun yer aldığı dramatik səhnələr filmin gərgin emosional xəttini formalaşdırır.
Vizual dil, dövrün estetikası və qara avtomobilin simvolizmi
Filmin operatoru Kənan Məmmədov 90-cı illərin Bakısının o bir qədər tutqun, narahat və gərgin ab-havasını kadrların rəng tonları ilə dəqiq ötürür. Filmdəki "Qara volqa" (QAZ-24) markalı avtomobil isə sadəcə bir nəqliyyat vasitəsi deyil, bütöv bir dövrün qorxu, gizlilik və qanunsuzluq simvoludur. O dövrün insanları üçün qaranlıq küçələrdən keçən o qara maşın təhlükənin və gizli güclərin vizual təzahürü idi.
Xalq artisti, bəstəkar Aqşin Əlizadənin film üçün bəstələdiyi musiqilər isə detektiv janrın tələb etdiyi o daimi triller, həyəcan və psixoloji gərginlik ritmini mükəmməl şəkildə tamamlayır.
Zamanın sınağından keçmiş kult ekran əsəri
"Qara volqa" (1994) filmi çətin bir keçid dövrünün çılpaq salnaməsi kimi Azərbaycan kino tarixində xüsusi yer tutur. O, pafoslu qəhrəmanlıq hekayələrindən uzaq duraraq, cəmiyyətin real yaralarını və cinayətin insan talelərini necə məhv etdiyini göstərən dürüst bir sənət nümunəsidir.
Portalınızın intellektual kino tarixinə, milli klassikaya və yerli filmlərin kadrarxası dramına dəyər verən oxucuları üçün bu ətraflı və dürüst analiz dövrün ab-havasını yenidən yaşamaq baxımından əvəzsiz bir material olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)


